Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3125/2023 11.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X16 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh ASC-yə qarşı “çıxarışın qismən etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh ASC-yə qarşı “çıxarışın qismən etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin daşınmaz əmlaka dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********75-10301 reyestr nömrəli mülkiyyət hüquqlarının qeydiyyatına dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin 2 saylı Sabunçu filialı ilə X9 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 2460 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı kreditin təminatı kimi Cavabdeh ASC ilə onun arasında bağlanmış 27 nömrəli, xx.xx.2009-cu il tarixli “İpoteka müqaviləsi”nə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 2-ci keçiddə yerləşən istifadədə olan 0.01648 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.1 kv.m yaşayış, 38.5 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evini kreditin təminatı kimi girov qoymuşdur. Kredit borcu ödənmədiyindən, Cavabdeh ASC xx.xx.2012-ci il tarixdə iddia ərizəsi ilə Sabunçu rayon Məhkəməsinə müraciət edərək, kredit borcunun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 2-ci keçiddə yerləşən istifadədə olan 0.01648 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.1 kv.m yaşayış, 38.5 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinin açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 2(008)-1136/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş və tutmanın İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 2-ci keçiddə yerləşən istifadədə olan 0.01648 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.1 kv.m yaşayış, 38.5 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılaraq əldə edilən pul vəsaiti hesabına X3 Cavabdeh ASC-nə olan kredit borcuna yönəldilməsi qət edilmişdir. X1 tərəfindən apellyasiya və kassasiya şikayətləri verilmiş və Sabunçu rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 2-ci keçiddə yerləşən istifadədə olan 0.01648 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.1 kv.m yaşayış, 38.5 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evi satılması üçün hərraca çıxarılmış və həmin fərdi yaşayış evi Cavabdeh ASC tərfindən kredit borcunun əvəzi olaraq qəbul edilmişdir. Sonradan Bank tərfindən fərdi yaşayış evinin boşaldılıb Banka təhvil verilməsi barədə Binəqədi rayon Məhkəməsinə müraciət edilmiş və bankın iddiası təmin olunmuşdur. Fərdi yaşayış evinin boşaldılıb Cavabdeh ASC-yə təhvil verilməsi barədə məhkəmə qətnaməsinin icrası prosesində iddiaçıya məlum olmuşdur ki, Cavabdeh ASC onun istifadəsində olan ümumilikdə 0.0517 ha torpaq sahəsinin istifadə hüququna dair çıxarış almışdır. İddiaçı tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 2-ci keçiddə yerləşən istifadədə olan 0.01648 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.1 kv.m yaşayış, 38.5 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinin yerləşdiyi ümumi 0.0517 ha torpaq sahəsindən yalnız fərdi yaşayış evinin yerləşdiyi 0.01648 ha hissəsi kreditin təminatı kimi girov qoyulsa da, Cavabdeh ASC tərəfindən həmin torpaq sahəsinin 0.01648 ha hissəsinə tutmanın yönəldilməsi və hərracda satılması barədə iddia qaldırılsa da, məhkəmə qətnamələrində məhz tutmanın həmin ünvanda yerləşən 0.01648 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi qət edilsə də, Cavabdeh ASC tərəfindən qanunsuz olaraq, iddiaçının məlumatı olmadan, ipoteka müqaviləsinə cavabdeh tərəfindən iddiaçının məlumatı olmadan düzəliş edilmiş, onun istifadəsində olan torpaq sahəsinin hamısına, yəni 0.0517 ha hissəsinə dair xx.xx.2019-cu il tarixdə çıxarış alınmışdır. Göründüyü kimi Cavabdeh ASC İddiaçı istifadəsində olan torpaq sahəsinin girov qoyulmayan hissəsini qanunsuz olaraq öz istifadəsinə daxil etmişdir. Odur ki, daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının qeydiyyatın və reyestrindən çıxarış qismən etibarsız hesab edilməsi zəruridir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh ASC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını və çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki işin materiallarında olan: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* №li, **********75-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 2-ci keçiddə istifadədə olan 0,01648 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 30,1 kv.m yaşayış, 38,5 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 116 nömrəli reyestr kitabının 10500 nömrəli vərəqində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh ASC (bank) ilə İddiaçı (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2009-cu il tarixli 27 nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan bank tərəfindən verilmiş 184000 (yüz səksən dörd min) ABŞ dolları məbləğində kreditin və ona hesablanacaq faizlərin qaytarılmasının təminatı kimi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 2-ci keçiddə istifadədə olan 0,0517 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli binada, 68,6 kv.m ümumi, 30,1 kv.m yaşayış, 38,5 kv.m köməkçi sahədən ibarət 2 otaqlı 23 nömrəli fərdi yaşayış evini ipoteka qoymuşdur. İpoteka predmeti razılığa əsasən 320000 (üç yüz iyirmi min) manat qiymətləndirilir, qiymətləndirici dəvət olunarsa qiymətləndirmə xərcini ipoteka qoyan ödəyəcəkdir. xx.xx.2012-ci il tarixli sənəddən görünür ki, notarius A.K.Məmmədov “0.0517 ha torpaq. sah. düzəlişinə inanmalı” barədə fotosurətin düzgünlüyünü təsdiq etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3118/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərarından görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1136/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, X2 116.500 ABŞ dolları əsas, 117.023,5 ABŞ dolları faiz borcu və 20.486,5 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 254.010 ABŞ dolları məbləğində pulun alınan gündə manata olan məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh ASCnin xeyrinə tutulması, tutmanın ipotekaya qoyulmuş İddiaçı məxsus Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 2-ci keçiddə istifadə olunan 0,01648 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 30,1 kv.m yaşayış, 38,5 kv.m köməkçi sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılaraq əldə edilən pul vəsaiti hesabına X4 Cavabdeh ASC-yə olan əsas kredit borcu, qətnamə çıxarılan günə qədər hesablanmış faiz borcu və ödənilmiş 20 manat dövlət rüsumuna ödənilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə cavabdeh X10 və onun nümayəndəsi X5 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 aprel 2013-cü il tarixli qətnaməsi X6 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən isə cavabdeh X4 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə olan 09 aprel 2014-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********75-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0517 ha torpaq sahəsi və ümumi sahəsi 68.60 kv.m olan ev xx.xx.2019-cu il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh ASC-nin adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubuna verdiyi xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi keçmiş Kirov Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 14/289 nömrəli xx.xx.1990-cı il tarixli qərarına əsasən xx.xx.1993-cü il tarixdə X7 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 27 saylı notariat kontorunun 1V-32/93 reyestr nömrəli xx.xx.1993-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən xx.xx.2023-cü il tarixdə X12 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 11 saylı notariat kontorunun 3N-767 reyestr nömrəli xx.xx.1995-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1995-ci il tarixdə X11 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 32 saylı notariat kontorunun 3MA-4 reyestr nömrəli xx.xx.1996-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1996cı il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi "xxxx" MMC-nin “Hərracın yekunları barədə” 29/03 nömrəli xx.xx.2019-cu il tarixli protokoluna, “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2019-cu il tarixli xx.xx.2019-cu il tarixli müqaviləyə və 2(008)-1136/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh ASC-nin adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Sorğuya uyğun olaraq arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surətinin təqdim edilməsi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 187587 nömrəli **********75-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.01601 ha torpaq sahəsi və ümumi sahəsi 68.60 kv.m olan ev xx.xx.2019-cu il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh ASC-nin adına qeydiyyata alınmışdır. "xxxx" MMC-nin “Hərracın yekunları barədə” 29/03 nömrəli xx.xx.2019-cu il tarixli protokolundan və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, həmin müqavilə Sabunçu Rayon Məhkəməsinin 2(008)-1136/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra vərəqəsinə, Binəqədi rayon İcra və Probasiya Şöbəsinin xx/xx-11532/12 saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubunun və Cavabdeh ASC-nin müvafiq məktubunun icrasına əsasən bağlanmışdır. İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 2-ci keçiddə yerləşən 23 nömrəli fərdi yaşayış evinə 25500,0 (iyirmi beş min beş yüz manat 00 qəpik) manata Cavabdeh ASC-yə satılmışdır. İddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi barədə məlumat” bölməsindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat rüsum ödənilmişdir (qəbz nömrəsi **********). Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********75-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışla ünvan 1 ünvanında yerləşən 0.0517 ha torpaq sahəsi və ümumi sahəsi 68.60 kv.m olan ev xx.xx.2019-cu il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh ASC-nin adına qeydiyyata alınmışdır. İddiaçı isə hazırki tələbində həmin çıxarışı mübahisələndirərək, çıxarışın qismən etibarsız hesab edilməsini məhkəmədən xahiş edir. Belə ki, iddiaçının tələbinin əsasını təşkil edən hal ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə 0.01648 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldilsə də, daşınmaz əmlakın dövlət reyestrini aparan orqan tərəfindən 0.0517 ha torpaq sahəsinə dair çıxarış verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrini aparan orqan tərəfindən məhkəməyə ünvanlanmış cavab məktubunda həmin çıxarışın verilməsi üçün qeydiyyata əsas olan sənədlərin hərracın yekunları barədə protokol, alqı-satqı müqaviləsi və icra vərəqəsi olduğu qeyd edilməsinə baxmayaraq, qeydiyyat aparılarkən icra vərəqəsində göstəriləndən (hərracın yekunları barədə protokol və alqı-satqı müqaviləsində torpaq sahəsinin ölçüsü qeyd edilməmişdir) artıq ölçüdə torpaq sahəsinə dair çıxarış verilmişdir. İddiaçı isə hazırda qeydiyyata əsas olan sənədləri deyil, çıxarışın özünü, daha dəqiqi, çıxarışda 0.01648 ha əvəzinə 0.0517 ha torpaq sahəsi yazılmasını mübahisələndirir, buna görə də işə aidiyyəti inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2-ci maddəsinə görə isə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) və inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) dair tələblərə inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarında məhkəmə aidiyyəti ilə bağlı aşağıdakılar göstərilmişdir: «Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir… İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.» “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı ilə «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına edilmiş əlavə və dəyişikliyə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər arasında olan mübahisə ümumi (publik) hüquq münasibətlərindən irəli gəlir, buna görə də mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Beləliklə, məhkəmə hazırki tələbin əsaslarının ümumi (publik) hüquq münasibətlərinin təşkil etməsini nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh ASC-yə qarşı “çıxarışın qismən etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilməli və iddiaçıya hazırkı mübahisəni həll etmək məqsədilə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququna malik olduğu izah edilməlidir. Həmçinin, iş üzrə ödənilmiş dövlət rüsumu mülki prosessual qanunvericiliyin tələbinə müvafiq olaraq iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1 və 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.3-cü maddəsinin tələblərinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261, 262, 263, 264, 267, 268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “çıxarışın qismən etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, hazırki mübahisəni həll etmək məqsədilə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. İddiaçıya həmçinin izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-3125/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3125/2023
11.08.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver