Məhkəmə qərarları › İş №e-2(006)-2784/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2784/2025

14.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2784/2025 14.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Şirinova (Qurbanova) Çinarə Qəhrəman qızının cavabdeh “X21” ASC-yə qarşı işə bərpa və sairə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Şirinova (Qurbanova) Çinarə Qəhrəman qızı cavabdeh “X21” ASC-yə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, əmək şəraitinin qanunsuz dəyişdirilməsi hallarının etibarsız hesab olunmasını; onun əvvəlki əmək şərtlərinə və vəzifəsinə bərpa olunmasının təmin edilməsi, dəyişikliklər nəticəsində əmək haqqında və digər hüquqlarında yaranmış fərqlərin ödənilməsi haqqında barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2001 ci il tarixindən etibarən “X21” ASC-də ümumi işlər üzrə mütəxəssis vəzifəsində əmək müqaviləsi əsasında işləyir. Ən son xx.xx.2019-cu il tarixində “Kassa xidmətləri“ üzrə aparıcı mütəxəssis vəzifəsində çalışaraq “Baş Mütəxəssis “vəzifəsinədək yüksəlmişdir. Tək ana 3 övladı vardır, oğul övladının sağlamlığı məhdud uşaqlar siyahısındadır. xx.xx.2024-cü ildə müəssisə rəhbərliyi tərəfindən onun xəbəri və razılığı olmadan əmək funksiyası və əmək şəraiti dəyişdirilmiş, əvvəlki iş şəraitindən fərqli olaraq vəzifə əmək haqqı 50 % azaldılmış, iş qrafiki əmək müqaviləsinə aid olmadan əsassız və razılığı olmadan dəyişdirilmiş, Banka aid olan işlərin ona verilməməsi həmin vaxta boş vakansiyanın olmasına baxmayaraq həmin vəzifəyə onu təyin etməmiş, filialın müdiri Rəşad Əhmədzadə və Səyyər Əliyev kassa müdiri bilərəkdən kollektivi ona qarşı mənfi rəy yaratmışdır. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onunla əmək müqaviləsinə xitam verilməsi haqqında "xxxx" KB ASC-nin 223-K/Ming saylı, xx.xx.2025-ci il tarixli əmrinin ləğv edilməsi, onun “Unibank" KB ASC-yə Kassa xidmətləri üzrə baş Mütəxəssis işinə bərpa edilməsi və ona xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqının hesablanmaqla ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2011-ci il tarixindən "xxxx" ASC Mingəçevir filialı üzrə ilk olaraq ümumi işlər üzrə mütəxəssis, sonra əməliyyatçı, kredit mütəxəssisi və ən son olaraq kassa xidmətləri üzrə Baş mütəxəssis vəzifəsində çalışmış, işlədiyi müddətdə vəzifə öhdəliklərini yüksək səviyyədə yerinə yetirmiş və daim rəhbərliyin rəğbətini qazanmışdır. xx.xx.2019-cu il tarixindən aidiyyatı qurumda kassa xidmətləri üzrə Baş mütəxəssis vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü tarixindən etibarən iş yerinə buraxılmamış, haqqında kassadan kənarlaşdırılma qərarı verildiyi barəsində “Unibank" ASC Mingəçevir filialının X5 tərəfindən məlumatlandırılmışdır. Qeyd etmişdir ki, kassaya buraxılmaması barəsində rəsmi kənarlaşdırma qərarının olmamasına baxmayaraq, əməliyyat şöbəsində boş masada əyləşib gözləməsi tələb olunmuşdur. Bu barədə rəhbərliyə yazılı olaraq məlumat vermiş və araşdırılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixində Mingəçevir Şəhər Polis idarəsindən haqqında şikayət olması və araşdırılması üçün Mingəçevir Şəhər Prokurorluğuna göndəriləcəyi barəsində məlumatlandırılmışdır. Şikayət edən şəxs ünvan 1 ünvanında yaşayan "xxxx" ASC Mingəçevir filialının kassa üzrə supervayzeri vəzifəsində çalışan X13 olduğunu öyrənmişdir. Şikayət üzrə HK-1/262 materiallar toplanmış, verilən şikayətin əsassız olması haqqında toplanmış materiallar üzrə cinayət işinin başlanmasına xitam verilmişdir. Haqqında əsassız şikayət verilməsi səbəbindən iş yerindən qanunsuz olaraq uzaqlaşdırılmış, şikayətə xitam verildiyi halda belə o, iş yerinə buraxılmamışdır. Əlavə olaraq Filial X5 iş yerinə giriş üçün istifadə olunan giriş-çıxış proksi kartını ondan almış, kassaya qeyd olunan tarixdən buraxılmamışdır. Qanunsuz uzaqlaşdırılma barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 yazılı olaraq müraciət etmiş, lakin aidiyyatı qurumdan araşdırma başlanmamış, aktiv əmək müqavilənin olmasını rəhbər tutaraq qanunsuz əməlin davam etməsinə münbit şərait yaratmışlar. “Unibank" ASC tərəfindən haqqında heç bir uzaqlaşdırma qərarı rəsmi olaraq təqdim olunmamışdır və o, qısnamalara məruz qalmışdır. xx.xx.2024-cü il tarixində X10 şəhərində olan bölməsinə öz şikayət-müraciətini ünvanlamış xx.xx.2024-cü il tarixində öz izahatımı təqdim etmişdir. Bundan sonra digər qurumları və müfəttişliyə də çoxsaylı şikayət məktublarını ünvanlamışdır. Təəssüf olsun ki, izahatında göstərilən nöqsanlar araşdırılmamışdır. Bildirmək istəmişdir ki, xx.xx.2024-cü il tarixdən "xxxx" ASC tərəfindən ona möhürsüz və bildiriş nömrəsi qeyd olunmamış əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında bildiriş filial X5 tərəfindən ona verilmişdir. Qeyd etmişdir ki, ona əmək şəraitinin şərtlərinin dəyişdirilməsi şərti qeyd edilmiş Əmək Məcəlləsinin 68-ci maddəsinə əsaslanan imzasız və möhürsüz sənəd təqdim edilmişdir. Buna qədər isə əmək məcəlləsinin 79 maddəsinə əsaslanan əlavələr təqdim edilsə də həmin sənədlər də imzasız və möhürsüz olmuşdur. Əlavənin biri iş yerinin şərtləri aydın olmayan şəkildə evdən olacağı lakin birində isə müddətsiz müqavilə ilə işləməyimə baxmayaraq həmin müqüaviləyə əlavə olaraq müddətli qeyd edilmişdir. 3 övladı vardır və tək anadır. xx.xx.2020-ci il doğumlu oğlu X22 anadangəlmə qüsürludur və əlildir. Qeyd etmişdir ki, övladlarına tək baxır. Sonuncu əlavənin Əmək Məcəlləsinin 79 maddəsinə deyil məhz 68 maddəsinə əsaslandırılması ona qarşı qərəzli düşünülmüş və bərabərlik hüququnun pozularaq yaradılmış sənəddir əmək məcəlləsinin 68-ci maddəsinə əsaslanan imzasız və möhürsüz təqdim edilmiş sənəddə İdarə Heyətinin təsdiqlənmiş qərarı mövcud deyildir. Ən vacib olanı odur ki, guya onun əmək şaraitinin dəyişməsi bildirilsə də əslində onların etmək istədiyi ştatın ixtisarıdır. Ştatın ixtisan ona münasibətdə mümkün olmadığı üçün yəni ona azından ƏM-nin 79-cu maddəsi ilə digər işçilərdən üstün (müstəsna) hüquqlarım olduğu üçün onu əmək şəraitinin şərtlərinin dəyişdirilməsi səbəbindən işdən çıxarmışlar. Bu cür yanaşma nə qanuna nə də vicdanlılıq prinsipinə uyğun deyildir. Əmək şəraitinin hansı şərtlərinin dəyişdirilməsi və o dəyişikliyə nəyin əsas olduğu qeyd edilməmişdir. Məcəllənin 62-ci maddəsində 5-ci bəndində işdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilməsi qeyd olunur. Məcəllənin 68-ci maddəsinin “c” bəndində qeyd olunan əmək şəraitinin dəyişdirilinəsi nəticəsində müqaviləyə xitam verilməsinə məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən müəyyən edilən əmək şəraitinin əlavə şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz deyə qeyd olunur. Qeyd etmişdir ki, bildirişdə başqa vəzifəyə keçirilmə ilə bağlı qeyd olsa da, ona Mingəçevir filialında və ya bankın digər 32 filialının hər birində vakansiya olmasına baxmayaraq ona bu və ya digər bərabər vəzifəyə aid iş təklif edilməmişdir. Əvəzində imzalamasına razı olmaması kimi qiymətləndirilmiş bənd əlavə edilmiş fikir və söz azadlığı məhdudlaşdırılmışdır. Həmçinin kassada digər işçilərlə münasibətdə onun peşəkarlığı və iş səriştəsi daha üstündür. Kassada əmək şəraiti dəyişdirilərkən əmək yükü bölüşdürməsi nəzərə alınmamış və gender bərabərliyi pozulmuşdur. Kassir əməliyyatçı olaraq o da inkasasiya prosesinə cəlb oluna bilərdi. Şəraitin dəyişdirilməsi bəndi ən son olaraq ona təhkim oluna bilər. Sənədin imzalı və möhürlü formasının ona vaxtında istər elektron istər poçt vasitəsi ilə və ya yerli icra nümayəndəliyi vasitəsilə çatdırılması təmin edilməmişdir. Bir ay müddət tələbi pozulmuşdur. Əmək müfəttişliyinə ünvanladığı ən son müraciətinə cavabda da eyni qaydada bankın xeyrinə hesablanmış cavabdır. Əlavə olaraq sözügedən əmrə diqqət edilsə görünər ki, onu işdən müəssisənin rəhbərliyi deyil İnsan Kapitalının idarə edilməsi departamentinin direktoru çıxarmış və əmr vermişdir. Bu əmri işəgötürən verməli idi. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bankın “Mingəçevir” filialında Kassa xidmətləri üzrə baş mütəxəssis vəzifəsində çalışan X11 xx.xx.2011-ci il tarixindən etibarən Bankda çalışmağa başlamışdır. İş proseslərinin optimallaşdırılması və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti ilə əlaqədar olaraq Kassa xidmətləri prosesinə dəyişikliklər tətbiq edilmişdir. Bildirmək istəmişdir ki, Kassa xidmətləri prosesinə dəyişikliklər ölkə üzrə Bankın bütün filiallarında 2021-ci ildən etibarən başlamışdır və bu proses davam etməkdədir. Bu cür dəyişikliklər üçün zərurət ondan irəli gəlir ki, Bankın Kassa xidməti üzrə Mütəxəssislərə ehtiyacı azalıb və İnkassator-kassir vəzifəsini həyata keçirən əməkdaşlar mütəxəssisin öhdəliklərini də yerinə yetirirlər. Belə ki, 2021-ci ildə Bankın bütün filialları üzrə Kassa xidmətləri üzrə Mütəxəssislərin sayı 42 nəfər təşkil etmiş, optimallaşdırılmalar aparılaraq 2024-cü ilin sonuna bütün filiallar üzrə yalnız 26 Kassa xidmətləri üzrə Mütəxəssis saxlanılmışdır. İş proseslərinin optimallaşdırılması və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti ilə əlaqədar olaraq Bankın Mingəçevir filialında da Kassa xidmətləri prosesinə dəyişikliklər tətbiq edilmişdir. Mingəçevir filialında Kassa xidmətləri üzrə Mütəxəssis vəzifəsində çalışan digər əməkdaşı isə inkassator-kassir vəzifəsinə keçirilmişdir. Qurbanova Çinarə qadın əməkdaş olduğundan və inkassator-kassir vəzifəsinin fiziki güc tələb etdiyini və Bankın həmin filialda iki inkassator-kassirə ehtiyacı olmadığını nəzərə alaraq Qurbanova Çinarəyə bu vəzifə təklif edilməmişdir. İnkassator briqadasında inkassator-kassir iştirak edir və Mərkəzi Bankın tələblərinə əsasən inkassator briqadasının hər bir üzvü zirehli gödəkçə (təxminən 15 kq təşkil edir) ilə təchiz olunmalıdır. Eyni zamanda Bankomatları nağd vəsaitlə yükləmək, boşaltmaq və çəkisi bir çox hallarda 25-40 kq-dan artıq olan nağd pul vəsaitlərini filiallara çatdırmaq və təhvil vermək inkassator-kassirin əsas funksiyalarından biridir və fiziki güc tələb edir. Bundan əlavə, inkassator-kassir vəzifəsinin həyata keçirilməsi axşam saatlarında və ya həftəsonları baş verə bilər və üç uşağı olan Qurbanova Çinarənin bu öhdəlikləri həyata keçirə bilməzdi. Belə ki, Əmək Məcəlləsinin 242.1-ci maddəsinə uyğun olaraq 14 yaşınadək uşağı olan, həmçinin əlilliyi olan uşağı olan qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə (hamilə və 3 yaşınadək uşağı olan qadınlara münasibətdə onların, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda) yol verilir. Mingəçevir filialının inkassator-kassir vəzifəsində çalışan şəxs nağd pul vəsaitlərinin digər rayonlara çatdırılmasında da (Bakı, Gəncə, İsmayıllı, Bərdə Şəki) iştirak etməlidir, çünki regionlar üzrə yalnız Gəncə və Mingəçevir filialı inkassasiya əməliyyatını həyata keçirir. Qurbanova Çinarənin il ərzində təqdim etdiyi çoxsaylı xəstəlik vərəqələrini də nəzərə alaraq inkassator-kassir vəzifəsinə Qurbanova Çinarə deyil, digər əməkdaş keçirilmişdir. Bu yenidən təşkilin nəticəsi olaraq, Kassa xidmətləri üzrə mütəxəssisin əmək şəraitinin şərtlərinin dəyişdirilməsi zərurəti yaranmışdır. Nəzərə alınaraq ki, Mingəçevir filialında Kassa xidmətləri üzrə Mütəxəssis vəzifəsini yalnız X11 icra edirdi, AR Əmək Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq əmək şəraitinin dəyişdirilməsi ilə bağlı ona müvafiq qərar tətbiq edilmişdir. Bu çərçivədə, xx.xx.2024-cü il tarixində 1 ay sonra müvafiq əmək şəraitinin şərtlərinin dəyişdiriləcəyi barədə yazılı bildiriş ona təqdim edilmişdir. X6 bildirişin imzalanması ilə bağlı şifahi narazılığını nəzərə alaraq, xx.xx.2024-cü il tarixli Bankın səlahiyyətli şəxsi tərəfindən imzalanmış bildiriş, onun işdə iştirak etməməsi səbəbindən ev ünvanına göndərilmişdir. Göründüyü kimi, Bank Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinin tələblərini gözləyərək əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı (kağız daşıyıcıda və sms vasitəsilə) məlumatı ilə xəbərdar etmişdir. X11 xx.xx.2024-cü tarixindən xx.xx.2024-cü il tarixinədək işdə iştirak etməmiş və səbəbləri barədə Banka rəsmi hər hansı bir məlumat verməmiş, həmin müddətdə onunla birbaşa əlaqə qurulması mümkün olmamışdır. Sonradan işdə iştirak etmədiyi dövrləri əhatə edən əmək qabiliyyətinin olmama vərəqələrini Banka təqdim etmiş və xx.xx.2025-ci il tarixindən etibarən valideyninin səhhətini əsas gətirərək təqdim etdiyi əmək məzuniyyəti ilə bağlı yazılı şəxsi ərizəsi Banka göndərilmiş və həmin ərizəyə əsasən xx.xx.2025-cil il tarixindən xx.xx.2025-ci il tarixinədək əmək məzuniyyəti rəsmiləşdirilmişdir, xx.xx.2025-ci tarixindən xx.xx.2025-ci il tarixinədək isə əmək qabiliyyətinin olmama səbəbi ilə iddiaçı işdə iştirak etməmişdir. X6 bütün müvafiq əmək qabiliyyətinin olmaması vərəqələrinin (xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024xx.xx.2024, xx.xx.2025- xx.xx.2025) əsli Banka təqdim edilən zaman ilk 14 təqvim günü üzrə Bankın vəsaiti, qalan günlər isə məcburi dövlət sosial sığorta haqları hesabına hesablanaraq ödənilmişdir. Bank tərəfindən X6 ərizəsində qeyd etdiyi işdən kənarlaşdırılma halı baş verməmişdir və ona müvafiq əmək şəraiti təmin edilərək əmək müqaviləsi üzrə əmək haqqı hesablanaraq ödənilmişdir. Məlum olduğu kimi Əmək Məcəlləsinin 62-ci maddəsinin 3-cü bəndinə əsasən işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı ödənilmir. Bonus ödənilməməsi və əmək haqqının artırılmaması ilə bağlı iddiaçının şikayəti ilə bağlı bildirilmişdir ki, bonus ödənilməsi və əmək haqqının artırılması ilə bağlı Bankın müvafiq öhdəliyi yoxdur. X6 ərizəsində qeyd etdiyi may ayında əmək haqqından tutulma halı əmək qabiliyyətinin olmaması vərəqəsinin əsli Banka təqdim edilmədiyinə görə, müvafiq sənəd Banka təqdim edilən zaman - iyun ayında müavinət hesablanaraq ödənilmişdir. Beləliklə, əmək müqaviləsində nəzərdə tutulan aylıq əmək haqqı məbləğinin ödənilməsi öhdəliyi Bank tərəfindən əmək müqaviləsinə və qanunvericiliyin tələblərinə tam uyğun şəkildə yerinə yetirilmişdir. X12 xx.xx.2025-ci il tarixində işə qayıtmış, iş gününün sonunadək onunla şifahi danışıqlar aparılmış və rəsmi olaraq bildirişdə qeyd edilən şərtlər barədə xəbərdarlıq edilmişdir. Əmək Məcəlləsinin 56.2-ci maddəsinə uyğun olaraq əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verirsə, onda o, başqa vəzifəyə keçirilməlidir, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. xx.xx.2024-xx.xx.2025-ci il tarixlərini əhatə edən dövr ərzində Mingəçevir filialı üzrə vakansiya mövcud olmamışdır. İddiaçının yeni əmək şəraiti ilə işi davam etdirməyi ilə bağlı rəsmi razılığı daxil olmadığından və ona uyğun başqa vəzifə üzrə vakansiya mövcud olmadığından onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin müvafiq tələbləri qorunaraq, xx.xx.2024-cü il tarixindən etibarən əmək şəraitinin dəyişdirilməsi ilə bağlı bir ay əvvəldən göndərilmiş xəbərdarlıqda qeyd edilən tədbirin icrası olaraq, X11 və Bank arasında bağlanmış xx.xx.2019-cu il tarixli 18/V/l saylı Əmək Müqaviləsinə, xx.xx.2025-ci il tarixində AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “2 c” bəndinə əsasən xitam verilmişdir və xitam verilməsi barədə əmr Bank tərəfindən elektron informasiya sisteminə daxil edilmiş və gücləndirilmiş elektron imza ilə imzalanaraq hüquqi qüvvəyə minmişdir və Çinarə Qurbanovanın informasiya sistemində yaradılan elektron kabinetinə göndərilmişdir. xx.xx.2025-ci il tarixində elektron sistem üzərindən əlavə məlumatlandırma iddiaçıya göndərilmişdir. İddiaçının ev ünvanına da həmin əmr göndərilmişdir. Əmək Məcəlləsinin 49.5-ci maddəsinə əsasən Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. İddiaçı Əmək Məcəlləsinin 60 və 61-ci maddəsinə istinad edərək əmək müqaviləsinin yalnız işçinin razılığı ilə yazılı formada dəyişdirilə biləcəyini qeyd etmişdir. İddiaçı tərəfindən qeyd olunan maddələr işəgötürənin təşəbbüsü ilə başqa işə müvəqqəti keçirmə və başqa işçinin əmək funksiyasını həyata keçirmə ilə bağlıdır, hansı ki, bu halların heç biri İddiaçı ilə Bank arasındakı münasibətlərdə baş verməmişdir. Əmək Məcəlləsinin 56.1-ci maddəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir və bu hal İşəgötürən tərəfindən birtərəfli qaydada həyata keçirilir. İşçinin yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməməsi halı isə Əmək Məcəlləsinin 56.2-ci maddəsinə uyğun olaraq tənzimlənir. İddiaçı eyni zamanda Əmək Məcəlləsinin 68-ci maddəsinə istinad edərək əmək şəraitində dəyişikliklər edilməsinin əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməyəcəyini qeyd edib, hansı ki, həmin maddədə tamam əksi göstərilərək əmək şəraitinin şərtlərinin dəyişdirilməsinin əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri olduğu qeyd edilib. Əlavə olaraq, iddiaçı Əmək Məcəlləsinin 78-ci maddəsini və 79-cu maddəsini işdən çıxarılmaması üçün əsas olaraq göstərir. Əmək Məcəlləsinin 78-ci maddəsi yalnız işçilərin ixtisarı zamanı üstünlük hüququnu müəyyən edir. Məcəllənin 79-cu maddəsi isə 70-ci maddə ilə əmək müqaviləsinin ləğv edilməsi qadağan edilən işçiləri müəyyən edir. Həmin maddə Məcəllənin 68-ci maddəsinin “2 c” bəndi ilə əmək müqaviləsinə xitam verilməsini qadağa və istisna etmir. Bundan əlavə, X12 iddia ərizəsində iş qrafikinin dəyişdirilməsi və əmək haqqının 50% azaldılması halına istinad etmişdir. Əmək şəraitinin dəyişdiriləcəyi ilə əlaqədar bildirişdə iş qrafikinin dəyişdirilməsi və əmək haqqının azaldılması nəzərdə tutulmuşdur. Lakin iddiaçı 6 fevral tarixinədək əmək qabiliyyətinin olmaması və məzuniyyət səbəbindən işə gəlmədiyindən və əmək şəraitinin dəyişdirilməsi ilə razı olmadığından əmək şəraitinin dəyişdirilməsi baş tutmamışdır. Müqavilənin xitamınadək İddiaçının iş qrafiki və əmək haqqı məbləği əvvəlki şərtlərlə eyni saxlanmışdır. Əmək müqaviləsində nəzərdə tutulan aylıq əmək haqqı məbləğinin ödənilməsi öhdəliyi Bank tərəfindən əmək müqaviləsinə və qanunvericiliyin tələblərinə tam uyğun şəkildə yerinə yetirilmişdir. İddiaçı ərizədə Banka aid olan işlərin ona verilməməsini qeyd etmişdir. Bildirmək istəmişdir ki, qeyd edilmiş hal baş tutmamışdır. İddiaçı əmək şəraitinin dəyişdirilməsi ilə əlaqədar bildirişin ona təqdim olunmasından müqavilənin xitamına qədər işə gəlməmişdir və xəstəlik vərəqələrinə əsasən əmək qabiliyyəti olmamışdır. Eyni zamanda, iddiaçı filialın müdiri Rəşad Əhmədzadə və kassa müdiri Səyyər Əliyevin bilərəkdən kollektivdə ona qarşı mənfi rəy formalaşdırdığını iddia ərizəsində qeyd etmişdir. X11 və Mingəçevir filialının Müdiri və filialın Kassa Müdiri arasında əmək münasibətləri digər əməkdaşlarla idarəedici vəzifələr arasındakı münasibətilərinin tənzimləndiyi şəkildə, Əmək Məcəlləsinin bütün tələbləri nəzərə alınaraq və işçilərin hüquqları qorunaraq idarə edilmiş və Bank tərəfindən bərabər yanaşmanın tətbiq edilməsi üçün lazımı tədbirlər həyata keçirilmişdir. Əlavə olaraq bildiririk ki, X7 əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə (X25 Qaydalarının 4-cü və 9-cu bəndlərini pozduğuna görə) AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2a bəndinə əsasən töhmət verilmişdir. Qanunvericiliyin tələbi ilə töhmət verilməzdən əvvəl X4 məsələyə dair izahat təqdim etməsi tələb edilsə belə, o izahat yazmaqdan imtina etmişdir. Qeyd etmişdir ki, töhmət altı ay ərzində qüvvədə olmuşdur və noyabrda qüvvədən düşmüşdür. Qanunvericiliyin tələbləri nəzərə alınaraq məlum olmuşdur ki, yuxarıda qeyd olunanlar X8 münasibətdə Bank tərəfindən Əmək Məcəlləsinin 68-ci maddəsinin “2c” bəndinə əsasən əmək müqaviləsinə xitam etmək hüququ yaradır. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini etiraf etməyərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı adına xx.xx.2011-ci il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə Mingəçevir filialının kassa xidməti üzrə aparıcı mütəxəssis vəzifəsinə, xx.xx.2022-ci il tarixdə baş mütəxəssis vəzifəsinə keçirilmişdir. İş materiallarında olan “X21” ASC-nin Mingəçevir filialının xx.xx.2025-ci il tarixli 223- K/Ming saylı əmrindən görünür ki, X1 xidmətləri üzrə baş mütəxəssis vəsifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2c bəndinə əsasən əmək şəraitinin şərtlərinin dəyişməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan “X21” ASC tərəfindən X8 ünvanlanmış xx.xx.2024-cü (xx.xx.2024-cü il) il tarixli bildirişlərdə göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinə əsasən əməyin təşkilində dəyişiklər edilməsi zərurəti ilə əlaqədar əmək şəraitinin şərtləri dəyişdirilərək xx.xx.2024-cü (xx.xx.2024-cü il) il tarixdən əmək haqqı azaldılaraq 400 manat həcmində və iş saatları 11:00-dan 16:00-dək, 13:00dan 14:00-dək müddətdə 1 saatlıq yemək fasiləsi olmaqla müəyyən ediləcəkdir. Aktiv əmək müqaviləsi üzrə əmək şəraitinin digər şərtləri olduğu kimi saxlanılır. Bununla razılaşmadığı halda, başqa vəzifəyə keçirilməsi imkanlarına baxılacaqdır. Bu da mümkün olmadıqda isə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam veriləcəkdir. İş materiallarında olan “X21” ASC tərəfindən X8 ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdə göstərilmişdir ki, onunla “X21” ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2c bəndinə əsasən xitam verilmişdir. Ona əmək kitabçasının alınması üçün banka yaxınlaşması xahiş edilmişdir. Həmin bildiriş iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə təhvil alınmışdır. İş materiallarında olan təhvil-təslim aktından görünür ki, X12 əmək kitabçasını xx.xx.2025-ci il tarixdə təhvil almışdır. İş materiallarında olan Bakı 10 saylı Mediasiya təşkilatının MŞB/10/2025-00110 nömrəli xx.xx.2025 tarixli Arayışından görünür ki, işə bərpa tələbi ilə mediasiyanın tətbiqi barədə təklif xx.xx.2025-ci il tarixdə edilmişdir. İş materiallarında olan “X19” ASC-nin xx.xx.2021-ci il tarixli 1276 №li əmrdə göstərilmişdir ki, bankın ötən illərdə müqayisədə illik mənfəətində azalmanın müşahidə olunması xərclərin optimallaşdırılması və struktur islahatlarının dərhal həyata keçirilməsini zəruri edir. Aparılmış ilkin təhlillər göstərir ki, kassa xidmətləri üzrə əməkdaşların sayı bankın faktiki ehtiyacından yüksəkdir və cari struktur və cari struktur quruluşu büdcənin maksimal səmərəli idarə olunmasına mane olur. Eyni zamanda rəqəmsal bank xidmətlərinə tələbat artması ilə əlaqədar müştərilər tərəfindən kassa xidmətlərinə ehtiyac azalmışdır. Buna görə də ölkə üzrə bütün filiallarda kassa strukturunun yenidən qiymətləndirilməsi, xidmət proseslərinin sadələşdirilməsi və əməkdaş resurslarının əlverişli şəkildə bölüşdürülməsi məqsədi ilə kassa xidmətlərinin optimallaşdırılması işlərinə dərhal başlanılması və işçilərin sayının tələbata uyğunlaşdırılması nəzərdə tutulmuşdur. İş materiallarında olan X12 ilə “X21” ASC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış №18/V/1 saylı əmək müqaviləsinin surətindən görünür ki, həmin müqavilə iddiaçının Mingəçevir filialında kassa xidmətləri üzrə aparıcı mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan “X21” ASC-nin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2024-xx.xx.2025-ci il üzrə “X21” ASC-nin Mingəçevir filialında işə qəbullar mövcud olmamışdır. İş materiallarında olan “X21” ASC tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktın surətində göstərilmişdir ki, X18 ilə bank arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2024-cü il tarixində 1 ay sonra əmək şəraitinin şərtlərinin dəyişdiriləcəyi barədə yazılı bildiriş təqdim edilsə də o, bildirişi qəbul etməkdən imtina etmişdir. Bununla bağlı həmin bildiriş onun ev ünvanına və sms vasitəsi ilə mobil nömrəsinə göndərilmişdir. İş materiallarında olan ƏƏSMN-nın yanında DƏMX Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubla, onun xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2025-ci il tarixli eyniməzmunlu müraciətlərinə cavab olaraq göstərilmişdir ki, "X21" ASC tərəfindən Xidmətin Bakı şəhər İdarəsinə təqdim edilmiş məktub və sənədlərdən Bankın “Mingəçevir" filialında kassa xidmətləri üzrə baş mütəxəssis vəzifəsində çalışdığı, vəzifə maaşının 800 manat məbləğində olduğu və vəzifə maaşının əlavələrin nəzərdə tutulmadığı məlum olmuşdur. Həmçinin "X21" ASC tərəfindən Xidmətin Bakı şəhər İdarəsinə təqdim edilmiş məktubda işdən kənarlaşdırılmadığı, iş proseslərinin optımallaşdırılması və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti ilə əlaqədar olaraq Bankın "Mingəçevir" filialında kassa xidmətləri prosesinə dəyişikliklər tətbiq edildiyi, nəticədə kassa xidmətləri üzrə mütəxəssisin əmək şəraitinin şərtlərinin dəyişdirilməsi zərurəti yarandığı, həmin vəzifəni yalnız o icra etdiyindən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə bağlı qərarın barəsində tətbiq edildiyi, bu çərçivədə, xx.xx.2024-cü il tarixindən etibarən iş saatlarınızın 11:00-dan 16:00-dək müəyyən edilməsi və əmək haqqınının 400 manat təyin edilməsi barədə ona bildirişin göndərilməsi, xx.xx.2024-cü il tarixindən etibarən işə getmədiyi və bu barədə Banka rəsmi məlumat vermədiyi qeyd edilmişdir. Eyni zamanda məktubda 2024-cü ilin may ayında əmək haqqından tutulma halının əmək qabiliyyətinin olmaması vərəqəsinin əslinin Banka təqdim edilmədiyinə görə olduğu, müvafiq sənəd Banka təqdim edilən zaman - iyun ayının müavinətində hesablanaraq ödənildiyi və əmək müqaviləsi üzrə öhdəliklərinizi yerinə yetirmədiyinizə görə (X25 qaydalarının 4-cü və 9-cu bəndlərini pozduğunuza görə) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2ci hissəsinin “a” bəndinə əsasən ona töhmət verildiyi bildirilmişdir. Bir daha bildirilmişdir ki, tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən “X21” ASC tərəfindən ona aid əmək müqaviləsinin bağlanmasına dair bildirişin xx.xx.2011-ci il tarixdə qeydiyyata alındığı və həmin bildirişin hazırda qüvvədə olduğu müəyyən edilmişdir. Məcəllənin 190-cı maddəsinin 3-cü hissəsinə əsasən işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Müraciətinizdə qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranan münasibətlərə aşağıdakı qanunvericilik normaları tətbiq edilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasının 26.1-ci madəsinə əsasən, “Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.” Azərbaycan Respublikasının Konstitusiyasının 35.2-ci madəsinə əsasən, “Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.” Həmin Məcəllənin 11.1-ci maddəsinin “b” bəndinə əsasən, “Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır.” Həmin Məcəllənin 56-cı maddəsinin 1-ci hissəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. 2. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinin “c” bəndinə əsasən, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsinə əsasdır. Göründüyü kimi qanunverici Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c" bəndinə əsasən əmək müqaviləsinə xitam verilərkən işçini yazılı şəkildə xəbərdar etməsi müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, “X21” ASC-nin xx.xx.2021-ci il tarixli 1276 №li əmrilə xərclərin optimallaşdırılması və struktur islahatlarının həyata keçirilməsi nəzərdə tutulmuş, həmin islahatların nəticəsi olaraq “X21” ASC-nin Mingəçevir filialında da həmin islahatların davamı kimi iddiaçıya bu barədə yazılı bildirişlər göndərməklə əmək şəraitinin dəyişdirilməsi ilə əlaqədar başqa vəzifəyə keçməsi təklif edilmiş, lakin, o, bu təklifə razılıq verməmişdir. İşəgötürən də qanunveriliyin tələbi ilə əmək müqaviləsinə müvafiq maddə ilə xitam vermişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, işəgötürənin əmri qanuni və əsaslı olduğundan onun ləğvi üçün heç bir əsas mövcud deyildir. Odur ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Vəkil X20 iddiaçının hüquqlarının müdafiəsi zamanı hüquqi yardıma görə sərf etdiyi cəmi 22 saat barədə hesabatı məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin vəkilin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və vəkilin iştirakı bu Məcəllənin 67-1-ci maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, məhkəmə həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Hüquqi yardım vəkilin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən şəxsin hüquqlarını müdafiə etməyə görə vəkilə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər, işə baxılması ilə əlaqədar məsrəflərə daxildir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Şirinova (Qurbanova) Çinarə Qəhrəman qızının cavabdeh “X21” ASC-yə qarşı işə bərpa və sairə tələbinə dair iddiası təmin edilməsin. Vəkil X15 dövlət büdcəsi vəsaiti hesabına hər saat üçün 11 manat olmaqla, cəmi 22 saat üçün nəzərdə tutulan 242 manat ödənilsin. Həmin vəsait Bakı şəhəri 38 saylı Vəkil Bürosunun müvafiq bank hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar