Məhkəmə qərarları › İş №e-2(006)-3020/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3020/2022

13.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3020/2022 13.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Əsgər oğluna qarşı (Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Əsgər oğluna qarşı (Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 01 №-li, xx.xx.2015-ci il tarixli müqavilə üzrə üzərinə düşən öhdəliklərin tam yerinə yetirilməməsi hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi; tapşırıq müqaviləsinin icrası ilə əlaqədar, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 286 №-li xx.xx.2011-ci il tarixli Sərəncamı əsasında, Bakı şəhəri Nəsimi rayonu Mərdanov Qardaşları küçəsi 100 saylı evin 1-ci mərtəbəsində yerləşən, yaşayış sahəsi 100 m2, ümumi sahəsi 160 m2, 4 otaqdan ibarət olan, 01 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi zamanı, Cavabdeh Əsgər oğlunun adına yaranmış əmlak hüquqlarının İddiaçı adına tanınması, həmin əmlak hüquqlarının rəsmləşdirilməsinə cavabdeh tərəfindən edilən müdaxilələrin aradan qaldırılması və müqavilə üzrə cavabdehin üzərinə düşən öhdəliklərinin tam yerinə yetirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X3 ilə onun arasında 01 №-li, xx.xx.2015-ci il tarixli tapşırıq müqaviləsi imzalanmışdır. Həmin müqavilənin predmetinə əsasən Abbasov X2 Tapdıq Əsgər oğlunun mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Mərdanov Qardaşları küçəsi 100 saylı evin 1-ci mərtəbəsində yerləşən 01 saylı mənzili və həmin mənzil ilə əlaqədar Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 286 №-li, xx.xx.2011-ci il tarixli Sərəncamından yananmış əmlak hüquqlarını (mülkiyyət hüquqlarını) əldə etməkdən ötrü, mənzillə əlaqədar, eləcə də mənzilin qeyriyaşayış sahəsinə keçirilməsi ilə bağlı çəkilən bütün xərclərə və məsrəflərə görə mülkiyyətçiyə 340.000 manat pul vəsaiti ödənilməsini öhdəsinə götürür; Abbasov İİqar Hüseyn oğlu üzərinə düşən öhdəliyi yerinə yetirdikdən sonra, Cavabdeh Əsgər oğlu təxirəsalınmadan mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Mərdanov Qardaşları küçəsi 100 saylı evin 1-ci mərtəbəsində yerləşən 01 saylı mənzili İddiaçı istifadəsinə təhvil verir və mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı bütün hüquqları (mülkiyyət hüquqlarını) İddiaçı adına sənədləşdirilməsi ilə bağlı konkret nəticə əldə olunmaqla icra etməyi öhdəsinə götürür. İddiaçı hüquq və vəzifələri ondan ibarət olmuşdur ki, üzərinə düşən öhdəliyi vicdanla icra etməli, bu zaman Cavabdeh Əsgər oğlunun haqlı mənafelərini müdafiə etməli, müqavilə imzalandığı andan 3 gün müddətində razılaşdırılmış pul məbləğini tam miqdarda ödəyir və həmin mənzili istifadəsinə təhvil alır; istənilən vaxt Cavabdeh Əsgər oğlundan tapşırığın icrası gedişi haqqında məlumat tələb edə bilər; sonuncunun təqsiri üzündən və ya hər hansı bir üzürsüz səbəbdən gecikdirilərsə, ondan cərimə tələb edə bilər. Cavabdeh Əsgər oğlunun hüquq və vəzifələri ondan ibarət olmuşdur ki, üzərinə düşən öhdəliyi vicdanla icra edir və İddiaçı haqlı mənafeylərini müdafiə edir; razılaşdırılmış pul məbləğini qəbul edir və mənzili İddiaçı istifadəsinə təhvil verir; mənzilin və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 286 №-li, xx.xx.2011-ci il tarixli Sərəncamından yaranmış əmlak hüquqlarını qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı bütün hüquqların (mülkiyyət hüquqları) İddiaçı adına sənədləşdirilməsini həyata keçirməli və bununla bağlı 3-cü şəxslər qarşısında yarana biləcək istənilən mübahisənin həllinə cavabdehlik daşımalıdır. Məlumat üçün qeyd edir ki, tapşırıq müqaviləsi üzrə onun üzərinə düşən bütün öhdəliklər yerinə yetirilsə də, cavabdeh tərəfindən götürülən öhdəliklər tam icra olunmamışdır. Belə ki, müqavilə imzalandığı gündən 3 gün ərzində şərtləşdirilmiş 340.000 manat tam olaraq cavabdehə ödənilmişdir. Cavabdeh üzərinə düşən öhdəliyi qismən icra etmiş, yəni Bakı şəhəri Nəsimi rayonu Mərdanov Qardaşları küçəsi 100 saylı evin 1-ci mərtəbəsində yerləşən 01 mənzili onun adına özgəninikiləşdirmiş, lakin Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 286 №-li, xx.xx.2011-ci il tarixli Sərəncamından irəli gələn əmlak hüquqlarını onun adına sənədləşdirməmişdir. Qeyd edir ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 286 №-li, xx.xx.2011-ci il tarixil Sərəncamından müəyyən olunur ki, Nəsimi rayon İcra Hakimiyyəti nəzdində X5 İdarələrarası komissiyasının xx.xx.2011-ci il tarixli, 40 saylı rəyi təsdiq edilərək, Cavabdeh Əsgər oğluna məxsus Bakı şəhəri Nəsimi rayonu Mərdanov Qardaşları küçəsi 100 saylı evin 1-ci mərtəbəsində yerləşən 01 saylı mənzili, 4 otaqdan ibarət olub, yaşayış sahəsi 100 m2, ümumi sahəsi 160 m2 hesab edilmiş; yenidənqurma işlərinin başa çatması barədə Qəbul komissiyasının qəbul aktı hazırlanaraq, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmiş və hüquqi qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə göndərilmişdir. Cavabdehin üzərinə düşən öhdəliklərin tam icra olunması barədə aparılmış danışıqlar heç bir nəticə vermədiyindən, ona yazılı təklif təqdim olunmuşdur. Həmin təklifdə göstərilmişdir ki, aralarında bağlanmış 01 №-li, xx.xx.2015-ci il tarixli müqavilənin icrasından ötrü, Bakı şəhəri Nəsimi rayonu Mərdanov Qardaşları küçəsi 100 saylı evin 1-ci mərtəbəsində yerləşən 01 saylı mənzilin və həmin mənzil ilə bağlı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 286 №-li, xx.xx.2011-ci il tarixli Sərəncamından yaranmış əmlak hüquqlarının (mülkiyyət hüquqlarının) əldə edilməsinə görə, eləcə də mənzilin qeyriyaşayış sahəsinə keçirilməsi ilə bağlı çəkilən bütün xərclərə və məsrəflərə görə cavabdehə 340.000 manat pul vəsaiti ödənilməsi öhdəliyi tam olaraq icra olunduğu üçün, müqavilə üzrə cavabdehin üzərinə düşən öhdəliklərin tam olaraq 20 gün müddətində icra etməsi xahiş olunur. Odur ki, göstərilən müddət ərzində müqavilə üzrə öhdəliyini icra etmədiyi təqdirdə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Həmin təklifə də halhazıradək cavab verilmədiyinə görə, məcbur qalıb məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdeh tərəfindən tapşırıq müqaviləsi üzrə üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsi hərəkətləri (hərəkətsizliyi) qanunsuz hesab edilməli və bu cür qanunsuz hərəkətlərə (hərəkətsizliyə) son qoyulmalıdır. Eyni zamanda, tapşırıq müqaviləsinin icrası ilə əlaqədar, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 286 №-li, xx.xx.2011-ci il tarixli Sərəncamı əsasında, Bakı şəhəri Nəsimi rayonu Mərdanov qardaşları küçəsi 100 saylı evin 1-ci mərtəbəsində yerləşən, yaşayış sahəsi 100 m2, ümumi sahəsi 160 m2, 4 otaqdan ibarət olan, 01 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi zamanı, Cavabdeh Əsgər oğlunun yaranmış əmlak hüquqlarının onun adına tanınması, həmin əmlak hüquqlarının rəsmləşdirilməsinə cavabdeh tərəfindən edilən müdaxilələrin aradan qaldırılması və müqavilə üzrə cavabdehin üzərinə düşən öhdəliklərinin tam yerinə yetirilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Hesab edir ki, iddia olunan tələblərin əsası kimi istinad edilən hallar ərizədə tam sübut olunmuşdur. İddiaçı məhkəməyə ərizə göndərərək, məhkəmə iclasına üzrlü səbəblərlə bağlı gələ bilmədiyini, iddia tələbini müdafiə etdiyini bildirmiş və mülki işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Əsgər oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh Əsgər oğlunun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, iddianın təmin edilməsinə etiraz etmirlər. Məhkəmə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı ilə cavabdeh arasında 09 fevral 2015-ci il tarixdə Bakı şəhərində 01 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə İddiaçı və Cavabdeh Əsgər oğlu qarşılıqlı olaraq birbirilərinə münasibətdə üzərlərinə öhdəliklər götürmüşlər. Müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqaviləyə görə 1-ci tərəf 2-ci tərəfin mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Mərdanov qardaşları küçəsi 100 saylı evin 1-ci mərtəbəsində yerələşən 01 mənzili və həmin mənzil ilə əlaqədar Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 286 №-li, xx.xx.2011-ci il tarixli Sərəncamından yaranmış əmlak hüquqlarını əldə etməkdən ötrü, mənzillə əlaqədar, eləcə də mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı çəkilən bütün xərclərə və məsrəflərə görə 2-ci tərəfə 320.000 (üç yüz iyirmi min) manat pul vəsaiti ödənilməsini öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən 2-ci tərəf 1-ci tərəfdən müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş öhdəlik yerinə yetirildikdən dərhal sonra, yəni təxirəsalınmadan 2-ci tərəf mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Mərdanov qardaşları küçəsi 100 saylı evin 1-ci mərtəbəsində yerələşən 01 mənzili 1-ci tərəfin istifadəsinə təhvil verir və mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı bütün hüquqların 1-ci tərəfin adına (mülkiyyətinə) sənədləşdirilməsində konkret nəticə əldə olunmaqla icra etməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən 1-ci tərəfin hüquq və vəzifələri aşağıdakılardır: Müqavilənin 1.1-ci bəndində üzərinə düşən öhdəliyi vicdanla icra etməli, bu zaman 2-ci tərəfin haqlı mənafelərini müdafiə etməli, müqavilə imzalandığı andan 3 gün müddətində razılaşdırılmış pul məbləğini tam miqdarda 2-ci tərəfə təqdim edir və həmin mənzili istifadəsinə təhvil alır, istənilən vaxt 2-ci tərəfdən tapşırığın icrasının gedişi haqqında məlumat tələb edə bilər; Tapşırığın icrası 2-ci tərəfin təqsiri üzündən və ya hər hansı bir üzürsüz səbəbdən gecikdirilərsə, 2-ci tərəfdən cərimə tələb edə bilər. Müqavilənin 2.2-ci bəndinə əsasən 2-ci tərəfin hüquq və vəzifələri aşağıdakılardır: Müqavilənin 1.2-ci bəndində üzərinə düşən öhdəliyi vicdanla icra edir və 1-cı tərəfin haqlı mənafeylərini müdafiə edir; Razılaşdırılmış pul məbləğini 1-ci tərəfdən qəbul edir və mənzili 1-ci tərəfin istifadəsinə təhvil verir; Mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı bütün hüquqların 1-ci tərəfin adına sənədləşdirilməsini həyata keçirməli və bununla bağlı 3-cü şəxslər qarşısında yarana biləcək istənilən mübahisənin həllinə cavabdehlik daşımalıdır. Müqavilənin 3-cü bəndinə əsasən bu Müqavilə ilə nəzərdə tutulan öhdəliklərini icra etməməyə görə tərəflər qüvvədə olan qanunvericiliyə görə məsuliyyət daşıyırlar. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş 16 may 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan göründüyü kimi, Cavabdeh Əsgər oğlu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin bir hissəsini icra etmişdir, ünvan 1 ünvanda yerləşən 1 saylı mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində tam pay üzrə qeydiyyata alınmışdır. Lakin Cavabdeh Əsgər oğlu müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin digər qismini icra etməmişdir. Belə ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 12 avqust 2011-ci il tarixli 286 saylı sərəncamından göründüyü kimi, Nəsimi rayon İcra Hakimiyyəti nəzdində X5 İdarələrarası komissiyanın xx.xx.2011-ci il tarixli 40 saylı rəyi təsdiq edilərək, vətəndaş Cavabdeh Əsgər oğluna məxsus Mərdanov qardaşları küçəsi 100 saylı evin 1-ci mərtəbəsində yerləşən 1 saylı mənzili 4 otaqdan ibarət olub, yaşayış sahəsi 100,0 m2, ümumi sahəsi 160,0 m2 hesab edilmiş, həmin mənzil qeyri-yaşayış sahəsinə keçirilmişdir. Lakin Cavabdeh Əsgər oğlu həmin sərəncam veriləndən sonra mənzilin qeyriyaşayış sahəsinə keçirilməsi ilə bağlı bütün hüquqları iddiaçının adına (mülkiyyətinə) sənədləşdirməmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda mənzil qeyriyaşayış sahəsi kimi deyil, mənzil kimi qeyd olunur. Sərəncamı qəbul etmiş Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti iddianın təmin edilməsinə etiraz etmir. Nümayəndə bildirir ki, sərəncam qəbul edilmişdir və icrası ilə bağlı nə iddiaçıya, nə də cavabdehə İcra Hakimiyyəti tərəfindən hər hansı maneə törədilmir. Rəsmiləşdirmə işləri ilə bağlı durum İcra Hakimiyyətinin hərəkət və ya hərəkətsizliyi ilə bağlı deyil. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbinin əsası kimi istinad olunan müqavilədən və digər iş materiallarından görünür ki, Cavabdeh Əsgər oğlu yuxarıda qeyd olunan 09 fevral 2015-ci il tarixli müqavilə üzrə öhdəliklərinin bir hissəsini icra etsə də, mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı bütün hüquqları iddiaçının adına (mülkiyyətinə) sənədləşdirəcəyinə dair iddiaçı qarşısında götürdüyü öhdəliyi yerinə yetirməyərək, öhdəliklərini tam və vaxtında icra etməmişdir. Xəbərdarlıq məktubundan (təklifdən) görünür ki, İddiaçı pretenziya qaydasına riayət edərək, Cavabdeh Əsgər oğlundan öhdəliklərini tam icra etməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Əsgər oğlu tərəfindən 01 №-li, xx.xx.2015-ci il tarixli müqavilə üzrə üzərinə düşən öhdəliklərin tam yerinə yetirilməməsi hərəkətləri (hərəkətsizliyi) qanunsuz hesab edilməli; tapşırıq müqaviləsinin icrası ilə əlaqədar, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 286 №-li xx.xx.2011-ci il tarixli Sərəncamı əsasında, Bakı şəhəri Nəsimi rayonu Mərdanov Qardaşları küçəsi 100 saylı evin 1-ci mərtəbəsində yerləşən, yaşayış sahəsi 100 m2, ümumi sahəsi 160 m2, 4 otaqdan ibarət olan, 01 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi zamanı, Cavabdeh Əsgər oğlunun adına yaranmış əmlak hüquqları İddiaçı adına tanınmalı, həmin əmlak hüquqlarının rəsmləşdirilməsinə Cavabdeh Əsgər oğlu tərəfindən edilən müdaxilələr aradan qaldırılmalı və müqavilə üzrə Cavabdeh Əsgər oğlunun üzərinə düşən öhdəlikləri tam yerinə yetirilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyinə görə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Əsgər oğlu tərəfindən 01 №-li, xx.xx.2015-ci il tarixli müqavilə üzrə üzərinə düşən öhdəliklərin tam yerinə yetirilməməsi hərəkətləri (hərəkətsizliyi) qanunsuz hesab edilsin. Tapşırıq müqaviləsinin icrası ilə əlaqədar, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 286 №-li xx.xx.2011-ci il tarixli Sərəncamı əsasında, Bakı şəhəri Nəsimi rayonu Mərdanov Qardaşları küçəsi 100 saylı evin 1-ci mərtəbəsində yerləşən, yaşayış sahəsi 100 m2, ümumi sahəsi 160 m2, 4 otaqdan ibarət olan, 01 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi zamanı, Cavabdeh Əsgər oğlunun adına yaranmış əmlak hüquqları İddiaçı adına tanınsın. Həmin əmlak hüquqlarının rəsmləşdirilməsinə Cavabdeh Əsgər oğlu tərəfindən edilən müdaxilələr aradan qaldırılsın və müqavilə üzrə Cavabdeh Əsgər oğlu üzərinə düşən öhdəlikləri tam yerinə yetirsin. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyinə görə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar