Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2926/2025 04.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Şirinov Əli Hafiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdeh MTK-nın vəkili-nümayəndəsi Nümayəndə2 (videogörüntülü zəng vasitəsilə), Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X2 iştirakları ilə İddiaçı Cavabdeh MTK-ya qarşı «mənzil və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh MTK-ya qarşı «mənzil və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2017-ci il tarixli 036 saylı müqavilə üzrə Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş yeni çoxmənzilli hündürmərtəbəli binada yerləşən 48.7 kv.metr təmirli mənzilin İddiaçı verilməsi öhdəliyinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2017-ci il tarixli 036 saylı müqavilə üzrə xx.xx.2025-ci il tarixinə ödənilməmiş 7200 (yeddi min iki yüz) manat məbləğində kirayə haqqının, 10000 (on min) manat məbləğində əldən çıxmış faydanın, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 141 manat dövlət rüsumunun və 2500 (iki min beş yüz) manat vəkil xidmət haqqının Cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmışdır. İddiaçı mənzilini sökülməsi üçün cavabdehə təhvil vermişdir. İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi (MMC) arasında xx.xx.2017-ci il tarixli 036 saylı Müqavilə (bundan sonra – “Müqavilə” adlanacaq) bağlanmışdır. Müqavilənin 1.1.1-ci bəndinə əsasən, iddiaçı ona məxsus yaşayış sahəsini sökülməsi üçün cavabdehə təqdim etməyi və cavabdeh tərəfindən onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 1.1.2-ci bəndinə əsasən, cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzili, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 48,7 m2 təmirli mənzili iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən, cavabdeh 400 (dörd yüz) manat məbləğində aylıq kirayə haqqını üç ayda bir dəfə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh iddia ərizəsi verilən günə kimi öhdəliklərini yerinə yetirməmiş, iddiaçını yeni mənzil ilə təmin etməmişdir. Müqavilənin 2.2.5-ci bəndinə əsasən, cavabdeh binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 (iyirmi dörd) ay müddətinə qədər başa çatdıraraq mənzili iddiaçıya verməyə borcludur. İddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmiş, ona məxsus mənzili tam boşaldaraq lazımi qaydada cavabdehə sökülməsi üçün təhvil vermişdir. Buna baxmayaraq, cavabdeh öz öhdəliklərini yerinə yetirmir, iddiaçıya çatası mənzili ona təhvil vermir. xx.xx.2025-ci il tarixinə cavabdeh iddiaçıya 7200 AZN məbləğində kirayə haqqı borcludur. Cavabdeh 2023-cü ilin oktyabr ayından etibarən aylıq ödəməli olduğu 400 (dörd yüz) manat məbləğində kirayə haqqını ödəməmişdir. Hazırda ödənilməmiş kirayə haqqı məbləği 7200 AZN təşkil edir. Tərəflər arasında danışıqlar nəticə verməmişdir. Müqavilənin 6-cı maddəsinə əsasən, müqavilə əsasında yaranan bütün mübahisələr danışıqların aparılması yolu ilə həll edilir. Qarşılıqlı həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixində rəsmi qaydada pretenziya məktubu göndərilmiş, lakin cavabdeh həmin pretenziya məktubuna heç bir reaksiya verməmişdir. Həmçinin, “Kredo” Vəkil Bürosu ilə iddiaçı arasında xx.xx.2025-ci il tarixli, EM-1754VK-11760/25 saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış və onun tərəfindən 2500 (iki min beş yüz) manat vəkil xidmət haqqı ödənilmişdir. Belə olan halda, həm hüquqi yardımın göstərilməsinə görə ödənilən vəsait, həm də iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
3. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2017-ci il tarixli 036 saylı müqavilə üzrə Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş yeni çoxmənzilli hündürmərtəbəli binada yerləşən 48.4 kv. metr mənzilin İddiaçı verilməsi öhdəliyinin Cavabdeh Mənzil Tikinti Kooperativinin (Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin) üzərinə qoyulması; İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2017-ci il tarixli 036 saylı Müqavilə üzrə xx.xx.2026-cı il tarixinə ödənilməmiş 10 800 (on min səkkiz yüz) manat məbləğində kirayə haqqının; iddiaçıya çatacaq mənzilin təmir edilməsi üçün 16 000 (on altı min) manat məbləğində təmir xərcinin; mənzilin vaxtında təhvil verilməməsinə görə 37 100 (otuz yeddi min bir yüz) manat məbləğində əldən çıxmış faydanın; çatışmayan 0.3 kv.metr sahəyə görə 990 (doqquz yüz doxsan) manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 141 manat dövlət rüsumunun və 2500 (iki min beş yüz) manat vəkil xidmət haqqının Cavabdeh Mənzil Tikinti Kooperativindən (Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən) tutularaq İddiaçı ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh MTK-nın vəkili-nümayəndəsi Nümayəndə2 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, iddiaçıya aşağıdakı Bakı şəhəri, Nəsimi rayonu ünvanında Cavabdeh MTK-ya məxsus olan binanın 12-ci mərtəbəsində, 6-cı blokda yerləşən, sahəsi 54,1 kv.m. olan 51 nömrəli mənzilin verilməsini, əgər iddiaçı mənzili qəbul etmək istəməzsə, ona mənzilin əvəzində 160.000 manat pul verilməsini təklif etdiklərini, əlavə olaraq MTK-nın mənzili təmir etmək iqtidarında olmadığını bildirmiş, təklif edilmiş mənzilin ölçüsü ilə iddiaçının müqavilədə nəzərdə tutulmuş mənzilin ölçüsü arasında fərqin təmir xərci ilə əvəzləşdirilməsini xahiş etmişdir.
a) Məhkəmə prosesi:
5. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 və vəkili-nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib bildirdilər ki, mənzilə nömrə verilməsi ilə bağlı qətnamə artıq cavabdeh tərəfindən icra edilmişdir. Belə ki, cavabdeh tərəfin ərizəsində göstərdiyi mənzil həmin qətnamənin icrası üçün müəyyən edilən, həmçinin, hazırkı iş üzrə ekspert tərəfindən tədqiq edilən mənzildir və iddiaçı həmin mənzili qəbul etməyə hazırdır. Lakin cavabdeh tərəf mənzilin sahəsinin 54,10 kvadrat-metr olduğunu bildirsə də, ekspert rəyinə əsasən həmin mənzilin sahəsinin 48,4 kvadrat-metr olması müəyyən edilmişdir. Bu səbəbdən müqavilədə nəzərdə tutulan, lakin iddiaçıya verilə bilməyən çatışmayan 0,3 kvadrat-metr sahənin də pulunu istəyirlər. Həmçinin, müqavilədə təmirli mənzil verilməsi göstərilsə də, cavabdeh tərəf mənzili təmirsiz verdiyindən təmir xərcini, 2023-cü ilin oktyabr ayından etibarən müqavilə üzrə ödənilməyən kirayə haqqını, o cümlədən mənzilin təhvil verilmədiyi dövr üçün əldən çıxmış fayda və məhkəmə xərclərini cavabdehdən tələb edirlər. Qeyd etdiklərinə əsasən, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər.
6. Məhkəmə iclasında videogörüntülü zəng vasitəsilə iştirakı təmin edilmiş Cavabdeh MTKnın vəkili-nümayəndəsi Nümayəndə2 iddianı qismən qəbul edib bildirdi ki, digər qətnamənin icrası ilə əlaqədar cavabdeh tərəf binanın 12-ci mərtəbəsində, 6-cı blokda yerləşən 51 nömrəli mənzili müəyyən etmiş və hazırda mənzili iddiaçıya vermək niyyətindədir. Lakin mənzilin sahəsi ekspert rəyində göstərildiyi kimi deyil, daha artıqdır. Buna görə də həmin artıq sahə üçün pul tələb etməsələr də, bunun təmir xərci ilə əvəzləşdirilməsini təklif edirlər. Belə ki, müqavilədə iddiaçıya 48,7 kvadrat-metr sahəsi olan təmirli mənzil verilməsi nəzərdə tutulmuşdur, buna baxmayaraq, hazırda təklif edilən mənzilin sahəsi 54,1 kvadrat-metrdir və mənzil təmirsizdir, hazırda mənzilin MTK tərəfindən təmir edilməsi isə imkan xaricindədir. Mənzildə hər hansı arakəsmə olmadığını əlavə etdi. Bununla yanaşı, əgər iddiaçı mənzili qəbul etmək istəməsə, əvəzində 160.000 manat məbləğində pul verməyə hazır olduqlarını qeyd etdi. 2023-cü ilin oktyabr ayından etibarən kirayə haqqının ödənilməməsi ilə bağlı isə bildirdi ki, bu, binanın istismara verilməsi ilə bağlı olmuşdur, belə ki, cavabdeh tərəfin mövqeyinə görə, bina istismara verildiyi andan kirayə haqqları ödənilməməlidir. Qeyd edilənlərə əsasən, iddia tələbinin “kirayə haqqı, əldən çıxmış fayda, çatışmayan sahəyə görə pul” hissələrini əsassız hesab etdiklərini bildirdi. İddia tələbinə qiymət verilərkən qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X3 ekspert rəyinə uyğun izahat verərək bildirdi ki, ekspertiza baxışına təqdim edilmiş mənzilin heç bir azaltma əmsalı tətbiq edilmədən, içdən-içə ümumi sahəsi rəydə də göstərildiyi kimi 48,4 kvadrat-metrdir. Mənzildə arakəsmə olmadığını, mənzilin tam təmirsiz olduğunu əlavə etdi.
8. Məhkəmə proses iştirakçılarının izahatını və ekspertin şərhini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
9. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 036 nömrəli müqavilədən görünür ki, İddiaçı bu müqaviləyə əsasən Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi reyestrindən ÖM seriyalı 140213 saylı çıxarış ilə öz mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 43,0 kv.metr ½ paylı mülkiyyət (faktiki sahə - 40,6 kv.metr) ibarət yaşayış sahəsini sökülmək üçün MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada MMC tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdələrinə götürmüşlər. MMC sözügedən ünvanda yerləşən İddiaçı mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 48,7 kv.metr təmirli mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. MMC inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və İddiaçı təmirli mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə İddiaçı kompensasiya şəklində aylıq 400 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə 3 ayda 1 dəfə ödəyir. İddiaçı kommunal borcları olduğu halda, MMC həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir. İddiaçı veriləcək sahə layihəyə uyğun ölçüdən az olduğu təqdirdə, yaranan nisbəti pul şəklində ona ödəmək və yeni tikiləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş mənzili İddiaçı təhvil vermək MMC-nin vəzifələridir.
10. "xxxx" ASC tərəfindən verilmiş İddiaçı məxsus hesabdan xx.xx.2021-xx.xx.2025-ci il tarixləri əhatə edən çıxarışdan görünür ki, 2021-ci ilin əvvəlindən hesaba mütəmadi olaraq kirayə ödənişi təyinatı ilə pul daxil olmuş, sonuncu belə təyinatlı pul xx.xx.2023-cü il tarixdə “xx.xx.2023xx.xx.2023 dövrü üçün kirayə ödənişi” açıqlaması ilə köçürülmüş, lakin həmin tarixdən sonra belə təyinatlı ödəniş hesaba daxil olmamışdır.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2860/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilərək, 30 dekabr 2017-ci il tarixdə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 036 saylı müqavilə əsasında İddiaçı məxsus sökülmüş mənzilin ərazisində Cavabdeh MTK tərəfindən tikilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış kompleksində İddiaçı veriləcək mənzilin nömrəsi, yerləşdiyi blok (girişi) və mərtəbə barədə İddiaçı yazılı məlumat vermək öhdəliyinin Cavabdeh Mənzil Tikinti Koopetavinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-950/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2860/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
13. Hüquqi yardım göstərilməsi haqqında xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, Nümayəndə1 ona həvalə edilən tapşırıq əsasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində İddiaçı hüquqi yardım göstərməyi, İddiaçı isə hüquqi yardıma görə 2.500 manat məbləğində haqq ödəməyi öhdələrinə götürmüşlər.
14. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən “Kredo” Vəkil Bürosunun hesabına 2.500 manat məbləğində pul mədaxil edilmişdir.
15. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 3 X7 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, hazırda Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış kompleksində işlər yekunlaşdırılaraq bina sakinlərin istifadəsinə verilmişdir.
16. İddiaçının vəkili tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, xx.xx.2017-ci il tarixli, 36 saylı müqavilə üzrə təhvil verilməli olan mənzilin və ödənilməmiş 7.200 manat məbləğində kirayə haqqının 10 gün müddətində iddiaçıya verilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
17. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 141 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
18. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Ş.Əzizbəyov küçəsi, 127 ünvanında Cavabdeh MTK tərəfindən inşa olunmuş yaşayış binasına Agentlik tərəfindən xx.xx.2021-ci il tarixli, Ö/004881 nömrəli “İstismara hazırlıq aktı” verilmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1832/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-950/2025 nömrəli mülki iş üzrə 18 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində Cavabdeh MTK tərəfindən inşa edilən binada mənzillərin 1 m2 sahəsinin orta bazar qiyməti təmirli olduqda 3.400-3.800 manat, təmirsiz olduqda 3.000-3.300 manat təşkil edir. Həmin binada təmirsiz 48,7 m2 mənzilin təmir xərci 16.000 manat təşkil edir. Sözügedən binada boş olan mənzillərdən ən kiçik ölçülü mənzilin ümumi (faktiki) sahəsi (azalma əmsalı tətbiq edilmədən içdən-içə) 54,1 m2 təşkil edir. Binada boş olan mənzillərdən ən kiçik ölçülü mənzilin ümumi sahəsi “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydası” nəzərə alınmaqla (azalma əmsalları tətbiq edilməklə) 54,1 m2 təşkil edir. Həmin binada 1 otaqlı təmirli mənzillərin aylıq kirayə haqqının orta bazar dəyəri 700 manat, 2 otaqlı təmirli mənzillərin aylıq kirayə haqqının orta bazar qiyməti 1.300 manat təşkil edir.
21. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, qiymətləndiricinin xidmət haqqı 1.000 manat təşkil edir.
22. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 10/5805 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən, Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış kompleksində İddiaçı təklif olunan mənzilin içdən-içə, mənzilin daxilində olan arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı nəzərə alınmadan, eləcə də azaltma əmsalları tətbiq edilmədən faktiki ümumi sahəsinin 48,4 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının N-7 saylı, xx.xx.2012-ci il tarixli “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları” 3.8 bəndinin tələblərinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən, Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış kompleksində İddiaçı təklif olunan mənzilin içdən-içə, mənzilin daxilində olan arakəsmələrin, divarların, sütunların, şaxta sahələrinin və s. altı nəzərə alınmadan, eləcə də azaltma əmsalları tətbiq edilməklə faktiki ümumi sahəsinin 48,4 kv.metr təşkil etdiyi müəyyən edilmişdir.
23. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
24. Beləliklə, məhkəmə araşdırmaları nəticəsində müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MTK (həmin vaxt MMC) arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, iddiaçı paylı mülkiyyətində olan, ona məxsus hissənin faktiki sahəsi 40,6 kvadrat-metr olan mənzili sökülmək üçün cavabdehə təhvil vermiş, əvəzində cavabdeh həmin ərazidə inşa edəcəyi yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 48,7 kv.metr olan təmirli mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Tərəflər cavabdehin yaşayış binasının tikintisini başa çatdırana və iddiaçını təmirli mənzil ilə təmin edən günədək aylıq 400 manat məbləğində kirayə haqqının əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə 3 ayda 1 dəfə cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, cavabdeh tərəfindən iddiaçıya veriləcək sahənin layihəyə uyğun ölçüdən az olduğu təqdirdə, yaranan nisbətin pul şəklində ödənilməsi ilə bağlı razılığa gəlmişlər.
25. Müqavilədə iddiaçıya verilməli olan mənzilin nömrəsi, yerləşdiyi blok və mərtəbə göstərilmədiyindən, iddiaçı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə mənzilin nömrəsi, yerləşdiyi blok (girişi) və mərtəbə barədə iddiaçıya yazılı məlumat vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması qət edilmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almışdır. Hər iki tərəfin izahatına əsasən mübahisəsiz olaraq müəyyən edilir ki, qətnamənin icrası ilə əlaqədar cavabdeh iddiaçıya binanın 6-cı blokunun 12-ci mərtəbəsində yerləşən 51 nömrəli təmirsiz mənzili verməyi təklif edir, iddiaçı da həmin mənzili qəbul edir. Beləliklə, müqavilə əsasında iddiaçıya verilməli olan mənzilin binanın 6-cı blokunun 12-ci mərtəbəsində yerləşən 51 nömrəli təmirsiz mənzil olması işin mübahisəsiz halını təşkil edir. Cavabdeh mənzilin sahəsinin müqavilədə göstəriləndən artıq – 54,10 kvadrat-metr olduğunu iddia etsə də, məhkəmə araşdırmaları zamanı təyin edilmiş ekspertiza nəticəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyində azalma əmsalları tətbiq edilmədən mənzilin içdən-içə ümumi sahəsinin 48,4 kvadrat-metr – müqavilədə göstərilən sahədən daha az təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında dinlənilən ekspert rəyin məzmununa uyğun izahat vermişdir.
26. Hazırda iddiaçı cavabdeh tərəfindən təklif edilən mənzilin verilməsi öhdəliyinin müqavilədən irəli gələn öhdəlik kimi cavabdehin üzərinə qoyulması, 2023-cü ilin oktyabr ayından xx.xx.2026-cı il tarixinədək – 17 ay üçün ödənilməmiş cəmi 10.800 manat məbləğində kirayə haqqının, mənzilin təmir edilməsi üçün 16.000 manat məbləğində təmir xərcinin, mənzilin vaxtında təhvil verilməməsinə görə 37.100 manat məbləğində əldən çıxmış faydanın, çatışmayan 0,3 kvadrat-metr sahəyə görə 990 manat məbləğində pul vəsaitinin və məhkəmə xərclərinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Cavabdeh tərəf iddia tələbinin mənzilin təhvil verilməsi hissəsi ilə razı olduqlarını, qeyd etdikləri mənzili iddiaçıya verməyə hazır olduqlarını bildirirlər. 2023-cü ilin oktyabr ayından kirayə haqqının ödənilmədiyini mübahisələndirməyən cavabdeh tərəf bina istismara veriləndən sonra kirayə haqqı ödəməyi düzgün hesab etmədiklərini bildirərək, tələbin kirayə haqqı hissəsini qəbul etmirlər. Cavabdeh tərəf iddiaçıya veriləcək mənzilin sahəsinin müqavilədə nəzərdə tutulandan daha artıq olmasını iddia edərək, həmin artıq sahəyə görə pul tələb etmədiyini bildirir, bununla yanaşı, artıq sahənin təmir xərci ilə əvəzləşdirilməsini iddiaçıya təklif edirlər. Əldən çıxmış fayda və çatışmayan sahə üçün pul tələbinə cavabdeh tərəfin münasibəti isə bu tələblərin əsassız olması istiqamətindədir.
27. Burada qeyd olunması zəruridir ki, məhkəmə araşdırmaları zamanı cavabdeh tərəf təklif etdikləri mənzili iddiaçının qəbul etməyəcəyi təqdirdə, ona 160.000 manat məbləğində pul təklif etsə də, iddiaçının hər zamankı və elə son tələbi də məhz mənzil olmuş, cavabdehin son təklifi isə yuxarıda qeyd olunan mənzilin iddiaçıya verilməsindən ibarət olmuşdur.
28. 2023-cü ilin oktyabr ayından kirayə haqqının ödənilməməsi işin mübahisələndirilməyən halı olsa da, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" ASC-də olan bank hesabından xx.xx.2021-xx.xx.2025-ci il tarixləri əhatə edən çıxarış da bu faktın doğruluğunu bir daha təsdiq edir. Həmçinin, iddiaçı cavabdeh tərəfin kirayə haqqının ödənilməməsi ilə bağlı mövqeyində səmimi olmadığını iddia edərək, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin xx.xx.2025-ci il tarixli məktubunu məhkəməyə təqdim edir. Həmin məktubdan Cavabdeh MTK tərəfindən inşa olunmuş yaşayış binasına Agentlik tərəfindən xx.xx.2021-ci il tarixli, Ö/004881 nömrəli “İstismara hazırlıq aktı” verilməsi müəyyən edilir.
29. Məhkəmə araşdırmaları zamanı Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olan, qiymətləndirici təşkilat kimi rəsmi reyestrdə qeydə alınan "xxxx" MMC-dən əldə edilmiş xx.xx.2025ci il tarixli mütəxəssis rəyində Cavabdeh MTK tərəfindən inşa edilən binada mənzillərin 1 m2 sahəsinin orta bazar qiymətinin təmirli olduqda 3.400-3.800 manat, təmirsiz olduqda 3.000-3.300 manat təşkil etməsi, binada təmirsiz 48,7 m2 mənzilin təmir xərcinin 16.000 manat təşkil etməsi, 1 otaqlı təmirli mənzillərin aylıq kirayə haqqının orta bazar dəyərinin 700 manat, 2 otaqlı təmirli mənzillərin aylıq kirayə haqqının orta bazar qiymətinin 1.300 manat təşkil etməsi qeyd edilmişdir. Mütəxəssis rəyində, həmçinin, ən kiçik ölçülü mənzilin sahəsinin 54,10 kvadrat-metr olması müəyyən edilmişdir.
c) Məhkəmənin mövqeyi:
30. Məhkəmə iddia tələbinin “tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 036 saylı müqavilə üzrə Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş yeni çoxmənzilli hündürmərtəbəli binada yerləşən 48.4 kv. metr mənzilin iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçıya ümumi sahəsi 48,7 kvadrat-metr olan təmirli mənzilin verilməsi cavabdehin tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliyidir. Lakin işin mübahisələndirilməyən halıdır ki, yaşayış binasının artıq tikilib istifadəyə verilməsinə baxmayaraq, cavabdeh iddiaçı qarşısında müqavilədən irəli gələn bu öhdəliyini yerinə yetirməmişdir. Tərəflərə münasibətdə qəbul edilmiş və qanuni qüvvəsini almış müvafiq məhkəmə qətnaməsinə əsasən, mənzilin nömrəsinin, blokunun və mərtəbəsinin göstərilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, cavabdeh də hazırkı iş üzrə məhkəmə araşdırmaları zamanı həmin qətnamənin icrası qismində binanın 6-cı blokunun 12-ci mərtəbəsində yerləşən 51 nömrəli təmirsiz mənzili iddiaçıya verməyi təklif etmişdir. İddiaçı bu mənzili qəbul etdiyini, son tələbinin həmin mənzilin ona təhvil verilməsi olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi əsaslı olduğundan təmin edilməli, cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonunda inşa edilmiş binanın 6-cı blokunun 12-ci mərtəbəsində yerləşən 51 nömrəli mənzilin xx.xx.2017-ci il tarixli, 036 nömrəli müqavilə əsasında iddiaçıya verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
31. İddia tələbinin “iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 036 saylı müqavilə üzrə xx.xx.2026-cı il tarixinə ödənilməmiş 10.800 manat məbləğində kirayə haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçını mənzil ilə təmin edən günədək aylıq 400 manat məbləğində kirayə haqqını (3 ayda 1 dəfə) ödəmək cavabdehin tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliyi olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus hesabdan çıxarışdan cavabdehin bu öhdəliyini 2023-cü ilin oktyabr ayınadək icra etməsi, lakin həmin tarixdən hazıradək iddiaçıya kirayə haqqı ödəməməsi müəyyən edilmişdir. Hər iki tərəfin izahatı ilə də mübahisəsiz olaraq müəyyən edilir ki, cavabdeh 2023-cü ilin oktyabr ayından iddiaçıya kirayə haqqını ödəməmişdir. Cavabdeh bina istismara verildikdən sonra kirayə haqqı ödənilməsinin düzgün olmaması səbəbindən həmin vaxtdan iddiaçıya kirayə haqqı ödəmədiklərini bildirsə də, məhkəmə araşdırmasına təqdim edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin xx.xx.2025-ci il tarixli məktubunda cavabdeh tərəfindən inşa olunmuş yaşayış binasına istismara hazırlıq aktının xx.xx.2021-ci il tarixdə verilməsi qeyd edilmişdir. Bu fakt cavabdehin kirayə haqqını ödəməməsinə səbəb kimi göstərdiyi həmin dəlilin həqiqəti əks etdirmədiyini deməyə əsas verir. Bununla belə, həmin dəlil lap həqiqətə uyğun olsaydı da belə, tərəflər arasında bağlanmış müqavilədə cavabdehin iddiaçını mənzil ilə təmin edən günədək kirayə haqqı ödəməli olması qeyd edildiyindən, lakin hazıradək iddiaçının mənzillə təmin olunmaması işin mübahisəsiz halı olduğundan məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya kirayə haqqının ödənişini dayandırması düzgün olmamışdır. Müqaviləyə belə bir şərt daxil edilməsəydi də belə, məhkəmə qeyd etməyi zəruri sayır ki, cavabdehin iddiaçını mənzil ilə təmin edən günədək ona kirayə haqqı ödəmək öhdəliyinin qüvvədə olması həm mülkiyyət hüququna kompensasiya yolu ilə xitam verilməsi ilə bağlı qanunvericiliyin müvafiq normalarına, həm də hüququn ədalət prinsipinə uyğun sayılacaqdı. Xüsusilə nəzərə alınmalıdır ki, mənzilin iddiaçıya təhvil verilməməsi iddiaçının hər hansı hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmamış, əksinə iddiaçı ona veriləcək mənzilin nömrəsi, yerləşdiyi blok və mərtəbə ilə bağlı iddia qaldırmış, həmin iş üzrə lehinə çıxarılmış qərar qanuni qüvvəsini alandan sonra qısa müddət ərzində cavabdehə pretenziya verərək, mənzilin təhvil verilməsi və əlaqəli tələblər üzrə hazırkı iddianı irəli sürmüşdür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi də əsaslı olduğundan təmin edilməli, cavabdehdən 2023-cü ilin oktyabr ayından 2026-cı ilin yanvar ayınadək olan 17 aylıq müddət üçün ödənilməmiş cəmi 10.800 manat (17 ay x 400 manat) məbləğində kirayə haqqı alınaraq iddiaçıya verilməlidir.
32. İddia tələbinin “iddiaçıya çatacaq mənzilin təmir edilməsi üçün 16.000 manat məbləğində təmir xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri sayır ki, ümumi sahəsi 48,7 kvadrat-metr olan təmirli mənzilin iddiaçıya verilməsi də cavabdehin tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliyi olmuşdur. Lakin göründüyü kimi, cavabdehin müqavilə üzrə iddiaçıya verməyi təklif etdiyi və iddiaçının qəbul etdiyi, yəni hazırkı qətnamə əsasında iddiaçıya veriləcək mənzil təmirsizdir. Cavabdeh mənzili təmir etmək iqtidarında olmadığını bildirərək, mənzilin sahəsinin müqavilədə göstəriləndən artıq olduğunu iddia edib, təmir xərcinin artıq sahə ilə əvəzləşdirilməsini istəyir. Lakin iddiaçı iş materiallarında olan ekspert rəyinə istinadən mənzilin sahəsinin cavabdehin iddia etdiyindən az olduğunu bildirib, müqavilə ilə ona verilməli olan 48,7 kvadrat-metr sahəli mənzilin mütəxəssis rəyi ilə müəyyən edilmiş 16.000 manat məbləğində təmir xərcinin cavabdehdən tutularaq ona verilməsini tələb edir. Məhkəmə tərəflərin bu dəlilləri ilə bağlı qeyd etməyi zəruri sayır ki, tərəflər arasında podrat və dəyişdirmə müqavilələrinin ünsürlərini özündə birləşdirən qarışıq müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranması mübahisəsizdir. Bu baxımdan məhkəmə hesab edir ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hazırkı iş üzrə tətbiq edilməsi, yəni iddiaçı ilə cavabdeh arasında mülki hüquq münasibətləri çərçivəsində bağlanmış qarışıq müqavilə (dəyişdirmə və podrat) üzrə öhdəliklərə şamil edilməsi düzgün deyildir (nəzərə alınmalıdır ki, iddiaçıya məxsus mənzilin hansı yolla ölçülməsinin müəyyən edilməsi də hazırkı mərhələdə mümkün deyildir). Çünki bu, mülki qanunvericiliyin müqavilə hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilələr azadlığı prinsiplərinin pozulmasına səbəb olacaqdır. Belə ki, məhkəmənin qənaətinə görə, tərəflər arasında bağlanmış müqavilədə bununla bağlı heç bir qayda nəzərdə tutulmadığı zaman hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin – hazırkı işdə iddiaçının mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, loja və bu kimi köməkçi sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının – hazırkı işdə cavabdehin mənafeyinə uyğun deyildir. Deməli, yuxarıda qeyd edilən tənzimləmələrin bu mübahisəyə tətbiqi tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təşkil etməklə nəticələnəcəkdir. Odur ki, məhkəmənin qənaətinə görə, cavabdehin iddiaçıya verməyi təklif etdiyi mənzilin real sahəsi yalnız yerində (mənzilin içərisində) ölçmə işləri aparılmaqla müəyyən edilə bilər. Məhz bu araşdırmanın nəticəsindən asılı olaraq, cavabdehin iddiaçıya verəcəyi mənzilin ümumi sahəsinin nə qədər olması aydınlaşdırılmalıdır. Elə bu səbəbdəndir ki, yerində ölçmə aparıb işdə olan rəyi verən ekspert məhkəmə iclasındakı izahatında da rəyi müdafiə edib, ölçmə zamanı mənzilin ümumi sahəsinin 48,4 m2 olduğunu müəyyən etdiyini, bu sahənin azalma əmsalı tətbiq edilməyən real sahə olduğunu bildirmişdir (nəzərə alınmalıdır ki, mənzildə arakəsmə yoxdur). Məhkəmə ekspert rəyinin kifayət qədər əsaslandırıldığını və ekspertin məhkəmə iclasındakı izahatını nəzərə alaraq, ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir. "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatında cavabdeh tərəfindən inşa edilmiş binada ən kiçik ölçülü mənzilin sahəsinin 54,10 m2 olması qeyd edilsə də, hesabatla tanış olan zaman MMC-nin bunu cavabdeh tərəfindən təqdim edilmiş layihəyə istinadən qeyd etdiyi müəyyən edilir. Həm bu səbəbdən, həm də qərardadda tikinti-texniki ekspertizası üzrə tədqiqat aparıb rəy vermək yalnız Məhkəmə Ekspertizası Mərkəzinə (qiymətləndirmənin aparılması isə həmin qiymətləndiriciyə) həvalə edildiyindən, məhkəmə qiymətləndirmə hesabatındakı həmin suallara verilmiş cavabları mötəbər hesab etmir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya verilməsi nəzərdə tutulan mənzilin ümumi sahəsi cavabdehin iddia etdiyi kimi 54,10 m2 deyil, ekspert rəyində göstərildiyi kimi 48,4 m2-dir. Bu səbəbdən cavabdehin təklif etdiyi əvəzləşdirmənin mümkün olmaması, iddiaçının isə təmir xərcini tələb etməkdə haqlı olması müəyyən edilir. Təmir xərci üçün tələb edilən vəsaitin məbləğinə gəldikdə isə qeyd edilməlidir ki, məhkəmə qərardadı əsasında Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olan, qiymətləndirici təşkilat kimi rəsmi reyestrdə qeydə alınan "xxxx" MMC-dən əldə edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində cavabdeh tərəfindən inşa edilən binada təmirsiz 48,7 m2 mənzilin təmir xərcinin 16.000 manat təşkil etməsi müəyyən edilmişdir. Məhkəmə mütəxəssis rəyinin qiymətləndirməyə dair suallara verilən cavablar hissəsini mötəbər sübut kimi qiymətləndirərək hesab edir ki, iddia bu hissədə də əsaslı olduğundan təmin edilməli, cavabdehdən 16.000 manat məbləğində təmir xərci alınaraq iddiaçıya verilməlidir.
33. İddia tələbinin “mənzilin vaxtında təhvil verilməməsinə görə 37.100 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı bu tələbini 2021-ci ilin avqust ayından binanın hazır olmasına baxmayaraq, hazıradək keçən 53 ay ərzində mənzilin ona təhvil verilməməsi, bununla da, qiymətləndirici rəyində göstərilən aylıq 700 manat kirayə haqqını itirməsi ilə əsaslandırır, cavabdeh isə tələbin bu hissəsini əsassız sayaraq qəbul etmir. Məhkəmə hesab edir ki, iddiaçının bu tələbi hüquqdan sui-istifadədir. Belə ki, iddiaçı mənzilin ona verilmədiyi müddət üçün kirayədə yaşadığına görə müqavilədə razılaşdıqları 400 manat məbləğində kirayə haqqını tələb etmiş və hazırkı qətnamənin 31-ci bəndində əsasları izah edilməklə onun bu tələbi təmin edilmişdir. İddiaçının öz yaşayışı üçün kirayə haqqı ilə eyni zamanda, həm də əldən çıxmış faydanı “mənzili vaxtında ona versəydilər, kirayə verib 53 ay ərazində aylıq 700 manat qazana biləcəyi” əsası ilə tələb etməsi isə məhkəmənin qənaətinə görə ağlabatanlığı və inandırıcılığı olmayan ehtimallardan törəməklə onun hüquqdan suiistifadə etmək niyyətinin göstəricisidir (nəzərə alınmalıdır ki, iddiaçı müqavilədəki məbləğlə rəydəki məbləğ arasındakı fərqi də yox, rəydə göstərilən bütün məbləği istəmişdir). Qanunvericilikdə əldən çıxmış faydanın maddi zərər anlayışına daxil edilməsini nəzərə alan məhkəmə maddi zərər tələbinin təmin edilməsi üçün mötəbər və kifayətedici sübutların zəruri olduğunu, belə sübutlar olmadığı halda isə bu kateqoriya tələblərin təmin edilməməli olmasını vurğulamağı zəruri hesab edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələbin bu hissəsi əsassız olduğundan təmin edilməməlidir.
34. İddia tələbinin “çatışmayan 0.3 kv.metr sahəyə görə 990 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, cavabdeh tərəfindən iddiaçıya ümumi sahəsi 48,7 m2 olan mənzil verilməli olduğu halda, hazırkı qətnamənin 32-ci bəndində qeyd edilən əsaslara görə cavabdeh tərəfindən iddiaçıya veriləcək mənzilin ümumi sahəsinin 48,4 m2 olması müəyyən edilmişdir. Beləliklə, cavabdehin iddiaçıya verməyi vəd etdiyi sahədən 0,3 m2 daha az sahə verməsi müəyyən edildiyindən məhkəmə hesab edir ki, çatışmayan həmin sahənin dəyəri cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Sahənin dəyəri ilə bağlı qeyd edilməlidir ki, məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilən "xxxx" MMC-nin qiymətləndirmə hesabatında mübahisə predmeti olan mənzilin yerləşdiyi binada təmirsiz 1 m2 mənzil sahəsinin dəyərinin 3.000-3.300 manat olması göstərilmişdir (cavabdehdən tutulmalı olan təmir xərci məhz 48,7 m2 sahəyə münasibətdə hesablandığından, əksik sahənin təmirsiz qiyməti əsas götürülməlidir). Bu məbləğ orta hesabla, 3.150 manat ((3.000 + 3.300) ÷ 2) təşkil edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdehdən əksik olan 0,3 m2 sahəyə görə 945 manat (0,3 m2 x 3.150 manat) məbləğində pul tutularaq iddiaçıya verilməli, tələbin qalan hissəsi təmin edilməməlidir.
35. İddia tələbinin “məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun 100 manat hissəsi və hüquqi xidmət xərcinin 2.000 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməli, məhkəmə xərclərinin qalan hissəsi iddiaçıya aid edilməlidir.
36. Həmçinin, prosessual qanunvericiliyin tələbinə görə, tərəflərin tələblərindən asılı olmayaraq, çəkilməsi zəruri olan məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi qətnamə çıxarılarkən həll edilməli olduğundan məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pulun 80 manat hissəsi cavabdehdən, qalan 20 manat hissəsi isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, mütəxəssis rəyi üçün tələb edilən 1.000 manat məbləğində pulun 800 manat hissəsi cavabdehdən, qalan 200 manat hissəsi isə iddiaçıdan tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir.
d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
37. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 5.3-cü maddə. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.2-ci maddə. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.2, 14.2.1, 14.2.6-14.2.7-ci maddə. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, başqa şəxsə zərər vurulması və əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. 21.1-21.2-ci maddə. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddə. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddə. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 387.2-ci maddə. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. 390.1, 390.4-390.5-ci maddə. Fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 425.1-ci maddə. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddə. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-443.2-ci maddə. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 445.1-ci maddə. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddə. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 560.1-560.2-ci maddə. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 662-ci maddə. Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır. 752.1-ci maddə. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
38. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 205.1-205.2. Ekspertin rəyi məhkəmə iclasında elan edilir. Ekspertin rəyini aydınlaşdırmaq və tamamlamaq üçün ekspertə suallar verilə bilər. Xahişi üzrə ekspert təyin etdirən şəxs və onun nümayəndəsi birinci olaraq, sonra isə işdə iştirak edən digər şəxslər və onların nümayəndələri suallar verirlər. Məhkəmənin təşəbbüsü ilə təyin olunmuş ekspertə birinci olaraq iddiaçı və onun nümayəndəsi suallar verir. Hakim ekspertin dindirildiyi hər bir vaxt ona suallar verməyə haqlıdır. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
41. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonunda inşa edilmiş binanın 6-cı blokunun 12-ci mərtəbəsində yerləşən 51 nömrəli mənzilin xx.xx.2017-ci il tarixli 036 nömrəli müqavilə əsasında İddiaçı verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalı, Cavabdeh MTK-dan 10.800 (on min səkkiz yüz) manat məbləğində kirayə haqqı, 16.000 (on altı min) manat məbləğində təmir xərci, əksik olan 0,3 m2 sahəyə görə 945 (doqquz yüz qırx beş) manat məbləğində pul tutularaq İddiaçı verilməli, iş üzrə ödənilmiş dövlət rüsumunun 100 (bir yüz) manat hissəsi və hüquqi xidmət xərcinin 2.000 (iki min) manat hissəsi Cavabdeh MTK-dan alınaraq İddiaçı verilməli, məhkəmə xərclərinin qalan hissəsi İddiaçı aid edilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun 80 (səksən) manat hissəsi Cavabdeh MTK-dan, qalan 20 (iyirmi) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, mütəxəssis rəyi üçün tələb edilən 1.000 (bir min) manat məbləğində pulun 800 (səkkiz yüz) manat hissəsi Cavabdeh MTK-dan, qalan 200 (iki yüz) manat hissəsi isə İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına köçürülməlidir.
Nəticə:
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonunda inşa edilmiş binanın 6-cı blokunun 12-ci mərtəbəsində yerləşən 51 nömrəli mənzilin xx.xx.2017-ci il tarixli 036 nömrəli müqavilə əsasında İddiaçı verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Cavabdeh MTK-dan 10.800 (on min səkkiz yüz) manat məbləğində kirayə haqqı, 16.000 (on altı min) manat məbləğində təmir xərci, əksik olan 0,3 m2 sahəyə görə 945 (doqquz yüz qırx beş) manat məbləğində pul tutularaq İddiaçı verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 100 (bir yüz) manat hissəsi və hüquqi xidmət xərcinin 2.000 (iki min) manat hissəsi Cavabdeh MTK-dan alınaraq İddiaçı verilsin, məhkəmə xərclərinin qalan hissəsi İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun 80 (səksən) manat hissəsi Cavabdeh MTK-dan, qalan 20 (iyirmi) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22); mütəxəssis rəyi üçün tələb edilən 1.000 (bir min) manat məbləğində pulun 800 (səkkiz yüz) manat hissəsi Cavabdeh MTK-dan, qalan 200 (iki yüz) manat hissəsi isə İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına (MBA LTD MMC, VÖEN: **********, İBAN: AZ33İBAZ********************, bank: "xxxx" ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ013501**********2944, Kod: 805562, SWİFT: İBAZAZ2X) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova