Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2885/2024 14.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X7 Zahid oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "ləyaqətsiz vərəsə hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "ləyaqətsiz vərəsə hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçı ilə bir otaqlı mənzildə iddiaçının iradəsinə zidd olaraq yaşayır. Cavabdeh boşandıqdan sonra iddiaçının yanına öz uşağı ilə gələrək onunla bir müddət yaşamışdır. Lakin sonradan burada davamlı yaşamağa başlamışdır. Tərəflər arasındakı münasibətlər pozulmuş, hətta vəziyyət o yerə gəlmişdir ki, qızı və nəvəsi ona əl qaldırmışlar, onu təhqir edərək evdən çölə çıxarmışlar. İddiaçı da məcburiyyət qarşısında qalaraq dəfələrlə 102 xidmətinə, təcili yardıma xəbər vermişdir ki, onu döyürlər, evdən çıxardırlar. Yəni, mütəmadi olaraq evdə dava-dalaşları olmuşdur. Hətta cavabdeh iddiaçının ev əşyalarını işlədib bəzilərini sındırmışdır. İddiaçı cavabdehdən və onun oğlundan evini tərk etməyini və öz qeydiyyatda olduğu evlərində yaşamalarını tələb etsə də, onlar nə çıxıb gedirlər, nə də iddiaçıya yaşamağa imkan verirlər. İddiaçı cavabdehlə bir evdə yaşaya bilmir. Ona görə ki, onu təhqir edirlər, hətta döyürlər. Cavabdeh azyaşlı oğlunun yanında iddiaçıya nalayiq sözlər işlədir, onu pis-pis ifadələrlə təhqir edir. Bu sözlər iddiaçının doğma qızı tərəfindən deyildiyi üçün, iddiaçı özünü o qədər pis, alçaldılmış hiss edir ki, az qala intihar etmək istəyir. İddiaçı belə bir övladı olduğu üçün utanır. Cavabdeh artıq iddiaçı üçün diri-diri ölü sayılır. İddiaçı yaşadıqca cavabdehə analıq haqqını halal etməyəcək. İddiaçı əmindir ki, onların bir evdə yaşamaqları sonda hansısa cinayətin törədilməsinə gətirib çıxaracaq. İddiaçı xəstə adamdır, ona istirahət lazımdır. Lakin cavabdeh gəlib onunla yaşayandan iddiaçının bütün əsəb sistemi pozulmuş və xəstəliyi daha da ağırlaşmışdır. Onlar mənzildə iddiaçının razılığı olmadan yaşayırlar. Bütün bu hadisələrə görə dəfələrlə təcili yardıma və polisə müraciət etsə də, cavabdeh iddiaçını qabaqlayıb xeyrinə yalan ifadələr verməklə məsuliyyətdən yayınır. İddiaçının mühafizə orderi alacağını bilib, tez özü müraciət edərək mühafizə orderi də alıb ki, guya iddiaçı cavabdehi incidir. Cavabdeh iddiaçıya dəfələrlə təhqiredici hərəkətlər etdiyinə, xəsarət yetirdiyinə görə, iddiaçı onun ləyaqətsiz verəsə kimi məhkəmə tərəfindən tanınmasını istəyir. Belə ləyaqətsiz övladın vərəsəsi olmasını istəmir. Cavabdeh onu mütəmadi olaraq pis sözlərlə təhqir edir və ona əl qaldırır, ona görə iddiaçı belə övladının olmasını istəmir. İddiaçı hər şeyin qanun çərçivəsində həll olunmasını istəyir. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etmişdir. Cavabdeh öz hərəkətləri ilə artıq sübuta yetirmişdir ki, o, həqiqətən ləyaqətsiz ailə üzvüdür. Göstərilənlərə əsasən iddiaçı Bakı şəhəri R.Rza küçəsi ev 97 mənzil 3 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh ləyaqətsiz vərəsə qismində tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri R.Rza küçəsi ev 97 ünvanında yerləşən 37,8 kv.m. sahədən ibarət 3 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2024-cü il tarixli, ******* saylı arayışından görünür ki, İddiaçı, Cavabdeh və X3 Bakı şəhəri R.Rza küçəsi ev 97 mənzil 3 ünvanında pasport qeydiyyatındadırlar. “Respublika Təcili və X1 Mərkəzi” X8 tərəfindən iddiaçının nümayəndəsi və vəkili Vəkil ünvanlanmış 18-1-88/2-266/2024 saylı xx.xx.2024-cü tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 saylı əmrinə əsasən çağırış vərəqələri (AZS 110/Q) üçün saxlama müddəti 1 il müəyyənləşdirildiyi üçün vaxtaşırı həmin sənədlər aktlaşdırılıb silinir. Bu səbəbdən İddiaçı adına xx.xx.2017-ci il tarixdə Bakı Şəhər Təcili və X1 Stansiyasına çağırış daxil olması barədə məlumat verilə bilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” X8 tərəfindən Vəkil ünvanlanmış 815 saylı xx.xx.2024-cü tarixli məktubdan görünür ki, 1956-cı il təvəllüdlü İddiaçı sorğuda göstərilən tarixdə, yəni 21 noyabr 2017-ci il tarixdə yaşadığı Nəsimi rayonu üzrə fəaliyyət göstərən Birliyin Nəsimi rayon şöbəsində məhkəmə-tibbi ekspertiza müayinəsindən keçməmişdir. Lakin o, Nəsimi RPİ-nin 21-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Nicat Sadıqovun qərarı əsasında xx.xx.2018-ci il və xx.xx.2024cü il tarixlərdə “MTE və PAB” PHŞ-nin Nəsimi rayon şöbəsində məhkəmə-tibb ekspertizasından keçirilmiş və buna dair müvafiq ekspert rəyləri tərtib olunub, aidiyyəti üzrə təhqiqatçıya təqdim edilmişdir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı tərəfindən İddiaçı ünvanlanmış 1/8370-18 saylı xx.xx.2018-ci tarixli məktubdan görünür ki, Cavabdeh və İddiaçı Nəsimi Rayon Polis İdarəsində sosial təhlükəli ailə kimi qeydiyyata götürülmüşlər və barələrində profilaktiki iş açılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin 3 Nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 314 saylı xx.xx.2019-cü il tarixli arayışın surətindən görünür ki, 1956-cı il təvəllüdlü İddiaçı 3 saylı Şəhər Poliklinkasının psixiatriya kabinetində qeydiyyatda deyil. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktubların surətindən görünür ki, şikayət əsasında araşdırma aparılmış xüsusatların mülki tərkib olması səbəbindən İddiaçı məhkəmə orqanlarına müraciət etməyi məqsədə müvafiq hesab edilmişdir. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, vətəndaş Cavabdeh anası İddiaçı tərəfindən ona xəsarət yetirilməsi faktına dair şikayəti üzrə aparılmış araşdırma nəticəsində cinayətin əlamətləri olmadığından cinayət işinin başlanılması rədd edilmiş və İXM-in 157-ci maddəsinə əsasən tədbir görülməsi qərara alınmışdır. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, vətəndaş İddiaçı övladı Cavabdeh tərəfindən ona xəsarət yetirilməsi faktına dair şikayəti üzrə aparılmış araşdırma nəticəsində cinayətin əlamətləri olmadığından cinayət işinin başlanılması rədd edilmiş və İXM-in 157-ci maddəsinə əsasən tədbir görülməsi qərara alınmışdır. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, vətəndaş İddiaçı övladı Cavabdeh tərəfindən döyülməsi faktına dair şikayəti üzrə aparılmış araşdırma nəticəsində cinayətin əlamətləri olmadığından cinayət işinin başlanılması rədd edilmiş və İXM-in 157-ci maddəsinin tərkib əlamətləri yaranmadığından inzibati icraatın başlanılmasına xitam verilmişdir. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, vətəndaş İddiaçı övladı Cavabdeh tərəfindən döyülməsi faktına dair şikayəti üzrə aparılmış araşdırma nəticəsində cinayətin əlamətləri olmadığından cinayət işinin başlanılması rədd edilmiş və İXM-in 157-ci maddəsinə əsasən tədbir görülməsi qərara alınmışdır. Nəsimi Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış 56/24(HK-1/1166) saylı material üzrə Nəsimi RPİ-nin 21-ci PB-nə ezam olunmuş təhqiqatçı Saleh Salahzadənin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmişdir və material əlavə yoxlama aparılması üçün Nəsimi RPİ-nin 21ci PB-nə qaytarılmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1141/2019 saylı xx.xx.2019-cü il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinib 300 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. xx.xx.2020-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 5-15/2-2-H-3-129/2024 saylı xx.xx.2024-cü tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli mühafizə orderi verilmişdir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı tərəfindən İddiaçı ünvanlanmış 2-5/2-6541/2024 saylı xx.xx.2024-cü tarixli məktubun surətindən görünür ki, İddiaçı məişət zorakılığı törətmiş Cavabdeh qısamüddətli mühafizə orderi verilmiş və icra üçün Nəsimi Rayon İcra Şöbəsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli ***-**-** saylı qısamüddətli mühafizə orderinin surətindən görünür ki, Cavabdeh İddiaçı qarşı fiziki zorakılıq, psixi zorakılıq, cinsi zorakılıq və iqtisadi xarakterli qanunsuz məhdudiyyətlər tətbiq etməsi qadağan edilmişdir. xx.xx.2024-cü il tarixli 01-1-24 saylı və xx.xx.2024-cü il tarixli 01-1-24 saylı qısamüddətli mühafizə orderlərinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı fiziki zorakılıq, psixi zorakılıq, cinsi zorakılıq və iqtisadi xarakterli qanunsuz məhdudiyyətlər tətbiq etməsi qadağan edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1869/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarma tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3204/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh oğlu ilə birlikdə Bakı şəhəri R.Rza küçəsi ev 97 ünvanında yerləşən 3 saylı mənzilə istifadə hüququ tanınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı qızıdır. Tərəflər ünvan 2 ünvanda yaşayırlar. Onlar arasında ailə münaqişəsi olduğundan hər iki tərəflə bağlı bir-birilərinə münasibətdə mühafizə orderləri verilmiş, həmçinin tərəflərin şikayəti əsasında təhqiqat orqanlarında ibtidai araşdırma aparılmış və araşdırmanın nəticəsində əməldə cinayətin əlamətləri aşkar edilmədiyindən cinayət işinin başlanması rədd olunmuşdur. Hazırda İddiaçı Cavabdeh ləyaqətsiz vərəsə hesab olunmaları barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 1137ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Mülki Məcəllənin 1140-cı maddəsinə ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Mülki Məcəllənin 1143-cü maddəsinə əsasən şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər. Məhkəmə bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Hazırkı mübahisə üzrə iddianın əsasını cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi təşkil edir. Belə olan halda cavabdehlərin ləyaqətsiz vərəsə hesab edilməsi üçün faktiki halların mövcudluğuna hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər Məhkəmə həmçinin qeyd edir ki, “Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Qanunvericiliyə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, burada şəxsin ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Məhkəmə ilk olaraq qeyd edir ki, təqdim edilmiş sənədlərdən iddiaçı tərəfindən yazılmış vəsiyyətnamənin olması aşkar edilmir. Bununla yanaşı miras qoyanın, yəni iddiaçının vərəsəliklə bağlı son iradəsinə qarşı yönələn cavabdeh tərəfindən törədilən hüquqazidd davranışlar işin faktiki hallarından müəyyən edilmir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında ifadə olunmuş hüquqi mövqeləri nəzərə alaraq məhkəmə hesab edir ki, göstərilən hallar müəyyən edilmədiyindən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə bildirir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı "ləyaqətsiz vərəsə hesab edilməsi" tələbinə dair iddia tələbi əsassız olduğuna görə təmin edilməməli və məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "ləyaqətsiz vərəsə hesab edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9
Məhkəmə qərarları › İş №e-2(006)-2885/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2885/2024
14.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver