Məhkəmə qərarları › İş №e-2(006)-2928/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2928/2025

01.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2928/2025 01.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «əmrin ləğv edilməsi, işə bərpa olunma, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «əmrin ləğv edilməsi, işə bərpa olunma, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Cavabdeh xx.xx.2025-ci il tarixli 3-1317/Ə78/2025 nömrəli əmrinin və xx.xx.2025-ci il tarixli 3-13-17/ Ə(ş/h) 412/2025 nömrəli əmrinin ləğv edilməsi, onun X5 İdarəsinə mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsinə bərpa edilməsi və ona xx.xx.2024-cü il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Azərbaycan Respublikası Cavabdeh X5 İdarəsinə mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsinə təyin edilmişdir. xx.xx.2025-ci il tarixli, 3-13-17/Ə (ş/h) 412/2025 nömrəli əmrinə əsasən xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetimədikdə) X5 İdarəsinə mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsindən azad edilmişdir. İşəgötürən tərəfindən onun əmək müqaviləsinə xitam verilməsi üçün nə əmrdə qeyd olunan maddə əsasında, nə də əmək qanunvericiliyinin digər maddələrinə əsasən əmək müqaviləsinə xitam verilə bilməzdi. Belə ki, Əmək Məcəlləsinin 70ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi ləğv edilir. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması, qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Onun tərəfindən isə qeyd olunan əsaslardan heç biri törədilməmişdir. Eyni zamanda həmkarlar ittifaqının üzvü olsa da, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamışdır. İşdən çıxarılması barədə əmr ona xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Odur ki, işdən çıxarılma əmri ləğv edilməli, işə bərpa olunmalı və məcburi iş buraxmaya görə işə bərpa olunana qədər əmək haqqı ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və Azərbaycan Respublikası Cavabdeh xx.xx.2025-ci il tarixli 3-13- 17/Ə78/2025 nömrəli əmrinin ona dair hissəsi və Azərbaycan Respublikası Cavabdeh xx.xx.2025-ci il tarixli 3-13-17/Ə(ş/h)412/2025 nömrəli əmrin ləğv olunması, X5 İdarəsinə mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsinə bərpa edilməsi, xx.xx.2025-ci il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanaraq Azərbaycan Respublikası Cavabdeh tərəfindən ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, məhkəməyə təqdim etdiyi iddiaya etiraz ərizəsini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işdən çıxarılma əmrinin ləğv edilməsi, tutduğu vəzifəyə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, BMİ-nin xx.xx.2025-ci il tarixli, 3-1317/Ə78/2025 saylı əmri ilə X5 İdarəsinin mülki mühafizəçisi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. İddiaçı DİNin Mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətə yol verərək, xidmətdən kənar vaxtlarda gəlir əldə etmək məqsədilə Gəncə şəhərində fəaliyyət göstərən kompüter təmiri obyektində pul müqabilində usta kimi fəaliyyət göstərdiyinə, bununla da «Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları»nın 2.1.11-ci bəndinin tələblərini pozduğuna görə X5 İdarəsinin mülki mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi DİN-nin Birləşmiş Həmkarlar Komitəsi ilə razılaşdırılmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «Ç» bəndinə əsasən ləğv olunmuşdur. İddiaçı xidmətdə mənfi xarakterizə olunur. Aparılan araşdırma nəticəsində onun hərəkətləri yerli Həmkarlar Təşkilatının yığıncağında müzakirə edilmiş, eləcə də Azərbaycan Respublikası DİN-in xx.xx.2015-ci il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş «Mülki Mühafizə xidməti fəaliyyətinin təşkilinə dair Təlimat»ın tələblərini və əmək müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur. Mühafizəçi İddiaçı xidmətdə yol verdiyi nöqsanlar hissənin yerli Həmkarlar Təşkilatının yığıncağında geniş müzakirə edilmiş və üzərinə götürdüyü əmək müqaviləsinin şərtlərini pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Baş İdarə rəhbərliyi qarşısında vəsatət qaldırılmışdır. BMİ-nin xx.xx.2024-cü il tarixli, 3-13-17/Ə63/2024 saylı əmri müəyyən olunur ki, o, verilmiş intizam tənbehlərindən nəticə çıxarıb xidmətində əsaslı dönüş yaratmaq əvəzinə yenidən intizamsızlığa yol verərək təyin olunduğu postu tərk edərək mühafizə olunan obyektin etibarlı mühafizəsini təmin etmədiyinə, bununla da «Mülki mühafizə xidməti fəaliyyətinin təşkilinə dair Təlimatın və üzərinə götürdüyü əmək müqaviləsinin şərtlərini pozduğuna görə hissənin yerli «Həmkarlar Təşkilatının yığıncağının qərarı da nəzərə alınmaqla və DİN-in X2 Komitəsi ilə razılaşdırılmaqla X5 İdarəsinin mülki mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Beləliklə, iddiaçı üzərinə götürdüyü əmək müqaviləsinin şərtlərini pozduğuna görə əmək müqaviləsinin ləğv edilməsinə dair qəbul edilmiş əmr qanuna zidd sayıla bilməz, iddiaçının əmrin ləğv edilməsi barədə tələbi əsassızdır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı 27 fevral 2025-ci il tarixli, Daxili İşlər Nazirliyinə yazdığı izahatından görünür ki, o, 2015-ci ilin may ayından Gəncə RMİ-də mülki mühafizəçi vəzifəsində işləyir. O, özü Gəncə şəhərində yerləşən 3 saylı Peşə Məktəbini Redioelektron Aparat və Cihazların Quraşdırıcısı tənzimləyicisi və nəzarətçisi ixtisası üzrə bitirmişdir. Ona görə də, müəyyən avadanlıqların təmirindən kifayət qədər başı çıxdığı üçün idarədə avadanlıqların təmiri və kompüterlərin bərpasında köməklik göstərir. Təxminən 2 ay bundən əvvəl Arzu adlı dostu Gəncə şəhəri Xətai prospektində yerləşən bir obyektdə kiçik bir kompüter təmiri sexi açmışdır. Dostu ondan xahiş etmişdir ki, kompüterlər və bəzi cihazların təmirində ona köməklik göstərsin. O da, xidmətdən kənar vaxtlarda həmin sexdə müəyyən işlər görmüşdur və bunun müqabilində bəzi müştərilər zəhmət haqqı vermişlər. Heç bir vergi orqanında qeydiyyatdan keçməmişdir. Həmin obyektdə yalnız xidmətdən kənar vaxtlarda getmişdir. - X5 İdarəsinin Həmkarlar Komitəsinin yığıncağının 28 fevral 2025-ci il tarixli 1 saylı Protokolundan görünür ki, İddiaçı xidmətdən kənar vaxtda kompüter ustası kimi fəaliyyət göstərməsi məsələsi müzakirəyə çıxarılmış, lakin bu müzakirələrdə onun iştirakı təmin edilməmişdir. - İddiaçı barəsində verilmiş xidməti xasiyyətnamədə qeyd olunmuşdur ki, xidmət etdiyi müddətdə xidməti vəzifəsinə ciddi şəkildə yanaşmamışdır. Dəfələrlə xidmətə gecikdiyinə, buraxdığı nöqsanlara görə fərdi kitabda qeydlər aparılmışdır. Kollektivdə müsbət nüfuza malik deyil, iş yoldaşlarına və komandir heyətinə qarşı qeyri-səmimilik göstərir, xasiyyətcə aqressivdir və törətdiyi əməllərə bəraət qazandırmağa səy göstərmişdir. Xidmətdə mənfi xarakterizə olunur. Xidmət etdiyi müddətdə nizam-intizama və rəhbərlik tərəfindən verilən göstəriş və tapşırıqları vaxtında, məsuliyyətlə yerinə yetirməyən, bilik, intellekt, dünyagörüşünün müasir tələblərə cavab vermədiyini, həmçinin öz üzərində çalışmadığını biruzə vermiş, gündəlik işini DİN-in əmr və göstərişləri əsasında tam qurmağı bacarmır. DİN-in xx.xx.2023-cü il tarixli 313/Q6/2023 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası DİN BMİ-nin mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydalarının 2.1.11-ci bəndinin tələblərini pozduğuna görə İddiaçı xidməti vəzifəsinə məsuliyyətsiz yanaşmış, xidmətdən kənar vaxtda kompüter təmiri obyektində pul müqabilində usta kimi fəaliyyət göstərdiyinə, səhər təlimatına gecikmiş, onunla dəfələrlə profilaktiki söhbətlər aparılaraq bu barədə fərdi söhbət kitabında qeyd edilmişdir. - X5 İdarəsinin bir qrup polis nəfərlərinin, mülki mühafizəçilərinin və Xankəndi RMŞnin polis nəfəri, polis serjantı B.Nəsibovun barələrində aparılmış xidməti yoxlamanın nəticəsinə dair rəydə qeyd olunmuşdur ki, İddiaçı xidmət etdiyi dövr ərzində 3 dəfə həvəsləndirilib, intizam tənbehinə cəlb olunmamışdır. - Azərbaycan Respublikası Cavabdeh 06 mart 2025-ci il tarixli 3-13-17/Ə78/2025 nömrəli əmrindən görünür ki, DİNin Mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətə yol verərək xidmətdən kənar vaxtlarında gəlir əldə etmək məqsədi ilə Gəncə şəhərində fəaliyyət göstərən kompüter təmiri obyektində pul müqabilində usta kimi fəaliyyət göstərdiyinə, bununla da «Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları»nın 2.1.11-ci bəndinin tələblərini pozduğuna görə X5 İdarəsinin mülki mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi DİN-in Birləşmiş Həmkarlar Komitəsi ilə razılaşdırılmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin «ç» bəndinə əsasən ləğv olunması əmr edilmişdir. - Azərbaycan Respublikası Cavabdeh 13 mart 2025-ci il tarixli 3-13- 17/Ə(ş/h)412/2025 nömrəli əmrindən görünür ki, İddiaçı 13 mart 2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) X5 İdarəsinin mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsindən azad edilmişdir. Əsas kimi Baş Mühafizə İdarəsinin xx.xx.2025-ci il tarixli 3-1317/Ə78/2025 nömrəli əmri qeyd olunmuşdur. - Bakı 8 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/8/202300563 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixə saat 13:00-14:00-a təyin edilmiş ilkin mediasiya sessiyasına gəlmiş, lakin həmin sessiyanın vaxtı və yeri barədə məlumat verilmiş cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsini göndərməmişdir. Bu səbəbdən, İMS-də iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. 50 manat İMS xərci Dövlət büdcəsi vəsaiti hesabına ödənilmiş, 10 manat poçt-kargüzarlıq xərci İddiaçı tərəfindən ödənilmişdir. - Azərbaycan Respublikası Cavabdeh xx.xx.2025-ci il tarixli 3-13-17/2-H-29458/2- 1/25 saylı məktubundan görünür ki, İddiaçı əmək müqaviləsinə əsassız xitam verilməsi və işdən azad edildikdən sonra xidmətə cəlb olunması barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə ünvanladığı müraciətinə baxılmışdır. Bildirilmişdir ki, əvvəllər aparılmış araşdırma nəticəsində xidmətdən kənar vaxtlarda gəlir əldə etmək məqsədilə Gəncə şəhəri X7 prospektində yerləşən «Kompüter təmiri» mağazasında usta kimi fəaliyyət göstərməsi müəyyən edilmiş və həmin faktla bağlı aparılmış yoxlama prosesində izahat verərkən qeyd olunan xüsusatı təsdiq etmişdir. Əlavə olaraq nəzərə çatdırılmışdır ki, əmək müqaviləsinə xitam verilməsi barədə Baş Mühafizə İdarəsinin xx.xx.2025-ci il tarixli müvafiq əmri X5 İdarəsinə xx.xx.2025-ci il tarixdə daxil olmuş, eləcə də xx.xx.2025-ci il tarixdən xidmətə cəlb edilməmişdir. 2025-ci ilin mart ayının 06-dan 11-dək olan müddətdə xidmətə çıxması ilə əlaqədar ona hesablanmış 77 manat 95 qəpik məbləğində vəsait xx.xx.2025-ci il tarixdə kart hesabına köçürülmüşdür. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Azərbaycan Respublikası Cavabdeh X5 İdarəsinə mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsinə təyin edilmişdir. xx.xx.2025-ci il tarixli, 3-13-17/Ə (ş/h) 412/2025 nömrəli əmrinə əsasən xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən X5 İdarəsinə mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsindən azad edilmişdir. Təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçının işdən azad edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Cavabdeh xx.xx.2025-ci il tarixli 3-13-17/Ə78/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-13-17/ Ə(ş/h) 412/2025 nömrəli əmrlər verilmişdir. Daha doğrusu iddiaçının işdən azad edilməsi proseduru ondan xx.xx.2025-ci il tarixdə izahat alınması, xx.xx.2025-ci il tarixdə həmkarlar ittifaqının iclasının keçirilməsi və xx.xx.2025-ci il tarixli 3-13-17/Ə78/2025 nömrəli əmrlə başlanmış, lakin həmin əmr işdən azad edilməsi üçün hüquqi əsas yaratmadığından xx.xx.2025-ci il tarixli 313-17/Ə(ş/h) 412/2025 nömrəli əmr qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə izahatında iddiaçı Gəncə şəhərində yerləşən 3 saylı Peşə Məktəbini Redioelektron Aparat və Cihazların Quraşdırıcısı tənzimləyicisi və nəzarətçisi ixtisası üzrə bitirmişdir. Ona görə də, müəyyən avadanlıqların təmirindən kifayət qədər başı çıxlığı üçün idarədə avadanlıqların təmiri və kompüterlərin bərpasında köməklik göstərməsini, xidmətdən kənar vaxtlarda dostunun sexində müəyyən işlər görməsini etiraf etmişdir. xx.xx.2025-ci il tarixli 3-13-17/Ə78/2025 nömrəli əmrdə iddiaçının xidmətdən kənar vaxtlarında gəlir əldə etmək məqsədi ilə Gəncə şəhərində fəaliyyət göstərən kompüter təmiri obyektində pul müqabilində usta kimi fəaliyyət göstərməsinin konkret olaraq DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətə yol verməsi və onun «Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları»nın 2.1.11-ci bəndinin tələblərini pozması kimi dəyərləndirilərək onunla bağlanmış əmək müqaviləsi DİN-in Birləşmiş Həmkarlar Komitəsi ilə razılaşdırılmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv olunması əmr edilmişdir. Lakin iş materiallarında olan X5 İdarəsinin Həmkarlar Komitəsinin yığıncağının 28 fevral 2025-ci il tarixli 1 saylı Protokolundan görünür ki, İddiaçı xidmətdən kənar vaxtda kompüter ustası kimi fəaliyyət göstərməsi məsələsi müzakirəyə çıxarılmış, lakin bu müzakirələrdə iddiaçının iştirakı təmin edilməmişdir. Başqa sözlə, X5 İdarəsinin Həmkarlar Komitəsinin yığıncağının 28 fevral 2025-ci il tarixli 1 saylı Protokolunun olmasına baxmayaraq xx.xx.2025-ci il tarixli 3-13-17/Ə78/2025 nömrəli əmrdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinin DİN-in Birləşmiş Həmkarlar Komitəsi ilə razılaşdırılmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv olunması əmr edilsə də belə bir razılaşdırılmağa dair sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 3-cü hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Beləliklə də, müəyyən edilmişdir ki, iddiaçının 27 fevral 2025ci il tarixli, Daxili İşlər Nazirliyinə izahat yazmasından əlavə, həmkarlar ittifaının iclasında iştirak etmək hüququ olsa da, onun iştirakı təmin edilməmişdir. Digər tərəfdən, məhkəmə hesab edir ki, həmkarlar ittifaqının iclasında iştirakı olmadan keçirilməsi pozuntu sayılmasa da belə, iddiaçının işdən azad edilməsi əsassız olmuşdur. Başqa sözlə, buna dair qəbul edilmiş əmrlər düzgün əsaslandırılmamışdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçının işdən azad edilməsinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə istinad edilmişdir. Əvvəla məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. Əmək qanunvericiliyinə əsasən (186-cı madddənin 1-ci hissəsi) işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbeh növünü verə bilər. 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Azərbaycan Respublikasının Əmək Məcəllənin 70-ci maddəsinin «ç» maddəsinə əsasən isə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əssasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Qeyd edilən maddənin 3-ci hissəsinə əsasən işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Qeyd olunan Məcəllənin 72-ci maddəsində isə hansı konrket hallarda işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması öz əksini tapmışdır. Sözügedən Məcəllənin 72-ci maddəsinin (a) bəndinin tələbinə görə özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzürlü səbəb olmadan, işçinin bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə qeyd edir ki, əmrlərdə işdən azad edilmənin hüquqi əsası kimi göstərilməsə də cavabdehin nümayəndəsinin də izahatında göstərdiyi kimi faktiki olaraq əmrlərin əsasını «Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları»nın 2.1.11-ci bəndi təşkil edir. Həmin normada qeyd olunur ki, mülki mühafizəçi xidmətin və başqa dövlət orqanlarının nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir. İşəgötürən iddiaçının xidmətdən kənar vaxtlarda kompüter ustası kimi fəaliyyət göstərməsinin işəgötürənin nüfuzuna xələl gətirməsi ilə əsaslandırmışdır, lakin bunun hansı şəkildə xələl gətirdiyini əsaslandırmamış, bu halın mövcudluğunun iddiaçının özünün əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək vəzifələrini pozmasına öz vəzifə öhdəliklərinin icrasına səhlənkar yanaşması, əmək funksiyalarının icrasını düzgün yerinə yetirməməsi ilə hər hansı əlaqəsinin olmasına dair heç bir mötəbər və tutarlı sübut təqdim etməmişdir. Başqa sözlə, işdə iddiaçının hərəkətlərində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 və 72—ci maddələrində əks edilmiş əmək vəzifələrinin kobud şəkildə pozulmasına dair sübutlar yoxdur. Məhkəmə iddiaçının xidmətdən kənar vaxtlarda kompüter ustası kimi fəaliyyət göstərməsi ilə bağlı vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən: I. Əmək fərdi və ictimai rifahın əsasıdır. II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. III. Heç kəs zorla işlədilə bilməz. IV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. V. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. VI. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. VII. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır. VIII. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən:

1. Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri sayılır.

2. Əvəzçilik üzrə iş vaxtının müddəti bu Məcəllənin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir.

3. İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər. Göründüyü kimi, iddiaçı xidmətdənkənar vaxtlarda əmək fəaliyyəti ilə məşğul olmaqla, cavabdehin (işəgötürənin) heç bir hüquq və mənafeyinə, eləcə də, xidmətin və başqa dövlət orqanlarının nüfuzuna xələl gətirməmişdir. İddiaçı əlavə iş yeri ilə əmək müqaviləsi bağlasaydı belə, xidmətdən kənar vaxtlarda işləməsi üçün cavabdehin razılığı tələb olunmurdu. Məhkəmənin qənaətinə görə iddiaçı peşə məktəbini texniki fənn üzrə bitirmiş, təhsili və təcrübəsi olan şəxs olmaqla xidmətdən kənar, yəni boş və asudə vaxtında ictimai faydalı işlə məşğul olmaqla hər hansı qanuna zidd hərəkətə yol verməmişdir ki, bu fəaliyyəti də mülki mühafizəçi qismində xidmətin və başqa dövlət orqanlarının nüfuzuna xələl gətirə biləcək hərəkətə yol verməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı barəsində verilən xidməti xasiyyətnamə ilə tabeçiliyində olduğu üst qurum tərəfindən verilən rəydə qeyd olunanlar bir-birinə uyğun gəlmir. Belə ki, xidməti xasiyyətnamənin əksinə olaraq rəydə qeyd olunmuşdur ki, iddiaçı 3 dəfə həvəsləndirilmiş, heç bir intizam tənbehi almamışdır. Xüsusilə qeyd olunmalıdır ki, yuxarıda qeyd edildiyi kimi Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və məhkəmənin qənaətinə görə xidmət müddətində hər hansı intizam tənbehi almayan iddiaçının yol verdiyi iddia olunan pozuntuya görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntunun - əgər pozuntu hesab edilsə idi belə - xarakterinə adekvat olmamışdır. Beləliklə də, məhkəmə hesab edir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsassız və qanunsuz olaraq xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin həmin Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilmək barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Cavabdeh xx.xx.2025-ci il tarixli 3-13-17/Ə78/2025 nömrəli əmri İddiaçı dair hissədə və Azərbaycan Respublikası Cavabdeh xx.xx.2025-ci il tarixli 3-13-17/Ə(ş/h)412/2025 nömrəli əmri ləğv olunmalı; İddiaçı X5 İdarəsinə mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsinə bərpa edilməli ;ona xx.xx.2025-ci il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanaraq Azərbaycan Respublikası Cavabdeh tərəfindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası Cavabdeh xx.xx.2025-ci il tarixli 3-13-17/Ə78/2025 nömrəli əmri İddiaçı dair hissədə və Azərbaycan Respublikası Cavabdeh xx.xx.2025-ci il tarixli 3-13-17/Ə(ş/h)412/2025 nömrəli əmri ləğv olunsun. İddiaçı X5 İdarəsinə mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsinə bərpa edilsin. İddiaçı xx.xx.2025-ci il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanaraq Azərbaycan Respublikası Cavabdeh tərəfindən ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar