Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2918/2024 16.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 499-22 saylı, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 4200 manat əsas borc, 262 manat dəymiş zərər və “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 945-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə 5000 manat əsas borc, 125 manat dəymiş zərər, 320 manat vəkilə ödənilən vəsait, 120 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təhsil alan X1 qanuni nümayəndəsi X2 ilə İddiaçı MMC arasında “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 499-22 saylı, xx.xx.2022-ci il tarixli və “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 945-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilələr bağlanılmışdır. Müqavilələrə əlavə olaraq tərəflər arasında xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli Razılaşdırma Protokolları bağlanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən, “Lisey” “Təhsilan”a Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi təhsil xidmətlətinin təşkilini, 2ci maddəyə əsasən isə Təhsilanın “Qanuni nümayəndəsi” isə bu müqavilənin ayrılmaz hissəsi hesab edilən xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli Razılaşdırma Protokollarında müəyyən edilmiş qaydada və müddətdə təhsil haqqı məbləğini “Lisey”ə ödəməyi öz öhdəsinə götürmüşdür. “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 499-22 saylı, xx.xx.2022-ci il tarixli müqavilənin 3.1-ci maddəsinə əsasən, təhsil haqqı 6000 manat təşkil etməkdədir. “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 945-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilənin 3.1-ci maddəsinə əsasən, təhsil haqqı 6000 manat təşkil etməkdədir. Lakin “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 499-22 saylı, xx.xx.2022-ci il tarixli müqavilə üzrə təhsil haqqının az hissəsi olan 1800 manat ödənilmiş, qalan 4200 manat hissəsi isə iddia hazırlanan tarixədək ödənilməmişdir. Həmçinin “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 945-23 saylı, xx.xx.2023-cü il müqavilə üzrə təhsil haqqının az hissəsi olan-1000 manat ödənilmiş, qalan 5000 manat hissəsi isə iddia hazırlanan tarixədək ödənilməmişdir. Həmin pul vəsaitlərinin ödənilməsi ilə bağlı şifahi müraciətləri nəticəsiz qalmışdır. Məhkəmənin diqqətinə çatdırmışdır ki, Lisey böyük kollektivə malikdir. İşçilərin əmək haqları, sosial sığortalar, vergilər, icarə haqları, dərs ləvazimatlarının alınması, binanın saxlanılması, o cümlədən elektrik, su, kommunal ödənişlər kimi cari xərclərin ödəmək məcburiyyətindədir. Liseyin yeganə gəlirləri isə təhsil alanların ödənişləri hesabına formalaşır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmədiyini nəzərə alaraq hesab etmişdir ki, son bir il ərzində ödənişləri etmədiyinə görə Mərkəzi Bankın uçot dərəcəsi ilə, ən azı 5% lə dəymiş zərər, vəkilə ödənilən 320 manat vəsait, 120 manat dövlət rüsumu ondan tutularaq Liseyə ödənilməlidir. “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 499-22 saylı, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 4200 x 5% = 210 manat :12 ay = 17.50 manat x 15 ay =262.50 manat 4200 manat + 262.50 manat dəymiş zərər = 4462 cavabdehdən alınaraq Liseyə ödənilməlidir. Eyni zamanda, “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 945-23 saylı, xx.xx.2023-cü il müqavilə üzrə 5000 x 5% = 250 manat : 12 = 20.84 x 6 ay =125 manat 5000 + 125 manat dəymiş zərər = 5125 cavabdehdən alınaraq Liseyə ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı ilə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə təhsilalanın qanuni nümayəndəsi Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış təhsil xidmətlərinin göstərilməsi haqqında 499-22 saylı müqavilədən görünür ki, müqavilənin predmeti lisey tərəfindən təhsilalana Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi təhsil xidmətlərinin təşkili və göstərilməsi və təhsilalan tərəfindən xidmət haqqının ödənilməsi və vəzifələrinin, öhdəliklərin yerinə yetirilməisndən irəli gələn tərəflərin qarşılıqlı münasibətləridir. Lisey bu müqavilənin qüvvədə olduğu müddətdə təhsilalanın ünvan 1 ünvanda yerləşən təhsil müəssisəsində 2-ci sinif rus bölməsi üzrə təhsil xidmətləri göstərir, qanuni nümayəndə isə bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 499-22 saylı xx.xx.2021-ci il tarixli razılaşdırma protokolunda müəyyən edilmiş qaydada və müddətdə illik təhsil haqqı məbləğini liseyə ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan İddiaçı MMC ilə təhsilalanın qanuni nümayəndəsi Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış razılaşdırma protokolundan görünür ki, illik təhsil haqqı 6000 manat müəyyən edilməklə, ilkin ödəniş 666 manat, növbəti 9 ay ərzində isə hər ay 666 manat ödənilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə təhsilalanın qanuni nümayəndəsi Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış təhsil xidmətlərinin göstərilməsi haqqında 945-23 saylı müqavilədən görünür ki, müqavilənin predmeti lisey tərəfindən təhsilalana Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi təhsil xidmətlərinin təşkili və göstərilməsi və təhsilalan tərəfindən xidmət haqqının ödənilməsi və vəzifələrinin, öhdəliklərin yerinə yetirilməisndən irəli gələn tərəflərin qarşılıqlı münasibətləridir. Lisey bu müqavilənin qüvvədə olduğu müddətdə təhsilalanın ünvan 1 ünvanda yerləşən təhsil müəssisəsində 2-ci sinif rus bölməsi üzrə təhsil xidmətləri göstərir, qanuni nümayəndə isə bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 945-23 saylı xx.xx.2023-cü il tarixli razılaşdırma protokolunda müəyyən edilmiş qaydada və müddətdə illik təhsil haqqı məbləğini liseyə ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan İddiaçı MMC ilə təhsilalanın qanuni nümayəndəsi Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış razılaşdırma protokolundan görünür ki, illik təhsil haqqı 6000 manat müəyyən edilməklə, ilkin ödəniş 858 manat, növbəti 7 ay ərzində isə hər ay 852 manat ödənilməlidir. İş materiallarında olan pretenziyadan görünür ki, Cavabdeh müqavilə üzrə öhdəliklərin icra edilməsi üçün 5 gün vaxt verilməsi təklif edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, öhdəliklərin cavabdeh tərəfindən lazmınca icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı öhdəliklərin icra edilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında təhsil xidmətlərindən yararlanmaq hüququna malik olduğu kimi eyni zamanda müqavilədə razılaşdırılmış şərtlərlə təhsil haqqını iddiaçıya ödəməli olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh təhsil müqaviləsi əsasında xidmətlərin göstərilməsi hüququndan istifadə etmiş, təhsil haqqını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliklərini yerinə yetirməmişdir. Eyni zamanda cavabdeh özü də əvvəlki məhkəmə iclasında tələb edilən təhsil haqqının məbləğini etiraf etməklə onun ödənilməsi üçün vaxt verilməsini xahiş etmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi cəmi 9200 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddianın hər iki müqavilə üzrə “gecikdirilmiş vaxt üçün dəymiş zərərin ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən (xx.xx.2023-cü il tarixə olan dəyişiklərlə) Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən gecikdirilmiş vaxt üçün cəmi 387 manat faiz tələbi əsaslıdır və iddia həmin hissədə də təmin edilməlidir. Məhkəmə iddia tələbinin vəkilə ödənilən vəsaitin və iddia qaldırılması üçün ödənilmiş 45 manat dövlət rüsumunun tutulmasını hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində olmaqla dövlət rüsumu ödəməklə hüquqi xidmətlərin göstərilməsi üçün vəkilə müraciət etməli olduğundan, bu hissədə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli Cavabdeh “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 499-22 saylı, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 4200 manat əsas borc, 262 manat dəymiş zərər və “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 945-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə 5000 manat əsas borc, 125 manat dəymiş zərər, 320 manat hüquqi xidmət haqqı, 120 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 499-22 saylı, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 4200 manat əsas borc, 262 manat dəymiş zərər və “Təhsil Xidmətlərinin göstərilməsi haqqında” 945-23 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə isə 5000 manat əsas borc, 125 manat dəymiş zərər, 320 manat hüquqi xidmət haqqı, 120 manat ödənilmiş dövlət rüsumu, cəmi 10027 manat alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-2918/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2918/2024
16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver