Məhkəmə qərarları › İş №e-2(006)-2915/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2915/2023

27.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2915/2023 27.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X33 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh Bakı Xoreoqrafiya Akademiyasının nümayəndəsi Nümayəndə2, vəkilinümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı cavabdeh Bakı Xoreoqrafiya Akademiyasına qarşı «əmrlərin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Xoreoqrafiya Akademiyasına qarşı «əmrlərin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Xoreoqrafiya Akademiyasının xx.xx.2023cü il tarixli 01/50-k nömrəli və Bakı Xoreoqrafiya Akademiyasının xx.xx.2023-cü il tarixli 01/74-K nömrəli əmrlərinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixli xxxxxxx000400 nömrəli əmək müqaviləsinə əsasən Bakı Xoreoqrafiya Akademiyasına klassik rəqs fənni üzrə müəllim vəzifəsinə qəbul edilmiş və xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra cavabdeh qurumla iddiaçı arasında xx.xx.2021-ci il tarixdə xxxxxxx000500 nömrəli müddətli əmək müqaviləsi bağlanmaqla, bir neçə dəfə həmin əmək müqaviləsinin müddəti uzadılmış və sonuncu xxxxxxx000506 nömrəli əmək müqaviləsinə əsasən əmək müqaviləsinin xx.xx.2023-cü il tarixdə bitməsi nəzərdə tutulmuşdur. Bakı Xoreoqrafiya Akademiyasının hüquq məsləhətçisi Nümayəndə2 2023-cü ilin aprel ayının ilk ongünlüyündə onu otağına dəvət edərək, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə ilə bağlı izahat verməsini tələb etsə də, həmin tarixdə hər hansı bir hadisə baş vermədiyini, əgər baş vermişdirsə və ondan şikayət vardırsa, həmin şikayətlə tanış olduqdan sonra şikayətin mahiyyəti üzrə izahat verəcəyini bildirmişdir. Buna cavab olaraq Nümayəndə2 ona hər hansı bir sənəd təqdim etməyəcəyini və izahat verməyəcəyi təqdirdə onu işdən çıxartdıracağı ilə hədələdiyindən, sonuncunun hərəkətləri ilə bağlı X17 və digər aidiyyəti qurumlara şikayət etmişdir. xx.xx.2023-cü il tarixdə Bakı Xoreoqrafiya Akademiyasının ümumi şöbəsindən ona bildirilmişdir ki, akademiyanın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Nailə Məmməd- Zadənin xx.xx.2023-cü il tarixli 01/74-K nömrəli əmri ilə ona intizam tənbeh növündə “Töhmət” elan edilmişdir. Əmrin əsasları və səbəbləri barədə ona məlumat verilmədiyindən, xx.xx.2023-cü il tarixdə həmin əmrin, əmrin verilməsi üçün əsasların və barəsində aparılmış intizam icraatının materiallarını özündə əks etdirən sənədlərin təsdiq edilmiş surətinin verilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə ona mübahisələndirdiyi əmrin, tədris müəssisənin etik davranış qaydalarının, xx.xx.2023-cü il tarixli aktın və Nümayəndə2 təqdimatının surətləri təqdim edilmişdir. Daha sonra aralarındakı əmək mübahisəsinin mediasiya prosesi vasitəsilə həll edilməsi barədə təklifi xx.xx.2023-cü il tarixdə Bakı Xoreoqrafiya Akademiyasına təqdim etsə də, akademiya tərəfindən ona göndərilmiş xx.xx.2023-cü il tarixli 74d nömrəli cavab məktubundan məlum olmuşdur ki, guya ona hələ xx.xx.2023-cü il tarixli 01/50-k nömrəli əmrlə xəbərdarlıq elan edilsə də, o, bundan nəticə çıxarmadığından, barəsində xx.xx.2023-cü il tarixli 01/74-K nömrəli əmrlə intizam tənbehi növündə “Töhmət” elan edilmişdir. xx.xx.2023-cü il tarixli 01/50-k nömrəli əmr ona elan edilməmiş, təqdim edilməmiş və əmrin çıxarılması üçün əsas olan hallardan xəbərsiz olsa da, istənilən halda həmin əmrin qanunsuz olduğuna əmindir. Aktda qeyd olunan 305 nömrəli zalda daim video və audio müşahidə aparıldığından, iddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə Bakı Xoreoqrafiya Akademiyasına müraciət edərək, xx.xx.2023-cü il tarix üçün 12:00-dan 14:30-dək olan hissənin video və audio yazısına onun iştirakı ilə baxış keçirilməsi və həmin hissənin surətinin ona təqdim edilməsini xahiş etsə də, həmin video yazıların polisə və ya məhkəməyə təqdim edilə biləcəyi şifahi qaydada bildirilmişdir. İddiaçının ona xəbərdarlıq elan edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli 01/5-k nömrəli əmrdən, həmin əmrin verilməsi üçün əsas olmuş hallardan, o cümlədən, xx.xx.2023-cü il tarixli 01/74-k nömrəli əmrin qəbul edilməsi üçün barəsində inztizam icraatının aparılmasından xəbəri olmamış, ona bu burədə məlumat verilməmişdir. Həmin əmrlərin qəbul edilməsinin səbəbi Bakı Xoreqrafiya Akademiyasının rəhbərliyinin və rəhbərliyə yaxın bir neçə şəxsin təhsil müəssisəsində özbaşınalıq edərək, öz şəxsi məqsədləri üçün istifadə etməsi ilə bağlı narazılığını bildirməsidir. Cavabdeh müəssisənin rəhbərliyi onu müəssisədən kənarlaşdırmaq üçün əsassız səbəblər fikirləşərək, onu işdən çıxarmaq üçün onlara verilmiş hüquqlardan sui-istifadə edərək, heç bir əsası olmayan sənədlər tərtib etməklə barəsindən qanunsuz əmrlər qəbul edirlər. İddiaçının əvvəllər uzun müddət işlədiyi digər qurumlarda iş təcrübəsinin olması və iş müddətində hər hansı intizam tənbehinə məruz qalmaması onun işçi kimi yüksək keyfiyyətlərinin olması anlamına gəlir. Onun əmrdə göstərilən hərəkətləri etməsi (halbuki edilməmişdir) işəgötürənin qanunla qorunan mənafelərinə hər hansı ziyan vurmamışdır. Bu xüsusatda onun barəsində çıxarılmış intizam məsuliyyətinə cəlb olunma barədə əmrin qəbul edilməsi qanunsuz və ədalətsiz olduğu üçün ləğv edilməlidir. Cavabdeh xx.xx.2023-cü il tarixli 01/5-k nömrəli əmrdə, tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktda, xx.xx.2023-cü il tarixli təqdimatda və xx.xx.2023-cü il tarixli 01/74-k nömrəli əmrdə iddiaçı tərəfindən “Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksi professor-müəllim heyəti və əməkdaşlarının etik davranş qaydaları”nın müvafiq bəndlərini pozduğunu göstərsə də, iddiaçı heç bir vaxt həmin qaydalarla tanış edilməmiş və ona bu barədə məlumat verilməmişdir. Cavabdehlə bağlanmış əmək müqaviləsində də iddiaçının əmək funksiyalarında hansısa etik davranış qaydalarına riayət edilməsi ilə bağlı müddəa da nəzərdə tutulmamışdır. Cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş sənədlərdə isə iddiaçı barəsində intizam icraatının aparılması və barəsində intizam tənbehinin tətbiq edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməməsi və ya hüquqlarından sui-istifadə etməsi və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etməməsi halı müəyyən edilmir. İddiaçı hələ xx.xx.2023-cü il tarixdə cavabdehin hüquq məsləhətçisi Nümayəndə2 onu təhdid etməsi və hədələməsi ilə bağlı cavabdeh qurumun rəhbərliyinə və aidiyyəti qurumlara şikayət etmiş və həmin şikayəti cavabdeh qurum tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Məhz bundan sonra cavabdeh müəssisə bir növ “qabaqdangəlmişlik” edərək, köhnə tarixlərlə iddiaçının barəsində əsassız alt sənədlər tərtib etməklə, xx.xx.2023-cü il tarixdə mübahisələndirilən əmri qəbul etmişdir. Buna dəlalət edən digər sübutlar isə iddiaçının xx.xx.2023cü il tarixli sənədlərin tələb edilməsi ilə bağlı ərizəsinə əsasən tələb etdiyi sənədlərin xx.xx.2023-cü il tarixdə ona təqdim edilməsinə və bu buradə aktda müvafiq qeyd edilməsinə baxmayaraq, həmin aktın xx.xx.2023-cü il tarixdə tərtib edilməsi göstərilmişdir. Sual doğuran məsələ ondadır ki, iddiaçının barəsində intizam tənbehi tətbiq edilməsinə dair əmr qəbul edilmədən, iddiaçının əmrdən xəbəri olmadığı və buna dair sənədləri tələb etmədiyi halda, əmrdən bir gün əvvəl (iddiaçının şikayətinin təqdim edildiyi gün) hansısa aktı tərtib etməyə nə zərurət olmuşdur? Bütün bunlar cavabdeh müəssisənin rəhbərliyinin iddiaçıya qarşı qərəzli mövqedə olmasından və onun şikayətindən çəkinərək, özlərinə “xal qazanmaq” üçün bu cür qanunsuz əmr qəbul etmələrinə dəlalət edir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh Bakı Xoreoqrafiya Akademiyası etiraz təqdim edərək, iddianın tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı Xoreoqrafiya Akademiyasının Elmi Şurasının 14 sentyabr 2022-ci il tarixli (protokol № 001) Qərarı ilə təsdiq edilmiş “Bakı Xoreoqrafiya Akademiyası Təhsil kompleksi professor-müəllim heyəti və əməkdaşlarının etik davranış Qaydaları”nın 4.2.3-cü bəndinə əsasən, Bakı Xoreoqrafiya Akademiyasının professormüəllim heyəti və əməkdaşları təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən mübahisə və münaqişələrə yol verməməli, yaranmış mübahisə və münaqişəni konstruktiv həll etməyə çalışmalıdır. Qeyd edilən Qaydaların 4.3.4-cü bəndinə əsasən, professor-müəllim heyəti və əməkdaşlar arasındakı münasibətlər qarşılıqlı hörmət əsasında qurulmalıdır. Bakı Xoreoqrafiya Akademiyasının rektoru vəzifəsini müvəqqəti icra edən Nailə Məmməd-Zadənin xx.xx.2023-cü il tarixli 01/50-k nömrəli əmri ilə İddiaçı orta ixtisas pilləsinin direktoru T.R.Eynullayevin xx.xx.2023-cü il tarixli məlumatı əsasında təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən mübahisə və münaqişələrə yol verdiyinə, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək və icra intizamını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.3-cü maddəsinə əsasən xəbərdarlıq elan edilmişdir. xx.xx.2023-cü il tarixində 305 nömrəli zalda rektor vəzifəsini müvəqqəti icra edən Nailə Məmməd-Zadənin iştirakı ilə Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas pilləsinin məzunlarının buraxılış konsertinə hazırlığı zamanı İddiaçı məşq zalında yuxarıda qeyd edilən Qaydalara riayət etməyərək rəhbərliyin işinə müdaxilə etmiş, özünü qeyri-adekvat aparmış, subordinasiya qaydalarına riayət etməmiş və təhsil müəssisəsinə uyğun olmayan fikirlər bildirmişdir. Bununla əlaqədar zalda iştirak edən Nailə Məmməd-Zadə, Yelena Çernousova və Lyudmila Qutlyanskaya tərəfindən xx.xx.2023-cü il tarixli akt tərtib olunmuşdur. Baş vermiş insidentlə bağlı İddiaçı izahat verməkdən imtina etmişdir ki, bu aktlaşdırılmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən intizam tənbehinin verilməsi qanuni və əsaslıdır. İddiaçı barəsində seçilmiş intizam tənbehini qeyri-qanuni saymaqla Bakı Xoreoqrafiya Akademiyasının cəmiyyətdə mövcud olan işgüzar nüfuzuna ziyan vurmuşdur. Göstərilənlərə əsasən, İddiaçı Bakı Xoreoqrafiya Akademiyasına qarşı Bakı Xoreoqrafiya Akademiyasının rektorunun xx.xx.2023-cü il tarixli 01/74-k nömrəli əmri ilə barəsində seçilmiş töhmət intizam tənbehinin ləğv edilməsi barədə iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Bakı Xoreoqrafiya Akademiyasının nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyib, etirazın məzmununa uyğun izahat verərək, iddianın əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Bakı Xoreoqrafiya Akademiyasının vəkili-nümayəndəsi Vəkil2 iddianı qəbul etməyib, etirazın məzmununa uyğun çıxış edərək, iddianın əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını və çıxışını dinləyib, şahid ifadələrini nəzərə alıb, iddia ərizəsini və etirazı iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, əvvəlki məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş: X13 ifadəsində bildirmişdir ki, o, 10 ildir, Bakı Xoreoqrafiya Akademiyasında işləyir. İddiaçı tanıyır. Belə ki, onlar birlikdə işləmiş, eyni növ rəqs dərsləri üçün 5 nömrəli zalı istifadə edirmişlər. Zal bölgüsü cədvələ əsasən aparılır və cədvəli direktor müəyyən edir. Həftənin birinci, üçüncü və beşinci günləri həmin zalda o dərs keçirmiş, ancaq iddiaçı onun zaldan istifadə etməsinə imkan verməmişdir. O, iddiaçıya töhmət verilməsinin şahidi olmuşdur. Hadisə 01 aprel 2023-cü il tarixdə - Akademiyanın buraxılış konsertinə baxış zamanı baş vermişdir. Belə ki, həmin vaxt müəllimlərin tələbələrinin nömrələrinə tələbələrin valideynləri, digər tələbələr, müəllimlər və əməkdar artistlərin iştirakı ilə baxış keçirilmiş, iddiaçının tələbəsinin çıxışına baxış keçiriləndə İddiaçı elə zənn etmişdir ki, rəhbər Nailə Məmməd-Zadə onun tələbəsinin çıxışına kifayət qədər diqqət yetirmir. Həmin vaxt iddiaçı çıxışı saxlamış və Nailə Məmməd-Zadəyə demişdir ki, “mənim tələbəmin çıxışına diqqət yetirmək istəmirsiniz”. Nailə Məmməd-Zadə isə iddiaçıya bildirmişdir ki, o, çıxışa baxır. Ancaq iddiaçı yenə də yüksək səs tonu ilə Nailə Məmməd-Zadəyə müraciət etməyə, özünü kobud aparmağa, qışqırmağa başlamış və Nailə xanıma bildirmişdir ki, “siz mənim tələbəmin nömrəsini keçirmək istəmirsiniz”. Mübahisə zamanı musiqi dayandırılmışdır. Nailə Məmməd-Zadə iddiaçıya yüksək səs tonu ilə danışdığı üçün akt zalını tərk etməsini təklif etsə də, o, buna etiraz edərək zaldan çıxmamışdır. X36-Zadə baxışı dayandırmış, özü akt zalını tərk etmişdir. İddiaçı dəfələrlə Yelenanın özünə qarşı hörmətsizlik etmiş, onlar zal ilə bağlı problemlər yaşamışlar. Kollektivdə heç kim iddiaçı ilə ünsiyyətdə olmaq istəmir, çünki iddiaçı özünü qeyri-adekvat aparır və mütəmadi olaraq kollektivdə konflikt yaradır. İddiaçının hərəkətləri ilə əlaqədar tərtib edilmiş aktla tanış olmuş, məzmununu başa düşmüş və buna görə də imza çəkmişdir. Akademiyanın işçilərinin etik davranış qaydaları ilə tanışdır, lakin bu barədə heç bir yerə imza çəkməmişdir. İddiaçı ilə əvvəl olan mübahisələrinin indiki izahatına heç bir təsiri olmadığını əlavə etmişdir. X14 ifadəsində bildirmişdir ki, o, 10 (on) ildir, Bakı Xoreoqrafiya Akademiyasında işləyir, xarici əlaqələr üzrə prorektor vəzifəsini icra edir, xalq artistidir. Onların sənətində hər kəs danışarkən emosional olur və jestlərdən istifadə edir. Akademiyanın rəhbərliyi tərəfindən dəvət olunmuş İddiaçı əvvəllər Opera və Balet teatrında rəqqas işləmişdir. Akademiyanın əvvəlki direktoru Temuçin müəllimin vaxtında da akademiyaya dəvət olunmuş, çünki Temuçin müəllim peşəkar işçilər axtarırmış, lakin o, qəbul etməmişdir. Daha sonra Fətulla X8 tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Nailə Məmməd-Zadə tərəfindən Akademiyaya edilmiş dəvəti qəbul etmişdir. Onlar əvvəllər dost olublar. O, dəhlizdə İddiaçı gördüyü zaman “niyə o vaxt yox demişdin, indi razılaşdın?” sualını vermiş, Zaur müəllim isə “indi burada vəziyyət yaxşıdır, onları tanıyıram, mənə şərait yaradacaqlar” cavabını vermişdir. Sonra o, imtahanlarda iştirak etmiş və İddiaçı peşəkar olduğunu görmüşdür. Sonradan Fətulla X21 təcrübəyə göndərilmiş və oradan məktub gəlmişdir ki, Zaur müəllim çox peşəkar və savadlı müəllimdir. Onun xx.xx.2023cü il tarixində Bakı Xoreoqrafiya Akademiyası binasının 305 nömrəli zalında baş vermiş insidentdən məlumatı olmayıb və hadisəni görməmişdir, ancaq müəllimlərdən eşitmişdir. X37- Zadənin İddiaçı zaldan qovduğunu, lakin Zaur müəllimin çıxmadığını demişdilər. Zal problemi ilə bağlı məlumatı olmayıb, lakin buraxılış konsertindən əvvəl xəbərdarlıq əmri və sonra töhmət barədə ona deyiblər. Etik davranış qaydaları barədə məlumat ona 1-2 ay olar təqdim olunub. Tələbələrin yanında müəllimə “zaldan çıx” demək etik hesab edilə bilməz. Onun Zaur müəllimin qeyri-adekvat davranışları barədə məlumatı yoxdur. X2 ifadəsində bildirmişdir ki, o, 15 (on beş) ildən artıqdır Bakı Xoreoqrafiya Akademiyasında işləyir. 01 aprel 2023-cü il tarixdə baş vermiş insidentlə əlaqədar qeyd etmişdir ki, 305 nömrəli zalda nömrələrə baxış keçirilərkən o, Nailə Məmməd-Zadənin yanında əyləşmişdir. Torador nömrəyə baxış keçirilən zaman iddiaçı öz tələbəsi üçün həyəcan keçirirdi və əvvəlcədən özünü inandırmışdı ki, nömrə keçməyəcəkdir. Lakin nömrə keçmişdir. Müəllim çox əsəbi və gərgin idi. İddiaçı tərəfindən müəyyən yersiz replikalara yol verilmişdir. İddiaçı əsəbiləşirdi ki, Nailə xanım telefonla danışır və onun tələbəsi olan Səmədin nömrəsinə kifayət qədər diqqətlə baxmır. İddiaçı bununla bağlı Nailə Məmməd-Zadəyə iradlar bildirdikdə sonuncu hər şeyi gördüyünü demişdir. Lakin iddiaçı yenə qıcıqla “siz baxmırsız, bəlkə mən tələbəmin çıxışını dayandırım” demiş, Nailə Məmməd-Zadə isə “yox, davam edə bilərsiniz” ifadəsini bildirmişdir. Müəyyən müddətdən X36- Zadə bildirdi ki, “necə istəyirsiniz”. İnsan qıcıqlı olanda daha emosional danışmağa başlayır. İddiaçı nəsə qışqırdı, amma konkret nə qışqırdığı yadımda qalmayıb. Nailə Məmməd-Zadə iddiaçıya “qışqırmayın, siz məşqin aparılmasına maneçilik törədirsiniz” bildirərək iddiaçıdan zalı tərk etməsini xahiş etsə də, o, buna məhəl qoymamışdır. Ərizədə yazdıqlarını təsdiq edir və yazılanlar onun subyektiv fikirləridir. O, heç kimin tərəfini tutmur və tərəfkeşlik etmir, sadəcə baş verənləri bildirir. İddiaçı qıcıqlı olduğu üçün özünü idarə edə bilmirdi. Tədbirdə iddiaçı tərəfindən subordinasiya qaydaları pozulmuşdur. Onun zənnincə iddiaçının hərəkətləri kənardan eybəcər görsənirdi. Nailə Məmməd-Zadə tədbir zamanı iddiaçıya qışqırmamış və kobud cavab qaytarmamışdır. İddiaçının davranışı və hərəkətləri ona tamaşaya (nömrəyə) baxmağa maneçilik törətmişdir. Eyni zamanda iddiaçının xasiyyəti mürəkkəbdir. Yaradıcı insan olduğu üçün özünü bəzi şeylərə inandırır və fantaziyalar yaradır. Nailə Məmməd-Zadə nalayiq ifadələr işlətməyib və hətta onu heç vaxt qıcıqlı görməmişdir. Ümumiyyətlə iddiaçının hərəkətlərinə qeyri-adekvat kimi qiymət vermək olar. Məsələn, qeyri-adekvat özündən böyük adama əl qaldırmaqdır. O eşitmişdir ki, iddiaçı korifey müəllimə əl qaldırıb, lakin buna birbaşa şahid olmayıb. Mübahisənin yaranmasında Nailə Məmməd-Zadənin təqsiri olmamışdır. Etik davranış qaydaları ilə tanış olub-olmadığını xatırlamır. X24 ifadəsində bildirmişdir ki, o, Bakı Xoreoqrafiya Akademiyasının bu ilki məzunudur. O, 01 aprel 2023-cü il tarixdə 305-ci zalda baş vermiş hadisənin şahidi olmuşdur. Çünki o, həmin vaxtı rəqsi ifa etmiş və axıra kimi orada olmuşdur. O, rəqs edən vaxt Akademiyanın rəhbəri Nailə Məmməd-Zadə rəqsə baxmamış, qəsdən üzünü o yana, bu yana çevirirmiş. Həmin vaxt iddiaçı bildirmişdir ki, “bəlkə musiqini saxlayım”, Nailə Məmməd-Zadə etiraz etmişdir. O, rəqs ifasını bitirdikdən sonra iddiaçı rəqsin repartuara salınıb-salınmayacağını soruşmuş, lakin Nailə Məmməd- Zadə cavabında bir az sərt şəkildə hələ bilinmədiyini demiş və iddiaçı isə “aydındır” demişdir. Daha X36-Zadə iddiaçıdan zalı tərk etməsini tələb etmiş, iddiaçı isə zalı tərk etməyərək sakit şəkildə oturmuşdur. Çünki bütün nömrələr iddiaçının öz tələbələrinə aid idi. Musiqi zəif olduğundan, o bütün danışıqları eşitmişdir. Mülki işin materiallarında olan: Bakı Xoreoqrafiya Akademiyasının xx.xx.2022-ci il tarixli (protokol N 01) Qərarından görünür ki, BXA Təhsil kompleksində professor-müəllim heyəti və əməkdaşlarının etik davranış qaydaları təsdiq edilmiş, qərarın icrasına nəzarət İnzibati təsərrüfat işləri üzrə prorektor F.İbrahimov, hüquq məsləhətçisi Nümayəndə2 və Kadrlar şöbəsinin müdiri S.Məmmədovaya tapşırılmışdır. Bakı Xoreoqrafiya Akademiyası Təhsil kompleksi Elmi Şurasının xx.xx.2022-ci il tarixli (protokol № 001) Qərarı ilə təsdiq edilmiş “Bakı Xoreoqrafiya Akademiyası Təhsil kompleksi professor-müəllim heyəti və əməkdaşlarının etik davranış Qaydaları”nın: 1.4-cü bəndindən görünür ki, bu Qaydalar BXA Təhsil kompleksində təhsilin bütün səviyyələrində çalışan professor-müəllim heyətinə və inzibati heyətə şamil edilir. 4.2.3-cü bəndində göstərilmişdir ki, professor-müəllim heyəti pedaqoji münasibətlərdə təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən mübahisə və münaqişələrə yol verməməli, yaranmış mübahisə və münaqişəni konstruktiv həll etməyə çalışmalıdır. 4.3.1-ci bəndində qeyd edilmişdir ki, professor-müəllim heyəti BXA Təhsil kompleksinin rektorunun əmrlərini, sərəncamlarını və ya şifahi tapşırıqlarını yerinə yetirməyə borcludur. 4.3.4-cü bəndindən görünür ki, professor-müəllim heyəti ilə BXA Təhsil kompleksinin rəhbərliyi arasındakı münasibətlər qarşılıqlı hörmət əsasında qurulmalıdır. 6.1-ci bəndində qeyd edilmişdir ki, hər bir professor-müəllim etik davranış qaydalarına əməl etməyə borcludur. 6.3, 6.3.6-cı bəndlərində göstərilmişdir ki, rektor bu Qaydaların pozulması hallarının rəhbərlikdə və kollektivdə müzakirəsini təşkil etməli və qayda pozmuş professor-müəllimlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir. 6.4-cü bəndindən görünür ki, bu Qaydalara əməl etmədikdə professor-müəllim heyəti və əməkdaşlarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdarlıq, töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, əmək haqqından tutulma, tutduğu vəzifədən kənarlaşdırma, işdən azad etmə qismində intizam və maddi məsuliyyət tədbirlərindən biri görülə bilər. 7.1, 7.1.2, 7.1.10-cu bəndinə görə, BXA Təhsil kompleksinin əməkdaşları digər əməkdaşların xidməti fəaliyyətlərini həyata keçirmələrinə maneə yaratmamalı, kollektivdə gərginlik yaratmamalı və yaranan anlaşılmazlıqların aradan qaldırılmasına çalışmalı, rəhbər vəzifələrdə çalışanlar ilə qulluq münasibətlərində subordinasiyaya riayət etməlidir. ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasında edilmiş 25 nömrəli qeyddən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli 01/234-K nömrəli Əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 82-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi ilə tam orta təhsil pilləsinin klassik rəqs fənni üzrə müəllimi vəzifəsinə keçirilmişdir. Əmək müqaviləsindən (kontraktdan) görünür ki, işçi İddiaçı işəgötürən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Xoreoqrafiya Akademiyası tərəfindən “tam orta təhsil pilləsində klassik rəqs fənni üzrə müəllim” vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər İddiaçı xx.xx.2022-ci il tarixindən işə başlaması, əmək müqaviləsinin 1 il müddətinə bağlanması barədə razılığa gəlmişlər. Bakı Xoreoqrafiya Akademiyasının Tam orta təhsil pilləsinin direktoru B.M.Hüseynovaya valideyn Günay Əzməmmədova tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədə qeyd edilmişdir ki, övladı 7-ci sinif şagirdi X5 dəfələrlə klassik rəqs fənni üzrə müəllim İddiaçı şikayət edir. Sinifdə şagirdlər arasında ayrı-seçkilik apararaq övladını digər şagirdlərə mənfi qələmə verir (bacarıqsız adlandırır, uşaqda özünə inam itir). Bəzən o həddə çatdırır ki, övladı klassik rəqs fənninə girmək istəmir. Övladına qarşı laqeyd münasibət göstərir. Bununla bağlı o sinif rəhbərinə məlumat vermişdir. Olanlarla bağlı ölçü götürməyə köməklik göstərilməsini xahiş etmişdir. Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsil pilləsinin direktoru T.R.Eynullayev tərəfindən akademiyanın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Nailə Məmməd-Zadəyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, orta ixtisas təhsil pilləsinin (kollec) müəllimlərindən İddiaçı və Çernousova Yelena arasında zala görə mübahisə yaranmışdır. Belə ki, hər iki müəllim “klassik rəqs” fənni üzrə İİİ kurslara dərs deyirlər. Dərs ilinin 2ci yarım ilindən etibarən cədcəl üzrə İddiaçı 2,4,6-cı günlər 305-ci zalda, 1,3,5-ci günlər 304-cü zalda, Çernousova Yelena 2,4,6-cı günlər 304-cü zalda, 1,3,5-ci günlər 305-ci zalda dərs aparmalıdırlar. Lakin İddiaçı cədvəli inkar edərək, Çernousova Yelenanı zala buraxmır, tələbələrin yanında mübahisə baş verir və nizam-intizam qaydaları pozulur. Bu hallar dəfələrlə təkrar olunub. İddiaçı Kollec direktorunun tövsiyələrini nəzərə almır, tapşırıqlarına əməl etmədən zalı digər dərs üçün azad etmir. Direktorun müraciətinə əsasən Akademiyanın İnzibati və Təsərrüfat işləri üzrə prorektoru X25 Zaur ilə danışaraq ondan cədvələ riayət olunmasını xahiş etmiş, lakin İddiaçı onun sözünə də əməl etməmişdir. İddiaçı sözlərinə görə ona heç kim Akademiyada söz deyə bilməz, o zaldan çıxmayacağını və belə davam edəcəyini bildirmişdir. İddiaçı belə hərəkəti digər müəllimlər üçün mənfi örnək yaradır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı haqqında ölçü götürülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Xoreoqrafiya Akademiyasının xx.xx.2023-cü il tarixli 01/50-k nömrəli əmrindən görünür ki, Bakı Xoreoqrafiya Akademiyasının Tam orta təhsil pilləsinin klassik rəqs fənni üzrə müəllimi, orta ixtisas təhsil pilləsinin 0.5 ştat əvəzçi ixtisas fənləri üzrə müəllimi İddiaçı təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən mübahisə və münaqişələrə yol verdiyinə, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək və icra intizamını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq verilmişdir. Əmrin əsasını orta ixtisas təhsil pilləsinin direktoru T.R.Eynullayevin xx.xx.2023-cü il tarixli yazılı məlumatı təşkil etmişdir. Bakı Xoreoqrafiya Akademiyasının tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Nailə Məmməd-Zadə, orta ixtisas təhsili pilləsinin müəllimi Yelena Çernousova və tam orta təhsil pilləsinin müəllimi Lyudmila Qutlyanskaya tərəfindən tərtib edilmiş Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsinin 0.5 ştat müəllimi İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10.b maddəsi ilə müəyyən olunmuş Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən olan əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək və Bakı Xoreoqrafiya Akademiyası “Təhsil kompleksi professor-müəllim heyəti və əməkdaşlarının etik davranış Qaydaları”nın vəzifələrini yerinə yetirməməsi barədə xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixində Bakı Xoreoqrafiya Akademiyası tədris binasının 305 nömrəli zalında akademiyanın rektoru vəzifəsini müvəqqəti icra edən Nailə Məmməd-Zadənin iştirakı ilə akademiyanın orta ixtisas təhsili pilləsinin (kollec) məzunlarının buraxılış konsertinə hazırlığı zamanı orta ixtisas təhsili pilləsinin müəllimi İddiaçı özünü qeyri-adekvat aparmış, zalda rəhbərliyin işinə müdaxilə etmiş, subordinasiya qaydalarına riayət etməmiş, guya tələbəsinin çıxışına biganə yanaşdığını əsassız olaraq dəfələrlə qeyd etmiş və tələbələrin və pedaqoji heyətin yanında akademiyanın rektor vəzifəsini müvəqqəti icra edən Nailə Məmməd-Zadənin tövsiyələrinə kobud cavab verərək və təhsil müəssisəsinə uyğun olmayan fikirlər bildirmişdir. Bakı Xoreoqrafiya Akademiyasının Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini m.i.e Nailə Məmməd-Zadəyə Y.T.Çernousova tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixində 305 nömrəli zalda hesabat konsertinə hazırlıq zamanı İddiaçı özünü intizamsız aparmış, öz nömrəsinin digər müəllimlərin nömrələrindən daha yaxşı olduğunu göstərməyə çalışmışdır. Bunu görən BXA rektoru Nailə xanım Zaur müəllimdən digər proqramlara baxış keçirilməsinə mane olmaması üçün zalı tərk etməsini xahiş etmişdir. Zaur müəllim Nailə xanımın xahişinə əməl etməmiş, Nailə xanıma kobud ifadələrlə müraciət etməyə başlamış və zalı tərk etməyəcəyini bildirmişdir. Orada iştirak edən müəllimlərin heç biri Zaur müəllimlə danışmadığından, ona irad bildirə bilməmişlər. Nailə xanım Zaur müəllim tərəfindən daha sərt və qeyri-etik ifadələr işlətməyi səbəbindən zalı tərk etmişdir. xx.xx.2023-cü il tarixli şikayətdən görünür ki, İddiaçı akademiyada əmək qanunvericiliyinin pozulması və digər qanunsuzluqların baş verməsi halları ilə bağlı onu qəbul etməsini Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavininindən xahiş etmişdir. Bakı Xoreoqrafiya Akademiyasının insan resursları şöbəsinin müdiri S.M.Məmmədova, ümumi şöbəsinin müdiri S.Ə.Vəliyeva, hüquq məsləhətçisi Nümayəndə2 və insan resursları şöbəsinin mütəxəssisi A.E.Mahmudova tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, adları qeyd olunan şəxslərin iştirakı ilə İddiaçı xx.xx.2023-cü il tarixində Akademiyanın 305 nömrəli zalında baş vermiş insidentlə bağlı təhsil müəssisəsinin rəhbərinin adına izahat yazmağı təklif edilmiş, ancaq o, heç bir səbəb göstərmədən izahat yazmaqdan imtina etmişdir. Bakı Xoreoqrafiya Akademiyasının insan resursları şöbəsinin müdiri S.M.Məmmədova, ümumi şöbəsinin müdiri S.Ə.Vəliyeva, hüquq məsləhətçisi Nümayəndə2 və insan resursları şöbəsinin mütəxəssisi A.E.Mahmudova tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Akademiyanın orta ixtisas təhsili pilləsinin müəllimi İddiaçı barəsində xx.xx.2023-cü il tarixli 01/74-k nömrəli əmri ilə tətbiq edilmiş intizam tənbehi üçün əsas hesab edilmiş sənədlərin surətləri xx.xx.2023-cü il tarixli müraciəti əsasında İddiaçı təqdim edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə göstərilənləri təhvil almasına dair imza etmişdir. Hüquq məsləhətçisi Nümayəndə2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli təqdimatdan görünür ki, xx.xx.2023-cü il tarixində 305 nömrəli zalda Bakı Xoreoqrafiya Akademiyasının rektoru vəzifəsini müvəqqəti icra edən Nailə Məmməd-Zadənin iştirakı ilə Akademiyanın orta ixtisas təhsili pilləsinin (kollec) məzunlarının buraxılış konsertinə hazırlığı zamanı orta ixtisas təhsili pilləsinin müəllimi İddiaçı Akademiyanın daxili nizam-intizam qaydalarına riayət etməyərək rəhbərliyin işinə müdaxilə etməsi və özünü qeyri-adekvat aparması ilə bağlı məlumatla əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, tələbələrin çıxışları zamanı İddiaçı dərs dediyi tələbələrin çıxışını digər tələbələrin çıxışı ilə müqayisə etmiş, rəhbərliyin onun tələbəsinin çıxışına biganə yanaşdığını əsassız dəfələrlə qeyd edərək Nailə Məmməd-Zadə ilə söz polemikaları etmişdir. Nailə Məmməd- Zadə tərəfindən İddiaçı müzakirələrin çıxışlardan sonra aparılması və tələbəsinin çıxışı tamamlandığı üçün zalı tərk etməsi barədə təklifinə sonuncu kobud cavab vermiş və tədbirə uyğun olmayan fikirlər bildirərək zalda qalmağa davam etmişdir. Baş vermiş insidentlə bağlı İddiaçı izahat verməkdən imtina etmişdir ki, bu aktlaşdırılmışdır. Bakı Xoreoqrafiya Akademiyasının rektor vəzifəsini müvəqqəti icra edən Nailə Məmməd-Zadənin xx.xx.2023-cü il tarixli 01/50-k nömrəli əmri ilə orta ixtisas təhsili pilləsinin (kollec) 0.5 ştat müəllimi İddiaçı xəbərdarlıq elan olunmuşdur. Qeyd olunanları və “Bakı Xoreoqrafiya Akademiyası Təhsil kompleksi professor-müəllim heyəti və əməkdaşlarının etik davranış Qaydaları”nın 4.2.3, 4.3.4 və 6.4-cü bəndlərini nəzərə alaraq, İddiaçı töhmət elan edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin xx.xx.2023-cü il tarixli 01/74-k nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq intizam qaydalarını yerinə yetirmədiyinə, etik davranış qaydalarına riayət etmədiyinə, təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən mübahisə və münaqişəyə yol verdiyinə, yaranmış mübahisə və münaqişəni konstruktiv həll etmədiyinə görə Tam orta təhsil pilləsinin müəllimi, Orta ixtisas təhsil pilləsinin 0.5 ştat əvəzçi müəllimi İddiaçı intizam tənbehi – “töhmət” elan edilmiş, gələcəkdə bu cür nöqsanlara yol verəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinə müvafiq olaraq daha ciddi tədbir görüləcəyinin İddiaçı nəzərinə çatdırılması, əmrin əsasının hüquq məsləhətçisi Nümayəndə2 xx.xx.2023-cü il tarixli təqdimatının və xx.xx.2023-cü il tarixli aktının təşkil etməsi qeyd edilmişdir. İddiaçı tərəfindən Bakı Xoreoqrafiya Akademiyasının tədris işləri üzrə prorektoru, rektor vəzifəsini m.i.e Nailə Məmməd-Zadəyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ona xəbər verilmədən və mövqeyi aydınlaşdırılmadan, əsassız böhtanlarla xx.xx.2023-cü il tarixli 01/74-k nömrəli əmrlə barəsində verilmiş “Töhmət” intizam tənbehi ilə razı deyil və hüquqlarının müdafiə edilməsi üçün ona həmin əmrin, əmrin çıxarılması üçün əsas olmuş xx.xx.2023-cü il tarixli aktın, Bakı Xoreoqrafiya Akademiyası Təhsil kompleksi professor-müəllim heyəti və əməkdaşlarının etik davranış qaydalarının, hüquq məsləhətçisi Nümayəndə2 xx.xx.2023-cü il tarixli təqdimatının və barəsində intizam icraatının aparılmasına dair materialların təsdiq edilmiş surətlərinin təqdim edilməsini xahiş etmişdir. Bakı Xoreoqrafiya Akademiyasının ümumi şöbəsinin müdiri S.Ə.Vəliyeva, hüquq məsləhətçisi Nümayəndə2 və ümumi şöbəsinin kargüzarı G.Y.Məmmədova tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14:20 radələrində Akademiyanın inzibati binasında ümumi şöbənin fəaliyyət göstərdiyi iş otağında həmin akademiyanın orta ixtisas təhsil pilləsinin müəllimi İddiaçı tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsinin normaları pozularaq Akademiyanın hüquq məsləhətçisi Nümayəndə2 icazəsi olmadan onun foto çəkilişinin gizlin şəkildə aparıldığını müşahidə etmişlər. İddiaçı tərəfindən Bakı Xoreoqrafiya Akademiyasının tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Nailə Məmməd-Zadəyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, 305 nömrəli zalda xx.xx.2023-cü il tarixi üçün 12:00-dan 14:30-dək olan hissəsinin video və audio yazısına onun iştirakı ilə baxış keçirilməsini və həmin hissənin surətinin ona təqdim edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Xoreoqrafiya Akademiyası (Təhsil Kompleksi) tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, onun barəsində seçilmiş töhmət intizam tənbehinin hazırda ləğv edilməsinin qanunverciliyə uyğun olmaması qeyd edilmişdir. Bakı 18 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/18/2023-00753 nömrəli arayışından görünür ki, İddiaçı Bakı Xoreoqrafiya Akademiyasına qarşı intizam tənbehi tətbiq edilməsinə dair əmrin ləğv edilməsi tələbinə dair əmək mübahisəsi üzrə xx.xx.2023-cü il tarixində saat 10:00-da “Algi Plaza”da keçirilən ilkin mediasiya sessiyasında tərəflər iştirak etmiş, lakin prosesi davam etdirməyə razılıq verməmişlər. X1 xx.xx.2023-cü il tarixli yazılı izahatından görünür ki, xx.xx.2023-cü il tarixində tədris ilinin sonu yaxınlaşdığı üçün bütün rəqs geyimlərini siyahı ilə yığarkən xx.xx.2023-cü il tarixində saat 10:07-də İddiaçı qalan rəqs (ispan rəqsi) geyimini təhvil verməsini istəmişdir. İddiaçı isə onun yanına gəlib səsini qaldıraraq “bu kostyumu mənə Lena xanım hədiyyə edib” demişdir. O, İddiaçı heç bir cavab qaytarmadan dinləmiş, İddiaçı daha sonra onun otağına gələrək kostyumu təhvil vermiş və hədə-qorxu gəlib ona qışqırmışdır ki, “bu paltar mənə neçəyə başa gələr, 500 (beş yüz), 1000 (min) manat deyin, mən alacam, ya da sizi məhkəməyə verəcəm” deyib getmişdir. Bakı Xoreoqrafiya Akademiyasının əməkdaşları - əməkdar mədəniyyət işçisi X3, əməkdar artistlər X22, X19, X15, X28 qızı, X11, X12 və orta ixtisas təhsili pilləsinin direktoru X16 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.8.7-ci bəndinə müvafiq olaraq xx.xx.2023-cü il tarixində Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsində yekun dövlət imtahanı keçirilmişdir. İmtahandan sonra X18 Komissiyasının sədri, X4 Akademiyasının rektoru X10 və komissiya üzvləri tərəfindən X7 müzakirəsi və təhsilalanların biliklərinin qiymətləndirilməsi zamanı komissiya üzvü, orta ixtisas təhsili pilləsinin 0.5 ştat müəllimi İddiaçı komissiya sədri və üzvlərinə hörmətsizlik göstərərək təhsilalanların biliklərinin qiymətləndirilməsində iştirak etməyərək, komissiya sədrinə məlumat vermədən auditoriyanı özbaşına tərk etmişdir. Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsinin direktoru X23 Zaurun arxasınca çıxaraq onu geri qayıtmağa dəvət etmiş, lakin İddiaçı qiymətləndirmədə iştirak etməkdən imtina etmişdir. Bakı Xoreoqrafiya Akademiyasının hər bir əməkdaşının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10.b maddəsinə, “Bakı Xoreoqrafiya Akademiyası Təhsil kompleksi professor-müəllim heyəti və əməkdaşlarının etik davranış Qaydaları”na və işəgötürən ilə bağlanmış əmək müqaviləsinə əsasən vəzifəsi əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək və vəzifələrini yerinə yetirməkdən ibarətdir. X18 Komissiyasının sədri, X4 Akademiyasının rektoru X10 və komissiya üzvlərinə qarşı edilən hörmətsizliyə görə orta ixtisas təhsili pilləsinin müəllimi İddiaçı barəsində intizam tədbirinin tətbiq edilməsi təklif edilmişdir. Bakı Xoreoqrafiya Akademiyasının Ümumi Şöbəsinin möhürü ilə təsdiq edilmiş jurnaldan çıxarışdan görünür ki: xx.xx.2023-cü il tarixdə İddiaçı xəbərdarlıq elan olunması barədə Nümayəndə2 təqdimatı 01-23-05/144; xx.xx.2023-cü il tarixdə İddiaçı xəbərdarlıq verilməsi 01/49-k; xx.xx.2023-cü il tarixdə İddiaçı və Y.Çernousova arasında yaranan mübahisə barədə Nümayəndə2 təqdimatı 01-23-05/234; xx.xx.2023-cü il tarixdə İddiaçı töhmət verilməsi barədə Nümayəndə2 təqdimatı 01-23- 05/235; xx.xx.2023-cü il tarixdə İddiaçı intizam tənbehinin verilməsi 01/74-k nömrələri ilə qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Bakı Xoreoqrafiya Akademiyasında “tam orta təhsil pilləsinin klassik rəqs fənni üzrə müəllimi” vəzifəsində işlədiyi dövr ərzində xx.xx.2023-cü il tarixdə Bakı Xoreoqrafiya Akademiyasının 01/50-k nömrəli əmri ilə təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən mübahisə və münaqişələrə yol verdiyinə, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək və icra intizamını pozduğuna görə ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq verilmişdir. Xəbərdarlıq barədə əmrin verilməsinin əsasını orta ixtisas təhsil pilləsinin direktoru T.R.Eynullayevin xx.xx.2023-cü il tarixli yazılı məlumatı təşkil etmişdir. Həmin məlumatda qeyd edilmişdir ki, iddiaçı ilə digər müəllim Çernousova Yelena arasında zala görə mübahisə yaranmış, iddiaçı cədvəl üzrə 305-ci zalda Ç.Yelenanın dərsi olduğu halda tələbələrin yanında onu zala buraxmamış, nizam-intizam qaydalarını dəfələrlə pozmuşdur. Kollec direktorunun tövsiyələrini nəzərə almamış, tapşırıqlara əməl etməmiş, prorektorun da sözlərinə məhəl qoymamışdır. Heç kimin ona söz deyə bilməyəcəyini, zaldan çıxmayacağını və belə davam edəcəyini bildirmişdir. Onun hərəkətlərinin digər müəllimlər üçün də mənfi örnək olduğunu qeyd edərək, barəsində ölçü götürülməsi xahiş olunmuşdur. İddiaçı iddia edir ki, ona xəbərdarlıq verilməsi barədə əmrlə tanış edilməmiş, bu məsələdən sonralar xəbəri olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə Akademiyanın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Nailə Məmməd-Zadə, müəllimlər Yelena Çernousova və Lyudmila Qutlyanskaya tərəfindən Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsinin 0.5 ştat müəllimi İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10.b maddəsi ilə müəyyən olunmuş Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən olan əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək və Bakı Xoreoqrafiya Akademiyası “Təhsil kompleksi professor-müəllim heyəti və əməkdaşlarının etik davranış Qaydaları”nın vəzifələrini yerinə yetirməməsi barədə akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, akademiyanın orta ixtisas təhsili pilləsinin (kollec) məzunlarının buraxılış konsertinə hazırlığı zamanı müəllim İddiaçı özünü qeyri-adekvat aparmış, zalda rəhbərliyin işinə müdaxilə etmiş, subordinasiya qaydalarına riayət etməmiş, guya tələbəsinin çıxışına biganə yanaşıldığını əsassız olaraq dəfələrlə qeyd etmiş və tələbələrin və pedaqoji heyətin yanında akademiyanın rektor vəzifəsini müvəqqəti icra edən Nailə Məmməd-Zadənin tövsiyələrinə kobud cavab verərək və təhsil müəssisəsinə uyğun olmayan fikirlər bildirmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçıya xx.xx.2023-cü il tarixində Akademiyanın 305 nömrəli zalında baş vermiş insidentlə bağlı təhsil müəssisəsinin rəhbərinin adına izahat yazmağının təklif edilməsi, lakin onun heç bir səbəb göstərmədən izahat yazmaqdan imtina etməsi akademiyanın insan resursları şöbəsinin müdiri S.M.Məmmədova, ümumi şöbəsinin müdiri S.Ə.Vəliyeva, hüquq məsləhətçisi Nümayəndə2 və insan resursları şöbəsinin mütəxəssisi A.E.Mahmudova tərəfindən aktlaşdırılmışdır. xx.xx.2023-cü il tarixdə isə Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin 01/74-k nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq intizam qaydalarını yerinə yetirmədiyinə, etik davranış qaydalarına riayət etmədiyinə, təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən mübahisə və münaqişəyə yol verdiyinə, yaranmış mübahisə və münaqişəni konstruktiv həll etmədiyinə görə ona intizam tənbehi – “töhmət” elan edilmiş, gələcəkdə bu cür nöqsanlara yol verəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinə müvafiq olaraq daha ciddi tədbir görüləcəyinin onun nəzərinə çatdırılması, əmrin əsasının hüquq məsləhətçisi Nümayəndə2 xx.xx.2023-cü il tarixli təqdimatının və xx.xx.2023-cü il tarixli aktının təşkil etməsi qeyd edilmişdir. Hüquq məsləhətçisi Nümayəndə2 xx.xx.2023-cü il tarixli təqdimatında qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixində 305 nömrəli zalda akademiyanın orta ixtisas təhsili pilləsinin (kollec) məzunlarının buraxılış konsertinə hazırlığı zamanı müəllim İddiaçı Akademiyanın daxili nizam-intizam qaydalarına riayət etməyərək rəhbərliyin işinə müdaxilə etməsi və özünü qeyri-adekvat aparması ilə bağlı məlumatla əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, tələbələrin çıxışları zamanı İddiaçı dərs dediyi tələbələrin çıxışını digər tələbələrin çıxışı ilə müqayisə etmiş, rəhbərliyin onun tələbəsinin çıxışına biganə yanaşdığını əsassız olaraq dəfələrlə qeyd edərək Nailə Məmməd-Zadə ilə söz polemikaları etmişdir. Nailə Məmməd-Zadə tərəfindən İddiaçı müzakirələrin çıxışlardan sonra aparılması və tələbəsinin çıxışı tamamlandığı üçün zalı tərk etməsi barədə təklifinə o, kobud cavab vermiş və tədbirə uyğun olmayan fikirlər bildirərək zalda qalmağa davam etmişdir. Baş vermiş insidentlə bağlı İddiaçı izahat verməkdən imtina etmişdir ki, bu, aktlaşdırılmışdır. Daha əvvəl Bakı Xoreoqrafiya Akademiyasının xx.xx.2023-cü il tarixli 01/50-k nömrəli əmri ilə ona xəbərdarlıq elan olunmuşdur. Qeyd olunanları və “Bakı Xoreoqrafiya Akademiyası Təhsil kompleksi professor-müəllim heyəti və əməkdaşlarının etik davranış Qaydaları”nın 4.2.3, 4.3.4 və 6.4-cü bəndlərini nəzərə alaraq, İddiaçı töhmət elan edilməsi məqsədəmüvafiq hesab edilmişdir. İddiaçı iddia edir ki, akademiyada etik davranış qaydalarına dair sənəd heç vaxt olmamış, məhz bu mübahisələr yaranandan sonra köhnə tarixlə hazırlanmışdır. Töhmət veriləndən sonra xx.xx.2023-cü il tarixdə iddiaçı ərizə yazaraq, töhmətlə razı olmadığını bildirmiş və barəsində aparılmış icraatla bağlı tərtib edilmiş materialların ona təqdim edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə həmin sənədlər ona təqdim edilmişdir. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi akademiyanın möhürü ilə surəti təsdiq edilmiş jurnaldan çıxarışdan yuxarıda qeyd edilən sənədlərin vaxtlı-vaxtında qeydiyyatının aparılması məlum olur. Bundan sonra tərəflər mediasiya prosesində iştirak etmiş, lakin prosesi davam etdirməmişlər. Hazırda iddiaçı ona xəbərdarlıq verilməsi barədə xx.xx.2023-cü il tarixli və töhmət verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrlərin ləğv edilməsini, cavabdeh tərəf iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbinin “xəbərdarlıq verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi” hissəsinə dair qeyd etməyi zəruri hesab edir ki, işdə olan sübutlar əsasında təsdiq olunur ki, iddiaçı rəhbərlik tərəfindən təyin edilmiş cədvələ əsasən digər müəllim Ç.Yelenanın dərsi olan zala onu buraxmamış, tələbələrin yanında onunla mübahisə etmiş, dərsin aparılmasına maneçilik törətmişdir. Bununla da o, əmək intizamını və müəllimlərin etik davranış qaydalarını pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ona xəbərdarlıq verilməsi barədə əmrin ləğv edilməsinə əsas yoxdur. Eyni zamanda qeyd edilməlidir ki, əmək qanunvericiliyinə müvafiq olaraq, xəbərdarlıq intizam tənbehi sayılmır. Buna görə də məhkəmə hesab edir ki, xəbərdarlıq verilməsi iddiaçının hər hansı hüququnun pozulmasına səbəb olmamışdır. Cavabdeh tərəfin “iddiaçının xəbərdarlıq əmrinin ləğvini mediasiya prosesi zamanı mübahisələndirmədiyindən bu tələbə baxılmalı olmaması barədə” dəlilinə münasibətdə qeyd edilməlidir ki, barəsində xəbərdarlıq barədə əmr verildiyini iddiaçı sonradan öyrəndiyini iddia edir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında mediasiya prosesi zamanı 1 məsələ üzrə barışıq əldə edilməməsi, hazırda isə cavabdehin iddianın həmin hissəsinə də etiraz etməsi onu deməyə əsas verir ki, məhz formallıq baxımından tələbə mediasiyada mübahisələndirilmədiyi əsası ilə məhkəmədə baxılmaması süründürməçiliyə gətirib çıxaracaqdır. Mülki prosessual qanunvericiliyə əsasən iddia tələbinin həcminin artırılması hüququnun verilməsi zamanı və qarşılıqlı iddia verilən zaman mediasiyadan keçməyin tələb edilməməsi məhkəməyə bu nəticəyə gəlməyə əsas verir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin bu dəlili əsassızdır, xəbərdarlıqla bağlı da iddiaçıdan mediasiyaya müraciət etməyi tələb etmək prosessual qənaət prinsipinə, həmçinin, mediasiya institutunun hüquqi təyinat və məqsədinə uyğun gəlmir. İddia tələbinin “töhmət verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, şahid ifadələri və təqdim edilmiş sənədlər əsasında müəyyən edilir ki, iddiaçı kütləvi tədbirdə akademiyanın rəhbərinə qarşı hörmətsizlik nümayiş etdirmiş, bununla da subordinasiya qaydalarını pozmuşdur. İddiaçının etik davranış qaydalarına əməl etməməsi, əmək intizamını pozması səbəbindən ona töhmət verilməsi əsaslı olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, töhmət əmrinin ləğv edilməsi barədə tələb təmin edilməməlidir. Onu da qeyd etmək zəruridir ki, iddiaçı müəssisədaxili etik davranış qaydalarının əvvəllər olmaması, sonradan köhnə tarixlə hazırlanmasını mübahisələndirmiş, lakin cavabdeh tərəfin təqdim etdiyi sübutları (Bakı Xoreoqrafiya Akademiyası Təhsil kompleksi Elmi Şurasının xx.xx.2022-ci il tarixli (protokol № 001) Qərarı, “Bakı Xoreoqrafiya Akademiyası Təhsil kompleksi professor-müəllim heyəti və əməkdaşlarının etik davranış Qaydaları”) təkzib edən mötəbər sübutları təqdim etməmiş, bu barədə verilən şahid ifadələri isə ziddiyyətli olmuşdur. İddiaçının bu dəlili doğru olsaydı da belə, müəssisədaxili etik davranış qaydalarının olmaması iddiaçının cəmiyyətdə qəbul edilmiş normalara, həmçinin, müəllimlərin etik davranış qaydaları barədə Təhsil Nazirliyinin Kollegiyası tərəfindən təsdiq edilmiş aktın göstərişlərinə zidd hərəkət etməsi üçün ona hüquq verməzdi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinin “b”, “e” və “f” bəndlərinə əsasən, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələridir. 186-cı maddəsinin 1-3-cü hissələrinə görə, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 187-ci maddəsinin 1-3-cü hissələrinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. 188-ci maddəsinin 1-2-ci hissələrinə görə, intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir. 189-cu maddəsinə əsasən, bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. 190-cı maddəsinin 1-3-cü hissələrinə görə, intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. İşçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 1/2 nömrəli xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın: 1.1, 1.3-1.5-ci bəndlərinə görə, Müəllimlərin etik davranış Qaydaları müəllimlərin etik davranış prinsiplərini və onlara uyğun tələbləri, təhsil prosesi iştirakçılarının qarşılıqlı münasibətlərinin xüsusiyyətlərini müəyyən edir və onları tənzimləyir. Bu Qaydalar təhsilin bütün səviyyələrində peşə fəaliyyəti zamanı təhsilverənlərin ümumi davranışını və təhsil prosesi iştirakçıları ilə qarşılıqlı münasibətlərini tənzimləyən normalar məcmusundan ibarətdir. Bu Qaydalar bütün növ təhsil müəssisələrində çalışan müəllimlərə şamil edilir. Bu Qaydaların tətbiqində əsas məqsəd təhsil müəssisələrində sağlam işgüzar durumun bərqərar olmasına, vətəndaşların təhsil müəssisəsinə və müəllimə etimadının artırılmasına, təhsil müəssisələrinin idarə olunmasında valideynlərin və cəmiyyətin daha yaxından iştirakının təmin edilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına, təhsil müəssisəsində korrupsiya hallarının və maraqların toqquşmasının qarşısının alınmasına və müəllim nüfuzunun yüksəldilməsinə nail olmaqdan ibarətdir. 2.1, 2.1.3-2.1.5, 2.1.7-ci bəndlərinə görə, müəllim peşə fəaliyyətində aşağıdakı etik davranış prinsiplərini gözləməli və tələblərə ciddi şəkildə əməl etməlidir: - peşəkarlıq və fərdi məsuliyyət – müəllim öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş vəzifələr çərçivəsində peşəkar səviyyədə yerinə yetirməyə borcludur və vəzifə funksiyalarının keyfiyyətlə yerinə yetirilməməsinə görə intizam məsuliyyəti daşıyır. Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil sisteminə, təhsil müəssisəsinə və təhsil işçilərinə inamını artırmalı və möhkəmləndirməlidir. - loyallıq – müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir. - mədəni davranış – müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır. - ictimai etimad – müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Müəllim etik davranış qaydalarını pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai etimadın bərpasına çalışmalıdır. Müəllim işlədiyi təhsil müəssisəsinin fəaliyyəti barədə kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş qaydada doğru məlumatlanmasına kömək göstərməlidir. 3.8, 3.14-cü bəndlərinə görə, müəllim pedaqoji etika və əxlaq normalarına riayət edir, müəllim nüfuzunu yüksək tutur, ziyalılıq nümunəsi göstərir. Müəllim icra və əmək intizamına riayət edir, iş vaxtında kənar işlərlə məşğul olmur, üzrsüz səbəbdən işdən yayınmır. 4.2.1-4.2.4, 4.2.6-cı bəndlərinə əsasən, müəllimlər arasında münasibət əməkdaşlıq və qarşılıqlı hörmət prinsipinə əsaslanmalıdır. Müəllim yalnız şəxsi nüfuzunu deyil, işlədiyi təhsil müəssisəsinin və həmkarlarının da nüfuzunu qorumalıdır. Təhsilalanlar və digər şəxslər qarşısında müəllimin öz həmkarını təhqir etməsi və zor tətbiq edilməsi yolverilməzdir. Müəllim öz həmkarının peşəkar baxış və fikirlərinə hörmətlə yanaşmalıdır. Müəllim pedaqoji münasibətlərdə təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən mübahisə və münaqişələrə yol verməməli, yaranmış mübahisə və münaqişəni konstruktiv həll etməyə çalışmalıdır. Müəllim ümumi vəzifələrin icrasına və əməkdaşlığa mane olacaq rəqabətə yol verməməlidir. Müəllim öz fəaliyyəti ilə işlədiyi kollektivin nüfuzunun artmasına çalışmalıdır. 4.3.4-cü bəndinə görə, müəllimlə rəhbərin arasındakı münasibətlər qarşılıqlı hörmət əsasında qurulmalıdır. 6.1-6.2-ci bəndlərinə əsasən, hər bir müəllim etik davranış qaydalarına əməl etməyə borcludur. Müəllimlər tərəfindən etik davranış qaydalarına əməl olunması rəhbər tərəfindən təhlil edilir və bu Qaydaların 6.3.6-cı yarımbəndində müəyyən edilmiş tədbirlər görülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Beləliklə, istinad edilən hüquq normalarının hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Bakı Xoreoqrafiya Akademiyasına qarşı «əmrlərin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı Xoreoqrafiya Akademiyasına qarşı «əmrlərin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar