Məhkəmə qərarları › İş №e-2(006)-2888/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2888/2025

05.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2888/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı "əmrin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı "əmrin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2025ci il tarixli barəsində töhmət intizam tənbehinin tətbiq edilməsi barədə qanunsuz və əsassız əmrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Bakı şəhəri üzrə Təhsil İdarəsi xx.xx.2025-ci il tarixdə barəsində intizam tənbehinin tətbiq edilməsi barədə əmr qəbul etmiş, ona töhmət elan edilmişdir. Bildirir ki, həmin əmr qanunsuz və əsassızdır. Qəti şəkildə həmin əmrlə razılaşmır. Həmin əmrdə qeyd olunmuşdur ki, guya o aqressiv davranış nümayiş etdirmiş, guya tez-tez şagirdləri danlamış, qışqırmış və Ayxan adlı şagirdə münasibətdə nöqsana yol vermişdir. Bildirir ki, bunların hamısı yalan və böhtandandan ibarətdir. Onun 37 ildən artıq stajı var, nə hikmətdisə məktəbilərinə yeni direktor gəldikdən sonra onda nöqsanlar artmağa başlamışdır. Əlavə olaraq bildirir ki, qeyd olunan sinifdə ümumiyyətlə Ayxan adlı şagird yoxdur. Bütün bunların hamısı yeni təyin olunan direktorun onu vəzifədən uzaqlaşdıraraq öz adamını gətirmək istəyi ilə bağlıdır. Qeyd edir ki, o, Yeni Azərbaycan Partiyasının üzvü, 20 ildən artıq 8 saylı, Binəqədi 1-ci seçki dairəsi 32 saylı məntəqə sədri, məktəbdənkən ar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı, habelə şəhid nəvəsidir. Əlavə olaraq o, İddiaçı Binəqədi rayon 135 saylı orta məktəbdə 1988-ci ildən laborant kimi, 1989-cu ildən isə əmək və rəsmxətt müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. Həmin orta məktəbdə artıq 27 ildir ki, tərbiyə işləri üzrə direktor müavini (hazırki, sinifdən xaric və məktəbdən kənar işlər üzrə) kimi fəaliyyət göstərir. Hazırda onun ümumi pedaqoji stajı 37 ildən artıqdır. 20 ildən artıq 8 saylı, Binəqədi 1-ci seçki dairəsi 32 saylı məntəqə sədridir. Həm prezident, parlament, həm də bələdiyyə seçkilərində vəzifələrini layiqincə icra etmişdir. İşlədiyi müddət ərzində tutuğu vəzifənin öhdəsindən layiqincə gəlmişdir. xx.xx.2022-ci il tarixdə Binəqədi rayon 135 saylı orta məktəbə yeni təyin olunmuş direktor Şəfa Qurbanova ilə münasibətləri onun təyin olduğu gündən iddiaçıya qarşı qərəzli hərəkətləri nəticəsində pozulduğu üçün 3 il öncə bir dəfə də direktordan şikayət etmişdir. Şikayətindən sonra direktorun ona qarşı psixoloji təzyiqi-mobbinqi səngimişdir. Lakin 2025-ci ilin əvvəllərindən yenidən direktor Şəfa Qurbanova iyerarxik münasibətlərin gücündən istifadə edərək iş şəraitini dözülməz hala gətirərək onu normal iş mühitindən uzaqlaşdırmağa çalışır. Bu isə mobbinq olmaqla birbaşa qanunvericiliyə ziddir. Bir daha xatırladır ki, direktor Şəfa Qurbanova ona gəldiyi gündən bildirmişdir ki, onunla bir kollektivdə işləmək istəmir. O əvvəlki vaxtlar da, onun sözlərinə əhəmiyyət verməsə də, sonradan onun şər-böhtan xarakterli sözləri və hərəkətləri məsələnin ciddiyyətini anlatmışdır. Direktorun ona qarşı olan mobbinqi, psixoloji təzyiqi aşağıdakı qanunsuz hərəkətlər nəticəsində baş verir: 1. 23 ildən çoxdur ki, YAP üzvü olmağına baxmayaraq onu işdən çıxarmaq üçün müxalifətçilikdə ittiham edir 2. Vəzifə səlahiyyətlərindən suiistifadə edərək müəllimləri şirin dillə, bu alınmadıqda isə işi ilə bağlı gözdağı verməklə ona qarşı aktlar imzalamağa məcbur edir 3. Ondan tez-tez Bakı şəhər Təhsil İdarəsinə təqdimatlar göndərir. Bu günə kimi barəsində 13 akt tərtib etmişdir- heç birinin qanuni əsası və sübutu yoxdur 4. Onun başqa müəllimlərlə yazışmalarını və səs yazılarını dinləyir- halbuki Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır- öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Vəzifə funksiyalarını yerinə yetirməyə imkan vermir- Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçının əmək funksiyası nədir? Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı ümumi təhsil müəssisələrində şagirdlərin tərbiyəsinə rəhbərlik edir, onların milli-mənəvi dəyərlər əsasında formalaşmasını, hüquq və sosial məsuliyyətlərinin inkişafını təmin edir. Bu vəzifə yüksək məhsuldarlıqla komanda işi təşkil etməyi, müasir təlim-tərbiyə metodlarını və pedaqoji elmin nailiyyətlərini tətbiq etməyi, təhsil qanunvericiliyini dərindən bilməyi tələb edir. Təşkilatçı müəllimlər, valideynlər və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq edərək şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, tədris və tərbiyə prosesinin keyfiyyətinin artırılması, eləcə də məktəb daxilində sağlam korporativ mühitin formalaşdırılmasına yönəlmiş fəaliyyətlər həyata keçirir. “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli qərarında ümumtəhsil müəssisələrində fəaliyyət göstərən məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçıməktəbin əsasnaməsinə uyğun olaraq məktəbdə tərbiyə işinə rəhbərlik edir. Müəllimlərin, psixoloqların, tərbiyəçilərin, uşaq birliyi təşkilatının, sinif, dərnək rəhbərlərinin, valideynlərin, ictimai təşkilatların, şagird özünüidarə orqanlarının və hüquq-mühafizə orqanlarının köməyi ilə şagirdlərin tərbiyə işini təşkil edir. O, gənclərin milli-mənəvi, əxlaqi dəyərlər zəminində formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, çağırışaqədərki hazırlığına, fiziki inkişafına və bədii-texniki yaradıcılığına, turizm, diyarşünaslıq və ekskursiya məsələlərinə rəhbərlik edir. Müvafiq tədris müəssisələri, yaradıcılıq ittifaqları, idarə və təşkilatlarla əlaqə yaradır, birgə kütləvi tədbirlər keçirir. Bununla yanaşı, təhsil alan uşaqlar arasında hüquq pozuntuları və cinayətkarlıq hallarına qarşı genişmiqyaslı profilaktik işin təşkilini və ona rəhbərliyi təmin edir. Ümumilikdə, təşkilatçı yüksək produktivliklə komanda işini və məktəbin inkişaf etdirilməsi zəruri olan sahələrini müəyyən edərək nəticəyönümlü fəaliyyəti təşkil etməlidir. Müəllimlər, sinif rəhbərləri və psixoloqla sıx əməkdaşlıq, valideyn və şagirdlərlə müntəzəmgörüşlər keçirmək, rəhbərliyin qərarına əsasən məktəbi müxtəlif tədbirlərdə təmsil etmək və il ərzində fəaliyyət planına uyğun məktəbdaxili tədbirlərin təşkilində iştirak etmək təşkilatçının əsas öhdəlikləridir. Həmçinin müxtəlif plan və proqramların hazırlanmasında iştirak etmək və prosesə rəhbərlik etmək, müəllimlərin peşəkar inkişafı üçün imkanlar müəyyən etmək, şagirdlərdə həyati bacarıqların inkişafı üçün yeni yanaşmalar tətbiq etmək və yerli və beynəlxalq təcrübələri araşdıraraq onları məktəbə inteqrasiya etmək, məktəb daxilində sağlam və korporativ mühitin yaradılmasında fəal iştirak təşkilatçıdan gözlənilən fəaliyyətlərdir. Bundan əlavə məktəb direktorunun 35 nömrəli, xx.xx.2025-ci il tarixli vəzifə bölgüsü barədə əmrindən görünür ki, onun vəzifə aşağıdakılardır: 1. Məktəbdə tərbiyə işlərinə rəhbərlik etmək 2) Şagirdlərin tərbiyə işini təşkil etmək 3) Şagirdlərin milli adət-ənənələr və vətənpərvərlik ruhunda tərbiyə olunmasını təşkil etmək 4) Yaradıcılıq müəssisələri, digər təhsil müəssisələri və təşkilatlarla əlaqə yaratmaq 5) Şagirdlərin asudə vaxtını keçirməsi üçün tədbirlər hazırlamaq və həyata keçirmək 6) Şagirdlər arasında hüquq pozuntuları, cinayətkarlıq hallarına qarşı profilaktik işə rəhbərlik etmək 7) Siniflərdə sinif şagirdlərinin davamiyyətinə mütəmadi nəzarət etmək 8) Davamiyyəti zəif olan şagirdlərlə iş aparmaq, tədris prosesində şagirdlərin dərsdə iştirakını təmin etmək 9) Məktəbdə təhsil alan şagirdlərin valideynləri ilə məktəb arasında əlaqə qurmaq 10) Şagirdlərin qəbul edilməsi və yola salınmasına nəzarət etmək. Lakin məktəb direktoru özünün imzaladığı bu əmrə və Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasının tələblərinə riayət etməyərək ona Whatsapp-dan eyni ilə bu cür yazır: “Müəllimə, siz siniflərə dərs vaxtı niyə daxil olursunuz?” İddiaçı da cavabında yazmışdır ki, “dərs vaxtı mən şagird olmayan siniflərə davamiyyəti yoxlamaq üçün girmişəm”. O da iddiaçıya cavabında yazmışdır ki, “öz vəzifənizlə məşğul olun, sizin işiniz qapıda davamiyyəti yoxlamaq, uşağı qəbul edib, yola salmaq, şagirdin tənəffüs zamanı vəziyyətini, növbətçiliyini təşkil etməkdir”. Bidirir ki, o sinifə daxil olmadan şgirdlərin davamiyyətini necə yoxlaya bilər? Bildirir ki, sinifə daxil olmadan hansı şagirdi dərsdən yayınıb-yayınmayıb -bunu müəyyən etmək mümkün deyilo sinifə daxil olanda heç zaman normal dərsin gedişatını, təbii axarını pozmamışdır. 6. Ona aid olan işləri dərs hissə müdiri-“Zauç” (direktor müavini) Xanım Mollayevaya tapşırırnə üçün onun vəzifələrini başqası yerinə yetirməlidir? 7.Texniki işçiləri onun üzərində “nəzarətçi” qoyur 8.Şagirdləri valideynlər üzərindən manipulyasiya edərək səsini yazmağa təşviq edir, valideynləri üstünə qaldırır-məqsədi onu gözdən salaraq işdən çıxarma planını reallaşdırmaqdır. 9.Cavan müəllimlərə dərnək, son yaş həddinə çatmış yaşlı müəllimlərə gələn il iş vədi verərək öz tərəfinə çəkərək ona qarşı cəbhə yaradır- məsələn, 24 saat dərsi olan bir müəllimin əlavə dərnəyə nəyə görə ehtiyacı olsun-amma onların direktor belə addımlar atır. 10.Məktəbdə çoxsaylı boş otaqlar olsa da praktikantları qəsdən onun otağına göndərir. 11.27 ildir oturduğu otaqdan onu çıxardaraq otağını dərs hissə müdirinə verdi. O buna etiraz etmədi. İndi isə ona verdiyi yeni otaqdan onu “didərgin” salmağa çalışır 12.Direktor Whatsapp-da müəllim qrupu yaradıb, amma orada inzibatçı-admin deyiləm- yəni təşkilatçı olmağına baxmayaraq qrupda yazılanları oxuya bilir, amma fikir bildirə, sözümü deyə bilmir. Öz vəzifələrini heç cür icra etməyə imkan vermir. 13.Müəllimlərə şagirdlərin tərbiyə işi ilə əlaqədar tapşırıq verəndə, direktor onları çağırıb deyir ki, Şəfiqə müəllimənin dediklərinə fikir verməyin və heç bir tapşırığını icra etməyin 14.Direktor onu öz otağına buraxmır. Başqa müəllimlərə deyir ki, guya iddiaçı onun otağına dua atmış, cadu-piti edir. Bir Azərbaycan müəlliminə, direktora yaraşan bir düşüncə tərzidir bu? 15. Direktor ona yaxınlaşmağına icazə vermir, deyir ki, nə sözün varsa, müavinə de. Bu mobbinq deyilmi? Mobbinq deyilsə nədir? Digər müəllimlərə münasibətdə məktəbdə ona qarşı ayrıseçkilik olunur. Halbuki Əmək Məcəlləsinə əsasən, işçilərə qeyribərabər münasibət, ayrıseçkilik etmək qadağandır. 16. O, direktorla ancaq Whatsappda danışa bilir. Orada da çox vaxt onu bloka atır. Təzədən çıxarır. Orada onunla danışmasına səbəb çox güman ki, əleyhinə sübutlar yığmasıdır. 17. Məktəbin “Facebook” səhifəsindən də onu uzaqlaşdırmışdır. Halbuki əvvəllər Facebook səhifəsini məktəb adından o işlədirdi. İndisə tərbiyə işləri ilə əlaqədar heç bir paylaşım edə bilmir. Halbuki məktəb müəllimi kimi onun da orada əvvəlki qaydada paylaşım etmək hüququ olmalıdır. Əks halda məktəbin tərbiyə işləri barədə maarifləndirmə işlərini necə apara bilər ? Göründüyü kimi burada da direktor ona mobbinq tətbiq edir 18. Direktor məktəbə komissiya gələn kimi, yalandan deyir ki, guya hamı ilə küsülüdür, heç kimlə yola getmir.

19. Direktor ona dəfələrlə demişdir ki, “sən nə qədər burdasan, mən rahat işləyə bilmirəm”- Bu sözün özü belə ona dəlalət edir ki, direktor onu 37 ildir işlədiyi işindən uzaqlaşdırmağa çalışır. 20.Şəhid ailələrinə münasibətdə onu işdən qovmaq üçün günahlandırır. Çünki bilir ki, şəhidlər xalqımızın həssas, yaralı yeridir. Ona “sən bunu etməmisən, onu etməmisən” deyir. İddiaçıya deyir ki, “sən şəhid ailələrini məktəbə dəvət etməmisən və sair”. Halbuki o hər sinif otağını bir şəhidin xatirəsinə adlandırmışdır. Şəhid məzunlarının xatirəsinə tədbirlər keçirmişdir. Öz otağında onlara guşə ayırmışdır. Şəhid bulaqlarının açılışında iştirak etmişdir. Dəfnlərdə də iştirak etmişdir. Şəhid ailələrinin evlərinə də getmişdir. İddiaçı şəhid nəvəsidir, babası Feyziyev Eniş Əliş oğlu- X1 şəhid olmuşdur. O heç vaxt onlara biganə ola bilmər. Vəzifə səlahiyyətləri daxilində həmişə onları ehtiramla yad edir. Ancaq direktor onu əsassız olaraq etinasızlıqda, onlara hörmətsizlik etməkdə günahlandırır və bunu müəllimlər otağında hər kəsin yanında aşkar deyir. 21. Fizuli rayon məktəblərindən birinin direktoru olan yoldaşı şəhid olmuş bir xanım var. 7A sinfindən X2 anasıdır. Tahir adlı həmin şagirdə “get jurnalı” gətir dediyinə görə, direktor həmin şagirdin anası olan direktor xanımı və uşağı ondan şikayət etməyə təşviq etmişdir. Uşağın izahatı alınan zaman müəyyən olunmuşdur ki, heç bir qanun pozuntusuna yol verməmişdir. 22. Müəllimlərə yazdırıb imzaladığı aktlarda qeyd olunmuş əsassız fikirlərin heç bir sübutu yoxdur. Şər-böhtandan başqa bir şeyil deyil. Əgər əllərində hər hansı bir sübut varsa buyurub təqdim etsinlər. Tərtib olunan 13 aktın bir səbəbi vardirektorun 3 ildir çatmaq istədiyi niyyəti reallaşdırmaq-onu işdən çıxarmaq-kənarlaşdırmaq. Bundan əlavə bildirmək istəyir ki, 2024-cü ilin oktyabr ayında ona verilən yazılı xəbərdarlıqdan da Bakı şəhər üzrə Təhsil İdarəsinin məktublarında tanış olmuşdur. Heç o xəbərdarlıqdan da xəbəri yox idi. Hətta direktor ona dözülməz iş şəraiti yaratdığı üçün yerdəyişmə barədə ərizə yazaraq iş yerinin Binəqədi rayonu ərazisində digər məktəbə dəyişilməsini xahiş etdi, lakin bu xahişi də havada qaldı. Daha sonra Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, 135 nömrəli məktəbin 7 “a” şagirdinin valideyni Firuzə Alızadə tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış şikayət ilə bağlı araşdırılma aparılmış və həmin təhsil müəssisəsinin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təkilatçısı İddiaçı şagird ilə münasibətdə tərəfindən kobud davranışa yol verdiyindən və “Təhsilverənlərin etik davranış Qaydaları”nın 2.4-cü və “Ümumi təhsil haqqında AR Qanunu”nun 23.3.5-ci, 23.3.8-cü, 23.3.9-cu maddələrinin tələblərinin pozulması səbəbi ilə töhmət növündə intizam tənbehi verilmişdir. İddiaçı öz iddia ərizəsində bildirmişdir ki, Bakı Şəhəri ürzə Təhsil İdarəsi və məktəb direktoru qərəzli olaraq onu işdən uzaqlaşdırmaq və yerinə başqa işçi götürmək məqsədilə ona intizam tənbehi vermişdir. Qeyd edirlər ki, məktəbdə araşdırma valideynin şikayəti əsasında başlanılmışdır. İddiaçı işəgötürəni Bakı Şəhəri ürzə Təhsil İdarəsidir, məktəb direktorunun onu işdən azad etmək səlahiyyəti yoxdur. İddia ərizəsi tamamilə direktor ilə müəllim arasında olan şəxsi münasibətlərdənşikayətdən ibarətdir. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır (AR ƏM maddə 189.3). Həmçinin qeyd olunmalıdır ki, 2024cü ilin oktyabr ayında İddiaçı “Təhsilverənlərin etik davranış Qaydaları”nı pozduğuna görə şifahi xəbərdarlıq verilmişdir. Buna baxmayaraq, 4 ay sonra iddiaçı aldığı intizam tənbehindən nəticə çıxarmamış və təkrar nöqsanlara yol vermişdir. İddiaçı özü öz ərizəsində etiraf etmişdir ki, Tahir adlı şagirdi sinif jurnalı dalınca göndərmiş və şagird jurnalı tapmayanda onun üstünə acıqlanmış və sonradan könlünü almışdır. Yuxarıda göstərilənlər araşdırma zamanı toplanmış materiallarla öz təsdiqin tapır və bir daha aydın olur ki, İddiaçı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə qarşı iddia tələbləri tam əsassızdır və bu səbəbdən onun iddia ərizəsi məhkəmə tərəfindən təmin olunmamalıdır.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd edilən iddia ərizəsinin məzmununda izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin nümayəndəsi X5 etiraz ərizəsinə uyğun izahat verərək, iddia rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: -9 “A” sinif şagirdi Yetər İdrisovanın anası Fərqanə İdrisova tərəfindən 135 nömrəli məktəbin direktoru Şəfa Qurbanovaya ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Yetər İdrisovanın anası qızının Şəfiqə müəllimə tərəfindən dəfələrcə təhqirə məruz qaldığını bildirmiş, övladı Yetər haqqında təşkilatçı Şəfiqə Müəllimənin telefonunda saxladığı şəkil və videoların araşdırılması xahiş edilmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Ə.Şıxlinski adına 135 nömrəli tam orta məktəbin xx.xx.2025-ci il tarixli təqdimatından görünür ki, Zeynalova məktəbdə iş mühitini pozmaqla, istənilən sinfə daxil olub, hansısa şagirdi dərsdən çıxarmış, bu şagirdləri ona məlumat çatdırması üçün öz əməllərinə alət etmişdir. Cari tədris ilində, 2024-cü ilin oktyabr ayında, Bakı Şəhər üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı həm kollektivə münasibətinə, həm də birbaşa risk qrupuna daxil olan şagirdə qarşı qeyri-etik danışıqlarına görə xəbərdarlıq edilmişdir. Şagird təhlükəsizliyi, sağlam təhsil və iş mühiti təkcə ətraf mühitlə deyil, sağlam əqidəli, sağlam psixoloji durumuolan müəllimlərlə işin təşkilinə də aiddir. Hesab edir ki, belə halda şagirdlər təhlükədədir. Məktəbin məhkəmədənkənar və sinifdənxaric işləri üzrə təşkilatçısı İddiaçı haqqında müvafiq tədbirlərin görülməsinin təmin edilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə daxil olan şikayətin araşdırılması və nəticələri ilə bağlı xx.xx.2025-ci il tarixli, psixoloq Aysel Novruzova tərəfindən təsdiqlənmiş arayışın surətindən görünür ki, ümumi müşahidələr göstərir ki, məsələ təkcə bir müəllim və birgə şagird arasındakı insidentlə məhdudlaşmır. Məktəb daxilində rəhbərlik-müəllim və müəllimlərarası münasibətllərin gərgin olduğu, qarşılıqlı anlaşmanın zəif olduğu və konfliktlərin idarə olunmadığı bir mühit formalaşıb. Bu problemlərin həlli üçün sistemli yanaşma və psixoloji işin aparılması vacibdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, №3-29-59/3-2-102 F/2025 saylı “intizam tənbəhinin tətbiq edilməsi” barədə əmri ilə Bakı şəhəri 135 nömrəli tam orta məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı töhmət verilməsi, hüquq, kargüzarlıq və vətəndaşlarla iş sektoru (Türhan Quliyev) bu əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq, çatdırılmasını təmin etməsi, əmrin icrasına nəzarətin müdir müavini Xəyalə Əhmədzadəyə həvalə edilməsi əmr edilmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhəri 135 nömrəli tam orta məktəbin direkoru Şəfa Qurbanovaya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Şəfa Qurbanovaya və məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı məktəbdə əmək kollektivinin üzvləri arasında sağlam mühitin yaradılması, qorunub saxlanılması və mənəvi-psixoloji durumun normallaşdırılması istiqamətində zəruri tədbirlərin görülməsi tapşırılmışdır. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhəri 135 nömrəli tam orta məktəbin direkoru Şəfa Qurbanovaya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Şəfa Qurbanovaya və məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı İddiaçı məktəbdə əmək kollektivinin üzvləri arasında sağlam mühitin yaradılması, qorunub saxlanılması və mənəvi-psixoloji durumun normallaşdırılması istiqamətində zəruri tədbirlərin görülməsi tapşırılmışdır. - 135 nömrəli tam orta məktəbin direkoru və müəllimləri tərəfindən təsdiq edilmiş 05 mart tarixli, 4№-li aktın surətindən görünür ki, məktəbin müəllimləri –M.Gülşən, Ə.Natavan, M.İradə və M.Fənarənin şifahi xəbərdarlıq edilməsi qərara alınmışdır. - Bakı şəhəri 2 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/2/-0239/2025 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki,xx.xx.2025-ci il tarixdə, saat 15:00-da keçirilən ilkin mediasiya sessiyasında hər iki tərəf iştirak etmişdir. İlkin mediasiya xərci olan 60 manat məbləğ iddiaçı tərəfindən ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı 135 nömrəli məktəbdə əmək və rəsm-xətt müəllimi vəzifəsində işlədiyi dövr ərzində 2024-cü ilin oktyabr ayında ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3cü bəndinə əsasən şifahi xəbərdarlıq, 27 fevral 2025-ci il tarixdə isə tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 3-29-59/3- 2102F/2025 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Töhmət barədə əmrin verilməsinin əsasını “Təhsilverənlərin etik davranış qaydaları”nın 2.4 və 2.6-cı bəndləri, “Ümumi təhsil haqqında AR Qanunu”nun 23.3.5-ci, 23.3.8-cü, 23.3.9-cu maddələri təşkil etmişdir. Hazırda iddiaçı Ümumi təhsil haqqında AR Qanunu”nun 23.3.5-ci, 23.3.8-cü, 23.3.9-cu maddələri təşkil etmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək Bakı Şəhəri ürzə Təhsil İdarəsi və məktəb direktoru qərəzli olaraq onu işdən uzaqlaşdırmaq və yerinə başqa işçi götürmək məqsədilə ona intizam tənbehi verdiyini bildirmiş və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2025ci il tarixli qanunsuz və əsassız əmrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq iddianın rədd edilməsini xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən edən İİİ fəslinə əsasən hər kəsin əmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ, İİ, Vİİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 10-cu maddəsinə görə işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisə daxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir. Həmin Məcəllənin 292.2-ci maddəsinin tələblərinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Həmin Məcəllənin 186-cı maddəsinə əsasən 1. işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 2. işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 3. işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 4. işəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Həmin Məcəllənin 187-ci maddəsinə əsasən 1. intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 2. intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 3. intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. 4. idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli KQ-07 nömrəli Qərarı ilə təsdiq edilmişdir “Təhsilverənlərin etik davranış Qaydaları”nın: 2.4. Mədəni davranış: 2.4.1. təhsilverən təhsil prosesinin iştirakçıları ilə davranışında nəzakətli və təmkinli olmalıdır; 2.4.2. təhsilverən xidməti fəaliyyəti ilə əlaqədar iradlara, tənqidi fikirlərə hörmətlə yanaşmalı və onları dəyərləndirməlidir; 2.4.3. təhsilverənin xarici görkəmi və geyimi çalışdığı təhsil müəssisəsinin daxili nizamintizam qaydalarına uyğun olmalıdır. “Ümumi təhsil haqqında AR Qanunu”nun: Maddə 23. Ümumi təhsil sahəsində təhsilverənlərin hüquq və vəzifələri 23.3.5. ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək; 23.3.8. etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq; 23.3.9. təhsilalanları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq və zərərli vərdişlərdən çəkindirmək, təhsilalanların təhlükəsizliyinin və sağlamlığının mühafizəsində iştirak etmək; Məhkəmə iddiaçının 27 fevral 2025-ci il tarixli, 3-29-59/3-2-102F/2025 saylı “intizam tənbehinin tətbiq edilməsi” barədə əmrinin ləğv edilməsi tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, işdə olan sübutlar əsasında təsdiq olunur ki, 135 nömrəli məktəbin 7 “a” şagirdinin valideyni Firuzə Alızadə tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış şikayət ilə bağlı araşdırılma aparılmış və həmin təhsil müəssisəsinin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təkilatçısı İddiaçı şagird ilə münasibətdə tərəfindən kobud davranışa yol verdiyindən və “Təhsilverənlərin etik davranış Qaydaları”nın 2.4-cü və “Ümumi təhsil haqqında AR Qanunu”nun 23.3.5-ci, 23.3.8-cü, 23.3.9-cu maddələrinin tələblərinin pozulması səbəbi ilə töhmət növündə intizam tənbehi verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı məktəb direktoru qərəzli olaraq onu işdən uzaqlaşdırmaq və yerinə başqa işçi götürmək məqsədilə ona intizam tənbehi verdiyini qeyd etsə də, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, məktəbdə araşdırma valideynin şikayəti əsasında başlanılmışdır. Həmçinin, nəzərə alınmalıdır ki, İddiaçı birbaşa işəgötürəni 135 nömrəli məktəbin direktoru deyil, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Bakı Şəhəri üzrə Təhsil İdarəsidir. Bu hal özü-özlüyündə məktəb direktorunun iddiaçını işdən azad etmək və ya onunla əmək münasibətlərini ləğv etmək səlahiyyətinin olmamasını bir daha təsdiqləyir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, hələ 2024-cü ilin oktyabr ayında İddiaçı eyni pozuntularla əlaqədar olaraq şifahi xəbərdarlıq verilmişdir. Bu xəbərdarlıq əmək intizamının pozulması ilə bağlı ilkin xəbərdarlıq xarakteri daşısa da, iddiaçı sonrakı fəaliyyətində bu xəbərdarlıqdan nəticə çıxarmamış, eyni və ya oxşar pozuntulara bir daha yol vermişdir. Bu isə, Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq təkrar pozuntu hesab edilərək töhmət verilməsi üçün hüquqi əsas yaratmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Beləliklə, istinad edilən hüquq normalarının hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı "əmrin ləğv edilməsi" tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı "əmrin ləğv edilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar