Məhkəmə qərarları › İş №e-2(006)-2885/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2885/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2885/2025 29.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdehnə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh (CATEL) Məhdud Məsuluyyətli Cəmiyyəti ilə İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə arasında bağlanmış xx.xx.2012-ci il tarixli “qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” İcarə Müqaviləsinə əsasən Qaradağ rayonu, Sahil qəsəbəsi, Gülbabayev küçəsində yerləşən, yeni tikilmiş 10 mərtəbəli binanın mansarında və binanın damında yerləşən qeyri-yaşayış sahəsi "xxxx" MMC-yə aid “CDMA” avadanlıqları və antennalarının quraşdırılması üçün cavabdehin icarəsinə verilmişdir. X5 5.1-ci maddəsinə əsasən “İcarəçi” bu Müqavilənin müddəti ərzində hər ay 250 (iki yüz əlli) manat icarə haqqını növbəti ayın 10-na qədər hesab köçürmə yolu ilə ödəməlidir. Cavabdeh İcarə Müqaviləsinin 5.1-ci bəndi üzrə üzərinə götürdüyü öhdəliyinin yerinə yetirilməməsi nəticəsində xx.xx.2014-cü il tarixindən 33.915 (otuz üç min doqquz yüz on beş) manat məbləğində ödənilməmiş icarə haqqı borcu mövcuddur. Həmin pul vəsaitinin 10 (on) gün müddətində ödənilməsinin təmin edilməsi, əks təqdirdə həmin pul vəsaitinin ödənilməsinin təmin edilməsi üçün qanunla müəyyən edilmiş qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyinə dair cavabdehə 18 mart 2025-ci il tarixli pretenziya təqdim edilsə də, cavabdeh həmin pul vəsaitinin ödənilməsini təmin etməmişdir. Həmçinin, cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli Üzləşmə Aktında qeyd olunan tarixə 24.915 manat məbləğində borcu olduğu etiraf edilmişdir. Qeyd edilənlərə əsasən hesab edilir ki, cavabdeh xx.xx.2012-ci il tarixli “qeyriyaşayış sahəsinin icarəyə verilməsi haqqında” İcarə Müqaviləsinə 5.1-ci bəndi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyinə görə, cavabdehdən 33 915 (otuz üç min doqquz yüz on beş) manat məbləğində icarə haqqı borcunun və ödənilmiş 192 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən Cavabdeh (CATEL) Məhdud Məsuliyyətli Cəmiyyətindən 33.915 (otuz üç min doqquz yüz on beş) manat məbləğində icarə haqqı borcunun və ödənilmiş 192 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Cavabdeh iddiaya qarşı etirazını məlumat formasında təqdim edərək, İddiaçı cavabdeh “X2 LLC” (CATEL) Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 33.915 manat ödənilməmiş icarə haqqı üzrə borc məbləğinin qaytarılması tərəbinə dair iddia ərizəsi iddia müddəti ötürməklə məhkəməyə təqdim edildiyindən iddiaçının iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin maliyyə imkanlarının olmaması səbəbi ilə Üzləşmə aktında etiraf etdiyi borcun ödənilməsi mümkün olmamışdır. Həmçinin, cavabdehin 2021-ci ildən faktiki olaraq fəaliyyəti dayandırılmışdır. Bu barədə iddiaçı məlumat verilmiş və xitama dair bildiriş göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) il təşkil edir. Yəni mübahisəli müqavilənin xx.xx.2012-ci il tarixində imzalanması və cavabdeh tərəfindən borcun etiraf etməsinin göstərən son hərəkətin xx.xx.2021-ci il tarixində olduğunu nəzərə alaraq, müqavilə üzrə qanunvericilik ilə müəyyən edilmiş iddia müddəti bitmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək bildirmişdi ki, keçən iclasda iddiaçının nümayəndəsi-vəkili avadanlıqların götürülməsi istəndiyi barədə danışmışdı. Dəqiqləşdirmişdir ki, 2021-ci ildə üzləşdirmə aktı imzalanarkən cavabdeh avadanlıqları götürmək istəmiş, iddiaçı isə demişdir ki, borc ödənildikdən sonra götürmək olar, yəni avadanlıqların saxlanması iddiaçının təşəbbüsü ilə olmuşdur. Əslində avadanlıqlar köhnəlmişdir və şirkətlə bağlı mövcud proseslər səbəbilə onlara ehtiyac da qalmamışdır, sadəcə olaraq onlar dövlət avadanlıqlarıdır, yəni özləri tərəfindən də avadanlıqların götürülməsi üçün israr edilməmişdir. 6.Hazırki məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, tərəflər arasında müqavilə bağlanmış və müqavilənin 5.1-ci maddəsinə əsasən icarəçi müqavilənin müddəti ərzində hər ay 250 (iki yüz əlli) manat icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Son tərtib olunan xx.xx.2021-ci il tarixli üzləşmə aktına əsasən, tərəfin 24.915,00 manat borcu qalmışdır. Hazırda illər keçdiyindən icarə borcu 33.915 manat təşkil edir. Keçən məhkəmə iclasında qarşı tərəfin nümayəndəsi müqavilənin ləğvi ilə bağlı bildirişi qeyd etmişdi. Müqavilənin 3.2-ci maddəsinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra 1 ay ərzində onun ləğv edilməsi və yaxud şərtlərinin dəyişdirilməsi haqqında tərəflərdən birinin yazılı bildirişi olmadıqda, eyni şərtlərlə və yeni müddətə uzadılmış hesab edilir. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavabdeh olaraq isə üzləşmə aktının sadəcə borclarla bağlı olmasını, qarşı tərəfin üzləşmə aktının tərtib olunmağını istədiklərini, həmçinin aktın tərtibinin onlar üçün də əhəmiyyətli olduğunu, belə ki, bununla qarşı tərəfin borclarını etiraf etmiş olduqlarını, sonrakı illərdə üzləşmə aktının tərtib olunmadığını, çünki fəaliyyətlərini dayandırdıqlarını, o halda müqaviləyə qarşılıqlı xitam verilməsini bildirdiklərini, lakin onların nə müqaviləyə xitam verdiklərini, nə oradan avadanlıqlarını götürdüklərini, nə də ki, borclarını ödədiklərini, ona görə bugünkü gündə də müqaviləyə xitam verilmədiyini, müqavilənin 2012-ci ildə bağlandığını, 2014-cü ilə qədər ödənişlərini həyata keçirdiklərini, lakin daha sonra heç nə ödəmədiklərini, borcun vaxtında tələb edilməməsinə səbəbin münasibətlərin yaxşı olması, həmçinin 2021-ci ilə qədər hər il üzləşmə aktı tərtib olunduğunu, 2023-cü ildə də üzləşmə aktı tərtib etdiklərini, lakin qarşı tərəfin imzalamadığını, səbəb olaraq isə fəaliyyətlərinin dayandırılmasını göstərdiklərini bildirmişdir. 7.Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 8.Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını və çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 960588 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxx 2007-ci il tarixdə anadan olmuş, atası X3, anası Qanuni nümayəndədır. 10.Mülki işin materiallarında olan Qanuni nümayəndə (icarəyəverən) və "xxxx" MMC (icarəçi) arasında bağlanan xx.xx.2012-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsinə əsasən icarəyəverən ünvan 1 ünvanında, yeni tikilmiş 10 mərtəbəli binanın xx.xx.2007-ci il təvəllüdlü oğlu İddiaçı məxsus mansarında və binanın damında Catel MMC-yə aid CDMA avadanlıqları və antenalarının quraşdırılması üçün sahəni qeyri-yaşayış sahəsi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 29.1-ci maddəsinə əsasən oğlunun adından icarəyə verir, icarəçi isə həmin sahəni xidməti və texniki ehtiyaclar üçün icarəyə qəbul edir. İcarəçi bu müqavilənin müddəti ərzində icarəyə alınmış sahəyə və əmlaka görə icarəyəverənə xx.xx.2012-ci il tarixdən etibarən tərəflərin razılaşdırdığı müqavilə qiyməti ayda 250 manat ƏDV-siz ödəmə ayda 1 dəfə növbəti ayın 10-a qədər hesabaköçürmə yolu ilə ödənilir. 11.Mülki işin materiallarında olan "xxxx" MMC və Qanuni nümayəndə arasında imzalanan xx.xx.2019-cu il tarixli üzləşmə aktına əsasən həqiqətən xx.xx.2014-cü il tarixdən "xxxx" MMC-nin müqavilə tərəfi olan İddiaçı (qanuni təmsilçisi: Qanuni nümayəndə) xx.xx.2012-ci il tarixli Catel MMC-yə aid CDMA avadanlıqları və antenalarının quraşdırılması ilə bağlı müqaviləyə əsasən xx.xx.2019-cu il tarixinə 18.915 manat borcu mövcuddur. 12.Mülki işin materiallarında olan "xxxx" MMC və Qanuni nümayəndə arasında imzalanan xx.xx.2021-ci il tarixli üzləşmə aktına əsasən həqiqətən xx.xx.2014-cü il tarixdən "xxxx" MMC-nin müqavilə tərəfi olan İddiaçı (qanuni təmsilçisi: Qanuni nümayəndə) xx.xx.2012-ci il tarixli Catel MMC-yə aid CDMA avadanlıqları və antenalarının quraşdırılması ilə bağlı müqaviləyə əsasən xx.xx.2021-ci il tarixinə 24.915 manat borcu mövcuddur. 13.Mülki işin materiallarında olan **********61 nömrəli, xx.xx.2025-ci il tarixli elektron mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 192 manat məbləğində dövlət rüsumu ödənilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 14.Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçının qanuni nümayəndəsi ilə cavabdeh arasında xx.xx.2012-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən ünvan 1 ünvanında, yeni tikilmiş 10 mərtəbəli binanın iddiaçıya məxsus mansarında və binanın damında cavabdehə aid CDMA avadanlıqları və antenalarının quraşdırılması üçün qeyri-yaşayış sahəsi cavabdehə aylıq 250 manat icarə haqqı müəyyən edilməklə icarəyə verilmişdir. Sonradan tərəflər arasında 2021-ci il tarixdə cavabdehin xx.xx.2021-ci il tarixinə 24.915 manat borcunun olmasına dair üzləşmə aktı imzalanmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən hazırki vaxtadək ödənilməyən 33.915 manat məbləğində icarə haqqı borcunun və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddia tələbinin rədd edilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 15.Məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə baxmayaraq məhkəmə iddianın əsaslılığını yoxlamalıdır. İddia məhkəmə tərəfindən əsassız hesab edildiyi təqdirdə iddia müddətinin tətbiqi barədə ərizəyə də ehtiyac qalmayacaqdır. 16.Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 17.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə müvafiq olaraq, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1-ci maddəsinə müvafiq olaraq, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 700-cü maddəsinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 18.Məhkəmə iş üzrə təqdim edilmiş iddia tələblərini və tərəflərin izahatlarını qiymətləndirərək belə qənaətə gəlir ki, iddianın mahiyyətcə iki ayrı dövrü əhatə edən tələblərdən ibarət olduğu müəyyən olunur. Belə ki, iddiaçının tələbi bir tərəfdən xx.xx.2021-ci il tarixindən sonrakı dövrə aid olan ödənişlərin verilməsi, digər tərəfdən isə xx.xx.2021-ci il tarixinə qədərki dövr üzrə hesablanmış və sənədlərlə təsdiq edilmiş öhdəliklərin (24.915 manat borc) icrasını əhatə edir. 19.Məhkəmə hesab edir ki, əvvəlcə xx.xx.2021-ci il tarixindən sonrakı dövr üzrə iddianın əsası araşdırılmalıdır. Mülki iş materiallarının ümumi məzmunundan aydın olur ki, tərəflər arasında bağlanmış müqavilə 2021-ci ilə qədər qüvvədə olmuş, lakin həmin ildən sonra faktiki münasibətlərdə öz əhəmiyyətini itirmişdir. 20.Belə ki, tərəflər arasında bağlanmış müqavilə formal baxımdan mövcudluğunu davam etdirsə də, həmin tarixdən sonra onun real təsiri və iqtisadi mahiyyəti aradan qalxmışdır. 21.Məhkəmə hesab edir ki, müqavilə münasibətləri yalnız kağız üzərində deyil, həm də tərəflərin gündəlik fəaliyyəti, davranışları və qarşılıqlı iradəsinin ifadəsi ilə mövcud olur. Əgər tərəflərdən biri müqavilə üzrə öhdəliklərini tamamilə dayandırır, digər tərəf isə uzun müddət ərzində bu öhdəliklərin yerinə yetirilməsini tələb etmirsə, bu halda artıq müqavilənin real qüvvəsindən danışmaq mümkün deyil. 22.Məhkəmə qeyd edir ki, mülki işin materiallarından aydın olur ki, cavabdeh 2021ci ildən etibarən müqavilə üzrə əsas öhdəliklərini, yəni müntəzəm ödənişlərin həyata keçirilməsini və avadanlıqlardan təyinatı üzrə istifadəni tamamilə dayandırmışdır. Avadanlıqlar fiziki olaraq cavabdehdə qalmış olsa da, onlar faktiki istismardan çıxarılmış, kommersiya dövriyyəsinə cəlb edilməmiş, təsərrüfat fəaliyyəti üçün istifadə olunmamışdır. Bu halda sadəcə avadanlıqların saxlanılması icarə münasibətlərinin davam etməsini təsdiq etmir. Əksinə, cavabdehin fəaliyyətini dayandırması, öhdəliklərin icra edilməməsi və ödənişlərin aparılmaması müqavilənin real həyatdakı əhəmiyyətini tamamilə itirdiyini göstərir. 23.Məhkəmə həmçinin nəzərə alır ki, müqavilə münasibətlərinin davam etməsi üçün təkcə bir tərəfin formal mövqeyi kifayət deyil, bunun üçün hər iki tərəfin qarşılıqlı iradəsi tələb olunur. İddiaçı da 2021-ci ildən sonra uzun müddət ərzində öhdəliklərin icrasını tələb etməmiş, nə yazılı xəbərdarlıq göndərmiş, nə də ödənişlərin bərpası istiqamətində hər hansı praktiki addım atmışdır. Bu “susqunluq” tərəflərin münasibətlərinin faktiki olaraq xitam tapdığını bir daha təsdiqləyir. Məhkəmə üçün əhəmiyyətli olan məhz budur ki, tərəflərin davranışları bir-birini tamamlayaraq müqavilənin yalnız formal şəkildə mövcud olduğunu, lakin onun real hüquqi nəticələr doğurmadığını ortaya qoyur. 24.Beləliklə, xx.xx.2021-ci ildən sonrakı dövr üzrə müqavilə münasibətləri nə hüquqi, nə də iqtisadi məzmunda davam etməmişdir. Müqavilənin formal mövcudluğu tərəflər üçün yeni öhdəliklər yaratmır və ödəniş tələbinə əsas ola bilməz. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixindən sonrakı dövr üzrə irəli sürülmüş iddia tələbi əsassız olduğundan rədd edilməlidir. 25.Bununla yanaşı, məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, əgər müqavilə predmeti olan avadanlıqların saxlanılması ilə bağlı iddiaçıya hər hansı faktiki (maddi) ziyanın deyməsi sübuta yetirilərsə, İddiaçı həmin tələbi ayrıca məhkəməyə irəli sürmək hüququnu saxlayır. 26.Məhkəmə iddia tələbinin xx.xx.2021-ci il tarixinə qədərki dövr üzrə hesablanmış icarə haqqı, yəni 24.915 manat borc məbləği ilə bağlı qeyd edir ki, həmin borc "xxxx" MMC ilə Qanuni nümayəndə arasında imzalanan xx.xx.2021-ci il tarixli üzləşmə aktı ilə təsdiqləndiyindən işin münbahisəsiz halıdır. 27.Məhkəmə qeyd edir ki, mübahisəli borcun Cavabdeh tərəfindən ödənilməsinin sübut etmə yükü cavabdehin üzərinə düşür, lakin iş materiallarından da göründüyü kimi, cavabdeh bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. 28.Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh məhkəmədə iddianın əsassız olduğuna dair hər hansı arqument (sübut) göstərə bilməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. 29.Lakin məhkəmə İddiaçı tərəfindən borc öhdəliklərin icrasını tələb etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətinin ötürülməsini və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. 30.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarından görünür ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. 31.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 32.Mülki Məcəllənin 373.2-ci müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 33.Mülki Məcəllənin 373.4-cü maddəsinə əsasən, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 34.Həmin Məcəllənin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 35.İddia müddəti ilə bağlı müddəalar Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində nəzərdə tutulmuşdur. 36.Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. 37.Beləliklə, məhkəmə İddiaçı Cavabdehnə qarşı «pul» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. 38.Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 39.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 40.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 41.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 42.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 43.Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı «pul» tələbinə dair iddia ərizəsi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar