Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3057/2024 17.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı MMC Cavabdeh qarşı “pul və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, İddiaçı MMC ilə Cavabdeh arasında ünvan 1 saylı evin 34 və 35-ci mənzillərinə dair kommunal xərclərə görə yaranmış 1.577 (bir min beş yüz yetmiş yeddi) manat borcun, məhkəmə xərcləri üçün 35,77 (otuz beş manat yetmiş yeddi qəpik) manat pulun cavabdehdən tutulmasına, həmçinin, cavabdehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 393-1.4-cü maddəsində nəzərdə tutulan tələb edilən borcun yüz əlli faizi məbləğində cərimə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən sahəsi 98.9 kv.m olan 34-cü və sahəsi 68.6 kv.m olan 35-ci mənzillərin alınmasına dair İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə müqavilə bağlanmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixində 2020-ci ilin oktyabr ayına görə son kommunal ödənişi etmiş və bundan sonra müxtəlif bəhanələr gətirərək kommunal xidmətə görə borclarını ödəməkdən imtina etmişdir. Bununla əlaqədar 2022-ci ilin noyabr ayında yaranmış borcla bağlı Cavabdeh qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldırılmış, hakim N.Tağıyevanın xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3397/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş və iş üzrə qəbul edilən qətnamə icraya yönəlmişdir. Cavabdeh icra sənədinin bir hissəsini, yəni 1909 manat ödəmiş, lakin məhkəmə xərclərinə sərf edilən 40 manat məbləği ödəməkdən imtina etmişdir. Bununla belə, İddiaçı MMC tərəfindən ilk dəfə Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edildiyi andan bu günə kimi, yəni 2020-ci ilin noyabr ayından 2024-cü ilin may ayınadək Cavabdeh kommunal xidmətlərə görə yaranan borcunu yenə də ödəməkdən imtina edir. Cavabdeh və digər sakinlərin kommunal ödəmələrində gecikmələr olması nəticəsində İddiaçı MMC-nin Vergi orqanları qarşısında borcları yaranmış və həmin borcun vaxtında ödənilməməsi nəticəsində faiz borcu yaranmışdır. Cavabdeh məxsus olan ünvan 3 saylı evin 34 nömrəli mənzilin ümumi sahəsi 68.6 kv.metrdir. Hər kv.metrə görə sakinlərin ödənişi MMCnin qərarına əsasən 0.50 manat müəyyən edilmişdir. 98+68=166 kv.m *0.50 manat = 83 manat, 83 * 19 ay = 1577 manat. Bununla da, Cavabdeh İddiaçı MMC-yə 1577 (bir min beş yüz yetmiş yeddi) manat məbləğində ziyan vurmuşdur. Kommunal ödənişlərlə bütün təminatlara (su, kanalizasiya, işıq təchizatı, lift təmiri, məişət tullantılarının daşınması, binada təmir işləri, təmizlik, mühafizə) ödənişlər olunur, eyni zamanda həmin yığılan puldan işçilərə əmək haqqı ödənilir. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə və digər sakinlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilir, hər rübdə sakinlər üçün müvafiq qaydada hesabat lövhəyə vurulur. Cavabdeh Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələrinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün, son illər ərzində hesablanmış kommunal xərclərini ödəmədiyinə görə yığılan borcları ödəməlidir. Cavabdeh etiraz ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin kommunal xərclərə görə ödəniş tələb etməyə hüququ yoxdur. MMC-nin nizamnaməsindən və adından da görünür ki, o nə Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti, nə Mənzil Tikinti Kooperativi, nə də X1 kimi fəaliyyət göstərir. Qanunvericiliyə əsasən, İddiaçı MMC MTK-nın ləğvi və ya MMMC-yə çevrilməsi barədə qərar qəbul edərək bununla bağlı zəruri tədbirlər görmək öhdəliyi daşıyır. Hətta həmin tədbirləri görməyərək İddiaçı MMC İnzibati Xətalar Məcəlləsinə görə məsuliyyət daşıyır və 5000 (beş min) manat məbləğində cərimə edilməlidir. Beləliklə, İddiaçı MMC sakinlərin və həmçinin, cavabdehin çoxmənzilli binanın idarəedilməsi, ümumi əmlakının saxlanması və cari təmiri üzrə xidməti və işlərinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun təşkilinə maneçilik törədir. İddiaçı MMC qanunla üzərinə qoyulan öhdəlikləri görməzdən gələrək qaldırdığı iddiada müxtəlif maddələrlə manipulyasiyalar edir və özünə aid olmayan öhdəliklərin müqabilində qanunsuz tələblər irəli sürür. Cavabdeh bu və ya digər hüquq pozuntularını aradan qaldırmaq tələbi ilə İddiaçı MMCyə xx.xx.2021-ci il tarixdə rəsmi qaydada məktubla müraciət etmiş və heç bir cavab almamışdır. İddiaçının idarəçiliyi qanunsuz olduğu halda, eləcə də cavabdehin heç bir müqavilə əsasında şirkət qarşısında öhdəliyi olmadığı halda, bu və ya digər şirkətə qarşı qanunsuz ödəniş etməyərək əmlakından istifadə etmək onun konstitusion hüququdur və Mənzil Məcəlləsinə əsasən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Beləliklə, “iddiaçı tərəfindən faktiki xidmətlər göstərildiyi və cavabdeh xidmətlərdən yararlandığı üçün o, həmin xidmətlərin haqqını ödəməli olmalıdır” arqumenti konstitusion hüquqlarla və Mənzil Məcəlləsi ilə ziddiyyət təşkil edir və heç nəyə əsaslanmayıb. Həmçinin, iddiaçı İnzibati Xətalar Məcəlləsinin 393-1.4-cü maddəsini təhrif etməkdən çəkinmir və ödənişlərinin məbləğinin yox, Cavabdeh məhz tələb edilən borcun yüz əlli faizi məbləğində cərimə edilməsini xahiş edir. Halbuki, İXM-nin 393-1.4-cü maddəsində deyilir: “Çoxmənzilli binanın sahə mülkiyyətçisi, ... ona məxsus olan sahənin saxlanması xərclərini, habelə mənzil qanunvericiliyinə uyğun olaraq çoxmənzilli binanın ümumi əmlakının saxlanması xərclərini vaxtında və tam məbləğdə çəkməkdən boyun qaçırılmasına görə ödənilməli olan ödənişlərin məbləğinin yüz faizindən yüz əlli faizinədək məbləğində cərimə edilir”. Bu, məhkəməyə hörmətsizlik kimi başa düşülməlidir. Hər bir halda, cavabdehin ödəniş etməməsinin məqsədi boyun qaçırmaq deyil, səbəb məktubda qeyd edildiyi kimi İddiaçı MMC-nin fəaliyyətinin və tələblərinin ölkə qanunvericiliyinə uyğun olmamasıdır, öz vəzifələrini düzgün icra etməməsidir. Bununla MMC cavabdehin hüquqlarını pozur və öz vəzifəsini qanunvericiliyə uyğun icra etməyə maneçilik törədir. Həmçinin İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş müqavilələrin biri də düzgün şəkildə, müvafiq qaydalara uyğun və tam tərtib edilməmişdir. Onların etibarlı olduğu ciddi şübhələr doğurur. Vergi orqanları qarşısında borclara dair isə torpaq sahəsinə görə icarə haqqı barəsində xəbərdarlığı təqdim edilib. Bu addımlarla İddiaçı MMC məhkəməni obyektiv araşdırma aparmaqdan yayındırmağa çalışır. İddiaçının özbaşına idarəçiliyi altında sakinlərin ümumi mülkiyyətində olan binaya aid müxtəlif sahələri qeyri-müəyyən şəkildə mənimsənilir və istismara verilir. Bu hallar dəfələrlə sakinlərin narazılığına səbəb olsa da, etirazlar müxtəlif toplantılarda uzun illər ərzində səslənsə də, şirkət bu özbaşınalığa son qoymur və hüquqları bərpa etməkdən imtina edir. Belə ki, cavabdeh Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli müraciətində binanın qanuni layihəsinə uyğun olaraq avtomobil və piyada giriş-çıxış sahəsinin tam yarısının qanunsuz mənimsənildiyini qeyd etmişdir. Cavab olaraq sözügedən idarə qanunsuzluqların aradan qaldırılması və şəhərsalma qanuverciliyinin tələblərinin pozulmasının qarşısının alınması və təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı müvafiq qurumlara xx.xx.2021ci il tarixində məktub və sənədlər göndərmişdir. Buna baxmayaraq, binanın giriş-çıxış sahəsi hələ də hörülərək üçüncü şəxslərin istismarındadır. Digər fakt cavabdehin yaşadığı binanın damını zəbt edərək özbaşına tikilən mənzil ilə bağlıdır. Binanın çardağı kimi nəzərdə tutulan sahədə əlavə hörgü işləri və əlavə qapı açmağı işləri apararaq həmin ərazini binanın 43 saylı mənzili kimi qələmə verib internetdə elan saytlarında satışa çıxardırlar. Həqiqi 43 saylı mənzil sözügedən binanın digər blokunda, 3-cü mərtəbədə yerləşir. Cavabdehin yaşadığı ünvanın layihəsinə və şirkətin vədlərinə əsasən binanın həyəti uşaq meydançası, dayanacaq yerləri və geniş yolları olan açıq sahədən ibarət olmalı idi. İddiaçı isə həmin həyətin yerində 2 mərtəbəli bina inşa etmişdir. Həmin binanın tikilməsi nəticəsində həyətə yanğın və digər təhlükəsizlik tədbiri görməsi üçün yanğınsöndürən maşınların girişi və hərəkəti məhdudlaşdırılmışdır. Qonşu həyətdə yanğın zamanı cavabdehin yaşadığı binanın sakinlərinin gözü qarşısında bir qadın yanğınsöndürən maşınların yanğın yerinə yaxınlaşa bilməməsi səbəbindən özünü mənzilindən yerə ataraq dünyasını dəyişmişdir. Həyətdə inşa edilmiş bu özbaşına tikili də cəzasız qalan digər özbaşınalıqların nəticəsidir. Qanunsuzluğa və özbaşınalığa yaradılmış şərait ünvan 3 ünvanında kriminogen vəziyyət yaradıb. Bəzi şəxslər sutkalıq evlərin kirayəsi ilə yanaşı, insan alveri kimi kriminal fəaliyyətlə biznes kimi məşğuldurlar, rahat və təhlükəsiz yaşamaq hüquqları və asayişi illərdir ki, pozurlar. Cavabdehin bu barədə Daxili İşlər Nazirliyinə müraciətləri nəticəsində ünvan 3 ünvanı dəfələrlə polis nəzarətinə götürülüb. İddiaçının sakinlərin hüquqlarına və təhlükəsizliyinə zidd əməllərinə görə və digər qanunsuzluqlara etiraz olaraq cavabdeh iddiaçının ondan özbaşına yığdığı ödənişləri dayandırmış, qanunların icrası və hüquqların bərpası tələbi ilə rəsmi məktubla İddiaçı MMC-nin direktoru Nazim Əhmədova xx.xx.2021-ci il tarixində müraciət etmişdir. Qanuni tələbləri təmin etmək əvəzinə və yaxud rəsmi cavabla öz mövqelərini bildirmək əvəzinə qanunsuz ödənişləri etmədiyinə görə Cavabdeh cəzalandırmaq üçün Nazim Əhmədovun tapşırığı ilə xx.xx.2021-ci il tarixdə ailəsi ilə və o zaman üç yaşında olan övladları ilə yaşadığı mənzilin işıqları qanunsuz olaraq kəsilmişdir. Bunu görərək cavabdeh DİN-in “102” xidmətinə və "xxxx" ASC-nin 199 çağrı mərkəzinə müraciət etmişdir. Qısa zamanda gələn polis əməkdaşları işığın kəsildiyini və bu işdə kənar müdaxiləni müəyyən edərək, İddiaçı MMC-nin ofisinə məsələni aydınlaşdırmaq üçün getmiş, polisin müdaxiləsi nəticəsində elektrik ustası gələrək "xxxx" ASC-nin əməkdaşlarının iştirakı ilə Cavabdeh mənzilinin enerji təchizatını bərpa etmişdir. İddiaçı MMC idarəçiliyi qanunsuz əldə saxlayaraq yalnız öz maddi maraqlarına qulluq edir. “Kommunal xidmətlərə görə” adı ilə toplanan pulların hara getdiyi isə bəlli deyil. İddia ərizəsində hesabatları mütəmadi lövhəyə vurduqlarını qeyd etdikləri cümlə həqiqəti əks etdirmir. Cavabdeh bu cür hesabatları uzun illər ərzində heç bir dəfə belə görməmişdir. Belə olsaydı, çoxsaylı qoşmaların içində bir nüsxə hesabat da əlavə edərdilər. Şirkətin fəaliyyətinin qanunvericiliyin heç bir müddəasına uyğun aparılmadığı açıq-aydın görünür. Törətdikləri əməllərdə Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də görünür. Bloklarda və zirzəmidə antisanitariya hökm sürür. Bu illər ərzində cəzasız qalan özbaşınalıqlar nəticəsində şirkətin rəhbərliyi istənilən qanunsuz əməllərə əl atmaqdan çəkinmir. İddiaçının qeyd etdiyi borclara görə məhkəmə instansiyalarında baxılan işlər barəsində sübutlar, sakinlərə təqdim