Məhkəmə qərarları › İş №e-2(006)-3066/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3066/2022

07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3066/2022 07.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-nin nümayəndələri X2 və X3 iştirakları ilə İddiaçı cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı “borcun silinməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı “borcun silinməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 yanvar 2020-ci il tarixində iddiaçı ilə Cavabdeh ASC arasında CP_BMR -281470-02_RUB nömrəli “X5” müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Bank müqaviləyə uyğun olaraq Müştəriyə Multivalyuta kart məhsulunu açmaq, açılmış hesablara pul vəsaitini daxil etmək və hesablar üzrə əməliyyatların aparılmasına dair Müştərinin sərəncamlarını yerinə yetirmək, həmçinin Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada pul vəsaitini müştəriyə qaytarmaq öhdəliyini, müştəri isə banka tariflərdə qeyd olunmuş komisyon haqlarını ödəmək öhdəliyini üzərinə götürür. Müqavilənin 2.5-ci bəndinə əsasən, kart hesabından fərqli olan valyutada aparılan əməliyyatlar üçün Bankın xidmətlərinin əməliyyat aparıldığı ana qüvvədə olan tariflər tətbiq edilir. Müqavilənin 2.7-ci bəndinə əsasən, Bank müştəriyə RUB,USD,EUR, AZN valyutalarda kart hesabları açır, xidmətlərini və şərtlərini Bankın əməliyyat aparıldığı ana qüvvədə olan tariflərinə uyğun olaraq həyata keçirir. 24 fevral 2022-ci il tarixdə saat 16:09 radələrində sözügedən kartdan əvvəlcə 22 manat (qalıq 771906,68 rubl), saat 22:08 radələrində 15000 manat (qalıq 6678,25 rubl) və 70 manat (qalıq 3054,90 rubl) məxaric edilmişdir. Hər üç əməliyyat uğurla nəticələnmiş və bununla bağlı mobil nömrəyə “sms-bildiriş” daxil olmuşdur. Sonradan, 09 mart 2022-ci il tarixdə saat 15:57 radələrində iddiaçının mobil nömrəsinə “sms-xəbərdalıq” daxil olmuşdur. Həmin “sms-xəbərdarlıq”da kart üzrə sonuncu əməliyyatlarda texniki “overdraft” səbəbindən borcun olduğu və yaranan borcun ödənilməsi xahiş olunur. İddiaçı sözügedən məsələ ilə bağlı xx.xx.2022-ci il tarixində banka müraciət ünvanlamışdı. Müraciətinə cavab olaraq Cavabdeh ASC tərəfindən xx.xx.2022-ci il tarixində cavab məktubu ünvanlanmışdır. Cavab məktubunda qeyd edilmişdir ki, onunla bank arasında bağlanmış 27 yanvar 2020-ci il tarixli, CP_BMR-281470-02_RUB saylı “X5 müqaviləsi”nin 2.10-cu bəndinə əsasən ödənişin silinmə növbəliliyi ilə: 1-ci Aktiv hesab RUB valyutası ilə, 2-ci USD hesab valyutası ilə, 3-cü EUR hesab valyutası ilə, İV-cü AZN hesab valyutası ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. 28 fevral 2022-ci il tarixində müqavilə üzrə 188 456,05 RUB məbləğində Texniki overdraft yaranmışdır. Həmin borc üzrə gündəlik 188 456,05 x 50% / 360 = 261,7445 prinsipi ilə faiz hesablanması nəzərdə tutulduğundan 28 fevral 2022-ci il tarixindən 14 mart 2022-ci il tarixinədək 4187,91 RUB məbləğində faiz hesablanmış və beləliklə 14 mart 2022-ci il tarixinə ümumi borcu 192 643,98 RUB təşkil edir. Tərəfindən 24 fevral 2022-ci il tarixində 15 000,00 manat məbləğində köçürmə əməliyyatı həyata keçirilmiş və həmin tarixdə məbləğin rus rublu ekvivalenti 765 228,43 RUB təşkil edərək, həmin məbləğ hesabda bloklaşdırılmışdır. Banklararası aparılan nağdsız hesablaşma sisteminə əsasən qeyd edilən əməliyyatın uçotu 28 fevral 2022-ci il tarixində aparılmışdır və həmin tarixdə məbləğin rus rublu ekvivalenti 955 413,78 RUB təşkil edərək hesabdan silinmişdir; bu isə Texniki overdraftın yaranmasına səbəb olmuşdur. Həyata keçirilmiş əməliyyat müxtəlif prosessinq mərkəzləri arasında icra olunması səbəbindən silinmə əməliyyatı köçürmənin həyata keçirildiyi gündə baş vermir. Həmçinin, müqavilənin 4.4.2-ci bəndinə əsasən Texniki overdraftın yarandığı andan banka olan borc icra edilməmişdir. Lakin, bank hər zaman müştərilərə dəstək verməyə hazırdır və bununla bağlı bank tərəfindən yaranmış overdraft aşkarlanaraq 09 mart 2022-ci il tarixində məlumat yönləndirilmişdir.” İddiaçının kart sahibi olaraq yaranmış borcun onunla heç bir əlaqəsi yoxdur. Bankla iddiaçı arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq ona məxsus kart hesabına istədiyi zaman mədaxil edə, eləcə də kartdan istədiyi zaman məxaric edə bilər. Baxmayaraq ki, kart hesabı RUB (Rusiya rublu) valyutasıyla 24 fevral 2022-ci il tarixində iddiaçı tərəfindən kart hesabından “card to card” əməliyyatı vasitəsi ilə 15.000 manat məxaric edilmişdir. Məxaric olunan məbləğ uğurla yekunlaşmış, mobil telefona bununla bağlı “sms-bildiriş” yönləndirilmişdir. Həmin tarixdə bank tərəfindən 15000 manatın rus rubluna konvertasiyası aparıldıqdan sonra “sms-bildiriş”də hesabda qalıq olaraq 6678.25 rublun qaldığı qeyd edilmişdir. Lakin, əməliyyat 24 fevral 2022-ci il tarixində aparılsa da, nədənsə həmin əməliyyat bank sistemində xx.xx.2022-ci il tarixində əks olunmuşdur. Göstərilənlərə əsasən tərəflər arasında bağlanmış 27 yanvar 2020-ci il tarixli, CP_BMR -281470-02_RUB nömrəli “X5” müqaviləsi üzrə yaranmış borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndələri X4 və (eyni zamanda vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-nin nümayəndələri X6 və X7 iddia tələbinə etiraz edərək, bildirmişlər ki, iddia tələbi əsassızdır. xx.xx.2022-ci il tarixində müqavilə üzrə 188.456,05 rubl məbləğində texniki overdraft yaranmışdır. Həmin borc üzrə gündəlik faiz hesablanması nəzərdə tutulduğundan 28 fevral 2022-ci il tarixindən 14 mart 2022-ci il tarixinədək 4187,91 rubl məbləğində faiz hesablanmışdır. Buna görə də iddiaçının 22 iyun 2022-ci il tarixinə ümumi borcu 218.231,91 rubl təşkil etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "Bank VTB (Azərbaycan)" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, CP_BMR-281470-02_RUB nömrəli “X5” müqaviləsinə əsasən Bank müqaviləyə uyğun olaraq Müştəriyə Multivalyuta kart məhsulunu açmaq, açılmış hesablara pul vəsaitini daxil etmək və hesablar üzrə əməliyyatların aparılmasına dair Müştərinin sərəncamlarını yerinə yetirmək, həmçinin Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada pul vəsaitini müştəriyə qaytarmaq öhdəliyini, müştəri isə banka tariflərdə qeyd olunmuş komisyon haqlarını ödəmək öhdəliyini üzərinə götürür. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, kart hesabından fərqli olan valyutada aparılan əməliyyatlar üçün Bankın xidmətlərinin əməliyyat aparıldığı ana qüvvədə olan tariflər tətbiq edilir. Eyni müqavilənin 2.7-ci bəndinə əsasən, Bank müştəriyə RUB, USD, EUR, AZN valyutalarda kart hesabları açır, xidmətlərini və şərtlərini Bankın əməliyyat aparıldığı ana qüvvədə olan tariflərinə uyğun olaraq həyata keçirir. Müqavilənin 4.4.2-ci bəndinə görə müştərinin Kart hesabı üzrə ödəniş limiti (kartın əməliyyat anına olan aktiv balansı) çərçivəsində Kart əməliyyatları aparmaq və Kart hesabı üzrə texniki kart overdraftının yaranmasına yol verməmək vəzifələri nəzərdə tutulmuşdur. İstinad olunan bəndin müddəasında həmçinin texniki overdraftın yaranacağı təqdirdə, müştəri tərəfindən texniki overdraftın yarandığı andan etibarən Banka olan borcunu ödəmək vəzifəsi, əks halda isə, Bank tərəfindən müştəriyə Bankın tarifləri ilə nəzərdə tutulan miqdarda dəbbə pulun tətbiqi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bankın müştərisi X1 adına xx.xx.2007-ci il tarixində açılmış AZ041BAZ******************** saylı hesaba bağlı olan 4127****2229 saylı karta xx.xx.2022ci il tarixində 14.925 manat məbləğində vəsait daxil olmuşdur. İş materiallarında olan "Bank VTB (Azərbaycan)" ASC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli “texniki overdraft müqaviləsi” üzrə xx.xx.2022-ci il tarixə əsas borc üzrə 188.399,41 RUB, faiz borcu üzrə 29.832,50 RUB, cəmi 218.231,91 RUB borcu mövcuddur. Əsaslandırıcı hissə: Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Overdraft (ing. overdraft ) — müştəri-borcalanın hesablaşma hesabında vəsait çatmadıqda və ya olmadıqda onun tərəfindən hesablaşma sənədlərinin ödənilməsi üçün müştərinin hesablaşma hesabının bank tərəfindən kreditləşdirilməsidir. Bu zaman bank müştərinin hesabından vəsaiti tam həcmdə çıxarır, yəni avtomatik olaraq müştəriyə vəsait qalığından artıq məbləğdə kredit verir. Overdraftın 4 növü vardır: -Overdraft standartı (klassik), -Öncədən overdraft — kassa və hesablaşma xidmətlərinin cəlb edilməsi məqsədilə (əsasən etibarlı müştərilərə) verilir. -İnkasso üçün overdraft — hesablaşma hesabının kredit dövriyyəsi yığılmış pul vəsaitlərinin (o cümlədən müştərinin özü tərəfindən hesablaşma hesabına köçürülənlər) ən azı 75%-ni təşkil edən müştəriyə verilir. -Texniki overdraft müştərinin maliyyə vəziyyəti nəzərə alınmadan, borcalanın hesabına verilmiş hesaba zəmanətli qəbzlər (Birjada valyuta satışı/alınması, müddətli depozit qaytarılana qədər və s.) müqabilində verilir. Məhkəmə qeyd edir ki, overdraft anlayışı əksər hallarda kredit kartlarına şamil edilir. İddiaçı isə Bankdan debit kartı əldə edib. Beynəlxalq təcrübəyə əsasən, debit kartları üzrə overdraftın yaranması şübhəli və mübahisəli məsələdir. Debit kartı üzrə texniki overdraft faktiki olaraq müştərinin balansında mövcud olmayan maliyyə vəsaitinin Bank tərəfindən silinməsi deməkdir. Müştəri ilə imzalanan müqavilənin debit yox, standart kredit müqaviləsi olması yuxarıda qeyd olunan problemin əmələ gəlməsinə və nəticədə müştəriyə əsassız borcun yaranmasına səbəb olmuşdur. Müqavilənin standart kredit müqaviləsi olmasını həmin müqavilənin 5-ci maddəsinin 5.2-ci bəndi və Müqavilənin 1 nömrəli Əlavəsi (Yaddaş Kitabçası) sübut edir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən Bank Müştərinin faktiki sahibliyində olmasından asılı olmayaraq, 3D-Secure və PİN-koddan istifadənin nəticələrinə görə kart hesabı üzrə əməliyyatlara görə (o cümlədən, kredit kartı ilə bağlı fırıldaqçılığa görə) məsuliyyət daşımır. Əlavə 1 (Yaddaş Kitabçası) 18-ci qeydinə əsasən ödəniş kartından istifadə zamanı kartın kredit limiti üstələndikdə Sizin kart hesabı müqaviləsinə uyğun olaraq təkrar limit məbləğinə cərimə faizləri hesablanacaq. Məhkəmə qeyd edir ki, İddiaçı ona məxsus debit kartı üzrə əməliyyata görə aktiv balansı kifayət etmədiyi təqdirdə Bank tərəfindən ona hər-hansı bir kreditin verilməsi ilə bağlı heç bir öhdəlik götürülməmişdir. Bununla bağlı müqavilədə heç bir maddə, bənd mövcud deyildir. Belə olduğu təqdirdə 24 fevral 2022-ci il tarixində İddiaçı tərəfindən edilən əməliyyat üzrə Bank tərəfindən 188.456,05 rubl məbləğində vəsaitin ona kredit olaraq verilməsi və sonradan onu müştəriyə “borc” kimi təqdim etməsi və əlavə olaraq üzərinə dəbbə pulunun hesablanması ədalətsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqavilədə “Bankın Tarifləri” anlayışı mövcuddur ki, müqavilənin heç bir bəndində bu anlayışın açıqlaması verilməmiş və bu anlayışın hansı mənada ifadə olunduğu müəyyən edilməmişdir. Bu halda “Bankın Tarifləri” anlayışı müştəri tərəfindən valyuta məzənnəsi ilə bağlı olan tariflər (yəni valyuta mübadiləsi üzrə olan kurs) kimi başa düşülə bilər. Belə olduğu halda isə müqavilənin 2.3-cü və 2.5-ci bəndləri müştərinin (iddiaçının) mövqeyinin haqlı olduğunu sübut edir. Bundan əlavə, məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış Müqavilənin 4.4.2-ci bəndi məzmununa görə qüsurlu olmaqla onun tələblərinin müştəri (iddiaçı) tərəfindən real olaraq icrası mümkün deyildir. Belə ki, müştərinin hər-hansı bir konkret vaxt kəsiyində icra etdiyi kart əməliyyatı (məs. pul köçürmə) üzrə hesablaşmanın bir neçə gün sonra həyata keçirilməsi və hesablaşmanın aparıldığı anda valyutanın (hazırki halda rus rublu) kursunun dəyişməsini müştəri olaraq iddiaçı qabaqcadan görə (bilə) bilməzdi ki, həmin “texniki kart overdraftı”nın yaranmasına yol verməmək imkanına malik olsun. Buna görə də iddiaçının bu cür şərtin olduğu müqavilə ilə razılaşaraq imzalamasına baxmayaraq, onun tərəfindən real olaraq həmin öhdəliyin yerinə yetirilməsi mümkün deyildir. Başqa sözlə, Müqavilənin heç bir bəndində “Kart hesabı üzrə texniki kart overdraftının yaranmasına yol verməmək” anlayışının icra mexanizmi müəyyən edilməmişdir. Yəni, müştərinin bu cür halın baş verib-verməməsinə hər-hansı bir müdaxilə edə bilməsi və bunu öncədən əlaqələndirməsi və ya proqnoz etməsi mümkünsüzdür. Mülki Məcəllənin 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Bu Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olan, yaxud icrası mümkün olmayan şərt etibarsızdır. Belə şərtdən asılı olan əqd tamamilə etibarsızdır (MMnin 328.2-ci maddəsi). Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, "Bank VTB (Azərbaycan)" ASC ilə İddiaçı arasında bağlanmış 27 yanvar 2020-ci il tarixli, CP_BMR - 281470-02_RUB nömrəli “X5” müqaviləsi üzrə yaranmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "Bank VTB (Azərbaycan)" ASC ilə İddiaçı arasında bağlanmış 27 yanvar 2020-ci il tarixli, CP_BMR -281470-02_RUB nömrəli “X5” müqaviləsi üzrə yaranmış borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar