Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3015/2020 11.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Nəsimi rayon X5 və Şəxsiyyət Vəsiqələri Şöbəsini cəlb etməklə Cavabdeh qarşı «mənzilə istifadə hüququ itirilmiş hesab edilməklə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Nəsimi rayon X5 və Şəxsiyyət Vəsiqələri Şöbəsini cəlb etməklə Cavabdeh qarşı «mənzilə istifadə hüququ itirilmiş hesab edilməklə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 98 saylı evin, 40 saylı mənzili vərəsəlik qaydasında qəbul edərək iddiaçının xüsusi mülkiyyətində olmaqla daşınmaz əmlakın dövlət reyestri xidmətindən adına çıxarış verilmişdir. Cavabdeh iddiaçının mənzilində qeydiyyatdadır, lakin mənzilində yaşamır. Cavabdehin başqa yaşayış yeri vardır. Bu səbəbdən cavabdeh fasiləsiz olaraq uzun müddətdir ki, faktiki olaraq başqa ünvanlarda yaşayır. Mənzilin iddiaçıya qədər olan mülkiyyətçiləri də bu cavabdehi tanımırlar. Cavabdehin hansı qaydada bu mənzilə qeydiyyata düşməsi məlum deyildir. Nəsimi Rayon Polis İdarəsi qeydiyyatın məhkəmə qərarı əsasında ləğv edilməsinin mümkünlüyünü bildirdiyi səbəbindən, iddiaçı məhkəməyə hazırkı ərizəni təqdim etmişdir. Cavabdehin sözügedən mənzildə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur. Belə ki, iddiaçı cavabdehin əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi, cavabdehlə heç bir qohumluq əlaqəsi yoxdur ki, o, iddiaçının xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatda qalmasına razılaşsın. Üçüncüsü isə cavabdehin, iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması onun həmin mənzilə dair sərəncam hüquqlarını məhdudlaşdırır. Belə ki, həmin mənzili nə vaxtsa özgəninkiləşdirmək istədikdə onun razılığının alınması iddiaçı üçün əlavə narahatlıqlar yarada bilər. Hansı ki, iddiaçı cavabdehi ümumiyyətlə tanımır və onun harada yaşaması iddiaçıya məlum deyildir. Göstərilənlərə əsasən, cavabdeh xx.xx.1938-ci il təvəllüdlü AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə malik Cavabdeh, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 98 saylı evin 40 saylı mənzilindən faktiki olaraq istifadə etmədiyi üçün (onun yaşayış sahəsinə ehtiyacı olmadığı üçün), mənzilə dair hüququ itirilmiş hesab edilməklə, mənzildən istifadə hüququna xitam verilməsi, yaşayış sahəsinə hüququ itirilmiş hesab edilməklə, mənzildən istifadə hüququna xitam verilməsinin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdi, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin qeydiyyatda olduqları ünvana məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat göndərilməsinə baxmayaraq, cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildiriş məhkəməyə geri qaytarılmışdır. Məhkəmə işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən məhkəmə iclasının qərardadı ilə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, ünvan 1, mənzil 40 X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx xxxxxx 2016-cı il tarixli RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, ünvan 1, mənzil 40 X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 1, mənzil 40 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli 0xx/xx-6658 saylı Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, Cavabdeh xx.xx.1998-ci il tarixdən hal-hazıradək ünvan 1, mənzil 40 ünvanında qeydiyyatdadır. Məhkəmə sorğusuna əsasən iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin xx xxxxxx 2020-ci il tarixli 082-30751-1220 saylı məktubundan görünür ki, Cavabdeh qeydiyyata düşməsi üçün əsasverici sənədlər arxivdə saxlanıldıqdan sonra yandırılaraq məhv edilmişdir. Məhkəmə, tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci və 262.2-ci maddələrinə əsasən, cavabdehə qarşı hazırkı tələbini irəli sürməkdə haqlıdır və bu səbəbdən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Eyni Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki işin hallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 40 saylı mənzil 2015-ci ildən X3 tam pay üzrə mülkiyyətində olmuş, o, həmin mənzili X1, sonuncu da İddiaçı satmışdır. Hazırda həmin mənzil iddiaçının tam pay üzrə mülkiyyətindədir. Cavabdeh xx.xx.1998-ci il tarixdən hal-hazıradək iddiaçının mülkiyyətində olan ünvan 1, mənzil 40 ünvanında qeydiyyatdadır. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının mülkiyyətində olan mənzilə xx.xx.1998-ci il tarixdə qeydiyyata düşdüyündən və həmin mənzildə yaşamamaqla başqa yaşayış sahəsinə köçdüyündən onun mənzildən istifadə etməsi ilə bağlı münasibətlər əvvəlki Mənzil Məcəlləsinin qüvvədə olduğu zaman yarandığından mübahisə həmin Məcəllənin müddəalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarının 2-ci bəndindən görünür ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Odur ki, əvvəlki Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edildikdə icarədar və ya onun ailə üzvlərinin yaşayış sahəsindən istifadə hüququ itirilmiş sayılır. Həmin əsas isə ondan ibarətdir ki, icarədar və ya onun ailə üzvləridaimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir. Bu qayda qanunun analogiyasına əsasən xüsusi mülkiyyətdə olan yaşayış sahələrinə də tətbiq edilir. Odur ki, göstərilən əsasla cavabdehin evdən istifadə hüquqları xitam olunmuşdur. “Köçmə” istifadə hüququna xitam verən hüquqi faktdır, faktın baş verməsi ilə hüquqa xitam verilir. Hüquq xitam olduğuna görə artıq mövcud deyildir, hüquqa xitam verilməsi nəticəsində hüquq itirilmiş hesab olunur. Həmçinin bu tip mübahisələr həll edilərkən iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Cavabdehin evə qeydiyyatda qalması iddiaçıya evdən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi cavabdehin evdən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququna xitam verilməsi barədə qətnamə cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Yuxarıda qeyd olunan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, cavabdehin həmin mənzildə istifadə hüququnun qalması iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göstərilənlərə görə məhkəmə hesab edir ki, iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi mənzilə dair cavabdehin istifadə hüquqları itirilmiş hesab olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 1, mənzil 40 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilməklə, mənzildən istifadə hüququna xitam verilsin. Qiyabi qətnamə tərəflərə rəsmən təqdim edildiyi gündən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №e-2(006)-3015/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(006)-3015/2020
11.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver