Məhkəmə qərarları › İş №e-2(006)-2813/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2813/2024

26.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2813/2024 26.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı öhdəliyin icrası tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmannətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 4 aprel 2020-ci ildə borcun hissə-hissə ödənilməsi barədə razılaşmanın 1.1.1-ci 4-cü bəndləri (tələb olunan 749.235,75 manat pul məbləğində kredit borcu üzrə ödənişin 1 ABŞ dolları = 1.05 manat məzənnəsi üzrə hesablanması, eyni zamanda Bank mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, bina 21, mənzil 215-in geri qaytarılması) icra olunan öhdəliyinin cavabdeh Əmanətlərin Sığortalanması Fondu üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Səhmdarlarının növbədənkənar ümumi yığıncağının 10 №-li protokolu əsasında birinci tərəf "xxxx" ASC ilə ikinci tərəf İddiaçı arasında 14 aprel 2020-ci ildə borcun hissə-hissə ödənilməsi barədə razılaşma bağlanmışdır. Razılaşmanın bəndlərinə əsasən, 1. 1. 1. Bank Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-2803/2016 nömrəli qətnaməsinə əsasən borcludan tələb olunan 713.555 ABŞ dolları məbləğində kredit borcu üzrə ödənişin 1 ABŞ dolları = 1.05 manat məzənnəsi üzrə hesablanaraq, ümumilikdə 749.235,75 manat təşkil etdiyinə etiraz etmir. Borclu Bankla bağlanmış xx.xx.2017-ci il tarixli "İcarə müqaviləsi"nə əsasən hər ay ona ödəniləri aylıq icarə haqqının Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-2803/2016 nömrəli qətnaməsinə əsasən banka olan kredit borcuna ödənilməsinə etiraz etmir. Borclu tərəfindən bu razılaşmanın 1-ci bəndində nəzərdə tutulmuş məbləğin 138.333 manatı ödənilmiş, qalan 610.902,75 manatın isə gələcəkdə ödənilməsi təmin olunacaqdır. Borclu tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-2803/2016 nömrəli qətnaməsinə əsasən tələb olunan və bu razılaşmanın 1-ci bəndinə əsasən 1 ABŞ dolları 1.05 manat məzənnəsi üzrə hesablanmış 749.235,75 manat məbləğində kredit borcu ödənildikdən sonra Bank mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, bina 21, mənzil 215-nin borcluya qanunvericilikdə nəzərdə tutulmuş qaydada geri qaytarılması barədə öhdəlik götürur. Eyni zamanda, “Elektron notariat“ X1 çıxarışdan aydın olunmuşdur ki, razılaşmanın notarial qaydada öz təsdiqini tapmışdır. Lakin, hal-hazırda tələb olunan 749.235,75 manat pul məbləğində kredit borcu üzrə ödənişin 1 ABŞ dolları=1.05 manat məzənnəsi üzrə hesablanmamış, eyni zamanda Bank mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, bina 21, mənzil 215-in geri qaytarılması öhdəliyi yaranmışdır. Əmanətlərin Sığortalanması Fondu "xxxx"ASC fəaliyyətini dayandırmamışdan qabaq məhkəmə qərarından sonra aralarında 14 aprel 2020-ci ildə borcun hissə-hissə ödənilməsi barədə razılaşmanın bəndlərini tanımadığını bildirmişdir. Hesab etmişdir ki, bağlanan razılaşma tərəflərin iradə ifadəsini bildirmişdir. Hazırda müqavilə öhdəlikləri yerinə yetirilmir, bu da qanunvericiliyin tələblərinin pozulmasıdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə mülki işə mahiyyəti üzrə baxılmasını tələb edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan borcun hissə-hissə ödənilməsi barədə 14 aprel 2020-ci il tarixli razılaşmadan görünür ki, Bank, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-2803/2016 nömrəli qətnaməsinə əsasən borcludan tələb olunan 713.555 ABŞ dolları məbləğində kredit borcu üzrə ödənişin 1 ABŞ dolları=1.05 manat məzənnəsi üzrə hesablanaraq ümumilikdə 749235.75 manat təşkil etdiyinə etiraz etmir. Borclu bankla bağlanmış xx.xx.2017-ci il tarixli “icarə müqaviləsi”nə əsasən hər ay ona ödənilən aylıq icarə haqqının Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-2803/2016 nömrəli qətnaməsinə əsasən banka olan kredit borcuna ödənilməsinə etiraz etmir. Borclu tərəfindən bu razılaşmanın 1-ci bəndində nəzərdə tutulmuş məbləğin 138.333 manatı ödənilmiş, qalan 610902.75 manatın isə gələcəkdə ödənilməsi təmin olunacaqdır. Borclu tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-2803/2016 nömrəli qətnaməsinə əsasən tələb olunan və bu razılaşmanın 1-ci bəndinə əsasən 1 ABŞ dollar=1.05 manat məzənnəsi üzrə hesablanmış 749235.75 manat məbləğində kredit borcu ödənildikdən sonra bank mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, bina 21, mənzil 215-in borcluya qanunvericilikdə nəzərdə tutulmuş qaydada geri qaytarılması barədə öhdəlik götürmüşdür. Razılaşmanın 5-ci bəndinə əsasən əgər tərəflərdən hər hansı biri bu razılaşmanın bəndlərindən birini pozarsa digər tərəf birtərəfli qaydada bu razılaşmaya xitam verə bilər. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-2803/2016 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilərək kredit borcunun hissə-hissə ödənilməsinə dair İddiaçı ərizəsi təmin edilməmişdir. Həmin Qərardadda həmçinin göstərilmişdir ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış 31 may 2020-ci il tarixli məktuba əsasən "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmiş, Bank ilə onun arasında bağlanan xx.xx.2017-ci il tarixli icarə müqaviləsi və həmin müqaviləyə dəyişiklik edilməsi haqqında xx.xx.2020-ci il tarixli razılaşmaya 01 iyun 2020-ci il tarixindən etibarən xitam veriləcəyi barədə İddiaçı qabaqcadan xəbərdar edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2017-ci il tarixli “İcarə müqaviləsi”nə dəyişiklik edilməsi haqqında 14 aprel 2020-ci il tarixli Razılaşmaya əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə N.Vəzirov küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsini və həmin qeyri-yaşayış sahəsinin zirzəmisində yerləşən sahəni Banka icarəyə verməyə, Bank isə hər ay 8.280 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüş, ödəniləcək aylıq icarə haqqı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-2803/2016 nömrəli qətnaməsinin icrası üçün tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli razılaşmaya əsasən Banka ödənilməsinə yönəldilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(103)- 215/2023 saylı qərardadının surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, "xxxx" ASC müflis elan edildiyindən icarəçi "xxxx" ASC ilə icarəyə verən İddiaçı arasında bağlanan 14 aprel 2020-ci il tarixli razılaşma müqavilənin 5-ci bəndinin tələbinə əsasən birtərəfli qaydada xitam verilmiş, bununla əlaqədar icarəyə verən, yəni İddiaçı qabaqcadan xəbərdar edilmişdir. Hazırda iddiaçı cavabdehdən həmin razılaşmanın şərtlərinə əməl olunmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447-ci maddəsinə əsasən 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Göründüyü kimi, hazırda iddiaçı xitam verilmiş razılaşma üzrə öhdəliyin icrasını qarşı tərəfdən tələb edir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı öhdəliyin icrası ələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar