Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2935/2025 16.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “işə bərpa və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİM: Təsviri hissə:
1. İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı nitqi qüsurlu körpələr evi-uşaq bağçasına qarşı “işə bərpa və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri üzrə Təhsil İdarəsi Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı nitqi qüsurlu körpələr evi-uşaq bağçası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əmrin ləğv olunaraq yenidən işə bərpa olunmağı və məcburi işburaxma günləri üçün ödənilməmiş əməkhaqqının ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İş materialları:
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1484/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “işə bərpa və s.” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkün hesab edilməsi qərara alınmışdır.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1484/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “işə bərpa və s.” tələbinə dair mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
4. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində Bakı şəhəri üzrə Təhsil İdarəsi Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı nitqi qüsurlu körpələr evi-uşaq bağçası cəlb edilmiş, məhkəmə iclaslarının gedişində iddiaçının ərizəsinə əsasən əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə təqdim etmiş, ərizə təmin edilmiş, cavabdeh qismində Bakı şəhəri üzrə Təhsil İdarəsi cəlb edilmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin hüquqi ünvanı ünvan 2r ki, mülki iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Həmçinin məhkəmə müəyyən etmişdir ki, cavabdeh hüquqi şəxsin hüquqi ünvanı Nəsimi rayonu ərazisində olduğundan mülki iş aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edilmişdir. Buna görə də iddia tələbinə hüquqi şəxsin olduğu yerin məhkəməsində baxılmalıdır.
Əsaslandırıcı hissə Tətbiq olunan normalar:
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Maddə 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkmənin müəyyən etdiyi hallar:
6. Belə ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından və iddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində Bakı şəhəri üzrə Təhsil İdarəsi Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı nitqi qüsurlu körpələr evi-uşaq bağçası cəlb edilmişdir. Yasamal Rayon Məhkəməsi iddia ərizəsinin icraata qəbul edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardadında cavabdeh qismində Bakı şəhəri üzrə Təhsil İdarəsini qeyd etsə də xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclası protokollarından görünür ki, cavabdeh qismində uşaq bağçası, üçüncü şəxs qismində Bakı şəhəri üzrə Təhsil İdarəsi qeyd edilmişdir. Həmçinin Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadında da cavabdeh qismində uşaq bağçası qeyd edilmiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etmiş və mülki iş məhkəmə baxışına təyin edilmişdir. Daha sonra iddiaçı cavabdehin əsl cavabdeh – Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmə baxış iclasında ərizəni icraata qəbul etmişdir. Nəticə olaraq Yasmal Rayon Məhkəməsi hesab etmişdir ki, cavabdeh hüquqi şəxsin hüquqi ünvanı Nəsimi rayonu ərazisində olduğu üçün mülki işə ərazi aidiyyəti üzrə Nəsmi Rayon Məhkəməsində baxılmalıdır.
Məhkəmənin mövqeyi:
7. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi mülki işi ərazi aidiyyətinə görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərməkdə haqlı olmamışdır.
8. Belə ki, əgər aidiyyət qaydalarına riayət edilməklə məhkəmə iddia ərizəsini öz icraatına qəbul etmişdirsə, iş sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Yasamal Rayon Məhkəməsi iddia ərizəsini icraata qəbul edərkən öz təşəbbüsü ilə cavabdeh qismində iddia ərizəsində qeyd edilən uşaq bağçasını deyil, Bakı şəhəri üzrə Təhsil İdarəsini qeyd etsə də məhkəmənin sonrakı prosessual hərəkətlərindən görünür ki, cavabdeh qismində iddia ərizəsində qeyd edilən cavabdeh cəlb edilmişdir. Yəni, məhkəmə iddia ərizəsini icraata qəbul edərkən sırf ərazi aidiyyəti qaydalarının pozulması ilə qəbul etməmiş, sadəcə cavabdeh qismində düzgün cavabdehi qeyd etməyərək səhvə yol vermişdir. Daha sonra isə məhkəmə baxış iclasında iddiaçının cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi barədə ərizəsinə əsasən cavabdeh kimi Bakı şəhəri üzrə Təhsil İdarəsini cəlb etmişdir. Belə olan halda aydın olur ki, əvvəlcədən cavabdeh kimi uşaq bağçası müəyyən edilmiş və iddia ərizəsi aidiyyət qaydaları pozulmadan icraata qəbul edilmişdir. Sonradan cavabdehin əsl cavabdeh ilə əvəz olunması isə mülki işin ərazi aidiyyəti üzrə göndərilməsinə heç bir halda əsas ola bilməz.
9. Məhkəmə qeyd edir ki, “mülki işin ərazi aidiyyəti qaydalarına riayət edilmədən icraata qəbul edilməsi” ifadəsi mahiyyətcə onu ifadə edir ki, iddia ərizəsi cavabdehin ünvanı üzrə aidiyyəti məhkəməyə verilməmiş və məhkəmə həmin iddia ərizəsini icraata qəbul etmişdir. Hazırkı mübahisədə isə iddia ərizəsi icraata qəbul edilərkən Bakı şəhəri üzrə Təhsil İdarəsi Yasamal rayonu 17 nömrəli xüsusi təyinatlı nitqi qüsurlu körpələr evi-uşaq bağçasının olduğu yer üzrə, yəni Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi verilmiş və iddia ərizəsi ərazi aidiyyəti qaydalarına uyğun olaraq qəbul edilmişdir.
10. Məhkəmə hesab edir ki, hazırda məhkəmələr arasında ərazi aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından, mülki işin ərazi aidiyyatının müəyyən edilməsi üçün İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “işə bərpa və s.” tələbinə dair mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
Nəticə:
11. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44- 45-ci, 263-264-cü maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM:
İddiaçı cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “işə bərpa və s.” tələbinə dair mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
Hakim: Günay Abidova