Məhkəmə qərarları › İş №e-2(006)-3058/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3058/2022

26.07.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3058/2022 26.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsinə daxil olmağa qarşı yaradılmış maneənin aradan qaldırılması və həmin yaşayış sahəsinə köçürülmə tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsinə daxil olmağa qarşı yaradılmış maneənin aradan qaldırılması və həmin yaşayış sahəsinə köçürülmə tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1987-ci ildə nikaha daxil olmaqla sabiq və mərhum həyat yoldaşı X4 ilə Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı iki mərtəbəli evdə yaşamaqla birgə təsərrüfat aparmışdır. Bu evlilikdən iki övladları - Vidadi və Əliəkbər adlı iki oğlu anadan olmuşdur. İddiaçı X4 ilə nikahları pozulmuş, həmin evdə yaşayan mərhum qayınatası X6 və sabiq mərhum yoldaşı X4 tərəfindən yaşayış yerindən çıxarılmağı ilə əlaqədar onlara qarşı mənzilə köçürülməyə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2010-cu il tarixli, 2(006)-3683/2010 saylı qətnaməsi ilə iddiaçının ünvan 1 ünvana köçürülməsi qət edilmişdir. X7 və Qafar Yusifov tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayəti əsasında, apellyasiya məhkəməsi şikayəti təmin etməmiş, 13 yanvar 2011-ci il tarixli, 2(103)-364/10 saylı qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2010-cu il tarixli, 2(006)-3683/2010 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İmamverdi Yusifov və Qafar Yusifov tərəfindən kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin Mülki Kollegiyasının 29 iyun 2011-ci il tarixli, 2(102)-1902/11 saylı qərarı ilə Apellyasiya Məhkəməsinin 13 yanvar 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2010-cu il tarixli qətnaməsi ilə müəyyən edilir ki, mübahisəli ev iki mərtəbədən ibarətdir. Bakı Apellyasiya Məhkəməsinin 13 yanvar 2011-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin 29 iyun 2011-ci il tarixli qərarı ilə müəyyən edilir ki, M.Əlizadə küçəsi, 46/48 saylı ünvandakı ev özbaşına tikintidir və evin kirayəşini X1. Hazırda iddiaçı qeyd olunan M.Əlizadə küçəsi, ev 46/48 ünvanında yaşayır. Evin kirayəşini İmamverdi Yusifov və iddiaçının sabiq həyat yoldaşı Qafar Yusifov dünyalarını dəyişmişlər. 02 mart 2018-ci il tarixli, 2 V-136 reyestr nömrəli vəsiyyətnamə ilə iddiaçının mərhum qayınatası İmamverdi Yusifov harada olmasından və nədən ibarət olmasından asılı olmayaraq ölüm gününədək ona məxsus olan bütün əmlakını, ünvan 2 ünvanda qeydiyyatda olan Cavabdeh vəsiyyət etməsini bildirmişdir. Hazırda Cavabdeh iddiaçının yaşadığı M.Əlizadə küçəsi, 46/48 ünvana aid olan özbaşına tikilinin alt qatında yerləşən X7un oturduğu otağın qapısını bağlayaraq həmin hissənin vəsiyyət üzrə ona məxsus olduğunu bildirir. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evin (alt qatı) birinci mərtəbəsində yerləşən, M.Əlizadə 46/48 ünvana aid olan iddiaçının mərhum qayınatası X3 qaldığı yaşayış sahəsinə daxil olmaq üçün Cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması və iddiaçının həmin yaşayış sahəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə göndərərək, iddianı tam olaraq qəbul etdiyini bildirmişdir. Eyni zamanda, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştiraçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(006)-3683/2010 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı cavabdehlərə münasibətdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 46 saylı evin 48 saylı mənzilinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli, 2(103)-364/2010 saylı qətnaməsi ilə cavabdehlər X5 və X2 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(006)-3683/2010 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1902/2011 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarındakı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, xx.xx.2013-cü il tarixli arayışına əsasən İddiaçı ünvan 3 ünvanında pasport qeydiyyatındadır. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu N.M.Səmədov tərəfindən verilmiş 02 mart 2018-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Yusifov İmamverdi harada olmasından və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək ona məxsus olan bütün əmlakını, ünvan 2 ünvanda qeydiyyatda olan Cavabdeh vəsiyyət etmişdir. Əsaslandırıcı hissə: Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd olunduğu kimi cavabdeh iddia tələbinin təmin edilməsinə razı olması ilə əlaqədar məhkəməyə ərizə təqdim etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evin (alt qatı) birinci mərtəbəsində yerləşən, M.Əlizadə 46/48 ünvana daxil olmaq üçün Cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılmalı və İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evə köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evin (alt qatı) birinci mərtəbəsində yerləşən, M.Əlizadə 46/48 ünvana daxil olmaq üçün Cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılsın və İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar