Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3101/2022 17.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" QSC, "xxxx" ASC, "xxxx" ASC-yə qarşı “birgə nikah dövründə əldə olunmuş mənzilə görə ödənilmiş kredit ödənişinin bölünməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" QSC, "xxxx" ASC, "xxxx" ASC-yə qarşı “birgə nikah dövründə əldə olunmuş mənzilə görə ödənilmiş kredit ödənişinin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 117C, M17, 1 saylı mənzilə görə cavabdehlə birgə nikaha daxil olduqları 19 mart 2019-cu il tarixdən hazırkı vaxtadək ödənilmiş kredit ödənişinin ½ hissəsinin cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 117C, M17, 1 saylı mənzilə dair ilkin müqavilə nikahdan əvvək bağlanmış olsa da, həmin mənzilin kredit ödənişləri birgə nikah dövründə həyata keçirildiyindən onun cavabdehlə nikaha daxil olduqları dövrdən hazırki vaxtadək, yəni 01 mart 2019-cu il tarixdən, 01 avqust 2022-ci ilə kimi həmin mənzilə görə ödənilmiş ilkin ayı 358 manat, sonrakı 40 ay üzrə ödənilmiş 429 manat, cəmi 17.518 (on yeddi min beş yüz on səkkiz) manat kredit ödənişinin ½ hissəsi, yəni 8759 (səkkiz min yeddi yüz əlli doqquz) manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 19 mart 2019-cu il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Nikahları 823 nömrəli Akt qeydi ilə rəsmiləşdirilmişdir. Ailə qurduqlarından bir müddət sonra xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən tez-tez aralarında mübahisələr yaranmağa başlamışdır. Hazırda isə artıq cavabdehlə birgə yaşamağın qeyri-mümkün olması səbəbindən aralarında olan rəsmi nikahın pozulması barədə məhkəməyə müraciət olunmuşdur. Cavabdehlə bir nikaha daxil olanadək cavabdehlə "xxxx" QSC arasında Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 117C, M17, 1 saylı mənzilə dair xx.xx.2019-cu il tarixli mülkiyyət hüququ qabaqcadan qeydiyyata alınmış mənzilin alqı-satqı və ipoteka müqaviləsi (11/810/AİFK) bağlanmışdır. Mənzilin ümumi dəyəri 75.993 (yetmiş beş min doqquz yüz doxsan üç) manat təşkil etmiş, alqı-satqı və ipoteka müqaviləsinə əsasən 15.253 (on beş min iki yüz əlli üç) manat məbləğində ilkin ödəniş edilmiş, 60.700 (altmış min yeddi yüz) manat kredit məbləği ayrılmışdır. Kreditin qaytarılması tarixi 25 il müddətinə xx.xx.2044-cü il tarixinədəkdir. Cavabdehin həmin mənzil üzərindəki mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Vəkilin sözügedən mənzilə görə kredit ödənişləri barədə məlumat verilməsi üçün "xxxx" QSC-yə ünvanlanmış olduğu sorğuya cavab olaraq bildirilmişdir ki, kredit ödənişləri barədə hazırda məlumat yoxdur. Bu səbəbdən onun cavabdehlə nikaha daxil olduqları dövrdən hazırki vaxtadək həmin mənzilə görə nə qədər kredit ödənişi ödənilməsi barədə dəqiq məlumatı yoxdur. Hesab edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 117C, M17, 1 saylı mənzilə dair ilkiom müqavilə nikahdan əvvəl bağlanmış olsa da, həmin mənzilin kredit ödənişləri birgə nikah dövründə həyata keçirildiyindən, onun cavabdehlə nikaha daxil olduqları dövrdən hazırkı vaxtadək həmin mənzilə görə ödənilmiş kredit ödənişinin ½ hissəsi cavabdehdən alınaraq ona ödənilməlidir. Ona görə də, cavabdehlə birgə nikaha daxil olduqları 19 mart 2019-cu il tarixdən hazrki vaxtadək sözügedən mənzilə görə ödənilmiş kredit ödənişinin ½ hissəsinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdi ki, sözügedən mənzil birgə nikah dövründə əldə olunmamışdır. İlkin ödənişi o etmişdir. Onlar nikaha 2019-cu ilin mart ayında daxil olmuş və 2022-ci ilin avqust ayında boşanmışlar. Ümumi 60.700 manat kredit götürmüşdür. Bu məbləğdən sadəcə 3.000 manat ödəniş etmişdir. Ödənilən pulların bir hissəsi də faizə çıxır. Hər ay pul birbaşa onun əmək haqqı kartından çıxılır. Kreditlə birlikdə hər ay 470 manat. İddiaçının özü də işləyir. Aya 2.000 manat əmək haqqı qazanır. İddiaçı kredit ödənişlərinin heç birində iştirak etməmişdir. Əgər belə bir iddiası varsa, bunu sübut etməlidir. Qeyd olunanlara əsasən, cavabdeh iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsin məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə hazırlıq iclasında iştirak edən LPO "xxxx" ASC-nin nümayəndəsi X4 izahatında bildirmişdi ki, "xxxx" ASC ləğv olunduğu üçün onun bütün səlahiyyətləri "xxxx" ASC-yə həvalə olunmuşdur. Təqdim etdiyi Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə "xxxx" ASC arasında imzalanmış 11 iyun 2018-ci il tarixli 6 saylı Xidmt müqaviləsinə əlavə və ipoteka kreditlərinin siyahısında Cavabdeh kredit verilməsi göstərilmişdir. Bu səbəbdən "xxxx" ASC-nin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsini və kredit ödənişləri haqqında məlumatların əldə edilməsini "xxxx" ASC-nin öhdəliyinə qoyulmasını xahiş etmişdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 19 mart 2019-cu il tarixli, 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 328381 saylı nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında 19 mart 2019-cu il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 mart 2019-cu il tarixdə, 823 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Əliyev”, arvada “Əliyeva” soyadı verilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, e-2(006)-2735/2022 saylı qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında qalması və aliment” tələbi qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında 19 mart 2019-cu il tarixində 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 823 nömrə qeyd edilmiş nikah pozulmuş, tərəflərin övladı xx.xx.2019-cu il təvəllüdlü X1 Aysel Rauf qızının yanında saxlanılmış, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay cavabdehin qazancının ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilmişdir. Mülki işin materiallarında olan AR ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən Çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 117B, 117C, mənzil 221 (Yeni qaydalarla: ünvan 3) xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. Bu barədə Daşınmaz əmlakın dövlət reyestrində 2987 nömrəli reyestr kitabının 278846 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan "xxxx" QSC tərəfindən iddiaçının nümayəndəsi (vəkili) Vəkil ünvanlanmış 15 aprel 2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 117C, M17, 1 saylı mənzil üçün "xxxx" MTK, "xxxx" ASC və Cavabdeh arasında xx.xx.2019-cu il tarixli mülkiyyət hüququ qabaqcadan qeydiyyata alınmış mənzilin alqı-satqı və ipoteka müqaviləsi 11/810/AİFK bağlanmışdır. Mənzilin dəyəri 75.953 (yetmiş beş min doqquz yüz əlli üç) manatdır. Alqı-satqı və ipoteka müqaviləsinə əsasən, 15.253 (on beş min iki yüz əlli üç) manat məbləğində ilkin ödəniş etmişdir. 60.700 (altmış min yeddi yüz) manat kredit məbləği ayrılmışdır. Kreditin qaytarılma tarixi 25 il müddətinə xx.xx.2044-cü il tarixinədəkdir. Kredit ödənişləri haqda onlarda məlumat yoxdur. Həmin məlumatları əldə etmək üçün "xxxx" ASC-yə müraciət edilməsi qeyd edilmişdir. Mülki işin materiallarında olan 12 aprel 2022-ci il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayışdan görünür ki, Arayış İddiaçı təmsil edən nümayəndə vəkili Vəkil və X2 ilə 12 aprel 2022-ci il, saat 16:00- 16:30-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etdiyini təsdiq etmək üçün verilmişdir. Tərəflər aralarındakı mövcud mübahisə üzrə ilkin mediasiya sessiyasından sonra prosesi daavm etdirmək barədə qərar qəbul etmədilər, yəni tam mediasiya sessiyasına keçid baş vermədi və barışıq sazişi əldə edilmədi (Mediator: L.Nasibova). Mülki işin materiallarında olan AR İN ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 30 mart 2022-ci il tarixli adına daşınmaz əmlakın olub-olmaması barədə məktubdan görünür ki, "xxxx" MTK-nın xx.xx.2019-cu il tarixli maliyyə arayışına və protokoldan çıxarışa, həmçinin 54 saylı DNKda bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə-64 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 117B, 117C, mənzil 221 (yeni qaydalarla: AZ 1111, ünvan 2 ünvanına dair Cavabdeh adına “hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən” arayış verilmişdir. Cavabdeh adına hazırda Respublika ərazisində qeydiyyatdan keçmiş digər daşınmaz əmlak aşkar edilməmişdir. Mülki işin materiallarında olan 08 sentyabr 2020-ci il tarixli İpoteka kreditlərinin siyahısı cədvəlindən görünür ki, borcalan Cavabdeh 60.700 manat məbləğində kredit götürmüş, 58.938,96 manat məbləğində qalıq borcu qalmışdır. Kredit öhdəliyinin son ödəniş tarixi xx.xx.2043-cü ilə qədər qeyd edilmişdir. Mülki işin materiallarında olan 11 fevral 2019-cu il tarixli, 11/810/AİFK saylı Mülkiyyət hüququ qabaqcadan qeydiyyata alınmış mənzilin alqı-satqı və ipoteka müqaviləsinə əsasən, "xxxx" MTK ilə Cavabdeh arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, satıcı-"xxxx" MTK ünvan 3 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK DƏDRX tərəfindən 18 yanvar 2019-cu il tarixində verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********21-05301-093038 olan hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrdən arayışa əsasən ona məxsus mənzili alıcı- Cavabdeh mülkiyyətinə vermişdir. Mənzilin satış qiyməti 75.953 manatdır, mənzilin dəyərinin 15.253 manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən, 60.700 manat məbləğində olan hissəsi isə kreditor-ipoteka saxlayan və alıcıipoteka qoyan arasında Bakı şəhərində bağlanmış 07 fevral 2019-cu il tarixli 11/810/AİFK nömrəli kredit müqaviləsinə əsasən, kreditor –ipoteka saxlayan tərəfindən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. Kreditin qaytarılma tarixi 25 il müddətinədək 01 fevral 2044-cü il tarixinədək hesablanmışdır. Mülki işin materiallarında olan kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, Cavabdeh 300 ay müddətinə, illik 7% dərəcəsi ilə, aylıq 429.01 manat ödəniş etməklə, 60.700 manat məbləğində kredit verilmişdir. Məhkəmə iddia tələbi ilə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.8-ci maddəsinə əsasən ümumi mülkiyyətdə olan əşyaya qulluq edilməsi və onun saxlanması xərcləri, bu Məcəllədə və ya müqavilədə ayrı qayda müəyyənləşdirilməyibsə, mülkiyyətçilərin üzərinə bərabər şəkildə qoyulur; 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Əgər, ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 225.2-ci maddəsinə əsasən, Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir; 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Qeyd olunan hüquq normalarına və iş materiallarında olan sübutlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 117C, M 17, 1 saylı mənzilə dair alqı-satqı müqaviləsi hazırki iş üzrə tərəflərin birgə nikaha daxil olduqları tarixdən əvvəl bağlanılmışdır. Belə ki, 11 fevral 2019-cu il tarixdə Cavabdeh ilə "xxxx" QSC arasında 11/810/AİFK saylı Mülkiyyət hüququ qabaqcadan qeydiyyata alınmış mənzilin alqı-satqı və ipoteka müqaviləsi bağlanmış, satış qiyməti 75.993 manat olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 117C, M 17, 1 saylı mənzil Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. Mənzili alarkən Cavabdeh 15.253 manatı özü birdəfəlik ödəmiş, qalan 60.700 manatı isə "xxxx" ASC-dən kreditə götürmüşdür. Tərəflər arasında nikah 19 mart 2019-cu il tarixində bağlanılmış və Cavabdeh borclu qaldığı kredit ödənişlərini birgə nikah dövründə həyata keçirməyə başlamışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 117C, M 17, 1 saylı mənzilə dair ilkin müqavilə nikahdan əvvəl bağlanmış olsa da, həmin mənzilin kredit ödənişləri birgə nikah dövründə həyata keçirildiyindən, onun cavabdehlə nikaha daxil olduqları dövrdən hazırki vaxtadək, yəni 01 mart 2019-cu il tarixdən 01 avqust 2022ci ilə kimi həmin mənzilə görə ödənilmiş ilkin ayı 358 manat, sonrakı 40 ay üzrə ödənilmiş 429 manat, cəmi 17.518 manat kredit ödənişinin ½ hissəsi, yəni 8.759 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. Cavabdeh isə mənzilin birgə nikah dövründə əldə edilmədiyini əsas götürərək, ilkin ödənişin onun tərəfindən ödənildiyini və hazırda da kredit ödənişinin onun birbaşa əmək haqqı kartından çıxıldığını qeyd edərək, iddia tələbinin rəddini tələb edir. Məhkəmə iddia tələbinin “...onun cavabdehlə nikaha daxil olduqları dövrdən hazırki vaxtadək, yəni 01 mart 2019-cu il tarixdən 01 avqust 2022-ci ilə kimi...” hissəsində iddianı qismən əsaslı hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi, tərəflər 2019-cu ilin mart ayında nikaha daxil olmuş, 2022-ci ilin may ayında isə İddiaçı “nikahın pozulması, uşağın ananın yanında qalması və aliment” tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, iş materiallarından göründüyü kimi, 60.700 manat məbləğində kredit vəsaiti ilkin ayı 358 manat olmaqla, sonrakı aylar üzrə 429 manat məbləğində ödənilməsi üzrə cavabdeh üzərinə öhdəlik götürmüşdür. Məhkəmə hesab edir ki, mübahisəli mənzillə bağlı kredit ödənişləri birgə nikah dövründə həyata keçirildiyindən, həmin ödənişlər üzərində iddiaçının pay hüququ vardır və tərəflərin birgə nikaha daxil olduqları vaxtdan nikahın pozulması barədə tələblə məhkəməyə müraciət edildiyi vaxtadək, yəni 01 mart 2019-cu il tarixdən 01 may 2022-ci il tarixədək ilkin ayı 358 manat olmaqla, sonrakı 37 ay üzrə cavabdeh tərəfindən ödənilmi. 429 manat, cəmi 16.231 manat məbləğində kredit ödənişi tərəflər arasında bərabər hesab edilərək, həmin vəsaitin ½ hissəsi iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 117C, M 17, 1 saylı mənzilin kredit ödənişləri birgə nikah dövründə həyata keçirildiyindən, İddiaçı Cavabdeh ilə nikaha daxil olduqları dövrdən “nikahın pozulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtadək, yəni 01 mart 2019-cu il tarixdən 01 may 2022-ci il tarixədək həmin mənzilə görə ödənilmiş ilkin ayı 358 manat, sonrakı 37 ay üzrə ödənilmiş 429 manat, cəmi 16.231 (on altı min iki yüz otuz bir) manat kredit ödənişinin ½ hissəsi, yəni 8115.50 (səkkiz min yüz on beş manat əlli qəpik) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 117C, M 17, 1 saylı mənzilin kredit ödənişləri birgə nikah dövründə həyata keçirildiyindən, İddiaçı Cavabdeh ilə nikaha daxil olduqları dövrdən “nikahın pozulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtadək, yəni 01 mart 2019-cu il tarixdən 01 may 2022-ci il tarixədək həmin mənzilə görə ödənilmiş ilkin ayı 358 manat, sonrakı 37 ay üzrə ödənilmiş 429 manat, cəmi 16.231 (on altı min iki yüz otuz bir) manat kredit ödənişinin ½ hissəsi, yəni 8115.50 (səkkiz min yüz on beş manat əlli qəpik) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-3101/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3101/2022
17.10.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver