Məhkəmə qərarları › İş №e-2(006)-3136/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3136/2022

04.08.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3136/2022 04.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “qanunsuz əmrin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı “qanunsuz əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən vermiş olduğu 28/22 saylı, xx.xx.2016-cı tarixli əmri qanunsuz hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2016-cı ildə Bakı şəhərində əmək yarmarkasında işə düzəlməklə əlaqədar iştirak etmişdir. Lakin, həmin vaxt heç bir işəgötürənlə hansısa bir təşkilatda işə düzəlmə ilə əlaqədar heç bir razılıq da əldə etməmişdir. 2022-ci ilin əvvəlində ona işlədiyi iş yerində bildiriblər ki, barəndə portalda sənin AR ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən (xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixinə kimi proqul hesab edilməsinə əsasən) tutduğu vəzifədən azad edilməsinə dair məlumat vardır. Onun isə belə bir məlumatdan bu illər ərzində qətiyyən xəbəri olmayıb. O heç zaman cavabdehlə iş barədə heç bir müzakirə aparmamışdır, həmin təşkilata ərizə ilə müraciət etməmişdir, müqavilə bağlamamışdır və onun belə bir təşkilatın mövcudluğundan xəbəri olmamışdır. Araşdırıb təşkilatı müəyyən etdikdən sonra ona məlum olmuşdur ki, onun heç bir məlumatı və xəbəri olmadan cavabdeh AR Bakı şəhəri, Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi xx.xx.2016-cı il tarixində onu dalandar vəzifəsinə işə qəbul etmiş və 28/22 saylı xx.xx.2016-cı il tarixli əmrlə AR ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən (işçinin öz əmək funksiyasını yerinə yetirmədiyi üçün) tutduğu vəzifədən azad edilmişdir. Bununla əlaqədar cavabdehə yazılı müraciət etmiş və ona rəsmi qaydada Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfat Birliyinin 28/22 saylı xx.xx.2016-cı il tarixli əmrinin surətini xx.xx.2022-ci il tarixində rəsmi qaydada yazılı olaraq təqdim etdilər. O həmin qanunsuz əmrin ləğv edilməsini cavabdehə təklif etsə də cavabdeh həmin qanunsuz əmri ləğv etməkdən imtina etmişdir. Cavabdeh tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq onun konstitusion hüquqları da kobud şəkildə pozulmuşdur. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alaraq, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul edərək izahatında bildirdi ki, səhvlik olmuşdur, belə ki ərizə olmadan işçi işə götürülmüş, sonra isə heç bir əsas olmadan işdən çıxarılmışdır. Hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli, 28/22 nömrəli əmrin surətindən görünür ki, İddiaçı Nəsimi rayon MKTB-nin 59 saylı Mənzil Kommunal İstismar sahəsinin dalandarı, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə qədər heç bir üzrlü səbəb olmadan işə çıxmadığı üçün həmin iş günləri praqul hesab edilmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə (işçi özünün əmək funksiyasını yerinə yetirmədiyi üçün) xx.xx.2016-cı il tarixdən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı adına əmək müqaviləsi xx.xx.2016cı il tarixdə əmək müqaviləsi bağlanmış, xx.xx.2016-cı il tarixdə isə əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən (özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. İş materiallarında olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, işçi ilk dəfə xx.xx.2016-cı il tarixdə əmək müqaviləsi yolu ilə İnşaat şöbəsinə işə qəbul edilmişdir, sonuncu səfər isə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci bəndinə əsasən, tutduğu vəzifədən azad edilmişdir. Yəni, göründüyü kimi İddiaçı məxsus əmək kitabçasına onun xx.xx.2016 və xx.xx.2016-cı il aralığında hansısa bir yerdə işçi olması ilə bağlı heç bir məlumat daxil edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, bu arayış Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal X2 Sevda Yasin qızı tərəfindən təsvir edildiyi kimi, yəni əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli 28/22 saylı əmrin ləğv edilməsi tələbinə dair əmək mübahisəsi üzrə 23 may 2022-ci ildə, saat 11:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilmişdir. İddiaçı isə ilkin mediasiya sessiyasında iştirak etmişdir (Mediator: A.Əliyev). Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 62-ci maddəsinin 5-ci hissəsinə əsasən işdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərin birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir; 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz; 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edildi ki, İddiaçı özünün heç bir məlumatı və xəbəri olmadan xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyinə dalandar vəzifəsinə daxil olmuş, xx.xx.2016-cı il tarixdə yenə onun xəbəri və məlumatı olmadan 28/22 saylı əmrlə işdən azad edilmişdir. İddiaçı bu məlumatı bu yaxınlarda əldə etmiş və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, hazırda iddiaçının portalda onun maddə ilə (AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi- işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) işdən çıxarılmağı barədə məlumat vardır və bu hal da təbii ki, iddiaçının hüquqlarını əhəmiyyətli dərəcədə pozur. Göründüyü kimi, iddiaçının xəbəri olmadan işə qəbul edilməsi və sonra da maddə ilə işdən çıxarılması onun konstitusion hüquqlarını kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdeh Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən vermiş olduğu 28/22 saylı, xx.xx.2016-cı tarixli əmri qanunsuz hesab edilərək ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia ərizəsi təmin edilsin. Cavabdeh Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən vermiş olduğu 28/22 saylı, xx.xx.2016-cı tarixli əmri qanunsuz hesab edilərək ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar