Məhkəmə qərarları › İş №e-2(006)-2922/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2922/2023

30.08.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2922/2023 30.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh müəssisənin 04 aprel 2023-cü il tarixli işdən çıxarma əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi, 04 aprel 2023-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh müəssisədə işləmişdir. xx.xx.2018-ci il tarixdə 150 №-li əmrlə iddiaçı Cəmiyyətin satış əməliyyatları Departamenti X9 Filial müdiri vəzifəsinə keçirilmişdir. 04 aprel 2023-cü il tarixdə 139 №-li əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı dəfələrlə cavabdeh müəssisəyə müraciət edərək əmrin surətini tələb etsə də, əmrin surəti ona təqdim edilməmiş, sadəcə əmək kitabçası ona təhvil verilmişdir. Buna görə də, iddiaçıya işdən çıxarılma səbəbləri aydın deyil. İddiaçı məhkəmədən əvvəl mübahisənin mediasiya vasitəsi ilə həll olunmasına çalışsa da, cavabdeh müəssisə buna razı olmadığından mübahisənin mediasiya vasitəsi ilə həllinə nail ola bilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh müəssisəsinin 04 aprel 2023-cü il tarixli 139 №-li əmri qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iddiaçı cavabdeh müəssisədə işlədiyi müddətdə əmək vəzifələrinin kobud şəkildə pozulması hallarına heç vaxt yol verməmişdir. İddiaçıya işdən çıxarılma səbəbləri izah edilməmiş, əmrin surəti ona təqdim edilməmiş, iddiaçı əmək vəzifələrini pozmadığından işdən çıxarılmasını qanunsuz hesab edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hazırda cavabdeh iddiaçının işdən çıxarılmasına əsas olan sənədləri məhkəməyə təqdim etmişdir və iddia ilə bağlı öz etirazını bildirmişdir. İddiaçı həmin sənədlərlə tanış olmuşdur və bununla bağlı məhkəmənin diqqətinə çatdırır ki, 04 aprel 2023-cü il tarixli 139-K saylı əmrdə iddiaçının işdən çıxma əsasları göstərilməmiş, sadəcə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə istinad edilmişdir. Əmrin verilməsinə əsas kimi işçinin izahatı göstərilmişdir. Həmin izahatda iddiaçı göstərmişdir ki, iş fəaliyyəti zamanı müxtəlif tarixlərdə avtodayanacağa nəzarət edən Zahid və Natiq, Avrora firmasının işçisi Zülfiyyə və Qurman firmasının işçisi Günay xanım öncədən razılaşdırılmış qaydada müəyyən məbləğdə yemək yemişlər. Ödəniş mağazada çalışan administrativ heyətə ödənilmişdir və ödənildikdən sonra mətbəxə alış-veriş zamanı kassaya vurulmuşdur. Yanvar və fevral aylarının ödəniş çeki var. Fevral ayının video görüntüləri var. Qeyd olunan məsələ ilə bağlı iddiaçı üst rəhbərinə məlumat verməmişdir. Cavabdeh tərəf şirkətin təchizat, texniki işlər və təhlükəsizlik departamenti təhlükəsizlik şöbəsinin araşdırma mütəxəssisi İsmayıl İsmayılzadənin təqdimatını təqdim etmişdir. Həmin təqdimatda göstərilmişdir ki, mağazanın qarşısında avto dayancağa nəzarət edən Natiq, Zahid, Avrora və Qurman firmasının nümayəndələri Zülfiyyə və Günay adlı şəxslər mağazanın mətbəxində filialın personalı üçün nəzərdə tutulmuş yeməkdən yemişlər. İlkin araşdırmalar nəticəsində məlum olmuşdur ki, İddiaçıla öncədən razılaşdırılmış şəkildə gündəlik olaraq hər bir şəxsdən (Natiq, Zahid, Zülfiyyə və Günay) 1 AZN ödəməsi şərti ilə razılaşdırılmışdır. Həmin məbləğlər Kəmalə xanımın ya şəxsi bank kartına göndərilir və ya nağd şəkildə ödənilmişdir. İddiaçı qeyd olunan məsələ ilə bağlı üst rəhbərlərinə heç bir məlumat verməmişdir. İddiaçıla fərdi söhbət aparılarkən tutduğu əməli etiraf etmiş, məbləğləri şəxsən qəbul etmədiyini, həmin pullara mağaza üçün ərzaq aldığını bildirmişdir. Kəmalə Məmmədəliyeva ilə fərdi söhbət aparılarkən izahatında qeyd etmişdir ki, şəxslərin verdiyi məbləğləri birbaşa mağaza müdirinə vermişdir. X8 Əhmədov və Kəmalə Məmmədəliyeva barəsində müvafiq intizam tədbirinin görülməsini xahiş etmişdir. Beləliklə aydın olur ki, iddiaçı mağaza işçiləri olmayan şəxslərin mağazada yemək yeməsinə icazə verməsinə görə işdən azad edilmişdir. İddiaçı hesab edir ki, onun işdən azad edilməsinə dair əmrin verilməsinə mühüm əsaslar mövcud deyil. Çünki bu əsaslarla işdən azad edilmə tamamilə məntiqsizdir. İddiaçının başqa şəxslərin mağaza daxilində yemək yeməsinə icazə verməsi onun əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilə bilməz. Digər tərəfdən, həmin şəxslər ödəniş əsasında mağaza daxilində yemək yemişlər və ödəniş də mağazanın kassasına vurulmuşdur, yəni iddiaçı həmin məbləğləri özü üçün istifadə etməmişdir. Əgər hesab etsələr ki, həqiqətən də iddiaçı qeyd edilən məsələ ilə bağlı təqsirlidir, bu halda məntiqlə hər iki şəxs, iddiaçı və K.Məmmədəliyeva barəsində ciddi tədbir görülməli idi. Lakin cavabdehin nümayəndəsinin məhkəmə iclasındakı izahatından məlum olmuşdur ki, K.Məmmədəliyeva barəsində heç bir tədbir görülməmişdir. Bu da cavabdeh müəssisənin iddiaçıya qarşı qərəzinin sübutudur. Bundan əlavə, hazırki əmr tərtib edilərkən qanunvericiliyin tələblərinə riayət olunmamışdır. Belə ki, əmr Əmək Məcəlləsinin 83-cü maddəsinin İİ hissəsinin tələblərinə zidd olaraq iddiaçının sonuncu iş günü ona təhvil verilməmişdir. İddiaçı həmin əmri yalnız məhkəmə iclasında əldə etmişdir. Həmin əmr tərtib edilərkən Əmək Məcəlləsinin 84-cü maddəsinin İ hissəsinin tələbləri pozulmuşdur. Həmin maddəyə görə, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Cavabdehin tərtib etdiyi əmrin məzmununda iddiaçının işdən çıxarılmasının əsasları göstərilməmişdir, sadəcə Əmək Məcəlləsinin 70-ci maddəsinə istinad edilmişdir. Burada «əsas» dedikdə, əmrin konkret hallara istinad olunmaqla əsaslandırılması nəzərdə tutulur. Əmrin ləğv edilməsinə əsas olan maddənin nömrəsinin və maddənin mətninin əmrdə qeyd edilməsi əsaslandırma hesab olunmur. Buna görə də, hazırki əmrdə iddiaçının hansı öhdəlikləri və hansı formada yerinə yetirməməsinin və ya əmək vəzifələrini kobud şəkildə pozulmasının konkret olaraq nədən ibarət olması göstərilməli idi. Habelə hesab etsələr ki, iddiaçı əmək intizamını pozmuşdur o halda daha yüngül intizam tədbiri də verilə bilərdi. Qeyd edilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının tələbləri əsassızdır. Belə ki, İddiaçı xx.xx.2014-cü il tarixdən Cavabdeh MMC-nin filiallarında müxtəlif vəzifələrdə işləmiş və nəhayət filial müdiri vəzifəsində işləməyə davam etmişdir. Lakin, filial müdiri vəzifəsində işləyərkən əmək funksiyalarını kobud şəkildə pozduğu üçün onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Çünki, İddiaçı öz əmək funksiyalarını kobud şəkildə pozmuş, daxili qaydalara zidd olaraq, "xxxx" MMCnin və "xxxx" MMC-nin işçiləri Zülfiyyə və Günay adlı şəxsləri mağaza filialının «kənar şəxslərə girişin qadağan» olunduğu bölməyə girmələrinə şərait yaratmış və onların şirkətin işçilərinə verilməsi nəzərdə tutulan qidalardan istifadə etmələrini təmin etmişdir. Bununla da, şirkətin daxili qaydalarını kobud şəkildə pozaraq, MMC-yə maddi ziyan vurmaqla yanaşı həmçinin, konfidensiallıq, kommersiya sirlərinin qorunmasını bilərək pozmuşdur. İddiaçı öz əməlini izahatı ilə qəbul etmiş və nümayəndəsi məhkəmədə həmin izahatı təsdiq etmişdir. Göründüyü kimi, İddiaçı əməlində Əmək Məcəlləsinin 72-ci maddəsinin «c», «d» və «e» bəndlərinin tərkibi yaranmaqdadır. Əmək müqaviləsi bağlanılarkən, əmək münasibətləri davam edərkən və həmçinin əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən heç bir hüquq pozuntusu edilməmiş və qanuni əsaslarla əmək müqaviləsi xitam edilmişdir. Hesab edir ki, İddiaçı «işə bərpa və s.» tələbləri əsassız olduğundan rədd edilməlidir. İddiaçı şirkətdə mağaza müdiri vəzifəsində çalışmışdır. Çalışdığı müddətdə kənar şəxsləri mağazaya dəvət edərək, onların orada yemək yeməsinə şərait yaratmış və bununla da mağazaya ziyan vurmuşdur və sair hallar iddiaçının işdən çıxarılması barədə əmrin verilməsinə səbəb olmuşdur. İddiaçının törətmiş olduğu əməllə bağlı onun barəsində hazırki intizam tədbiri görülmüşdür Şirkətin nəzdində həmkarlar ittifaqı mövcud deyildir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, eləcə də cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Tərəflər arasında bağlanmış 13 fevral 2014-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı X9 müdir müavini vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsində əmək şəraiti, əmək haqqı və s. barədə zəruri şərtlər aydın və ətraflı şəkildə göstərilmişdir. - 05 iyul 2023-cü il tarixli aktdan görünür ki, mağaza müdiri vəzifəsində işləyən İddiaçı xx.xx.2022-ci il tarixə mağazanın anbarında mədaxil-məxaric olunan məhsulların dövriyyəsinin auditi aparılmışdır. - Təchizat, Texniki İşlər və Təhlükəsizlik Departamenti Təhlükəsizlik X3 X4 Gaziyevə ünvanladığı təqdimatdan görünür ki, Cavabdeh MMC-nin Novxanı filialında mağaza müdiri vəzifəsində çalışan İddiaçı və baş kassir vəzifəsində çalışan X1 tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri faktı aşkar olunmuşdur. Belə ki, mağazanın qarşısında avto-dayanacağa nəzarət edən Natiq, Zahid, "xxxx" və "xxxx" firmasının nümayəndələri Zülfiyyə və Günay adlı şəxslər mağazanın mətbəxində filialın personalı üçün nəzərdə tutulmuş yeməkdən yemişlər. İlkin araşdırmalar nəticəsində məlum olmuşdur ki, İddiaçıla öncədən razılaşdırılmış şəkildə gündəlik olaraq hər bir şəxsdən (Natiq, Zahid, Zülfiyyə və Günay) 1 AZN ödəməsi şərti ilə razılaşdırılmışdır. Həmin məbləğlər Kəmalə xanımın ya şəxsi bank kartına göndərilmiş, və ya nağd şəkildə ödənilmişdir. İddiaçı qeyd olunan məsələ ilə bağlı üst rəhbərlərinə heç bir məlumat verməmişdir. İddiaçı ilə fərdi söhbət aparılarkən tutduğu əməli etiraf etmiş, məbləğləri şəxsən qəbul etmədiyini, həmin pullara mağaza üçün ərzaq aldığını izahatında qeyd etmişdir. Kəmalə Məmmədəliyeva ilə fərdi söhbət aparılarkən, şəxslərin verdikləri məbləğləri birbaşa mağaza müdirinə verdiyini izahatında qeyd etmişdir. Qeyd olunanların nəzərə alınaraq İddiaçı və X1 barəsində müvafiq intizam tədbiri görülməsinin təmin edilməsi xahiş olunmuşdur. - İddiaçının cavabdeh MMC-nin direktoruna yazdığı izahatdan görünür ki, İddiaçı yuxarıda göstərilən təqdimatda yer alan məlumatların doğruluğunu təsdiq etmiş, həmin məsələ ilə bağlı üst rəhbərinə məlumat vermədiyini bildirmişdir. - Cavabdeh MMC-nin 04 aprel 2023-cü il tarixli 139-K saylı əmrindən görünür ki, həmin MMC-nin Satış Əməliyyatları Departamenti X6 Mağaza müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Əmrdə həmçinin işçinin istifadə etmədiyi 21,52 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsi də göstərilmişdir. - 26 may 2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, 26 may 2023-cü il tarixdə saat 12:00-da keçirilən ilkin mediasiya sessiyasında mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi mümkün olmamışdır. Belə ki, cavabdeh tərəfin nümayəndəsi mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 5 manat poçt xərci ödənilmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı ilə xx.xx.2014-cü il tarixdə əmək müqaviləsi bağlanmış və o, Cavabdeh MMC-nin filiallarında müxtəlif vəzifələrdə işləmiş, sonuncu vəzifəsi filial müdiri olmuşdur. Tərəflər arasında “tam maddi məsuliyyət haqqında” 07 sentyabr 2016-cı il tarixdə müqavilə bağlanmış, iddiaçı mağaza müdiri vəzifəsi tutan şəxslər üçün mövcud olan vəzifə təlimatı ilə tanış edilmiş, iddiaçı həmin təlimatla tanış olaraq imzalamışdır. 04 aprel 2023-cü il tarixli 139-K saylı əmr ilə əmək funksiyalarını kobud şəkildə pozduğu üçün onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı onun qeyd edilən norma əsasında işdən azad edilməsinin əsaslandırılmamasını, yəni hansı öhdəlikləri və hansı formada yerinə yetirməməsinin və ya əmək vəzifələrini kobud şəkildə pozulmasının konkret olaraq nədən ibarət olması göstərilməməsini mübahisələndirərək onun ləğv edilməsi ilə işə bərpa olunmasını və s. tələblərlə çıxış edir. Cavabdeh iddiaya etirazının əsası kimi iddiaçının şirkətin daxili qaydalarını kobud şəkildə pozaraq, MMC-yə maddi ziyan vurmaqla yanaşı həmçinin, konfidensiallıq, kommersiya sirlərinin qorunmasını bilərəkdən pozmaqla əmək funksiyalarını kobud şəkildə pozduğu üçün onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsinin qanuni əsasla olmasına istinad edir. Məhkəmə iddianın 04 aprel 2023-cü il tarixli işdən çıxarma əmrinin ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Göstərilən qanun normasında işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək funksiyası təsbit edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. - 70-ci maddəsinin «ç» maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71-ci maddəsinin 2-ci hissəsinə əssasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etiansızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - Qeyd edilən maddənin 3-cü hissəsinə əsasən işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. - 72-ci maddəsində isə hansı konrket hallarda işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması öz əksini tapmışdır. - 83-cü maddəsinin İ hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. - 186-cı madddənin 1-ci hissəsinə əsasən işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir. - 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbeh növünü verə bilər. - 186-cı maddənin 3-cü bəndinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. - 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. - 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 ay keçənədək verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçının izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə iddiaçının barəsində qəbul edilmiş əmrin qanunsuz olması və həmin əmrin əsaslandırılmadan işdən çıxarılmağı barədə dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, onun işdən azad edilməsinə dair əmrin verilməsinə mühüm əsaslar mövcud olmuşdur. Bu əsaslar həm Təchizat, Texniki İşlər və Təhlükəsizlik Departamenti Təhlükəsizlik X3 X4 Gaziyevə ünvanladığı təqdimatının, həm də İddiaçı sözügedən təqdimatda yer alan məlumatların doğruluğunu təsdiq etməsinə dair cavabdeh MMC-nin direktoruna yazdığı izahatın məzmunu ilə öz təsdiqini tapır. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi digər hallara, yəni işəgötürənin ona qarşı qərəzli olmasının digər işçi K.Məmmədəliyeva barəsində ciddi tədbir görülməməsi ilə əsaslandırmasına məhkəmə qiymət verərək hesab edir ki, bu hal işəgötürənin konkret olaraq iddiaçıya qarşı qərəzli olmasının sübutu kimi qiymətləndirilmir. Belə ki, iş materiallarından görünür ki, Kəmalə Məmmədəliyeva kassir, iddiaçı isə filial müdiri olmaqla vəzifəli şəxs olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı kənar şəxsləri mağazaya dəvət edərək, onların orada yemək yeməsinə şərait yaratmaqla və özünün də etiraf etdiyi kimi hər birindən buna görə hər dəfə razılaşdırılmış məbləğ olan 1 manat ödəniş almaqla mağazaya ziyan vurmuşdur. Həmin məbləğlər Kəmalə Məmmədəliyevanın ya şəxsi bank kartına göndərilmiş və ya nağd şəkildə ödənilmişdir. Onlar barəsində verilən təqdimatdan da görünür ki, Kəmalə Məmmədəliyeva ilə fərdi söhbət aparılarkən, kənar şəxslərin verdiyi məbləğləri birbaşa mağaza müdirinə verdiyini izahatında qeyd etmişdir. İddiaçının isə ödənişin mağazanın kassasına vurulması və həmin pullara mağaza üçün ərzaq aldığını bildirməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Məhkəmə daha sonra hesab edir ki, göstərilənlər iddiaçının törətmiş olduğu əməllə bağlı onun barəsində hazırki intizam tədbiri görülməsinə əsas olduğundan işəgötürən qanunla ona verilən səlahiyyətlər çərçivəsində Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərinə uyğun ona «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbeh növünü vermək hüququndan istifadə etməkdə haqlı olmuş və əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqlarının pozulması hallarına yol verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, digər işçi K.Məmmədəliyeva barəsində hər hansı formada tədbir görülüb-görülməməsi işəgötürənin müstəsna hüququdur və məhkəmənin qənaətinə görə onun barəsində tədbir görülməməsi onun səmimi etirafı ilə də bağlı ola bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı”). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı barəsində verilən əmrin qanunsuz olması və cavabdehin ona qarşı qərəzli münasibəti ilə bağlı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə də, məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutların məcmusundan göründüyü kimi, iddiaçı vəzifə təlimatı üzrə öhdəlikləri və səlahiyyətləri ilə bir araya gəlməyən yuxarıda göstərilən əməllərə yol vermiş, habelə digər işçi K.Məmmədəliyevanı da buna cəlb etmiş, işəgötürənin mənafelərini nəzərə almamış və bununla da işəgötürən tərəfindən haqlı olaraq həmin əməllər filial müdiri kimi əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində qanuni əsaslarla verilmiş, əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmış, bir sözlə əmr verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmişdir. İddiaçı barəsində işdən azad edilməsi barədə əmrin qanunvericiliyin tələblərinə uyğun olmamasına dair irəli sürdüyü dəlilləri isə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakterlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni, işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır və təmin edilə bilməz. Buna görə də İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci və 5 manat poçt xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 50 manat mediasiya xərci və 5 manat poçt xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar