Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3017/2025 11.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı Sərdar qızının və onun nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Bakı Sağlamlıq Mərkəzi X21 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Sağlamlıq X5rşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X16 cəlb olunmaqla) "işə bərpa və sair" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Bakı Sağlamlıq X5rşı "işə bərpa və sair" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad edilməyi haqqında işəgötürənin 18 mart 132 nömrəli əmrini ləğv edib işə bərpa olunmağı haqqında, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi haqqında, 579 manat maddi ziyana görə, 3000 manat mənəvi zərərə görə pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı ildə Bakı Sağlamlıq Mərkəzinə tibb bacısı vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021-ci ildə doğum şöbəsinə tibb bacısı vəzifəsinə keçirilərək xx.xx.2025-ci ilə kimi həmin vəzifədə işləmişdir. İşlədiyi dövr ərzində intizam tənbehi almamışdır. xx.xx.2025-ci ildə qanunsuz olaraq işdən azad edilmişdir. İşdən azad edilməyi onunla əsaslandırılıb ki, xx.xx.2025-ci ildə o, kiçik tibb bacısı X12 ilə birlikdə xəstələr Həqiqət Bayramova və Səidə Babayevanın palatasına daxil olaraq onlardan mama Nuridə Əzizovadan şikayətlərini geri götürmələrini tələb etmişlər. Onun hərəkətlərində hər hansı bir təhdid və təzyiq olmamışdır, olması da mümkün deyil. Belə hərəkətlər onun davranışına ziddir. Digər tərəfdən hər hansı bir təhdid və təzyiqə zərurət olmamışdır. Xəstələr ondan deyil, mama Nuridə Əzizovadan şikayət etmişdilər. Onun xəstələrin palatasına getməyinə səbəb xəstələrdən şikayət etməmələrini xahiş etməyi olmuşdur. Göstərilən xəstələrin onun işi ilə heç bir əlaqəsi yoxdur. Onlar onun xəstələri olmayıblar. Həqiqət bunlardan ibarətdir. Lakin müdiriyyətin ona qarşı qərəzli münasibəti olması səbəbdən onu də cəzalandırmaq istəyib. Belə ki, xx.xx.2024-cü ildə müdiriyyətdən kollektiv şəkildə şikayət etmişdilər. Şikayətləri əsaslı olduğundan təmin edildi. Əmək müqaviləsinin xitam verilməsini işə götürən Əmək məcəlləsinin “ç” bəndi ilə ixtisaslaşdıraraq həmin məcəllənin 72-ci maddəsinin “e” bəndinin tələblərini pozduğunu göstərmişdir. Əmrin məzmununda göstərilir ki,əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verərək hüquq pozuntusuna yol vermişdir ki, nəticədə işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Əmrin məzmununda göstərilən halların heç biri mövcud olmamışdır. Əmək müqaviləsinə xitam verərkən işəgötürən kobud səhvlərin konkret olaraq nədən ibarət olmasına aydınlıq gətirməli idi. Belə bir aydınlıq gətirilməyib. Xəstədən bir işçinin şikayət etməməsini xahiş etmək əmək fəaliyyəti zamanı kobud səhvə yol vermək kimi qiymətləndirilə bilməz. İş yoldaşının cəzalandırılmaması üçün etdiyi xahiş humanist məqsədlərə xidmət edir. Hüquq pozuntusunun nədən ibarət olması ümumi ifadə kimi işlədilib. Hansı hüquq pozuntusundan bəhs olunması müəmma olaraq qalır. Əsl hüquq pozuntusunu işəgötürən törədib və istinad etdiyi Əmək məcəlləsinin normalarının tələblərinə düzgün əməl etməyib. Əmək məcəlləsinin 72-ci maddəsində əmək fəaliyyəti zamanı əmək vəzifələrinin kobud şəkildə pozulması halları göstərilib. Həmin maddənin “e” bəndində əmək fəaliyyəti zamanı yol verilən kobud səhvlər işçinin əmək vəzifələrini düzgün icra etməməsi nəticəsində vurulan təqsirli hərəkəti nəzərdə tutur. Tibb bacısı kimi vəzifəsinin icrası zamanı qüsurlara yol verməmişdir. Xəstələrdən etdiyi xahiş işəgötürənin Əmək mələsinin 11-ci maddəsində sadalanan hər hansı bir hüququnu pozmayıb. Əmək müqaviləsinə xitam verərkən həmkarlar ittifaqı komitəsinin razılığı alınıb və onun şikayəti təmin edilməyib. Lakin ona cavab verilməyib. Müdiriyyətin ona qarşı qərəzli mövqeyi xx.xx.2024-cü ildə müdiriyyətin qanunsuz hərəkətlərindən şikayət etməyi olmuşdur. Yol verdiyi qanusuzluqlara görə əmək müfəttişliyi tərəfindən qınağa məruz qalmışlar. İşəgötürənin qanunsuz əməlləri nəticəsində ona maddi və mənəvi zərər dəyib. 18 mart 2025-ci ildən etibarən əmək haqqından məhrum olmuşdur. Hüquqi xidmət üçün vəkilə 500 manat xidmət haqqı, mediasiya təşkilatına müraciət üçün 61 manat, etibarnamənin verilməsi üçü 17.25 manat rüsum ödəmişdir. Vurulan mənəvi zərəri 3000 manat qiymətləndirir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirmişdir ki, İddiaçı tibb bacısı kimi vəzifəsinin öhdəsindən uğurla gəlmiş, Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində nəzərdə tutulan hər hansı bir kobud səhvə yol verməmiş, hüquq pozuntuları törətməmiş, müəssisənin qanuni mənafeyinə xələl gətirməmişdir. Eyni zamanda məhkəməyə təqdim olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.2024-cü ildə Bakı Sağlamlıq Mərkəzinin bir qrup işçiləri müdiriyyətin qanunsuz hərəkətlərindən səlahiyyətli orqanlara şikayətlər etmişlər və həmin kollektiv ərizəni imzalayanlar arasında İddiaçı da olmuşdur. Cavabdeh İddiaçı bu qərəzli hərəktindən dolayı ona qərəzli münasibət bəsləyərək xx.xx.2025-ci ildə xəstəxanada baş vermiş hadisəyə İddiaçı da qərəzli olaraq Daxil edərək onunla əmək münasibətlərinə xitam vermişdir. Bu qərəzli münasibət əmək müqaviləsinə xitam verilməsindən sonra da davam etdirilmiş, cavabdehin hüquqşünası Vəkil2 (məhkəmədə nümayəndəsi) xəstə Səidə Babayevaya zəng vuraraq İddiaçı iddiası təmin ediləcəyi təqdirdə müəssisəyə ziyan vurulmasına görə reqres tələblə məhkəməyə müraciət edərək İddiaçı ödəniləcək məbləği ondan tələb edilməsi ilə hədələyərək notariatda təsdiq etdiyi ərizəni geri götürməyi tələb etmişdir. Nümayəndə qanunsuz tələbinə nail ola bilməmiş və bu səbəbdən də Səidə Babayevanın cavabdeh tərəfindən müstəqil tələb irəli sürə bilməyən üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatət vermişdir. Yəni etdiyi hədəni rəsmiləşdirməklə Səidə Babayevanı fikrindən daşındırmağa davam etmişdir. Təəssüf ki, məhkəmə də bunu qanunsuz vəsatəti vəsatət məhkəməyə daxil olmadan təmin etmişdir. İş üzrə tərəflər işə götürən və işçidir. Səidə Babayeva Bakı Sağlamlıq Mərkəzində müalicə olunan xəstədir. Xəstəxanada müalicə almış şəxsə qarşı reqress tələb irəli sürülməsi mümkünsüzdür. Lakin bu vəsatətin təmin olunması belə Səidə Babayevanı həqiqəti söyləməkdən çəkindirə bilməmişdir. Səidə Babayeva izahatında göstərdi ki, Vəkil2 sonra da ona müxtəlif şəxslər zəng vuraraq onu qorxutmağa çalışmışlar. Tural Bayramov məhkəmədə Səidə Babayevaya və onun ərizə zəng vurduğunu etiraf etmək məcburiyyətində qalmışdır. Hazırlıq iclaslarında Səidə Babayevanın üçüncü şəxs qismində dindirilməsinə etirazını bildirərək onun şahid qismində dindirilməli olmasını bildirmişdir. Məhkəmədə üçüncü şəxs qismində dindirilən Səidə Babayeva izahatında xx.xx.2025-ci ildə onunla bir palatada müalicə olunan X10 Əzizovadan şikayət etdiyini, xəstəxananın işçilərinin təkidi ilə (Lamiyə Məşədiyevanın) o da ərizə yazaraq Nuridə xanımdan narazı qalması barədə ərizə yazıb verdiyini, lakin həmin ərizənin cavabdehi qane etmədiyini, bu səbəbdən də onu ikinci ərizə yazmağa məcbur edərək həmin gecə növbədə olan İddiaçı da olduğunu, buna görə də Floranın da adını ərizəyə daxil etdiyini göstərdi. Ərizədə göstərilənlərin əksinə Floranın xidmətlərindən razı qaldığını, Floranın ona iynə vurduğunu, ona təşəkkür borcu olduğunu göstərmişdi. Səidə Babayeva izahatında əlavə olaraq göstərmişdi ki, xx.xx.2025-ci ildə xəstəxananın işçiləri Lamiyə Məşədiyeva, S.Əzimova və S.Qarayeva eyni vaxtda palatada olmamışlar. Onun İddiaçı asılı işi və tabeçiliyi yoxdur, Floranın ona təhdid və hədəsi olmamışdır və olması da mümkün deyil. Cavabdehin təşəbbüsü ilə dindirilən X19 palataya birinci o daxil olduğunu, S.Əzimova və S.Qarayevanın palatada olmadığını, Səidə Babayevanın təşviş keçirdiyini, narazılığın nədən ibarət olmasını soruşduğunu, xəstələrin tibb bacılarının onların barəsində şikayət yazılmasından narahat olduqlarını, evlərinə uşaq aparırlar, yaxşı iş görmürlər deyə onlara təzyiq göstərdiklərini bildirdilər. X19 tibb bacılarının xəstəxanadan çıxan xəstələrə təzyiqin nədən ibarət olmasına və Səidə Babayevadan ərizə aldıqları halda ikinci dəfə ərizə alınmasına aydınlıq gətirə bilmədi. Cavabdehin təşəbbüsü ilə dindirilən şahid X1 xəstəsi olduğunu, onun Nuridə Əzizovadan şikayət etdiyini, bununla əlaqədar həmin palataya gedib vəziyyətlə maraqlandığını, tibb bacısı kimi İddiaçı üzərinə düşən vəzifəni yaxşı icra etdiyini, ona hörmətlə yanaşdığını göstərdi. İddiaçı xəstə Həqiqət Bayramovanın və Səidə Babayevanın uşaq baxıcısı Nuridə Əzizovadan şikayət etdiyini, bu səbəbdən də xəstələrdən şikayət etməmələrini xahiş etdiyini, hər hansı təzyiq göstərmədiyini, göstərmək imkanına malik olmadığını, həmin günü Səidə Babayevadan ikinci ərizə alınmasının ona sonradan məlum olduğunu, tibb bacısı kimi işinə məsuliyyətlə yanaşdığını bildirdi. Cavabdeh tibb bacısı İddiaçı xx.xx.2025ci ildə xəstələr Həqiqət Bayramova və Səidə Babayevaya təhdidlə onlara təzyiq göstərməsini təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədi. Məhkəmədə sübut olundu ki, İddiaçı tibb bacısı kimi üzərinə düşən vəzifəni məsuliyyətlə icra etmiş və ondan bu barədə şikayət olmamışdır. Cavabdehin təqdim məlumat xarakterli ərizələrdən görünür ki, Həqiqət Bayramova və Səidə Babayeva uşaq baxıcısı Nuridə Əzimovanın xidmətlərindən narazı qalmaları barədə məlumat vermişlər. Həmin məlumatlarda İddiaçı adı çəkilmir. Məlumatlar cavabdehi qane etmədiyi üçün Səidə Babayevadan ikinci ərizəni alaraq həmin məlumata Floranın palataya daxil olub yazmalarına mane olması və Nuridənin tərəfini saxlayaraq onlara basqı etdiklərini göstərmişlər. Səidə Babayeva ikinci məlumatı cavabdehin təşəbbüsü ilə təşviş içində yazdığını təsdiq etdi. Səidə Babayevanın həmin vaxt təşviş içində olması Lamiyə Məşədiyeva tərəfindən təsdiq olundu. Səidə Babayevadan qısa müddət ərzində ikinci ərizə alınması və həmin ərizəyə Floranın adının sifarişlə daxil edilməsi məhkəmədə təsdiq olundu. Cavabdehin iddiaçıya qərəzli münasibəti bununla bitməmiş, Səidə Babayevanı fikrindən daşındırmaq məqsədilə ona zəng vuraraq onu qorxutmağa çalışmışdır. Məqsədinə nail olmadığı üçün Səidə Babayevanın cavabdeh tərəfdən üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatət verərək İddiaçı qarşı qərəzli olduqlarını sübut etmişlər. Tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Səidə Babayeva ilə İddiaçı arasında tabeçilik, asılılıq, qohumçuluq münasibəti yoxdur. Başqa sözlə İddiaçı Səidə Babayevaya təhdid və təzyiq göstərməsi mümkün deyil. Yəni əmək müqaviləsinə xitam verilməsi barədə Əmək Məcəlləsinin 72-ci maddəsinin e bəndində nəzərdə tutulan hal baş verməmişdir. Digər tərəfdən İddiaçı hər hansı bir hüquq pozuntusu törətməsinə dair sübut mövcud deyil. Belə vəziyyətdə cavabdehin qanuni mənafeyinə ziyan dəyməsi istisna olunur. Mübahisə başqa prizmadan yanaşılanda, iddiaçının xəstədən iş yoldaşı barədə şikayət yazmamasını xahiş etməsi davranış qaydasıdır və humanist xarakter daşıyır. Evlərinə uşaq aparırlar, yaxşı iş görmürlər ifadəsinin işlədilməsi təhdid və təzyiq kimi dəyərləndirilə bilməz. Belə xahişin edilməsi xəstəni yenidən düşünməyə çağırışdırır. X29 Abdullayevanın işçisi deyil və iddiaçı onun davranışına cavabdehlik daşımır. Başqa sözlə təhdid və təzyiq üçün səbəb olmamışdır. Nəzərə almaq lazımdır ki, İddiaçı palataya daxil olarkən Səidə Babayevadan onun barəsində ərizə alındığını bilməmişdir. Sadalananlardan görünür ki, İddiaçı vəzifə borcunun yerinə yetirməməsi ilə əlaqədar hal mövcud deyil və Əmək məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə istinad etməklə əmək müqaviləsinə həmin məcəllənin 70 ç bəndi ilə xitam verilməsi qanunsuz olmuşdur. Əmək Məcəlləsinin 186-cı maddəsində intizam tənbehlərinin növləri göstərilib. Əmək müqaviləsinə xitam verilməsi ən ağır intizam tədbiridir və ən ağır intizam tədbirinin tətbiq edilməsi cavabdehin iddiaçıya münasibətdə qərəzli olmasını bir daha təsdiq edir. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Sərdar qızı izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı Sağlamlıq Mərkəzi X21 nümayəndəsi Vəkil2 izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 izahat verərək bildirmişdir ki, Flora xanım ona qarşı nalayiq davranmamış, əksinə, zəruri köməklik göstərmiş və iynələrini vurmuşdur. Sonradan Bakı Sağlamlıq Mərkəzinin nümayəndələri gələrək ona “şikayət yaz” demişlər. O isə qeyd etmişdir ki, hamıdan razıdır, yalnız Nuridə xanımdan narazıdır. Daha sonra evə getmiş, üç gündən sonra isə öyrənmişdir ki, üç nəfər işdən çıxarılmışdır. Sonradan Flora xanım ona zəng edərək “axı sənə pislik etməmişəm, nəyə görə məndən şikayət etmisən?” – deyə bildirmişdir. Bu barədə xəbər tutduqdan dərhal sonra o, “ASAN xidmət”də yazdığı şikayəti geri götürmüşdür. Belə ki, onun Flora xanımla bağlı narazılığı olmayıb. İkinci şikayəti yazanda heç bilmədim ki, Flora xanım hansı xanımdı. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, o, doğum şöbəsinin böyük tibb bacısı vəzifəsində çalışır. Həmin gün axşam şöbəni abxod edərkən otağa daxil olmuş, orada Flora adlı şəxsi görmüşdü. Otaqda olmasını soruşduqda, Tağıyeva Həqiqət ona “bizə təzyiq edirlər” sözlərini demiş, əlavə olaraq qorxduqlarını ifadə etmişlər. Həmin vaxt onlara vəziyyəti yazılı şikayət formasında təqdim etməyi təklif etmişdilər. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahat verərək bildirişdir ki, o, Bakı Sağlamlıq Mərkəzində ginekoloq vəzifəsində çalışır və Tağıyeva Həqiqətin həkimi olmuşdur. Həqiqət mart ayının 5-də keysəriyyə əməliyyatı olunmuş, 7-də evə buraxılmalı idi. Mart ayının 6-da Nuridə adlı şəxs ona zəng edərək, “Sizin xəstəniz məndən şikayət edib” demiş, bundan sonra isə palataya qalxaraq Həqiqətin üzərinə səs tonunu qaldırmışdır. Həmin vaxt Tağıyeva Həqiqət ona tibb bacılarının belə sözlər dediyini çatdırmışdır: “əgər uşaqlarınızı xeyir-dua ilə aparmaq istəyirsinizsə, deyilənləri edin”. Tağıyeva Həqiqət hər üç tibb bacısından şikayət etdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - İşəgötürən Bakı Sağlamlıq X26 şəxsi ilə işçi İddiaçı arasında bağlanan xx.xx.2016-cı il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işçi İddiaçı Bakı Sağlamlıq Mərkəzinə, doğum şöbəsi İİ Zahılıq bölməsinə tibb bacısı vəzifəsinə işə qəbul edilmişdir. - Babayeva Səidə tərəfindən xx.xx.2025-ci il tarixli şikayət ərizəsindən görünür ki, o, Babayeva Səidə bildirir ki, o şikayət etdikdən sonra xəstə baxıcısı Lamiyə tibb bacısı Flora palataya daxil olub müdaxilə edərək yazmalarına mane oldular. Nuridənin tərəfini saxlayıb onlara basqı elədilər. - Babayeva Səidə tərəfindən yazılan şikayət ərizəsindən görünür ki, keser əməliyyatı olmuşdur. Həkimlərdən razıdır. Qulluqdan razıdır. Yeməklərdən razıdır. Uşağa baxanlardan razıdır. Sadəcə 6-da 7-nə keçən gecə Nuridə xanımın rahat davranmağından razı deyildir. Çağıranda çox gec gəlir və bir az əsəbi davranır, zəngi basandan ən az 20 dəqiqə sonra gəlir. - Bayramova Həqiqətin şikayət ərizəsindən görünür ki, Bayramova Həqiqət BSM-də Keysəriyyə əməliyyatı olmuşdur. Ayın 6-dan 7-nə keçən gecə Nuridə xanımdan şikayətçidir. Çağıranda gec gəlirdi. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzi X21 “X3, tibb bacısı İddiaçı və kiçik tibb işçisi X6 əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2025-ci il tarixli 132 nömrəli əmrinin surətindən görünür ki, mama X15 ilə bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddəsinin “e” bəndi- əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) 18 mart 2025-ci il tarixdən xitam verilməsi, işçinin istifadə etmədiyi əmək məzuniyyətinə görə 30 təqvim günü kompensasiya ödənilməsi, tibb bacısı İddiaçı ilə bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddəsinin “e” bəndi- əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) 18 mart 2025-ci il tarixdən xitam verilməsi, işçinin istifadə etmədiyi əmək məzuniyyətinə görə 9 təqvim günü kompensasiya ödənilməsi, kiçik tibb işçisi X12 ilə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddəsinin “e” bəndi- əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) 18 mart 2025-ci il tarixdən xitam verilməsi, işçinin istifadə etmədiyi əmək məzuniyyətinə görə 34 təqvim günü kompensasiya ödənilməsi, əmrin icrasından irəli gələn məsələlərin həlli İnsan resursları (Ramilə Heydərzadə) və son haqq-hesab hissəsi Maliyyə və planlama (Kamalis Nağıyev) şöbələri tərəfindən təmin edilməsi əmr edilmişdir. - 3 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin Xüsusi notariusu X13 tərəfindən təsdiqlənən X9 **********880 nömrəli ərizəyə əsasən, İddiaçı ilə aralarında heç bir mübahisə olmamışdır, ona qarşı heç bir şikayət, iddia və qarşılıqlı tələbi yoxdur. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. - Bakı şəhəri 3 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/3/2025-00184 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə 10:00-da keçirilən ilkin mediasiya sessiyasında Bakı Sağlamlıq X26 Şəxsi iştirak etməmişdir. İlkin mediasiya xərci olan 50 manat və kargüzarlıq xərci olan 10 manat məbləğ iddiaçı tərəfindən ödənilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında «müəssisələr»), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinin “q” bəndinə görə, əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əsasən işçinin əsas vəzifələri hesab olunur. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Sözügedən Məcəllənin 71-ci maddəsinin 2-3-cü bəndlərinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin Məcəllənin 72-ci maddəsində qeyd edilmişdir ki, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Məhkəmə ilk olaraq qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir. Yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Həmçinin, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirdiyindən həmin tənbehin tətbiqinin qanunauyğunluğunun yoxlanılması daha geniş hüquqi araşdırma tələb edir. Məhkəmə müəyyən etmişdir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi haqqında əmr tərtib edilərkən istinad olunan əsas dəlil konkret olaraq pasiyentlərin müraciəti şəklində təqdim olunmuş şikayətlər olmuşdur. Başqa sözlə, əmək münasibətlərinə xitam verilməsinin başlanğıc əsası (“kökü”) və hüquqi faktı məhz həmin müraciətlər təşkil etmişdir. İş materiallarının təhlilindən aydın olur ki, şikayət müəllifi X4 izahatında ilkin müraciətinin məzmununu təsdiq etməmiş, əksinə, İddiaçı qarşı hər hansı narazılığı olmadığını, iş prosesində ona yardım göstərildiyini və tibbi xidmətin normal qaydada aparıldığını bəyan etmişdir. Hətta o, yazdığı şikayəti geri götürmüş və narazılığının yalnız digər tibb işçisi ilə bağlı olduğunu açıq şəkildə göstərmişdir. Bu hal onu göstərir ki, işəgötürən tərəfindən irəli sürülən iddia və verilmiş əmrin hüquqi dayağı sonradan öz təsdiqini tapmamış, şikayət faktının mötəbərliyi aradan qalxmışdır. Məhkəmə hesab edir ki, əgər əmək müqaviləsinə xitam verilməsinin əsası kimi çıxış edən şikayət hüquqi qüvvəsini itirirsə, həmin şikayətə istinad etməklə verilmiş əmr də hüquqi legitimliyini saxlamır. Digər tərəfdən, işdən azad olunma səbəbinin “əmək funksiyalarının kobud şəkildə pozulması” ilə əsaslandırılması iş materialları ilə təsdiqini tapmamışdır. Qanunvericiliyin tələb etdiyi kimi, işçinin hansı konkret əməl və ya hərəkətinin işəgötürənin qanuni mənafelərinə ciddi xələl gətirdiyi barədə əmr məzmununda aydın və dəqiq əsaslandırma göstərilməmiş, hüquq pozuntusunun tərkibi konkretləşdirilməmişdir. Bu isə işçinin davranışına hüquqi qiymət verilməsində qeyri-müəyyənlik yaradır və işdən azadetmənin obyektivliyini şübhə altına alır. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-3-cü bəndlərinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Halbuki, cavabdeh iddiaçının əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam versə belə, cavabdeh iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş olması və ya işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi də məhkəmə tərəfindən müəyyən edilməmişdir (cavabdeh tərəf əksini sübuta yetirə bilməmişdir). Bundan başqa, digər pasiyentlərin ərizələrindən də görünür ki, onların narazılıqları birbaşa olaraq mama Nuridə Əzizovanın xidməti ilə bağlı olmuş, İddiaçı fəaliyyəti ilə bağlı hər hansı hüquqa zidd davranış və ya peşə öhdəliklərinin pozulması halları göstərilməmişdir. Məhkəmə həmçinin onu da qeyd edir ki, məhkəmə iclasında cavabdeh tərəf bir sıra şahidlərin ifadələrinə istinad etmişdir. Lakin məhkəmə hesab edir ki, həmin şahidlərin hamısı cavabdeh təşkilatın bilavasitə əməkdaşları olduqlarına görə, onların ifadələri obyektivlik və qərəzsizlik meyarlarına tam cavab vermir. Çünki onlar həm işəgötürənin tabeliyində olan şəxslərdir, həm də nəticəsi bilavasitə cavabdeh qurumun maraqlarına toxunan mübahisədə iştirak edirlər. Bu baxımdan, onların ifadələrinin sübutedici qüvvəsi məhdud qiymətləndirilməlidir və həmin ifadələr təkbaşına əmək müqaviləsinə xitam verilməsinin qanuniliyini təsdiq edən yetərli dəlil sayıla bilməz. Məhkəmə qeyd edir ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Beləliklə, məhkəmə qənaətə gəlir ki, işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilməsi üçün zəruri olan faktiki əsas və hüquqi şərtlər mövcud olmamış, işdən azad edilmə prosesi sübutlarla dəstəklənməmişdir. İşəgötürən tərəfindən qəbul edilmiş əmr əsassız şikayətə söykəndiyindən, işçinin əmək hüquqlarının bərpası zəruridir. Göstərilənlərə əsasən, məhkəmə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzi X21 “X3, tibb bacısı İddiaçı və kiçik tibb işçisi X6 əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2025-ci il tarixli 132 nömrəli əmrinin tibb bacısı İddiaçı münasibətdə qanunvericiliyin tələblərinə uyğun olmadığını müəyyən edərək hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq X26 Şəxsin xx.xx.2025-ci il tarixli, 132 nömrəli əmri tibb bacısı İddiaçı münasibətdə əmri ləğv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq X26 Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 132 nömrəli əmri tibb bacısı İddiaçı münasibətdə ləğv edildiğindən, İddiaçı əvvəlki işinə (vəzifəsinə)- Bakı Sağlamlıq X26 Şəxsin doğum şöbəsinin tibb bacısı vəzifəsinə bərpa olunmalıdır. Məhkəmə iddianın məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, əsas tələb təmin edildiyindən, digər tələb olan məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi hissəsi təmin edilməli, İddiaçı məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq X26 Şəxsindən tutularaq İddiaçı ödənilməlidir. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə onu da qeyd edir ki, hazırda iddiaçı hüquqi xidmət üçün vəkilə 500 manat xidmət haqqı, mediasiya təşkilatına müraciət üçün 61 manat rüsum və etibarnamənin verilməsi üçü 17.25 manat rüsum ödədiyini bildirərək onları cavabdehdən tələb etmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki işin materiallarında olan qəbzdən göründüyü kimi, iddiaçı tərəfindən mediasiya arayışının əldə edilməsi üçün 61 manat məbləğində mediasiya rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan məbləğ cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəməyə sübut olaraq təqdim edilmiş ödəniş qəbzinin surətindən görünür ki, hüquqi xidmət üçün Vəkil1 500 manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə hesab edir ki, 500 AZN məbləğində vəkil rüsumu cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq X26 Şəxsindən alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddiaçının vəkilə verdiyi etibarnamə üçün 17.25 manat məbləğində xərcləri ilə bağlı qeyd edir ki, iddia əsaslı olduğundan iddiaçı, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin digər tərəfdən alınıb xeyrinə ödənilməsi hüququna malikdır. Beləliklə iddiaçı tərəfindən xx.xx.2025-ci ildə vəkili Vəkil1 verdiyi etibarnamə üzrə 17.25 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq X26 Şəxsindən alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin “3000 manat məbləğində mənəvi zərərin cavabdehdən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Digər tərəfdən, Əmək Məcəlləsinin 290-cı maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Hazırki iş üzrə cavabdeh və ya onun tabeçiliyində olan vəzifəli şəxsin hərəkəti (hərəkətsizliyi) nəticəsində iddiaçı mənəvi sarsıntı və iztirablar keçirməsinə dair məhkəməyə mötəbər sübut təqdim etmədiyindən, məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq X26 Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 132 nömrəli əmri tibb bacısı İddiaçı münasibətdə ləğv edilməli, İddiaçı əvvəlki işinə (vəzifəsinə)- Bakı Sağlamlıq X26 Şəxsin doğum şöbəsinin tibb bacısı vəzifəsinə bərpa olunmalı, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq X26 Şəxsindən tutularaq İddiaçı ödənilməli, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq X26 Şəxsindən 61 manat məbləğində mediasiya rüsumu, 500 manat ödənilmiş vəkil rüsumu, 17.25 manat məbləğində etibarnamə üzrə ödənilmiş rüsum, ümumilikdə 578.25 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Sərdar qızının cavabdeh Bakı Sağlamlıq X5rşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X16 cəlb olunmaqla) "işə bərpa və sair" tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq X26 Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 132 nömrəli əmri tibb bacısı İddiaçı münasibətdə ləğv edilsin. İddiaçı əvvəlki işinə (vəzifəsinə)- Bakı Sağlamlıq X26 Şəxsin doğum şöbəsinin tibb bacısı vəzifəsinə bərpa olunsun. Məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Sağlamlıq X26 Şəxsindən tutularaq İddiaçı Sərdar qızına ödənilsin. Cavabdeh Bakı Sağlamlıq X26 Şəxsindən 578.25 (beş yüz yetmiş səkkiz manat, iyirmi beş qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı Sərdar qızına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-3017/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3017/2025
11.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Ə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver