Məhkəmə qərarları › İş №e-2(006)-3044/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3044/2022

20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3044/2022 20.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə olan Gədəbəy rayonu Arıqdam kəndində yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın icbari sığortası haqqında müqavilə bağlayaraq əmlakını sığorta etdirmişdir. xx.xx.2021-ci il tarixdə güclü dolu yağması nəticəsində qeyd olunan fərdi yaşayış evinə ziyan dəymişdir və bununla bağlı cavabdeh "xxxx" ASC-yə məlumat vermişdir. Bundan sonra 2 dəfə sığorta şirkətinin əməkdaşları tərəfindən fərdi yaşayış evinə baxış keçirilmiş və dəymiş zərərin məbləği 2.200 manat məbləğində müəyyən edilmişdir. Sonra iddiaçı cavabdehə dəymiş ziyanın məbləği ilə razı olmadığını, dəymiş zərərin 26.000 manat olduğu bildirdikdən sonra, xx.xx.2022-ci il tarixdə cavabdehin bildirişi ilə sığorta ödənişinin verilməsini imtina olunmuş və əsas kimi göstərilmişdir ki, ona məxsus fərdi yaşayış evinə dəymiş zərər AR ETSN Milli Hidrometeorologiya Xidməti tərəfindən təqdim olunan sənədə əsasən hər hansı bir yağıntı nəticəsində olmadığından sığorta müqaviləsi üzrə təminat verilmiş sığorta risklərinə daxil deyildir. Halbuki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş bildirişdə qeyd edilir ki, Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Arıqdam kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, sığortalanmış yaşayış evinə xx.xx.2021-ci il tarixdə güclü dolu yağması nəticəsində ziyan dəymişdir. Bundan başqa bu faktı təsdiq edən fotoşəkilləri və videogöründünü əks etdirən diski məhkəməyə təqdim edəcək. Göründüyü kimi, cavabdeh "xxxx" ASC tərəfindən əsassız olaraq iddiaçıya dəymiş ziyan ödənilməsindən imtina edilmişdir. Ona görə də iddiaçı sığorta hadisəsi nəticəsində ümumilikdə 26.000 manat ziyan dəyməsi ilə əlaqədar olaraq tələb olunan pulun məhkəmə qaydasında cavabdehdən tutulmasını tələb edir. Göstərilənlərə əsasən "xxxx" ASC tərəfindən sığortalanmış iddiaçıya məxsus Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən fərdi yaşayış evinin təmir-bərpa xərci kimi 26.000 manat və iddianın qaldırılması üçün ödənilmiş 200 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən alınıb iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, evinin 1-ci mərtəbəsinə ziyan dəyməmişdir. Sadəcə 2-ci mərtəbənin tavanı dağıldığı üçün oradan tökülən bütün uçqun 1-ci mərtəbəyə tökülmüşdür.

4. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Cavabdehin nümayəndəsi X2 iddiaya qarşı etiraz məhkəməyə ünvanlayaraq göstərmişdir ki, İddiaçı ilə Cəmiyyət arasında xx.xx.2021-ci il tarixdə RAA********** saylı sığorta müqaviləsi bağlanılmış və Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən fərdi yaşayış evi sığorta olunaraq, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta təminatı almışdır. İddiaçı ərizə ilə şirkətə müraciət edərək xx.xx.2021-ci il tarixlərində Gədəbəy güclü dolu yağması nəticəsində sığortalanmış əmlaka maddi ziyan dəydiyini bildirməklə, hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Təqdim edilmiş ərizəyə baxılmış, hadisə tam təsnifatı ilə araşdırılmış və sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Bundan sonra İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət edərək "xxxx" ASC-dən 1.400 manat sığorta ödənişinin və iddianın verilməsi üçün ödənilmiş 30 manat, ümumilikdə 1.430 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Arıqdam kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən "xxxx" ASC-yə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 519 saylı arayışdan görünür ki, sığortalanmış yaşayış evinə xx.xx.2021-ci il tarixdə güclü dolu yığması nəticəsində ziyan dəymişdir. İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək "xxxx" ASC-dən 26.000 manat sığorta ödənişinin və iddianın verilməsi üçün ödənilmiş 200 manat, ümumilikdə 26.200 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirmək istəyirlər ki, AR ETSN Milli Hidrometeorologiya Xidməti tərəfindən "xxxx" ASC-yə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 20/87 saylı məktubdan görünür ki, xx.xx.2021-ci il tarixjə Gədəbəy hidrometeoroloji stansiyasında yağıntı qeydə alınmamışdır. Qeyd etmək istəyirlər ki, İddiaçı məxsus fərdi yaşayış evinə dəymiş zərər AR ETSN Milli Hidrometeorologiya Xidməti tərəfindən təqdim olunan sənədə əsasən hər hansı yağıntı nəticəsində olmadığından «İcbari sığortalar haqqında» AR Qanununun 36.1-ci maddəsinə əsasən sığorta müqaviləsi üzrə təminat verilmiş sığorta risklərinə daxil deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hdisə və ya yaranan haldır. Belə olan halda isə baş vermiş hadisə icbari sığorta qanunlarına əsasən təminat verilmiş sığorta risklərinə daxil olmadığından sığora hadisəsi hesab edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmədikdə sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Bununla da, yuxarıda göstərilənlər nəzərə alınaraq hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina olunur. Qeyd olunan hadisə ilə bağlı «İcbari sığortalar haqqında» AR Qanununun 36.1-ci maddəsinə əsasən (ərazidə torpaq çökməsi baş verməsi sığorta müqaviləsi üzrə təminat verilmiş sığorta risklərinə daxil deyildir) AS-20/940 saylı, xx.xx.2020-ci il tarixli məktubla imtina qərarı verilərək sığortalının ünvanına göndərilmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, baş vermiş hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina haqqında qərarı qanuni və əsaslı olduğu üçün İddiaçı "xxxx" ASC-yə qarşı «pul» tələbinə dair iddiasının rədd olunması xahiş edilmişdir.

6. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2016-cı il tarixli çıxarışın surətinə əsasən Gədəbəy rayonu, Arıqdam kəndində 0,39 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 177 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. 8.İş materiallarında olan Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Arıqdam kənd İƏD Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışına əsasən Gədəbəy rayonunun Arıqdam kəndində İddiaçı məxsus olan fərdi yaşayış evinin, həmin evə bitişik çardaq və tövlənin dam örtüyü xx.xx.2021-ci il tarixdə güclü dolu yağması nəticəsində yararsız hala düşmüşdür. 9.İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı ilə Cəmiyyət arasında xx.xx.2021-ci il tarixdə RAA********** saylı sığorta müqaviləsi bağlanılmış və Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən fərdi yaşayış evi sığorta olunaraq, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta təminatı almışdır. İddiaçı şirkətə müraciət edərək, güclü dolu yağması nəticəsində sığortalanmış əmlaka maddi ziyan dəydiyini bildirməklə, hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Qeyd etmək istəyirlər ki, Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Arıqdam kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən "xxxx" ASC-yə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 519 saylı arayışdan görünür ki, sığortalanmış yaşayış evinə xx.xx.2021-ci il tarixdə güclü dolu yığması nəticəsində ziyan dəymişdir. Bildirmək istəyirlər ki, AR ETSN Milli Hidrometeorologiya Xidməti tərəfindən "xxxx" ASC-yə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 20/87 saylı məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə Gədəbəy hidrometeoroloji stansiyasında yağıntı qeydə alınmamışdır. Qeyd etmək istəyirlər ki, İddiaçı məxsus fərdi yaşayış evinə dəymiş zərər AR ETSN Milli Hidrometeorologiya Xidməti tərəfindən təqdim olunan sənədə əsasəaq n hər hansı yağıntı nəticəsində olmadığından «İcbari sığortalar haqqında» AR Qanununun 36.1-ci maddəsinə əsasən sığorta müqaviləsi üzrə təminat verilmiş sığorta risklərinə daxil deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hdisə və ya yaranan haldır. Belə olan halda isə baş vermiş hadisə icbari sığorta qanunlarına əsasən təminat verilmiş sığorta risklərinə daxil olmadığından sığora hadisəsi hesab edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmədikdə sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Bununla da, yuxarıda göstərilənlər nəzərə alınaraq hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina olunur. "xxxx" ASC belə hadisələr təkrar olunmamağını arzu etməklə yanaşı, gələcəkdə baş verə biləcək hadisələrlə əlaqədar ortaya çıxacaq maddi zərərlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcəyinə təminat verir. 10.İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş xx.xx.2021-ci il tarixdə Gədəbəy hidrometeoroloji stansiyasında qeyd alınan hava şəraiti haqqında məlumatdan görünür ki, xx.xx.2021-ci il tarixdə hava tutqun buludlu (10/8), görünüş 10 km., havanın orta temperaturu 150 C, minimal 12,50 C, Şərq istiqamətli küləyinmaksimal sürəti 8 m/saat olmuşdu. Yağıntı qeydə alınmamışdır. 11.İş materiallarında olan Arıqdam kənd sakinləri A.Z.İsmayılov, E.O.Qurbanov, A.Ə.Qarayev, E.Q.Quliyev, Ş.Q.Mahmudov, E.N.Abdullayev, R.M.Cabbarov, S.H.İskəndərova, X.H.Məmmədov, E.H.Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, 11-12 sentyabr 2021-ci il tarixli Arıqdam kəndində güclü dolu yağmışdır və dolu yağışı nəticəsində kənd sakini İddiaçı məxsus fərdi yaşayış evinin dam örtüyü yararsız hala düşmüşdür. 12.İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5613 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən, -1-ci və 2-ci suallar üzrə: Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən İddiaçı məxsus 177 kv.m-dən ibarət olan fərdi yaşayış evinin, həmin evə bitişik çardaq və tövlənin dam örtüyündə (rəsmi reyestrdə qeydiyyatdan keçmiş) çox saylı dəliklər olmaqla zədələr mövcuddur. Lakin yaranmış qüsurların əmələ gəlməsi hansı tarixə təsadüf edilməsinin müəyyən olunmasına dair metodika olmadığından, zədələrin təqribən hansı tarix(lər) aralığında yaranması və ya inkişaf etməsini müəyyən etmək mümkün olmadı. Eyni zamanda yaşayış evinin, həmin evə bitişik çardaq və tövləntn dam ötrüyündə olan qüsurları, həmçinin Azərbaycan Respublikası Gədəbəy rayon icra Hakimiyyəti Başçısının Arıqdam Kənd İƏD üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 519 saylı arayışı nəzərə alaraq, İddiaçı məxsus olan Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən 177 kv.m.-dən ibarət olan fərdi yaşayış evindəki, evə bitişik çardaqda və tövlənin dam örtüyündə olan qüsurlar baş vermiş güclü dolu, leysan yağması nəticəsində əmələ gəlməsinə xarakterikdir. -3-cü sual üzrə: Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən İddiaçı məxsus olan 177 kv.m-dən ibarət olan fərdi yaşayış evindəki, həmin evə bitişik çardaq və tövlənin dam örtüyündə yaranmış zədələrin aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 18.420 manat məbləğində müəyyn olunur. -4-cü sual üzrə: Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən İddiaçı məxsus olan 177 kv.m-dən ibarət olan fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX- 0959071 saylı, xx.xx.2016-cı il tarixdə verilmiş çıxarışa əsasən qeydiyyata alındığını nəzərə alaraq, həmin yaşayış evi tikinti normalarına uyğun inşa olunmuşdur. Eyni zamanda fərdi yaşayış evinin, evə bitişik çardaq və tövlənin dam örtüyündə olan qüsurları dolu və ya leysan yağışları nəticəsində yaranmasına xarakterikdir. 13.Həmin ekspertiza rəyində həmçinin qeyd olunur ki, tədqiq olunan tikilinin təmirinə sərf edə biləcək pul vəsaitinin (xidmət haqqı və tikinti materialları nəzərə alınmaqla) məbləği, tikilinin faktiki vəziyyəti, təmirlik dərəcəsi aparılmalı təmir işlərini nəzərə alınmaqla, hazırda tikilinin 1,0 kv.m.-nin tikintisinə çəkilə biləcək xərcin orta bazar qiymətləri ilə dəyəri təqribən 100 manat təşkil edir. Belə olan halda tədqiq olunan yaşayış evinin ikinci mərtəbəsində yerləşən otaqların ümumi sahəsi 95,0 kv.m.təşkil etdiyini nəzərə alaraq, həmin tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri 9500 (95 kv.m. x 100 manat) manat məbləğində müəyyən olunur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 14.Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı özünə məxsus olan Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən fərdi yaşayış evini icbari qaydada "xxxx" ASC-də xx.xx.2021-ci il tarixdə RAA********** saylı sığorta müqaviləsi ilə sığortalanmışdır. 2021-ci ilin sentyabr ayında güclü dolu, leysan nəticəsində iddiaçıya məxsus əmlaka maddi ziyan dəymişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, sığorta etdiyi əmlaka güclü dolu yağması nəticəsində dəymiş ziyanın, yəni sığorta ödənişinin ödənilməsi ilə bağlı sığortaçı "xxxx" ASC-yə müraciət etsə də, sonuncu sığorta hadisəsinin baş verməməsi səbəbindən sığorta ödənişinin verilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 15.Məhkəmə ilk növbədə baş vermiş hadisənin sığorta hadisəsi hesab edilibedilməməsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

16. Belə ki, «Daşınmaz Əmlakın İcbari Sığortası» şəhadətnaməsinə əsasən, sığorta olunmuş daşınmaz əmlakın sığorta risklərinin – təbii fəlakətlər: zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur.

17. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus olan Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən 177 kv.m.-dən ibarət olan fərdi yaşayış evindəki, evə bitişik çardaqda və tövlənin dam örtüyündə olan qüsurlar baş vermiş güclü dolu, leysan yağması nəticəsində əmələ gəlməsinə xarakterikdir.

18. Göründüyü kimi iddiaçıya məxsus daşınmaz əmlakın zədələnməsi güclü dolu, leysan yağması nəticəsində olmuşdur. Bu hal isə sığorta şəhadətnaməsinə əsasən sığorta hadisəsi hesab olunur. Bu səbəbdən məhkəmə cavabdehin nümayəndəsinin iddiaçıya məxsus fərdi yaşayış evinə dəymiş zərər Azərbaycan Respublikası ETSN Milli Hidrometeorologiya Xidməti tərəfindən təqdim olunan sənədə əsasən hər hansı yağıntı nəticəsində olmadığından və bu hal isə sığorta hadisəsi hesab edilə bilməməsi barədə dəlillərini əsaslı hesab etmir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

20. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

21. Həmin Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi, sığorta ödənişinin verilməsindən imtina əsaslarından biridir.

22. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən İddiaçı məxsus olan 177 kv.m-dən ibarət olan fərdi yaşayış evindəki, həmin evə bitişik çardaq və tövlənin dam örtüyündə yaranmış zədələrin aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 18.420 manat məbləğində müəyyən olunmuşdur.

23. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus evinin 1-ci mərtəbəsinə ziyan dəyməmişdir, evin 2-ci mərtəbənin tavanı dağılmışdır.

24. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinə əsasən yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.

25. Məhkəmə qanunvericilikdə dam örtüyünə dəyən zərərlərə təminatın verilməsi nəzərdə tutulmadığını, qeyd olunan qanunun maddəsinin mülahizə əsasında genişləndirilməsinin mümkün olmamasını nəzərə alaraq hesab edir ki, iddia tələbi dam örtüyü olan hissədə təmin oluna bilməz.

26. Məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə həmçinin müəyyən edilmişdir ki, iddiaçıya məxsus yaşayış evinin ikinci mərtəbəsində yerləşən otaqların ümumi sahəsi 95,0 kv.m. təşkil etdiyini nəzərə alaraq, həmin tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri 9500 (95 kv.m. x 100 manat) manat məbləğində müəyyən olunmuşdur.

27. Məhkəmə baş vermiş halın sığorta hadisəsi hesab olunmasını nəzərə alaraq qeyd edir ki, bu halda cavabdeh təşkilat vurulmuş ziyanın əvəzini kompensasiya ilə, yəni sığorta ödənişi ilə əvəz etməlidir.

28. «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.21-ci maddəsinə əsasən sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

29. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat təşkil edir.

30. Məhkəmə hesab edir ki, qanun üzrə azadolma məbləği 150 manat həddində müəyyən edildiyindən, həmin məbləğ ümumi ziyan məbləğindən çıxılmaqla, yerdə qalan 9350 (9500-150=9350 manat) manat məbləği həddində tələb təmin olunmalıdır.

31. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi fərdi yaşayış evin dəymiş zərərin ödənilməsi hissəsində qismən əsaslı hesab edilməli və təmin edilməlidir.

32. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə sığorta ödənişi kimi 9350 (doqquz min üç yüz əlli) manat məbləğində pul tutulmalıdır.

33. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, tələb məhkəmə xərclərinin əvəzinin tutulması hissəsində də qismən təmin edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 113,50 manat məbləğində pul tutulmalıdır.

35. Məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir.

36. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

38. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

39. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə sığorta ödənişi kimi 9350 (doqquz min üç yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 113,50 (yüz on üç manat, əlli qəpik) manat, cəmi 9.463,50 (doqquz min dörd yüz altmış üç manat, əlli qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar