Məhkəmə qərarları › İş №e-2(006)-2914/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2914/2022

06.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2914/2022 06.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdehnə və X3 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi, müqavilə öhdəliklərinin yerinə yetirilərək, müqavilədə nəzərdə tutulmuş mənzilin boşaldılaraq faktiki sahiblik və istifadəyə verilməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilərək, müqavilədə nəzərdə tutulmuş mənzilin faktiki sahiblik və istifadəyə verilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh şirkət arasında bağlanmış 18 noyabr 2008-ci il tarixli “Kooperativ mənzil tikinti haqqında” 87 saylı müqaviləyə əsasən Cavabdeh MTK Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanda inşa edəcəyi yaşayış binasının İ giriş, İV mərtəbəsindəki, sahəsi 151 kv.m olan 9 saylı mənzili inşa edərək iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Həmçinin, MTK tərəfindən verilmiş 23 saylı maliyyə arayışı ilə də müəyyən edilmişdir ki, iddiaçının Cavabdeh MTK-nə borcu yoxdur. İddiaçının aldığı mənzil uzun müddət ərzində onun sahibliyində olmuş, yəni həmin mənzilə ara-sıra gedib gəlmişdir. Həmçinin, mənzilin qapısı da iddiaçı tərəfindən dəyişdirilmişdir. Lakin iddiaçı ona məxsus mənzilə müəyyən müddət ərzində gedib gələ bilməmiş, bir neçə ay bundan əvvəl isə ona məxsus qeyd olunan mənzilə gedərkən mənzilin qapısının açarının dəyişdirildiyinin şahidi olmuşdur. İddiaçı tərəfindən Cavabdeh MTK-nin rəhbərliyinə müraciət edilərək, aldığı mənzlin onun sahiblik və istifadəsinə verilməsinin (mənzilin açarının ona verilməsinin) təmin edilməsini xahiş etsə də, müraciətinə müsbət cavab verilməmişdir. Bundan sonra, iddiaçı tərəfindən 12 aprel 2022-ci il tarixli pretenziya ilə Cavabdeh MTK-nə müraciət edilərək, şirkət tərəfindən inşa edilmiş və aralarında bağlanmış müqaviləyə əsasən əldə etdiyi Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvandakı binanın İ giriş, İV mərtəbəsindəki, sahəsi 151 kv.m olan 9 saylı mənzilin 03 (üç) gün ərzində onun sahiblik və istifadəsinə verilməsi, eləcə də həmin mənzilin açarının iddiaçıya təqdim edilməsinin təmin edilməsi təklif edilmiş, əks halda mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı bildirilmişdir. Cavabdeh şirkət tərəfindən iddiaçının müraciətinə cavab verilməmişdir. Cavabdeh MTK ilə iddiaçı arasında bağlanmış müqavilənin 2.2 və 2.3-cü bəndlərinə əsasən cavabdeh şirkət qeyd olunan ünvanda yaşayış binasını inşa etməyi, binanın İ giriş, İV mərtəbədəki 9 saylı mənzili sonuncuya təhvil verməyi öhdəsinə götürmüşdür. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Qeyd olunan qanunvericilik normasına əsasən iddiaçı aldığı mənzil üzərində mülkiyyət - sahiblik və istifadə hüququ əldə etmişdir. Cavabdeh təşkilat müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, iddiaçıya məxsus mənzili onun sahiblik və istifadəmə verməmişdir. Qeyd olunanlara əsasən iddiaçı ilə cavabdeh şirkət arasında bağlanmış 18 noyabr 2008-ci il tarixli “Kooperativ mənzil tikinti haqqında” 87 saylı müqaviləyə əsasən iddiaçının əldə etdiyi Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanda Cavabdeh MTK tərəfindən inşa edilmiş binanın İ giriş, İV mərtəbəsindəki, sahəsi 151 kv.m olan 9 saylı mənzilə onun pay hüququm tanınaraq, həmin mənzilin iddiaçının sahiblik və istifadəsinə verilməsi, mənzilin açarının sonuncuya təqdim edilməsi, eləcə də mənzildə təmir işlərinin başlanmasına şərait yaradılması vəzifəsinin Cavabdeh MTK-nə həvalə edilməsinə və həmin mənzilə iddiaçının sahiblik hüququnun həyata keçirilməsinə Cavabdeh MTK tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, göstərmişdir ki, 20 iyun 2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh MTK-nin nümayəndəsi tərəfindən məhkəməyə X4 ilə cavabdeh Şirkət arasında bağlanmış 24 aprel 2013-cü il tarixli, 203 saylı müqavilə, eləcə də Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış təqdim edilmişdir. Qeyd olunan sənədlərin mövcudluğu barədə həmin vaxt məlumat əldə etmiş, eləcə də həmin sənədlərin surətləri ona 20 iyun 2022-ci il tarixdə təqdim edilmişdir. Hesab etmişdir ki, Cavabdeh MTK ilə cavabdeh X4 arasında bağlanmış 24 aprel 2013-cü il tarixli, 203 saylı müqavilənin etibarsız hesab edilməsinə, eləcə də həmin müqavilə əsasında ünvan 2 ünvanındakı 9 saylı mənzilə dair cavabdeh X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2021-ci il tarixli qeydiyyat yazısının (müvafiq Çıxarışın) ləğv edilməsinə dair qətnamə qəbul edilməlidir. Belə ki, Cavabdeh MTK ilə cavabdeh X4 arasında bağlanmış 24 aprel 2013-cü il tarixli, 203 saylı müqavilə qanunvericliyin tələblərinə uyğun olmadığından etibarsızdır və həmin müqavilənin hər hansı bir hüquqi qüvvəsi yoxdur. Çünki, həmin mənzillə bağlı yeni müqavilə bağlanılmazdan əvvəl iddiaçının razılığı alınmalı idi. Göstərilənlərə əsasən Cavabdeh MTK ilə cavabdeh X4 arasında bağlanmış 24 aprel 2013-cü il tarixli, 203 saylı müqavilənin etibarsız hesab edilməsinə, eləcə də həmin müqavilə əsasında ünvan 2 ünvanındakı 9 saylı mənzilə dair cavabdeh X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2021-ci il tarixli qeydiyyat yazısının (müvafiq Çıxarışın) ləğv edilməsinə, cavabdeh şirkətlə iddiaçı arasında bağlanmış 18 noyabr 2008-ci il tarixli “Kooperativ mənzil tikinti haqqında” 87 saylı müqaviləyə əsasən iddiaçının əldə etdiyi Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanda Cavabdeh MTK tərəfindən inşa edilmiş binanın İ giriş, İV mərtəbəsindəki, sahəsi 151 kv.m olan 9 saylı mənzilə onun pay hüququnun tanınmasına, həmin mənzilin boşaldılaraq onun sahiblik və istifadəsinə verilməsinə, mənzilin açarının iddiaçıya təqdim edilməsinə, eləcə də mənzildə təmir işlərinin başlanmasına şərait yaradılması vəzifəsinin Cavabdeh MTK-nə həvalə edilməsinə və həmin mənzilə sahiblik hüququnun həyata keçirilməsinə Cavabdeh MTK tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı S.Əliyev ilə Cavabdeh MTK arasında mübahisəli mənzilə dair 2008-ci ildə müqavilə bağlanmışdır. Sonradan İddiaçı ilə MTK-nın həmin dövrdə olan rəhbəri arasında şifahi razılaşma olmuşdur ki, bu mənzilin əvəzinə ona başqa mənzil veriləcək və hazırda mübahisəsi gedən mənzil isə üçüncü şəxsə satılacaqdır. Lakin qeyd olunan razılaşma şifahi olmuş və heç cür sənədləşdirilməmiş, həmin mənzil 2013-cü ildə Əsmər Əliyevaya satılmış, sonuncu isə 2021-ci ildə mənzilə dair çıxarış almışdır. Qeyd olunmalıdır ki, Əsmər Əliyeva mənzilin vicdanlı alıcısıdır, onun bu məsələlər barədə məlumatı olmamışdır. Həmçinin, qeyd etmişdir ki, İddiaçı onunla MTK arasında müqavilə bağlanmasına və ona maliyyə arayışı verilməsinə baxmayaraq, mübahisəli mənzilə görə faktiki olaraq pul ödəməmiş, bina tikilən zaman binanın elektrik işlərini təmin etmiş və bu mənzili ona həmin işlərin müqabilində verilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh X2 nümayəndəsi X1 iddia ərizəsinə etirazını bildirərək göstərmişdir ki, qızı X4 ilə mübahisəli mənzilə dair alqı-satqı müqaviləsini bağlayan zaman həmin mənzilin əvvəl Cavabdeh MTK tərəfindən İddiaçı satılmasından xəbəri olmamış, xəbəri olsaydı heç vaxtı həmin mənzili almazdı. Mənzilin həmin vaxtı alqısatqı müqaviləsini bağlamış və bundan sonra müvafiq çıxarışı almışdır. Mənzilin mübahisəli olmasından xəbəri olmadığına görə, həmin mənzili qanunla müəyyən olunmuş qaydada əldə etdiyinə görə vicdanlı alıcı hesab olunmalıdır. Mənzildə təmir işləri aparmağa təzə başlamışdır ki, səhhətində yaranmış problemlərlə əlaqədar həmin işləri yarımçıq qoymuşdur. Hazırda həmin mənzildə yaşayış yoxdur. Təmir işlərini tamamlamaq istədikdə ona MTK-dan bildirmişdilər ki, həmin mənzillə bağlı məhkəmədə mübahisə var. Göstərilənlərə əsasən iddianın rədd olunması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin materiallarında olan İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 18 noyabr 2008-ci il tarixli "xxxx" müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən MTK Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında tikiləcək binanın 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 151 kv.m olan 4 otaqlı, 9 saylı mənzili payçı İddiaçı təhvil verməyi, payçı isə mənzilin dəyərini MTK-ya ödəməyi öz öhdələrinə götürmüşlər. İşin materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş maliyyə arayışından görünür ki, İddiaçı Cavabdeh MTK-ya borcu yoxdur. İşin materiallarında olan X4 ilə Cavabdeh MTK arasında bağlanmış 24 aprel 2013cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən MTK Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında yerləşən binanın 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 151 kv.m olan 4 otaqlı, 9 saylı mənzili Ə.T.Əliyevaya təhvil verməyi, sonuncu isə bunun müqabilində 143.450 manat məbləğində pulu MTK-ya ödəməyi öz öhdələrinə götürmüşlər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat №-li Çıxarışın surətindən görünür ki, ünvan 2, mənzil 9 mülkiyyət hüququ əsasında X3 məxsusdur. İşdə olan Cavabdeh MTK-nın İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli, 76 №-li məktubun surətindən görünür ki, MTK İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 40a ünvanında yerləşən binanın 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 151 kv.m olan 4 otaqlı, 9 saylı ona məxsus olan mənzilinin 15-20 gün müddətində qara (ağır) işlərinin binanın giriş qapılarının qarşısında quraşdırılmış libyotkalardan (qaldırıcı qurğu) istifadə etməklə həyata keçirilməsini təklif etmiş, əks halda həmin avadanlıq götürüldükdən sonra mənzilin təmiri üçün gətiriləcək mal-materialları əllə (pilləkənlərlə) qaldıracağı barədə xəbərdarlıq etmişdir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2008-ci il tarixdə müqavilə bağlanaraq Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 42 ünvanında tikiləcək binanın 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 151 kv.m olan 4 otaqlı, 9 saylı mənzili payçı İddiaçı vermişdir. xx.xx.2013-cü il tarixdə göstərilən mənzilə dair Cavabdeh MTK ilə digər cavabdeh X4 arasında müqavilə bağlanmış və sonuncu həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almışdır. Hazırda isə İddiaçı cavabdehlər Cavabdeh MTK ilə Ə.Əliyeva arasında mübahisəli mənzilə dair bağlanmış müqavilənin etibarsız hesab olunması, həmçinin Ə.Əliyevanın adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması və mübahisəli mənzilin ona təhvil verilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələr). Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 157.5 – 157.7-ci maddələrinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə çağırış vərəqəsini aldığı vaxtdan götürdüyü və ya götürülməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Qeyd olunmalıdır ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli qərarında xüsusi qeyd etmişdir ki, “əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır”. Qanunverici MM-in 157.5 – 157.7-ci maddələrində zəruri şərtlərin mövcudluğu halında əmlakın, onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə edildiyi təqdirdə əldə edənin vicdanlı sahib kimi prezumpsiyasını tanıyaraq vindikasiyanın qeyrimümkünlüyünü müəyyənləşdirmişdir. Bu cür yanaşma isə əmlakın faktiki hüquqi vəziyyəti baxımından deyil, əldə edənin (vicdanlı sahibin) həmin əmlakla bağlı əşya hüququna malik olmasını tanımaqla onun müdafiəsinin təmin olunması məqsədindən irəli gəlir. Əmlakın üçüncü şəxsə keçməsində mülkiyyətçinin birbaşa və ya dolayısı iştirakının olmaması, əldə edənin (vicdanlı sahibin) əmlakla bağlı hüquqlarının yaranmasının əsasının isə onun mülkiyyətçisilə bağlanan əqddən törənən əlaqələrə söykənməməsi, onun mülkiyyətçiyə geri qaytarılmasına məhdudiyyət qoyan təminatın əqdin etibarsız hesab edilməsilə bağlı iddia ilə dəf olunmasını istisna edir. Digər tərəfdən, restitusiya etibarsız hesab olunmuş əqdlə əlaqədar əmlakın, onun iştirakçısına (tərəfə) verilməsini nəzərdə tutursa, vindikasiya özgəsinin qanunsuz sahibliyindəki əmlakın belə şəxslə əqd bağlılığı olmayan üçüncü şəxsə - mülkiyyətçiyə geri qaytarılmasını müəyyənləşdirir. Bu baxımdan əqdin etibarsız hesab edilməsilə bağlı qaydaların MM-in 157.5 – 157.7-ci maddələrinin tələblərinin nəzərə alınmadan tətbiqi vicdanlılıq faktorunun hüquqi təyinatını və əhəmiyyətini heçə endirərək mülkiyyətçiyə bu müdafiə vasitəsindən məhdudiyyətsiz istifadə etməklə nəinki ilk əqdin, habelə sonradan bağlanmış bütün əqdlərin etibarsız hesab olunması və əmlakın naturada qaytarılmasını (o, cümlədən vicdanlı sahibdən) tələb etmək imkanı yaradardı. Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, MM-nin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatına alınması çox ciddi hüquqi nəticələr yaradır. Buna görə də, dövlət qeydiyyatının aparıldığı daşınmaz əmlakın dövlət reyestrinin dəqiq və düzgün tərtib edilməsinin son dərəcə böyük əhəmiyyəti vardır. Təsadüfi deyildir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən, dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Belə yüksək tələblər şəraitində aparılan dövlət reyestrinin məlumatlarının etibarlılığına inam da olmalıdır. Məhz bu baxımdan göstərilən maddədə daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının həqiqiliyi və tamamlığı prezumpsiyası müəyyən edilmişdir. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdə aparılmış qeyd bir qayda olaraq həqiqi hesab edilir. Məhkəmə hesab edir ki, cavabdeh Ə.Əliyeva mübahisəli mənzili Cavabdeh MTKdan alqı-satqı müqaviləsi əsasında alan zaman həmin mənzillə bağlı hər hansı mübahisənin mövcudluğunu ehtimal edə bilməzdi. İddiaçı 2008-ci ildə Cavabdeh MTK ilə mübahisəli mənzilə dair müqavilə bağlaması və buna görə MTK-ya pul ödəməsi barədə iddianın dəlillərinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı cavabdeh MTK-nın hüquqazidd hərəkətləri ilə ona vurduğu ziyanın əvəzinin ödənilməsi haqqında sonuncuya qarşı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdehnə və X3 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi, müqavilə öhdəliklərinin yerinə yetirilərək, müqavilədə nəzərdə tutulmuş mənzilin boşaldılaraq faktiki sahiblik və istifadəyə verilməsi tələbi»nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdehnə və X3 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsi, müqavilə öhdəliklərinin yerinə yetirilərək, müqavilədə nəzərdə tutulmuş mənzilin boşaldılaraq faktiki sahiblik və istifadəyə verilməsi tələbi»nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar