Məhkəmə qərarları › İş №e-2(006)-3151/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3151/2022

31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3151/2022 31.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “məhdudiyyətin aradan qaldırılması və pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “məhdudiyyətin aradan qaldırılması və pul” tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC tərəfindən İddiaçı adına verilmiş “**********240593” saylı mastercard üzərinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması və “**********240593” saylı mastercard hesabında olan 10.479,49 ABŞ dolları pul vəsaitinin, yəni manatın məzənnəsi ilə 17.815,49 manatın, həmçinin ödənilmiş dövlət rüsumu olaraq 144,40 manatın, cəmi 17.959,89 manat məbləğində pul vəsaitinin Cavabdeh ASC-dən alınaraq İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə iddiaçı arasında müqavilə bağlanaraq iddiaçıya Cavabdeh ASC-yə məxsus “**********240593” saylı mastercard verilmişdir. Lakin, cavabdeh tərəfindən heç bir məlumatlandırma və hər hansı bir əsas göstərilmədən İddiaçı adına verilmiş “**********240593” saylı mastercard üzərinə məhdudiyyəy qoyulmuş (card blok edilmişdir) və bununla da istifadə etmək mümkün deyildir. Bundan sonra tərəfindən Cavabdeh ASC-nin Binəqədi rayon filialına müraciət edilmiş, orada həmin məhdudiyyətin aradan qaldırılması və kartda olan ona məxsus pul vəsaitinin geri qaytarılması barədə ərizə alınmış və qısa zamanda məsələnin həll olunacağı vəd edilsə də, lakin bugünə kimi nə onun adına verilmiş kartdan istifadə edə bilir, nə də ki kartda olan 10.479,49 ABŞ dolları pul vəsaitini geri ala bilir. Cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmaqdadır və bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə dəqiqləşmə təqdim edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin birtərəfli qaydada ləğv edilməsinin qanunsuz hesab edilməsi, “**********240593” saylı mastercardın bərpa edilməsi, “**********240593” saylı mastercard üzərinə qoyulmuş qadağa və məhdudiyyətin aradan qaldırılması və az qaytarılmış 150 ABŞ dolları pul vəsaitinin, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 144,40 manat pul vəsaitinin Cavabdeh ASC-dən alınaraq İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, bank ilə iddiaçı arasında xx.xx.2019-cu il tarixli hesab və ödəniş kartına dair və X6 X5lər bağlanmışdır. Həmin müqavilələr əsasında Bank tərəfindən iddiaçının adına bank hesabı açılmış və ödəniş kartı təqdim edilmişdir. İddiaçı tərəfindən həmin kart vasitəsilə şübhəli əməliyyatlar aparıldığından bank tərəfindən kart bloklanmış və əməliyyatların mahiyyəti və vəsaitin mənbəyini müəyyənləşdirilməsi üçün iddiaçının banka yaxınlaşması bildirilmişdir. İddiaçı qeyd olunanlar barədə banka məlumat təqdim etmədiyindən kart hesabına qoyulmuş blok götürülməmişdir. Bankla iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli Hesab və ödəniş X5nin 2-ci bəndinə əsasən müştərinin bankla işgüzar münasibətlərinin xarakterindən asılı olaraq bank müştərinin qeyri-adi və ya cinayət yolu ilə əldə edilmiş vəsaitlərinin və yaxud digər əmlakın leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi baxımından şübhəli əməliyyatlarını müəyyən etdikdə bank kartı bloklaşdıra, kart hesabını bağlaya və ya bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər. İddiaçı kart vasitəsilə şübhəli əməliyyatlar apardığından kart bloklanmış və iddiaçıya xx.xx.2022-ci il tarixdə SMS-lə məlumat verilərək filiala yaxınlaşması bildirilmişdir. Lakin, iddiaçı əməliyyatlar barədə məlumatları təqdim etmədiyindən kart blokdan çıxarılmamışdır. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi sonda bildirdi ki, bank tərəfindən iddiaçının hesabındakı vəsaitin bloklanması əsaslı olmuşdur. Hazırda vəsait iddiaçının hesabında olduğundan bankdan hər hansı vəsaitin tələb olunması əsassızdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ASC tərəfindən verilən 30 iyun 2022-ci il tarixli cavab məktubundan görünür ki, bank hesabı, hesab üzrə əməliyyatlar və qalıqlar, habelə müştəri haqqında məlumatların Azərbaycan Respublikası Mülki Məcəlləsinin 967.1-ci və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddələrinə əsasən, bank sirri hesab olunur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli X6 X3 görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, bank müştəriyə bank hesabını açmağı, Azərbaycan Respublikasının hüquqi aktlarında və bu müqavilədə nəzərdə tutulan şərtlər və məhdudiyyətlər nəzərə alınmaqla açılmış hesaba daxil olan pul vəsaitini qəbul edib mədaxil etməyi, hesabdan müvafiq məbləğdə pulun köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi, müştəri isə ona göstərilən bank xidmətləri haqqını bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, müştəri tərəfindən 1 il ərzində bank hesabı üzrə əməliyyatlar aparılmadıqda, müştərinin banka yanlış məlumat verdiyi aşkar olunduqda, müştəri hesabdan qeyri-leqal məqsədlər üçün istifadə etdikdə, müştərinin banka işgüzar münasibətlərinin xarakterindən asılı olaraq müştərinin qeyri-adi və ya cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və yaxud digər əmlakın leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi baxımından şübhəli əməliyyatlarını müəyyən etdikdə bank tərəfindən hesab ləğv edilə bilər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Cavabdeh ASC tərəfindən verilən İddiaçı məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh ASC tərəfindən İddiaçı adına verilmiş “**********240593” saylı, X9 növlü mastercardda mövcud balans 10.479,49 ABŞ dollarıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Kassa məxaric orderindən görünür ki, Cavabdeh ASC tərəfindən qarşılıqlı razılaşma əsasında İddiaçı kartında olan 10.375,73 USD geri qaytarılmışdır. Beləliklə, məhkəmə iclasında işin mübahisələndirilən hallarından müəyyən olundu ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli X6 X5 bağlanmışdır. Həmin müqaviləyə əsasən, müştəriyə- İddiaçı “**********240593” saylı mastercard verilmiş, həmin mastercardda xx.xx.2022-ci il tarixli ödəniş kartı üzrə çıxarışa əsasən, 10.479,49 ABŞ dolları məbləğində pul vəsaiti olmuşdur. Lakin, sonradan bank tərəfindən müştəriyə məxsus hesab bloklanmışdır. Müştəri İddiaçı iddia ərizəsilə məhkəməyə müraciət edərək, kart üzərində məhdudiyyətin aradan qaldırılması və kart daxilində olan 10.479,49 ABŞ dolları pul vəsaitinin geri qaytarılmasını xahiş etmişdir. Lakin, hazırki məhkəmə iclasında o da müəyyən edildi ki, İddiaçı banka müraciət etmiş və 10.375,73 USD məbləğində pul vəsaiti bank tərəfindən ona geri qaytarılmışdır. Həmçinin, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Hazırda iddiaçının nümayəndəsi (vəkili) xx.xx.2019-cu il tarixli müqavilənin birtərəfli qaydada ləğv edilməsinin qanunsuz hesab edilməsi, “**********240593” saylı mastercardın bərpa edilməsi, “**********240593” saylı mastercard üzərinə qoyulmuş qadağa və məhdudiyyətin aradan qaldırılması və az qaytarılmış 150 ABŞ dolları (mastercardda olan 10.479,49 ABŞ dollarından – 10.375,73 ABŞ dolları iddiaçıya geri qaytarılmışdır) pul vəsaitinin, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 144,40 manat pul vəsaitinin Cavabdeh ASC-dən alınaraq İddiaçı qaytarılmasını tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanan xx.xx.2019-cu il tarixli hesab və ödəniş X5nin 2-ci bəndinə əsasən, müştərinin bankla işgüzar münasibətlərinin xarakterindən asılı olaraq bank müştərinin qeyri-adi və ya cinayət yolu ilə əldə edilmiş vəsaitlərinin və yaxud digər əmlakın leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi baxımından şübhəli əməliyyatlarını müəyyən etdikdə bank kartı bloklaşdıra, kart hesabını bağlaya və ya bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər. “Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sistemlərinin hazırlanmasına dair tələblər”in 8-ci maddəsinə əsasən, müştərilərin hesabları və onlar tərəfindən aparılan əməliyyatlar davamlı monitorinq olunmalıdır. Monitorinq subyekti müştərinin əməliyyatlarının işgüzar münasibətlərin məqsədlərinə uyğunluğunu monitorinq etməlidir. Monitorinq subyekti müştərinin əməliyyatlarının risk səviyyəsi əsasında monitorinqinin hansı dövrilikdə aparılmalı olduğunu müəyyən etməlidir. Monitorinq, risklər əsas götürülərək qeyri-adi və şübhəli əməliyyatları müəyyən edilməsi məqsədilə həyata keçirilməlidir. Monitorinqin həyata keçirilməsi zamanı müştərinin qeyri-adi və ya şübhəli əməliyyatlar aparması ehtimallarını müəyyən edən aşağıdakı minimum komponentlər nəzərə alınmalıdır: 8.4.1. müəyyən hesab və əməliyyat kateqoriyaları üzrə limitlər müəyyən etməklə həmin limitlərdən yuxarı olan əməliyyatların aşkar olunması; 8.4.2. monitorinq subyektinin müştərisinin işgüzar fəaliyyət sahəsinin onun həyata keçirdiyi əməliyyatlara uyğunluğunun yoxlanılması; 8.4.3. iqtisadi və ya kommersiya məqsədi olmayan əməliyyatların yaxud müştərinin normal və gözlənilən əməliyyatlarına mütənasib olmayan iri pul vəsaitlərinin və ya digər əmlakın hesaba mədaxil edilməsinin aşkarlanması. Yüksək riskli əməliyyatlara münasibətdə monitorinq daha intensiv aparılmalıdır. Vəsaitlərin mənbəyi, onların mənşə ölkəsi, əlaqədar əməliyyat növləri və bu qəbildən digər risk faktorları nəzərə alınmaqla bu cür əməliyyatlar üzrə xüsusi indikatorlar müəyyən edilməlidir. Mövcud müştərilərin işgüzar münasibətlərinin məqsədi və mahiyyəti barədə məlumatların mütəmadi qaydada monitorinqi aparılmalıdır. Həmin Tələblərin 10-cu maddəsinə əsasən, monitorinq subyekti fəaliyyət xüsusiyyətlərindən asılı olaraq şübhəli əməliyyatların aşkarlanması, qarşısının alınması və məlumatların Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması ilə bağlı prosedurlar müəyyən etməlidir, məsələn şübhəli əməliyyatların aşkarlanması meyarlarından istifadə edilməsi qaydası və s. Cavabdeh ASC tərəfindən tətbiq edilən şübhəli əməliyyatların aşkarlanması meyarlarına dair Prosedurunun fiziki şəxs hesablarının bloklanma mexanizmi adlı 4-cü bəndindən görünür ki, sorğu olunmalı və hesabları bloklanmalı şəxslərin müəyən olunması HKD tərəfindən aşağıdakı kimi icra olunur: 4.1.1. ÇPY/TM və Komplayens riski olan əməliyyatlar aşkarlanır; 4.1.2. Aşkar olunan əməliyyatları icra edən müştərilər üzrə siyahı hazırlanır; 4.1.3. VİP statuslu şəxslər siyahıdan seçilir və 4.2-ci bəndinə uyğun olaraq, sorğu üçün Bakın Korporativ və KOS satışlar idarəsinin Korporativ satışlar departamentinin “VİP müştərilərlə iş” şöbəsinə göndərilir; 4.1.4. Hesabları nəzarətdə olan şəxslər sorğu və bloklanma siyahısından çıxarılır; 4.1.5. Siyahı üzrə digər şəxslərin sorğusu pərakəndə satış idarəsinin pərakəndə biznesə dəstək departamentinə (PBDD) yönləndirilir. PBDD tərəfindən sorğu olunan və hesabları bloklanmış müştərilər üzrə qeyd etdikləri səbəbdən asılı olaraq, PBDD tərəfindən SMS və ya zəng məlumatlandırılmasına əsasən onlara yaxın YSB-yə yaxınlaşıb ərizə təqdim edirlər. Hazırki işdən isə görünür ki, iddiaçı kart vasitəsilə şübhəli əməliyyatlar apardığı üçün kart bloklanmış və iddiaçıya xx.xx.2022-ci il tarixdə SMS-lə məlumat verilərək filiala yaxınlaşması bildirilmişdir. Lakin, iddiaçı əməliyyatlar barədə məlumatları təqdim etmədiyindən kart blokdan çıxarılmamışdır. Göründüyü kimi, daha sonra iddiaçı Banka müraciət edərək, pulunu geri qaytarmış və Bank isə xx.xx.2019-cu il tarixli hesab və ödəniş X5nin 2-ci bəndinə əsasən, müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Bank tərəfindən iddiaçının hesabındakı vəsaitin bloklanması əsaslı olmuşdur və sonradan hesabdakı məbləğin geri qaytarılması, tələb edilən 150 ABŞ dollarının isə komissiya xərci kimi tutulmasını nəzərə alaraq, iddia tələbi əsassızdır və təmin edilməməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı X1 Cavabdeh ASC-yə qarşı “əmək haqqı kartlarından oğurlanmış 2110 manat əmək haqqlarının geri qaytarılması, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “məhdudiyyətin aradan qaldırılması və pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar