Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2755/2025 01.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdeh PHŞ-nin nümayəndəsi Nümayəndə3 iştirakları ilə İddiaçı Cavabdeh PHŞ-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh PHŞ-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - Cavabdeh Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə istinadən onunla bağlanmış “əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2025-ci il tarixli 65k nömrəli əmrinin ləğv edilməsini; - onun Cavabdeh X12 Sistemlərinin İstismarı İdarəsinin rəis müavini vəzifəsinə bərpa edilməsini; - onu qanunsuz olaraq işləməkdən məhrum etmiş bütün vaxt üçün, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü əmək haqqının, eləcə də mediasiya xərcləri üzrə 50 manat məbləğində xərcin Cavabdehndən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2009-cu ildə ali təhsilli mühəndis olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişdir. İddiaçı 2013-cü ildən fasiləsiz olaraq "xxxx" ASC-nin Siyəzən Sukanal İdarəsində maşinist, çilingər, istismar şöbəsində mühəndis, Abonent-müştəri xidmətində satış mühəndisi, təhlil mühəndis qrupunun rəhbəri, "xxxx" ASC-nin 1 nömrəli Regional Sukanal idarəsində təmir tikinti rəisi, 2021-ci ildən isə X6 rəisi vəzifəsində işləmiş, həmin sahədə bütün növ su mənbələrinin və qurğularının istismarı və idarə olunması işini təmin etmək funksiyasını icra etmiş, işlədiyi dövrlərdə əmək funksiyasını peşəkarlıqla və yüksək səviyyədə yerinə yetirmiş, 2023-cü ildə "xxxx" ASC-nin göndərişi əsasında əlavə ali təhsil üzrə Azərbaycan Respublikası Prezidenti yanında X1 daxil olmuş və hazırda da qiyabi təhsil forması üzrə həmin Akademiyanın İİİ kurs tələbəsidir, “Yükşəliş” müsabiqəsinin iştirakçısıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli “Su ehtiyatları, su təsərrüfatı və Meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərmanına əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yaradılmış və həmin fərmanın 2-ci bəndinə əsasən "xxxx" ASC və "xxxx" ASC ADSEA-nın tabeliyinə verilmişdir. Sonradan qeyd olunan ASC-lərin bazası əsasında “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”, Cavabdeh və sair publik hüquqi şəxslər (PHŞ) yaradılmışdır. Göründüyü kimi ADSEA-nın (Agentliyin) strukturuna yeni xidmət sahəsi əlavə edilmiş və yeni publik hüquqi şəxslər yaradılmışdır. Həmin publik hüquqi şəxslərin çevrilmə formasında yenidən təşkili nəticəsində bir sıra funksiyalarını bir-birinə ötürülsə də, əsas istiqamətləri və funksiyaları özlərində qalmış və bəzi hallarda artmış, ən əsası isə bu sahədə vahid dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı ADSEA yaradılmışdır. Nəticədə Agentlikdə və ona daxil olan qurumlarda xeyli sayda yeni iş yerləri və vakansiyalar yaradılmışdır. Bundan sonra iddiaçının çalışdığı “Siyəzən rayon Sukanal sahəsi” ADSEA-nın Cavabdeh PHŞ-in tabeliyinə verilmiş və iddiaçı da sahə rəisi olaraq işini orada davam etdirmişdir. Daha sonra yəni, xx.xx.2024-ci il tarixdən cavabdeh qurum bütün işçiləri, o cümlədən iddiaçını rəsmi olaraq “ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq” etmişdir. Bu zaman ADSEA, eləcə də cavabdeh qurumun rəhbərliyi tərəfindən stajlı, peşəkar və təcrübəli işçilərin işdə saxlanılmasında maraqlı olduqlarını, işlə təmin olunmasında heç bir problemin olmadığı bildirilmişdir. Daha sonra aparılan struktur dəyişikliyi ilə əlaqədar ştat vahidlərinin ixtisarı aparılmış, lakin iddiaçı yenə də öz vəzifəsində qalmaqla işini davam etdirmişdir. Sonradan işəgötürən kütləvi olaraq işləyən işçilərin müddətsiz müqavilələrinə xitam vermiş və bunu 3 aylıq müddətli müqavilə ilə əvəz etməklə öz iradəsini həyata keçirmişdir. Hadisələrin belə axarı nəticəsində iddiaçı ilə xx.xx.2024-ci il tarixində 3 ay müddətinə yeni əmək müqaviləsi bağlanmış və o X12 Sistemlərinin İstismarı İdarəsinin rəis müavini vəzifəsində çalışmağa başlamışdır. İddiaçı ümumulikdə 16 il əmək stajına malik olmaqla, ondan 12 ilini cavabdeh şirkətdə çalışmışdır. Cavabdeh “X13 Xidməti” PHŞ-in 65k nömrəli “əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrinə əsasən işəgötürən ilə iddiaçı arasında olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə istinad olunmaqla xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Cavabdeh isəgötürən sözügedən əmrdə, iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsini tərəflər arasında bağlanmış müqavilə müddətinin bitməsi ilə əsaslandırmışdır. Hazırkı halda cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən işçi olaraq iddiaçının peşəkarlıq səviyyəsi düzgün müəyyən edilməmiş, onun peşəkarlıq səviyyəsinin işdə saxlanılmış digər işçilərə münasibətdə daha yüksək olmasına baxmayaraq, işçi olaraq yalnız iddiaçı müddətin bitməsi əsası ilə sərbəstləşdirilmiş işçilər siyahısına daxil edilmişdir. İddiaçı cavabdeh təşkilatın onun barəsində çıxarılmış əmri ilə razı deyil, əmri əsassız və qanunsuz hesab edir. İddiaçı pozulmuş əmək hüquqlarının müdafiəsi ilə bağlı ilkin olaraq mediasiya mərkəzinə müraciət etmiş, lakin cavabdehin mediasiya sessiyasında iştirak etməməsi səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının hazırda 37 yaşı var, ailəli olmaqla himayəsində 3 azyaşlı övladı var. Ailə tərkibi 5 nəfərdən ibarətdir, ailə başçısı olmaqla yeganə qazanc gətirən şəxs olmuşdur. Cavabdeh müəssisənin müddətin bitməsi ilə bağlı iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmri əmək qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirildiyindən, həmin əmr ləğv edilməli və iddia tələbi tam olaraq təmin edilməlidir.
3. Cavabdeh PHŞ etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz belə əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi əsassız olduğundan təmin edilə biləz. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Su ehtiyatları, su təsərrüfatı və Meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” xx.xx.2023-cü il tarixli Fərmanına əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılmışdır. Həmin Fərmana əsasən "xxxx" ASC və "xxxx" ASC əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” xx.xx.2023-cü il tarixli, 2356 nömrəli Fərmanına əsasən “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Cavabdeh, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti yaradılmışdır. Cavabdeh ilə aralarında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən “tərəflərin hüquq bərabərliyi” prinsiplərinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə” əsası üzrə xx.xx.2024-ci il tarixdə 3 ay 1 gün müddətinə bağlanmış əmək müqaviləsinə (xx.xx.2025-ci il tarixinədək) əsasən İddiaçı X12 Sistemlərinin İstismarı İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. Qeyd edilən müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixində əvvəlcədən iddiaçıya xəbərdarlıq bildirişi təqdim edilmiş və Cavabdehn xx.xx.2025-ci il tarixli 65k nömrəli əmrinə əsasən onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Göründüyü kimi, İddiaçı Cavabdeh ilə öz razılığına əsasən, müddətli əmək müqaviləsi bağlamış və müqaviləyə müddətin bitməsi ilə əlaqədar xitam verilərkən hər hansı qanunsuzluq olmamışdır.
5. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, vəkil xidməti ilə bağlı ödənilmiş 330 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
a) Məhkəmə prosesi:
6. Məhkəmə iclasında İddiaçı və vəkili-nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib, iddia tələbinin təmin olunmasını xahiş etdilər.
7. Məhkəmə iclasında Cavabdeh PHŞ-nin nümayəndəsi Nümayəndə3 iddianı qəbul etməyib, iddia tələbinin təmin olunmamasını xahiş etdi.
8. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Əsaslandırıcı hissə: a) İş materialları:
9. İddiaçı ilə Cavabdeh publik hüquqi şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı müddətli olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən (“tərəflərin hüquq bərabərliyi” prinsiplərinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə”) xx.xx.2025-ci il tarixinədək, X12 Sistemlərinin İstismarı İdarəsində rəis müavini vəzifəsinə 3 ay 1 gün müddətinə işə qəbul edilmişdir.
10. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Cavabdehn xx.xx.2024-cü il tarixli 391 nömrəli Əmrindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixindən Cavabdehn X12 Sistemlərinin İstismarı İdarəsinin rəis müavini vəzifəsinə 3 (üç) ay müddətinə təyin edilməsi, aylıq vəzifə maaşının ştat cədvəlinə uyğun müəyyən edilməsi, Maliyyə və uçot şöbəsi, Hüquq və insan resursları şöbəsi tərəfindən bu əmrdən irəli gələn zəruri məsələlərin həll olunmasının təmin edilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas “İddiaçı ərizəsi və onunla bağlanmış əmək müqaviləsi” olmuş, əmr İdarə Heyətinin sədri Nümayəndə2 tərəfindən imzalanmışdır.
11. X12 Sistemlərinin İstismarı İdarəsinin rəis müavini İddiaçı göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq bildirişindən görünür ki, onunla bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixdə bitəcəyi və bununla əlaqədar, həmin tarixdə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir.
12. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Cavabdehn xx.xx.2025-ci il tarixli 65k nömrəli Əmrindən görünür ki, xx.xx.2025-ci il tarixində X12 Sistemlərinin İstismarı İdarəsinin rəis müavini İddiaçı müqavilə müddətinin bitməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə ilə xitam verilməsi, ona əsas əmək məzuniyyəti günlərindən istifadə etmədiyi 7,5 təqvim gününə görə pul əvəzinin ödənilməsi, Maliyyə və uçot şöbəsi, Hüquq və insan resursları şöbəsi tərəfindən bu əmrdən irəli gələn zəruri məsələlərin həll olunmasının təmin edilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas “bağlanılmış əmək müqaviləsinin bitməsi” olmuş, əmr İdarə Heyətinin sədri Nümayəndə2 tərəfindən imzalanmışdır.
13. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə Cavabdeh tərəfindən 65k nömrəli, xx.xx.2025-ci il tarixli əmr ilə ƏM-nin 68.2.b maddəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir.
14. İddiaçı məxsus 119117 nömrəli əmək kitabçasından görünür ki, o xx.xx.2022-ci il tarixli əmr ilə "xxxx" ASC-nin 1 nömrəli Regional Sukanal İdarəsinin X5 rəisi vəzifəsini müvəqqəti icra edən vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixli əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə bağlanmış əmək müqaviləsi ləğv edilmiş, xx.xx.2024-cü il tarixli digər əmr ilə Xidmətin strukturuna uyğun olaraq X12 Sistemlərinin İstismarı İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmiş, xx.xx.2025-ci il tarixli əmr ilə Azərbaycan Respublikasının ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Cavabdeh tərəfindən xitam verilmişdir.
15. X12 Sistemlərinin İstismarı İdarəsinin Hüquq və insan resursları şöbəsinin rəisi, həmin idarənin kadrlar üzrə müətəxəssisi və kargüzarı tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli aktda qeyd edilmişdir ki, Cavabdeh publik hüquqi şəxs tərəfindən daxil olmuş əmək müqaviləsinin müddətinin bitməsi barədə xx.xx.2025-ci il tarixli 3-53-2/2-24/2025 nömrəli xəbərdarlıq məktubu İddiaçı tanış olması üçün təqdim edilsə də, o məktubla tanış olmaqdan imtina etmişdir.
16. Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-00254 nömrəli arayışdan görünür ki, ADSEA-nın Cavabdeh nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir.
17. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Bakı 13 saylı Mediasiya Təşkilatına 50 manat məbləğində ödəniş edilmişdir.
18. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosuna 330 manat məbləğində ödəniş edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
19. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçasına əsasən müəyyən edildi ki, iddiaçı xx.xx.2013-cü il tarixdə Siyəzən Sukanal İdarəsinin nasos qurğularının maşinisti vəzifəsinə işə qəbul olmuşdur. xx.xx.2014-cü il tarixdə ƏM-nin 69-cu maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmiş, elə həmin gün Siyəzən Sukanal İdarəsində 8-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul olmuşdur. "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli 491 nömrəli əmrinin 1.2-ci bəndinə əsasən, "xxxx" MMC-nin strukturuna daxil olan Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran sukanal idarələri əsasında X10 İdarəsi yaradılıb. "xxxx" ASC-nin xx.xx.2018-ci il tarixli 229 nömrəli əmrinə əsasən X10 İdarəsi yenidən təşkil edilərək 1 №-li Regional Sukanal İdarəsi adlandırılıb. xx.xx.2019-cu il tarixdə ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə) əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2019-cu il tarixdə 1 №-li Regional Sukanal İdarəsi ilə bağlanmış əmək müqaviləsinə əsasən Siyəzən Sukanal sahəsinə 9-cu dərəcə ilə mühəndis vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə ƏM-nin 69-cu maddəsinin 3cü hissəsinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə) əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC ilə bağlanmış əmək müqaviləsinə əsasən 14-cü dərəcə ilə "xxxx" ASC-nin 1№-li Regional Sukanal İdarəsinin X6 rəisi vəzifəsini müvəqqəti icra edən vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə) əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Cavabdeh PHŞ-nin strukturuna uyğun olaraq X12 Sistemlərinin İstismarı İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə isə ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
20. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmaqla aralarında işçi və işəgötürən kimi əmək münasibətləri yaranmışdır. Əmək müqaviləsinə əsasən işçi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən (“tərəflərin hüquq bərabərliyi” prinsiplərinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə”) xx.xx.2025-ci il tarixinədək, X12 Sistemlərinin İstismarı İdarəsində rəis müavini vəzifəsinə 3 ay 1 gün müddətinə işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam vermişdir. İddiaçı hazırda əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi, buraxılmış müddət üçün ödənilməmiş əmək haqqının ödənilməsi, 50 manat məbləğində mediasiya xərcinin və 330 manat məbləğində vəkil xidməti üçün ödədiyi xərcin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini, cavabdeh isə iddianın əsassız olduğu üçün rədd edilməsini xahiş edir.
21. Azərbaycan Respublikası Prezidentinin “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” xx.xx.2023-cü il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su X2 əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılması, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Meliorasiya və X15 Səhmdar Cəmiyyətinin əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilməsi və s. qərara alınmışdır.
22. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında xx.xx.2023-cü il tarixli Fərmanına əsasən, tabeliyindəki Azərbaycan Meliorasiya və X15 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə X8 Xidməti; tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti publik hüquqi şəxslərinin yaradılması qərara alınmışdır.
23. X8 Xidməti Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması və s. xidmətlərini göstərən publik hüquqi şəxs; İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti isə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir.
24. Qeyd olunanlar əsasında müəyyən edilir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradıldıqdan sonra "xxxx" ASC və "xxxx" ASC həmin agentliyin tabeliyinə verilmişdir. Daha sonra "xxxx" ASC çevrilmə yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ, "xxxx" ASC isə Cavabdeh PHŞ-yə çevrilmişdir. Artıq bundan sonra “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində Cavabdeh PHŞ isə digər rayon və şəhərlərdə fəaliyyətini həyata keçirməyə başlamışdır. İddiaçı "xxxx" ASCnin 1 №-li Regional Sukanal İdarəsinin X6 rəisi vəzifəsində işləyərkən "xxxx" ASC çevrilmə nəticəsində “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-yə çevrilsə də, Siyəzən Sukanal sahəsi yeni struktura uyğun olaraq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞnin yurisdiksiyasına daxil olmadığına görə (digər (kiçik) rayonlara aid olduğuna görə) iddiaçı Cavabdeh PHŞ-yə işə qəbul edilmişdir. c) Məhkəmənin mövqeyi və iş üzrə gəldiyi nəticə:
25. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələb ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı 10 ildən çoxdur ki, X7 çalışır. Həmin müəssisənin adı bir neçə dəfə dəyişilsə də, fərqli qurumların tabeliyinə verilsə də orada görülən işlərin xüsusiyyəti ciddi formada dəyişilməmişdir.
26. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsi heç bir halda iddiaçının (işçinin) sərbəst iradəsinə uyğun olaraq bağlanmış hesab edilə bilməz. Mülki iş materialları araşdırılarkən və tərəflərin izahatları ilə bəlli olur ki, "xxxx" ASC-nin çevrilməsi nəticəsində "xxxx" ASC-nin 1№-li Regional Sukanal İdarəsinin X7 işləyən işçilərin böyük əksəriyyəti ilə Cavabdeh PHŞ arasında əmək müqaviləsi bağlanmışdır. İddiaçı da həmin şəxslərdən biri olaraq Cavabdeh PHŞ ilə əmək müqaviləsi bağlamış və əvvəlki ("xxxx" ASC ilə olan) əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı hesab edir ki, onunla əmək müqaviləsi müddətli deyil, müddətsiz bağlanmalı idi. Məhkəmə həmin iddianı əsaslı hesab edir.
27. İlk növbədə qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müddətli bağlana bilməsinin mümkün olduğu meyarlar müəyyən edilmişdir. Həmin meyarlardan biri tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (“f” bəndi) əmək müqaviləsinin müddətli bağlanmasıdır. Təcrübədə işəgötürənlər həmin normadan sui-istifadə edərək (normanı düzgün şərh etməyərək) işçinin sərbəst iradəsi olmadan onunla müddətli əmək müqaviləsi bağlayırlar. Halbuki, həmin normanın məzmununda “tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə” ifadəsi qeyd olumuşdur. Tərəflərdən hər hansı birinin digərinə iradəsini zorla qəbul etdirməsi, qarşı tərəfin seçim imkanlarını məhdudlaşdırması bu prinsipin pozulmasıdır. Əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin qorunması dedikdə, əmək müqaviləsi bağlamaq istəyən şəxslərin sərbəst iradəsinə əsasən, öz qanuni mənafelərinin və hüquqlarının müdafiəsi üçün istədikləri məzmunda müqavilənin bağlanması başa düşülür. Bu prinsip, X3 (BƏT) “Məcburi əmək һaqqında” 29 saylı Konvensiyasında da təsbit edilmiş "azad və könüllü əmək" anlayışına uyğun gəlir. Konvensiyanın 2-ci maddəsinə görə konvensiyanın məqsədi baxımından “məcburi əmək” termini hər hansı bir cəza təhlükəsi altında hər hansı şəxsdən tələb olunan və həmin şəxsin könüllü olaraq özünün təklif etmədiyi bütün işləri və ya xidmətləri nəzərdə tutur. Bu baxımdan, işçinin real seçim imkanı olmayan, sadəcə “ya razı ol, ya da iş olmayacaq” məntiqinə əsaslanan istənilən yanaşma hüquq bərabərliyi prinsipini pozur.
28. Məhkəmə izah edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsində “f” bəndindən başqa bəndlər, müddətli əmək müqaviləsinin bağlanmasının mümkün olduğu digər meyarlar da qeyd edilmişdir. Məsələn, “işçinin məzuniyyətdə olmasına görə başqa işçi tərəfindən həmin işin icrasının zəruriyyəti olduqda” əsası mövcuddur. Belə bir hal olduqda işəgötürən qabaqcadan işçiyə yalnız və yalnız müddəti bir ay olan əmək müqaviləsi bağlamağın mümkün olduğunu bildirir və bu vaxt, əmək müqaviləsi bağlamaq istəyən şəxsin iradəsi müqavilənin müvafiq hissədə məzmununun dəyişməsinə səbəb ola bilməz. Lakin, həmin maddənin “f” bəndi hər iki tərəfə öz iradəsini ifadə etmək üçün imkan verir. Həmin iradə ifadəsi əmək müqaviləsi bağlamaq istəyən şəxsin həqiqi iradəsini bəlli edir. Yəni, işəgötürən yuxarıda qeyd olunan misaldakı kimi, “mən yalnız 1 ay müddətinə müqavilə bağlaya bilərəm” deyə bilməz. Tərəflər qarşılıqlı olaraq sərbəst iradələrinə əsasən (müxtəlif səbəbləri əsas götürməklə) həmin maddənin “f” bəndi ilə əmək müqaviləsi bağlaya bilərlər. Məsələn əmək müqaviləsi bağlamaq istəyən fiziki şəxs başqa işəgötürənlə əmək müqaviləsi bağlayır və işə başlama vaxtı 5 ay sonrası qeyd olunur. Bu zaman fiziki şəxs digər işəgötürən ilə qarşılıqlı razılıq əsasında müddətli əmək müqaviləsi bağlayır.
29. Yuxarıda qeyd olunanları nəzərə alaraq hazırkı mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh müəssisədə bütün işçilərlə müqavilələr 3 ay müddətinə bağlanmışdır. Bunu cavabdehin nümayəndəsi məhkəmə iclasında təsdiqləmiş və qeyd etmişdir ki, “yəqin iddiaçının əmək münasibətləri davam edən müddətdə hər hansısa qüsuru olub deyə müddətli əmək müqaviləsinə xitam verilib”. Bu yanaşma göstərir ki, işəgötürən müddətli əmək müqaviləsindən işçinin fəaliyyətini sınaqdan keçirmək üçün istifadə etmişdir. Halbuki, bu məqsədlə qanunvericilikdə ayrıca institut – “sınaq müddəti” nəzərdə tutulmuşdur.
30. Qeyd edilməlidir ki, müddətli əmək müqaviləsi işçinin vəzifə funksiyalarının öhdəsindən necə gəlməsini müəyyən etmək üçün bağlana bilməz. Əgər bu cür yanaşma legitim sayılsa, o zaman işəgötürənlər “sınaq müddəti” mexanizmini tamamilə kənara ataraq, hüquqi baxımdan sui-istifadəyə yol aça bilərlər. Müddətli əmək müqaviləsi üzrə əmək münasibətləri davam etdikdə işçinin hər hansı vəzifə funksiyasının öhdəsindən gələ bilməməsi müddətli əmək müqaviləsinə xitam verilməsinin əsası ola bilməz. Çünki, əmək münasibətləri davam edərkən işçinin fəaliyyətində nöqsan varsa, bu halda intizam tənbeh tədbirləri tətbiq oluna bilər.
31. Məhkəmə hesab edir ki, bütün işçilərlə əmək müqaviləsinin 3 ay müddətinə bağlanması Azərbaycan Respublikasının Əmək qanunvericiliyinə və əmək sahəsində dövlət siyasətinin həyata keçirilməsinə birbaşa ziddir. Əmək Məcəlləsinin mövcud olmasının mahiyyəti ondadır ki, fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normaları müəyyən olunmaqla, onların əmək hüquqları və qanuni mənafeləri qorunmuş olsun. Bu imperativ normaların əhəmiyyəti fiziki şəxslərin işləməsi, əməyin, məşğulluğun fərdi və ictimai rifahda rolu nəzərə alınaraq işsizliyin aradan qaldırılması, daimi məşğulluğun təmin edilməsi və maddi qazanc əldə etməsi üçün şəraitin yaradılmasından ibarətdir. Yoxsa, həmin münasibətlər elə mülki hüquq münasibətləri ilə tərəflərin iradə sərbəstliyi əsasında həyata keçirilərək əmək müqavilələri mülki-hüquqi müqavilər ilə rəsmiləşdirilərdi. Halbuki, Əmək Məcəlləsi əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyini imperativ qaydada Əmək Məcəlləsinin əsas prinsipi kimi müəyyən edir. Bu həm də işçilərin sosial hüquqlarının – o cümlədən məzuniyyət, sığorta, pensiya təminatı hüquqlarının qorunması baxımından vacibdir. Buna görə də cavabdehin bütün işçilərlə 3 aylıq müddətli əmək müqaviləsi bağlaması açıq və aşkar şəkildə müqavilə bağlayarkən işçinin sərbəst iradəsinin olmadığı qənaətinə gəlməyə əsas verir.
32. Məhkəmə hazırkı mübahisəni araşdırarkən nəzərə alır ki, Azərbaycan Respublikasında su və meliorasiya fəaliyyətini həyata keçirən orqan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir. İddiaçı Siyəzən rayonunda həmin fəaliyyəti həyata keçirən müəssisədə işləmişdir. Həmin müəssisənin adının dəyişilməsi və ya başqa qurumların tabeliyinə verilməsi iddiaçının (işçinin) iradəsi xaricində olan məsələ olmaqla, iddiaçının fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Əgər müəssisə ləğv edilirsə, bu halda müəssisənin ləğv edilməsi əsası ilə işçilərlə bağlanmış əmək müqaviləsi ləğv edilməli və müvafiq təminatlarla işçi təmin edilməlidir. Mülki iş materialları araşdırılarkən bəlli olur ki, iddiaçı ilə əmək müqaviləsi “başqa işəgötürənlə - yeni yaranan PHŞ ilə əmək müqaviləsi bağlaması” əsası ilə ləğv edilmişdir. Yəni, məhkəmə mübahisəyə formal yanaşmamalı, mübahisəyə mahiyyəti üzrə qiymət verməlidir. Görünür ki, 10 ildən çox eyni fəaliyyətlə məşğul olan iddiaçı işsiz qalmamaq üçün müddətli əmək müqaviləsi bağlamağa məcbur olmuşdur. İşçinin bu məcburiyyətinə onun sərbəst iradəsi əsasında formalaşması kimi qiymət vermək ədalətsiz olmaqla yanaşı, Əmək qanunvericiliyi ilə hüquqları qorunan işçilərin qanuni mənafelərinin pozulmasına səbəb olar. Bundan başqa qeyd edilməlidir ki, iddiaçının vəzifəsi (X12 Sistemlərinin İstismarı İdarəsində rəis müavini) daimi xarakterə malik vəzifədir. Buna görə də daimi xarakterə malik vəzifədə işləmək üçün işçi ilə müddətli əmək müqaviləsinin bağlanması və bu müqavilənin müddətli bağlanmasının işçinin sərbəst iradəsinə dayanması heç bir formada ağlabatan hesab edilmir. Bununla birlikdə cavabdehin bütün işçilərlə müddətli əmək müqaviləsi bağlaması cavabdehin hüquqdan sui-istifadə etdiyini açıq və aşkar şəkildə təcəssüm etdirir.
33. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir.
34. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, iddia təmin edildiyi üçün mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat və Nümayəndə1 iddiaçıya göstərdiyi hüquqi xidmət üçün ödənilmiş 330 manat məbləğində pul Cavabdeh PHŞ-dən tutularaq İddiaçı verilməlidir. d) Tətbiq edilən hüquq:
35. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 2-ci maddə, 1-ci bənd. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2-ci maddə, 2-ci bənd. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2-ci maddə, 3-cü bənd. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 9-cu maddə, “b” bəndi. Əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. 11-ci maddə, “a”, “b”, bəndləri. bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarındandır. 42-ci maddə. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 45-ci maddə, 1-ci hissə. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45-ci maddə, 4-cü hissə. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 45-ci maddə, “f” bəndi. tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 68-ci maddə, 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin “b” bəndinə görə, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri əmək müqaviləsinin müddətinin qurtarmasıdır. 73-cü maddə, 1-ci hissə. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. 83-cü maddə, 1-ci hissə. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 300-cü maddə, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 300-cü maddə, qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
36. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2024-cü il tarixli qərarı: Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsi ilə qanunverici dövlətin Konstitusiyanın 35-ci maddəsinin Vİİİ hissəsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi məqsədini güdür. Belə ki, əməyin, məşğulluğun fərdi və ictimai rifahda rolu nəzərə alınaraq işsizliyin aradan qaldırılması, daimi məşğulluğun təmin edilməsi məqsədilə yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda müddətli əmək müqaviləsinin bağlanması mümkün hesab edilmişdir. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Bu qaydadan istisnalar isə Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən olunmuşdur. Əmək qanunvericiliyində müddətli əmək müqaviləsinin bağlanılması imkanının müəyyən edilməsi məşğulluğa kömək, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət siyasətinin həyata keçirilməsinə xidmət etməklə yanaşı, işəgötürənlərin müvəqqəti xarakterli ehtiyaclarının qarşılanmasına da imkan verir. Əmək Məcəlləsinin “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması” adlı 1-ci Əlavəsinin 2.3-cü bəndinə əsasən əmək müqaviləsinin hansı səbəbə görə müddətli bağlanılması göstərilməlidir. Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.
37. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh PHŞ-nin xx.xx.2025-ci il tarixli, 65k nömrəli əmri ləğv edilməli, İddiaçı Cavabdeh PHŞ-nin X12 Sistemlərinin İstismarı İdarəsinin “rəis müavini” vəzifəsinə bərpa edilməli və məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı Cavabdeh PHŞ-dən tutularaq İddiaçı ödənilməlidir.
40. İddia təmin edildiyi üçün mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat və hüquqi xidmət üçün ödənilmiş 330 manat məbləğində pul Cavabdeh PHŞ-dən tutularaq İddiaçı verilməlidir.
Nəticə:
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh PHŞ-nin xx.xx.2025-ci il tarixli, 65k nömrəli əmri ləğv edilsin. İddiaçı Cavabdeh PHŞ-nin X12 Sistemlərinin İstismarı İdarəsinin “rəis müavini” vəzifəsinə bərpa edilsin, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı Cavabdeh PHŞ-dən tutularaq İddiaçı ödənilsin. Mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat və hüquqi xidmət üçün ödənilmiş 330 manat məbləğində pul Cavabdeh PHŞ-dən tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova