Məhkəmə qərarları › İş №e-2(006)-314/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-314/2023

24.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-314/2023 24.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı (cavabdeh) İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh (iddiaçı) Cavabdeh3, onun nümayəndəsi və vəkili Nümayəndə2 və cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “zəbt olunmuş mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi” tələbi və iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin (əqdin) etibarlı hesab edilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “zəbt olunmuş mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi” tələbibə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, S.Vurğun küçəsi, dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin 13 nömrəli mənzili İddiaçı mülkiyyətindədir. 2001-ci ildə iddiaçının xalası (cavabdeh) Cavabdeh3 Bakı şəhərində yaşamaq üçün mənzillərinin olmadığını, həyat şəraitlərinin ağır olduğunu və kirayə haqlarının baha olduğunu bildirərək iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildə müvəqqəti olaraq cüzi kirayə haqqı qarşılığında yaşamaqlarına icazə vermələrini xahiş etmişdir. Həmin dövrdə iddiaçı özü ailəsi ilə birlikdə Salyan rayonunda yaşamış, qeyd olunan mənzildə iddiaçının qardaşı yaşamışdır. İddiaçının razılığı ilə xalası və onun ailəsi müvəqqəti olaraq həmin mənzildə iddiaçının qardaşı ilə birlikdə yaşamağa başlamışdır. İddiaçının qardaşı ilə birlikdə yaşayarkən kirayə haqqı ödənməmiş, 2005-ci ildə iddiaçının qardaşı həmin mənzildən köçdükdən sonra 2009-cu ilə qədər hər ay 100 manat kirayə haqqı ödəmişlər. Sonra isə ailə vəziyyətlərinin ağır olması bəhanəsi ilə ödənişi dayandırmışlar. 2009-cu ildə iddiaçının xalası oğlu (cavabdeh) Cavabdeh2 məktəb və hərbi xidmətlə bağlı Bakı şəhərində qeydiyyata düşməsinin vacib olduğu bildirilərək, onun müvəqqəti yaşadıqları mənzilə qeydiyyata düşməsinə icazə verilməsini xahiş etmişlər. Mənzilin mülkiyyətçisi olan İddiaçı razılığı ilə Cavabdeh2 həmin mənzilə qeydiyyata düşmüşdür. İddiaçı həyat yoldaşı X14 2013-cü ildə vəfat etmişdir. Bir müddət rayonda yaşayan iddiaçı, daha sonra övladları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsinə köçmüş və "xxxx" ASC-nin baş ofisində çalışmağa başlamışdır. Yaşadığı yerin şəhər kənarında olması, iş yerinə getməsinin və azyaşlı övladlarının məktəbə gedib-gəlməsinin olduqca böyük əziyyətlə həyata keçməsi səbəbindən öz mənzilinə köçmək istəmiş, xalasına ailəsi ilə birlikdə mənzilindən çıxmasını və mənzili ona təhvil verməsini bildirmişdir. Xalası (cavabdeh) Cavabdeh3 ailəsi ilə birlikdə son bir ildən artıq müddətdir ki, faktiki olaraq iddiaçıya məxsus olan mənzildə yaşamadıqlarına baxmayaraq, mənzili təhvil vermək istəməmiş, mənzildə əşyalarının olmasını, mənzildə yaşayarkən təmir etdiklərini və s. kimi bəhanələr gətirməyə başlamışdır. Hal-hazırda faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan və "xxxx" ASC-də çalışan İddiaçı, şəhərin mərkəzində özünə məxsus mənzili olduğu halda azyaşlı övladları ilə birlikdə şəhər kənarında şəraitsiz və çətin şərtlər altında yaşamaqdadır. Göstərilənlərə əsasən, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, S.Vurğun küçəsi, Dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin 13 nömrəli mənzilindən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsi, qəbul edilmiş qətnamənin, iddiaçının razılığı ilə Bakı şəhəri, S.Vurğun küçəsi, Dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin 13 nömrəli mənzilinə qeydiyyata düşmüş Cavabdeh2 həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas sayılması qətnamədə qeyd edilməsi xahiş olunmuşdur. Sonradan İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, S.Vurğun küçəsi, Dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin 13 nömrəli mənzilindən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, S.Vurğun küçəsi, dalan 2-də yerləşən 5 nömrəli mənzilə köçürülməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 kirayə haqqı olaraq ödəməyi öhdələrinə götürdükləri 21.600 (iyirmi bir min altı yüz) manat və ödənilmiş 135 (yüz otuz beş) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, qəbul ediləcək qətnamənin, iddiaçının razılığı ilə Bakı şəhəri, S.Vurğun küçəsi, Dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin 13 nömrəli mənzilinə qeydiyyata düşmüş Cavabdeh2 həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas sayılmasının qətnamədə qeyd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, S.Vurğun küçəsi, dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin 13 nömrəli mənzili İddiaçı mülkiyyətindədir. 2001-ci ildə iddiaçının xalası (cavabdeh) Cavabdeh3 Bakı şəhərində yaşamaq üçün mənzillərinin olmadığını, həyat şəraitlərinin ağır olduğunu və kirayə haqlarının baha olduğunu bildirərək iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildə müvəqqəti olaraq cüzi kirayə haqqı qarşılığında yaşamaqlarına icazə vermələrini xahiş etmişdir. Həmin dövrdə iddiaçı özü ailəsi ilə birlikdə Salyan rayonunda yaşamış, qeyd olunan mənzildə iddiaçının qardaşı yaşamışdır. İddiaçının razılığı ilə xalası və onun ailəsi müvəqqəti olaraq həmin mənzildə iddiaçının qardaşı ilə birlikdə yaşamağa başlamışdır. İddiaçının qardaşı ilə birlikdə yaşayarkən kirayə haqqı ödənməmiş, 2005-ci ildə iddiaçının qardaşı həmin mənzildən köçdükdən sonra 2009-cu ilə qədər hər ay 100 manat kirayə haqqı ödəmişlər. Sonra isə ailə vəziyyətlərinin ağır olması bəhanəsi ilə ödənişi dayandırmışlar. Tərəflər arasında kirayə haqqı ilə bağlı müvafiq razılaşma olmasına baxmayaraq cavabdehlər 2009-cu ildən bugünə kimi mülkiyyətçi olan iddiaçıya heç bir ödəniş etməmişlər. 2010-cu ildən etibarən hər ay üçün sadəcə 150 manat hesablasalar da, bugünə kimi cavabdehlərin iddiaçıya 21.600 manat (150 m x 12 ay = 1800 x 12 il =21.600) borcu vardır. Eyni zamanda iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin (əqdin) etibarlı hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1367/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı "müqavilənin etibarlı sayılması və vurulmuş mənəvi zərərə görə pul" tələbinə dair e-2(006)-1367/2023 saylı mülki iş, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “zəbt olunmuş mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3, X1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “evin təmirinə çəkilmiş xərcin ödənilməsi” tələbinə dair mülki işlə birləşdirilərək bir icraatda birləşdirilməsi qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X9 bacısı X2 qızıdır. Yaxın qohum olmağı səbəbindən bacısı Dürnisənin qızı, həmin iş üzrə cavabdeh İddiaçı və onun anası 2000-ci ilin iyun ayında 1994-cü il və ya 1995-ci illərdə çox ucuz qiymətə aldığı, yaşamaq üçün heç bir şaraiti olmayan, istismara tam yararsız Bakı ş., Nəsimi r-nu, Səməd Vurğun küçəsi, dalan 2, ev 5-də yerləşən 13 saylı bir otaqlı mənzilində kirayə pulu ödəmədən qalmağı onlara təklif etdi. Onunla olan yaxın qohumluq münasibətlərini nəzərə alaraq onun təklifi ilə razılaşdılar və sonra, yəni 2000-ci ilin iyun, iyul aylarında həmin evə köçdülər. Evdə yaşamaq üçün heç bir şərait olmasa da, 2000-ci ilin son aylarına, yəni oktyabr ayının axırına kimi həmin evdə çox çətin şəraitdə yaşadılar. Həmin evə köçdükdən sonra yaşamağın dözülməz və heç cürə mümkün olmaması səbəbindən evdən çıxmaq və başqa şəraitli evə köçmək fikrinə düşdülər və bu barədə İddiaçı bildirdilər. İddiaçı və anası Dürnüsə bildirdilər ki, evi təmir etməyə onun maddi imkanlar yoxdur, ona görə də təklif etdi ki, həmin evi onlar alsınlar, təmir edib yaşayarlar. Həqiqətən evi olmadığına və əvvəllər kirayədə qaldığına görə ailə üzvüləri ilə birlikdə evin sahibi, hazırki iş üzrə cavabdeh və onun anası, yəni bacısı Dürnisənin iştirakı ilə evə bir neçə dəfə baxdıqdan, məsləhətləşdikdən sonra evi almaq qərarına gəldilər. Hətta bir neçə dəfə həmin evi almaqda tərəddüd etsə də, bacısının və onun qızının, həmçinin ailə üzvülərinin təkidi ilə evi almağa razılıq verdi. Ona görə ki, həmin dövrdə bu tipli evləri heç kim almırdı. Həmin evin ailəli adamlar üçün yaşamağa heç bir şəraiti yox idi. Belə ki, evin hamam və tualeti, paltar asmağa həyəti belə yox vəziyyətində idi. Həmin evin damı çürümüş, tavanın taxtaları evin içinə sallanmış, evin divarları çat vermiş, döşəməsi isə tam dağılmış və hər an uçmaq təhlükəsi vardır. Beləliklə, cavabdeh və onun anası ilə evin qiymətinə dair olan razılaşmalarına əsasən belə qərara gəldilər ki, evin dəyərinin əvəzi olaraq 1200 ABŞ dolları onlara ödədiyi və bundan sonra isə onlar tərəfindən həmin mənzildə yaşadıqları 4 il müddətində ödəmədikləri kommunal xərcləri onlar ödəsinlər. Aralarında olan sövdələşmənin yekun nəticəsinə görə, həmin evin təmiri tərəflərindən aparıldıqdan sonra evin notarial rəsmiləşməsi aparılmalı idi. Bu barədə tərəflər arasında əldə olunan olan razılıqdan sonra, evin razılaşdırılmış satış qiymətini, yəni 1200 ABŞ dolları cavabdeh İddiaçı ödədi və bundan sonra həmin evdə yaşamağa davam etdilər. Sözsüz ki, həmin ev yaşamaq üçün tam yararsız vəziyyətdə olsa da, evi aldıqlarına və buna görə ev sahibinə evin dəyərini ödədiklərinə görə, həmin evdə yaşamaq və evi təmir edib şərait qurmaq məcburiyyətində idilər. Bu səbəbə görə də yaxın dostların və tanışların həm maddi, həm də digər formada olan dəstəkləri sayəsində həmin evin qonşuluğunda 7 ay kirayədə qalmaqla həmin evi divarlarını, tavanını, döşəməsini yerindən sökmüş, yenidən tikmiş, təmir edərək hamısını təzələyərək həmin evə köçdülər. Evin yenidən tikilməsi və yaşamaq üçün tam hazır vəziyyətə gətirilməsi üçün ümumikdə 12.500 dollardan artıq vəsait xərclədilər. Bacı və hazırki iş üzrə cavabdeh İddiaçı evi yenidən tikib təmir edəndən sonra onlara gəldilər və ev gördü adı ilə evə baxıb onlara xeyir-dua verdilər. Həmin vaxt, yəni onlar qonaq olduqları və evin içində çay içib söhbət etdikləri əsnasında onlara evi sənədləşdirmək və buna görə notariusa getmək lazım olduğunu onlara təklif etsələr də, onlar onunla yoldaşının bu təklifinə etiraz etmədilər və bildirdilər ki, evin sənədləşdirilməsi çox sadə bir işdir, istənilən boş vaxtlarında bunu edəcəklər. Ancaq hər dəfə onlar arxayın edib evin alqı-satqısını etməkdən yayınırdılar. Onların niyyətlərinin onları aldatmaq olmalarını heç vaxt ağıllarına gətirməzdilər. Yaxın qohumluq səbəbəbindən evin alqı-satqı yolu ilə rəsmiləşməsi üçün notariusa getməklə bağlı hər dəfə onlara deməyə belə utanırdılar. Hətta bir dəfə cavabdeh və bacısı Dürnüsə evin sənədləşdirilməsi ilə bağlı yarızarafat, yarıciddi formada bildirmişdilər ki, ”sizi evdən çıxardan var ki, sənədləşdirmək barədə hər dəfə bizə bunu deyirsiz?!”. Cavabdeh 2000-ci ildən hal-hazıradək olan müddətdə evi adlarına keçirməsə də, son vaxtlarda bildirirdi ki, ”ev onsuzda sizindir, nə vaxtı hökümət bu əraziləri sökərsə, onda evə görə veriləcək pul sizə çatacaq”. Doğrudan da, son müddətə kimi cavabdehin və bacısı Dürnisənin səmimiliyinə heç bir şübhə olmamışdır. Ancaq cavabdeh və onun anası onların onlara olmuş inam və etibarından suiistifadə edib evin adlarına rəsmişlədirməkdən imtina etmələrinin arxasında çox ciddi məqəsədlərinin olması son ildə üzə çıxarmışdır. Hətta onlar öz çirkin niyyətlərini həyata keçirmək məqsədi ilə 2000-ci ildən indiyə kimi, yəni 22 il müddətində onlara gəlib-getmiş və yaxın qohumluq münasibətlərini davam etdirmişlər. Həmin dövrdə, yəni 2000-ci ildə kommunal tipli evlərin satış qiyməti həddindən artıq ucuz idi. Mübahisə etdikləri ev kimi evlər, yəni yaşamaq üçün heç bir şəraiti olmayan, eyni ölçülü evin dəyəri 1500 və ya 2000 manat (dollar) idi. Yaşamaq üçün minimum şəraiti olan, yaşamaq üçün xüsusi təmirə ehtiyacı olmayan bu tipli və ölçülü 1 otaqlı evin qiyməti isə 3000 və ya 4500 dollar arasında dəyişirdi. Həmin evlərin qiymətinin aşağı və ya yuxarı olması məsələsi isə evin yerləşdiyi yerdən, evə giriş-çıxışın münasib olması məsələsindən, evin həyətinin geniş olmasından asılı idi. Həmin evi aldıqdan bir neçə gün sonra, hətta təmirə başladıqları ilk günlərdə rastlaşdıqları çox ciddi problemlərlə, həmçinin evin yerləşdiyi həyətə küçədən dönmə yolunun narahatlığı və ümumi həyətin sıxlığı məni və ailə üzvülərinin rahat yaşayışına ciddi maneələr yaratığından və gələcəkdə də yaradacağından hazırki iş üzrə cavabdehlə və onun anası bacısı Dürnüsə ilə bir neçə dəfə həmin evin geri qaytarmaq barədə söhbətlər etmiş, verdikləri pulu geri tələb edib daha geniş məhlədən, giriş-çıxışı sərbəst olan həyətdən ev almaq və ya Bakı şəhərinin Sulu Təpə deyilən ərazisindən boş torpaq almaq istədiklərini bildirmiş, lakin cavabdeh istəyini bilərəkdən ciddi qəbul etməmiş, hər dəfə yalançı ümidlər verərək onu aldatmışdır. Cavabdeh İddiaçı onun mülkiyyətində olan ünvan 3-də yerləşən 13 saylı mənzilinin alqı-satqısına dair əqdi, yəni müqaviləni tamamilə icra edərək evin dəyərini 1200 ABŞ dollarını ona ödəsə də, digər tərəf kimi o, əqdin notariat qaydasında təsdiqlənməsindən faktiki olaraq boyun qaçırmış və onu aldatmışdır. Yuxarıda qeyd etdiklərinə əsasən hesab edir ki, pozulmuş hüquqlarının bərpa olunması və ona dəymiş mənəvi zərərə görə cavabdeh İddiaçı ilə Cavabdeh3 arasında ünvan 3-də yerləşən 13 saylı mənzilinə dair aparılmış alqı-satqının 2002-ci ilin yanvar ayından etibarlı sayılması və İddiaçı vurulmuş mənəzi zərərə görə 10.000 manatın alınaraq ona verilməsi haqqında qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı öz iddia ərizəsinin məzmununa uyğun izahat verərək, Cavabdeh3 ona qarşı qaldırdığı “alqı-satqı müqaviləsinin (əqdin) etibarlı hesab edilməsi”nə dair tələbə isə etiraz edərək, öz iddia tələbinin təmin edilməsi, cavabdehin iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, cavabdehlərin mübahisəli mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddiaçının mənzilə köçürülməsi, cavabdehlərdən ödənilməyən kirayə haqqının tutularaq iddiaçıya ödənilməsi, eyni zamanda Cavabdeh2 həmin mənzildən qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini və Cavabdeh3 İddiaçı qarşı “alqı-satqı müqaviləsinin (əqdin) etibarlı hesab edilməsi”nə dair iddia tələbinin iddia müddəti keçdiyinə görə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh (iddiaçı) Cavabdeh3, onun nümayəndəsi və vəkili Nümayəndə2 “alqı-satqı müqaviləsinin (əqdin) etibarlı hesab edilməsi”nə dair iddia tələbini müdafiə edərək həmin tələbi təmin edilməsi, “zəbt olunmuş mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi”nə dair iddia tələbinin isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 “zəbt olunmuş mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi”nə dair iddia tələbinə etiraz edərək, həmin tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Əvvəlki məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, Vüsalənin xalası Cavabdeh3 bacısıdır. Onlar həmin ünvana 2000-ci ildə köçüblər. Onlar oraya köçəndə ev tam hazır vəziyyətdə idi. Evdə əşya və s. hər şey var idi. Onlar onlara 1 qəpik də verməyiblər. Evdə elə də təmirə ehtiyac yox idi. Kirayə haqqı belə ödəmirdilər. Oğlunun kirayə puluna 5 il köməklik ediblər. Ayda 100 ABŞ dolları. Evin təmir edildiyini gördükdə təəccübləndi, çünki evin o qədər təmirə ehtiyacı yox idi. Həmçinin, cavabdehlər ev alıblar. Çinarənin adına ipotekaya ev götürüblər. Evə köçdükləri zaman ev qəzalı vəziyyətdə deyildi. Əvvəlki məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, onun bibisi həmin o mübahisələndirilən ünvanda yaşamışdır. O da arada onun yanına gedib-gəlirdi. Son illərdir ki, cavabdehlərin orada yaşamasına şahid olmamışdır. Təmir işləri də görməyiblər. Əvvəlki məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, onun anası orada yaşamışdır. Sonra o, ora köçmüşdür. Məlahət xanım onun qapı qonşusudur. 5 ildir ki, orada yaşayır. İrina xanımı tanımır. Bibisini də orada görməmişdir. Ola bilsin ki, ondan əvvəl yaşayıb həmin ünvanda. O, həmin ünvanı Məlahətin evi kimi tanımışdır. Evin Vüsalə xanıma məxsus olduğunu indi öyrənir. O, həmin ünvana köçəndə onlar orada yaşayırdılar. Anası oraya 2000-ci ildə köçüb. Cavabdehlər orada yaşadıqları müddət ərzində bir çox təmir işlərinin görülməsinin şahidi olmuşdur. Təmir işləri olanda Məlahət xanım və qızı onlarda qalırdı. Yoldaşı və oğlu isə Ziya müəllimin evində qalırdı. Əvvəlki məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, 2022-ci ildən həmin ünvanda yaşayır. Cavabdeh1 və onun ailə üzvləri onun qonşusudur. O, oraya köçəndən onlar orada yşayırdılar. İddiaçı tanımır. Heç vaxt görməmişdir. Fərhadgilin təmir işlərini apardıqlarının şahidi olmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı “zəbt olunmuş mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi”nə dair iddia tələbi qismən təmin edilməli, iddiaçı Cavabdeh3 “alqı-satqı müqaviləsinin (əqdin) etibarlı hesab edilməsi”nə dair iddia tələbi isə təmin edilməməlidir. Mülki işin materiallarında olan məhkəmə baxışı zamanı tədqiq edilmiş: -xx.xx.1999-cu il tarixdə verilmiş, V-ЖГ № 318668 seriyalı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X14 ilə X7 arasında 31 oktyabr 1999-cu il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə “Əliyev”, arvada “Əliyeva” soyadı verilmişdir. -xx.xx.2022-ci il tarixli, 285№-li 15 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən veriləb Arayışdan görünür ki, Cavabdeh2 S.Vurğun küçəsi, dalan 2, ev 5, 13 nömrəli mənzildə qeydiyyatdadır, lakin 1 il müddətində yaşamıyıb, hal-hazırda yaşamır. -xx.xx.2022-ci il tarixli, 5559816№-li Yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, Dalan 2, ev 5, mənzil 13-də X15, X10, İddiaçı, X11 və Cavabdeh2 qeydiyyatdadırlar. -Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilən Qeydiyyat vəsiqəsindən görünür ki, S.Vurğun, Dalan 2 küçəsindəki 5 nömrəli yaşayış evinin 13 nömrəli mənzili X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.1996-cı il tarixdə qeydiyyat aparılmışdır. -xx.xx.2022-ci il tarixli, 229№-li Mənzil-Kommunal Təsərrüfat Birliyi 15 saylı MKİS tərəfindən verilən Arayışdan görünür ki, Cavabdeh2 ailəsi ilə birlikdə ünvan 2 ünvanda yaşayırlar. Yaşadıqları mənzil 1 otaq yaşayış sahəsi 17 kv.m, ümumi sahəsi 35,4 kv.m-dir. 13 saylı mənzil qəzalı vəziyyətdə olduğundan 2002-ci il tarixində mənzilin yenidən bərpası və əsaslı təmir işləri Rzayevlər ailəsi tərəfindən öz vəsaitləri hesabına aparılmışdır. -Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, dalan 2-də yaşayan sakinlər tərəfindən müvafiq dövlət qurumuna ünvanlanmış ərizədən görünür ki, sakinlər Rzayevlər ailəsinin xx.xx.2000-ci il tarixindən bugünə qədər mübahisəli ünvanda yaşadıqlarını, xx.xx.2002-ci il tarixində mənzilin həmin ailə tərəfindən sökülüb, yenidən tikildiyini, bugünə kimi həmin mənzildə yaşamağa davam etdiklərini, evlə bağlı lazımi ödənişləri həyata keçirdiklərini bildirmişlər. -xx.xx.2022-ci il tarixli, 231№-li Mənzil-Kommunal Təsərrüfat Birliyi 15 saylı MKİS tərəfindən verilən Arayışdan görünür ki, Cavabdeh2 S.Vurğun, Dalan 2 küçəsindəki 5 nömrəli yaşayış evinin 13 nömrəli mənzilində qeydiyyatdadır və mənzilə dair heç bir kirayə haqqı yoxdur. -xx.xx.2022-ci il tarixli, 347№-li Mənzil-Kommunal Təsərrüfat Birliyi 15 saylı MKİS tərəfindən verilən Arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh3, X8, Cavabdeh4, Cavabdeh2 xx.xx.2000-ci il tarixdən bugünə qədər Nəsimi rayonu, S.Vurğun küçəsi, dalan 2, ev 5, mənzil 13-də yaşayırlar. -ünvan 3 ünvanında yaşayan sakinlər tərəfindən müvafiq dövlət qurumuna ünvanlanmış ərizədən görünür ki, sakinlər 1994-cü ildən ünvan 3 ünvanında yerləşən 13 saylı mənzilin sahibi kimi İddiaçı tanıdıqlarını, həmin mənzildə ilk əvvəllər qardaşı X15 ilə birlikdə qaldığını, sonradan xalası R.Məlahətin ailəsi ilə qeyd olunan ünvanda Ə.Emillə birlikdə yaşamağı xahiş etdiyini, əlavə olaraq Rzayevlərin artıq 2 ilə yaxındır ki, öz istəkləri ilə həmin evdən köçdüklərini və yeni ev aldıqlarını, son 4-5 ay isə ümumiyyətlə qeyd olunan ünvana gəlmədiklərini bildirmişlər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, dalan 2-də yerləşən 5 nömrəli fərdi yaşayış evinin 13 nömrəli mənzili hazırda İddiaçı mülkiyyətindədir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 2001-ci ildən etibarən həmin mübahisəli ünvanda iddiaçının qardaşı ilə birlikdə yaşamışlar. Cavabdeh2 iddiaçı ilə birlikdə mübahisəli ünvanda qeydiyyata düşmüşdür. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mübahisəli mənzildən çıxarılması, mənzilin boşaldılaraq ona təhvil verilməsi, onun həmin mənzilə köçürülməsi, ödənilməyən kirayə haqqının ona ödənilməsi və qeydiyyata düşmüş cavabdeh R.Əlirzanın həmin ünvandan qeydiyyatdan çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh3 isə mübahisəli mənzilə dair onlarla İddiaçı arasında alğı-satqı müqaviləsinin bağlandığını, Ə.Vüsaləyə 1.200 ABŞ dolları məbləğində pul ödədiyini, lakin Ə.Vüsalə tərəfindən alğı-satqı müqaviləsinin notarial qaydada təsdiqlənməsindən imtina etdiyini iddia edərək bağlanmış əqdin etibarlı sayılması, həmçinin mənəvi zərərin əvəzinin Ə.Vüsalədən onun xeyrinə tutulmasını məhkəmədən xahiş edir. Məhkəmə ilk növbədə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “zəbt olunmuş mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi” tələbinə dair münasibətdə qeyd edir ki, tələb əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Məhkəmə hesab edir ki, vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, dalan 2-də yerləşən 5 nömrəli fərdi yaşayış evinin 13 nömrəli mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 2001-ci ildən etibarən həmin mənzildə daşınmaz əmlakla bağlı qanunla müəyyən olunmuş və qeydə alınmış hər hansı hüququ olmadan yaşamışlar. Məhkəmə hesab edir ki, cavabdehlər mübahisəli mənzilə hər hansı bir hüququ olmadan orada qalaraq mənzili zəbt etmiş sayılırlar. Belə ki, iddiaçı mülkiyyətində olan mənzilin boşaldılmasını və mənzildən çıxmalarını cavabdehlərdən tələb etsə də, sonuncular mənzil üzərində heç bir hüquqları olmadığı halda mənzildən çıxmır və iddiaçının mülkiyyət hüquqlarını pozurlar. Bundan başqa, Cavabdeh2 İddiaçı iradəsinə zidd olaraq onun mənzilində qeydiyyatda qalması mülkiyyətdən istifadə hüququna xələl gətirir. Ona görə də, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, dalan 2-də yerləşən 5 nömrəli fərdi yaşayış evinin 13 nömrəli mənzil cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qanunsuz sahibliyindən alınmalı və cavabdehlər həmin mənzildən çıxarılmalı, mənzil boşaldılaraq iddiaçıya təhvil verilməli və İddiaçı həmin mənzilə köçürülməli, eyni zamanda bu qətnamə mübahisəli mənzildə qeydiyyatda olan Cavabdeh2 qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh3 və Cavabdeh1 kirayə haqqı olaraq ödəməyi öhdələrinə götürdükləri 21.600 manat pul vəsaitinin və ödənilmiş 135 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə tələb əsassızdır. Belə ki, iddiaçı tərəf tərəflərin arasında kirayə haqqının ödənilməsi barədə müvafiq razılaşma olduğunu iddia etsə də, bunu təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, iddia tələbi kirayə haqqının ödənilməsi hissəsində təmin edilmədiyi üçün bununla bağlı ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Məhkəmə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin (əqdin) etibarlı hesab edilməsi” tələbinə dair iddia ərizəsinə münasibətdə qeyd edir ki, tələb əsassızdır. Belə ki, iddiaçı tərəf cavabdeh İddiaçı ilə mübahisəli mənzilə dair aralarında şifahi olaraq razılaşdırılmış alğı-satqı müqaviləsinin bağlanıldığını iddia edərək cavabdehə 1.200 ABŞ dolları ödədiyini, lakin cavabdehin əqdin notariat qaydasından təsdiqlənməsindən imtina etdiyini bildirsə də, tələbi əsaslandıracaq sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə tərəfindən də həmin hallar aşkar edilməmişdir. Bundan başqa, əgər tərəflər arasında belə bir razılaşma olmuşdursa belə, yenə də cavabdeh İddiaçı ilə Cavabdeh3 arasında ünvan 3-də yerləşən 13 saylı mənzilə dair aparılmış alğı-satqı 2002-ci ilin yanvar ayından etibarlı sayıla bilməz. Belə ki, Mülki Məcəllənin 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsinə əsasən əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bununla əlaqədar “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyanına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, MM-nin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, MMin 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: -yazılı formada bağlanması; -notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, MM-in 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Odur ki, iddia tələbi mübahisəli mənzilə dair aparılmış alqı-satqının 2002-ci ilin yanvar ayından etibarlı sayılması hissəsində təmin edilə bilməz. Məhkəmə iddia tələbinin cavabdeh İddiaçı vurulmuş mənəvi zərərə görə 10.000 manatın alınaraq iddiaçıya verilməsi hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb əsas tələblə bağlı olduğundan və əsas tələb də təmin edilməyindən mənəvi zərərin tutulması hissəsində tələb təmin edilməməlidir. Məhkəmə eyni zamanda, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin (əqdin) etibarlı hesab edilməsi” tələbinə dair cavabdehin nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş “iddia müddətinin ötürülməsi”nə dair ərizəyə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Bиnnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa, məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri ümumiləşdirərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “zəbt olunmuş mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi”nə dair iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, S.Vurğun küçəsi, Dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin 13 nömrəli mənzilindən çıxarılmalı və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməli, İddiaçı Bakı şəhəri, S.Vurğun küçəsi, Dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin 13 saylı mənzilə köçürülməli, hazırki qətnamə Cavabdeh2 Bakı şəhəri, S.Vurğun küçəsi, Dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin 13 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin (əqdin) etibarlı hesab edilməsi”nə dair iddia tələbi isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “zəbt olunmuş mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi”nə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, S.Vurğun küçəsi, Dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin 13 nömrəli mənzilindən çıxarılsınlar və mənzil boşaldılaraq iddiaçıya təhvil verilsin. İddiaçı Bakı şəhəri, S.Vurğun küçəsi, Dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin 13 saylı mənzilə köçürülsün. Hazırki qətnamə Cavabdeh2 Bakı şəhəri, S.Vurğun küçəsi, Dalan 2-də yerləşən 5 nömrəli yaşayış evinin 13 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin (əqdin) etibarlı hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar