Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-281/2025 16.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı "əmək haqqı və sair" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı "əmək haqqı və sair" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 oğlundan ona düşən ödənclərin, əmək haqqı kimi almalı olduğu məbləğlərin, son haqq-hesab pulunun, məzuniyyət pulunun mediasiya üçün ödədiyi məbləğin ona ödənməsinə və işə daxil olma, işdən azad olma ilə bağlı əmrlər qeyd edilməklə tərtib edilmiş əmək kitabçasının ona verilməsinə, vəkilə və mediasiyaya ödənmiş xərclərin cəmi kimi 380 manatın alınaraq ona ödənməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2022-ci ildən 2024-cü ilin iyul ayınadək Spinkar MMC-də (VÖEN:**********) icraçı direktor vəsifəsində işləmişdir. MMC-nin təsisçisi Cavabdeh2 oğlu ona bildirmişdir ki, şirkət təsis edildikdən sonra minumum əmək haqqı rəsmiləşdirməklə həmin məbləği mütləq ona ödəmək şərti ilə aylıq qazancda ikisi arasında bərabər şəkildə bölüşdürüləcək. Bu səbəbdən 2022-ci ildə o minimum əmək haqqı məbləği ilə 320 manat əmək haqqı ilə icraçı direktor vəzifəsində Spinkar MMC-də işləməyə başladı. Həmin vaxt şirkətin iş qaydasına əsasən gündəlik işləri gördükdən sonra digər işlərini görərək gündəlik xərclərinin qarşılamaq üçün əlavə qazanc qazandığı səbəbindən əmək haqqı məbləğinin yığışdığı üçün şirkətin təsisçisinin əmək haqqını və hər gün bir bəhanə ilə ödəməməsindən şikayət etməmişdi. Lakin sonradan ona məlum oldu ki, şirkətin təsisçisi Cavabdeh2 oğlu dəfələrlə fərqli şirkətlərlə gördükləri işlərin pulunu almadığı barədə dedikləri tamamilə yalandır və həmin pulları alaraq təkbaşına sahiblənərək ona ödəməməklə yanaşı minumum əmək haqqı məbləğində rəsmiləşdirərək ödəməyə söz verdiyi əmək haqqlarını, məzuniyyət pullarını və son haqq-hesab pulunu belə ödəmədiyindən, əmək kitabçasını vermədiyindən ərizə yazaraq işdən çıxarılmağını xahiş etdi. Ondan sonra da dəfələrlə şikayət və tələb etməyinə baxmayaraq iki ildir ki, əmək haqqlarını, əmək kitabçasını və digər ödənclərini (məzuniyyət pullarını və son haqq hesab pulu) ona verməmişdir. Bu əməlləri barədə məcbur qalaraq ilk öncə Əmək Müfəttişliyinə şikayət etdi. Sonra isə mediasiyaya müraciət etdi. Lakin buna baxmayaraq yenə də cavabdeh nə əmək haqqı kartını, nə o kartda olan pullarını, nə son haqq hesab pulunu ödəmir, nə də əmək kitabçasını təqdim etmir. Hazırda məhkəməyə müraciət etməyi üçün əmək kitabçası və əmək müqaviləsinin ləğvinə dair bildiriş və ona düşən ödənclər barədə məlumat ona təqdim edilmədiyindən həmin sənədlərin surətini (və ya əslini) məhkəməyə təqdim edə bilmir. Belə ki, bu barədə cavabdehə rəsmi qaydada da müraciət etmiş, lakin hələ də bu barədə hər hansı müsbət nəticə əldə edə bilməmişdir. Son olaraq mediasiyaya da müraciət etdi, lakin bu da heç bir nəticə vermədi. 3.Sonradan İddiaçı bir neçə dəfə “tələbin həcminin dəqiqləşdirilməsinə” dair ərizə ilə məhkəməyə müraciət etmiş və son olaraq cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 oğlundan ona düşən ödənclərin, əmək haqqı kimi almalı olduğu məbləğlərin, son haqqhesab pulunun, məzuniyyət pulunun cəmi kimi 9701.95 manatın və əmək haqqının gecikdirilməsinə görə 79361.95 manatın cəmi kimi ümumilikdə 89063.90 manatın, mediasiya üçün ödədiyi məbləğin, rəy alınması üçün ödədiyi 700 manatın, vəkil xərcinin ona ödənməsinə və işə daxil olma, işdən azad olma ilə bağlı əmrlər qeyd edilməklə tərtib edilmiş əmək kitabçasının ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Daha sonra cavabdeh məhkəməyə etirazlar ünvanlayaraq bildirmişdir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan, eyni zamanda əmək haqqı tələbi ilə bağlı iddia qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürüldüyündən, iddianın təmin edilməməsi barədə qətnanə qəbul edilməlidir. Belə ki, İddiaçı iddia ərizəsində 2022ci ildən 2024-cü ilədək "xxxx" MMC-də direktor vəzifəsində işlədiyini qeyd etsə də, məhkəməyə təqdim olunmuş əmrin surətindən görünür ki, İddiaçı 2022-ci ildən deyil, xx.xx.2021-ci il tarixdən direktor təyin edilməklə işə qəbul edilmişdir. İddiaçı işə qəbul olunma əmrini Cavabdeh2 deyil, "xxxx" MMC tərəfindən qəbul edilmiş və iddia ərizəsində qeyd edildiyi kimi 2024-cü ilin iyul ayına kimi deyil, xx.xx.2024-cü il tarixinə kimi direktor vəzifəsində işləmişdir. Məhkəməyə təqdim edilmiş X6 çıxarışdan görünür ki, "xxxx" MMCnin fəaliyyəti 05 mart 2024-cü il tarixdə dayandırılmışdır. iddiaçı 2024-cü ilin iyul ayınadək "xxxx" MMC-də direktor vəzifəsində isləməsini qeyd etsə də, özünün yazılı ərizəsi əsasında, məhz direktor kimi özünün tərtib etdiyi əmrlə özü özünü 20 fevral 2024-cü ildən işdən aza etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı X2 işdən azad edilmə barədə əmrinin bilavasitə özü tərəfindən tərtib edildiyini də təsdiq etmişdir. Bundan başqa, İddiaçı 2022-ci ildən 2024-cü ilin iyul ayınadək direktor işlədiyi müddətdə ona əmək haqqı kimi almalı olduğu məbləğin tutulması barədə iddia tələbi ilə müraciət etsə də, iddia tələbində məhz hansı müddətdə ödənilməli əmək haqqının ödənilməməsi ilə bağlı tələbini dəqiq göstərməmiş, eyni zamanda iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş bank hesabından çıxarışdan görünür ki, İddiaçı MMC-nin direktoru olduğu müddətdə mədaxil və məxaric olunan pul vəsaiti ilə bağlı sərəncam vermək səlahiyyətinə malik olan şəxs olduğundan, məhz özünə münasibətdə əmək haqqından tutulmalı olan dövlət sosial sığorta haqqlarını, gəlir vergisini və digər məcburi tutulmalı olan məbləğləri tam olaraq ödənildiyindən, əmək haqqı almadığı təqdirdə dövlət sosial sığorta ödənişlərinin və gəlir və digər vergiləri ödəməsi inandırıcı deyildir. İddiaçı mədaxil və məxaric olunan pul vəsaiti üzərində sərəncam vermək səlahiyyəti olan şəxs olduğundan, öz əmək haqqı kart hesabına əmək haqqını özü köçürməli olmuş, işlədiyi müddətdə 2021-ci ildən 2024-cü ilədək əmək haqqının ödənilməsi ilə bağlı hər hansı şəxsə, o cümlədən "xxxx" MMC-nə müraciət etməmiş, işdən azad olunma bərədə ərizəsində də 2021-ci ildən 2024-cü ilədək əmək haqqının ödənilməməsi ilə bağlı hər hansı qeyd göstərməmişdir. 2024-cü ilin fevral ayında işdən azad olunduqdan bir neçə ay sonra, xx.xx.2024-cü il tarixdə əmək haqqının ödənilməməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddiaçı əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, direktor işlədiyi 3 il müddətində əmək haqqının ödənilməməsi ilə bağlı iddia irəli sürməmişdir. İlk olaraq onu qeyd etməyi zəruri hesab edirəm ki, işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Lakin iddiaçın xx.xx.2021-ci il tarixdən 20 fevral 2024-cü il tarixinədək əmək haqqı almadığı halda, 3 ilə yaxın müddətdə "xxxx" MMC-də direktor işləməyə davam etməsi onun izahatlarının mötəbərliyini istisna edən hal sayıla bilər. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Hazırki halda, İddiaçı xx.xx.2021- ci il tarixdən xx.xx.2024-cü il tarixinədək "xxxx" MMC-nə əmək haqqının ödənilməsi ilə bağlı müraciət etməsi və 3 ilə yaxın müddətdə əmək haqqının ödənilməməsi ilə bağlı sübut etmə yükü iddiaçının üzərinə düşür. Lakin iş materiallarından da göründüyü kimi, iddiaçı bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Bundan başqa, iş üzrə Nəsimi rayon Məhkəməsinin 2(006)-281/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi qərara alınmış və ekspert qarşısında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı ödənilməli olan ödənclər, əmək haqqı kimi almalı olduğu məbləğlərin və son haqq-hesabın məbləği nə qədər təşkil etməsi ilə bağlə sual qoyulmuşdur. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekepsrtiza Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu ilə İddiaçı plastik kart məlumatlarına dair çıxarışla rəy vermək mümkün olmadığından, qərardad icra olunmadan məhkəməyə geri qaytarılmışdır. Buna baxmayaraq, İddiaçı öz təşəbbüsü ilə "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixli 08-63/25 saylı mütəxəssis rəyini məhkəməyə təqdim edərək, iddiaçının təqdim etdiyi məlumatlar əsasında işin faktiki hallarına uyğun olmayan rəy vermişdir. Belə ki, mütəxəssis hesablama apararkən yalnız İddiaçı məhkəməyə təqdim etdiyi plastik kartdakı məbləği nəzərə alaraq hesablama aparmış, lakin cavabdeh X4 tərəfindən İddiaçı digər plastik kartlarına göndərilmiş məbləğləri hesablamadan, yalnız iddiaçının iddia tələbində qeyd etdiyi məbləği təsdiq edən rəy vermişdir. Eyni zamanda, "xxxx" MMC-nin rəy verən mütəxəssisi Asim Pənahov adlı şəxsin mühasib ixtisasına malik olub-olmaması, məhkəmə-mühasibatlıq ekspertizasının predmetinə aid məsləyə dair rəy vermək hüququnun olub-olmaması da mübahisə doğurur. Hesab edir ki, "xxxx" MMC iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının predmetinə aid suallara cavab vermək səlahiyyəti olmadığından, mütəxəssis rəyi verərkən yalnız iddiaçının təqdim etdiyi plastik kart məlumatlarına əsaslandığından, verilmiş mütəxəssis rəyi mübahisə doğurduğundan, iş üzrə sübit qismində qəbul edilə bilməz. Hesab edirəm ki, İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, iddia tələbləri əsassız olduğundan və iddia məhkəməyə iddia müddəti ötürülməklə verildiyindən, hazırkı iddia tələbi üzrə iddia müddəti tətbiq edilməlidir. İddiaçı cavabdehin 3 ilə yaxın müddətdə, xx.xx.2021-ci ildən xx.xx.2024cü il tarixinədək cavabdehin müxtəlif bəhanələrlə imtina etməsini iddia etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, İddiaçı özünün şəxsən yazdığı ərizəsi ilə 22 yanvar 2024-cü il tarixdə işdən azad olunmaq barədə ərizə ilə "xxxx" MMC-nə müraciət etmiş, xx.xx.2024-cü il tarixli əmrlə özü özünü işdən azad etmiş, əmri şəxsən özü MMC-nin adından tərtib etmiş, işdən azad olunduqdan 3 ay sonra 10 may 2024-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak barədə təkliflə "xxxx" MMC-nə müraciət etmiş, xx.xx.2024-cü il tarixdə ilkin müdiasiya sessiyasında iştirak etməmə barədə arayışı aldıqdan sonra xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Deməli, İddiaçı öz hüquqlarının pozulduğunu bildiyi vaxtdan 1 ay müddət ötməmiş məhkəməyə müraciət imkanı olduğu halda bu barədə tədbir görməmişdir. Qeyd edilənləri nəzərə alaraq İddiaçı cavabdehlər "xxxx" MMC-nə, Cavabdeh2 qarşı "əmək haqqı" tələbinə dair iddia ərizəsi üzrə iddia müddətinin tətbiq edilməsi və iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə suallara cavab olaraq isə o artıq 5 ay keçdiyini və əmək haqqının ödənilmədiyini bildirdikdə ona 1 il digər əmək haqqını gözlədiyi kimi bunu da gözləməsi bildirildiyini, hətta bəzi danışıqların da mövcud olduğunu, onları da məhkəməyə təqdim edə biləcəyini, pulların həmin gün və ya növbəti gün görüşürdülərsə, nağd verildiyini, dəqiq miqdarını xatırlamadığını, hər bir ödənişin hara xərcləndiyini dəqiq deyə biləcəyini, çünki cavabdehin bunları özünün tələb etdiyini, asan imzanın özündə olduğunu, asan imzanın şirkətin adına olduğunu, ay sonunda vergilər ödəmək lazım olduqda və şirkətin hesabında pul olmadıqda bunun həmin ödənişlərlə həyata keçirildiyini, ona bundan əlavə nağd pul verilmədiyini, 2022-ci ildən əmək haqqının bir qismini tələb etdiyini, əmək haqqını kartla aldığını, dəqiq hansı aylar əmək haqqı aldığını bilmədiyini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti və Vergi orqanlarının əmək haqqı alsa da, almasa da sosial ödənişləri tələb etdiyini, 72.000 manat ödənişin ona həm nağd, həm də kart vasitəsilə gəldiyini, şirkət üçün hər bir ödənişin Excel-də yazıldığını və nə üçün və haraya xərcləndiyi qeyd edildiyini, 72000 manatın açıqlamasını Express banka sorğu verərək öyrənə bilinəcəyini qeyd etmişdir. 6.Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə suallara cavab olaraq isə müdafiə etdiyi tərəfin ümumiyyətlə iddiaçının kartına ödəniş etmədiyini, nağd şəkildə ödəniş etdiyini və iddiaçı şirkətin kart hesabından etdiyini, asan imzanın iddiaçının özündə olduğunu, əmək haqqı ilə bağlı sərəncam vermək hüququ olan şəxs iddiaçının özü olduğunu, qeyri-rəsmi olan ödənişlərlə bağlı sübutlarının olmadığını bildirmişdir. 7.Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 8.Belə ki, iş materiallarına əlavə olunmuş: -Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Spinkar” Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsinə işə götürülmüşdür. İşəgötürən işçiyə işlədiyi hər ay üçün 350 manat əmək haqqı ödəyəcək. Bu əmək müqaviləsi müddətsiz bağlanılmışdır. - İddiaçı tərəfindən Cavabdeh1 Məhdud Məsuliyyətinin təsisçisi Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2024-cü il tarixindən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. -Cavabdeh1 Məhdud Məsuliyyətinin xx.xx.2024-cü il tarixli əmri ilə "xxxx" MMC-nin direktor vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən öz xahişi ilə xx.xx.2024-ci il tarixindən xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq işçi ilə son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi, işçinin əmək kitabçasında lazımı qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. - X8 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 Məhdud Məsuliyyəti tərəfindən X8 Xidməti Bakı şəhər İdarəsinə müvafiq sənədlər təqdim ediləcəyi təqdirdə müraciətinə yenidən baxılaraq cavab veriləcəkdir. Müraciətində qeyd etdiyi məsələlərlə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. -"xxxx" ASC-nin İddiaçı məxsus hesab üzrə 10 may 2024-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək 2623 manat əmək haqqı ödənilmişdir. - Bakı şəhəri 06 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/6-00809 saylı, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə 16:00-da keçirilən mediasiya sessiyasında Cavabdeh1 Məhdud Məsuliyyətinin nümayəndəsi iştirak etməmişdir. İlkin mediasiya sessiyasının xərci olan 50 manat məbləğ iddiaçı tərəfindən dövlət büdcəsi hesabına ödənilmişdir. - "xxxx" MMC-nin xx-xx/2025 saylı, 19 mart 2025-ci il tarixli rəyindən görünür ki, “Spinkar" MMC terəfinden İddiaçı qeyd edilən iller üzre ümumilikde 12324,95 (on iki min uç yuz iyirmi dörd,95) AZN ödəniş edilməli olduğu halda cami 2623 (iki min altı yüz iyırmi üç) AZN ödeniş edilmişdir Hesablamalara əsasən "xxxx" MMC-nin İddiaçı Əlesger oğluna (12324,95 AZN - 2623 AZN = 9701,95 AZN) umumilikde 9701,95 (doqquz min yeddi yüz bir,95)AZN ödənilməyən əmək haqqı borcu qalmışdı. İddiaçı "xxxx" MMC-den xx.xx.2024 cü il tarixində işdən cıxmasını və mütəxəssis qarşısında qoyulmuş sualları nəzərə alaraq həmin tarixdən xx.xx.2025-ci il tarixine kimi 1 il 19 gün ( 384 gün ) keçdiyindən 384 gun x 2 faiz = 768 faiz, 9701,95 AZN (ödənilməmiş əmək haqqı) x 768 faiz = 74510,97 AZN, Toplam: 9701,95 AZN (əmək haqqı və məzuniyyət pulu) + 74510,97 AZN ( Faiz borcu = 84212,92 AZN). Lakin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci tələbinə əsasən isə: 384 gün x 1 faiz = 384 faiz 9701,95 AZN (ödənilməmiş əmək haqqı) x 384 faiz = 37255.48 AZN edir. Toplam: 9701,95 AZN (əmək haqqı və məzuniyyət pulu) + 37255.48 AZN ( Faiz borcu = 46957,43 AZN. -xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı "xxxx" MMC-nin xx-xx/2025 saylı, 19 mart 2025-ci il tarixli rəyinin hazırlanması üçün ümumilikdə 700 manat məbləğində pul ödəmişdir. Mülki iş materiallarına Cavabdeh1 Məhdud Məsuliyyətinə məxsus hesab üzrə xx.xx.2022ci il tarixindən xx.xx.2023-cü il tarixinədək aparılmış əməliyyatlar barədə "xxxx" ASC-nin çıxarış əlavə edilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 9.Məhkəmə İddiaçı iddia tələbinə münasibətdə ilk olaraq onu qeyd edir ki, iddiaçının tələbini yönəltdiyi Cavabdeh2 hazırki iddia tələbi üzrə subyektiv cavabdehlik daşıyan şəxs hesab olunmur. 10.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 11.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz». 12.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşdıqda aydın olur ki, hazırki iş üzrə cavabdeh iddiaçı X1 iddiasına cavab verməli olan şəxs olmamışdır. 13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. 14.Eyni Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. 15.Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 16.İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi, yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 17.Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Məhkəmə hesab edir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. 18.Hazırki iş üzrə məhkəmə qeyd edir ki, Cavabdeh2nən iddiaçı arasında hər hansı əmək və ya digər öhdəlik hüquq münasibətləri mövcud deyildir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən açıq şəkildə görünür ki, əmək müqaviləsi yalnız qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmış hüquqi şəxs — Cavabdeh1 ilə bağlanmışdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinin normalarına əsasən, hüquqi şəxs öz öhdəlikləri üzrə müstəqil şəkildə məsuliyyət daşıyır və onun təsisçiləri (iştirakçıları) yalnız qanunla və ya müqavilə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxsin öhdəlikləri üzrə məsuliyyət daşımırlar. Təsisçi əmək müqaviləsinin tərəfi deyildir və işçiyə əmək haqqının ödənilməsi üzrə hər hansı öhdəlik daşımır. 19.Məhkəmə həmçinin onu da qeyd edir ki, Cavabdeh2 tərəfindən hüquqi şəxsin qanunsuz məqsədlərlə istifadə edilməsi, onun cari fəaliyyətinə müdaxilə edilməsi və ya əmək haqqının ödənilməməsinə səbəb olan qərarların qəbul edilməsi halları üzrə hər hansı mötəbər sübut da iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bu baxımdan, təsisçinin cavabdeh qismində işə cəlb olunması əsassızdır və hüquqi şəxsin müstəqilliyi və məsuliyyətin bölüşdürülməsi prinsipləri daxil olmaqla, mülki qanunvericiliyin əsas prinsiplərinə ziddir. 20.Məhkəmə İddiaçı iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. 21.Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 4.1. Bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında “müəssisələr”), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Maddə 43, 2-ci hissə. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: ... e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri;... Maddə 57. 1-ci hissə. İşəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Maddə 131.1. İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Maddə 154. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 172.1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Maddə 172.4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Maddə 296.7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 22.“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. 23.Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər müddəalarına istinadən ilk növbədə qeyd edir ki, iddia müddətinin tətbiqi anlayışı mülki və əmək mübahisələrində fərqli formada tənzimlənir. Belə ki, mülki qanunvericiliyə əsasən iddia müddətinin tətbiqinin mümkünlüyü iddia əsaslı olduğu halda yaranır, iddia əsassız olduqda isə bu məsələyə hər hansı hüquqi zərurət qalmır. Əmək qanunvericiliyində isə bu proses fərqli qaydada tənzimlənir. Belə ki, əmək qanunvericiliyinə əsasən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildikdə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməli və yalnız iddia müddətinin ötürülməsi öz təsdiqini tapmadığı halda iddiaya mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində aydın formada təsbit edilmişdir. Həmin maddədə qeyd edilən “fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi iddia müddətinin ötürüldüyü və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyi halda mübahisəyə mahiyyəti üzrə baxılmasının qeyri-mümkün olduğunu özündə ehtiva edir. Hüquqi nəticə etibarı ilə iddia müddəti tətbiq edilməli olan mübahisəyə mahiyyəti üzrə baxılmalı deyil. 24.Bu baxımdan, məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə alaraq, qeyd edilən iddia tələblərinə ilk növbədə iddia müddətinin tətbiq edilməli olubolmaması aspektindən qiymət verilməsini zəruri hesab edir. 25.Bu konteksdə məhkəmə qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. 26.Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı). 27.Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərar). 28.Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün başlıca normanı Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsi təşkil edir. Həmin normaya əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur. 29.Əmək Məcəlləsinin yuxarıda istinad olunan müddəalarına əsasən şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq isə qanunverici şəxsə əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqq-hesab sənədlərinin verildiyi tarixi hesab edir. Əmək Məcəlləsinin həmin müddəası işçinin hüququnun pozulduğunu bildiyi tarixin müəyyən edilməsinin mümkün olmadığı hallara aiddir. Belə ki, məhkəmə hesab edir ki, əmək münasibətlərində işçi daha zəif tərəf olmaqla, məhkəmədə müdafiəsini təşkil etmək məqsədi ilə ona zəruri sənədlər təqdim olunmalıdır. Lakin, onun bu hüququndan sui-istifadəsinə də yol verilməməlidir. Əks halda, iddia müddəti institutunun mahiyyətinə və məqsədlərinə xələl gətirilmiş olardı. 30.Digər tərəfdən məhkəmə kollegiyası o halı da qeyd edir ki, Əmək Məcəlləsinin 296.3cü maddəsinin əmək mübahisələri üzrə bütün hallara şamil edildiyi düşünülsə belə, qanunverici şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq yuxarıda istinad edilən 3 sənədin verilməsinin əsas götürüldüyünü qeyd edərkən məsələyə hərfi mənada və zahiri konseptdən yanaşmamışdır. Başqa sözlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cü maddəsinin ağlabatan mühakiməsi ondan ibarətdir ki, şəxs bu 3 sənədin verilməsi ilə işdən azad edildiyindən azad edilmə səbəbi barədə məlumatlı olur. Bu sənədlərin fiziki olaraq işçidə olmaması onun işdən azad edilməsi əsası barədə məlumatsız olması mənasını daşıya bilməz. 31.Məhkəmə qeyd edir ki, iş üzrə təqdim edilmiş materiallardan göründüyü kimi, iddiaçı əmək münasibətlərinə 20 fevral 2024-cü il tarixində, öz təşəbbüsü ilə xitam vermişdir. O, 08 aprel 2024-cü il tarixində mediasiya orqanına müraciət etmiş və bu tarix iddia müddətinin axımını müvafiq olaraq dayandıran hüquqi nəticə doğurmuşdur. 32.Beləliklə məhkəmə hesab edir ki, iddia müddətinin hesablanması mediasiyaya müraciət tarixindən — xx.xx.2024-cü ildən — geriyə doğru bir il götürülməklə aparılmalıdır. Bu baxımdan iddiaçının tələbləri yalnız xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək (işdən azad olunma tarixi) olan dövrü əhatə edə bilər. xx.xx.2023-cü ildən əvvəlki dövrə dair irəli sürülən tələblər isə bir illik iddia müddətinin keçməsi səbəbilə məhkəmə tərəfindən araşdırıla bilməz. Bu yanaşma tərəflərin maraqları arasında balansı təmin edir: işçiyə pozulmuş hüququnun müdafiəsi üçün qanunla müəyyən edilmiş səmərəli müddətdə məhkəməyə müraciət imkanı tanınır, eyni zamanda işəgötürən uzun illər öncə yaranmış, lakin irəli sürülməmiş tələblərə görə qeyri-müəyyən məsuliyyət daşımaqdan azad edilir. 33.Nəticə etibarilə, cavabdehin iddiaçının iddia müddətini tam şəkildə keçdiyinə dair irəli sürdüyü etirazlar tam əsaslı hesab oluna bilməz, lakin bu etiraz idddiaçının xx.xx.2023-cü ildən əvvəlki dövrə dair tələblərinə münasibətdə əsaslıdır. Beləliklə məhkəmə yalnız xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək olan dövr üzrə irəli sürülmüş tələblərin araşdırılmasına və hüquqi qiymət verilməsinə yol verə bilər. 34.Məhkəmə iddia tələbinin “əmək haqqı kimi almalı olduğu məbləğlərin, son haqqhesab pulunun, məzuniyyət pulunun ona ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı Cavabdeh1nə işə daxil olduğu tarixdən əmək haqqının, həmçinin istifadə edilməmiş məzuniyyətə görə vəsaitin ödənilməməsi işin mübahisəsiz halıdır. Lakin yuxarıda qeyd edildiyi kimi, iddiaçı tərəfindən həmin vəsaitlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti qismən ötürüldüyündən, əmək haqqı və məzuniyyət pulu yalnız xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək olan dövr üzrə hesablanmalıdır. 35.Məhkəmə ona da vurğulamağı zəruri hesab edir ki, məhkəmə hazırki mülki iş üzrə bir neçə dəfə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı qərardad qəbul etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən ekspertizanın aparılmasından imtina olunmuş, eyni zamanda Cavabdeh1 tərəfindən "xxxx" MMC-nin xx-xx/2025 saylı, 19 mart 2025-ci il tarixli rəydə əksini tapan halları təkzib edən və ya onlara zidd sübutlar təqdim edilməmişdir. Bu halda məhkəmə iddianın pul məbləği ilə bağlı araşdırmanı iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx-xx/2025 saylı, 19 mart 2025-ci il tarixli rəyində göstərilmiş cədvəllərə əsasən aparmağı məqsədəuyğun hesab edir. 36.Məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin təqdim etdiyi rəydə göstərilən cədvələ əsasən, İddiaçı xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək olan dövr üzrə əmək haqqı ümumilikdə 3923,6 manat təşkil etmişdir. Belə ki, may 2023 – yanvar 2024 ayları bütöv iş ayı kimi götürülməklə 9 ay üzrə hər ay üçün 345 manat məbləğində (ümumilikdə 3105 manat), aprel ayı üzrə 23 iş günü üçün 264,5 manat və fevral ayı üzrə 20 iş günü üçün 237,9 manat hesablanmışdır ki, bu da cəmi 3923,6 manat təşkil edir. 37.Məhkəmə xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək olan dövr üzrə iddiaçının istifadə edilməmiş məzuniyyətə görə kompensasiya tələbi ilə bağlı qeyd edir ki, əmək məcəlləsinin tələblərinə əsasən, əmək haqqı ilə yanaşı, işçinin işlədiyi dövrə uyğun olaraq illik məzuniyyətə çıxmaq hüququ yaranır və bu hüquqdan istifadə edilmədiyi hallarda müvafiq kompensasiya ödənilməlidir. İddiaçı yuxarıda qeyd olunan dövr ərzində hər ay üzrə 15 gündən artıq işlədiyindən, qanunvericiliyin tələblərinə uyğun olaraq həmin aylar tam iş ayı hesab edilməli və nəticə etibarilə onun məzuniyyət pulu tam şəkildə 11 ay üçün hesablanmalıdır. "xxxx" MMC-nin təqdim etdiyi rəydə göstərilən cədvələ əsasən, hər bir ay üzrə məzuniyyət kompensasiyası 28,75 manat təşkil edir və bu məbləğ 11 ay üzrə hesablandıqda ümumilikdə 316,25 manat edir. Məhkəmə hesab edir ki, bu yanaşma həm işçinin əmək hüquqlarının qorunmasına, həm də məzuniyyət hüququnun düzgün müəyyən edilməsinə xidmət edir. 38.Məhkəmə iddia tələbinin “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində pulun ödənilməsi” hissəsi ilə bağlı qeyd edir, hazırki mülki iş üzrə tərəflər arasında bağlanmış əmək müqaviləsində əməkhaqqının hansı tarixdə və ya hansı müddət ərzində ödənilməli olduğu açıq şəkildə göstərilməmiş, həmçinin, nə iddiaçı, nə də cavabdeh əməkhaqqının ödənilməsi üçün konkret bir tarix və ya dövr müəyyən edən hər hansı yazılı razılaşma və ya onu təsdiq edən sübutları təqdim etməmişdir. 39.Bu halda məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi qiymətləndirməsi əmək münasibətlərində vicdanlılıq prinsipi, tərəflərin bərabərliyi və ümumi əmək hüququ normaları əsasında aparılmalıdır. Belə şərtlərdə əməkhaqqının ödənilməsi üçün hesabat ayının sonuna qədər olan müddətin əsas götürülməsi məqsədəuyğun hesab edilməlidir. 40.Məhkəmə hesab edir ki, belə hesablanma üsulu həm hüquqi baxımdan əsaslı, həm də ədalətlidir. O, tərəflərin mənafeləri arasında tarazlığı təmin edir, vicdanlı davranış prinsiplərinə cavab verir və əmək öhdəliklərinin yerinə yetirilməsində hüquqi müəyyənlik yaradır. 41.Beləliklə məhkəmə qeyd edir ki, yuxarıda göstərilən müddət, yəni hesabat ayının sonuncu tarixi bitdikdən sonra əmək haqqı ödənilmədikdə, gecikmə faktı yaranır və bu zaman işçinin hər gecikdirilmiş təqvim günü üçün əmək haqqının azı 1 faizi miqdarında pul vəsaiti tələb etmək hüququ meydana çıxır. Bu tələbin tətbiqi əmək hüquqlarının müdafiəsi məqsədi daşıyır və işəgötürənin əmək münasibətlərində pozuntulara yol verdiyi təqdirdə məsuliyyət daşımasını təmin edir. 42.Məhkəmə hər gecikdirilmiş gün üçün əmək haqqının 1%-i məbləğində ödəncin hesablanmasına dair hesablama aparmazdan əvvəl, ilkin olaraq hesablamalarda hansı tarixə qədər olan dövrün nəzərə alınmalı olduğunu müəyyən etməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı ilkin olaraq məhkəməyə xx.xx.2024-cü il tarixində müraciət etsədə, daha sonra — məhkəmə icraatı çərçivəsində — xx.xx.2025-ci il tarixində iddiaçı öz tələblərini dəqiqləşdirərək, əmək haqqının gecikdirilməsinə görə 79361.95 manat məbləğində ödənc tələbini irəli sürmüşdür. 43.Beləliklə məhkəmə hesab edir ki, sözügedən tələb tam şəkildə yalnız xx.xx.2025-ci il tarixində irəli sürüldüyündən və həmin tarixədək olan dövrü əhatə etdiyindən, məhkəmə bu tarixi gecikməyə görə ödəncin hesablanmasında son tarix kimi qəbul etməlidir. Əks təqdirdə məhkəmə tərəfindən veriləcək qərar iddiaçının hüquqlarının tam təmin olunmaması ilə nəticələnə bilər. 44.Yuxarıda göstərilənləri nəzərə almaqla, məhkəmə gecikməyə görə hesablamanı hər ay üzrə ayrıca aparmaqla, əmək haqqının gecikmə müddətini müvafiq ayın başa çatmasından sonra növbəti ayın 1-ci günündən hesablamış və bu müddətdən etibarən iddiaçının cərimə tələbinin əsaslı olduğunu müəyyən etmişdir. Məsələn, 2023-cü ilin aprel ayı üzrə hesablamalar bu qaydada aparılmalıdır: iddiaçının əmək haqqı aprel ayı üzrə (xx.xx.2023-cü il tarixindən hesablanmaqla) 264.50 manat təşkil etmiş, bu məbləğ ən gec xx.xx.2023-cü il tarixədək ödənilməli olsa da, faktiki ödənilmədiyindən gecikmə müddəti xx.xx.2023-cü il tarixindən başlamış və xx.xx.2025-ci il tarixədək – yəni ümumilikdə 697 təqvim günü davam etmişdir. Həmin müddət ərzində hər gün üçün əmək haqqının 1 faizi məbləğində cərimə faizi tətbiq edilməklə, iddiaçının aprel ayı üzrə tələbi 264.50 × 1% × 702 gün = 1 856.79 manat məbləğində müəyyən edilmişdir. Bu hesablamada tətbiq olunan faiz sabit məbləğdə gündəlik tətbiq edilmiş və yalnız hər ayın müvafiq gecikmə günlərinin sayına görə dəyişmişdir. 45.Məhkəmə eyni prinsiplərlə növbəti aylar üzrə əmək haqqı gecikmələrini, həmçinin istifadə edilməmiş məzuniyyət məzuniyyət pulunun gecikməsini ayrıca müəyyən etmiş, və aşağıda təqdim edilən cədvəl əsasında hər ay üçün 1 (bir) faizi məbləğində ödəncin hesablanmasını əsaslı hesab etmişdir. ƏMƏK ƏMƏK GECİKMƏNİN SON TARİX GECİKDİRİLMİŞ 1% HAQQİ HAQQİ BAŞLADİĞİ (DƏQİQLƏŞMƏ GÜNLƏRİN GÜN ƏRİZэSİNDƏN) SAYİ Aprel 2023 264.5 xx.xx.2023 xx.xx.2025 702 1 856.79 May 2023 345 xx.xx.2023 xx.xx.2025 671 2314.95 İyun 2023 345 xx.xx.2023 xx.xx.2025 641 2211.45 İyul 2023 345 xx.xx.2023 xx.xx.2025 610 2104.5 Avqust 2023 345 xx.xx.2023 xx.xx.2025 579 1997.55 Sentyabr 345 xx.xx.2023 xx.xx.2025 549 1894.05 2023 Oktyabr 345 xx.xx.2023 xx.xx.2025 518 1787.1 2023 Noyabr 345 xx.xx.2023 xx.xx.2025 488 1683.6 2023 Dekabr 345 xx.xx.2024 xx.xx.2025 457 1576.65 2023 Yanvar 2024 345 xx.xx.2024 xx.xx.2025 426 1469.7 Fevral 2024 237.9 xx.xx.2024 xx.xx.2025 406 965.9 Cəmi: 19.862,24 Məzuniyyət 316,25 xx.xx.2024 xx.xx.2025 406 1283.97 pulu 46.Beləliklə, xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək olan dövr üzrə nəzərdə tutulan əmək haqqının ödənilməsi gecikdirildiyindən 19.862,24 manat, məzuniyyət pulunun ödənilməsinin gecikdirildiyindən isə 1283.97 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 47.Məhkəmə son olaraq iddia tələbinin “əmək kitabçasının verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı əmək kitabçası Cavabdehlər Cavabdeh1ndən iddiaçıya təqdim edilməlidir. 48.Lakin əmək kitabçasında qeydlər aparılmaqla kitabçanın verilməsi hissəsi əsassız hesab edilməli və rədd edilməlidir. Belə ki, əmək kitabçası verilərkən müvafiq əmrlərin qeyd edilməsi işə götürənin vəzifəsi olduğundan , həmçinin əmək kitabçası verilərkən onda qeydlərin olmaması gələcəklə bağlı tələb olduğundan da təmin edilə bilməz. Yəni işçi əmək kitabçasını alarkən onda müvafiq qeydlərin olmadığını müəyyən etdikdən sonra bu tələblə məhkəməyə müraciət etmək hüququ mövcud olacaqdır. 49.Belə ki, Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 50.Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 51.Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 52.Məhkəmə qeyd edir ki, iddiaçı hüquqi yardım üçün ödədiyini pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, iddia bu hissədə rədd edilməlidir. 53.Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, mütəxəssis rəyi üçün ödənilmiş 700 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 55.Həmçinin, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 56.Hazırki iş üzrə iş materiallarından göründüyü kimi hazırki iddianın qaldırılması üçün iddiaçı mediasiyaya müraciət etmiş və 50 manat məbləğində rüsum ödənilmişdir. Odur ki, 50 manat məbləğində mediasiya xərcinin 15 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır (mütənasiblik nəzərə alınmaqla) . 57.Beləliklə, məhkəmə göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı əmək kitabçası Cavabdeh1 tərəfindən iddiaçıya təqdim edilməli, Cavabdeh1ndən 3923.65 manat ödənilməyən əmək haqqı, 316.25 manat ödənilməyən məzuniyyət pulu, əmək haqqının ödənilməsi gecikdirildiyindən 19.862,24 manat, məzuniyyət pulunun ödənilməsinin gecikdirildiyindən isə 1283.97 manat, cəmi 25.386,11 manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə və Cavabdeh2 münasibətdə rədd edilməlidir. 58.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 59.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 60.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 61.Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 62.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 63.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 64.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı "əmək haqqı və sair" tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı əmək kitabçası Cavabdeh1 tərəfindən iddiaçıya təqdim edilsin. Cavabdeh1ndən 3923.65 manat ödənilməyən əmək haqqı, 316.25 manat ödənilməyən məzuniyyət pulu, əmək haqqının ödənilməsi gecikdirildiyindən 19.862,24 manat, məzuniyyət pulunun ödənilməsinin gecikdirildiyindən isə 1283.97 manat, cəmi 25.386,11 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş mediasiya xərcinin 15 (on beş) manat hissəsi Cavabdeh1ndən alınaraq İddiaçı verilsin, mediasiya xərcinin qalan hissəsi iddiaçıya aid edilsin. Cavabdeh1ndən mütəxəssis rəyi üçün ödənilmiş 700 (yeddi yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə və Cavabdeh2 münasibətdə rədd edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-281/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-281/2025
16.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver