Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2780/2023 05.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Vəkil1, Cavabdehlər Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil2, Cavabdeh3 MTK-nın vəkilinümayəndəsi Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı “müqavilələrin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı “müqavilələrin etibarsız hesab edilməsi və s.” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, çoxmənzilli yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində, 3 otaqlı mənzilə dair cavabdehlər Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli və həmin müqaviləyə dəyişiklik edilərək cavabdehlər Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilələr etibarsız hesab edilməklə, həmin mənzilə dair iddiaçı ilə yeni müqavilə bağlanması öhdəliyinin Cavabdeh3 MMCnin (MTK-nın) üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2002-ci il tarixdə nikaha daxil olmuş, bu nikahdan 2 qızı anadan olmuşdur. Cavabdeh1 iddiaçının böyük qızıdır. 2018-ci ildə iddiaçının (keçmiş) həyat yoldaşı ilə münasibətləri yaxşı olmadığından öz gələcək təminatı üçün mənzil almaq qərarına gəlmiş, həmin vaxt nikahda olduğundan mənzili anasının adına rəsmiləşdirmək barədə razılaşmışlar ki, sonradan anası mənzili geri onun adına rahatlıqla rəsmiləşdirə bilsin (iddiaçının həmin nikahı məhkəmə qətnaməsi ilə xx.xx.2020-ci il tarixdə pozulmuşdur). Bu məqsədlə xx.xx.2018-ci il tarixdə iddiaçının istəyi ilə cavabdehlər Cavabdeh3 MTK ilə iddiaçının anası Cavabdeh2 arasında Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, çoxmənzilli yaşayış binasının 6-cı blok, 9-cu mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 155,0 kv.m-dən ibarət mənzilə dair müqavilə bağlanmış, mənzilin qiyməti 201500 manat müəyyən edilmiş, ilkin ödəniş kimi iddiaçı tərəfindən 65000 manat ödənilmiş, qalan məbləğin isə hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçının bacısı X2 qızı həmin dövrlərdə (hazırda da işləməkdədir) şirkətdə məsul vəzifədə işləmiş, “sənədləşmə işlərində tərəflərə köməklik göstərmişdir”. Pandemiya dövründə iddiaçının maddi vəziyyəti həmin məbləği ödəməyə yetərli olmadığı üçün 4 otaqlı mənzil 3 otaqlı mənzilə dəyişdirilmiş, bütün ödəmələr iddiaçı tərəfindən həyata keçirilmiş, müvafiq maliyyə arayışı verilmişdir. Sonradan iddiaçı anasından mənzili onun adına geri rəsmiləşdirməyi xahiş etdikdə anası bildirmişdir ki, iddiaçı atasından miras qalmış mənzildən onun xeyrinə imtina edəcəyi halda, o, mənzili iddiaçının öz adına deyil, yalnız böyük qızının adına rəsmiləşdirə bilər. İddiaçının anasının belə davranmasına səbəb o olmuşdur ki, iddiaçı yenidən nikaha daxil olmuş və anası buna razı olmamışdır. Məhz bu hadisədən sonra iddiaçının anası və bacıları ondan üz döndərmişdir. Anasının belə davranışını görən iddiaçı qızı ilə aralarında razılaşmışlar ki, iddiaçının anası mənzili iddiaçının qızının adına keçirəndən sonra iddiaçının qızı da mənzili əsl yiyəsi olan anasına geri qaytaracaq. Bununla bağlı iddiaçı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 23 saylı notariat ofisində anasının mənzili qızının adına keçirməsi şərtilə, atasından miras qalmış mənzildən anasının xeyrinə imtina etməsinə dair ərizə yazmış, eyni zamanda iddiaçı və anası arasında mənzilin əvəzləşdirilməsinə dair müqavilə də imzalanmışdır. Bundan sonra iddiaçının qızı Cavabdeh1 xx.xx.2022-ci ildə iddiaçı ilə razılaşdıqları kimi 5 saylı Bakı “Asan xidmət” mərkəzində mübahisəli mənzilin anasının adına keçirilməsinə etiraz etməməsinə dair ərizə, eyni zamanda anasının adına etibarnamə vermişdir. Sonradan iddiaçı mənzili öz adına rəsmiləşdirmək istəyərkən ona məlum olmuşdur ki, Cavabdeh1 ona iyulda verdiyi etibarnaməni avqustda ləğv etdirmişdir. Məsələni araşdıran zaman iddiaçıya məlum olmuşdur ki, iddiaçının qızı nənəsi və xalaları ilə birlik olaraq iddiaçını aldatmış, aralarındakı razılığa əməl etməkdən boyun qaçırmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli və həmin müqaviləyə dəyişiklik edilməsinə dair xx.xx.2022-ci il tarixli müqavilələr əslində başqa əqdi - iddiaçı ilə Cavabdeh3 MMC arasında bağlanılmalı olan əqdi pərdələmək məqsədi güddüyündən, əhəmiyyətsiz əqd olmaqla, etibarsız hesab edilməli və həmin mənzilə dair iddiaçı ilə yeni müqavilə bağlanması öhdəliyi Cavabdeh3 MMC-nin (MTK-nın) üzərinə qoyulmalıdır. Cavabdeh1 (vəkili-nümayəndəsi Vəkil2) ərizə təqdim edərək, iddia tələbinin Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, çoxmənzilli yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində, 3 otaqlı mənzilə dair Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilə dair iddiaçı ilə yeni müqavilə bağlanması öhdəliyinin Cavabdeh3 MMC-nin üzərinə qoyulması hissəsində iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Mülki Məcəllənin 340.2-ci maddəsinə istinad edərək, yenidən eyni cavabdehə qarşı eyni iddia qaldırmışdır. Belə ki, hər iki iddia ərizəsində eyni mənzilə dair Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin əhəmiyyətsiz əqd olması, başqa əqdi pərdələmək məqsədi ilə bağlanması göstərilərək iddianın əsası kimi eyni hallara istinad edilmişdir. Yəni hər iki iddianın predmeti və əsası da eynidir. İddiaçı daha əvvəl verdiyi iddiadan imtina etmiş və bu səbəbdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-899/2023 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Qeyd olunanlara əsasən, göstərilən hissədə iş üzrə icraata xitam verilməli və həmin hissədə işə mahiyyəti üzrə baxılması davam etdirilməməlidir. Cavabdeh1 iddiaya qarşı etiraz təqdim edərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, iddia ərizəsində qeyd edilənlər həqiqəti əks etdirmir. Mənzil onun nənəsi Cavabdeh2 məxsus olmuş və mənzilin əldə edilməsinə görə alqı-satqının dəyərini də özü ödəmişdir. Bunu iddiaçının özünün məhkəməyə təqdim etdiyi qəbzlər təsdiq edir. Həmçinin, pulun Cavabdeh2 tərəfindən ödənilməsini Cavabdeh3 MMC (MTK) da təsdiq edə bilər. xx.xx.2022-ci il tarixdə isə nənəsi həmin mənzili onun adına rəsmiləşdirərək, H.Nəzrinin mülkiyyətinə vermişdir. Nə iddiaçı, nə də nənəsi mənzilin onun adına rəsmiləşdirilməsinin formal olmasını ona deməmişdir. 2022-ci ilin iyul ayında o, iddiaçının xəbəri olmadan birdəfəlik evdən gedəndən sonra iddiaçı onu cəzalandırmaq üçün evi əlindən almaq qərarına gəlmiş və xx.xx.2022-ci ildə iş yerinə gedərək orada hay-küy salıb onu biabır etmiş, sonra zorla döyə-döyə, söyə-söyə maşınına mindirərək, psixi və fiziki təsir göstərərək, onu “ASAN Xidmət”ə aparmış və aldadaraq guya iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 29 nömrəli mənzildən onu qeydiyyatdan çıxarmaq adı ilə başqa sənədlərə imza etdirmişdir. İddiaçı tərəfindən ona psixi və fiziki təsir göstərilməsi məhkəməyə təqdim etdiyi audioyazı, iddiaçının özünün etirafı, qolundakı cızıqlar və qançır izlərini özündə əks etdirən xx.xx.2022-ci il tarixli fotoşəkil ilə təsdiq olunur. Bu barədə sonradan xalasına danışmış və onun vasitəsilə öyrənmişdir ki, iddiaçının onu “ASAN Xidmət”ə aparmaqdakı məqsədi mənzildən qeydiyyatdan çıxarmaq deyil, ona məxsus mənzillə bağlı sərəncam verə bilmək üçün müvafiq səlahiyyətləri özündə əks etdirən etibarnaməyə imza etdirmək olmuşdur. Odur ki, xx.xx.2023-cü ildə həmin etibarnaməni ləğv etmişdir. Daha sonra iş materialları ilə tanış olan zaman ona məlum olmuşdur ki, iddiaçı həmin vaxt sadəcə etibarnaməyə deyil, həm də mənzilin özgəninkiləşdirilməsinə razılıq ərizəsinə də imza etdirmişdir. Bunu öyrəndikdən sonra dərhal 2023cü ilin iyun ayında həmin ərizəni ləğv etdirmişdir. Sırf şəxsi məsələlərə görə digər bacısından fərqli olaraq anasının ona münasibəti yaxşı olmamış və ona etibar etməmişdir. Məhkəmə iclasında da bunu ifadə etmişdir. Göründüyü kimi, mənzil onun adına rəsmiləşdirilən zaman iddiaçının ona qarşı münasibəti yaxşı olmayıb və ona etibar etməyib. Ona görə də iddiaçı heç vaxt özünə çatası əmlakı onun adına rəsmiləşdirməzdi. Rəsmiləşdirdiyi halda isə ən qısa müddət ərzində mənzili öz adına keçirərdi. Lakin göründüyü kimi belə olmamışdır. Bundan əlavə, vəkili-nümayəndəsinin məhkəməyə təqdim etdiyi ərizədə qeyd etdiyi kimi, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil2 iddianı qəbul etməyib, etirazın mahiyyətinə uyğun çıxış edərək, iş üzrə icraata xitam verilməsini, işə mahiyyəti üzrə baxıldığı təqdirdə isə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 MTK-nın vəkili-nümayəndəsi Vəkil3 iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəməyə gəlməmiş, ərizə göndərərək, iş iştirakının olmadan baxılmasını və iddianın qəbul edilməməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nuranənin göstərdikləri tamamilə yalandır. Bu mənzili 2018-ci ildə Cavabdeh2 almışdır. Müəllimlik və müstəqil qaydada şagird hazırlaşdırmaqla qazandığı pullarla mənzilin pulunu az-az ödəyərək şirkətə olan borcunu ödəmişdir. 2022-ci ilin mart ayında isə mənzili nəvəsi Nəzrinin adına keçirmişdir. Bu mənzil Nəzrinindir. Qızının özü də mənzilin Nəzrinin adına keçməsini çox sevinclə qarşılamışdı və buna razı idi. Hətta notariusda bu barədə aralarında ayrıca razılaşma da var. Nuranənin özü də bilir ki, bu mənzili o, Nəzrinə vermək istəmiş və vermişdir. Lakin nədənsə Nuranə sonradan mənzili ələ keçirmək istəmiş, buna görə nəvəsinə çox təzyiq etmiş, indi isə məhkəməyə ərizə vermişdir. Qızı ilə əvvəllər arası çox yaxşı olmuşdur. Qızının birinci ailəsi uğurlu olmamış və o, əvvəlki yoldaşı ilə boşanmışdır. Boşandıqdan sonra yenidən başqa bir şəxslə münasibət qurmuş, Cavabdeh2 isə bunun əleyhinə olmuşdur. Çünki Nuranənin artıq böyük qızları var idi. Dost-tanışdan qızı haqqında xoşagəlməz məlumatlar eşidirmiş. Bu isə bir ana kimi onu məyus edirmiş. Ona görə Nuranədən xahiş etmişdir ki, bu münasibətə son qoysun, qızları artıq yetkinlik çağındadır və qızları ilə məşğul olsun. Lakin Nuranə onu dinləməmiş və hətta onlara qarşı aqressivləşib onlardan uzaqlaşmışdır. Təəssüf ki, qızı öz doğma anasını və övladını məhkəməyə vermişdir. Cavabdeh2 1986-cı ildən bu günə kimi müəllim kimi fəaliyyət göstərmiş, bir müəllim kimi öz şagirdlərinə hər zaman valideynlərinə, doğmalarına qarşı doğru-dürüst olmağı, onlara qarşı hörmət etməyi, qayğı göstərməyi bacarmağı təlqin etmişdir. Ona görə də hazırki vəziyyət onun üçün çox ağırdır. Ümid edir ki, Nuranə gələcəkdə bu hərəkətlərindən peşman olacaq. Məhkəmə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını və çıxışını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair xx.xx.2018-ci il tarixli 5/02 nömrəli müqavilədən görünür ki, Cavabdeh3 MMC Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində, 3 otaqlı, _ saylı ümumi sahəsi 116,1 m2-dən ibarət mənzili tikib Cavabdeh2 mülkiyyətinə verməyi, Cavabdeh2 isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öhdəsinə götürmüşlər. Bu müqavilə imzalanan gün alıcı 65000 (altmış beş min) manat ilkin ödəniş etməyi öhdəsinə götürmüşdür. Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 5/02 nömrəli müqaviləyə 1 saylı Əlavədən görünür ki, Cavabdeh2 3 otaqlı, _ saylı mənzilin tikintisinə görə Cavabdeh3 MMCyə 65000 (altmış beş min) manat müqavilə imzalandığı gün ödəmək şərti ilə, qalıq məbləğ kimi 85930,0 (səksən beş min doqquz yüz otuz) manat həcmində pul vəsaitini 18 yanvar 2020-ci il tarixinədək ödəməyi üzərinə götürmüşdür. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli 2(010)-750/2020 saylı qətnaməsindən görünür ki, X8 ilə İddiaçı arasında 21 sentyabr 2002-ci il tarixdə Səadət Sarayı (Bakı Nikah Evi) tərəfindən 1270 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh1 və xx.xx.2008-ci il təvəllüdlü X5 anası İddiaçı himayəsində saxlanılması qət edilmişdir. Nikah haqqında AZ-İİ seriyalı 415644 nömrəli şəhadətnamədən görünür ki, X6 ilə İddiaçı xx.xx.2020-ci ildə nikahlarını bağlamışlar. Cavabdeh2 Bakı şəhəri 23 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, onunla Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 5/02 nömrəli müqavilə əsasında ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 118,5 kv.m-dən ibarət mənzildən imtina etmiş və həmin mənzilə dair müqavilənin nəvəsi Cavabdeh1 ilə bağlanmasına etiraz etməmişdir. Mənzilin nəvəsi Cavabdeh1 adına rəsmiləşdirilməsini xahiş etmişdir. İddiaçı Bakı şəhəri 23 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, atası X7 vəfat etdikdən sonra ona məxsus ünvan 2 ünvanında yerləşən mənzili qanun üzrə vərəsə kimi anası Cavabdeh2 əldə etmişdir. Cavabdeh3 MMC ilə anası Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 5/02 nömrəli müqavilə əsasında ona Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 118,5 m2-dən ibarət mənzil verilmişdir. Anası ilə aralarında əldə etdikləri razılığa əsasən o, atasından miras qalmış ünvan 2 ünvanında yerləşən mənzilə dair hazırda və gələcəkdə heç bir iddia qaldırmayacaq və tələbi olmayacaq, anası da bunun əvəzində Cavabdeh3 MMC ilə müqavilə əsasında əldə etdiyi yuxarıda adı çəkilən mənzili onun göstərdiyi şəxsin, yəni qızı Cavabdeh1 verəcək və sonuncu ilə Cavabdeh3 MMC arasında müqavilə bağlanmasına dair etirazının olmamasına dair ərizə verəcəkdir. Mənzilin əvəzləşdirilməsinə dair xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, İddiaçı atası X3 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzildən Cavabdeh2 xeyrinə imtina etmiş, ünvan 2 ünvanında yerləşən mənzilin tam hüquqlu sahibi Cavabdeh2 hesab edilmiş, Cavabdeh2 ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 5/02 nömrəli müqavilə əsasında əldə etdiyi Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 118,5 m2-dən ibarət mənzildən İddiaçı göstərdiyi şəxsin, yəni xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh1 xeyrinə imtina etmiş və sonuncu ilə Cavabdeh3 MMC arasında müqavilə bağlanmasına etiraz etməmiş, bununla bağlı imtina ərizəsini təqdim etmişdir. Bu müqavilə imzalandıqdan və bu müqavilədə nəzərdə tutulan ərizə, imtina məktubları və bu müqavilənin 3-cü bəndində mənzilə dair Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında müqavilə bağlandıqdan sonra tərəflər bir-birlərinə qarşı həm ünvan 2 ünvanında yerləşən mənzil, həm də Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 118,5 m2-dən ibarət mənzil barədə iddia, şikayət və tələbləri olmayacağını öhdəliyə götürmüşlər. Cavabdeh3 MMC-nin xx.xx.2022-ci il tarixli 194 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh3 MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi ünvanında inşa etdiyi hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının 5/02/a nömrəli xx.xx.2022-ci il tarixli dəyişikliyə əsasən 5-ci blokun, 10-cu mərtəbəsində, 3 otaqlı, _ nömrəli 118,5 kv.metr olan mənzilin dəyəri Cavabdeh1 tərəfindən tam ödənilmiş və həmin mənzilə görə Cavabdeh3 MMC qarşısında heç bir borcu yoxdur. Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 5/02/a nömrəli xx.xx.2018ci il tarixli müqaviləyə xx.xx.2022-ci il tarixli dəyişiklikdən görünür ki, Cavabdeh3 MMC Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində, 3 otaqlı, _ saylı ümumi sahəsi 118,5 m2-dən ibarət mənzili tikib Cavabdeh1 mülkiyyətinə verməyi, Cavabdeh1 isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər. Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair 5/02/a nömrəli müqaviləyə 1 saylı Əlavədən görünür ki, Cavabdeh1 3 otaqlı, _ saylı mənzilin tikintisinə görə Cavabdeh3 MMCyə 65000 (altmış beş min) manat müqavilə imzalandığı gün ödəmək şərti ilə, qalıq məbləğ kimi 89050,0 (səksən doqquz min əlli) manat həcmində pul vəsaitini 18 yanvar 2020-ci il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 tərəfindən İddiaçı verilmiş AR-İİ seriyalı 752352 nömrəli xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 ona məxsus olan bütün daşınar və daşınmaz əmlaka dair sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, о cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq, ipoteka (girovdan) azad etmək, özəlləşdirmək, icarəyə və kirayə vermək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, zəruri sənədləri təhvil verməyi, rüsumları, kommunal və digər xərcləri ödəməyi, vərəsəlik işini rəsmiləşdirməyi, ona çatası miras payı qəbul etməyi, həmin paydan imtina etməyi, miras payının bağışlanması haqqında müqavilə bağlamağı, həmin müqavilədə imza etməyi, bununla bağlı ərizələr verməyi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağı, sənədləşmə işlərini aparmağı, lazımi sənədləri toplamağı, təqdim etməyi və götürməyi, əvəzindən imza etməyi, bu tapşırığın yerinə yetirilməsi üçün onu Azərbaycan Respublikasının bütün səlahiyyətli orqanlarında, nazirliklərdə, səfirliklərdə, konsulluqlarda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsində, Daşınmaz Əmlakın dövlət qeydiyyatını həyata keçirən dövlət orqanlarında, MİS orqanlarında, Bələdiyyə orqanlarında, İcra Hakimiyyətində, Dövlət Statistika Komitəsində, Dövlət Miqrasiya İdarəsində, DİN DYPİ RQİŞ-də, VVAQ şöbələrində, “ASAN xidmət” Mərkəzlərində, Azərbaycan Respublikası Müdafiyə Nazirliyində, “DOST” Mərkəzlərində Azercell, Bakcell, Nar şirkətlərində, məktəblərdə, İcra şöbələrində, Hüquq muhafizə orqanlarında, prokrorluqlarda, Notariat Ofislərində, vergi orqanlarında, “Cargo” terminal, hava limanında, gömrük məntəqələrində, sığorta şirkətlərində, Sosial Müdafiə Fondunda, telefon qovşağlarında, poçtlarda, kooperativ və ictimai təşkilatlarda, dövlət idarələrində, təşkilatlarında və qeyri-dövlət qurumlarında təmsil etməyi, istənilən bankda adına olan hesablardan istifadə etməyi, sərəncam verməyi, hesab üzrə bütün bank əməliyyatları aparmağı, pul məbləğləri almağı/qoymağı, həmçinin depozitin (əmanətin) faizlərini və ya əsas məbləğini almağı, adından hesab açmağı/bağlamağı, pul köçürmələri həyata keçirməyi, bank kartlarını və onlara aid olan PİN kodları götürməyi və ya dəyişməyi, sifariş etməyi, adından depozit (əmanət) məbləği yatırmağı, əmanətin müddəti bitdikdə onu yeni müddətə yerləşdirməyi, ona aid olan bütün hesablardan çıxarışları və hesablar haqqında arayışları tələb etməyi və almağı, adına gələn yükləri qəbul etməyi, gömrük işlərini rəsmiləşdirməyi və gömrük rüsumlarını ödəməyi, adına nömrələr rəsmiləşdirməyi, lazım gəldikdə onların dublikatlarını almağı, nömrələrdən çıxarışları əldə etməyi, ona aid olan istənilən arayışı, qeydiyyat vəsiqəsini, şəhadətnamələri, həmçinin dövlət reyestrindən çıxarışı, texniki pasportu, əmlakın yüklü olub/olmaması haqqında arayışı (forma1), Forma 2 və digər sənədləri almağı, toplamağı, təhvil verməyi, onun adından sənədləşmə işlərini aparmağı, kommunal və digər xərcləri ödəməyi, adından istənilən məzmunlu razılıq ərizələri (yerli və xarici vətəndaşları qeydiyyata salmağı və qeydiyyatdan çıxarmağı) və digər ərizələri yazmağı, mənə çatası pulları almağı, adından ərizə ilə müraciət etməyi, imza atmağı və bu tapşırığın yerinə yetirilməsi zamanı ortaya çıxa biləcək digər zəruri hərəkətlərin yerinə yetirilməsini etibar etmişdir. Cavabdeh1 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Cavabdeh3 MMC-yə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, bina 5/02/a-nın 10-cu mərtəbəsində yerləşən 118,5 kv.metr yaşayış sahəsindən ibarət mənzilin İddiaçı adına keçməsinə etiraz etməmişdir. xx.xx.2022-ci il tarixli etibarnamənin və ərizənin elektron qaydada əldə edilmiş surətində arxa fondakı yazılardan görünür ki, həmin etibarnaməyə və ərizəyə xitam verilmişdir. “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli etibarnaməyə xx.xx.2022-ci ildə xitam verilmişdir. Cavabdeh3 MMC-nin xx.xx.2018-xx.xx.2022-ci il tarixli müxtəlif nömrəli mədaxil qəbzlərindən görünür ki, ödənişlər Cavabdeh2 adından həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixli iddia ərizəsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh3 MMCyə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 5/02/a saylı müqavilənin ləğv edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 5-ci blok, 10cu mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 118.5 m2-dən ibarət mənzilə dair Cavabdeh3 MMC ilə İddiaçı arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, Cavabdeh3 MMC tərəfindən həmin mənzilin dəyərinin iddiaçı tərəfindən tam ödənilməsinə və həmin mənzilə görə heç bir borcunun olmamasına dair maliyyə arayışının verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin HK-1/321 saylı material üzrə xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında aparılmış araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, bununla yanaşı İddiaçı etmiş olduğu şikayətlə bağlı məhkəmə orqanlarına müraciət etməsi izah olunmuşdur. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, e-2(006)-899/2023 saylı iş üzrə İddiaçı başqa iddia ilə məhkəməyə müraciət etdiyindən həmin iddiadan imtina etmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, e-2(006)-899/2023 nömrəli iş üzrə icraata xitam verilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş hallar ondan ibarət olmuşdur ki, İddiaçı ilə anası (cavabdeh) Cavabdeh2 xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq edilməklə mənzilin əvəzləşdirilməsinə dair müqavilə bağlamış, müqaviləyə əsasən, iddiaçı atasından miras qalmış ünvan 2 ünvanında yerləşən mənzildən anası (cavabdeh) Cavabdeh2 xeyrinə; anası (cavabdeh) Cavabdeh2 isə Cavabdeh3 MTK ilə aralarında bağlanmış müqaviləyə (xx.xx.2018-ci il tarixli 5/02 nömrəli) əsasən əldə etdiyi Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 5-ci blok, 10-cu mərtəbə, 3 otaqlı, ümumi sahəsi 118,5 m2-dən ibarət mənzildən iddiaçının göstərişi ilə qızı (cavabdeh) Cavabdeh1 xeyrinə imtina etmək barədə razılığa gəlmişlər. Bundan sonra – xx.xx.2022-ci il tarixdə cavabdehlər Cavabdeh3 MTK ilə Cavabdeh1 tərəfindən 5/02/a nömrəli xx.xx.2018-ci il tarixli müqaviləyə dəyişiklik edilərək, həmin mənzil Cavabdeh1 mülkiyyətinə verilmişdir. İşdə olan sübutlar əsasında müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 anası – İddiaçı “mülkiyyətində olan bütün daşınar və daşınmaz əmlaklara sərəncam verilməsi və digər hərəkətlərin edilməsi” məzmunlu etibarnamə vermiş və nənəsi – Cavabdeh2 ona verdiyi mənzilin anası – İddiaçı adına keçməsinə etiraz etməməsinə dair notarial qaydada təsdiqlənmiş ərizə təqdim etmişdir. Cavabdeh1 xx.xx.2022-ci ildə etibarnaməni, 2023-cü ilin iyun ayında isə həmin ərizəni ləğv etdirmişdir. Hazırda İddiaçı anası (cavabdeh) Cavabdeh2 ilə Cavabdeh3 MTK arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə ödənişlərin əslində özü tərəfindən edildiyini, müqavilə bağlanarkən əvvəlki həyat yoldaşı ilə münasibətlərinin yaxşı olmaması səbəbindən mənzili öz adına almağa ehtiyat etdiyini, buna görə sənədlərdə anasının adının olduğunu, 2020-ci ildə nikahı pozulduqdan sonra başqa biri ilə münasibətini anasının dəstəkləmədiyini, 2022-ci ildə atası vəfat edəndən sonra ondan qalmış miras payından anasının xeyrinə imtina etməsi şərtilə anasının mənzili yalnız qızı – digər Cavabdeh1 adına keçirməsinə razı olmağa məcbur qaldığını, əslində Cavabdeh1lə Cavabdeh3 MTK arasında bağlanmış müqaviləyə dəyişikliyin də bu məsələləri pərdələmək məqsədi daşıdığını, bu səbəbdən Cavabdeh1 ona ümumi etibarnamə və razılıq ərizəsi verdiyini, evi öz adına keçirmək üçün vəsait tələb olunduğundan dərhal öz adına keçirə bilmədiyini, lakin sonradan qızı H.Nəzrinin nənəsi və xalaları ilə əlbir olaraq etibarnaməni ləğv etdiyindən onun hüquqlarını pozduğunu bildirərək, həm cavabdehlər Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, həm də cavabdehlər Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsini, onunla həmin mənzilə dair yeni müqavilə bağlanması öhdəliyinin Cavabdeh3 MTK-nın üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Cavabdehlərdən Cavabdeh2 iddiaya etiraz edərək, uzun illər müəllim işlədiyini, öz pulu ilə 2018-ci ildə ilkin ödəniş edərək Cavabdeh3 MTK-dan mənzil aldığını, həmin mənzilin üçün bütün pulları özünün ödədiyini, qızı İddiaçı həyat tərzini bəyənmədiyini, buna görə də 2022-ci ildə həyat yoldaşı öləndən sonra ondan qalmış miras əmlakdan qızı İddiaçı öz payından imtina etməsinin əvəzində Cavabdeh3 MTK-dan aldığı mənzili nəvəsi Cavabdeh1 adına keçirdiyini bildirmişdir. Cavabdehlərdən Cavabdeh1 iddianı qəbul etməyib, nənəsinin evi ona bağışladığını, bu zaman heç kimin ona həmin müqavilənin formal xarakter daşıdığını bildirmədiyini, anasının onun iş yerinə gəlib fiziki və psixoloji təzyiq göstərdikdən sonra məcbur qalıb notariusda etibarnamə və ərizəni imzaladığını, lakin imzalayarkən onların mahiyyətinin nə olduğunu bilmədiyini, sonradan öyrəndikdə dərhal etibarnaməni və ərizəni ləğv etdirdiyini, anasının ona ümumiyyətlə etibar etmədiyindən və münasibətləri pis olduğundan nənəsinin evi onun adına keçirməsinin anasının xeyrinə başqa bir məqsədi olmasının ağlabatan olmadığını bildirmişdir. Cavabdeh1 onu da qeyd etmişdir ki, əslində iddiaçının ona və Cavabdeh3 MTK-ya qarşı olan tələbi hissəsində hazırki iş üzrə icraata xitam verilməlidir. Digər Cavabdeh3 MTK da iddianı qəbul etməyərək, 2018-ci ildə müqavilənin Cavabdeh2 ilə bağlandığını, müqavilə üzrə ödənişlərin onun özü tərəfindən həyata keçirildiyini, verilən qəbzlərdə ödənişlərin kim tərəfindən kimin adına həyata keçirilməsinin qeyd olunduğunu, ailə üzvlərinin evi bir-birlərinin adına keçirməsinin MTK tərəfindən ödənişsiz həyata keçirildiyini, bu zaman heç bir ödəniş tələb edilmədiyini, göstərilənlərə əsasən, iddianın əsassız olduğunu bildirmişdir. Məhkəmə iddia tələbinin dəlilləri ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsindəki çoxmənzilli yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində yerləşən 3 otaqlı mənzilə dair xx.xx.2018-ci il tarixli müqavilə və müqavilə üzrə həyata keçirilmiş ödənişlərin qəbzləri ilə təsdiq olunur ki, müqavilə, həqiqətən də, cavabdehlər Cavabdeh3 MTK ilə Cavabdeh2 arasında bağlanmış, müqavilə üzrə ödənişlər isə Cavabdeh2 tərəfindən həyata keçirilmişdir. Bu müqavilədəki və qəbzlərdəki məlumatları təkzib edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, belə ki, “müqavilə üzrə ödənişlərin əslində iddiaçı tərəfindən edilməsi, müqavilə bağlanarkən əvvəlki həyat yoldaşı ilə münasibətlərinin yaxşı olmaması səbəbindən mənzili öz adına almağa ehtiyat etməsi, buna görə sənədlərdə anasının adının olması”na dair mülahizələr məhkəmədə sübuta yetirilə bilməmişdir. Məhkəməyə təqdim edilmiş qətnamədən görünür ki, həqiqətən də, 2020-ci ildə iddiaçının nikahı pozulmuşdur. Lakin bu fakt iddiaçının mülahizələrini kifayət qədər təsdiq etmir və onun məhkəməyə bildirdiyi digər halların da doğru olmasına dəlalət etmir. Eyni zamanda, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan anası ilə Cavabdeh3 MTK arasında müqavilənin bağlandığı gün ona məxsus depozit hesabına mədaxil edilmiş və həmin hesabdan məxaric edilmiş məbləğlərin təyinatını da müəyyən etmək mümkün olmamış, beləliklə, iddiaçının ilkin müqavilənin etibarsız olması ilə bağlı təqdim etdiyi sübutlar onun dediklərini təsdiq etmədiyindən və ən əsası, iddiaçının mülahizələri mötəbər sübutlarla təkzib edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbi “Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, çoxmənzilli yaşayış binasının 5-ci blok, 10cu mərtəbəsində, 3 otaqlı mənzilə dair cavabdehlər Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” hissəsində təmin edilməməlidir. İddia tələbinin “xx.xx.2018-ci il tarixli müqaviləyə dəyişiklik edilərək cavabdehlər Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməklə, həmin mənzilə dair iddiaçı ilə yeni müqavilə bağlanması öhdəliyinin Cavabdeh3 MMC-nin (MTK-nın) üzərinə qoyulması” hissəsinə münasibətdə qeyd edilməlidir ki, cavabdehlər Cavabdeh3 MTK ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə müqavilənin bağlanmasına əsas olan sənəd iddiaçı ilə anası arasında bağlanmış mənzilin əvəzləşdirilməsinə dair xx.xx.2022-ci il tarixli müqavilə olmuşdur. Belə ki, iddiaçı həmin müqavilə ilə anasının mənzili Cavabdeh1 adına keçirməsinə göstəriş vermiş, özü də əvəzində atasından qalmış miras payından imtina etmişdir. Həmin müqavilənin notarial qaydada bağlanması iddiaçının onun nəticələri barədə məlumatlı olmasını, yəni notarius tərəfindən hüquq və vəzifələrinin, müqavilənin nəticələrinin iddiaçıya izah olunmasını deməyə əsas verir. Məhz bundan sonra cavabdehlər Cavabdeh1lə Cavabdeh3 MTK arasında hazırda etibarsızlığı mübahisələndirilən müqavilə bağlanmışdır. Mənzil Cavabdeh1 adına keçəndən bir neçə ay sonra onun iddiaçıya ümumi etibarnamə və mənzilin iddiaçının adına keçməsinə etiraz etməməsinə dair razılıq ərizəsi verməsi, lakin sonradan birtərəfli iradə ifadəsi olan həmin sənədlərə elə Cavabdeh1 özü tərəfindən xitam verilməsi təsdiq olunur. Sənədlərin qüvvədə olduğu bu müddət ərzində iddiaçının mənzili özgəninkiləşdirmək, mənzil barəsində sərəncam vermək, MTK ilə olan sənədləri öz adına rəsmiləşdirmək hüququ olduğu halda, o, bu hüququndan istifadə etməmişdir. İddiaçı MTK-da sənədləşmə işləri üçün 3000 manat məbləğində ödəniş tələb olunması səbəbindən vaxtında mənzili adına keçirə bilmədiyini, cavabdeh MTK isə ailə üzvləri arasında olan razılığa əsasən sənədlərdə dəyişiklik edilməsi zamanı ödəniş tələb olunmadığını bildirir. Nəticə olaraq, Cavabdeh1 iddiaçıya notarial qaydada təsdiqlənmiş ümumi etibarnamə və razılıq ərizəsi verməsi, sənədlər qüvvədə olduğu müddətdə iddiaçının hərəkətsiz qalması, sonradan müxtəlif tarixlərdə Cavabdeh1 həmin sənədləri ləğv etməsi işin sübutlarla təsdiq olunan mübahisəsiz halıdır. Cavabdeh1 etibarnamə və ərizənin məzmununu bilməməsi, anlamaması dəlili ilə bağlı bir daha qeyd edilməlidir ki, həmin sənədlər notarius tərəfindən təsdiq edilməzdən əvvəl Cavabdeh1 onların mahiyyətinin izah edilməsi ehtimal olunur. Sənədlərin Cavabdeh1 tərəfindən iddiaçıya hər hansı təzyiq altında verilib-verilməməsi mübahisəlidir, lakin faktiki olaraq verilmişdir, eyni zamanda, veriləndən ləğv edilənədək ötən müddət ərzində onunla anası arasında olan münasibətlərin pozulması istisna edilmir, nəticə olaraq, hər iki sənədin qüvvəsinə Cavabdeh1 tərəfindən xitam verilmişdir. Məhkəmə qeyd edir ki, etibarnamə və ərizə verilməsi də, verilmiş etibarnamə və ərizənin ləğv edilməsi də Cavabdeh1 hüququ olmuş və o, bu hüquqlarından istifadə etmişdir. Belə olan halda məhz iddiaçının dəlillərinə əsaslanaraq, cavabdehlər Cavabdeh3 MTK ilə Cavabdeh1 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbinin təmin edilməsi ağlabatan deyil. Qeyd edilməlidir ki, iddia tələbinin “müqavilələrin etibarsızlığı” hissəsinin təmin edilməməsi, iddianın “həmin mənzilə dair müqavilə bağlamaq öhdəliyinin Cavabdeh3 MTK-nın üzərinə qoyulması” hissəsinin də təmin olunmamasını labüd edir. Çünki “müqavilələrin etibarsızlığına dair” tələb rədd edildiyindən, iddianın digər hissəsinin də əsaslılığı tam aradan qalxır. Belə ki, həmin tələb əsas tələbdən doğan törəmə tələb hesab olunur. Məhkəmə cavabdehin “hazırki iş üzrə icraata müəyyən hissədə xitam verilməsi” barədə vəsatətinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş xx.xx.2022-ci il tarixli iddia ərizəsi üzrə e-2(006)-899/2023 nömrəli işdə İddiaçı cavabdehlər Cavabdeh3 MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,
1. Cavabdeh1 ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 5/02/a saylı müqavilənin ləğv edilməsi,
2. Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 118.5 m2-dən ibarət mənzilə dair Cavabdeh3 MMC ilə İddiaçı arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi,
3. Cavabdeh3 MMC tərəfindən həmin mənzilin dəyərinin iddiaçı tərəfindən tam ödənilməsinə və mənzilə görə heç bir borcunun olmamasına dair maliyyə arayışının verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, xx.xx.2023-cü ildə isə məhkəmə araşdırmaları zamanı başqa iddia ilə məhkəməyə müraciət etdiyindən həmin iddiadan imtina etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, iddiaçı əvvəlki iddia ərizəsində yalnız Cavabdeh3 MTK və Cavabdeh1 qarşı “cavabdehlər arasında bağlanmış müqavilənin ləğv edilməsi, özü ilə MTK arasında həmin mənzilə dair müqavilənin bağlanmış hesab edilməsi və MTK tərəfindən ona mənzilə dair maliyyə arayışının verilməsi” tələblərini irəli sürmüşdür. Hazırki iddia ərizəsində isə həmin cavabdehlərlə yanaşı, Cavabdeh2 qarşı da “cavabdehlər arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və mənzilə dair iddiaçı ilə müqavilə bağlanması öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulması” tələbləri irəli sürülmüşdür. Məhkəmə hər iki iddia ərizəsini araşdıraraq qeyd edir ki, əvvəlki iddia ərizəsində yalnız cavabdehlər Cavabdeh3 MTK ilə Cavabdeh1 arasında bağlanmış müqavilə, hazırki iddia ərizəsində isə yeni əsas kimi cavabdehlər Cavabdeh3 MTK ilə Cavabdeh2 arasında bağlanmış ilkin müqavilənin etibarsızlığı, ondan törəyən tələb kimi də cavabdehlər Cavabdeh3 MTK ilə Cavabdeh1 arasında bağlanmış müqavilənin etibarsızlığı mübahisələndirilmişdir. Yəni əvvəlki iddia ərizəsindəki cavabdehlər Cavabdeh3 MTK ilə Cavabdeh1 arasında bağlanmış müqavilənin ləğv edilməsi tələbinin əsasları ilə hazırki iddia ərizəsindəki cavabdehlər Cavabdeh3 MTK ilə Cavabdeh1 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbinin əsasları da eyni olmamışdır. Bununla yanaşı, iddiaçı eyni cavabdehlərə qarşı eyni tələblə deyil, müxtəlif tələblərlə məhkəməyə müraciət etdiyindən, hazırki iş üzrə icraata həmin hissədə xitam verilməsi düzgün deyildir. Belə ki, əvvəlki ərizədə qoyulmuş “müqavilənin ləğv edilməsi” tələbi ilə hazırki ərizədəki “müqavilənin etibarsız hesab edilməsi” tələbi təmin edildiyi təqdirdə müxtəlif hüquqi nəticələr doğuracağından tələbə mahiyyəti üzrə baxılması məhkəmə tərəfindən məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-324.4-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır; 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.2-339.4-cü maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 340-cı maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 347.1-347.4-cü maddələrinə görə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. Kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur. 351-ci maddəsinə görə, əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34-cü fəslində əqdin etibarsızlığına səbəb olan halların təsnifatı verilmiş və göstərilmişdir ki, həmin hallardan birinin mövcudluğu əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsası müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Məhkəmə, həmçinin qeyd edir ki, Mülki Məcəllənin ümumi yanaşmasına görə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Məhkəmə etibarsızlığı mübahisələndirilən hər iki müqaviləni yuxarıdakı hüquq normaları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, müqavilələrin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması qənaətinə gəlmək üçün əsaslar yoxdur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı “müqavilələrin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı “müqavilələrin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova