Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2868/2023 24.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi (əvvəllər Cəbiyev küçəsi), 11 saylı evin 6 saylı mənzili 113657 qeydiyyat nömrəli xx.xx.1997-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət kimi iddiaçının adına qeydiyyatdadır. Cavabdeh iddiaçının keçmiş həyat yoldaşı, X2 isə onun qızıdır. Onunla Cavabdeh arasında nikah xx.xx.2015-ci il tarixdə pozulmuşdur. Hələ nikah rəsmi pozulmamışdan əvvəl cavabdehlə iddiaçı arasında nikah münasibəti faktiki pozulmuşdur, faktiki nikah münasibətlərinin pozulduğu dövr 2013-cü ilə təsadüf edir. 2013-cü ildə uşağın doğulmasına 10 gün qalmış cavabdeh mənzildən çıxıb getmiş, gedəndə əşyalarını da aparmış və bir daha mənzilə qayıtmamışdır. İddiaçıda olan sonuncu məlumata görə cavabdeh Ramana qəsəbəsinin ərazisində fərdi evdə yaşayır, faktiki olaraq 2013-cü ildən iddiaçının mülkiyyətində olan mənzildə yaşamır. Onun iddia ərizəsinə əlavə etdiyi sübutlardan da görünür ki, Cavabdeh onun mənzilinə heç bir ehtiyacı yoxdur və o, daimi yaşamaq məqsədi ilə mənzildən çıxaraq başqa ünvana köçmüşdür. Davamlı olaraq 10 ildir ki, başqa ünvanda yaşayır. Cavabdeh onun mənizilində istifadə hüququnun qalması onun mənzilində və sərəncam verməyində ona maneə yaradır. İddiaçı bildirmişdir ki, ona məxsus olan mənzili satmaq, bağışlamaq, ipoteka qoymaq və digər məqsədlər üçün cavabdehin razılığı tələb olunur. İddiaçı cavabdehin 10 ildir ki, başqa bir mənzildə yaşadığından, cavabdehin mənzildə qeydiyytada qalması onun mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə maneə yaratdığından cavabdehin onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasını istəmişdir. Göstərilənlərə əsasən Cavabdeh azyaşlı X2 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu H.Seyidzadə küçəsi, 11 saylı evin 6 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu H.Seyidzadə küçəsi (əvvəllər Cəbiyev küçəsi), 11 saylı evin 6 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı iddia tələbi müdafiə etmiş və bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu H.Seyidzadə küçəsi, 11 saylı evin 6 saylı mənzili 113657 qeydiyyat nömrəli xx.xx.1997-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət kimi onun adına qeydiyyatdadır. Cavabdeh onun keçmiş həyat yoldaşı, X2 isə onun qızıdır. Onunla Cavabdeh arasında nikah xx.xx.2015-ci il tarixdə pozulmuşdur. Hələ nikah rəsmi pozulmamışdan əvvəl cavabdehlə iddiaçı arasında nikah münasibəti faktiki pozulmuşdur, faktiki nikah münasibətlərinin pozulduğu dövr 2013-cü ilə təsadüf edir. 2013-cü ildə uşağın doğulmasına 10 gün qalmış cavabdeh mənzildən çıxıb getmiş, gedəndə əşyalarını da aparmış və bir daha mənzilə qayıtmamışdır. İddiaçıda olan sonuncu məlumata görə cavabdeh Ramana qəsəbəsinin ərazisində fərdi evdə yaşayır, faktiki olaraq 2013-cü ildən mülkiyyətimdə olan mənzildə yaşamır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbi müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu H.Seyidzadə küçəsi, 11 saylı evin 6 saylı mənzili İddiaçı mülkiyyətindədir, cavabdeh isə iddiaçının keçmiş həyat yoldaşıdır, hazırda iddiaçı cavabdehin yaşayış sahəsinə istifadə hüququna xitam verilməsini tələb edir.
b) Mülki işin materialları:
10. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı, 113657 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu H.Seyidzadə küçəsi, 11 saylı evin 6 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr kitabında xx.xx.1997-ci il tarixində qeydiyyat aparılmışdır.
11. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 175/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnmaəsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə bağlanmış nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X1 Cavabdeh yanında qalması, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üşün xx.xx.2015-ci il tarixdən etibarən hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi və 35 (otuz beş) manat sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh verilməsi qət edilmişdir.
12. Mülki işin materiallarında olan Nəsimi Rayon Qeydiyyat Şöbəsindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İ № 235135 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı və Cavabdeh arasında olan nikah ləğv edilmişdir.
13. Mülki işin materiallarında olan Daxili İşlər Nazirliyindən verilən xx.xx.2021-ci il tarixli ******* nömrəli arayışa əsasən Cavabdehə Müslüm qızı və X2 Bakı şəhəri, Nəsimi rayonu H.Seyidzadə küçəsi, 11 saylı evin 6 saylı mənzildə qeydiyyatdadırlar.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.
15. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd olunan Qərarda belə nəticəyə gəlmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
16. Hazırki işdən göründüyü kimi tərəflər arasında mübahisəli hüquq münasibətləri 2011-ci ildə yarandığından Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq olunmalıdır.
17. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir.
18. Eyni Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
19. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
21. Yuxarıda qeyd olunan maddi hüquq normaları, habelə Konstitusiya Məhkəməsinin Plenum qərarından göründüyü kimi, tərəflərin arasında bağlanmış nikaha xitam verildiyindən, hazırda cavabdeh iddiaçının ailə üzvü hesab edilmədiyindən, onun həmin mənzildən istifadə hüququ saxlanmamışdır (öz-özlüyündən xitam verilmişdir).
22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin mənzildən istifadə hüququnun olmadığı müəyyən olunduğundan iddia rədd edilməlidir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
25. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
32. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov