Məhkəmə qərarları › İş №e-2(006)-2990/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2990/2022

11.10.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2990/2022 11.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh Publik hüquqi şəxsə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh Publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X13 xx.xx.2021-ci il tarixli, 03-239 saylı əmrin ləğv edilməsi, tutduğu vəzifəyə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür, 1984-cü ildə Azərbaycan Tibb Universitetini bitirmişdir. Daha sonra təyinatla Xankəndi şəhər onkoloji dispanserində, 1986-cı ildə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına təcili yardım şöbəsində həkim terapevt işləmişdir. 1989-cu ildə Gənclər kabinetinə həkim terapevt kimi təyin edilmiş, 1990-cı ildə X1 kursunu keçərək xx.xx.1991-ci ildən Beyləqan Rayon Mərkəzi Xəstəxanasında həkim nefroloq vəzifəsində işləmiş, 1993-cü ildə Səhiyyə Nazirliyinin əmri ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına baş həkimin müavini vəzifəsinə təyin edilmiş, 1997-ci ildən 2011-ci ilinə kimi Beyləqan Rayon Mərkəzi Xəstəxanasında terapevt, 2011-ci ildən Beyləqan Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri vəzifəsində işləmiş, xx.xx.2011-ci ildə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında baş həkimin müalicə işləri üzrə müavini vəzifəsində işləmişdir. xx.xx.2020-ci ildə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında X13 direktorunun müavinibaş həkimi vəzifəsində işləmiş, Həkim məsləhət kormsiyasının sədri vəzifəsi baş həkiminin müalicə işləri üzrə müavinin səlahiyyəti olduğu halda 2011-2020-ci ilə kimi bu vəzifə ona həvalə olunmamışdır. 2005-ci ildən 2020-ci ilə kimi bu vəzifədə (uşaq nevropotoloq) Hacıyeva Kifayət işləmişdir. 2020-ci ildə rayon əhalisinin Rayon İcra Başçısı ilə görüşdə əhali kütləvi olaraq Hacıyeva Kifayətdən narazılıq etmişdilər. O, baş direktora, yaxınlaşıb məlumat verdikdən sonra onu həmin vəzifəyə təyin etmişdilər. O, həkim məsləhətxanası vəzifəsinə təyin olunandan sonra, müayinə kartları və forma 8 çıxarışı vəzifəsi olan kompüter işçiləri başqa vəzifəyə keçirilmişdilər. Bu isə əlilliklə qurulmasına əngəl törədib narazılığa səbəb olmuşdur. O, isə öz növbəsində direktora yazılı surətdə məlumat verdikdən sonra yeni işçiləri götürdülər. Bunların da iş təcrübəsi az olduğu üçün xeyli vaxt tələb olundu. Nəhayət kompüter setin işi öz qaydasına düşdü. İİ Qarabağ Savaşını və “Covid” pondemiyasıını nəzərə alsaq 2020-ci ilin sentyabrından xx.xx.2020-ci ilə qədər o, çox az vaxtda əlillik yəni Həkim məsləhət komissiyası vəzifəsində işləmiş bu hardasa 7-8 ay təşkil edir. İİ Qarabağ savaşında xəstələrin müayinə və müalicəsi yaxşı təşkil olunduğuna görə “Fəxri Fərman”la təltif olunmuşdur. Təxminən 37 (otuz yeddi) ildir ki, tibb sahəsində həkim olaraq əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bunu hazırkı iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etdiyi əmək kitabçasının təsdiq edilmiş surəti ilə təsdiq edir. “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X13in direktorunun müavini-baş həkimi olaraq onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) 15 oktyabr 2021-ci il tarixindən etibarən ləğv edilmişdir. Bunun nəticəsidir ki, o işsiz olmuşdur. xx.xx.2021-ci ildə TƏBİB İdarə heyətinin sədri vəzifəsini İcra edən Vüqar Qurbanov tərəfindən verilən təqdimat əsasında (“Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X13) X3 sədri Şahid heç bir məlumat verilmədən səhiyyə işçiləri ilə iclas keçirmiş, məsələni araşdırmadan protokolu TƏBİB idarə heyətinə göndərmişdir. Şahid məqsədli şəkildə iclas keçirmiş, hal-hazırda baş həkim vəzifəsini icra edir. O, mövcud problemlə bağlı olaraq Vüqar Qurbanova müraciət etmiş və qəbulunda olmuş, eləcə də Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi Cavabdehnin sədrinə müraciət etmiş, ancaq qəbulunda olmamışdır. Elə ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Aparılan əlilliyə görə yoxlamanın nəticələri müzakirə olunanda direktor Ruhəngiz Bəşirova yazılı surətdə izahatında göstərmişdir ki, o, rüşvət alan həkim deyil. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 işə mahiyyəti üzrə baxılmasını tələb etmiş, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiaya etiraz edərək həmçinin bildirmişdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə əsası ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. İddiaçı əmək müqaviləsinin xitamının qanunsuz olmasını, işəgötürən tərəfindən hüququnun pozulduğunu bildirsə də, əmək hüququnun pozulmasının nədə ifadə olunmasını, eləcə də hüququnun pozulmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. TƏBİB-in İdarə Heyəti sədrinin xx.xx.2021-ci il tarixli 03-239 nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrindən göründüyü kimi, “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X13də xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyin təyin edilməsi ilə bağlı göndərişlərin əsassız verilməsi ilə əlaqədar Beyləqan RMX-nın Həkim Məsləhət Komissiyasının 2020-2021-ci illər üzrə fəaliyyəti Agentlik daxilində yaradılmış Komissiya tərəfindən araşdırılmış, əmək qabiliyyətinin itirilməsi vərəqələrində çatışmazlıqların olması, Həkim Məsləhət Komissiyasının istifadə etdiyi qeydiyyat jurnallarında ciddi səhvlərə yol verilməsi, ambulator tibbi kitabçaların tərtib edilməsi zamanı ciddi səhvlərin olması, Terapiya, Cərrahiyyə və Uşaq şöbələrində xəstələrin stasionar müalicəyə ehtiyacları olmadıqları halda təkrar əlilliklə əlaqədar şöbələrə qəbul edildikləri və Komissiya tərəfindən əyani müayinə aparılması zamanı əlillik təyin edilmiş 8 (səkkiz) nəfərdə əlillik əlamətlərinin olmaması məlum olmuşdur. Beləliklə, iddiaçı əmək müqaviləsi və vəzifə təlimatlarına əsasən üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmiş, əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuş və bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşəgötürən tərəfindən hər hansı qanun pozuntusu halı baş verməmişdir. Belə ki, işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi üçün xx.xx.2021 -ci il tarixli təqdimatla “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X13in X5 İttifaqı Şurasına müraciət edilmiş və X6 xx.xx.2021-ci il tarixli 32 saylı qərarı ilə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir. Daha sonra müvafiq əmr imzalanmış və işçiyə bu barədə məlumat verilməklə onunla son haqq-hesab aparılmışdır. Bundan başqa iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən, iddia tələbi təmin edilməməlidir. Belə ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti və əmək kitabçası işəgötürən tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. İddiaçı hüququnun pozulduğunu xx.xx.2021-ci il tarixdə aşkar etdiyindən, qanunla nəzərdə tutulan 1 (bir) ay müddəti ötürərək, məhkəməyə müraciət etmişdir. Bu səbəbdən iddia müddəti tətbiq olunaraq, iddia tələbi təmin edilməməsi xahiş edilmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə və onun məhkəmənin inzibati binasına gəlməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə baxışı iclasında iştirak etməkdən imtina etmişdir. Məhkəmə, cavabdeh tərəfin işin mahiyyəti üzrə həll olunmasını tələb etməsini nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. xx.xx.1993-cü il tarixli, 59-K saylı əmrdən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixindən Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin kənd səhiyyəsi işləri üzrə müavini vəzifəsinə təyin edilməsi əmr edilmişdir. xx.xx.2011-ci il tarixli, N127-K saylı əmrdən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini vəzifəsinə təyin edilməsi əmr edilmişdir. İddiaçı və “TƏBİB" Publik hüquqi şəxs arasında xx.xx.2010-cu il tarixli ilkin əmək müqaviləsinin yeni redaksiyada verilməsi məqsədi ilə xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixədək 3 ay müddətinə “TƏBİB”in tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə direktorun müavini – baş həkim vəzifəsinə əsas iş yeri üzrə işə qəbul edilmişdir. “Beyləqan rayon Mərkəzi Xəstəxanası’’ publik hüquqi şəxsdə aparılmış yoxlamanın nəticəsi haqqında arayışın surətindən görünür ki, aşkar olunmuş nöqsanlar qeyd edilmiş, qeyd olunan nöqsanlar tibb müəssisəsinin rəhbərinə və aidiyyəti üzrə cavabdeh şəxslərə izah edilmiş və aradan qaldırılması üçün müvafiq göstərişlər verilmişdir. Nöqsanlarla bağlı aidiyyəti üzrə cavabdeh şəxslərdən izahatlar alınmışdır. Arayışda göstərilmiş nöqsanlarla bağlı cavabdeh şəxslər barəsində zəruri tədbirlərin görülməsi üçün TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə müvafiq göstərişlərin verilməsi xahiş edilmişdir. “Beyləqan RMX-sı" X13 hüquqşünası X7, icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əlillik məsələləri üzrə nəzarət şöbəsinin X4, 2 nömrəli Şəhər Poliklinikasının baş həkimi Aydın Əhmədov, "Beyləqan RMX-nın" X13 Həmkarlar Komitəsinin sədri Şahid, “Beyləqan RMX-nın” X13 İnsan Resursları şöbəsinin Kadrlar üzrə aparıcı mütəxəsisi X8 və “Beyləqan RMX-nın” X13 Ümumi şöbəsinin kargüzarı X11 tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2021-ci tarixdə saat 16:00 radələrində uşaq şöbəsinin xəstəlik tarixi sənədləri yoxlanan zaman 0168488, 0168392, 0168483, ******* və ******* nömrəli sənədlər həkimlər Cəfərov Şəmil, İbrahimova Ulduz xəstələrin gündəlik müayinəsini həkimlər yazılmadığı üçün müəssisədə keçirilən yoxlama zamanı yoxlamadan ehtiyatlanaraq böyük tibb bacısı X9, qeydiyyatçı X18 ağa qızı, kiçik tibb bacısı X2 xəstəlik tarixinin içərisinin onlar tərəfindən doldurulması aşkar olunmuşdur. İddiaçı yoxlama komissiyasına xx.xx.2021-ci il tarixdə verdiyi izahatdan görünür ki, yoxlama komissiyası tərəfindən aşkar edilmiş nöqsanlarla əlaqədar olaraq səmimi söhbətlər aparılmış, izahlar verilmişdir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X13 “Beyləqan rayon Mərkəzi Xəstəxanası” X13in X5 İtiffaqı Şurasının sədri Şahid ünvanladığı xx.xx.2021-ci il tarixli təqdimatın surətindən görünür ki, “Beyləqan rayon Mərkəzi Xəstəxanası” X13in direktorunun müavini-baş həkimi İddiaçı əmək funksiyasının icrasından irəli gələrək tibb müəssisəsində əlilliyin təyin edilməsi ilə bağlı işi düzgün təşkil etməmiş, əlilliyin təyin edilməsinə cəlb olunmuş struktur bölmələrin işçilərinin fəaliyyətini lazimi qaydada təşkil və nəzarət etməmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, adı göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə müvafiq qərar verilməsi xahiş edilmişdir. Beyləqan rayon X5 X12 Heyətinin xx.xx.2021-ci il tarixli, 32 nömrəli qərarın surətindən görünür ki, Beyləqan rayon X5 X12 Heyəti “Beyləqan rayon Mərkəzi Xəstəxanası” X13in direktorunun müavini-baş həkimi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə etiraz etməmişdir. “TƏBİB" X13 15 oktyabr 2021-ci il tarixli, 03-239 saylı Əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin təsdiq edilmiş surətindən görünür ki, “Beyləqan rayon Mərkəzi Xəstəxanası" X13in direktorunun müavini-baş həkimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) 15 oktyabr 2021-ci il tarixində xitam verilməsi, əmrin icrası və son haqqhesabınqanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin təmin edilməsi “Beyləqan rayon Mərkəzi Xəstəxanası" X13ə əmr edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 15 oktyabr 2021-ci il tarixində xitam verilmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı xx.xx.2011-ci il tarixdən Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini vəzifəsinə, xx.xx.2020-ci tarixindən isə “Beyləqan rayon Mərkəzi Xəstəxanası” X13in direktorunun müavini-baş həkimi vəzifəsinə təyin edilmişdir. 15 oktyabr 2021-ci il tarixli, 03- 239 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tərəf olduğu əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, 03-239 saylı əmrin ləğv edilməsi, tutduğu vəzifəyə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən edən İİİ fəslinə əsasən hər kəsin əmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ, İİ, Vİİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 10-cu maddəsinə görə işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Həmin Məcəllənin 80.1-ci və 80.2-ci maddələrinin tələblərinə görə bu Məcəllənin 70ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər. Həmin Məcəllənin 292.2-ci maddəsinin tələblərinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, intizam tənbehi intizam xətasına görə verilə bilər. İntizam xətası işçi tərəfindən əmək funksiyasının hüquqa zidd, təqsirli yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsidir. İşçinin əməlinin hüquqa zidd olması onun əməlinin qanunlara, digər normativ-hüquqi aktlara, o cümlədən müəssisədaxili intizam qaydalarına, vəzifə təlimatlarına, intizam nizamnamələrinə uyğun gəlməməsidir. İşəgötürən həmçinin bağlanmış əmək müqaviləsinə müvafiq olaraq işçidən əmək vəzifələrinin yerinə yetirilməsini tələb edə bilər. İntizam xətasına yol verilməsinin səbəb və şəraitinin aydınlaşdırılması, habelə işçinin təqsirinin dərəcəsini müəyyən etmək üçün işəgötürən işçidən yazılı izahatının verilməsini tələb etməli, işçinin izahatı intizam tənbehi verilməmişdən əvvəl alınmalıdır. İntizam tənbehinin verilə bilmə imkanı işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək mövcud olur. İşçi əmək vəzifələrini kobud şəkildə pozduqda və bu pozma mülkiyyətçinin, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurduqda işçi ilə bağlanan əmək müqaviləsinə xitam verilə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyəti zamanı üzərinə düşən əmək vəzifələrini kobud şəkildə pozmuş və bununla da işəgötürənin qanuni mənafeyinə ciddi xələl dəymişdir. Belə ki, İddiaçı rəhbərlik etdiyi “Beyləqan rayon Mərkəzi Xəstəxanası" X13də 15 sentyabr 2021-ci il tarixindən 18 sentyabr 2021-ci il tarixinədək olan dövr üzrə araşdırma aparılmış, əlilliyin təyin edilməsi ilə bağlı işin düzgün təşkil edilməməsi, əlilliyin təyin edilməsinə cəlb olunmuş struktur bölmələrin işçilərinin işinin lazımi qaydada təşkil edilməməsi və nəzarətsiz olması səbəbindən əmək qabiliyyətinin itirilməsi vərəqələrində çatışmazlıqların olması, Həkim Məsləhət Komissiyasının istifadə etdiyi qeydiyyat jurnallarında ciddi səhvlərə yol verilməsi, ambulator tibbi kitabçaların tərtib edilməsi zamanı ciddi səhvlərin olması, Terapiya, Cərrahiyyə və Uşaq şöbələrində xəstələrin stasionar müalicəyə ehtiyacları olmadıqları halda təkrar əlilliklə əlaqədar şöbələrə qəbul edilməsi, Komissiya tərəfindən əyani müayinə aparılması zamanı əlillik təyin edilmiş səkkiz nəfərdə əlillik əlamətlərinin olmaması aşkar edilmişdir. İddiaçı tərəfindən nöqsanlara yol verildiyi faktı xx.xx.2021-ci il tarixli akta, “Beyləqan rayon Mərkəzi Xəstəxanası’’ publik hüquqi şəxsdə aparılmış yoxlamanın nəticəsi haqqında arayışa və iş materiallarına əlavə edilmiş və bir-birini tamamlayan digər sənədlərə əsasən öz təsdiqini tapmışdır. Halbuki iddiaçının tərəf olduğu xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə 1 nömrəli əlavədən və Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri itə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə Təlimatlarının”dan görünür ki, müalicə-diaqnostika prosesinin keyfiyyətli şəkildə həyata keçirilməsi, bu prosesin vəziyyətinin planlı və plandankənar yoxlamalarının aparılması, onların nəticələrinə görə çatışmazlıqların aradan qaldırılması üzrə zəruri tədbirlərin görülməsi kimi vəzifələr müalicə müəssisəsinin baş həkiminin fəaliyyət dairəsinə aid edilmiş, əks halda baş həkimin əmək intizamının, qanunvericilik və normativ hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən asılı olaraq intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi müəyyən edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, məhkəmə araşdırması zamanı həm də əmək müqaviləsinə xitam verilməsində cavabdeh-təşkilat tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılmış, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahat alınmış, həmkarlar ittifaqı təşkilatına qabaqcadan təqdimatla müraciət edilmiş, müvafiq əsaslandırma sənədləri təqdimata əlavə edilmiş və razılığı alınmış, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində verilmiş, bu barədə müvafiq əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmış və imzalanmış, işçiyə bu barədə məlumat verilməklə onunla haqq-hesab aparılmışdır. İddiaçının mübahisə predmeti olan əmrin qanunvericiliyin tələblərinə uyğun olmamasına, həmkarlar ittifaqı təşkilatının müvafiq yoxlama aktı (əsaslandırma sənədi) olmadan nəticəyə gəlməsinə dair irəli sürdüyü dəlillər isə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakterlidir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə qeyd edir ki, qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Beləliklə yuxarıda şərh edilənlərə əsasən məhkəmə iddiada göstərilənlərin əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas olmadığı qənaətinə gəlir. Həmçinin məhkəmənin bu qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və s. tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə cavabdeh tərəfin iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən isə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyini və bu tələblərin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyini nəzərə alaraq hazırki iddianın rədd edilməsi nəticəsinə gəlir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh Publik hüquqi şəxsə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar