Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-287/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 MMC-yə qarşı dəymiş zərərin ödənilməsi və sairə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC və "xxxx" MMC-dən İddiaçı xeyrinə evinin uçması nəticəsində evin içərisində olan əşyalara görə vurulmuş 40 000 manat dəyərində maddi zərərin, 100 000 manat məbləğində mənəvi zərərin, ödənilmiş 430 manat dövlət rüsumunun tutularaq ödənilməsi, 275 kv.m sahəyə uyğun təmirli mənzilin və evdən çıxdığı gündən 2022-ci ilin aprel ayından hər ay üçün 1 000 manat məbləğində kirayə haqqının İddiaçı verilməsi öhdəliyinin cavabdehlər Cavabdeh2 MMC və "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində uzun illərdən bəri yaşamışdır. Həmin bir mərtəbəli fərdi yaşayış evi və ətraf ərazilər onların dədə-baba mülküdür. 2021-ci ildən etibarən yaşadığı məhəllədəki evləri sökməyə başlayan Cavabdeh2 MMC və "xxxx" MMC ona heç bir məlumat vermədən və onunla heç bir razılığa gəlmədən, yaşadığı evi və həyətyanı sahəni sökməyə başlamışdır. Hal-hazırda evi uçurdulmuş və digər qalan tikililərə cavabdehlər hasar çəkərək ərazini bağlamışlar, buna görədə ora daxil ola bilmir. Qoşmada ona təqdim olunan fotolara nəzər saldıqda onun xüsusi mülkiyyətində olan fərdi yaşayı evinin hansı hala salındığını görmək mümkündür. Həmin fotolar köhnə çəkilişdir və artıq evlərinin heç biri mövcud deyil, cavabdehlər tərəfindən zəbt edilərək məhv olmuşlar. Məlum olduğu kimi Cavabdeh2 MMC və "xxxx" MMC İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə bitişik ərazidə söküntü apardığı üçün ev qəzalı vəziyyətə düşərək uçub dağılmış və məhv olmuşdur. Hər iki MMC-nin təqsiri ucbatından İddiaçı bir neçə ildir ki, xəstəxanalarda və ya qohumlarının evində müvəqqəti yaşayır. Bu günədək Cavabdeh2 MMC və "xxxx" MMC tərəfindən ona kirayə haqqı, zəbt olunmuş əraziyə uyğun mənzil və vurulmuş ziyanla bağlı heç bir ödəniş olunmamışdır. Cavabdeh2 MMC və "xxxx" MMC tərəfindən İddiaçı evləri dağıdılaraq mənimsənildiyindən, ona, evdən çıxdığı gündən hər ay üçün 1000 manat məbləğində kirayə haqqı, evinin uçması nəticəsində evin içərisində olan əşyalara görə vurulmuş 40 000 manat dəyərində maddi zərər, sökülüb zəbt edilərək MMC-lər tərəfindən tikinti aparılmış İddiaçı məxsus 275 kv.m sahəyə uyğun təmirli mənzil və 100 000 manat məbləğində mənəvi zərər İddiaçı ödənilməlidir. Bununla bağlı cavabdehlərə pretenziya məktubu göndərilmişdir, lakin heç bir müsbət nəticə yoxdur. Məhkəməyə müraciət etmək məcburiyyətindədir, hesab etmiş və ümid etmişdir ki, pozulmuş hüqüqlarının bərpası üçün məhkəmə ədalətli qərar qəbul edəcəkdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, cavabdehlər Cavabdeh2 MMC və "xxxx" MMC-dən İddiaçı xeyrinə evinin uçması nəticəsində evin içərisində olan əşyalara görə vurulmuş 40 000 manat dəyərində maddi zərərin, 100 000 manat məbləğində mənəvi zərərin, ödənilmiş 430 manat dövlət rüsumunun tutularaq ödənilməsi, cavabdehlər tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında tikilən yaşayış binasında 275 kv.m sahəsi olan təmirli mənzilin və evdən çıxdığı gündən 2022-ci ilin aprel ayından hər ay üçün 1 000 manat məbləğində kirayə haqqının İddiaçı verilməsi öhdəliyinin cavabdehlər Cavabdeh2 MMC və "xxxx" MMC-nin üzərinə qoyulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185.5-ci madəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Vəkil2 izahatında bildirmişdir ki, İddiaçı mülkiyyətində olan əmlakın ümumi sahəsi 51 kv.m, yaşayış sahəsi 14 kv.m təşkil edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli e-2(006)-1315/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və "xxxx" MMC-yə qarşı «iddiaçının evinin yerləşdiyi ərazidə əvvəlki vəziyyətdə tikilərək ona təhvil verilməsi və s.» tələbinə dair ilk iddiası təmin edilməmiş, "xxxx" MMC-nin İddiaçı qarşı «mənzilin boşaldılaraq təhvil verilməsi, yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında mövcud olmuş 50,8 kv.metr sahədən ibarət fərdi yaşayış evinin əvəzinə həmin ərazidə tikiləcək yeni çoxmərtəbəli yaşayış binasında 61 kv.metr ümumi sahəsi olan təmirli yeni mənzilin İddiaçı təhvil verilməsi, həmin fərdi yaşayış evinin söküldüyü (uçduğu), yəni 10 aprel 2022-ci il tarixdən etibarən yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən İddiaçı hər ay 400 manat kirayə haqqının ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)- 1244/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(006)-1315/2022 saylı qətnaməsi mübahisələndirilən-qarşılıqlı iddianın qismən təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilməmiş, qətnamənin mübahisələndirilən qalan hissədə-ilk iddianın rədd edilən hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3101/2023 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1244/2023 nömrəli, 4 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 239 saylı sərəncamından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 109 nmrəli və xx.xx.2008-ci il tarixli 06 nömrəli sərəncamları ilə Nəsimi rayonu, Abay döngəsi 360-cı məhəllə ünvanda yaşayış evlərinin tikintisi məqsədi ilə "xxxx" MTK-nın icarə əsasənda istifadəsinə verilmiş 2.203 ha torpaq sahəsinin 1.1845 ha hissəsinin eyni məqsədlər üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilərək adına rəsmiləşdirilmişdir. İş materillarında olan yerində müayinə protokolunda ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin söküldüyü həmçinin qeyd olunan ərazidə yeni binanın tikilməsi səbəbi ilə yaxınlığda olan ünvan 3 ünvanında yerləşən sokülmüş fərdi yaşayış evinə və onun həyətyani sahəsinə baxış keçirilməsinin mümkün olmaması, eyni zamanda iddiaçının adına verilmiş fərdi yaşayış evinin texniki pasportunun eskiz layihəsində tikili ərazisinin yalnız B və Q sahələrinin mövcüd olmaqla oraya gediş-gəlişin mümkün olmadığı göstərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1315/2022 saylı mülki iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyi ilə ünvan 5 ünvanında yerləşən İddiaçı Fərzalı qızına məxsus fərdi yaşayış evinin sökülməsinin cavabdeh "xxxx" MMC tərəfindən tədqiq olunan ünvanda aparılan tikinti işləri əlaqədar olduğu müəyyən olunmuşdur. Bundan əlavə, həmin rəydə ünvan 6 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin (iddiaçının təqdim etdiyi texniki pasport və Nəsimi RİHdən təqdim olunan xx.xx.2003-cü il tarixli 347 nömrəli sərəncam nəzərə alınmaqla) yaşayış sahəsinin 14 kv.m ümumi sahəsinin isə 50.8 kv.m təşkil etməsi müəyyən edilməklə, "xxxx" MMC tərəfindən qazılmış özülü doldurmadan İddiaçı məxsus fərdi yaşayış evinin yenidən bərpası mümkün olmadığı bildirilmişdir. Məhkəmə iddia tələbinin “Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında tikilən yaşayış binasında 275 kv.m sahəsi olan təmirli mənzilin verilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətinə aid yaşayış evinin məhv olmasına səbəb yaxınlıqda aparılan tikinti işlərinin görülməsi olmuşdur. (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(006)-1315/2022 saylı qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-1244/2023 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3101/2023 saylı qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçının hüquqlarına tikinti şirkəti tərəfindən müdaxilə edilməsini nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair» 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla, konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir («Kuşoğlu Bolqarıstana qarşı» iş üzrə 2007-ci il 10 may tarixli Qərar). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan «ədalətli balans» prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli balans» gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır («Broniovski Polşaya qarşı» iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; «Skordino İtaliyaya qarşı» iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu hallar əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Hazırda isə iddiaçı məhv olmuş daşınmaz əmlakının əvəzinə pul deyil, tikilən yaşayış binasında mənzil tələb edir. Bu tələbdən irəli gələrək məhkəmə qeyd edir ki, Mülki Məcəllənin “Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər” adlanan 9-cu bölməsinin “Mülki hüquq pozuntuları (deliktlər)” adlı 59 – cu fəslin 1115-ci maddəsinə (Zərərin əvəzinin ödənilməsi üsulları) əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qeyd olunanlara əsasən, hazırda iddiaçı daşınmaz əmlakının əvəzinə tikilən yaşayış binasında mənzil tələb etməkdə haqlıdır. Məhkəmə veriləcək mənzilin sahəsinə gəldikdə qeyd edir ki, iddiaçı məhv olmuş əmlakının sahəsinin 275 kv.m qeyd etməklə ona həmin ölçüdə evin verilməsini iş materiallarında olan “Fərdi yaşayış evinin Texniki Pasportu” ilə sübut etməyə çalışsa da, həmin Pasportda yaşayış sahəsinə anbar, qaraj və həyətyanı sahəsinin daxil edildiyi müəyyən edilir. Halbuki, ekspert rəyində ünvan 5 ünvanında yerləşən İddiaçı Fərzalı qızına məxsus fərdi yaşayış evinin ümumi sahəsinin 50.8 m2 olması qeyd edilmişdir. Bundan əlavə, həmin “Fərdi yaşayış evinin Texniki Pasportu”-na əlavə edilmiş “ev sahibinin Kartoşkası” adlı sənəddə Nəsimi İH Başçısının 347 saylı xx.xx.2003-cü il tarixli sərəncamına əsasən deyişikliyin edildiyi qeyd olunmuşdur. Məhkəmə sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi 14 mart 2025-ci il tarixli cavab məktubuna əlavə edilmiş sənədlərin surətləri arasında olan Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli Sərəncamın məzmunundan görünür ki, N.F. Quliyevaya məxsus evin ümumi sahəsi 50,8 m2 hesab edilmişdir. Tərəflər arasında hazırki mübahisədən əvvəl mövcud olmuş məhkəmə çəkişməsində cavabdeh qarşılqlı iddia irəli sürərək iddiaçıya məxsus 50,8 m2 evin əvəzinə yeni tikiləcək binada 61 m2 ölçüdə təmirli mənzilin təhvil verilməsi tələbini irəli sürməsini və bu təklifin hazırkı iddia tələbinin müzakirəsi zamanı da qüvvədə olduğunu bildirməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının məhv edilmiş 50,8 m2 evin əvəzinə ona yeni tikiləcək binada 61 m2 ölçüdə təmirli mənzilin təhvil verilməsi ədalətli və ağlabatandır. Məhkəmə iddianın “evin uçması nəticəsində evin içərisində olan əşyalara görə vurulmuş 40 000 manat dəyərində maddi zərərin, 100 000 manat məbləğində mənəvi zərərin” tutulması hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, iddiaçı əşyaların məhv edilməsi nəticəsində vurulmuş zərəri tələb etsə də, onların adı, qiyməti göstərilməməklə, ümumilikdə 40 000 manat olmasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, qeyd edilən hissədə iddianın təmin olunması üçün əsaslar mövcud deyildir. Mənəvi zərərə münasibətdə isə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri - əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri – maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri - əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçının əmlakı söküldüyündən o, evsiz qalmaqla sarsıntı keçirmiş, məyus olmuş, müəyyən məhrumiyyətlərlə üzləşməklə ona mənəvi zərər dəymişdir. Məhkəmə, mənəvi zərərin həcminin iddiada göstərilən məbləğdə deyil 10.000 manat miqdarında müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.” Məhkəmə iddia tələbinin “2022-ci ilin aprel ayından hər ay üçün 1 000 manat məbləğində kirayə haqqının verilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, iddiaçı evindən məhrum olmaqla kirayədə qalmaq məcburiyyətində qalmış, bununla bağlı ona maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Lakin, məhkəmə kirayə haqqının 1000 manat hesablanmasını ağlabatan hesab etmir. Belə ki, kirayə haqqının 1000 manat müəyyən edilməsini əsaslandıran hər hansı sübut iddiaçı tərəfindən təqdim edilmədiyindən, məhkəmə tərəflər arasında əvvəlki məhkəmə mübahisəsinə dair iş materiallarındakı (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(006)-1315/2022 saylı qətnaməsi) “Uniprice” LLC tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim edilmiş arayışda Bakı şəhəri, Abay döngəsi, ev 17 və yaxın ətrafda yerləşən ümumi sahəsi 50.8 kv.m təşkil edən mənzillərin orta aylıq kirayə haqqının 300- 350 manat təşkil etdiyinin müəyyən olunduğunu əsas götürür. Məhkəmə işin diqqətəlayiq hallarını nəzərə alaraq, kirayə haqqı məbləğinin 400 manat müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Məhkəmə həmçinin hesab edir ki, kirayə haqqının tutulması 2022-ci ilin aprel ayından iddiaçıya yeni mənzilin verilməsi anınadək hesablanmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2022-ci il tarixli yerində baxış zamanı yeni tikiləcək binanın qazılmış özülünün ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinə yaxın hissədə qrunt sularının axması nəticəsində qəzalı vəziyyətə düşməsi müəyyən edilmiş, fərdi yaşayış evinə məxsus otaqların divarlarının və tavanın çatlaması və bu səbəblə fərdi evin yaşayış üçün yararlı olmadığı müşahidə edilmişdir. Həmin qətnamədə mübahisəli fərdi yaşayış evinin söküldüyü tarix xx.xx.2022-ci il göstərilməklə, sonradan mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında tikilən yaşayış binasından 61 kv.m ümumi sahəsi olan yeni təmirli mənzil İddiaçı Fəzəli qızına verilməli, xx.xx.2022-ci il tarixdən etibarən yeni mənzil ilə təmin edilənədək "xxxx" MMC tərəfindən İddiaçı Fəzəli qızına hər ay 400 manat kirayə haqqı ödənilməli, "xxxx" MMC-dən vurulmuş mənəvi zərərin əvəzi olaraq 10 000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 430 manat alınaraq İddiaçı Fəzəli qızına verilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında tikilən yaşayış binasından 61 kv.m ümumi sahəsi olan yeni təmirli mənzil İddiaçı Fəzəli qızına verilsin. xx.xx.2022-ci il tarixdən etibarən yeni mənzil ilə təmin edilənədək "xxxx" MMC tərəfindən İddiaçı Fəzəli qızına hər ay 400 manat kirayə haqqı ödənilsin. "xxxx" MMC-dən vurulmuş mənəvi zərərin əvəzi olaraq 10 000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 430 manat alınaraq İddiaçı Fəzəli qızına verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-287/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-287/2025
08.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver