Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3043/2022 31.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «işə bərpa» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 512/K saylı əmrinin ləğv edilməsi, eləcə də cavabdehin üzərinə onun kateqoriya meneceri vəzifəsinə işə bərpa edilməsi öhdəliyinin qoyulması və məcburi iş buraxmağa görə cavabdehdən onun xeyrinə xx.xx.2022-ci il tarixdən işə bərpa olunan tarixədək əmək haqqı tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1995-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixli 534/K nömrəli əmrlə Cavabdeh MMC-də «Brendlərin idarə edilməsi» departamentinə təcrübəçi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli 960/K nömrəli əmrlə həmin MMC-də məhsul üzrə kiçik menecer vəzifəsinə təyin olunmuş, daha sonra xx.xx.2021-ci il tarixli 1211/K nömrəli əmrlə kommersiya departamentində telefon və İT şöbəsinə kateqoriya meneceri vəzifəsinə keçirilmişdir. Cavabdeh MMC ilə xx.xx.1995-ci il təvəllüdlü İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli 512/K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. Bildirir ki, 2022-ci ilin fevral ayında MMC-nin direktoru X3 ilə iddiaçı arasında mübahisə baş vermişdir. Mübahisəyə səbəb isə hansısa məhsulun satışı zamanı müəyyən güzəştin edilməsi olmuşdur. Bununla bağlı araşdırma aparılmış və məlum olmuşdur ki, iddiaçı əmək funksiyalarını normal həyata keçirmiş və məhsulun satışı zamanı şirkətin qoyduğu qaydalara riayət etmişdir. Həmin vaxtdan etibarən şirkətin direktoru ilə iddiaçı arasında münasibətlər kəskinləşmiş və dözülməz həddə çatmışdır. Şirkət rəhbərinin göstərişi ilə iddiaçı əmək funksiyalarının icrasından faktiki olaraq uzaqlaşdırılmış və ona təhkim olunmuş iş funksiyalarını yerinə yetirmək üçün nəzərdə tutulmuş avadanlıqlar, kompüter, telefon nömrəsi əlindən alınmış və ofisə giriş parolu ləğv edilmişdir. Buna baxmayaraq, iddiaçı martın ikisinə kimi işə gəlib-getmiş, həmin tarixdə onu məcburi olaraq ofisdən çıxarmışlar. İddiaçı xx.xx.2022-ci il tarixdə insan resursları departamentinə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi niyyətini əks etdirən ərizə təqdim etmişdir. Bundan sonra iddiaçıya onun bir ay ərzində işdən çıxarılacağı bildirilmiş və son haqq-hesabın da bundan sonra ediləcəyi qeyd edilmişdir. İddiaçıya göndərilmiş, xx.xx.2022-ci il tarixli 1981/K nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdən MMC-nin baş ofisinə gəlməyərək icazəsiz iş günü buraxmışdır. Eyni zamanda göstərilmişdir ki, iddiaçıya Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə MMC-nin baş ofisinə yaxınlaşaraq İnsan Resursları departamentinin məsul əməkdaşına izahat təqdim etmişdir. Sözügedən izahatda iddiaçı qeyd etmişdir ki, o, 23 fevral tarixdən 02 mart tarixinədək hər gün işə gəlmişdir. Baxmayaraq ki, iş funksiyalarını yerinə yetirmək üçün inventarlar onun əlindən alınmışdır, o, ofisə daxil olmaq istəsə də, İddiaçı 02 mart tarixdən ofisdən məcburi olaraq çıxarılmışdır. Həmçinin qeyd etmişdir ki, 02 mart tarixdən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ərizə yazmışdır və bu ərizəyə 1 aydan çox müddətdir ki, cavab verilmir. İddiaçı xx.xx.2022-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin rəisi Vali Quliyevə ərizə ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh MMC ilə bağlanmış əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Ərizədə onu da qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdən işə buraxılmır. Həmin tarixdən məcburi şəkildə ofisdən çıxarılıb. Müraciətdə bildirmişdir ki, MMC xx.xx.2022-ci il tarixdə məktub göndərərək iddiaçının işə gəlməsini tələb etmiş, əks halda müqaviləyə birtərəfli qaydada xitam verilməsi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76.1ci maddəsinin tələbinə görə işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə görə əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmənin diqqətinə çatdırırlar ki, Cavabdeh MMC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmri qanunsuz və əsassızdır. Belə ki, əmək müqaviləsinin ləğv edilməsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydalara uyğun həyata keçirilməmiş, cəmiyyətin bununla bağlı apardığı sənədləşmə işləri formal xarakter daşımışdır. Qeyd edilmişdir ki, sözügedən əmrin qəbul edilməsinə əsas olmuş araşdırma obyektiv aparılmamış, cəmiyyətin direktoru ilə iddiaçı arasında baş vermiş mübahisənin nəticəsi olaraq şirkət rəhbərinin qərəzli mövqeyini əks etdirmişdir. İş üzrə materiallarda olan sənədlərə baxılsa görünər ki, cavabdeh iddiaçıya xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərərək işə gəlməsini və işə gəlməməyinin səbəbləri barədə izahat verməyi tələb edir. İddiaçı xx.xx.2022-ci il tarixdə ofisə yaxınlaşır, izahat verərək bildirir ki, xx.xx.2022-ci il tarixdə öz təşəbbüsü ilə işdən çıxmaq barədə ərizə yazmışdır və ofisə buraxılmır. xx.xx.2022-ci il tarixdə isə X2 Xidmətinə bu barədə məlumat verir. MMC öz məktubunda qeyd edir ki, xx.xx.2022-ci il tarixdən iddiaçı işə gəlmir, lakin nədənsə 1 ay keçdikdən sonra xx.xx.2022-ci il tarixdə iddiaçıya xəbərdarlıq edərək işə gəlməsini tələb edir. İddiaçı MMC-yə verdiyi izahatında da qeyd edir ki, ofisə buraxılmır, işə aid ləvazimatlar əlindən alınıb və öz təşəbbüsü ilə xx.xx.2022-ci il tarixdə işdən çıxmaq barədə ərizə verib. İzahatda göstərilmiş bu hallar cəmiyyətin məsul şəxsləri tərəfindən araşdırılmır, xx.xx.2022-ci il tarixdən 2116/K nömrəli eyni məzmunlu sonuncu xəbərdarlıq bildirişi göndərilir. Bu məktubda da yazılı izahat verməsi tələb olunur. Bu sonuncu xəbərdarlıq məktubundan əvvəl xx.xx.2022-ci il tarixdə ikinci dəfə izahat verərək işə gəlməməsinin obyektiv səbəblərini qeyd edir. Lakin buna məhəl qoyulmur və şəxsin heç bir obyektiv araşdırma aparılmadan məqsədyönlü şəkildə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən əmək müqaviləsinə xitam verilir. Əmək Məcəlləsinin 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Materiallardan da belə aydın görsənir ki, işə götürən əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə ləğv edərkən iddiaçının nə şəxsiyyətini, nə kollektivdəki nüfuzunu, nə də törətdiyi xətanın xarakterini nəzərə almamışdır. Bununla əlaqədar qeyd edirlər ki, iddiaçı Azərbaycan Dövlət İqtisad Universitetini «Maliyyə» ixtisası üzrə 2016-ci ildə bitirmişdir. İddiaçı tam ixtisaslı kadrdır. Şahid ifadələrindən də görünür ki, iddiaçının kollektivdə nüfuzu yüksək olmuşdur. O, yeddi kateqoriya üzrə menecer vəzifəsini tutmaqla tabeçiliyində olan bu kateqoriyalı şəxsləri idarə etmiş, şirkətinin 60 % məhsullarının satışına nəzarət etmişdir. Bununla da aydın olur ki, iddiaçının peşəkarlıq səviyyəsi və kollektivdə nüfuzu yüksək olmuşdur. xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş, Abşeron rayonu Mehdiabad qəsəbəsi C.Cabbarlı küçəsi ev 16/2-də qeydiyyatda olan X1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanladığı izahatında bildirmişdir ki, Cavabdeh MMC-də 2020-ci ilin sentyabr ayından işləyir. İlkin olaraq orada satış məsləhətçisi vəzifəsilə başlayıb, hazırda kateqoriya meneceri vəzifəsindədir. İddiaçı sözügedən təşkilatdan tanıyır. İş müddətində onun birbaşa tabeçiliyində olmuş və onun göstərişlərini yerinə yetirmişdir. Onu işinə məsuliyyətli, intizamlı və öz işinin peşəkarı olan şəxs kimi tanıyır. Bir yerdə işlədikləri müddətdə aralarında heç bir problem olmamışdır. Onu əlavə etmişdir ki, şirkətin direktoru X5 Əbilov arasında iş müddətində insident yaşanmış və münasibətlər ona görə korlanmışdır. Eşitdiyinə görə, bir məhsulun satışı ilə bağlı anlaşılmazlıq yaranmışdır. Belə ki, Əhəd Əsgərovun öz razılığı ilə məhsulun qiymətinə endirim olunmuşdur. Sonradan isə direktor buna öz narazılığını bildirmişdir. Lakin aparılmış araşdırmadan sonra məlum olmuşdur ki, İddiaçı heç bir qayda pozuntusuna yol verməmişdir. İşçilər arasında gəzən söhbətlərə görə, şirkətin direktoru İddiaçı cəzalandırılmasına göstəriş vermiş, hətta bu barədə Əzizin özünə də hədə-qorxu gəlmişdir. Bundan əvvəl isə 16 fevral tarixdə, normal əmək funksiyalarını həyata keçirmək üçün ona təhkim edilmiş avadanlıqlar isə ondan alınmışdır. Buna baxmayaraq, o, xx.xx.2022-ci il tarixə kimi işə gəlib-getmişdir. Bundan sonra İddiaçı ofisə buraxılmamışdır. Bildirdiyinə görə, Əziz xx.xx.2022-ci il tarixdə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi barədə müraciət etmişdir. Hətta onun da şahidi olmuşdur ki, onu ofisdən Elnur adlı mühafizəçi məcburi olaraq, fiziki güc göstərməklə çıxarmışdır. Qeyd edir ki, İddiaçı həmişə kollektivdə nüfuzu yüksək olmuşdur, işçilərlə normal əmək münasibətləri saxlamışdır. O, ali təhsilli maliyyəçi olduğundan maliyyə işlərində peşəkar bilik və bacarıqlar göstərmişdir. İddiaçı bu formada əmək müqaviləsinə xitam verilməsi qərəzli şəkildə aparılmış və birbaşa şirkətin direktorunun göstərişi ilə həyata keçirilmişdir. Xətanın xarakterinə gəldikdə qeyd etmişlər ki, şəxs öz təşəbbüsü ilə işdən çıxmaq barədə ərizə yazır, ofisə buraxılmır, əmək funksiyalarını yerinə yetirə bilmir, işə götürənin təqsiri səbəbindən iş gününü buraxır. Bununla o, nə işlədiyi şirkətin nüfuzuna xələl gətirmiş, nə də onun gəlirlərinə mənfi formada təsir etmişdir. Əmək Məcəlləsinin 71.2-ci maddəsinə görə bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) verinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Baxmayaraq ki, iddiaçının işə gələ bilməməsinin səbəbi birbaşa işəgötürənin onu ofisə buraxmaması ilə bağlı olmuşdur, bununla belə İddiaçı əmək və icra intizamının normal ahəngini pozmamışdır. Əmək kollektivinin hüquqlarına və qanuni mənafelərinə ziyan dəyməmişdir. Əmək Məcəlləsinin 71.3-cü maddəsinə görə də bu Məcəllənin 70-ci maddəsi ilə əmək müqaviləsi ləğv edilirsə bunun zəruriliyi əsaslandırılmalıdır. Bununla da, cavabdehin iddiaçını bu Məcəllənin 70-ci maddəsi ilə əmək müqaviləsini ləğv etməsinin zəruriliyinin nədən yaranmasının əsasları məlum deyil. Əmək müqaviləsinə xitam verilərkən iddiaçının cavabdeh təşkilatda 2 il işləməsi, işlədiyi müddətdə vəzifədə bir neçə dəfə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməməsi, işçinin şəxsiyyəti, peşəkarlıq səviyyəsi kimi hallar nəzərə alınmamışdır. Bundan başqa Cavabdeh MMC tərəfindən iddiaçıya əmrin surəti və son haqq-hesabı verilməmişdir. Göründüyü kimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydalara əməl olunmamışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - xx.xx.2016-cı il tarixdə verilmiş 559 qeydiyyat nömrəli, A seriyalı 087345 saylı Bakalavr Diplomundan görünür ki, İddiaçı Azərbaycan Dövlət İqtisad Universitetini bakalavr ali-peşə ixtisas dərəcəsi üzrə bitirmişdir. - 19 iyun 2020-ci il tarixli 534/K saylı əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə Brendlərin İdarə edilməsi Departamentinə təcrübəçi vəzifəsinə işə qəbul edilmişdir. - 19 iyun 2020-ci il tarixli tam maddi məsuliyyət və kommersiya sirrinin qorunması haqqında müqavilədən görünür ki, işəgötürənlə işçi arasında maddi məsuliyyət və kommersiya sirri təşkil edən məlumatlarla bağlı şərtlər müəyyən etməklə fərdi müqavilə bağlamışlar. - ******* saylı əmək kitabçasında olan məlumatlardan görünür ki, iddiaçı Kommersiya Departamentində kateqoriya meneceri vəzifəsinədək yüksəlmişdir, işdən çıxarılan vaxt həmin vəzifəni tutmuşdur. - İddiaçı və Cavabdeh MMC-də işləyən digər şəxslərin həmin MMC-nin direktoruna yazdıqları izahatlardan görünür ki, MMC rəhbərliyi tərəfindən əşyaların dəyərindən aşağı qiymətə (endirim, güzəşt) satılması ilə bağlı araşdırma aparılmış və aidiyyatı şəxslərin izahatları alınmışdır. - Cavabdeh MMC-nin 01 aprel 2022-ci il tarixli 1981/K saylı məktubundan görünür ki, Cavabdeh MMC İddiaçı məktub ünvanlayaraq onun xx.xx.2022-ci il tarixdən MMC-nin baş ofisinə işə gəlməyərək, icazəsiz iş günü buraxdığını, etdiyi pozuntunun, onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən birtərəfli qaydada xitam verilməsinə əsas olduğu bildirilmişdir. İddiaçı tələb edilmişdir ki, bu bildirişi poçt vasitəsi ilə aldıqdan sonra, 3 gün ərzində Cəmiyyətin baş ofisinə yaxınlaşaraq, sübutlarla (iş buraxmanı əsaslandıran sənədlərlə və s.) birgə yazılı izahatını, habelə Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan hər hansı bir hal mövcud olduğu halda, həmin halları sübut edən sənədləri və s. təqdim etsin. Əks halda, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən birtərəfli qaydada xitam veriləcəyi bildirilmişdir. - Cavabdeh MMC-nin 13 aprel 2022-ci il tarixli 2116/K saylı sonuncu xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh MMC İddiaçı məktub ünvanlayaraq ona 01 aprel 2022-ci il tarixli 1981/K saylı məktub göndərilməsinə baxmayaraq, bu günə qədər icazəsiz iş buraxmağa davam etdiyini, etdiyi pozuntunun, onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən birtərəfli qaydada xitam verilməsinə əsas olduğu bildirilmişdir. İddiaçı tələb edilmişdir ki, bu bildirişi poçt vasitəsi ilə aldıqdan sonra, 2 gün ərzində Cəmiyyətin baş ofisinə yaxınlaşaraq, sübutlarla (iş buraxmanı əsaslandıran sənədlərlə və s.) birgə yazılı izahatını, habelə Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan hər hansı bir hal mövcud olduğu halda, həmin halları sübut edən sənədləri və s. təqdim etsin. Əks halda, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən birtərəfli qaydada xitam veriləcəyi bildirilmişdir. - 01 mart 2022-ci il tarixli 01/K saylı aktdan görünür ki, işçi İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işəgötürənə məlumat vermədən üzürsüz iş günü buraxmışdır. Üzrsüz iş günü buraxma halı aktın imzalandığı tarix üçün də davam etməkdədir. - 01 aprel 2022-ci il tarixli 02/K saylı aktdan görünür ki, işçi İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işəgötürənə məlumat vermədən üzürsüz iş günləri buraxmışdır. İşçi Cavabdeh MMC-yə üzrsüz iş günü buraxma halını əsaslandıran heç bir sənəd və izahat təqdim etməmişdir. Üzrsüz iş günü buraxma halı aktın imzalandığı tarix üçün də davam etməkdədir. - 27 aprel 2022-ci il tarixli 03/K saylı aktdan görünür ki, işçi İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işəgötürənə məlumat vermədən üzürsüz iş günləri buraxmışdır. İşçi Cavabdeh MMC-yə üzrsüz iş günü buraxma halını əsaslandıran heç bir sənəd və izahat təqdim etməmişdir. - Cavabdeh MMC-nin satış və Kommersiya Məsələləri üzrə müavini K.İskəndərovun həmin MMC-nin direktoruna yazdığı təqdimatından görünür ki, Kommersiya Departamentində kateqoriya meneceri vəzifəsində işləyən İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işəgötürənə məlumat vermədən üzürsüz iş günü buraxmışdır. İşçiyə üzrsüz iş buraxma halı ilə bağlı 1 aprel 2022-ci il tarixli və 13 aprel 2022-ci il tarixli bildiriş və sonuncu xəbərdarlıq bildirişi göndərilməsinə baxmayaraq, iş buraxma halı bu günədək davam edir. İşçi üzrsüz iş buraxma halı ilə bağlı heç bir əsaslandırıcı sənəd, habelə izahat təqdim etməmişdir. İşçinin yol verdiyi üzrsüz iş buraxma halları, işin ahəngini əhəmiyyətli dərəcədə pozmuşdur, qeyd olunan hallar onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən birtərəfli qaydada xitam verilməsinə əsasdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi barədə müvafiq əmr verilməsi xahiş olunmuşdur. - İddiaçı Cavabdeh MMC-nin direktoruna yazdığı 04 aprel 2022-ci il tarixli izahatda qeyd olunmuşdur ki, o, 23 fevral 2022-ci il tarixdən 02 mart 2022-ci il tarixədək hər gün işə gəlmişdir. Baxmayaraq ki, 23 fevral 2022-ci il tarixdən onun bütün inventarları əlindən alınmışdır və onun işləmək üçün heç bir şəraiti olmamışdır. 02 mart 2022-ci il tarixdə onu iş yerindən məcburi olaraq uzaqlaşdırmışlar. Ofisdən çıxararaq bir daha buraxmamışlar. 02 mart 2022-ci il tarixdə işdən çıxma haqqında ərizə yazmışdır. Bu ərizəyə 1 aydır heç bir cavab gəlmir. - İddiaçı X2 Xidmətinin rəisinə yazdığı 05 aprel 2022-ci il tarixli ərizədə qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə öz ərizəsi ilə işdən çıxmaq üçün müraciət etmişdir. 2 mart tarixdən etibarən iş yerinə buraxılmır, ofisə girmə icazəsi yoxdur, məcburi şəkildə çıxarılmışdır. Cavabdeh MMC tərəfindən 1 aprel tarixdə 1981/k saylı məktubla onu iş yerində olmadığı kimi qeyd edərək, müqaviləyə birtərəfli xitam vermək istəyirlər. Xahiş olunmuşdur ki, müraciətinə baxılsın və rəy bildirilsin. - İddiaçı X2 Xidmətinin Bakı şəhər İdarəsinin rəisinə yazdığı 12 aprel 2022-ci il tarixli izahatda yuxarıda göstərilən izahatla eyni məzmunlu izahat vermiş, həmçinin əlavə olaraq qeyd etmişdir ki, izahatda səbəbsiz onun əmək müqaviləsinə birtərəfli xitam vermək istədiyini bildirmişdir. Bundan sonra isə Əmək Müfəttişliyinə müraciət etmişdir. İşlədiyi dövrdə 1 dəfə 2021-ci ilin oktyabr ayında əmək məzuniyyətinə çıxmışdır. Rəsmi olaraq ona ödənilən əmək haqqı ilə bağlı şikayəti yoxdur. Müraciətinə baxılaraq, bu məsələnin həll olunmasında köməkliyin göstərilməsi xahiş olunmuşdur. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli 512/K saylı əmrdən görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 19 iyun 2020-ci il tarixli əmək müqaviləsinə işəgötürənin xx.xx.2022-ci il tarixli 512/K saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər idarəsinin 12 aprel 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı 08 aprel 2022-ci il tarixdə əmək hüquqlarının pozulması barədə müraciətinə həmin idarədə baxılmış və zəruri sənədlərin idarəyə göndərilməsi Cavabdeh MMC-dən xahiş olunmuşdur. - Cavabdeh MMC-nin 27 aprel 2022-ci il tarixli 2012/HR saylı məktubundan görünür ki, zəruri sənədlər və məlumatlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər idarəsinə göndərilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər idarəsinin Cavabdeh MMC-yə ünvanladığı 21 iyun 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı həmin idarəyə ünvanladığı sorğu xarakterli məktubuna baxılmışdır. Bildirilmişdir ki, təqdim edilmiş məktubdan və əlavə olunmuş sənədlərdən İddiaçı xx.xx.2022-ci il tarixdən, xx.xx.2022, xx.xx.2022-ci il tarixli məktublarla dəfələrlə işə dəvət olunsa da, heç bir səbəb olmadan işə gəlmədiyi, bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən (Əmək Məcəlləsinin «a» bəndində sadalanan hal, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə) xx.xx.2022-ci il tarixli 512/K saylı əmrlə xitam verildiyi və son haqq-hesabının işdən çıxdığı gün əmək haqqı bank hesabına köçürüldüyü məlum olmuşdur. Qeyd edilənlərlə razılaşmadığı təqdirdə vətəndaşa məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. - Bakı 6 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 19 may 2022-ci il tarixli MŞB/6-2703 saylı arayışından görünür ki, hazırkı mübahisə üzrə Cavabdeh MMC-nin nümayəndəsi xx.xx.2022-ci il tarixdə saat 16:00- 16:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulan 50 manat məbləğində mediasiyaya dair xərc İddiaçı tərəfindən müvafiq hesaba ödənilmişdir. İşin faktiki hallarından göründüyü kimi, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassızdır və təmin edilə bilməz. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının birinci dəlili onun iş yerinə buraxılmaması, əlindən intventarların alınması, ofisə daxil olmasına icazə verilməməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, iddiaçı bu dəlili ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı iş yerinə buraxılmadığını qeyd etdiyi tarixdən sonra uzun müddət ərzində işəgötürənə, Əmək Müfəttişliyi Xidmətinə, yaxud digər orqana rəsmi şəkildə müraciət etməmişdir. Göründüyü kimi, iddiaçının bu dəlili əsassızdır. İddiaçının ikinci dəlili öz xahişi ilə işdən azad olunmasına dair ərizə verməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, iddiaçı bu dəlili ilə də bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. İddiaçı ərizəni işəgötürənin dəftərxanasına, kadrlar şöbəsinə, yaxud aidiyyəti şəxsinə təqdim edilməsinə dair ərizənin qəbul olunması qeydi olan surətini, yaxud ərizənin poçt vasitəsi ilə işəgötürənə çatdırılması ilə bağlı xəbərnaməni məhkəməyə təqdim etməmişdir və iddiaçının bu dəlili də əsassızdır. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «işə bərpa» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «işə bərpa» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-3043/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3043/2022
31.08.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver