Məhkəmə qərarları › İş №e-2(006)-3010/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3010/2024

17.09.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3010/2024 17.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «kompensasiyanın (əmək münasibətlərindən irəli gələn), mənəvi ziyanın və mediasiya xərcinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «kompensasiyanın (əmək münasibətlərindən irəli gələn) ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni işlədiyi 12 saatın ödənilməyən 1 saat əmək haqqının kompensasiyasının, növbədə işlədiyi zaman ayağından aldığı xəsarətə görə kompensasiyanın, 14 fevral 2014-cü il tarixli 45 nömrəli qərara əsasən təqdim edilməmiş geyim formasına görə 6 il müddətə kompensasiyanın, 2019, 2020, 2021 və 2022-ci illərdə məzuniyyətə buraxılmadığı üçün kompensasiyanın cavabdeh "xxxx" QSC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, qanuni işlədiyi 23 il müddətində 12 saatın ödənilməyən 1 saat əmək haqqının ortalama 8.000 manat kompensasiyanın; növbədə işlədiyi zaman ayağından aldığı xəsarətə görə 11.000 manat və 2019, 2020, 2021-ci illərdə fərqli aylarda xəstəliyə görə məcburi olaraq işi buraxmış, buna dair xəstəlik vərəqələrinə görə ödənilməyən pul məbləğinə görə 10.000 manat kompensasiyanın; 14 fevral 2014-cü il tarixli 45 nömrəli qərara əsasən ona təqdim edilməmiş geyim formasına görə 6 il müddətdə 8.000 manat kompensasiyanın; 2019, 2020, 2021 və 2022-ci illərdə məzuniyyətə buraxılmadığı üçün 8000 manat kompensasiyanın, qanunla müəyyən edilmiş iş saatları yazılmadığı üçün və maliyyə idarəsi əmək haqqını düzgün hesablamayıb və əmək haqqını düzgün ödəmədikləri üçün 12.000 manat kompensasiyanın; 100.000 manat mənəvi zərərin və mediasiyaya görə ödənilən 50 manatın cavabdeh "xxxx" QSC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 14 avqust 2001-ci il tarixdən Heydər Əliyev adına Beynəlxalq Hava limanında hal hazıradək Yanğından Mühafizə Xidmətində işləyir. İşlədiyi dövrdə bir sıra qanunsuzluqlarla üzləşmişdir. Nəzərə çatdırmaq istəyir ki, o, növbədə işləyir və hər növbə 12 saat davam edir, lakin buna baxmayaraq onlara 11 saatın əmək haqqı ödənilir, bu qanunsuz hal 23 ildir ki, davam edir. Bundan əlavə bildirmək istəyir ki, artıq növbələrə çıxmışdır, amma işlədiyi artıq növbələrə görə əmək haqqı ödənilməmişdir. Növbədə işlədiyi zaman ayağından xəsarət almışdır, lakin buna baxmayaraq işlədiyi idarədə xəsarəti ilə bağlı ona akt təqdim edilməyib və buna dair hər hansı bir müavinat ödənilməyib. Onu da qeyd etmək istəyir ki, birinci Qarabağ müharibəsinin iştırakçısıdır və veteran statusuna malikdir. Müharibə zamanı yaralar almışdır. İşlədiyi dövrdə müəyyən müalicələr almaq zərurətində olmuşdur. 2019, 2020, 2021-ci illərdə fərqli aylarda xəstəliyə görə məcburi olaraq işi buraxmış, buna dair xəstəlik vərəqələri almışdır. Lakin bununla bağlı ona hansı bir ödəniş edilməmişdir. Həmin odənişlər edilmədiyi üçün bu onun pensiyasına da təsir etmişdir. Qeyd etmək istəyir ki, iş rejimi növbəlidir, lakin qanunla müəyyən edilmiş iş saatları yazılmamışdır və maliyyə idarəsi əmək haqqını düzgün hesablamamış və əmək haqqını düzgün ödəməmişdir. 14 fevral 2014-cu il tarixli №-45-li qərara əsasən geyim forması müəyyən edilmişdir, lakin buna baxmayaraq ona və digər əməkdaşlara geyim forması təqdim edilməmiş, geyim formasına görə 6 il müddətdə kompensasiya ödənilməmişdir. Bildirmək istəyr ki, o, 1-ci Qarabağ müharibəsinin veteranıdır, işlədiyi idarədə o, qanuni məzuniyyətini ala bilməmişdir. 2019, 2020, 2021 və 2022-ci illərdə rəsmi olaraq məzuniyyətlə bağlı müraciət etmiş, lakin ona nə məzuniyyət, nə də hər hansı bir kompensasiya ödənilməmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə ərizə ilə "xxxx" QSC-yə müraciət etmişdir ki, ona növbəti, yəni 2022-2023-cü il tarixdə düşən əmək məzuniyyətini versinlər. Lakin "xxxx" QSC öz əməllərini gizlətmək üçün ona 2018-2019-cu il üçün düşən əmək məzuniyyətini vermişlər. Ərizəsində göstərdiyi hallar nəzərə alınmamış və 2022-2023-cü il tarix üçün əmək məzuniyyəti verilməmişdir. Dəfələrlə ərizələrlə rəhbərliyə müraciət etmiş, lakin müsbət həllini tapmamış, ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmələn iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etmədi, iddiaya etiraz və iddiaya etiraza əlavə təqdim edərək izahatında bildirdi ki iddiaçının 2019-2021-ci illər ərzində iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim etdiyi xəstəlik vərəqələrinə görə gəlir vergisi və digər ayırmalar çıxılmaqla 3.293 manat 56 qəpik hesablanaraq ödənilmişdir. İddiaçının 2019-2022-ci iş illərində istifadə edilməmiş məzuniyyətlərə görə ödənişin məbləği gəlir vergisi və digər ayırmalar çıxılmaqla ələ ödəniş üçün 4.093 manat 65 qəpik hesablanmışdır. Vəsait ona ərizə ilə məzuniyyətə çıxmaq və ya istifadə etmədiyi məzuniyyətlərin əvəzində pul kompensasiyası almaq istəyini bəyan etdikdə ödəniləcəkdir. İddiaçı bu günə qədər belə bir müraciət etməyib. Təqdim edilməmiş geyim formasına görə 8.000 kompensasiya ilə bağlı bildirir ki, iddiaçı ona təqdim edilmiş geyim formasını özü qəbul etməkdən imtina etmiş və imtinaya görə intizam məsuliyyətinə cəlb edilmişdir. Bundan başqa özünün fərdi qaydada 8.000 manat dəyərində geyim forması tikdirməsi haqqında məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Aviasiya təhlükəsizliyi xidməti personalının geyim formasının təsviri və geyim forması ilə təchiz edilməsi Qaydası»nın təsdiq edilməsi barədə» xx.xx.2014-cü il tarixli 45 №-li Qərarında təqdim edilməmiş geyim formasına görə kompensasiyanın ödənişi nəzərdə tutulmamışdır. İddia ərizəsinin növbədə olarkən almış olduğu xəsarətlə və həmçinin iş vaxtından artıq işləməsinə görə əmək haqqının düzgün hesablanması hissəsinə gəldikdə isə bildirir ki, bu məsələ ilə əlaqədar iddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi müvafiq araşdırma aparmış və xx.xx.2022-ci il tarixli **********0 №-li məktubuyla ərizəçiyə belə halların olduğunu təkzib edən cavab vermişdir. Verilmiş cavabdan iddiaçı idarənin yuxarı orqanına və ya aidiyyatı üzrə məhkəməyə şikayət verməmişdir. Bundan başqa, iddiaçının 2019-2022-ci iş illərinə görə istifadə edilməmiş məzuniyyətlərə görə 8.000 manat kompensasiyanın ödənilməsi tələbi ilə bağlı bildirir ki, iş üzrə materiallardan göründüyü kimi iddiaçı işəgötürənə məzuniyyət üçün müraciət edərkən müvafiq iş illərinin ardıcıllığını gözləmək istəmir. Bu hal Əmək Məcəlləsində aşağıdakı kimi tənzimlənir: 138-ci maddənin (məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması) 4-cü hissəsinə əsasən, əmək məzuniyyətlərinin verilməsinin düzgünlüyünün təmin olunması məqsədi ilə məzuniyyətlərin uçotu işçilərin iş illəri üzrə aparılmalıdır. Göründüyü kimi Əmək Məcəlləsinin həmin maddəsi işçiyə əmək məzuniyyəti verilərkən ardıcıllığın qorunmasını nəzərdə tutur. İddiaçının müharibə veteranı olması səbəbi ilə ona əmək məzuniyyətinin onun üçün əlverişli olan vaxtda verilməsini tələb etməsi ilə əlaqədar bildiririk ki, Əmək Məcəlləsinin 133-cü maddəsinin 3-cü hissəsindən də (Aşağıdakı işçilərə əmək məzuniyyəti arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər:) göründüyü kimi həmin hissə imperativ norma deyil. Yəni, məcəllə işəgötürənin üzərinə belə bir vəzifə qoymur. İstifadə edilməmiş məzuniyyətlərə görə 8.000 manat kompensasiyanın ödənilməsi tələbi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası xx.xx.1994-cü il tarixdə «X3 «Ödənişli məzuniyyətlər haqqında» (1970-ci ildə yenidən işlənmiş 132 saylı) Konvensiyasına qoşulmuşdur. Həmin Konvensiyanın 12-ci maddəsinə əsasən, bu Konvensiyanın 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən olunmuş minimum illik məzuniyyət hüququndan imtina və ya bu məzuniyyətin kompensasiya edilməsi qarşılığında və ya milli şərtlərə əsasən hər hansı digər şəkildə istifadə edilməməsi barədə razılaşmalar etibarsızdır, hüquqi qüvvəsi yoxdur və qadanğandır. Göründüyü kimi, Konvensiya hər hansı ödəniş müqabilində məzuniyyətdən imtinanı və ya məzuniyyətin ödənişlə (pulla) əvəzləşdirilməsini qadağan edir. Təqdim edilməmiş geyim formasına görə 8.000 kompensasiya ilə bağlı bildirir ki, Əmək Məcəlləsinin 296-cı maddəsi fərdi əmək mübahisələrinin həllində iddia müddətlərini tənzimləyir. Həmin maddənin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Aviasiya təhlükəsizliyi xidməti personalının geyim formasının təsviri və geyim forması ilə təchiz edilməsi Qaydası»nın təsdiq edilməsi barədə xx.xx.2014-cü il 45 №-li Qərarında geyim formasının verilmə dövriliyi də daxil olmaqla təqdim edilməmiş geyim formasına görə kompensasiyanın ödənişi nəzərdə tutulmamışdır. Bu cür ödəniş nəzərdə tutulmuş olsaydı belə iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən iddia müddətini ötürmüşdür. İddiaçıya 100.000 manat mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə münasibətdə bildirir ki, Mülki Məcəllənin 2-ci maddəsinin 3-cü bəndinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Bu mübahisə əmək münasibətlərindən yaranan mübahisə olduğu üçün mənəvi zərərə münasibətdə Əmək Məcəlləsi tətbiq edilməlidir. Əmək Məcəlləsinin 290-cı maddisinin 3-cü hissəsinə əsasən, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Həmin maddənin «qeyd» hissəsində işçiyə vurulmuş mənəvi ziyana aşağıdakı kimi anlayış verilir: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İşəgötürən tərəfindən işçiyə (iddiaçıya) qarşı Əmək Məcəlləsinin 290-cı maddəsinin «qeyd» hissəsində sadalanan əməllərdən heç birinə yol verilmədiyi üçün mənəvi zərərdən söhbət gedə bilməz. Bu səbəbdən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, şahid X10 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 2007-ci ildən 2019cu ilə qədər Heydər Əliyev adına aeroportun Yanğın Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsində işlədiyi dövrdə iddiaçı təlimatçı vəzifəsində işləyirdi. Bu hadisə gecə baş vermişdir və baş verən kimi məruzə olunmamışdır. O evdə olmuş və səhər ona dedilər ki, belə hadisə baş vermişdir, yəni iddiaçının ayağı sınmadığı üçün xəstəxanaya aparılmamışdır. İddiaçının iş vaxtı ayağı burxulub və müraciət edib ki, bu hadisəni aktlaşdırın, onlar isə bundan imtina etmişdir. X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, 2008-ci ildən 2022-ci ilə kimi AZALda Yanğından mühafizə Xidmətinin növbə rəisi vəzifəsində işləmişdir. İddiaçı işdə olarkən onun ayağı burxulmuşdur. Onun ayağının hansı formada burxulmasını dəqiq bilmir. İddiaçı ona zəng edərək bildirdi ki, onun ayağı burxulmuşdur. O öz müavini Əhmədov Afəri və təlimatçı Ağayev Namiqi kömək üçün onun yanına göndərmişdir. Sonra təcili tibbi yardım çağırılmışdır. Hadisədən sonra polis də gəlmişdir. Onu Sabunçu qəsəbəsində yerləşən xəstəxanaya aparmışlar. Xəstəxanada onun ayağına baxılmış və sonra işə geri qayıtmışdır. Ona bülleten açmamışlar. Əlavə olaraq bildirir ki, cavabdeh tərəf iddiaçıya demişdir ki, əgər ona forma verilməsə formanın pulu ona kompensasiya kimi veriləcəkdir. Həmçinin onu da qeyd edir ki, iddiaçıya işə formasız gəldiyi üçün töhmət verilmişdir. İddiaçı isə bildirmişdir ki, ona forma verilmədiyi üçün o işə formasız gəlir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. - 020107 saylı saylı vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır. - 28 dekabr 2021-ci il tarixli 1539 saylı əmək müqaviləsindən görünür ki, iddiaçı ilə cavabdeh arasında müddətsiz əmək müqaviləsi bağlanmış, əmək müqaviləsində işçinin əmək funksiyası, əmək şəraitinin şərtləri, əmək haqqı, əməyin mühafizəsi, iş və istirahət vaxtı, məzuniyyət, bədən tərbiyəsi və idman üzrə şərtlər, eləcə də tərəflərin qarşılıqlı maddi məsuliyyəti, sosial müdafiə məsələləri, mülkiyyət münasibətlərinin tənzimlənməsi kimi şərtlər razılaşdırılmışdır. - "xxxx" QSC-nin 30 aprel 2019-cu il tarixli Q-347 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli ərizəsinə QSC-nin rəhbərliyi tərəfindən baxılmışdır. Məktubda iddiaçıya xitabən bildirilmişdir ki, Aviasiya Təhlükəsizlik Baş İdarəsinin, o cümlədən Yanğın Təhlükəsizliyi və Qəza-Xilasetmə İşləri Xidmətinin şəxsi heyətinin geyim forması ilə təmin edilməsi və geyim formasının daşınması qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 45 nömrəli müvafiq Qərarı ilə təsbit edilmişdir. Ərizəyə baxılması nəticəsində müəyyən edilmişdir ki, xidmətin şəxsi heyəti növbəti dəfə geyim forması ilə 2019-cu ilin fevral ayında təmin edilmişdir. İddiaçı fərdi olaraq tikiş atelyesinə göndərilmiş, ölçülərinin götürülməsi və geyim formasının bilavasitə tikilişi təmin edilmişdir. Lakin buna baxmayaraq, həmin geyim forması hələ də material anbarındadır, iddiaçı aydın olmayan əsaslarla onun alınmasından imtina edir, bu isə yuxarıda qeyd olunan Nazirlər Kabinetinin Qərarının, habelə vəzifə borclarının pozulması hesab edilir. Bununla əlaqədar iddiaçıya onun üçün nəzərdə tutulmuş geyim forması dəstini alması və onun daşınmasını təmin etməsi tövsiyə olunmuş, əks halda Hava nəqliyyatında və onun xüsusi xidmət müəssisələrində intizam nizamnaməsinə uyğun olaraq intizam məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Bu halda qüvvədə olan qanunvericiliklə hər hansı kompensasiyanın ödənilməsi nəzərdə tutulmadığı iddiaçının nəzərinə çatdırılmışdır. - Aviasiya Təhlükəsizlik Baş İdarəsi direktorunun AT və KN üzrə müavini X4 direktoruna yazdığı, üzərində 14 iyun 2019-cu il tarixdə dərkənar qoyulmuş məlumatdan görünür ki, Yanğın Təhlükəsizliyi və Qəza-Xilasetmə İşləri Xidmətinin rəisinin müavini Rasim Əsgərovun xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərində ünvanlandığı məlumat araşdırılmışdır. Məlumatda bildirilir ki, Yanğın Təhlükəsizliyi və Qəza-Xilasetmə İşləri Xidmətinin təlimatçısı Qənbərov X7 Təhlükəsizlik Baş İdarəsi direktorunun 318 saylı xx.xx.2019-cu il tarixli əmri ilə 3 saylı növbədən 2 saylı növbəyə xidməti zərurətlə əlaqədar keçirilməsinə baxmayaraq bu günədək əmrlə təyin olunmuş növbəyə xidmətə çıxmır. Belə ki, 4, 5, 8, 9, 12 və 13 iyun 2019-cu il tarixlərdə heç bir səbəb olmadan növbəyə çıxmadığı bildirilir. Araşdırma zamanı Yanğın Təhlükəsizliyi və Qəza-Xilasetmə İşləri Xidmətinin təlimatçısı İddiaçı həqiqətən də yuxarıda göstərilən tarixlərdə əmrlə təyin olunmuş növbəyə çıxmamış və onun xidmətə çıxmaması barədə Aviasiya Təhlükəsizlik Baş İdarəsinin və Xidmət rəisinin rəhbər heyəti tərəfindən aktlaşdırılaraq qeydə alınmışdır (akt əlavə olunur). Xidmət rəhbərliyi tərəfindən təlimatçı İddiaçı xx.xx.2019-cu il tarixdə Aviasiya Təhlükəsizlik Baş İdarəsi direktorunun 318 saylı xx.xx.2019-cu il tarixli əmri çatdırılaraq onun xx.xx.2019-cu il tarixdən yeni təyin olunmuş növbəyə işə çıxması bildirilmiş və bu barədə akt tərtib olunmuşdur (akt əlavə olunur). Təlimatçı İddiaçı işə çıxmaması səbəbi ilə bağlı izahat verməkdən imtina etdi. Bununla da Yanğın Təhlükəsizliyi və Qəza-Xilasetmə İşlə Xidmətinin təlimatçısı İddiaçı üzərinə düşən əmək funksiyasının və vəzifə təlimatlarının tələblərini kobud surətdə pozmuşdur (akt əlavə olunur). Bildirilmişdir ki, təlimatçı İddiaçı uzun müddətdir ki, onun üçün hazırlanmış geyim formasını alaraq geyinməkdən imtina edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 fevral 2014-cü il tarixli 45 saylı Qərarı ilə təsdiq edilmiş «Aviasiya təhlükəsizliyi xidməti personalının geyim formasının təsviri və geyim forması ilə təchiz edilməsi Qaydası»nın tələblərini pozduğuna görə "xxxx" QSC-nin 326 saylı xx.xx.2019-cu il tarixli əmri ilə ona «Sonuncu xəbərdarlıqla şiddətli töhmət» verilmişdir. Yuxarıda göstərilənləri nəzarə alaraq, Yanğın Təhlükəsizliyi və Qəza-Xilasetmə İşlə Xidmətinin təlimatçısı İddiaçı barəsində tədbir görülməsi məsələsinə baxılması xahiş olunmuşdur. - Təqdim olunmuş digər sənədlərdən görünür ki, oxşar məzmunlu məlumat vərəqələri və s. "xxxx" QSC-nin digər vəzifəli şəxslərinə də göndərilmişdir. - İddiaçı 27 mart 2019-cu il tarixli və 30 may 2019-cu il tarixli ərizələrindən görünür ki, o, "xxxx" QSC-nin prezidenti C.Əsgərova etdiyi müraciətlərində rəhbərliyin nəzərinə çatdırmışdır ki, o, 2001-ci ildən hal-hazıradək Xidmətdə təlimatçı vəzifəsində 18 ildir ki çalışır. Bu yaxınlarda ona xüsusi iş geyimi verilərkən məlum olmuşdur ki, həmin üst geyimi onun vəzifəsinə uyğun deyil. Ona görə də, o, həmin geyimi almaqdan və daşımaqdan imtina etmişdir. Rəhbərlik tərəfindən ona əsassız təzyiq edilən zaman həmin geyimi almaq üçün o, rəhbərliyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 fevral 2014-cü il tarixli 45 nömrəli Qərarının 3-cü maddəsinin 3.5.5, 3.6.5, 3.7.6 və 1 nömrəli əlavədə 9, 15 və 16cı nömrəli şəkillərdə göstərilən geyim formasının ona aid olduğunu xatırladaraq, bu qərarın 5-il əvvəldən qəbul olmasına baxmayaraq həmin geyim formalarını bu günə qədər ona verilməmişdir. Hal-hazırda onun vəzifəsinə uyğun olmayan geyim təklif olunduğundan o, həmin geyimi geyməkdən imtina etdikdən və yuxarıda göstərdiklərini onlara bildirdikdən sonra rəhbəlik ona həmin geyim formalarını tikdirməyi təklif etdi. Həmin geyim formasını tikən şəxsin mobil nömrəsini vermişlər və demişlər ki, gedib onun yanında geyimi tikdirsin. Bu barədə Aviasiya Təhlükəsizlik Baş İdarəsinin rəisi Elxan Orucova bildirən zaman sonuncu bildirmişdir ki, o, pul məsələlərinə baxmır, amma kompensasiyanı almaq üçün rəhbərliyə ərizə yaza bilər. Onu da nəzərə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 fevral 2014-cü il tarixli, 45 №-li Qərarı qüvvəyə mindikdən sonra rəhbərliyin göstərişi ilə onun ölçülərini dəfələrlə götürsələr də, keçən 5 il ərzində ona hər hansı geyim forması verilməmişdir. Yuxarıda göstərdiklərini nəzərə alıb onun 5 il ərzində xüsusi geyim fomalarını almadığı dövr üçün ona kompensasiya verilməsinə dair göstəriş verilməsini xahiş etmişdir. - QSC-nin birinci vitse-prezidenti Sabir İlyasovun İddiaçı ünvanladığı, üzərində 27 iyun 2019-cu il tarixli dərkənar olan ərizəyə cavab məktubundan görünür ki, İddiaçı ərizəsinə "xxxx" QSC-də baxılmışdır. Ərizədə qeyd olunan faktların heç biri öz əksini tapmamışdır. Əlavə olaraq bildirilmişdir ki, «siz uzun müddət daxili işlər orqanlarında, yanğından mühafizə hissələrində rəhbər vəzifələrində işləmisiz və özünüzü «peşəkar yanğın-söndürən» adlandırırsınız. Lakin buna baxmayaraq Aviasiya Təhlükəsizlik Baş İdarəsində işlədiyiniz müddət ərzində dəfələrlə əmək və vəzifə təlimatının tələblərini pozduğunuza, xidmətdə verilən tapşırıqları vaxtında yerinə yetirmədiyinizə, xidmətdə olduğunuz zaman postda yatdığınıza, hava gəmilərinə yanacaq doldurulan zaman postu nəzarətsiz qoyduğunuza, postu təhvil-təslim etmədən xidməti yerinizi özbaşına tərk etdiyinizə və növbədə olduğunuz zaman hava gəmisinə yanacaq doldurulma prosesində iştirak etmədiyinizə görə sizə intizam tənbehləri verilmişdir. Belə ki, sizə təklif olunan Yanğın Təhlükəsizliyi və Qəza-Xilasetmə İşləri Xidmətinin personalı üçün təyin olunmuş geyim formasının geyinməkdən imtina etmişdiniz. Sizdən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 fevral 2014-cü il tarixli 45 nömrəli «Aviasiya təhlükəsizliyinin xidməti personalının geyim formasının təsviri və geyim forması ilə təchiz edilməsi Qaydası»nın 1 nömrəli Əlavəsinin 15 və 16 nömrəli şəkillərinə uyun olaraq bədən ölçüləriniz götürülmüş və yeni xüsusi geyim forması tikilərək hazırlanmışdır. Lakin, buna baxmayaraq siz geyim formasını qəbul etməkdən və geyinməkdən imtina etdiyinizə görə sizə "xxxx" QSC-nin 03 iyun 2019-cu il tarixli 326 saylı əmrinə əsasən «sonuncu xəbərdarlıqla şiddətli töhmət» elan edilmişdir. Bundan əlavə, Aviasiya Təhlükəsizlik Baş İdarəsinin 31 may 2019-cu il tarixli 318 saylı əmrinə əsasən, Yanğın Təhlükəsizliyi və Qəza-Xilasetmə İşləri Xidmətinin qarşısına qoyulan tapşırıqların vaxtlı-vaxtında və keyfiyyətli yerinə yetirilməsi, şəxsi heyət arasında nizam-intizamın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə Yanğın Təhlükəsizliyi və Qəza-Xilasetmə İşləri Xidmətinin şəxsi heyətinin növbələr üzrə bölünmüş yeni siyahısında siz 2 saylı növbəyə təyin edilməyinizə baxmayaraq, bu günə kimi təyin olunduğunuz növbəyə işə çıxmırsınız və əvvəlki növbənizə qanunsuz çıxaraq, növbənin fəaliyyətinə, xidmətin aparılmasına, hava gəmisinin qəza enişi zamanı baş vermiş yanğınların qarşısının alınması üçün təyin olunmuş dəstələrin fəaliyyətinə maneçilik törədirsiz. Bununla bağlı Yanğın Təhlükəsizliyi və Qəza-Xilasetmə İşləri Xidmətinin rəisinin müavini X11 tərəfindən Aviasiya Təhlükəsizlik Baş İdarəsinin direktoruna sizin növbədə olmadığınız qeyri-iş günlərində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 337 nömrəli «Buraxılış və obyektdaxili rejimlərin təşkili Qaydaları»nın 18.1.12-ci bəndinin (əməkdaşlara iş (növbə) vaxtı qurtardıqdan sonra və ya məzuniyyətdə olan müddətdə müəssisələrin (obyektlərin) ərazisində qalmaq qadağandır) tələblərinə əsasən xidmətə gəlməyinizə məhdudiyyət goyulması barədə müraciət etmiş və siz növbədə olmadığınız qeyri-iş günlərində hava limanının ərazisinə girişinizə məhdudiyyət qoyulmuşdur. Əlavə olaraq bildiririk ki, sizin halhazırkı günə qədər heç bir üzürlü səbəb olmadan işə çıxmadığınıza görə barənizdə xidməti araşdırma aparılır». - 11 iyul 2019-cu il tarixli ərizədən görünür ki, iddiaçı ona məzuniyyət verilməsi ilə bağlı işəgötürənin rəhbər şəxslərindən birinə müraciət etmişdir. Ərizədə məzuniyyətin hansı tarixdən hansı tarixədək verilməsinin xahiş olunduğu qeyd edilməmişdir. - 23 avqust 2019-cu il tarixli ərizədən görünür ki, iddiaçı ona 2019-cu il 30 avqust tarixindən 2018-2019-cu il üçün nəzərdə tutulan əmək məzuniyyətinin verilməsini xahiş etmişdir. - İddiaçının xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək məzuniyyətdə olduğunu, xəstəliyi ilə əlaqədar 13 sentyabr 2019-cu il tarixdən 09 oktyabr 2019-cu il tarixədək həkim tərəfindən xəstəlik vərəqəsi açıldığı qeyd edərək, əmək məzuniyyətinin günlərinin artırılmasına icazə verilməsini xahiş etmişdir. - İddiaçının xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2019-cu il tarixdən məzuniyyətdə olduğunu, xəstəliyi ilə əlaqədar 26 oktyabr 2019-cu il tarixdən 19 noyabr 2019-cu il tarixədək həkim tərəfindən xəstəlik vərəqəsi açıldığı qeyd edərək, əmək məzuniyyətinin günlərinin artırılmasına icazə verilməsini xahiş etmişdir. - xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı "xxxx" QSC-yə müraciət edərək, 2022-2023-cü iş ilinə görə ona xx.xx.2023-cü il tarixdən növbəti əmək məzuniyyətinə çıxmağa icazə verilməsini xahiş etmişdir. - "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 1004/m saylı əmrindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2018-xx.xx.2019-cu iş ilinə görə 36 təqvim günü əmək məzuniyyəti 30 dekabr 2023-cü il tarixdən 07 fevral 2024-cü il tarixədək verilmişdir. Əmək məzuniyyəti dövründə iş günü hesab edilməyən 4 təqvim günü (31 dekabr 2023-cü il, 1, 2, 20 yanvar 2024-cü il) bayram və ümumxalq hüzn gününə təsadüf etdiyindən əmək məzuniyyətinin müddəti 4 təqvim günü haqqı ödənilmədən uzadılmışdır. İşçinin məzuniyyətdən sonra işə çıxma tarixi xx.xx.2024-cü il müəyyən edilmişdir. - Aviasiya Təhlükəsizlik Baş İdarəsinin direktorunun "xxxx" QSC-nin rəhbərliyinə ünvanladığı xx.xx.2019-cu il tarixli müraciətdən görünür ki, İddiaçı 2001-ci il tarixdən Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Yanğın Təhlükəsizliyi və Qəza Xilasetmə işləri Xidmətində işləyir. İşlədiyi müddət ərzində o, dəfələrlə əmək məcəlləsinin və vəzifə təlimatının tələblərini pozduğuna, xidmət zamanı verilən tapşırıqları vaxtında yerinə yetirmədiyinə, xidmətdə olduğu zaman postda yatdığına, hava gəmilərinə yanacaq doldurulan zaman postu nəzarətsiz qoyduğuna, postu təhvil-təslim etmədən xidməti iş yerini dəfələrlə özbaşına tərk etdiyinə və növbədə olduğu zaman hava gəmisinə yanacaq doldurulma prosesində iştirak etmədiyinə görə ona ayrı-ayrı vaxtlarda intizam tanbehləri verilmişdir (arayış əlavə olunur). Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 fevral 2014-cu il tarixli 45 nömrəli «Aviasiya təhlükəsizliyinin xidməti personalının geyim formasının təsviri və geyim forması ilə təchiz edilməsi Qaydası»nın 1 nömrəli Əlavəsinə uyğun olaraq hazırlanmış geyim formasını qəbul etməkdən və geyinməkdən imtina etdiyinə görə ona "xxxx" QSC-nin 03 iyun 2019-cu il tarixli 326 saylı əmrinə əsasən «sonuncu xəbərdarlıqla şiddətli töhmət» elan edilmişdir (əmrin sürəti əlavə olunur). Bundan əlavə, Aviasiya Təhlükəsizlik Baş İdarəsinin 31 may 2019-cu il tarixli 318 saylı əmri ilə Yanğın Təhlükəsizliyi və Qəza-Xilasetmə İşləri Xidmətinin şəxsi heyətinin növbələr üzrə bölünmüş yeni siyahısında təyin olunduğu növbəyə işə çıxmamışdır. Uzun müddət üzürsüz səbəbdən işə çıxmadığına görə, barəsində "xxxx" QSC-nin xx.xx.2019-cu il tarixli 356 saylı əmri ilə 3 ay müddətinə «Zabrat» hava limanı Aviasiya Təhlükəsizlik Xidmətinə az ödənişli avtodayanacaq növbətçisi vəzifəsinə keçirməsi barədə qərar qəbul olunmasına baxmayaraq, müxtəlif bəhanələrlə işdən yayındığına görə Personalla iş üzrə Baş İdarədə həmin əmr bu günə qədər icra olunmamışdır. Belə ki: 29 iyun 2019-cu il tarixdən 03 iyul 2019-cu il tarixədək yenidən üzürsüz səbəbdən işə çıxmamış; 04.07-xx.xx.2019-cu il tarixlərdə xəstəlik vərəqəsi açdırmış; 17-xx.xx.2019-cu il tarixlərdə üzürsüz səbəbdən işə çıxmamış; 19.07xx.xx.2019-cu il tarixlərdə xəstəlik vərəqəsi açdırmış; 21.08-xx.xx.2019-cu il tarixlərdə xəstəlik vərəqəsi açdırmış; 30.08-xx.xx.2019-cu il tarixlərdə üzürsüz səbəbdən işə çıxmamış; 13.09-xx.xx.2019-cu il tarixlərdə xəstəlik vərəqəsi açdırmış; 10.10-xx.xx.2019cu il tarixlərdə üzürsüz səbəbdən işə çıxmamış; 26.10-xx.xx.2019-cu il tarixlərdə xəstəlik vərəqəsi açdırmış; xx.xx.2019-cu il tarixdən heç səbəb göstərmədən işə çıxmır (xəstəlik vərəqələrinin surəti əlavə olunur). Bir neçə dəfə yaşadığı ünvanına gedilməsinə və telefon zəngləri edilməsinə baxmayaraq, bunlar heç bir nəticə verməmişdir (aktlar əlavə olunur). Beləliklə, İddiaçı üzürsüz səbəbdən 37 təqvim günü işə çıxmamış və bu barədə heç bir sənəd təqdim etməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və gələcəkdə əmək və xidməti intizamın yüksəldilməsi üçün belə halların qarşısının alınması məqsədi ilə Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Yanğın Təhlükəsizliyi və Qəza Xilasetmə işləri Xidmətinin təlimatçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə göstəriş verilməsi məsələsinə baxılmasını xahiş etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin 21 iyul 2022-ci il tarixli **********0 saylı məktubundan görünür ki, İddiaçı "xxxx" QSC-də əmək hüquqlarının pozulması barədə Nazirliyə ünvanladığı müraciətinə X8 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı müəssisə rəhbərliyi tərəfindən Xidmətin Bakı şəhər İdarəsinə təqdim olunmuş sənədlərə baxış keçirilərkən iddiaçının iş vaxtından artıq iş saatlarına cəlb edilməsi müəyyən edilməmişdir və əmək haqqının müəssisə ilə aralarında bağlanılmış əmək müqaviləsində müəyyən edilmiş əmək haqqına uyğun olaraq hesablanıb ödənilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 103-cü maddəsinin 4-cü hissəsinə əsasən işçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır və növbəli iş vaxtı rejimində işçilərin istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir. Həmin maddənin 5-ci hissəsinə əsasən istirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir. İddiaçı müraciətdə iş vaxtı xəsarət aldığını, lakin buna baxmayaraq xəsarətlə bağlı iddiaçıya hər hansı müavinətin ödənilmədiyini bildirmişdir. Eyni zamanda Xidmətin Bakı şəhər İdarəsinə verdiyi izahatda iş yerində xəsarət almasını təsdiq edən hər hansı sənəd təqdim edə bilmədiyini qeyd etmişdir. Həmçinin müəssisə tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 112 nömrəli arayışda iddiaçının cəmiyyətin struktur bölmələrində əmək fəaliyyətində olan dövrdə heç bir xəsarət almadığı qeyd edilmişdir. Eyni zamanda, müəssisə rəhbərliyi tərəfindən təqdim olunmuş cavab məktubunda iddiaçının 2019-2022-ci illər ərzində tutduğu vəzifəyə uyğun olaraq xüsusi xidməti geyim forması ilə tam təchiz edildiyi qeyd edilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 138-ci maddəsinin 1-ci hissəsinə əsasən bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Müraciətdə iddiaçı 2019-cu ildən cari dövrədək əmək məzuniyyətindən istifadə etmədiyini bildirmişdir. Bununla bağlı müəssisə rəhbərliyi tərəfindən təqdim olunmuş cavab məktubunda iddiaçının məzuniyyət cədvəlinə uyğun olaraq əmək məzuniyyətindən istifadə etməklə bağlı ərizə yazmaqdan imtina etdiyi qeyd olunmuşdur. Həmçinin Xidmətin Bakı şəhər İdarəsinə verdiyi izahatda iddiaçı "xxxx" QSCyə əmək məzuniyyətindən istifadə etməklə bağlı rəsmi olaraq müraciət etdiyini bildirmişdir. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinin «ə» bəndinə əsasən məzuniyyət hüququnun həyata keçirilməsi fərdi əmək mübahisəsi predmeti olduğundan həmin Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində (Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır) nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məkəmələr tərəfindən baxılır. Müraciətdə qeyd etdiyi xəstəlik vərəqəsinin düzgün hesablanmaması ilə bağlı DSMF-ə müraciət etməsi tövsiyə olunmuşdur. Razılaşmadığı təqdirdə müvafiq qaydada məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilmişdir. - X12 xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdə saat 01.00-da aldığı xəsarətlə əlaqədar qeyd olunan diaqnoz: sol aşıq-baldır oynağının əzilməsi. Deməsinə görə ayağı burxulub. - Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Aparatının iddiaçıya ünvanladığı 11 mart 2020-ci il tarixli 2/4428-20 saylı məktubdan görünür ki, İddiaçı müraciətində qeyd etdiyi hallar araşdırılmış və həqiqətə uyğun olmadığı müəyyən edilmişdir. Məktubda iddiaçının aldığı intizam tənbehləri, həmin intizam tənbehlərinin verilməsinə əsas olan hallar geniş şəkildə sadalanmış və əlavə olaraq bildirilmişdir ki, 04 iyun 2019-cu il tarixdən 28 iyun 2019-cu il tarixədək (24 gün) üzürsüz səbəbdən işə çıxmadığına görə (müharibə veteranı olduğuna və ailə vəziyyətini nəzərə alaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsi birtərəfli qaydada ləğv edilməmişdir) "xxxx" QSC-nin xx.xx.2019-cu il tarixli 326 saylı əmri ilə iddiaçı 3 ay müddətinə «Zabrat» hava limanı Aviasiva Təhlükəsizlik Xidmətinə az ödənişli avtodayanacaq növbətçisi vəzifəsinə keçirilmişdir. Lakin, müxtəlif bəhanələrlə işdən yayındığına gorə bu gunə qədər "xxxx" QSC-nin Personalla İş üzrə Baş İdarəsində həmin əmr icra olunmamışdır. - Təqdim olunmuş tibbi sənədlərdən görünür ki, iddiaçının adına müxtəlif tarixlərdə əmək qabiliyyətinin olmamasına dair vərəqə verilmişdir. Bundan əlavə, iddiaçı 26 saylı BŞX-də xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək stasionar müalicədə olmuşdur (diaqnoz: bel fəqərələrinin osteoxondrozu və s.). Eləcə də, 18 nömrəli BŞX-nin 06 yanvar 2021-ci il tarixli 384 saylı arayışında iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 18 saylı BŞX-nin poliklinika şöbəsi tərəfindən COVİD-19 pozitiv diaqnozu ilə evdə izolyasiya şəraitində müalicə olunmuşdur. - Təqdim edilmiş tələbnamələrdən, siyahıdan görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə 2 dəst kostyum, 2 ədəd qısaqol köynək, 2 ədəd uzunqol köynək, 1 ədəd furajka, 2 cüt poqonu; 05 yanvar 2022-ci il tarixdə 2 cüt poqonu; 17 fevral 2022-ci il tarixdə 3 cüt poqonu təhvil almışdır. - Zabrat hava limanının vəzifəli şəxsləri tərəfindən tərtib olunmuş 22 sentyabr 2022ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə hava limanının Yanğından mühafizə şöbəsinin növbə rəisi İddiaçı istifadə etmədiyi 2018/2019, 2019/2020 və 2020/2021-ci iş illərinə görə əmək məzuniyyətindən istifadə etmədiyi üçün pul kompensasiyası alması barədə ərizə yazması məqsədi ilə rəhbərlik tərəfindən dəvət olunmuş, lakin o, ərizə yazmaqdan imtina etmişdir. - "xxxx" QSC-nin 10 sentyabr 2024-cü il tarixli 715 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2019/xx.xx.2020-ci iş ili üçün 30 gün əsas və 6 gün əlavə, xx.xx.2020/xx.xx.2021-ci iş ili üçün 30 gün əsas və 6 gün əlavə, xx.xx.2021/xx.xx.2022-ci iş ili üçün 30 gün əsas və 6 gün əlavə, xx.xx.2022/xx.xx.2023-cü iş ili üçün 30 gün əsas və 6 gün əlavə, xx.xx.2023/xx.xx.2024-cü iş ili üçün 30 gün əsas və 6 gün əlavə, xx.xx.2024/xx.xx.2024-cü iş ili üçün 8 gün əsas, cəmi 188 təqvim günü istifadə edilməmiş əmək məzuniyyəti mövcuddur. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 3 saylı Mediasiya Təşkilatının 24 oktyabr 2023-cü il tarixli MŞB/3/2023-01090 saylı arayışından görünür ki, iddiaçı 24 oktyabr 2023-cü il tarixdə saat 16:00-16:30-a təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdehin nümayəndəsi həmin sessiyaya gəlməmişdir. İddiaçı 50 manat mediasiya xərcini və 10 manat kargüzarlıq xərcini ödəmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Paktın 7-ci maddəsinin «a» yarımbəndinə əsasən, hər bir üzv dövlət bütün zəhmətkeşlər üçün ədalətli əmək haqqını tanıyır və təmin edir. X3 «Əmək haqqının mühafizəsi haqqında» Konvensiyasının 12-ci maddəsində nəzərdə tutulur ki, əmək haqqı müntəzəm surətdə ödənilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. - 7-ci maddəsinin 2-ci bəndinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. - 12-ci maddəsinin a) və b) bəndlərinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələridir. - 16.1-ci maddəsinə əsasən, əmək münasibətlərində işçilər arasında hər hansı ayrıseçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqların məhdudlaşdırılması qəti qadağandır. - 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 97.1-ci maddəsinə əsasən, saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır. - 102.1-ci maddəsinə əsasən, işəgötürən faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. - 103-cü maddəsinin 4-cü hissəsinə əsasən işçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır və növbəli iş vaxtı rejimində işçilərin istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir. - 103-cü maddəsinin 5-ci hissəsinə əsasən istirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir. - 109-cu maddəsinə əsasən, bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir. - 154-cü maddəsinin 1-ci bəndinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfındən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 154.2-ci maddəsinə əsasən maddəsinə əsasən, bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. - 157.3-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. - 164.1-ci maddəsinə əsasən, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla. - 166.1-ci maddəsinə əsasən, gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. - 172.4-cü maddəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. - 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. - 195-ci maddəsinin «d» bəndinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. - 196-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfındən aşkar edilərək müəyyən olunduqda, habelə müvafıq səlahiyyətli vəzifəli şəxsin (orqanın) - müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafıq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. - 290-cı maddisinin 3-cü hissəsinə əsasən, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Həmin maddənin «qeyd» hissəsində işçiyə vurulmuş mənəvi ziyana aşağıdakı kimi anlayış verilir: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. - 296.2-ci maddəsinə əsasən,fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. - 296.3-cü maddəsinə əsasən isə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmçinin məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin: - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 62-ci və 104.1-ci maddələrinə əsasənAzərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. Məhkəmə tələbin işlədiyi 23 il müddətində 12 saatın ödənilməyən 1 saat əmək haqqının ortalama 8.000 manat kompensasiyanın ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iş vaxtından artıq işləməsinə görə əmək haqqının düzgün hesablanmasına dair məsələ ilə əlaqədar iddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən müvafiq araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli **********0 №-li məktubu ilə ona belə halların olduğunu təkzib edən cavab verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, verilmiş cavabdan iddiaçı tərəfindən idarənin yuxarı orqanına və ya aidiyyatı üzrə məhkəməyə şikayət verilməmişdir. Məhkəmə tələbin növbədə işlədiyi zaman ayağından aldığı xəsarətə görə 11.000 manat ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı növbədə işlədiyi zaman ayağından xəsarət almasına baxmayaraq işlədiyi idarədə xəsarəti ilə bağlı ona akt təqdim edilməməsi və buna dair hər hansı bir müavinat ödənilməməsini iddia edir. Lakin müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2013-cü il tarixdə saat 01:00-da aldığı xəsarətlə əlaqədar X14 müraciət etmiş və bu fakt xx.xx.2022-ci il tarixli arayışında əksini tapmışdır ki, ona da qoyulan diaqnoz: sol aşıq-baldır oynağının əzilməsi olmuşdur. Özünün deməsinə görə ayağı burxulub. Göründüyü kimi, iddiaçı xəsarətin iş vaxtı növbədə olarkən almasını göstərməmiş və bu hal tibbi sənədlərdə də öz əksini tapmamışdır. Həmçinin iddiaçı məhz xx.xx.2013-cü il tarixdə saat 01:00-da aldığı xəsarətin iş yerində olması və bununla bağlı, yəni xəsarətlə bağlı akt və müavinət üçün işəgötürənə müraciət etməsinə dair heç bir sübut təqdim etməmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin 21 iyul 2022-ci il tarixli **********0 saylı məktubunda da iddiaçının Xidmətin Bakı şəhər İdarəsinə verdiyi izahatında iş yerində xəsarət almasını təsdiq edən hər hansı sənəd təqdim edə bilmədiyini qeyd etmişdir. Daha sonra müəssisə tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 112 nömrəli arayışda iddiaçının cəmiyyətin struktur bölmələrində əmək fəaliyyətində olan dövrdə heç bir xəsarət almadığı qeyd edilmişdir. Məhkəmə tələbin 2019, 2020, 2021-ci illərdə fərqli aylarda xəstəliyə görə məcburi olaraq işi buraxmış, buna dair xəstəlik vərəqələrinə görə ödənilməyən pul məbləğinə görə 10.000 manat kompensasiyanın ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, araşdırma zamanı iddiaçının 2019-2021-ci illər ərzində iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim etdiyi xəstəlik vərəqələrinə görə gəlir vergisi və digər ayırmalar çıxılmaqla 3.293 manat 56 qəpik hesablanaraq ödənilməsi müəyyən edilmişdir. Məhkəmə tələbin 14 fevral 2014-cü il tarixli 45 nömrəli qərara əsasən ona təqdim edilməmiş geyim formasına görə 6 il müddətində 8.000 manat kompensasiyanın; ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, müəyyən edilmişdir ki, iddiaçı ona təqdim edilmiş geyim formasını özü qəbul etməkdən imtina etmiş və cavabdeh tərəfin bidirdiyinə görə bu imtinaya görə intizam məsuliyyətinə cəlb edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Aviasiya təhlükəsizliyi xidməti personalının geyim formasının təsviri və geyim forması ilə təchiz edilməsi Qaydası»nın təsdiq edilməsi barədə» xx.xx.2014-cü il tarixli 45 №-li Qərarında təqdim edilməmiş geyim formasına görə kompensasiyanın ödənişi nəzərdə tutulmamışdır. Həmçinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin 21 iyul 2022-ci il tarixli **********0 saylı məktubunda da göstərilmişdir ki, 2019-2022-ci illər ərzində tutduğu vəzifəyə uyğun olaraq xüsusi xidməti geyim forması ilə tam təchiz edildiyi qeyd edilmişdir. Məhkəmə tələbin qanunla müəyyən edilmiş iş saatları yazılmadığı üçün və maliyyə idarəsi əmək haqqını düzgün hesablamayıb və əmək haqqını düzgün ödəmədikləri üçün 12.000 manat kompensasiyanın ödənilməməsi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin yuxarıda qeyd edilən məktubunda bu məsələ ilə də bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 103-cü maddəsinin 4 və 5-ci hissələrinin tələbləri əsasında araşdırma aparılmış və müəyyən edilmişdir ki, araşdırma zamanı müəssisə rəhbərliyi tərəfindən Xidmətin Bakı şəhər İdarəsinə təqdim olunmuş sənədlərə baxış keçirilərkən iddiaçının iş vaxtından artıq iş saatlarına cəlb edilməsi müəyyən edilməmişdir və əmək haqqının müəssisə ilə aralarında bağlanılmış əmək müqaviləsində müəyyən edilmiş əmək haqqına uyğun olaraq hesablanıb ödənilmişdir. Məhkəmə həmçinin tələbin 100.000 manat mənəvi zərərin cavabdehdən xeyrinə tutulması hissəsi ilə bağlı qeyd edir ki, işəgötürən tərəfindən işçiyə (iddiaçıya) qarşı Əmək Məcəlləsinin 290-cı maddəsinin «qeyd» hissəsində sadalanan əməllərdən heç birinə yol verilməsi müəyyən edilməmişdir. Göründüyü kimi, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamış və ən əsası iddiaçı qeyd edilən tələblərinin əsaslı olmasını təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Aparatının iddiaçıya ünvanladığı 11 mart 2020-ci il tarixli 2/4428-20 saylı cavab məktubunda iddiaçının aldığı intizam tənbehləri, həmin intizam tənbehlərinin verilməsinə əsas olan hallar geniş şəkildə sadalanmaqla yanaşı onun qeyd edilən iddia tələblərinin məzmununa oxşar məzmunla müraciətində qeyd etdiyi hallar üzrə aparılmış araşdırılma zamanı müraciətində göstərilənlərin həqiqətə uyğun olmadığının müəyyən edilməsi göstərilmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi şahid ifadələri ilə bağlı qeyd edir ki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Məhkəmə şahid ifadələrinə qiymət verərək hesab edir ki, onların ifadələrində göstərilənlər işin digər sübutları ilə tamamlanmadığı, eləcə də şahidlərin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmadığı üçün bu ifadələr iddianın qeyd edilən hissələnin əsaslı olmasının təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Beləliklə də, məhkəmə hesab edir ki, işəgötürən tərəfindən qeyd edilən tələblər üzrə iddiaçının hər hansı digər əmək hüquqlarının pozulması, eləcə də ona hər hansı mənəvi ziyan vurulmasına gətirib çıxaran hərəkət və ya hərəkətsizliyə yol verilməsi kimi faktlar öz təsdiqini tapmamışdır. Lakin bununla belə məhkəmə iddia tələbinin 2019, 2020, 2021 və 2022-ci illərdə məzuniyyətə buraxılmadığı üçün kompensasiya tələbi hissəsinin əsaslı olması və iddianın yalnız bu hissədə təmin edilməli olması qənaətinə gəlir. Belə ki, cavabdeh etirazında iddiaçının 2019-2022-ci iş illərində istifadə edilməmiş məzuniyyətlərə görə ödənişin məbləği gəlir vergisi və digər ayırmalar çıxılmaqla ələ ödəniş üçün 4.093 manat 65 qəpik hesablanmasını göstərməklə yanaşı məhkəməyə təqdim etdiyi 10 sentyabr 2024-cü il tarixli 715 saylı arayışdan aydın görünür ki, iddiaçının 2019-2022-ci illər üzrə istifadə edilməmiş məzuniyyət günlərinə görə188 təqvim günü istifadə edilməmiş əmək məzuniyyəti mövcuddur. Məhkəmə cavabdeh tərəfin iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair göstərilənlər ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, belə ki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir. Məhkəmə iddia tələbinin istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya hesablanan hissəsi üzrə nəticəyə gələrkən isə cavabdeh tərəfin izahatında iddiaçının istifadə edilməmiş məzuniyyət pulu üçün müraciət edə bilməsini göstərməsini nəzərə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2019-2022-ci illər üzrə istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya hesablanaraq cavabdeh "xxxx" QSCdən İddiaçı xeyrinə tutulmalı, həmçinin 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci cavabdeh "xxxx" QSC-dən İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2019-2022-ci illər üzrə istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya hesablanaraq cavabdeh "xxxx" QSC-dən İddiaçı xeyrinə tutulsun. 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci cavabdeh "xxxx" QSC-dən İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar