Məhkəmə qərarları › İş №e-2(006)-2848/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2848/2025

16.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2848/2025 16.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Dövlət Sosial Müdafiə Fondu” PHŞ-nin nümayəndəsi X1, Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakları ilə İddiaçı “Dövlət Sosial Müdafiə Fondu” PHŞ və “Dövlət Sosial Müdafiə Fondu” PHŞ-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh "xxxx" QSC-yə qarşı «öhdəliyin həvalə edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «öhdəliyin həvalə edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun "xxxx" QSC-nin Sərnişin Daşıma X3 təsərrüfatında qatara yük və baqaj qəbul edən vəzifəsində işlədiyi 2006-xx.xx.2008-ci il tarixədək dövr üçün əmək haqqısına müvafiq olaraq məcburi dövlət sosial sığorta haqları hesablanaraq fərdi şəxsi sığorta hesabına köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsinə texniki düzəliş edilmişdir).

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1959-cu il təvəllüdlüdür. «Azərbaycan Dövlət Dəmir Yolları» müəssisəsində (sonradan "xxxx" QSC-yə çevrilmişdir) müxtəlif vəzifələrdə işləməklə xx.xx.2024-cü il tarixdə 65 yaşı tamam olanda axrıncı iş yerindən onun şəxsi sığorta hesabına vəsait keçirilmədiyi üçün əmək pensiyası təyin edilməmiş, sosial müavinət verilmişdir. DOST xidmətindən iddiaçıya bildirilmişdir ki, axrıncı iş yerindən onun şəxsi sığorta hesabına 2006- 2008-ci illər üçün köçürülməmiş məbləğ köçürüləndən sonra ona əmək pensiyası təyin ediləcəkdir. İddiaçı şəxsi sığorta hesabına pulun keçirilməsi məsələsi ilə bağlı cavabdehə xx.xx.2024-cü il tarixdə müraciət etdikdən sonra, cavabdeh tərəfindən ona cavab məktubu ilə bildirilmişdir ki, müraciətdə qeyd olunan məsələ ilə bağlı arxiv sorğusu göndərilmiş və müvafiq dövr üçün sənədlər aşkar edildiyi təqdirdə iddiaçıya məlumat veriləcəkdir. Bundan sonra müraciətlə bağlı cavabdeh qurum tərəfindən heç bir iş görülməmişdir. Əmək kitabçasından məlum olur ki, xx.xx.2000-ci il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" QSC-nin Sərnişin Daşıma X3 təsərrüfatında qatara yük və baqaj qəbul edən vəzifəsində işləmişdir. İddiaçıya verilmiş **********592 sosial sığorta nömrəli Dövlət Sosial Sığorta Şəhadətnaməsindən məlum olur ki, ona iddiaçı üçün fərdi şəxsi sığorta hesabı açılmışdır. Qeyd olunanlardan müəyyən edilir ki, cavabdeh qurum 2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək iddiaçının fərdi şəxsi sığorta hesabına vəsaitin köçürülməməsi səbəbindən onun əmək pensiyasını almaq hüququnu pozmuşdur. Mübahisənin həlli ilə bağlı mediasiya təyin olunmuş, lakin qarşı tərəf mediasiya sessiyasında iştirakdan imtina etmişdir.

3. Cavabdeh "xxxx" QSC etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində 2006-cı ildən xx.xx.2008-ci il tarixədək "xxxx" QSC-də müvafiq vəzifədə işlədiyi qeyd etmiş, lakin buna dair məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyini vurğulamışdır. əmək haqqından tutulmanın aparılması qaydası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsi ilə tənzimlənir. Qanunvericiliklə müəyyən edilən hallar istisna olmaqla, işçinin məcburi dövlət sosial sığortasının həyata keçirilməsi onun əmək haqqından tutulmalar hesabına aparılır. Hazırkı fərdi əmək mübahisəsi zəmnində iddiaçı əmək haqqına müvafiq olaraq məcburi dövlət sosial sığort vəsaitinin onun hesabına köçürülmədiyini və nəticədə onun əmək pensiyasını almaq hüququnun pozulduğunu bildirmiş, lakin bunu əsaslandırmamış, əsaslandığı fakt və halları iddia ərizəsində göstərməmiş, bunu təsdiq edən sübutları əlavə etməmiş, formal xarakterli ifadələr qeyd etməklə kifayətlənmişdir. Əsaslı şübhələr və ehtimallar olduğu halda belə sözügedən sübutlar təqdim edilmədiyindən və şübhələrin iddia üzrə müdafiə olunan tərəf – cavabdeh tərəfindən iddianın predmeti üzrə əks arqumentlərin və sübut əhəmiyyətli faktların təqdim edilməsi zərurətini də aradan qaldırır. Dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmanın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olduğu, cavabdehin həmin məsələlərlə bağlı, o cümlədən iddiaçıya münsibətdə inzibati məsuliyyətə cəlb edilmədiyi, dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən Dövlət Sosial Müdafiə Fondu tərəfindən buna dair cavabdehə bildiriş və icrası məcburi olan göstərişin daxil olmadığı və mübahisənin yaranmadığı, cavabdehin sözügedən ödənişlərdən yayınmadığını, “kölgə iqtisadiyyatı”nın tərəfi olmadığını və ödənişləri vaxtında və dürüst şəkildə apardığını ehtiva edir. Dövlət sosial sığorta üzrə fərdi uçotun həyata keçirilməsi qaydası “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsi ilə tənzimlənir. Həmin qanunun mübahisənin olduğu dövrdə qüvvədə olan mətninə əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu) aparır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən cavabdehə xəbərdarlıq edilməmiş, həmçinin cavabdehə qarşı bundan irəli digər tədbirlər görülməmişdir.

5. Sonradan “Dövlət Sosial Müdafiə Fondu” PHŞ və “Dövlət Sosial Müdafiə Fondu” PHŞ-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişdir.

a) Məhkəmə prosesi:

6. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirib, təmin edilməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil cavabdeh tərəfindən iddiaçının hesabına müvafiq sosial sığorta haqlarının ödənilməsini təsdiq edən sənəd təqdim edilmədiyini və üçüncü şəxslərin də bunu təsdiq etdiyini nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

8. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Dövlət Sosial Müdafiə Fondu” PHŞ-nin nümayəndəsi X5 və Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X8 cavabdeh "xxxx" QSC tərəfindən onlara (cavabdehə) siyahısı göndərilmiş müvafiq sənədlərin təqdim edilmədiyi müddətdə sistem üzərindən pul vəsaitinin iddiaçının fərdi hesabına köçürülməsinin mümkün olmadığını bildirdilər.

9. Məhkəmə iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X7 iddianı qəbul etmədi və iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı barəsində hesabat vərəqələri məhkəməyə təqdim edilmiş və müvafiq tələb edilən sosial sığorta haqları ödənilmişdir. İddiaçı hər ay adi qaydada işləməmiş, buna görə də işlədiyi aylara müvafiq olaraq ödənişlər həyata keçirilmişdir.

10. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

11. İddiaçı əmək kitabçsından görünür ki, xx.xx.2000-ci il tarixdə Azərbaycan Dövlət Dəmir X9 X3 təsərrüfatında qatara yük və baqaj qəbul edən vəzifəsinə qəbul edilmiş, xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək funksiyasını pozduğuna görə) tutduğu vəzifədən azad edilmişdir.

12. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubu”ndan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydə alınmış İddiaçı fərdi şəxsi hesabında məcburi dövlət sosial sığortasına cəlb olunan gəlir, ona nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumat aşkar edilməmişdir. Məlumat üçün bildirilmişdir ki, sığortaolunanların gəlirlərininin işsizlikdən sığorta haqlarına cəlb edilməsi 1 yanvar 2018-ci il tarixdən, icbari tibbi sığorta haqlarına cəlb edilməsi 2019-cu ildən başlamış və sözügedən ödənişlərin fərdi şəxsi hesabda əks etdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

13. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Fondun xx.xx.2025-ci il tarixli 3-17-1/3-1-61942/2025 nömrəli xidməti məktubuna əsasən sığortaedənə aid iş qovluğunda 2000-2001-ci illər üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”lar (bundan sonra - forma B1) aşkar edilməmiş, sığortaedən tərəfindən 2002-2008-ci illər üzrə Forma B1 hesabatlarının təqdim edildiyi müəyyən olunmuşdur. Nazirliyin elektron informasiya ehtiyatlarından əldə edilən məlumatlara əsasən sığorta edən "xxxx" QSC-nin Sərnişin Daşıma X3 təsərrüfatı tərəfindən təqdim edilmiş 2006-2008-ci illər üzrə “Məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında illik məlumat”larda İddiaçı adı sığortaolunan kimi qeyd edilmədiyindən **********592 nömrəli fərdi şəxsi hesabında hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları əks olunmamışdır. Qeyd edilən məsələnin araşdırılması ilə bağlı sığortaedənin hüquqi varisi olan "xxxx" QSC-yə xx.xx.2025-ci il tarixli 3-17-1/2-155230/2025 nömrəli məktub ünvanlanmış və sığortaedən tərəfindən təsdiqedici sənədlər tam və düzgün şəkildə təqdim edildikdən sonra müvafiq araşdırma aparılacağı bildirilmişdir.

14. "xxxx" QSC tərəfindən DSMF-nin Fərdi uçota nəzarət və sosial sığorta departamentinin müdirinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək müəssisədə mövcud olan məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar barədə elektron hesabatda İddiaçı adı yer almamış, həmin dövr üzrə əlavə məbləğin səhvən qeyd edildiyi digər işçi müəssisə tərəfindən aşkar edilməmiş və səhv qeyd olunduğu ehtimal edilən şəxsin təyin olunması müəssisə tərəfindən mümkün olmamışdır.

15. "xxxx" QSC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının xx.xx.2024-cü il tarixli müraciətinə baxılmışdır. Bildirilmişdir ki, müraciətində qeyd olunan məsələ ilə bağlı arxiv sorğusu göndərilmiş və müvafiq dövr üçün sənədlər aşkar edildiyi təqdirdə ona məlumat veriləcəkdir.

16. Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/9/2025-00370 nömrəli arayışdan görünür ki, mediasiyanın tətbiqi barədə xx.xx.2025-ci il tarixdə təklif göndərilmiş, "xxxx" QSC-nin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir. 50 manat məbləğində İMS xərci İddiaçı tərəfindən ödənilmişdir.

17. Mülki iş materiallarına Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu vəsaitləri üzrə haqq-hesab cədvəlləri, hesabat vərəqələri də əlavə edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

18. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri olmuşdur. İddiaçıya məxsus əmək kitabçası ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2000ci il tarixdən xx.xx.2008-ci il tarixədək Azərbaycan Dövlət Dəmir X9 X3 təsərrüfatında qatara yük və baqaj qəbul edən vəzifəsində işləmişdir. Azərbaycan Dövlət Dəmir Yolları "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Sərəncamı ilə yenidən təşkil edilmişdir. İddiaçı pensiya yaşına çatdıqda müvafiq icra hakimiyyəti orqanında ona bildirilmişdir ki, onun şəxsi sığorta hesabına 2006-2008-ci illər üzrə köçürülməmiş məcburi dövlət sosial sığorta haqları köçürüldükdən sonra əmək pensiyası almaq hüququ yaranar. Bu barədə iddiaçı tərəfindən cavabdehə məktub ünvanlanmış, lakin cavabdeh müraciətin nəticəsi barədə mahiyyəti üzrə cavab verməmişdir. Hazırda cavabdehin nümayəndəsi iddiaçıya münasibətdə məcburi dövlət sosial sığorta haqlarının ödənildiyini bildirir və məhkəməyə təqdim edilmiş hesabat vərəqələri ilə əsaslandırır. Lakin DSMF-nin Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı öz məktubunda qeyd edir ki, 2006-2008-ci illər üzrə “Məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında illik məlumat”larda İddiaçı adı sığortaolunan kimi qeyd edilməmiş, **********592 nömrəli fərdi şəxsi hesabında hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları əks olunmamışdır. Üçüncü şəxslər qeyd edir ki, sığortaedən (cavabdeh) tərəfindən təsdiqedici sənədlər tam və düzgün şəkildə təqdim edildikdən sonra müvafiq araşdırma aparılacaqdır.

19. Məhkəmə qeyd edir ki, iddiaçı 2006-cı ildən xx.xx.2008-ci il tarixədək olan dövr üçün əmək haqqına müvafiq olaraq məcburi dövlət sosial sığorta haqlarının onun fərdi şəxsi hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etsə də, məhkəmə iclasında bildirmişdir ki, 2007-ci ilin noyabr, dekabr və 2008-ci ilin yanvar aylarında ola bilər ki, maaş almamışdır. Çünki, həmin vaxt faktiki olaraq işdən çıxarılmışdı.

20. Hazırda iddiaçı iddia tələbinin təmin olunmasını, cavabdeh (nümayəndəsi) isə iddianın təmin edilməməsini məhkəmədən xahiş edir.

c) Məhkəmənin mövqeyi və iş üzrə gəldiyi nəticə:

21. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələb ilə məhkəməyə müraciət etməkdə qismən haqlı olmuşdur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa), iddia haqlı sayılır, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

22. Belə ki, iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2008-ci il tarixədək işləməsi cavabdeh tərəfindən mübahisələndirilmir. Əksinə, cavabdeh tərəf qeyd edir ki, iddiaçı işləmiş və əmək haqqı aldığı aylar üzrə müvafiq sığorta haqları ödənilmişdir. Lakin, cavabdeh müvafiq sığorta haqlarının ödənildiyi barədə heç bir mötəbər sənəd təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim edilən hesabat vərəqələri müəssisənin səlahiyyətli şəxsi tərəfindən imzalanmamış və möhürlə təsdiqlənməmişdir. Buna görə də məhkəmə həmin sübutları mötəbər hesab etmir. Bundan əlavə məcburi dövlət sosial sığorta sahəsində idarəetməni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirdiyinə görə onun səlahiyyətli qurumları müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. DSMF-nin Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının məhkəməyə təqdim etdiyi məlumata əsasən, cavabdehdən müvafiq təsdiqedici sənədlər təqdim edilməsi xahiş edilmiş, lakin müəssisə tərəfindən təqdim edilməmişdir. Hazırkı halda isə 2006-2008-ci illər üzrə iddiaçının adının sığorta olunan kimi qeyd olunması barədə məlumat aşkar edilmir. Cavabdeh tərəfindən DSMF-nin Fərdi uçota nəzarət və sosial sığorta departamentinin müdirinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan müəyyən edilir ki, iddiaçının adı xx.xx.2006-xx.xx.2008-ci illər üzrə müvafiq elektron hesabatlarda aşkar edilməmiş, həmin dövr üzrə əlavə məbləğin səhvən qeyd edildiyi başqa işçi müəyyən edilməmiş, hətta səhv qeyd olunduğu ehtimal edilən şəxs də təyin edilməmişdir.

23. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

24. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

25. Qeyd olunanlar o qənaətə gəlməyə əsas verir ki, cavabdehin məhkəmə icraatı zamanı öz mövqeyini əsaslandıracaq mötəbər sübutları məhkəməyə təqdim etmək üçün zamanı olmuş, lakin həmin mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Yəni iddiaçının məcburi dövlət sosial sığorta haqları onun fərdi şəxsi hesabına ödənilməsi üçün cavabdeh tərəfindən DSMF-nin müvafiq hesabına köçürülməmişdir. Məhkəmə mübahisənin yarandığı dövrdə qüvvədə olan qanunvericiliyin maddi hüquq normalarına istinad edərək qeyd edir ki, sığortaedən olaraq cavabdeh sığortaolunanlar haqqında qanunla müəyyən edilmiş məlumatları dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etməli idi. Bu, sığortaedənin vəzifəsidir. Buna baxmayaraq, cavabdeh həmin məlumatları və məcburi dövlət sosial sığorta haqlarını müvafiq icra hakimiyyəti orqanına təqdim etməmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanunun və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməmişdir.

26. Məhkəmə cavabdehin nümayəndəsinin “qanunvericiliyin tələblərini pozduqları təqdirdə inzibati məsuliyyət daşımalı olduqları, lakin hər hansı inzibati məsuliyyətə cəlb edilmədikləri” barədə mülahizəsinə münasibətdə qeyd edir ki, müvafiq nəzarəti həyata keçirən orqanın fiziki və ya hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etməməsi, bunu aşkar etməməsi həmin şəxsin qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrini həyata keçirdiyi mənasını ehtiva etmir. Sosial sığorta ilə əlaqədar sığortaedənlə sığortaolunan arasında yaranan mübahisələrə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən məhkəmədə baxılmaqla, hüquqi qiymət verilir.

27. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı məhkəmə iclasında 2007-ci ilin noyabr ayında depo rəisi ilə aralarında olan münaqişəyə görə işdən çıxarıldığını bildirmişdir. Məcburi dövlət sosial sığorta haqlarının işçinin əmək haqqından tutulduğunu və iddiaçının 2007-ci ilin noyabr ayından artıq işə çıxmadığını etiraf etdiyini nəzərə aldıqda, onun həmin vaxtdan sonra əmək haqqı almadığı və nəticə etibarilə həmin vaxta münasibətdə məcburi dövlət sosial sığorta haqlarının da ödənilməməli olduğu mübahisəsizdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

28. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyi üçün mediasiya xərci kimi ödənilmiş məbləğin 40 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

d) Tətbiq edilən hüquq:

29. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 2-ci maddə, 1-ci bənd. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2-ci maddə, 2-ci bənd. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 9-cu maddə, “j” bəndi. İşəgötürən tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sosial sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək işçinin əsas hüquqlarından biridir. 54-cü maddə, 1-ci hissə. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: - işçilərin qanunvericiliklə müəyyən olunmuş məcburi dövlət sosial sığorta edilməsi... 87-ci maddə, 1-ci hissə. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 87-ci maddə, 2-ci hissə. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. 87-ci maddə, 5-ci hissə. İşəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir. 297-ci maddə. Fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. 304-cü maddə, 1-ci hissə. Sosial sığorta — müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin — əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. 304-cü maddə, 2-ci hissə. İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar hökmən göstərilməlidir. 306-cı maddə, 2-ci hissə. İşçilərin məcburi dövlət sığortası işəgötürənlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilən sosial sığortalanmadır.

30. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanunu: 1-ci maddə. Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2-ci maddə. Fərdi uçotun məqsədləri aşağıdakılardır: 2.0.1. dövlət sosial sığortasının həyata keçirilməsi, təkmilləşdirilməsi, əmək pensiyaların məcburi dövlət sosial sığorta haqlarının məbləğindən və sığorta stajından asılı olaraq hesablanması üçün informasiya bazasının yaradılması; 2.0.2. əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, əməkhaqqı (gəlir) və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi; 2.0.3. məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində sığortaolunanların maraqlarının artırılması; 2.0.4. ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların fərdi şəxsi hesablarına köçürülməsinə nəzarət etmək üçün sığortaolunanlara şərait yaradılması; 2.0.5. sığortaolunanlara əmək pensiyaların təyin edilməsi qaydalarının sadələşdirilməsi və təyinolunma müddətinin tezləşdirilməsi; 2.0.6. hər bir sığortaedən tərəfindən fərdi uçot üçün hesablanan və köçürülən məcburi dövlət sosial sığorta haqqı məbləği ilə fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına daxil olan məcburi dövlət sosial sığorta haqqı məbləğinin uyğunlaşdırılması. 7.1-ci maddə. Sığortaedən, məcburi dövlət sosial sığorta haqqını ödədiyi bütün işçiləri haqqında məlumatları qeydiyyatdan keçdikləri dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir. 9.2-ci maddə. Sığortaedənin vəzifələri aşağıdakılardır: 9.2.1. dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək; 9.2.2. hər bir sığortaolunan haqqında təqdim olunmuş məlumatları dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına vermək; 9.2.3. sığortaolunanın dövlət sosial sığorta şəhadətnaməsində qeyd edilən məlumatların onun şəxsiyyətini təsdiq edən sənədlə uyğun gəlməsini yoxlamaq.

31. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu: 2-ci maddə. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. 10-cu maddə. Müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənlərin vəzifələrindən biridir. 14-cü maddə. Hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. 18-ci maddə. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 29-cu maddə. Sosial sığorta ilə əlaqədar sığortaedənlə sığortaolunan arasında yaranan mübahisələrə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, sığortaçı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə sığortaedən arasında yaranan mübahisələrə isə bilavasitə məhkəmələrdə baxılır.

32. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı: 2.1-ci bənd. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində, 23-cü maddəsinin birinci hissəsində və 24-cü maddəsində nəzərdə tutulmuş “məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.

33. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

34. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı 2006-cı ilin yanvar ayından 2007-ci ilin oktyabr ayının sonunadək əmək haqqına müvafiq məcburi dövlət sosial sığorta haqlarının hesablanaraq fərdi şəxsi hesabına köçürülməsi vəzifəsi cavabdeh "xxxx" QSC-nin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

37. İddia qismən təmin edildiyi üçün ödənilmiş mediasiya xərcinin 40 (qırx) manat hissəsi cavabdeh "xxxx" QSC-dən alınaraq İddiaçı verilməli, qalan hissəsi İddiaçı aid edilməlidir.

Nəticə:

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı 2006-cı ilin yanvar ayından 2007-ci ilin oktyabr ayının sonunadək əmək haqqına müvafiq məcburi dövlət sosial sığorta haqlarının hesablanaraq fərdi şəxsi hesabına köçürülməsi vəzifəsi cavabdeh "xxxx" QSC-nin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş mediasiya xərcinin 40 (qırx) manat hissəsi cavabdeh "xxxx" QSC-dən alınaraq İddiaçı verilsin, qalan hissəsi İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar