Məhkəmə qərarları › İş №e-2(006)-2829/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2829/2023

18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2829/2023 18.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2700 manat miqadarında pul vəsaitinin, 1500 manat mənəvi ziyanın, cəmi 4200 manatın və ödənilmiş 62 manat dövlət rüsumunun alınaraq İddiaçı1 ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla özünü avtomobil satıcısı kimi təqdim edən Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə şifahi şəkildə bağlanmış tapşırıq müqaviləsinə əsasən, Cavabdeh 1 həftə müddətində onun istifadəsində olan "KİA OPTİMA" markalı, ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobili 17000 manata satmağı və satışdan əldə olunan həmin vəsaitin alqı-satqıdan dərhal sonra ona verməyi öz öhdəsinə götürmüşdür. X3 məlumatına əsasən həmin avtomobil xx.xx.2022-ci il tarixdə "xxxx" MMCnin adına özgəninkiləşdirilmişdir. Bundan sonra Cavabdeh aralarında razılaşdırılmış 17000 manat vəsaitdən ilk olaraq 2022-ci il mart ayında 10000 manat, xeyli xahiş və danışıqlardan sonra avqust ayında 3000 manat, 2023-cü ilin yanvar ayında 500 manat, barəsində polisə şikyət etdikdən sonra bu yaxınlarda yəni xx.xx.2023-cü il tarixdə isə 800 manat ödəniş etmişdir. Beləliklə Cavabdeh tərəfindən ona cəmi olaraq vəd edilmiş 17000 manat məbləğdən 14300 manat ödəniş edilmişdir. Bu ödənişlərdən sonra Cavabdeh ona 2700 manat ödənilməmiş vəsaiti qalmışdır. Həmin vəsaitin ödənilməsi ilə bağlı həm onun tərəfindən, həm də qardaşı İddiaçı2 tərəfindən bir çox xəbərdarlıqların edilməsinə baxmayaraq Cavabdeh müxtəlif bəhanələrlə həmin vəsaiti ödəməkdən yayınmışdır. Baxmayaraq ki, X3 məlumatlarına əsasən həmin nəqliyyat vasitəsi 22000 manata alqısatqı müqaviləsinə əsasən "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir. Eyni zamanda, ona ödənilməli olan vəsaitin alınması ilə bağlı Cavabdeh ilə aylarla davam edən danışıqlarda xeyli mənəvi iztirablar çəkmişdir. Haqqı olan pulun alınması üçün dəfələrlə sonuncuya zənglər və xahişlər edilmişdir. Cavabdeh isə nəqliyyat vasitəsinin alqı-satqısından pulun əldə olunmasına baxmayaraq müxtəlif bəhanələrlə həmin vəsaiti tam olaraq ödəməmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2700 manat miqadarında pul vəsaitinin, 1500 manat mənəvi ziyanın cəmi 4200 manatın və ödənilmiş 62 manat dövlət rüsumunun alınaraq İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Ərizə onunla əsaslandırılmışdır ki, "KİA OPTİMA" markalı, ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobil baş etibarnamə əsasında İddiaçı2 məxsus olmuşdur. Bu səbəbdən iddia tələbinin dəyişdirilməsi zərurəti yaranmışdır. Daha sonra İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2700 manat miqadarında pul vəsaitinin, 1500 manat mənəvi ziyanın, 500 manat hüquqi xidmətə görə xərcin və ödənilmiş 62 manat dövlət rüsumunun alınaraq İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin izahatında qeyd etdi ki, cavabdehin mübahisələndirdiyi 500 manat tərəflər arasında olan ilkin razılıqdan irəli gəlir. Belə ki, avtomobilin pulunu tez ödədiyi təqdirdə 16500 manat, gec qaytardığı təqdirdə isə 17000 manata satılmasına dair şifahi razılıq əldə etmişlər. İddiaçı2 məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən etiraf edərək, izahatında bildirmişdir ki, İddiaçı1 "KİA OPTİMA" markalı, ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobili satmaq üçün almışdır. Həmin avtomobilin təmirinə 1500 manar sərf etməklə satmışdır. Müəyyən vaxtlarda ödənişlər etdikdən sonra 3000 manat borcu qalmışdır ki, bir neçə ay öncə 800 manat ödəmiş hazırda cəmi 2200 manat borcu mövcuddur. Qalan 500 manatın mövcudluğunun hardan qaynaqlandığından məlumatı yoxdur. Sonda isə 2700 manat ondan tutulmasına etiraz etməmişdir. Məhkəmə işdə iştirak edən şəxsn izahatını və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən xx.xx.2023cü il tarixdə verilmiş “KİA Optima” markalı ** TZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərindən görünür ki, həmin avtomobilin sahibi X1 tərəfindən İddiaçı1 xx.xx.2020-xx.xx.2021 illərdə nəqliyyat vasitəsindən istifadə hüququna dair etibarnamə, İddiaçı2 xx.xx.2021-xx.xx.2022 illərdə nəqliyyat vasitəsinə sərəncam hüququna dair etibarnamə,xx.xx.2022-xx.xx.2022 illərdə Cavabdeh nəliyyat vasitəsinə sərəncam vermək hüququna dair etibarnamə verilmiş, xx.xx.2022-ci il tarixdə adına qeydiyyatdan çıxmaqla həmin tarixdə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan X1 (etibarnamə ilə Cavabdeh) ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə “KİA Optima” markalı ** TZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sonuncuya 22500 manata satılması haqqında bağlanmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı2 tərəfindən Cavabdeh nəqliyyat vasitəsinə sərəncam hüququna dair etibarnamə verilmişdir sonradan həmin avtomobil Cavabdeh tərəfindən satılsa da, avtomobilin dəyəri iddiaçılara tam olaraq ödənilməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında cavabdeh iddia tələbinin 2700 manatın ödənilməsi hissəsində etiraf etməklə, iddiaçıları həmin hissədə sübutetmə yükündən azad etmişdir. Odur ki, qeyd olunan hissədə iddia təmin edilməlidir. Məhkəmə iddia tələbinin “1500 manat mənəvi ziyanın ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.” Məhkəmə hesab edir ki, iddiaçılar mənəvi zərərin vurulmasına dair yetərli sübutlarını məhkəməyə təqdim etmədiklərindən həmin hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin “hüquqi xidmət göstərilməsi üçün ümumilikdə ödənilmiş 500 manat, dövlət rüsumuna görə 62 manat”ın tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia təmin edilməlidir. İş materiallarında olan “Femida” vəkil bürosu tərəfindən təqdim edilmiş qaimədə hüquqi yardımla bağlı İddiaçı1 tərəfindən 500 manatın ödənilməli olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunsa da, İddiaçı1 hüquqi yardımla bağlı vəkilə ödənilən pula görə onun xeyrinə cavabdehdən 500 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı1 borcun alınması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmaqla iddianın verilməsi üçün 62 manat məbləğində dövlət rüsumu ödəməli olmuşdur, odur ki, ödənilmiş dövlət rüsumu da cavabdehdən alınaraq İddiaçı1 ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2700 manat pul vəsaiti alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Cavabdeh hüquqi yardıma görə 500 manat və ödənilmiş dövlət rüsumuna görə 62 manat alınaraq İddiaçı1 ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2700 manat pul vəsaiti alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Cavabdeh hüquqi yardıma görə 500 manat və ödənilmiş dövlət rüsumuna görə 62 manat alınaraq İddiaçı1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar