Məhkəmə qərarları › İş №e-2(006)-3130/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3130/2024

02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3130/2024 02.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 110000 (yüz on min) manatın və mediasiya sessiyasında iştirak etmək üçün ödədiyi 400 (dörd yüz) manatın, cəmi 110400 (bir yüz on min dörd yüz) manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı MMC-nin direktoru Azər İsmayılov xeyli vaxtdır tanıdığı X19 və X4 ilə münasibətləri əvvəllər yaxşı olmuşdur. Uzun illərdir ki, xarici ölkələrdən toyuq və ət məhsullarını idxal edib, ölkədə satışını həyata keçirir. 2019-cu ildə Ukrayna Respublikasından idxal etdiyi ət məhsullarının içərisində xeyli miqdarda xarab, istifadəyə yararsız ətlərin gəldiyini görüb qərar vermişdir ki, 2020-ci ilin əvvəlində Ukrayna Respublikasında ət kombinatı alıb, özü orada ət kəsimini həyata keçirsin, həmin kombinatda kəsilən ət məhsullarının bir hissəsini Ukrayna Respublikasında satsın, bir hissəsini isə Azərbaycan Respublikasına göndərsin. Onun bu fikri barədə məlumatlı olan tanışları Xudaverdi və Nicat təklif etdilər ki, onlar bu işdə müəyyən qədər investisiya qoyub ona şəriik olsunlar. Kombinatın açılması üçün Xudaverdi Haxverdiyev külli miqdarda pul vəsaiti yatırım edəcəyini bildirdiyi üçün onun təkidi ilə Ukraynadakı işlərə nəzarət və rəhbərlik etmək məqsədilə Xudaverdinin dostu Nicatın Quliyevin atası Cavabdeh Ukraynaya göndərildi. Cavabdeh orada yaşamaq və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icazə alındı. Xudaverdi və Nicat Quluyev isə onun təsisçisi olduğu İddiaçı MMC-yə işə götürüldü ki, şirkətin fəaliyyətinə həm ölkədaxili, həm də xaricdəki işlərə tam nəzarət edə bilsin. Sonradan ona məlum olmuşdur ki, X3 ona verdiyi pul vəsaitlər onun özünün yox, sən demə xalası Gülmirə Nəsirovaya məxsus imiş. Amma Cavabdeh "xxxx" şirkətinə faktiki rəhbərlik etdiyi dövrdə külli miqdarda yeyinti və şirkətdə oğurluq hallarını aşkar etdiyi üçün bir müddət sonra Ramizi şirkətə rəhbərlikdən uzaqlaşdırdığına və daha sonra Rusiya qoşunlarının Ukrayna Respublikasına atdığı raket zərbələri nəticəsində həmin kombinatın işi tamamilə dayandığına görə onun Gülmirə Nəsirova ilə arasında narazılıq yaranmışdır. Ukrayna Respublikasında icarəyə götürdüyü ət kombinatının işlədilməsi üçün təsis etdiyi Myaslandiya şirkətinə Cavabdeh faktiki olaraq rəhbərlik etdiyi dövrdə şəxsən onun öz adına və həmin şirkətin hesabına ümumilikdə 152050 ABŞ dolları göndərilmiş pulların müqabilində o, Ukrayna Respublikasına gedib təftiş apararkən 100000 ABŞ dolları miqadarında əksik gəlmə müəyyən olunmuşdur. Həmin çatışmamazlığın 110000 manatını Cavabdeh mənimsəmiş, qalan vəsait isə müəssisədə baş vermiş oğurluq və israfetmə halları ilə bağlı yaranmışdır. Əskik gələn puldan 110000 manata görə Cavabdeh bilavasitə cavabdeh olduğu halda bu əskikliyi, başqa sözlə şirkətin fəaliyyəti ilə bağlı dəymiş ziyanı aradan qaldırmamışdır. Dəfələrlə Cavabdeh 110000 manat pulu ödəməsini bildirsə də, keçən müddət ərzində Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməyərək ona olan (dəymiş ziyan üzrə) borcunu ödəməkdən yayınmışdır. Hal-hazırda Cavabdeh dəymiş ziyan üzrə 11000 manat məbləğində pul ödəməlidir. Çünki həmin ziyanın qarşısını almaq, eləcə də ziyan ödədiyi təqdirdə onun ödəmək bilavasitə şirkətin faktiki rəhbəri kimi məhz Cavabdeh öhdəliyində idi. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi İddiaçı MMC tərəfindən Cavabdeh qarşı 110.000 manat pul və eyni zamanda 400 manat ilə bağlı xərc tələb olunur. İddiaçı MMC-nin direktoru X2 Nicat Ramiz oğlu və Haqverdiyevlər zəminində ortaqlıq yaratmağı və bu ortaqlıq zamanı Quluzadə Nicatın təklifi ilə Nicatın atası Cavabdeh Ukraynada olan ət kombinatına faktiki rəhbərlik etməsini qərarlaşdırmışlar. Kombinatın açılması üçün Haqverdiyev külli miqdarda pul yatırdığından onun dostu Nicatın atasının rəhbərliyə qoyulması təklif olunmuşdur. Cavabdeh şirkətin adını “Çuxur” qoysa da, sonra Azər İsmayılovun təkidi ilə "xxxx" şirkəti yaradılmışdır. Faktiki rəhbərliyi Ramiz özü həyata keçirsə də, sonradan özünün uzun müddət tanıdığı Fəxrəddin Kərimovu direktor təyin etmişdir. Bu müddət ərzində İddiaçı MMC-dən Ukraynada olan şirkətə pullar köçürülmüş və Cavabdeh də faktiki rəhbərliyi həyata keçirdiyi üçün bu pullarla xərclər etmişdir. Fəxrəddin Kərimov daha sonra Azər İsmayılovu yeyinti olması barədə xəbərdar etmiş və bununla bağlı onu Ukraynaya çağırmışdır. Azər İsmayılov getdikdə həqiqətən də yeyintiyə yol verildiyinin şahidi olmuşdur. Hesabat aparılmış, Ukraynada polisə müraciət edilmiş, müəyyən olunmuşdur ki, ən minimal xərcdə 110.000 min manat pul əskikliyi var. Fəxrəddin Kərimov da Ukraynada olduğu üçün təsdiq etmişdir ki, pullar aidiyyətı üzrə xərclənməmişdir, Cavabdeh tərəfindən götürülmüşdür. Bununla bağlı 3 şəxsə İddiaçı MMC tərəfindən iddia qaldırılmışdır. Onlardan biri Maqsud Xəlilov olmuşdur ki, onunla bağlı Bakı Kommersiya Məhkəməsində iddia qismən təmin olunmuşdur. Bu iş də aidiyyətı üzrə bura gəlmişdir. Məhkəmə ona əsaslanmışdır ki, söhbət faktiki sahiblikdən gedir. Ali Məhkəmənin Plenum qərarına əsasən faktiki sahibliklə bağlı hər bir halda məhkəmənin qənaəti ilə razılaşırlar. Bakı Ağır Cinayətlər Məhkəməsində də iş var. Quluzadə Nicat özünü orada zərərçəkmiş kimi göstərir. Burada göstərilən şəxslər orada zərərçəkmişdir, amma artıq Kommersiya Məhkəməsində həmin zərərçəkmişlərlə bağlı iddia qismən iddiaçının xeyrinə təmin olunmuşdur. Azər İsmayılovun ortaqları ət işi ilə məşğuldur. Ortaqlardan bəziləri Azərə qarşı iddia qaldırırmışlar ki, o, dələduzluq edir. Fəxrəddin notarial qaydada ərizə ilə məhkəməyə müraciət edərək təsdiq etmişdir ki, İddiaçı MMC-dən buraya gələn pullar Ramizə çatırdı. Orada Cavabdeh xətti ilə yazılan hesabatlar var. Cavabdeh əlyazmasında 25 min dollar əskiklik olduğunu deyir, amma tələb olunan pul çoxdur. Hal-hazırda orada hesabatda xərclər göstərilir. Orada xərclər və s. hesablanıb və əskik gələn 110 min manat tələb edilir. Amma hesabatdan çıxarışda 150 min dollara yaxın pul idi. Sadəcə 150 min dollar puldan hesabatda olan qazın, suyun və s. pulun çıxılmışdır. Ramizlə bağlı məhkəməyə şikayətlər də olunmuşdur ki, o burada malı mənimsəyib. Ramiz də hesabat götürmüşdür ki, burada işığa verib və s. və 25 min dollar əskiyi çıxarır. Ukraynada olan şirkət 2020-ci il mart ayından fəaliyyət göstərir. 16 mart 2020-dən 21 yanvar 2021-ci ilə qədər faktiki rəhbərliyi Ramiz etmişdir, təsisçi Ramiz olmuşdur. Orada oğurluqlar olur, digər şəxslər gəlmir və digər ortaqlar üzərində öhdəçiliklər yaranır. Orada oğurluq olandan sonra İsmayılov Azər özü Ukraynaya getmiş, polis araşdırma aparmış, Cavabdeh oradan kənarlaşdırmışdır. Sadəcə sonradan müharibə başladığı üçün araşdırmanın nəticələri barədə məlumatları olmamışdır. Cavabdeh hesabatı da nəzərə alınmaqla orda hesablamalar apardıqdan sonra pretenziyanı 110 min manata endirmişlər. Ölkəyə böyük məbləğlərdə ətlər daxil olub. Bunlar hamısı müqavilələrlədir. Kərimov Fəxrəddin də notarial qaydada olan ərizə ilə təsdiq edir ki, həmin vaxt faktiki rəhbər Ramiz idi. Fəxrəddinlə bir yerdə nağd pulları Ramiz də qəbul edib. Ramiz hesabata yazanda da 25.469 dollar əskiyin olduğunu deyib. Azər İsmayılov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində bəraət hökmü çıxarılıb. X12 təsdiqlədiyi hissə 17, 18 və 19cu səhifələrdir. Kərimov Fəxrəddinin ifadəsi də orda hökmdə də görünür. İttiham aktını məhkəməyə təqdim edən qarşı tərəf olub. Kommersiya Məhkəməsində də bildirmişlər ki, həmin ittiham aktının bu kommersiya işinə nə aidiyyatı var? Hazırda da bəraət hökmü var. Nicat Quluzadə və Xudaverdi Haqverdiyev arasında əvvəllər münasibətlər yaxşı olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsində zərərçəkmiş kimi dindirilmiş Haqverdiyev demişdir ki, Azər İsmayılovu 2007-ci ildən bəri tanıyırmış, dostluq münasibətləri olmuşdur. Hamısını özləri təsdiq edir. Xudaverdi deyir, “Ramiz 2 il orda rəhbərlikdə olmuşdur”. Nicat da ifadəsində atasının orada olmasını təsdiq edir. Bunlar özləri də təsdiq edirlər ki, rəsmi rəhbər Fəxrəddin olub, faktiki rəhbərliyi də Ramiz həyata keçirib. Sadəcə qarşı tərəf qəbul etmirsə, bank sənədləri də var, hesabat da var, gedən sənədlər də var. İstənilən hesabatı qəbul etməyə də açıqdırlar. Çünki öz hesabatları təmizdir. Bank məlumatları da var ki, Ramizin orda rəhbər olduğu, səlahiyyətli olduğu dövrdə nə qədər pul köçüb. Şahid qismində dindirilən X18 faktiki rəhbərliyini təsdiq edir. Məhkəmə iclasının protokolunda da var ki, Cavabdeh 92 min və 56 min dolları qəbul etdi. Pulun ona verilməsi sübut edildi. İndi pulu hara xərclədiyini sübut etmək cavabdehin öz vəzifəsidir. Pulları hara xərcləyibsə, özü sübutları gətirsin. Ümumi 152 min dollardan 110 min manat tələb edirlər. Odur ki, göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı MMC-nin direktoru X16 izahat verərək bildirmişdir ki, iş belə başlanmışdır ki, Ukraynada kirayə kombinat götürülmüş və Cavabdeh direktor təyin olunmuşdur. Formal olaraq, rəsmi direktor isə Kərimov Fəxrəddin olmuşdur. Belə razılığıa gəlmişdilər ki, bütün sənədlər, maliyyə işləri üzrə səlahiyyətli şəxs Cavabdeh idi. Birinci dəfə pandemiya düşəndən bəri iyun ayından dekabra kimi Cavabdeh 59150 ABŞ dolları dollar pul göndərmişdir (Sənəddə var, qeyri-rəsmi olaraq). Qalan pul 92900 dollar da "xxxx" MMC-nin hesabına köçürülmüşdür. Bunları 6 ay ərzində hissə-hissə göndərmişdir. Onda özü Ukraynaya gedə bilmirdi, ancaq dekabrın 25-dən sonra gedə bilərdi. Cavabdeh malları hazırlamalı və İddiaçı MMC-yə ət göndərməli idi. Özü yanvar ayının 3-4-ü getmiş, hər şeyi təşkil etmişdilər: Kadrlar, laboratoriya, baytar həkim, fəhlələrin yataq otaqlarına kimi, ət kəsim yeri. Baytar həkimi kəsim üçün icazə - lisenziya vermişdi. Bir "xxxx"dan eksport sənədin hazırlanması qalmışdı. X27 Təsərrüfatı Nazirliyi baxış keçirdi və dedilər ki, bunlar düzələndən sonra eksport sənəd verəcəklər. O özü 5 ay qalanda onları etmişdilər. Özü bu işlə məşğul olduğundan pulu göndərdikcə hesablayırdı ki, orda nə qədər mal ola bilər. Yanvar ayında ora gedəndə anbarı açıb baxdıqda konteynerin tam dolmadığını görmüşdür. Halbuki çox mal almışdır. Bu zaman Cavabdeh çağırıb bildirmişdir ki, burda 12-13 ton mal var, ona 135 min dollar verilib. Elə 135 min dollara kənardan 45-50 ton mal almaq olardı. Bundan sonra Cavabdeh rəhbərlikdən uzaqlaşdırmış və ondan hesabat tələb etmişdir. Ramiz 2 gün sonra gəlmiş və 51.900 dolların hesabatını vermişdir. Etiraf etmişdir ki, 30 min dollara yaxın pulu götürmüşdür. Onu da yazıb özünün imzası ilə təsdiq etmişdir. X20 çağırıb onunla hesabat aparmış, o da verilmiş bütün pulların hamısını yazmışdır. Bundan nə qədər məbləği Ramizə verdiyini soruşduqda, 17 min dollara aparat aldığını bildirmiş, onun açılışını Ramizə vermişdir. Ət kombinatı və şirkət onun özünə məxsusdur. Eyni hüquqi şəxsdir. Özü Ramizə dedi ki, əlyazmanı yazsın və bilinsin ki, bu qədər yeyinti olub. Ukraynaya gedəndən sonra 2021-ci ildən "xxxx"da özü direktor olmuşdur. 2021-ci ilin avqust ayında o, şirkəti qəbul etmişdir. Ümumiyyətlə, o vaxtdan sonra oradan 2 avtomobil çıxıb, başqa iş getməyib. Hələ çox mal da istehsal olunmayıb. 38 ton mal "xxxx"dan çıxıb, 20 ton İddiaçı MMC-nin, 18 ton Cəlil Rüstəmovun şirkətinin adına gəlib. Özü pul keçirdib, özü müqavilə bağlayıb, özləri də hazırlamışlar. Ramizin dövründə orda mallar oğurlanıb, dağıdılıb. Fəxrəddin 92.900 dollardan 19 min dolları xərcləndiyini qeyd etmişdir, orada məbləğlər qrivinlə yazılıb. Elə aylar var ki, həm Cavabdeh işıq pulu yazıb, həm də Kərimov Fəxrəddin. Orda, məsələn, Ramiz yazıb ki, “1500 dollar soyuducunun motorunun işləməsinə görə vermişəm”. Amma gəlib baxanda gördü ki, soyuducu işləmir. Ramiz dedi, işlədi, sonra dayandı. Məhkəmənin əvvəlki iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, Kərimov Fəxrəddinin notarial qaydada təsdiq etdiyi ərizədə yazılıb ki, əsas işləri Ramiz görüb. O ərizə düzgün tərcümə olunmayıb, Fəxrəddin orda deyir ki, yalnız dəftərdə yazılanları təsdiq edir. O dəftəri gətirib qoysunlar məhkəmənin qaşısına, məhkəmə də dəftərdən baxıb nəticəyə gəlsin. Bu günləri "xxxx"nın təsisçisi də, direktoru da Azər İsmayılovdur. Sistemdən girib bütün sənədləri çıxara bilər. Bu gün maaşını da üstünə gəlsə, İsmayılov Azərin ona 24.700 dollar borcu var. Maaşını verməsə, 12 min dollar ona borcu var. Məhkəmə fakta və rəqəmlərə baxacaq. İsmayılov Azərin dediyinə yox. Azəri orda hamıya borcu var, pulların vermədən çıxıb gəlib. 442.800 qrivin gedib bunun soyuducu kamerasına, rəsmi sənəddir. Ümumilikdə, avadanlıqların alınmasına 46.863 dollar xərclənib. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, Kommersiya Məhkəməsində də bildirmişlər ki, iddia tamamilə əsassızdır, fərziyyələrdən ibarətdir. Ona görə də düz qəbul etmirlər. Düzdür, həmkarı burada Kərimov Fəxrəddinə istinad etdi. Belə baxanda da görünür ki, Fəxrəddin heç vaxt deməyib ki, Ramiz pulu başqa yerə xərcləyib. O ki qaldı ki, Nicat cinayət işi üzrə zərərçəkmişdir. Amma o zərər Ramizin oğluna orada dəymiş zərər olmayıb. 10.000 min manat hara, 100.000 manat hara. O ki qaldı ki, digər zərəçəkmişlərdən götürülən pulu Azər ora göndərib. Orada zərərçəkmiş tək bunlar deyil, başqa adamlar da var. İttiham aktının bir hissəsi təmin olunub orada. Azər İsmayılov cinayət işi üzrə ifadəsində göstərir ki, o özü Ukraynada olan şirkəti açıb. Ramizi oraya təyin etmişlər və oraya faktiki rəhbərliyi o özü etmişdir. Halbuki iddiada elə deyilmir. Sənədlər gətirilərək müəyyən olunsun ki, Azərbaycandan nə qədər pul göndərilib və oradan Ramizin faktiki rəhbərliyi həyata keçirdiyi dövrdə Azərbaycana nə qədər ət göndərilib. Bundan başqa orada bu kombinatı tək Cavabdeh həm əti kəsirdi, həm idarə edirdi, həm fəhləsi idi. Bunları o etmirdi. Fəxrəddin direktor idi. Cavabdeh həmin vaxtı müdafiəçisi olmuşdur. Ramiz həbsdən çıxandan sonra Ramizi həmin yerə direktor qoymuşdular. Cinayət işi gedən zaman Ramiz Ukrayna vətəndaşlığını almışdır və orada yaşayırdı. Ona dedilər ki, onun barəsində cinayət işi var, ittiham aktı məhkəməyə göndərilib. Ondan sonra çıxıb gəldi. Ramiz bu işdən əvvəl Ukraynada yaşayıb. Ona bəraət veriləndən sonra o, yenidən qayıtdı. Cinayət işi ilə bağlı iddiaçının ifadəsinə istinad edir, sübutlara yox. "xxxx" şirkətindən İddiaçı MMC-yə 38 ton mal gəlib, halbuki 10 tonunu çıxarırlar qırağa, deyirlər 28 ton gəlib. Özü deyir ki, həmin vaxtı, təsisçi Ramiz olanda da belə müəssisəni o yaratmışdır, faktiki təsisçi də o idi, faktiki rəhbərliyi də özü həyata keçirirdi. Bunlar cinayət işi üzrə məhkəmə baxışında öz əksini tapmışdır. İddiaçı tərəfin dediyinə görə Ramiz yeyintiyə yol verib. Kərimov Fəxrəddin dediyi hesabat dəftəri hardadırsa, ortaya çıxarılsın. Fəxrəddin deyir ki, “mən dəftərdə yazdıqlarımı təsdiq edirəm”. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş: X7 ifadə verərək bildirmişdir ki, Ukrayna vətəndaşıdır, "xxxx" MMC-nin rəsmi direktoru olmuşdur, faktiki idarəçilik isə Cavabdeh tərəfindən həyata keçirilmişdir. Şirkətin hesabına gələn pulları özü çıxarmışdır. Hesaba 92.900 dollar pul gəlib. Ordan maaşlar verilib, icarə pulu verilib, sonra orda nələr alınıb, onların pulu çıxılıb. Ət alınıb, ət göndərilib. Orada sənəd işlərinə baxırdı. Pullar haralara gedib, xərclənib, onları hesabat dəftərinə yazmışdır. 92 min dolları o çıxartmışdır, Ramizin onu çıxartmağa ixtiyarı yoxdur. Hər şey dəftərində yazılıb, dəftərinə baxılmasını xahiş edir. Dəftərdə yazdıqlarını təsdiq edir. Dəftərdə nə yazıbsa, o düzdür. Vakuum aparatına 140 min qrivin gedib, əlyazmada da onu qeyd etmişdir. Hesabat dəftəri İsmayılov Azərdədir. X5 ifadə verərək bildirmişdir ki, İsmayılov Azəri çoxdan tanıyır, Cavabdeh də orda tanımışdır. "xxxx" şirkətində ətin çeşidlənməsi işinə baxırdı. Şirkətin faktiki direktoru Cavabdeh olmuşdur. Kombinat o vaxt hələ işləmirdi, hazırlıq gedirdi. İşə bir az gec başladılar. X23 kombinatı icarəyə götürdüyündən xəbəri yox idi, Azər onu ora dəvət etdi. Ora gələn ətlərin kəsilməsində Ramizlə o iştirak etmişdir, oradan 2 maşın çıxıb. Hər dəfə Azərə hesabat verilirdi. Ora ilk dəfə gələndə Azərə dedi ki, buranın mühafizəçisi, mühasibi və kamerası olmalıdır. Mühasibatlıq indi olsa idi, indi sənədlər, hər şey ortada idi. Ətlərin sənədi yox idi, gömrükdən göndərmək üçün yenidən sənəd alırdılar. Orda 9 ay işləmişdir, axırıncı maşın çıxdı, o da işdən çıxdı. Sümüksüz ət göndərirdi, sümüksüz ətin qiyməti təxmini 4 dollara yaxın idi. İsmayılov Azər hara deyirdisə, ət ora göndərilirdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İddiaçı MMC vergi ödəyicisi kimi xx.xx.2010-cu il tarixdə qeydiyatdan keçmişdir. İddiaçı MMC-nin Cavabdeh ünvnladığı pretenziyanın surətindən görnür ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Mediasiya sessiyasında iştirak edilməməsi barədə 07 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 12.00-13:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhsulun Təchizatına dair 24/06/20 saylı xx.xx.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC Kiyev şəhəri Ukrayna Nizamnamə əsasında fəaliyyət göstərən direktoru X8 Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qeydiyyata alınan və qüvvədə olan İddiaçı MMC bundan sonra «Alıcı» nizamnamə əsasında fəaliyət göstərən direktoru Azər İsmayılovla birgə imzalanan müqavilədə Ukrayna mənşəli ət və ət məhsullarını təhciz etməyi, alıcı isə isə məhsulu qəbul etməyi və ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin 03 saylı xx.xx.2021-ci il tarixli əmrinin surətindən görünür ki, X16 xx.xx.2021-ci il tarixdən "xxxx" MMC-nin Vahid İstirakçılarının xx.xx.2021-ci il tarixli № xx/xx/2021 qərarına əsasən "xxxx" MMC direktoru vəzifəsini yerinə yetirməyə başlayacağı barədə əmr imzalamışdır. Binəqədi Rayon Polis İdarəsinin İŞ-i tərəfindən tərtib edilmiş ittiham aktının surətindən görünür ki, X9 barəsində Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə ittiham olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-110/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə X10 Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsinə əsasən, əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə bəraət vermişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1203/2024 saylı xx.xx.2024-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC və X14 qarşı «borcun ödənilməsi və dəymiş ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə qismən təmin edilmiş 60.000 (altmış min) manat məbləğində pul "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllə Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Mülki iş materialları və işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunmuşdur ki, "xxxx" MMC və İddiaçı MMC X11 məxsus şirkətlərdir. X16 rəsmi olaraq İddiaçı MMC-nin direktorudur. Onun tərəfindən X1 Respublikasının vətəndaşı olduğundan formal olaraq "xxxx" MMC-nin rəsmi direktoru təyin edilmiş, faktiki rəhbərlik isə 16 mart 2020-ci il tarixdən 21 yanvar 2021-ci il tarixədək Cavabdeh tərəfindən həyata keçirilmişdir. "xxxx" MMC ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmış, təchizatçı "xxxx" MMC alıcını Ukrayna mənşəli ət və ət məhsulları ilə təhciz etməyi, alıcı İddiaçı MMC isə məhsulu qəbul etməyi və ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh faktiki rəhbərlik etdiyi dövrdə İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin hesabına bank vasitəsilə 92900 ABŞ dolları, Cavabdeh isə İddiaçı MMC-nin vəsaiti hesabına həmin MMC-nin səlahiyyətli şəxsi kimi X16 tərəfindən nağd şəkildə 59150 ABŞ dolları, ümumilikdə 152050 ABŞ dolları vəsait göndərilmişdir. Hesaba gələn pul İddiaçı MMC-nin razılığı (icazəsi) ilə "xxxx" MMC-nin rəsmi rəhbəri X8 tərəfindən məxaric edilib təyinatı üzrə xərclənməsi üçün Cavabdeh verilmiş, 59150 ABŞ dolları isə cavabdehin özünə göndərilmişdir. İddiaçı MMC-nin direktoru X16 tərəfindən Ukrayna Respublikasındakı "xxxx" MMC-də təftiş apararkən çatışmazlıqlar müəyyən olunmuşdur. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Cavabdeh ilə birlikdə Ukrayna Respublikasında Myaslandiya MMC-ni təsis etmələrinə və Cavabdeh həmin şirkətin təsisçisi və faktiki rəhbəri olduğu dövrdə qanunsuz hərəkətləri nəticəsində şirkətə ziyan vurmasına istinad etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddia tələbi İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış alqı-satqı müqaviləsindən, habelə İddiaçı MMC-nin direktoru Azər İsmayılov ilə Cavabdeh arasında mövcud olmuş şifahi tapşırıq müqaviləsindən irəli gəlir. İddiaçı tərəf bildirmişdir ki, İddiaçı MMC müqavilə əsasında "xxxx" MMC-yə pul köçürsə də, həmin pulun müqabilində təqdim edilməli olan malın bir hissəsi təqdim edilməmiş, buna səbəb isə şirkətin təsisçisi və faktiki rəhbəri Cavabdeh qanunsuz hərəkətləri olmuşdur, bundan başqa göndərilmiş vəsaitin tərəflər arasındakı razılaşmaya əsasən təyinatı üzrə "xxxx" MMC-nin fəaliyyəti üzrə xərclənməsi tam həyata keçirilməmişdir. Hazırda iddiaçı ümumilikdə 152050 ABŞ dollarından əskik gələn 110000 manatın Cavabdeh tutulmasını xahiş edir və iddiasını Cavabdeh faktiki rəhbərlik etdiyi dövrdə onun şirkətə daxil olan pullara görə bilavasitə cavabdeh olduğu halda bu əskikliyi aradan qaldırmalı olması ilə əsaslandırır. Cavabdehin nümayəndəsi Vəkil2 iddiaya etiraz edərək, Azər İsmayılovun cinayət işi üzrə verdiyi ifadəsinə istinad edib, faktiki rəhbərliyin də onun özü tərəfindən həyata keçirildiyini göstərərək iddianın rədd olunmasını xahiş edir. Nümayəndədən fərqli olaraq videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə iclasında iştirakı təmin edilmiş Cavabdeh "xxxx" MMC-yə faktiki rəhbərlik etdiyini, yəni, şirkətin fəaliyyətinin bilavasitə onun tərəfindən idarə edildiyini bildirərək, İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin hesabına göndərilmiş 92900 ABŞ dollarını qəbul etdiyini, habelə nağd şəkildə göndərilmiş 59150 ABŞ dollarını aldığını etiraf etmiş, lakin qəbul etdiyi məbləğlərin MMC-nin fəaliyyətindən irəli gələn məsrəflərə, habelə iddiaçı şirkətə ətin göndərilməsinə sərf edildiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Göründüyü kimi cavabdeh iddiaçı ilə aralarında yaranmış münasibətlər çərçivəsində ümumilikdə 152050 ABŞ dollarının onun tərəfindən qəbul edildiyini etiraf edir. Bu halda iddiaçı sübutetmə vəzifəsindən azad olunaraq bu vəzifə cavabdeh tərəfə ötürülür. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında işdə olan əlyazmasında əks olunmuş 25469 dollar pulun xərclənməsinə dair hesabatın onun tərəfindən yazıldığını bildirmiş və həmin hissədə əskiklikləri qəbul etmişdir. Eyni zamanda cavabdeh göndərilmiş pul müqabilində iddiaçı şirkətə 20 ton ət göndərildiyini bildirmişdir (iddiaçının direktoru Azər İsmayılov tərəfindən bu hal təsdiq edilmişdir). İşdə olan invoys sənədində 1 kq ətin qiymətinin 3.6 ABŞ dolları olduğu müəyyən edilmiş, şahid qismində ifadə vermiş "xxxx" MMC-də ət çeşidləmə işinə baxan Xaləddin İsmaylılov, habelə tərəflər özləri ətin 1 kq dəyərinin təxminən 4 dollar olduğunu bildirmişlər. Ümumi götürdükdə kiloqramı 4 dollar hesablanan 20 ton ətin qiymətinin 80000 dollar olması müəyyən edilmişdir. Bundan başqa şahid qismində dindirilmiş və "xxxx" MMC-nin rəsmi rəhbəri Fəxrəddin Kərimov öz hesabat dəftərində qeyd etdiyi bütün xərcləri təsdiq etdiyini bildirmiş, məhkəmə iclası zamanı tərəflərin iştirakı ilə həmin dəftərin surəti tədqiq olunaraq orada xərclənmiş ümumi məbləğin 19000 dollar olduğu müəyyən edilmişdir. Cavabdeh də Fəxrəddin Kərimovun hesabat dəftərində qeyd olunan məbləğlərin xərcləndiyini təsdiq etmişdir. Qeyd olunan məbləğlərin xərcləndiyini iddiaçı tərəf də qəbul etmiş və hesablanaraq ümumi məbləğdən çıxılmasına etiraz etməmişdir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin idarə edilməsinin birbaşa Cavabdeh tərəfindən həyata keçirilməsi, habelə onun faktiki rəhbərliyi dövründə iddiaçı tərəfindən göndərilmiş 152050 ABŞ dollarının Cavabdeh verilməsi (bu hallar iş materialları ilə, habelə cavabdehin etirafı ilə də öz təsdiqini tapır), bunun müqabilində ümumilikdə 124,469 ABŞ dollarının xərclənməsi işin mübahisəsiz hallarıdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 404.1-ci maddəsinin tələbi baxımından İddiaçı MMC, "xxxx" MMC və Cavabdeh arasındakı faktiki münasibətlərin xarakteri və onlar arasında işgüzar münasibətlər çərçivəsində aparılmış danışıqlar nəzərə alınmaqla cavabdehin əlyazmasında əks olunmuş 25469 dollar pulun, "xxxx" MMC-nin rəsmi rəhbəri Fəxrəddin Kərimovun öz hesabat dəftərində qeyd olunmuş 19000 ABŞ dollarının, habelə 1 kiloqramı 4 dollar hesablanan 20 ton ətin qiyməti olan 80000 ABŞ dollarının, ümumilikdə 124,469 ABŞ dollarının xərclənməsi müəyyən edilmiş və qarşılıqlı şəkildə tərəflər bunu təsdiq etmişdir. Lakin qalan 27,581 ABŞ dollarının (152050 - 124,469 =27,581 ABŞ dolları) xərclənməsinə dair mötəbər sübutlar Cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu baxmdan məhkəmə hesab edir ki, iddia ərizəsinin məznumunda ümumilikdə 152050 ABŞ dollarından bəhs edilərək, zəruri xərclər çıxıldıqdan sonra 110000 manatın tələb edilməsi göstərilsə də, məhkəmə iddia tələbini 46,887 manat həddində (27,581 ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi nəzərə alınmaqla) təmin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 46,887 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında AR Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir Məhkəmə qeyd edir ki, 400 manat ödənilmiş mediasiya xərcinin 170 manat hissəsi (iddia qismən təmin edildiyindən) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 46,887 (qırx altı min səkkiz yüz səksən yeddi) manat və 170 (yüz yetmiş) manat mediasiya xərcinin əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar