Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3067/2024 29.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "işə bərpa və pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdehnə qarşı "işə bərpa və pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Ələsgərovna (bundan sonra - İddiaçı) cavabdeh işəgötürən Cavabdeh (bundan sonra – Cavabdeh) tərəfindən xx.xx.2007-ci ildə işə götürülmüşdür. İddiaçı xx.xx.2014-cü il tarixində həmin X9n “Avtomatika, telemexanika və elektronika” kafedrasında assistent vəzifəsinə keçirilmiş, daha sonra “İdarəetmə və sistemlər mühəndisliyi” kafedrasına assistent vəzifəsinə təyin olunmuşdur. “İdarəetmə və sistemlər mühəndisliyi” kafedrasının adı xx.xx.2021-ci ildə dəyişdirilərək “Elektronika və avtomatika” kafedrası adlandırılmışdır. İddiaçının xx.xx.2024cü il tarixində 5 illik müddətli əmək müqaviləsinin müddəti bitmiş, 2 ay müddətinə yeni müddətli əmək müqaviləsi bağlanmışdır. Qeyd olunan əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli 3-29-50/3-1-1442/2024 nömrəli əmrə əsasən xx.xx.2024cü il son iş günü hesab olunmaqla, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə müddətin bitməsinə əsasən İddiaçının əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı 17 il fasiləsiz olaraq Ali Təhsil müəssisəsində çalışmış, həmin illər boyu cavabdehlə əmək münasibətlərində olmuşdur. Buna görə də onunla bağlanmış əmək müqaviləsi müddətli deyil, müddətsiz olmalıdır. Hesab edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə müddətsiz müqavilə olmalı olduğu halda müddətli müqavilənin bağlanması qanunsuz hesab olunmalı, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv olunmalı və iddiaçı işə bərpa olunmalıdır. Hazırki halda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin müvəqqəti, mövsümi deyil, daimi xarakterə malik olması, bu halın qabaqcadan işəgötürənə bəlli olması, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı hallar müəyyən edilməməsi səbəbindən tərəflər arasında müddətli əmək müqaviləsinin bağlanması əsassız və qanunsuz olmuşdur. Məhkəmə praktikasından da məlum olur ki, müddətli əmək müqaviləsi üzrə müddətin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələrin həlli zamanı, ilkin olaraq işçinin müəssisədə nə vaxtdan işləməsinə nəzər yetirilməlidir. İddiaçı cavabdehin müxtəlif strukturlarında fərqli vəzifələrdə 17 il müddətində işləmiş və öz vəzifə öhdəliklərini lazımi şəkildə yerinə yetirmiş, lakin buna baxmayaraq cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli əmrlə onunla 2 ay müddətinə bağlanılmış əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilmişdir. Hazırkı vəziyyətdə işçi ilə 2 aylıq müqavilə bağlanılması işəgötürənin öz üstün mövqeyindən və dövlətin vermiş olduğu səlahiyyətlərdən sui-istifadə etdiyini sübut edir. Həmin əmr qanuni hesab oluna bilməz və qanunsuz əmr 17 ildən çoxdur mövcud sistemdə işləyən, bu sahədə kifayət qədər təcrübəsi olan işçinin hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Hazırki mübahisədə iddiaçının uzun illər ərzində müddətsiz işlədiyini, özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən qısa müddətli əmək müqaviləsi bağlayaraq xaric olunması işəgötürənin öz üstün mövqeyindən sui-istifadə etdiyini sübut edir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsi işəgötürənin işçi ilə əmək münasibətlərini davam etdirdiyini sübut edir. Cavabdehin iddiaçı ilə bağladığı əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək 2 aylıq müddətli əmək müqaviləsi olması müqavilədə qeyd olunmamışdır. Əlavə olaraq, cavabdeh işəgötürən tərəfindən verilmiş məlumata əsasən iddiaçı ilə əmək münasibətlərinin davam etdirilməməsinə səbəb kafedra tərəfindən keçirilmiş qanunvericiliyə zidd “müsabiqə” olmuşdur. Hesab edilir ki, kafedra tərəfindən gizli səsvermə qanunsuz təşkil olunmuş və eyni zamanda gizli səsvermənin nəticələrinə uyğun qəbul edilmiş elmi-şuranın qərarı da etibarsız hesab olunmalıdır. Qanunvericilik birmənalı olaraq müsabiqənin iki üsulla keçirilməli olduğunu müəyyən etmişdir. Əmək qanunvericiliyində kafedra heyəti tərəfindən işçilərlə əmək münasibətlərinin davam etdirilməsi barədə səsvermə keçirilməsi nəzərdə tutulmamışdır. Halbuki, iddiaçı əmək qanunverciliyində nəzərdə tutulmayan gizli səsvermə üsulu ilə müsabiqədə qiymətləndirilmişdir. Belə ki, gizli səsvermədən əvvəl xx.xx.2024-cü il tarixində “Elektronika və avtomatika” kafedrasının iclası keçirilmiş, həmin iclasda kafedra heyətinin fikirləri dinlənilmiş, həmin fikirlər işə əlavə olunmuş Protokolda qeydə alınmış, daha sonra həmin Protokol elmi şuraya təqdim olunmuşdur. 17 ildir təhsil müəssisəsində işləyən 47 məqalə yazan, kitab müəllifi olan iddiaçının gələcək taleyinin iclas iştirakçılarının əsassız mülahizələrindən asılı olması əmək məcəlləsinin əsas prinsiplərinə zidd olmaqla, onun əmək hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Belə ki, Ali Təhsil Müəssisələrində müəllimlərin müsabiqə əsasında seçilməsinin məqsədi həmin müəllimlərin bilik və bacarıqlarının yoxlanılması, zamanla yeni müəllimlərin işə qəbul olunaraq artıq öz fəaliyyətini başa vurmuş müəllimlərlə əvəz olunması, nəticə etibarilə ölkəmizdə təhsilin daimi inkişafını təmin etmək olmuşdur. Beləliklə, hesab edilir ki, yüksək peşəkarlıq qabiliyyətinə malik iddiaçının əmək münasibətlərinin davam etdirilməsi barədə əmək qanunvericiliyinin tələblərinə tamamilə zidd olan gizli səsvermə keçirilməsi və onun nəticələrinin işəgötürən cavabdeh tərəfindən nəzərə alınması iddiaçının əmək hüquqlarının kobud pozuntusudur. Əmək münasibətləri müddətsiz olaraq müəyyən olunmalı işçi barədə belə bir proseduran tətbiqi qanunvericiliyə ziddir. Bununla yanaşı qeyd olunmalıdır ki, “İnsan hüquqları haqqında” Konvensiyanın 14-cümaddəsi ilə ayrıseçkilik qadağan olunur və təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. İddiaçının uzun illər çalışmasına baxmayaraq onunla müddətli əmək müqaviləsi bağlanması, digər işçilərlə müqayisədə ayrı-seçkilik kimi qəbul edilməli və bu halın baş verməsi özü-üzlüyündə ayrı- seçkilik kimi qiymətləndirilməlidir. Beləliklə, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsi tamamilə əsassız olmuş və əmək qanunvericiliyinin normaları cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Göstərilənlərə əsasən, cavabdeh işəgötürənin xx.xx.2024-cü il tarixli 3-29- 50/3-1-1442/2024 nömrəli əmrinin ləğv olunması, İddiaçı cavabdeh quruma işə bərpa edilməsi və qətnamə icra olunan (işə bərpa olunan) günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi, həmçinin cavabdeh qurumun “Elektronika və avtomatika” kafedrasının xx.xx.2024- cü il tarixli iclasının və kafedranın elmi-şurasının xx.xx.2024-cü tarixli qərarının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. 3.Daha sonra cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı ilə əmək münasibətlərinə müqavilə müddətinin bitməsilə əlaqədar xitam verilmişdir. Belə ki, işçi ilə xx.xx.2024-cü il tarixində 2 ay müddətinə 120 nömrəli əmək müqaviləsi bağlanılmışdır. AR Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixində başa çatmışdır. AR Əmək Məcəlləsinin 73.1-ci maddəsini nəzərə alaraq İddiaçı ilə əmək münasibətlərinə 7 gün ərzində xitam verilə bilərdi. 20-26 mart 2024-cü il tarixləri qeyri-iş günləri olduğundan və İddiaçı 29 mart-03 aprel 2024-cü il tarixlərində əmək qabiliyyətini müvəqqəti itirdiyi səbəbindən onunla bağlanmış 120 nömrəli əmək müqaviləsi 04 aprel 2024-cü il tarixində xitam verilmişdir. Bundan başqa, diqqətə çatdırılır ki, İddiaçı ADNSUda müəllim vəzifəsində çalışırdı. xx.xx.1996-cı il tarixli 401 saylı əmr ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim və X2 X3’’ Əsasnamənin 1.1-ci bəndinə əsasən ali təhsil müəssisələrində kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistant vakant vəzifələri bir qayda olaraq müsabiqə yolu ilə 5 il müddətinə tutulur. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən seçki və ya təyinatla tutulduğu müddət başa çatan, eləcə də vakant kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vəzifələrinə müsabiqə elan olunur. Həmin Əsasnamənin 1.6-cı bəndinə əsasən dosent, baş müəllim və assistentlər fakültə elmi şurasında seçilirlər. Müstəsna hallarda rektorun əsaslandırılmış əmri ilə həmin seçkilər ali məktəbin elmi şurasında keçirilə bilər. İddiaçı daha əvvəl 5 il müddətinə bağlanılmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixində başa çatmışdır. xx.xx.2024-cü il tarixində müsabiqənin keçiriləcəyi müddətdə İddiaçı ilə 2 ay müddətinə əmək müqaviləsi bağlanılmışdır. İddiaçı müsabiqədə iştirak etmək üçün müvafiq ərizə ilə müraciət etmiş, onun ərizəsi təmin olunmuş və o, müsabiqəyə buraxılmışdır. İlk olaraq, xx.xx.2024-cü il tarixində iddiaçılar barədə rəy bildirilməsi ilə bağlı keçirilmiş “Elektronika və avtomatika" kafedrasının iclasında (protokol №10) açıq səsvermənin nəticəsi aşağıdakı kimi olmuşdur: lehinə - 4, əleyhinə - 17, bitərəf - 3 nəfər. Qaydalara əsasən kafedrada mənfi rəy bildirilmiş iddiaçı fakültə Şurasında seçkidə iştirak edə bilər. İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin Elmi Şurasında xx.xx.2024il tarixində baş tutmuş seçkidə İddiaçı iclasda iştirak edən 19 nəfərdən lehinə 2 səs, əleyhinə 17 səs verilmişdir. Bununla da, İddiaçı seçkidə müvəffəqiyyət qazana bilməmiş, növbəti 5 ilə iddia etdiyi vəzifəyə seçilə bilməmişdir. Məhz xx.xx.2024-cü il tarixində baş tutmuş seçkilərdən sonra İddiaçı qabiliyyətini müvəqqəti itirərək xəstəlik vərəqəsini götürmüşdür. Xəstəlik vərəqəsində işdən azad olunma tarixləri kimi 29 mart - 03 aprel 2024-cü il tarixləri qeyd olunub. İşə başlama tarixi kimi isə 04 aprel 2024-cü il tarixi olduğundan və seçkilərdə müvəffəqiyyət qazana bilməməsi səbəbindən İddiaçı ilə ADNSU PHŞ arasında əmək münasibətləri başa çatmış, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli, 3-29-50/3-1-1442/2024 əmr verilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, iddiaçı iddia tələbində Cavabdeh xx.xx.2024-cü il tarixli əmrinin ləğv olunması, işə bərpa olunması və əlaqəli tələblərlə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı yazılı etiraz təqdim olunmuşdur. Etirazda iddiaçı ilə olan əmək müqaviləsinin müddətin bitməsi əsası ilə xitam verilməsi göstərilmişdir. Mübahisə ilə bağlı qeyd olunmalı ən önəmli məsələ odur ki, iddiaçı ilə cavabdeh arasında mövcud olmuş əmək münasibəti 17 ildən artıq fasiləsiz davam etmiş və bu halda əmək müqaviləsi müddətsiz əmək müqaviləsi hesab olunmalıdır. Belə ki, Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Norma imperativ xarakter daşımaqla özündə heç bir istisna hal nəzərdə tutmamışdır. Azərbaycan Respublikasında əmək münasibətləri 1 iyul 1999-cu il tarixində qüvvəyə minmiş Əmək Məcəlləsi əsasında tənzimlənir. Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. İddiaçı cavabdeh olan ali təhsil müəssəsində xx.xx.2007-ci il tarixində işə qəbul edilmiş və əmək müqaviləsi xitam olunan xx.xx.2024-cü il tarixinədək fasiləsiz olaraq işləmişdir. Belə ki, iş materiallarında olan əmək kitabçısından görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixindən xx.xx.2014-ci tarixinədək “Avtomatika, telemexanika və elektronika” kafedrasında laborant vəzifəsində, xx.xx.2014-cü il tarixindən xx.xx.2016-ci il tarixinədək assistent vəzifəsində, xx.xx.2016-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək “İdarəetmə və sistemlər mühəndisliyi” kafedrasına assistent, xx.xx.2021-ci il tarixindən xx.xx.2024-ci il tarixinədək “Elektronika və avtomatika” kafedrasının müəllimi vəzifəsində çalışmışdır. Bu halda işçi ilə xx.xx.2024-cü il tarixində eyni vəzifəyə 2 aylıq müddətli əmək müqaviləsinin bağlanılması qanunvericiliyin imperativ tələblərinin birbaşa pozuntusudur. Cavabdeh yazılı izahatında iddiaçı ilə daha əvvəl 5 illik müddətli müqaviləsinin bağlandığını bildirmiş və Təhsil Nazirliyinin 401 saylı xx.xx.1996-cı il tarixli əmri ilə təsdiq edilmiş “Ali Təhsil Müəssisələrində Professor-Müəllim və X2 X3” Əsasnaməyə istinad etmişdir. Qeyd olunan Əsasnamə ali təhsil müəssisələrində vakant vəzifələrin tutulması qaydasını tənzimləyir. İddiaçı ilk dəfə işə qəbul olunduğu tarixdə həmin Əsasnamənin tələblərinə uyğun olaraq 5 illik müddətə əmək müqaviləsi ilə işə qəbul edilməsi yolverilən hal idi. Lakin onunla işəgötürən arasında fasiləsiz davam edən əmək münasibəti artıq beş ildən uzun müddətə davam etdiyi anda Əmək Məcəlləsinin tələblərinə uyğun bu müqavilə birbaşa müddətsiz müqavilə hesab olunur. Eyni zamanda qeyd olunan Əsasnamə mərkəzi icra hakimiyyəti orqanı olmaqla Təhsil Nazirliyi tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 149 və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 2-ci maddəsinin tələblərinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Əmək Məcəlləsi hazırkı halda üstün hüquqi qüvvəyə malikdir. Daha sonra cavabdeh etirazda “Elektronika və avtomatika” kafedrasının xx.xx.2024-cü il tarixində keçirilmiş kafedra iclasında və “İnformasiya texnologiyaları və idarəetmə fakultəsinin” xx.xx.2024-cü il tarixli Elmi Şurasının iclaslarında iddiaçının vəzifəyə təyin edilməsi barədə səsvermələrin keçirildiyi və onun vəzifəyə təyin edilməsinin məqbul hesab edilməməsi barədə qərarların qəbul edildiyini bildirmişdir. İddia ərizəsində qeyd olunduğu kimi həmin iclaslar həm Əmək Məcəlləsinin tələblərinə zidd olaraq keçirilmiş, həmçinin məzmun etibarilə işçinin əsassız, qanunsuz və qərəzli olaraq işdən çıxarılmasını sübut edir. Əmək Məcəlləsinin 50.3-cü maddəsinə əsasən müsabiqə işçinin sənədləri, elmi işləri, kadr-uçot məlumatları üzrə və ya müsahibə, test üsulu ilə və yaxud bu üsulların hər ikisindən istifadə olunmaqla qarışıq üsulla keçirilə bilər. Əmək Məcəlləsinə əsasən müsabiqə yolu ilə vəzifəni tutmuş işçinin əmək müqaviləsinə xitam verilməsi, habelə onların digər əmək münasibətləri heç bir istisnaya yol verilmədən yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada tənzim edilir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan iclas protokollarında iddiaçının heç bir elmi əsəri, nailiyyəti, onun akademik fəaliyyəti müzakirə olunmamış, bunun əvəzinə iclaslarda “koridorda salam verməmə”, “kiminsə xoşuna gəlməmə” və bu kimi akademik mühitdə müzakirə edilməsinə yaraşmayan müzakirələr aparılmış və göstərilən əsaslarla qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən belə müzakirələrin olduğu iclas protokollarının məhkəməyə təqdim edilməsi təəssüf və təəccüb doğurur. Beləliklə, həm kafedrada, həm də elmi şuranın iclasında qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçının heç bir akademik fəaliyyəti müzakirə olunmamış və ya hər hansı müsahibə keçirilməmiş, bunun əksinə qanunvericiliyə ziddi olan gizli səsvermə keçirilmişdir. Odur ki, yuxarıda göstərilən halların nəzərə alınmasını və iddia tələbinin təmin olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, ali təhsil müəsissələrində çalışan şəxslərin əmək münasibətləri sırf AR Əmək Məcəlləsi ilə deyil, bir sıra sahəvi qanunlarla tənzimlənir. Ali təhsil müəssisələrində işə qəbul və işdən azadolunma 1996-cı il tarixli “Ali təhsil müəssisələrində professor və müəllim heyətinin işə qəbul olunması ilə bağlı qaydalar”la tənzimlənir. Həmin qaydalarda qeyd edilir ki, professor və müəllim heyəti işə müsabiqə yolu ilə qəbul edilir və müsabiqədən keçən şəxslərlə 5 il müddətinə əmək müqaviləsi bağlanılır. Müsabiqədən keçmədikdə isə onunla əmək müqaviləsi bağlanılmır və ya əvvəl bağlanmış müqaviləsinin müddəti uzadılmır. Hazırki mübahisədə də eyni hal baş vermişdir. Səsvermə keçirilmiş və iddiaçının iş yoldaşları ona səs verməmişdir. Müsabiqə yalnız vakant yer üzrə keçirilir. Yer vakant olduğu vaxtdan 1 ay müddətində elan verilir. Növbəti 1 ay müddətində isə müsabiqə keçirilir. İddiaçı ilə iki aylıq müqavilə də məhz bu səbəbdən bağlanılmışdır. İddiaçı ilə 2019-cu ilin yanvar ayından 2024-cü ilin yanvar ayınadək, yəni 5 il müddətinə əmək müqaviləsi bağlanılmışdır. Bu müddət bitdikdən sonra isə onun tutduğu vəzifə müsabiqəyə çıxarılmışdır. Lakin iddiaçı müsabiqədə uğur qazanmamışdır. Bundan sonra onunla bağlanmış əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilmişdir. AR ƏM-nə əsasən müqaviləyə müddətin bitməsi əsası ilə xitam verilərkən onun əsaslandırılması zərurəti yoxdur. Həmçinin, iddiaçı ilə bağlanmış iki aylıq müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. 19-26 mart tarixləri arası qeyri-iş gününə təsadüf etmişdir. 27 mart 2024-cü il tarixdə kafedrada məsələ müzakirə olunmuş, 28 mart 2024-cü il tarixdə müsabiqə keçirilmiş və iddiaçı müsabiqdə uğur əldə etməmişdir. 29 mart – 3 aprel tarixlərində iddiaçı xəstəlik vərəqəsi götürmüşdür. 4 aprel 2024-cü il tarixdən iddiaçı işdə olmuş və onun işdən çıxarılma əmri tərtib edilmişdir. Bununla bağlı bütün sənədlər məhkəməyə təqdim edilmişdir. Əlavə olaraq, iddiaçının nümayəndəsi və vəkilinin fikirlərinə münasibətən bildirilir ki, iddiaçının tələbi xx.xx.2024-cü il tarixli əmrin ləğvi ilə bağlıdır. Lakin hazırda iddiaçı tərəf faktiki olaraq müsabiqə prosesini mübahisələndirir ki, bu artıq başqa bir tələbdir. Həmçinin iddiaçı tərəf müvafiq icra hakimiyyəti orqanın aktının AR Əmək Məcəlləsindən aşağı normativ akt kimi qəbul edərək Əmək Məcəlləsinə istinad etsə də, AR ƏM-də birbaşa qeyd edilir ki, müsabiqənin keçirilməsi prosedurları ilə bağlı qaydaları AR Müvafiq İcra Hakimiyyəti orqanı müəyyən edir. Bundan başqa, müəllimlərin, iddiaçı da daxil olmaqla əmək fəaliyyəti fasiləsi olmayıb. Onlarla bağlanılan müqavilələr 5 illik olub və hər 5 ildən bir onlara bağlanmış əmək müqaviləsinə xitam verilərək, müsabiqədən keçdikləri təqdirdə onlarla yeni 5 illik müqavilə bağlanılıb. 2 aylıq müqavilənin bağlanması ilə isə əslində işəgötürənin müəlimlərlə iki aylıq müqavilə bağlamaq kimi bir öhdəliyi olmayıb. 5 illik müqavilənin bitməsindən sonra müsabiqənin keçirilməsi ilə bağlı nəzərdə tutulmuş iki aylıq müddət ərzində müəllimlər işsiz qalmalıdırlar. Sadəcə həmin müddət tədris ilinin ortasına təsadüf etdiyindən işəgötürən məcbur qalıb bütün müəllimlərlə iki aylıq müqavilə bağlayır. Ona görə də hesab edilir ki, onlar tərəfindən bütün hüquqi prosedurlara tam riayət olunmuşdur və bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. 6.Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı xx.xx.2014-cü il tarixli əmrə əsasən əmək müqaviləsi müddətinə, sonradan müsabiqədə iştirak etmək şərtilə “Avtomatika, telemexanika və elektronika” kafedrasına assistent vəzifəsinə keçirilmiş, daha sonra xx.xx.2019-cu il tarixli, 04-43 nömrəli Əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə müddətin başa çatması ilə əlaqədar xitam verilmiş, xx.xx.2019-cu il tarixli, 04-57 nömrəli Əmrə əsasən isə o, müsabiqədən keçməsi ilə əlaqədar əmək müqaviləsinə əsasən 5 il müddətinə “İdarəetmə və sistemlər mühəndisliyi” kafedrasına assistent vəzifəsinə təyin edilmişdir. Daha sonra sözügedən 5 il müddət bitdiyinə görə növbəti dəfə xx.xx.2024-cü il tarixli, 3-29-50/3-1-131/2024 nömrəli Əmrə əsasən iddiaçının əmək müqaviləsinə müqavilə müddətinin başa çatması ilə əlaqədar xitam verilmiş, ardınca iddiaçının ərizəsinə əsasən xx.xx.2024-cü il tarixdən 2 aylıq əmək müqaviləsinə əsasən “Elektronika və avtomatika” kafedrasına müəllim vəzifəsinə təyin edilmiş, 04 aprel 2024-cü il tarixli, 3-29-50/3-1-1442/2024 nömrəli Əmrinə əsasən onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən 2024-cü il tarixli 04 aprel tarixi son iş günü hesab edilməklə müqavilə müddətinin bitməsilə əlaqədar olaraq həmin tarixdən xitam verilmişdir. Hazırda iddiaçı həmin əmrin ləğv olunmasını, cavabdeh quruma işə bərpa edilməsini və qətnamə icra olunan (işə bərpa olunan) günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsini, həmçinin cavabdeh qurumun “Elektronika və avtomatika” kafedrasının xx.xx.2024- cü il tarixli iclasının və kafedranın elmi-şurasının xx.xx.2024-cü tarixli qərarının etibarsız hesab edilməsini tələb edir. Cavabdeh tərəf isə vermiş olduğu izahatı əsas tutaraq iddia tələbini qəbul etmir. b) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilən xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-00592 nömrəli İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə Arayışdan görünür ki, həmin tarixdə keçirilən İlkin mediasiya sessiyasında tərəflər iştirak etmiş, lakin cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir (Mediator:N.Rəsul). 9.Mülki işin materiallarında olan İddiaçı məxsus ******* nöməli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2007-ci il tarixli, 04-10 nömrəli Əmrlə Azərbaycan Dövlət Neft Akademiyasında “Avtomatika, telemexanika və elektronika” kafedrasının nəzdindəki Avtomatikanın lokal sistemləri ETL-na böyük laborant vəfizəsinə təyin edilmişdir. 10.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh tərəfindən verilən 04 aprel 2024-cü il tarixli, 3-29-50/3-1-1442/2024 nömrəli Əmrinə əsasən İddiaçı “Elektronika və avtomatika” kafedrasının müəlliminin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən 2024-cü il tarixli 04 aprel tarixi son iş günü hesab edilməklə müqavilə müddətinin bitməsilə əlaqədar olaraq həmin tarixdən xitam verilmişdir. 11.Mülki işin materiallarında olan İddiaçı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında bağlanan xx.xx.2024-cü il tarixli, 120 nömrəli Əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 ay müddətinə “Elektronika və avtomatika” kafedrasına müəllim vəzifəsinə təyin edilmişdir. 12.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətli olaraq işəqəbul edilmişdir. 13.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş, xitam verilmənin əsası: 73.1, Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir, Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonra bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsi olmuşdur. 14.Mülki işin materiallarında olan ******* nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-xx.xx.2024cü il tarixədək işdən azad edilmiş, işə başlamalı olduğu tarix xx.xx.2024-cü il qeyd edilmişdir. 15.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli Kafedranın vakant müəllim vəzifəsini tutmaq barədə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “Elektronika və avtomatika” kafedra iclasının 10 saylı protokolundan Çıxarışdan görünür ki, kafedranın müəllimi İddiaçı Ələsgər qızının kafedraya vakant müəllim vəzifəsinə seçilmək üçün səsvermənin nəticələri İTİF-in Elmi Şurasına təqdim edilməsi qərara alınmışdır. 16.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli İddiaçı “Elektronika və avtomatika” kafedrasında vakant müəllim vəzifəsinə seçilməsi barədə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “İnformasiya Texnologiyaları və idarəetmə” fakültəsinin Elmi Şurasının 09/23-24 saylı iclas protokolundan görünür ki, İddiaçı “Elektronika və avtomatika” kafedrasının müəllimi vəzifəsinə seçilməməsi qərara alınmışdır. 17.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İTİF Elmi Şurasının hesablayıcı komissiyasının 09/23-24 saylı iclas protokolunun surətindən görünür ki, Komissiya İddiaçı “Elektronika və avtomatika” kafedrasına müəllim seçkisi ilə əlaqədar olaraq səslərin hesabatı üçün yaradılmışdır. Elmi Şuranın tərkibi 21 nəfər olmaqla ADNSU-nun 3-29-50/3-1-986 saylı xx.xx.2024-cü il tarixli əmri ilə təsdiq olunmuşdur. Gizli səsvermənin nəticələri Lehinə-2, əleyhinə 17 nəfər olmuşdur. 18.Mülki işin materiallarında olan İPAF-ın dekanı, dos. R.N.Allahverdiyev tərəfindən ADNA-ın rektoru, X5 ünvanlanan xx.xx.2024-cü il tarixli təqdimatdan görünür ki, ATE kafedrasının “Avtomatikanın lokal sistemləri” laboratoriyasının baş lobarantı İddiaçı Ələsgər qızı dissertasiya işini başa çatdırmaq ərəfəsindədir. Kafedrada saat hesabı dərs aparır, kifayət qədər pedaqoji təcrübəyə malikdir. Tələbələr və kafedra əməkdaşları arasında işinə ciddi münasibətinə görə hörmət qazanmışdır. ATE kafedrasında dərs yükü imkan verir ki, o, asissent vəzifəsinə işə qəbul edilsin. Bunları nəzərə alaraq İddiaçı Ələsgər qızını ATE kafedrasına asissent vəzifəsinə işə qəbul edilməsi xahiş edilmişdir. 19.Mülki işin materiallarında olan ADNA-ın rektoru, X5 İddiaçı tərəfindən ünvanlanan xx.xx.2014-cü il tarixli Ərizənin surətindən görünür ki, İddiaçı onu “Avtomatika, telemexanika və elektronika” kafedrasına assistent vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. 20.Mülki işin materiallarında olan Azərbaycan Dövlət Neft Akademiyasının xx.xx.2014-cü il tarixli, 04-455 nömrəli Əmrinin surətindən görünür ki, İddiaçı “Avtomatika, telemexanika və elektronika” kafedrasının nəzdində “Avtomatikanın lokal sistemləri” ETL-nin böyük laborantı, 2014-cü il sentyabrın 15-dən, əmək müqaviləsi müddətinə, sonradan müsabiqədə iştirak etmək şərti ilə həmin kafedrada assistent vəzifəsinə keçirilmişdir. 21.Mülki işin materiallarında olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin xx.xx.2019-cu il tarixli, 04-43 nömrəli Əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müqavilə müddətinin başa çatması ilə əlaqədar 14 yanvar 2019-cu il son iş günü hesab edilməklə İddiaçı daxil 33 nəfərin əmək müqaviləsinə xitam verilmişdir. 22.Mülki işin materiallarında olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin xx.xx.2019-cu il tarixli, 04-57 nömrəli Əmrinin surətindən görünür ki, İddiaçı daxil 33 nəfər 15 yanvar 2019-cu il tarixdən müsabiqədən keçmələri ilə əlaqədar əmək müqaviləsinə əsasən 5 il müddətinə müvafiq vəzifələrə təyin edilmişlər. 23.Mülki işin materiallarında olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin xx.xx.2024-cü il tarixli, 3-29-50/3-1-131/2024 nömrəli Əmrinin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən 18 yanvar 2024-cü il tarixdən müqavilə müddətinin başa çatması ilə əlaqədar xitam verilmişdir. 24.Mülki işin materiallarında olan ADNSU-nun rektoru dosent Vazeh Əskərova İddiaçı tərəfindən ünvanlanan xx.xx.2024-cü il tarixli Ərizənin surətindən görünür ki, o, Elektronika və avtomatika kafedrasına 2 aylıq əmək müqaviləsi müddətinə müəllim vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. 25.Mülki işin materiallarında olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin xx.xx.2024-cü il tarixli, 3-29-50/3-1-145/2024 nömrəli Əmrinin surətindən görünür ki, İddiaçı 19 yanvar 2024-cü il tarixdən 2 aylıq əmək müqaviləsinə əsasən “Elektronika və avtomatika” kafedrasına müəllim vəzifəsinə təyin edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 26.Məhkəmə ilk növbədə “Cavabdeh 04 aprel 2024-cü il tarixli, 3-29-50/3-1-1442/2024 nömrəli Əmrinin ləğv olunması, iddiaçının cavabdeh quruma işə bərpa edilməsi və qətnamə icra olunan (işə bərpa olunan) günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi, həmçinin cavabdeh qurumun “Elektronika və avtomatika” kafedrasının xx.xx.2024- cü il tarixli iclasının və kafedranın elmi-şurasının xx.xx.2024-cü tarixli qərarının etibarsız hesab edilməsi” məzmunlu iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, tələbin “Cavabdeh 04 aprel 2024-cü il tarixli, 3-29-50/3-1-1442/2024 nömrəli Əmrinin ləğv olunması” hissəsi əsas, qalan “iddiaçının cavabdeh quruma işə bərpa edilməsi və qətnamə icra olunan (işə bərpa olunan) günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi, həmçinin cavabdeh qurumun “Elektronika və avtomatika” kafedrasının xx.xx.2024- cü il tarixli iclasının və kafedranın elmi-şurasının xx.xx.2024-cü tarixli qərarının etibarsız hesab edilməsi” hissələri isə ondan törəmə tələblərdir. Buna görə də tələbin “əmrin ləğv edilməsi” barədə olan hissəsi məhkəmə qaydasında müfəssəl araşdırılmalı, digər tələblərə də həmin tələbin əsaslı olub-olmaması nəticəsində müvafiq hüquqi qiymət verilməlidir. 27.Azərbaycan Respublikası Konstitusiyasının əməyin azadlığını bəyan edən 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 28.Göstərilən norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olub-olmamaqda azad olduğunu müəyyən etməklə məcburi əməyin qadağan edilməsi ilə bağlı dövlət siyasətini əks etdirir, həmçinin əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir. 29.Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. 30.Məhkəmə qeyd edir ki, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyibişləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. 31.Məhkəmə həmçinin qeyd edir ki, qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. 32.Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında sonuncu dəfə iddiaçının “Elektronika və avtomatika” kafedrasına müəllim vəzifəsinə qəbul edilməsi ilə əlaqədar yazılı formada tərtib edilmiş müddətli əmək müqaviləsi bağlanılmışdır. Göründüyü kimi müddətli əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı və sərbəst iradə ifadəsi əsasında bağlanmışdır (bunu iş materiallarında olan iddiaçının özünün işə qəbul edilməsi bağlı yazdığı ərizələr də təsdiq edir). 33.Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. 34.Həmin Məcəllənin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 35.Məhkəmə qeyd edir ki, qanunvericilik əmək müqaviləsinin müddətli bağlanmasının hüquqi əsaslarını müəyyən edir. Belə əsaslardan biri 47-ci maddəsinin “f” bəndində nəzərdə tutulmuşdur. 36.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlana bilər. 37.Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinin xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar; d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 38.Göstərilən Məcəllənin 73-ci maddəsinin 1-ci bəndinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 39.Həmin Məcəllənin 73-ci maddəsinin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. 40.Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 73-cü maddəsi müddətli əmək müqaviləsinə xitam verilmə əsasını müəyyən edir. Qanunvericilik əmək müqaviləsinin xitam verilmə əsaslarının biri kimi əmək müqaviləsinin müddətinin qurtarmasını nəzərdə tutur. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsinin 2 şərtin olması zəruridir:
1. əmək müqaviləsinin müddətinin qurtarması;
2. müddətli əmək müqaviləsinin xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü. 41.Hazırki iş üzrə müəyyən edilən işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-xx.xx.2019 və xx.xx.2019-xx.xx.2024 illər üzrə iddiaçının 5 il müddətinə müddətin sonunda müsabiqədə iştirak etmək şərtilə cavabdeh qurumda işə düzəlməsinə dair müddətli əmək müqavilələri bağlanmış, ən sonda isə müddətin bitməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixdə 2 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixə yenidən müddətli əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə isə xx.xx.2024-cü il tarixli Əmr əsasında müddətin bitməsi əsası ilə xitam verilmişdir. Hazırda iddiaçı onun uzun müddət fasiləsiz olaraq işləməsini və cavabdeh tərəfindən onunla müddətsiz əmək müqaviləsi bağlanmalı olduğu halda müddətli əmək müqaviləsinin əsassız və qanunsuz olaraq bağlanmasına istinad edərək hazırki iş üzrə cavabdeh tərəfindən verilən əmrin ləğv edilməsini tələb etsə də, məhkəmə tərəfindən mübahisələndirilən əmrin qanunsuz olmasının əsasları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi tərəflər arasında müqavilələr bağlanan zaman tərəflərin qarşılıqlı razılığı əsasında, həmçinin iddiaçının özünün ərizəsi əsasında müddətin sonunda müsabiqədə iştirak etmək şərtilə 5 il müddətinə bağlanmışdır və iddiaçı işlədiyi müddət ərzində müsabiqədən daha əvvəl keçib əlavə 5 il müqaviləsinin müddəti uzadılsa da, sonuncu dəfə iddiaçı müsabiqədən keçə bilmədiyinə görə cavabdeh tərəfindən haqlı olaraq onun əmək müqaviləsinə xitam verilmişdir. 42.Məhkəmə iddiaçının cavabdeh tərəfindən keçirilən müsabiqənin qanunazidd olmasına istinad etməsinə münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 50-ci maddəsinə əsasən yerinə yetiriləsi işin, əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq bəzi vəzifələri tutmaq üçün işəgötürən müəyyən olunmuş qaydada müsabiqə elan edə bilər. Müəyyən vəzifələrin müsabiqə yolu ilə tutulması elmi müəssisə və təşkilatlar və təhsil müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyətlə bağlı vəzifələr üzrə elan edilir. İşçilərin elan olunmuş müsabiqədə bərabərhüquqlu iştirakı təmin edilməlidir. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir. Müsabiqə işçinin (müvafiq vəzifəni tutmaq iddiasında olan şəxsin) sənədləri, elmi işləri, kadr-uçot məlumatları üzrə və ya müsahibə, test üsulu ilə və yaxud bu üsulların hər ikisindən istifadə olunmaqla qarışıq üsulla keçirilə bilər. Müsabiqənin keçirilməsi şərtlərini və vəzifələrin müsabiqə yolu ilə tutulması qaydasını tənzimləyən normativ hüquqi aktı müvafiq icra hakimiyyəti orqanı qəbul edir. Müvafiq vəzifəni tutmaq üçün elan olunmuş müsabiqənin qalibi ilə işəgötürən müəyyən edilmiş qaydada müddətli və ya müddətsiz əmək müqaviləsi bağlayır. https://e-qanun.az/framework/46943Müsabiqə yolu ilə vəzifəni tutmuş işçinin əmək müqaviləsinə xitam verilməsi, habelə onların digər əmək münasibətləri heç bir istisnaya yol verilmədən yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada tənzim edilir. Keçirilmiş müsabiqənin nəticələri ilə razılaşmayan iddiaçı müsabiqə komissiyasının qərarı qəbul edildiyi gündən bir ay müddətində məhkəməyə müraciət edə bilər. Məhkəmə, müsabiqənin qanunvericiliyin tələblərini pozmaqla və ya qeyri-obyektiv keçirildiyini müəyyən etdikdə onun nəticələrini ləğv edir. Bu halda qətnamədə göstərilən hallar aradan qaldırılmaq şərti ilə müsabiqə yenidən keçirilir. 43.Bundan başqa, “Ali təhsil müəssisələrində professor-müəllim və X2 X3” Əsasnamənin 1.1-ci bəndinə əsasən ali təhsil müəssisələrində kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistant vakant vəzifələri bir qayda olaraq müsabiqə yolu ilə 5 il müddətinə tutulur. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən seçki və ya təyinatla tutulduğu müddət başa çatan, eləcə də vakant kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vəzifələrinə müsabiqə elan olunur. Həmin Əsasnamənin 1.6cı bəndinə əsasən dosent, baş müəllim və assistentlər fakültə elmi şurasında seçilirlər. 44.Hazırki iş üzrə də iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün iddiaçının tutduğu vəzifə üzrə vakant elan edilmiş, müsabiqə keçirilmiş, lakin iş materiallarından görünür ki, iddiaçının tutduğu vəzifəyə yenidən seçilməsinə dair onun əleyhinə səs verənlərin sayı lehinə səs verənlərin sayından çox olduğu üçün iddiaçı yenidən “Elektronika və avtomatika” kafedrasına müəllim vəzifəsinə təyin edilməmişdir. 45.Bundan başqa, məhkəmə iddiaçının onunla cavabdeh arasında sonuncu dəfə 2 aylıq müddətinə əmək müqaviləsinin hansı zərurətdən bağlanmasının cavabdeh tərəfindən əsaslandırılmaması mövqeyinə münasibətdə isə qeyd edir ki, iddiaçı ilə bağlanmış 5 illik əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixində başa çatmış, bundan sonra iddiaçının tutduğu vəzifə üzrə vakant elan olunması, müsabiqə keçirilməsi üçün vaxt tələb edildiyindən müsabiqə keçirilən vaxtadək iddiaçının əmək müqaviləsinin müddəti 2 ayadək uzadılmış, 27-28 mart tarixlərində müsabiqə keçirilmiş, daha sonra iddiaçı əmək qabiliyyətinin olmamasına görə xx.xx.2024-xx.xx.2024 və xx.xx.2024-xx.xx.2024-cü illər aralığından işdə olmadığından onun əmək müqaviləsinə işə çıxdığı gün, yəni xx.xx.2024cü il tarixli əmr əsasında xitam verilmişdir. 46.Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsi tam qanuni və əsaslı olmuşdur (əksi iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir). Buna görə də hazırki iş üzrə iş üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmadığına görə iddiaçının tələbi 04 aprel 2024-cü il tarixli, 3-29-50/3-1-1442/2024 nömrəli Əmrinin ləğv edilməsi hissəsində əsassız hesab edilməklə rədd edilməlidir. 47.Daha sonra məhkəmə iddia tələbin digər hissələrinə, yəni iddiaçı X1 cavabdeh quruma işə bərpa edilməsi və qətnamə icra olunan (işə bərpa olunan) günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi, cavabdeh qurumun “Elektronika və avtomatika” kafedrasının xx.xx.2024- cü il tarixli iclasının və kafedranın elmi-şurasının xx.xx.2024-cü tarixli qərarının etibarsız hesab edilməsi hissələrinə münasibətdə isə qeyd edir ki, iddia əsas hissədə rədd edildiyindən və qeyd edilən tələblər ondan törəmə tələblər olduğundan həmin hissələrdə də tələb rədd edilməlidir. 48.Məhkəmə cavabdeh qurumun “Elektronika və avtomatika” kafedrasının xx.xx.2024-cü il tarixli iclasının və kafedranın elmi-şurasının xx.xx.2024-cü tarixli qərarının etibarsız hesab edilməsi hissələrinə əlavə olaraq qeyd edir ki, keçirilmiş iclas və elmi-şuranın qərarı Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1996-cı il, 401 saylı əmrinə əsasən “Ali təhsil müəssisələrində professor-müəllim və X2 X3” Əsasnamənin 2-ci bəndinə uyğun olaraq həyata keçirildiyindən tələb bu hissədə əsassız hesab edilməlidir. 49.Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1996-cı il, 401 saylı əmrinə əsasən “Ali təhsil müəssisələrində professor-müəllim və X2 X3” Əsasnamənin 2-ci bəndində aşağıdakı qaydalar müəyyən edilmişdir: 2.1.Bütün hallarda professor-müəllim, habelə kafedra müdiri vəzifələrinə seçilmək üçün elmi şurada (gizli səsvermədən əvvəl) müsabiqədə iştirak edən hər bir namizədin peşə-ixtisas hazırlığı haqqında məlumat dinlənilir. 2.2.Müsabiqədə iştirak edənlərin adı və soyadı eyni səsvermə bülleteninə daxil edilir. (nümunə 1). 2.3.Namizədin lehinə, yaxud əleyhinə münasibət bülletendə müvafiq adın və soyadın saxlanılması, yaxud da pozulması ilə bildirilir. Hər bir seçici yalnız bir namizədə səs verə bilər. Bülletendə iki və daha çox namizədin adı və soyadı pozulmamış qaldıqda bülleten etibarsız sayılır. 2.4.Elmi şura səsvermənin nəticəsini hesablamaq üçün səsvermədə əvvəl 3-5 nəfərdən ibarət hesablama komissiyası seçir. Hesablama komissiyası hər bir namizəd üçün səsvermənin nəticəsini ayrılıqda elan edir və onun protokolu elmi şura tərəfindən mövcud qaydada təsdiq olunub, müsabiqə sənədlərinə əlavə edilir şuranın qərarı rektorun əmri ilə təsdiq olunur. 2.5.Elmi şura üzvlərinin ən azı 2/3-nin iştirak etdiyi iclas səlahiyyətli sayılır. Səsvermədə iştirak edən şura üzvlərinin 50%-dən çoxunun səsini toplayan namizəd vəzifəyə seçilmiş sayılır. Müsabiqənin birinci mərhələsində namizədlərin heç biri 50%-dən çox səs toplamadıqda ən çox səs yığmış iki (səsvermədə iki namizəd) iştirak etdikdə isə bir) namizəd həmin iclasda təkrar səsverməyə buraxılır. 2.6.Bütün namizədlərin özlərinin seçilməsi məsələsi müzakirə olunan yığıncaq və elmi şura iclaslarında iştirak etmək hüququ vardır. 2.7.Müsabiqədə iştirak etmək üçün ərizə verilməzsə və ya səsvermə nəticəsində heç bir namizəd seçilməzsə müsabiqə baş tutmamış hesab olunur. Bu yerlərə yenidən müsabiqə elan olunarsa əvvəlki namizədlər də həmin müsabiqədə iştirak edə bilərlər. 2.8.Seçkilər müsabiqə elan olunan gündən ən geci 3 (üç) ay müddətində başa çatdırılmalıdır. Üzürsüz səbəbə görə müsabiqənin vaxtında keçirilməməsinə ali təhsil müəssisəsinin rəhbərliyi bilavasitə məsuliyyət daşıyır. 2.9.Müsabiqə ilə əlaqədar şikayətlər elan dərc olunan gündən başlayaraq seçkilərdən ən geci 15 gün keçənədək ali məktəbin rektoruna və ya təsisçiyə verilə bilər. 2.10.Bu əsasnamənin hər hansı bəndi pozularsa təsisçi, eləcə də ali məktəbin rektoru müsabiqəni və seçkilərin nəticələrini ləğv edə bilər. 50.Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı "işə bərpa və pul" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. 51.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 53.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 54.Həmin Məcəlləniin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 55.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 56.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 57.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdehnə qarşı "işə bərpa və pul" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.