olunan bütün hesabatlar və digər əsas və dəlillər məhkəmə iclasında təqdim olunmalıdır. Məhkəmə bütün hüquqpozmalara münasibət bildirməlidir. Cavabdeh mülkiyyətində olan mənzilin kommunal xidmətlərindən istifadə etmək onun hüququdur və bu hüquq məhdudlaşdırıla bilməz. Eyni zamanda, kommunal xidmətlərə görə ödənişləri dövlətin müəyyən etdiyi tarif əsasında qanuna uyğun yaradılmış idarəetmə orqanına həvalə etmək həm konstitusion, həm də Mənzil Məcəlləsinə görə Cavabdeh hüququdur. Qanunsuz fəaliyyət göstərən İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə olmadığı üçün cavabdeh iddiaçı qarşısında öhdəlik daşımadığına görə bu şirkətə borcu yarana bilməz. Məhkəmə bu qanunsuz tələbləri təmin edərsə, Cavabdeh birbaşa Konstitusiya hüquqlarını və Mənzil Məcəlləsinin tələblərini pozmuş olacağını bilməlidir. İddiaçı MMC etiraza cavab olaraq yazılı şəkildə bildirmişdir ki, cavabdeh tərəfindən çoxmənzilli binaya xidmətlərin göstərilməsinə dair müqavilənin imzalanmaması ona faktiki olaraq istifadə etdiyi xidmətlərin haqqının ödənilməməsinə əsas verən hal deyildir. MMC tərəfindən faktiki xidmətlər göstərilmiş və binanın digər sakinləri kimi cavabdeh də həmin xidmətlərdən yararlanmışdır, belə olan halda isə xidmət haqqını ödəməlidir. Qeyd edilməlidir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3057/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin “cavabdehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 393-1.4-cü maddəsində nəzərdə tutulan tələb edilən borcun yüz əlli faizi məbləğində cərimə edilməsi” hissəsində iş üzrə icraata xitam verilmiş, iddiaçıya iddia tələbinin icraata xitam verilən hissəsi ilə əlaqədar aidiyyəti inzibati orqana müraciət etmək hüququnun olması və işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində ümumi məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunmuşdur. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 iddianı müdafiə edib, etirazın əsassız olduğunu bildirib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etirazın məzmununa uyğun izahat verdi. İddianı qəbul etmədiyini bildirib, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: İcraçı "xxxx" MTK ilə payçı Cavabdeh arasında bağlanmış kooperativ binada mənzil tikintisi üçün xx.xx.2008-ci il tarixli müqavilələrdən görünür ki, icraçı Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 25 ünvanında tikilən 16 mərtəbəli yaşayış binasının 1-ci blokunda 14-cü mərtəbədə 34 və 35 nömrəli mənzillərini payçıya verməyi öz öhdəsinə götürür. 34 nömrəli mənzil 2, 35 nömrəli mənzil 1 otaqdan ibarətdir, 34 nömrəli mənzilin ümumi sahəsi 98,9 m2; 34 nömrəli mənzilin ümumi sahəsi isə 68,6 m2 təşkil edir. İddiaçı MMC-nin ümumi iclasının xx.xx.2017-ci il tarixli 5 saylı Protokolundan görünür ki, kommunal xidmətinin haqqının 0,05 manat, yəni 0,45 manatdan 0,50 manata artırılması müəyyən edilmişdir. İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Kommunal xidmətlərin haqqının 0,45 manatdan 0,50 manata artırılması təsdiq edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-509/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “ünvan 4 saylı evin sahəsi 98.9 kv.metr olan 34-cü və sahəsi 68.6 kv.metr olan 35-ci mənzillərinin sakini (mülkiyyətçisi) olan Cavabdeh həmin binanın ümumi əmlakının saxlanılması xərclərinin əvəzi olaraq 2020-ci ilin noyabr ayından qətnamə qanuni qüvvəyə minənədək hər ay üçün 83 (səksən üç manat ) manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat məbləğində pulun tutularaq iddiaçı “Meridian-M» MMC-nin xeyrinə ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3397/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-509/2023 saylı iş üzrə 20 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 25A saylı evin 34 və 35-ci mənzillərinə dair kommunal xərclərə görə yaranmış 1909 manat borc və məhkəmə xərcləri üçün ödənilmiş 40 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir (qətnamənin əsaslandırıcı hissəsindən müəyyən edilir ki, həmin borc məbləği 2020-ci ilin noyabr ayından iddia ərizəsi ilə məhkəməyə müraciət edilən xx.xx.2022-ci ilədək olan dövrdə yaranmışdır). İddiaçı MMC tərəfindən 34 nömrəli mənzilin mülkiyyətçisi Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, mənzil üzrə xx.xx.2024-cü il tarixə yaranmış 710 manat məbləğində kommunal borcun 10 gün müddətində ödənilməsi ona təklif edilmişdir. İddiaçı MMC tərəfindən 35 nömrəli mənzilin mülkiyyətçisi Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, mənzil üzrə xx.xx.2024-cü il tarixə yaranmış 528 manat məbləğində kommunal borcun 10 gün müddətində ödənilməsi ona təklif edilmişdir. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 35,77 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli, 16 nömrəli arayışından görünür ki, Cavabdeh ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 98.9 kv.m və 68.6 kv.m olan 34 və 35 nömrəli mənzillərin sahibidir. Kommunal xidmətin ödənişi hər kv.metrə görə İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixli Qərarına əsasən 0,50 manat müəyyən edilmişdir. 34 nömrəli mənzilin sahəsi 98.9 kv.m x 0,50 manat = 49,45 manat, 35 nömrəli mənzilin sahəsi 68.6 kv.m x 0,50 manat = 34,3 manat aylıq ödəniş təşkil edir. Beləliklə, Nəsimi Rayon Məhkəməsində xx.xx.2022-ci il tarixində iddia qaldırılan gündən sonra xx.xx.2024-cü il tarixinə (may ayı daxil olmaqla) Cavabdeh İddiaçı MMC-yə kommunal xidmətlərə görə borcu (49,45 manat + 34,3 manat) x 19 ay = 1591 manat təşkil edir. İddia ərizəsinə, həmçinin, İddiaçı MMC-nin 1 aylıq kommunal xərcləri barədə hesabat cədvəli, liftlərə texniki xidmət göstərilməsi, məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi, mühafizə xidmətlərinin göstərilməsi barədə müqavilələr, dövlət mülkiyyətində olan torpaq sahəsinə görə icarə haqqının ödənilməsi haqqında xəbərdarlıq əlavə edilmişdir. Etiraza isə Bakı şəhər Baş Polis İdarəsinin müxtəlif tarixli məktubları, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubu, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ərizə və digər sənədlər, videomaterialların olduğu CD-disk əlavə edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində hazırkı iş üzrə iddia ərizəsinin imzalanma məlumatları olan pəncərədən görünür ki, iddia ərizəsi xx.xx.2024-cü ildə imzalanmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilələrə əsasən, MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 25 ünvanında tikilən 16 mərtəbəli yaşayış binasının 1-ci blokunda 14-cü mərtəbədə ümumi sahəsi 98,9 m2 olan 34 nömrəli və ümumi sahəsi 68,6 m2 olan 35 nömrəli mənzillərin cavabdehə verilməsi barədə razılığa gəlinmiş və göstərilən mənzillər hazırda cavabdehin mülkiyyətindədir. Bina istismara verildikdən sonra sahə mülkiyyətçiləri tərəfindən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmamış, bina idarəedici təşkilat qismində iddiaçı tərəfindən idarə olunmağa başlanmışdır. İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixdə keçirilmiş iclasında kommunal xidmət haqlarının 0,45 manatdan 0,50 manata artırılması qərara alınmışdır. İddiaçı müxtəlif hüquqi şəxslərlə imzaladığı binada liftlərə texniki xidmət göstərilməsi, məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi, mühafizə xidmətlərinin göstərilməsi barədə müqavilələri və aylıq xərclərin hesabat cədvəlini iddia ərizəsinə əlavə etmişdir. İddiaçının təşkilatçılığı ilə binada kommunal xidmətlərin göstərilməsi işin mübahisələndirilməyən halını təşkil edir. Buna baxmayaraq, cavabdeh mənzillərinin olduğu binada göstərilən kommunal xidmətlərə görə haqqı iddiaçı ilə aralarında müqavilə olmaması və başqa bir sıra səbəbləri əsas gətirərək, ödəmir. Belə ki, 2020-ci ilin noyabr ayından xx.xx.2022-ci ilədək olan dövr ərzində kommunal xidmətlərə görə cavabdehin iddiaçıya yaranmış 1909 manat məbləğində borcu iddiaçının tələbi əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehdən tutularaq iddiaçıya ödənilmişdir. Lakin xx.xx.2022-ci il tarixdən etibarən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilən xx.xx.2024-cü il tarixədək cavabdeh yenə də iddiaçıya kommunal xidmət haqlarını ödəməmişdir. İddiaçı tərəfindən cavabdehə göstərilmiş kommunal xidmətlərin əvəzinin 10 gün müddətində ödənilməsi barədə xx.xx.2024-cü il tarixli yazılı qaydada xəbərdarlıq verilsə də, cavabdeh heç bir ödəniş etməmişdir. Hazırda iddiaçı göstərilmiş kommunal xidmətlərə görə 1.577 manat məbləğində pul vəsaitinin və iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə görə çəkilmiş xərclərin cavabdehdən tutulmasını xahiş edir. İddia tələbi ilə əlaqədar məhkəmə hesab edir ki, iddiaçı göstərilən xidmətlərin haqqını cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Belə ki, qanunvericiliyin tələbinə əsasən mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan mənzil-tikinti kooperativi üzvləri yaşayış sahəsinin saxlanması və təmirinə görə, habelə kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi daşıyırlar. Bir daha qeyd olunur ki, binanın sakinləri tərəfindən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmamışdır və bina idarəedici təşkilat qismində iddiaçı tərəfindən idarə olunur. İdarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri isə kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəməlidirlər. Tərəflər arasında müqavilənin olmaması isə cavabdehə faktiki olaraq istifadə etdiyi xidmətlərin haqqının ödənilməməsinə əsas verən hal hesab olunmur. Çünki müqavilənin hər bir sahə mülkiyyətçisi ilə iddiaçı arasında bağlanması imperativ göstəriş olmamaqla yanaşı, cavabdehin ümumi binanın saxlanmasına çəkilən xərclərə görə müəyyənləşdirilmiş məbləğdə ödəniş etməsi isə onun qanundan irəli gələn vəzifəsi kimi müəyyən edilmişdir. Hazırkı işdən də müəyyən edilir ki, iddiaçı tərəfindən faktiki xidmətlər göstərilmiş və binanın digər sakinləri kimi cavabdeh də həmin xidmətlərdən yararlanmışdır, belə olan halda isə məhkəmə hesab edir ki, cavabdeh həmin xidmətlərin haqqını ödəməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları təsbit edilmişdir. Belə ki, buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir. Beləliklə, hazırkı iş üzrə iddiaçının pul tələbinin (buna müvafiq olaraq, cavabdehlərin pul ödəmək öhdəliyinin) müqavilədən və ya qanundan irəli gəldiyi aydınlaşdırılmalıdır. İddiaçı xidmətlərin faktiki olaraq göstərildiyini və binanın digər sakinləri kimi, cavabdehin də bu xidmətlərdən yararlandığını bildirir, cavabdeh isə iddiaçı tərəfindən xidmətlərin göstərilməsini mübahisələndirmir. Belə olan halda, iddia tələbinin hüquqi əsas(lar)ını tapmaq, başqa sözlə, tələbin müqavilədən, yaxud qanundan irəli gələn öhdəliklər çərçivəsində həll edilməsi məhkəmənin vəzifəsidir. Çünki mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (məhkəmə hüququ bilir) prinsipinə əsasən, hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıdığından tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə olmasa da, binada kommunal xidmətlərin faktiki olaraq iddiaçı tərəfindən göstərilməsi və bina sakinlərinin bu xidmətlərdən yararlanmaları işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, bu hal ona dəlalət edir ki, sahə mülkiyyətçiləri binaya kommunal xidmətlər göstərilməsini iddiaçıya tapşırmışlar. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı binaya xidmət göstərilməsi ilə bağlı əqddə razılaşdırılmış hərəkətləri faktiki olaraq icra etmiş və edir. Odur ki, iddiaçının tələblərinin müqavilə əsası araşdırılarkən tərəflər arasında tapşırığa dair mülki hüquqi münasibətlər olması nəzərə alınmalıdır. Belə ki, mülki qanunvericiliyə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Bu əqd əsasında tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri icra etməyi öhdəsinə götürür. Göstərilmiş xidmətin əvəzi isə şərtləşdirildikdə və ya şəraitə görə zəruri olduqda ödənilməlidir. Məhkəmə vurğulayır ki, iddianın müqavilə əsası müəyyən edilməsə (tərəflər arasında müqavilə münasibətləri olmasa) belə, məhkəmə tərəfindən tələblərin qanundan irəli gələn öhdəliklər (bu işin halları baxımından özgə işlərini tapşırıqsız aparma normaları) çərçivəsində əsaslı olub-olmamasına hüquqi qiymət verilə bilər. Belə ki, binaya xidmət göstərilməsi ilə bağlı bir sıra işlərin iddiaçı tərəfindən həyata keçirilməsi, bu işlərin görülməsinin bir qayda olaraq sahə mülkiyyətçilərinin mənafeyinə uyğun olması və onların bu xidmətlərdən yararlanmaları mübahisəsizdir. Belə olan halda iddiaçının tələbinə Mülki Məcəllənin 1087-ci və digər aidiyyəti maddələri çərçivəsində hüquqi qiymət verilmədən rədd edilməsi əsaslı yanaşma hesab edilə bilməz. O da nəzərə alınmalıdır ki, sözügedən xidmətlər tapşırıqsız aparıldıqda belə onların sonradan bəyənilməsi ilə tərəflərin münasibətinə yenə də tapşırıq haqqında müddəaların tətbiq edilməli olduğu qanunda açıqca göstərilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasındakı münasibətlər mülki hüquqi müqaviləyə söykənir, lakin hətta müqavilə olmasaydı da belə, cavabdehlərin mənzil qanunvericiliyində göstərilmiş vəzifələri nəzərə alındıqda və iddiaçının göstərdiyi xidmətlərdən cavabdehin yararlanmasına baxmayaraq, göstərilmiş xidmətlərin əvəzini ödəməmələri məhkəmə tərəfindən müəyyən edildiyindən, bu hallar məhkəməyə iddiaçının hazırki iddia tələbi ilə müraciət etməyə subyektiv hüququnun olması qənaətinə gəlməyə əsas verir. Cavabdehin etirazında bildirdiyi hallar isə onun yararlandığı xidmətlərin haqqını ödəməkdən imtinasına əsas verən hal deyildir və haqlı tələbin rədd edilməsinə dəlalət edə bilməz. Belə ki, cavabdeh göstərdiyi digər – hazırkı mübahisəyə birbaşa aidiyyəti olmayan hallarla bağlı məhkəmədə müstəqil iddia qaldıra bilər. Həmçinin, iddiaçının xidmətlərindən narazı olan cavabdeh və digər sakinlər mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini (MMMC) təsis edərək, binanın saxlanılmasını həmin cəmiyyət vasitəsilə həyata keçirməklə iddiaçını idarəçilikdən kənarlaşdıra da bilərlər. İstifadə etdiyi liftin istismarı, yaşayış sahəsinin saxlanması, blokların sanitariyası ilə bağlı xidmətlər, giriş bloklarının işıqlandırılması ilə bağlı olan elektrik enerjisinin haqqını, binada onun yaşadığı mənzilin mühafizəsi və s. ilə bağlı iddiaçının tələb etdiyi digər ödənişlərin cavabdeh tərəfindən ödənilməsinin zəruriliyi faktı mübahisəsizdir. Beləliklə, məhkəmə hesab edir ki, müqavilələr ilə cavabdehə verilmiş mənzillərin sahəsinin 98,9 və 68,6 m2 olmaları müəyyən edildiyindən, məhkəmə hesab edir ki, xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilədək hər ay cavabdeh iddiaçıya 34 nömrəli mənzilə görə 49,45 manat (98,9 x 0,50 AZN) və 35 nömrəli mənzilə görə 34,30 manat (68,6 x 0,50 AZN) məbləğində ödəniş etməli idi. Cavabdeh isə həmin dövr ərzində ümumiyyətlə ödəniş etməmiş, bununla da, öhdəliyini lazımi qaydada icra etməmişdir. Beləliklə, cavabdehin iddiaçıya xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilədək olan 1 il 6 ay 5 günlük müddət ərzində cəmi borcu 1.521,45 manat [(34 nömrəli mənzilə görə: (18 ay x 49,45 manat) + (1,64 manat (1 gün) x 5 gün) = 898,34 manat); 35 nömrəli mənzilə görə isə: (18 ay x 34,30 manat) + (1,14 manat (1 gün) x 5 gün) = 623,11 manat)] təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, tələb qismən təmin edilməli, Cavabdeh 1.521,45 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Məhkəmə hazırki mübahisəyə aşağıdakı hüquq normalarını tətbiq edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 777.1-777.2-ci maddələrinə görə, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 783.2-783.3-cü maddələrinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. 1087.1-1087.2-ci maddələrinə görə, özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. 1090.1-ci maddəsinə müvafiq olaraq, əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır; 6.0, 6.0.8, 6.0.10-cu maddəsindən görünür ki, mənzil qanunvericiliyi çoxmənzilli binaların idarə edilməsi; kommunal xidmətlərin göstərilməsi; yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir. 29.3-cü maddəsinə görə qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır; 38.1-38.2-ci maddəsinə görə, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; 135.2 və 135.2.4-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; kommunal xidmətlərə görə haqq; 136.3-136.4-cü maddəsinə görə, yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 137.1-ci maddəsinə görə çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir; 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər; 137.9-137.10-cu maddələrinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir; 140.1-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur; 141.1-ci maddəsinə çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir; “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarının 3-cü bəndinin “b” yarımbəndinə əsasən, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər; Konstitusiya Məhkəməsinin Plenumu “Bakı şəhər icra hakimiyyəti başçısının “Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999-cu il 5 oktyabr tarixli 961 saylı sərəncamı barədə” 2 mart 2000-ci il tarixli Qərarında qeyd etmişdir ki, tam özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqil surətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçılıq subyektləri seçməyə ixtiyarı vardır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1.521,45 (bir min beş yüz iyirmi bir manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, dövlət rüsumunun 31 manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə verilməli, qalan hissəsi İddiaçı MMC-yə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1.521,45 (bir min beş yüz iyirmi bir manat qırx beş qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilsin. İş üzrə ödənilmiş 32,38 (otuz iki manat otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun 31 (otuz bir) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə verilsin, qalan hissəsi İddiaçı MMC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-3057/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3057/2024
17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver