Məhkəmə qərarları › İş №e-2(006)-3153/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3153/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3153/2024 03.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı işin uğurlu nəticəsinə görə mükafatın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 haqqında müqaviləyə əsasən işin uğurlu nəticəsinə görə, cavadehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən əldə olunan əmlakı və ya pul vəsaitin 10 %-i məbləğində mükafat kimi nəzərdə tutulmuş vəsaitin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri “Pro Bono” vəkil bürosunun vəkilidir. Cavadeh Cavabdeh1, Cavabdeh3 və X2 ilə xx.xx.2023-cü il tarixdə “X1 Haqqında Müqavilə” bağlanmışdır. X1 Haqqında Müqavilənin 2.6-cı bəndinə uyğun olaraq “Məhkəmə Prosesi hüquqi yardım göstərilən şəxsin xeyrinə nəticələnəcəyi təqdirdə, məhkəmə aktı qanuni qüvvəyə mindiyi andan 1 aydan gec olmayaraq, müraciət edən (hüquqi yardım göstərilən şəxsin) tərəfindən mübahisə predmeti olan və ya əldə edilməsi iddia edilən və yekun xidmət nəticəsində müştəri tərəfindən əldə edilən daşınar daşınmaz əmlakın və ya pul vəsaitinin 10% miqdarında mükafat vəkilə ödənilməlidir” aralarında razılaşma olmuşdur və bu razılaşma X1 Haqqında Müqavilədə öz əksini tapmışdır. Belə ki, "xxxx" MMC iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 132 saylı fərdi yaşayış evinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 132 saylı fərdi yaşayış evindən çıxarılmaqla, evin boşaldılması və sökülməsi, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 179 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi, Yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən Cavabdeh2 hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 hüquqi yardim göstərilməsi ilə əlaqədar müraciət edərək "xxxx" MMC-nin iddia ərizəsi əsasında müqavilə bağladıqları vəkilin heç bir iş görmədiyini, mənzillərinin ölçüləri daha böyük olduğunu və qarşılıqlı iddia vermədyini, onun tərəfindən hüquqi yardım göstərilməsini xahiş etdilər. Məhkəmə işi və təqdim edilmiş səndlərə baxaraq razılaşmışlar ki, "PİLOT-16” MMC xx.xx.2023-cü il tarixdə iddia ərizəsində qeyd etdiyi Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi ev 132 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 179 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin və Cavabdeh2 hər ay 600 manat məbləğində kirayə haqqının əvəzinə sənədlərdə olan olçülərə uyğun olaraq məzilin və ya pulun verilməsi təqdirində əlavə olaraq ümumi məbləğin 10% vəkilə mükafat olaraq veriləcəkdir. Razılığa gəlindikdən sonra Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2023-cü il tarixdə hüquqi yardım göstərilməsi ilə əlaqədar M-1195, M-1198 və M-1197 nömrəli hüquqi yardım müqaviləsı bağlanmışdır. Bundan sonra tərəfindən Cavabdeh2 adından xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək birinci iddia üzrə ünvan 2 ünvanda yerləşən, Cavabdeh2 mülkiyyətində olan 109 kv metr yaşayış sahəsinin yerləşdiyi yerə müvafiq, yəni, faktiki yerləşdiyi yer üzrə, pəncərəsi əsas yola - C.Məmmədquluzadə küçəsinə baxmaq şərti ilə, Cəlil Məmmədquluzadə 132 saylı ünvanında tikiləcək binanın 109 kv m+20% yaşayış sahəsinin vətəndaşa əvəzləşdirmə əsasında verilməsi barədə müqavilənin bağlanması, eyni zamanda yaşayış sahəsinin istifadə edilməməsinə görə yaşayış sahəsi təhvil verildiyi günədək olmaqla, aylıq 600 manat hesablanmaqla kirayə pulunun verilməsi öhdəliklərinin cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş edilmiş və xx.xx.2023-cü il tarixli e-2(006)-633/2024 saylı mülkü iş Nəsimi Rayon Məhkəməsinin icraatına verilmiş və baxışa təyin edilmişdir. İkinci iddia üzrə tərəfindən Cavabdeh1, adından xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək ünvan 2 ünvanda yerləşən, Cavabdeh1 mülkiyyətində olan 93 kv metr qeyri yaşayış sahəsinin yerləşdiyi yerə müvafiq, yəni, faktiki yerləşdiyi yer üzrə, giriş qapısı birbaşa küçəyə və pəncərəsi əsas yola C.Məmmədquluzadə küçəsinə baxmaq şərti ilə, Cəlil Məmmədquluzadə 132 saylı ünvanında tikiləcək binanın 1-ci mərtəbəsində 93 kv m +20% qeyri yaşayış sahəsinin Cavabdeh1 əvəzləşdirmə əsasında verilməsi barədə müqavilənin bağlanması, eyni zamanda qeyri-yaşayış sahəsinin istifadə edilməməsinə görə 2021-ci il tarixdən başlayaraq qeyri-yaşayış sahəsi təhvil verildiyi günədək olmaqla, aylıq 1050 manat hesablanmaqla icarə pulunun verilməsi öhdəliklərinin cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş edilmiş xx.xx.2023-cü il tarixli e-2(006)-632/2024 saylı mülkü iş Nəsimi Rayon Məhkəməsinin hakimi Nail Abbasovun icraatına verilmiş və baxışa təyin edilmişdir. Üçüncü iddia üzrə tərəfindən Cavabdeh3, adından xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək ünvan 2 ünvanda yerləşən, Cavabdeh3 mülkiyyətində olan 65 kv metr yaşayış sahəsinin yerləşdiyi yerə müvafiq, yəni, faktiki yerləşdiyi yer üzrə, pəncərəsi əsas yola - C.Məmmədquluzadə küçəsinə baxmaq şərti ilə, Cəlil Məmmədquluzadə 132 saylı ünvanında tikiləcək binanın 65 kv m+20% yaşayış sahəsinin vətəndaşa əvəzləşdirmə əsasında verilməsi barədə müqavilənin bağlanması, eyni zamanda yaşayış sahəsinin istifadə edilməməsinə görə yaşayış sahəsi təhvil verildiyi günədək olmaqla, aylıq 600 manat hesablanmaqla kirayə pulunun verilməsi öhdəliklərinin cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş edilməsi əsasında xx.xx.2023-cü il tarixli e-2(006)-5023/2023 saylı mülki iş Nəsimi Rayon Məhkəməsinin icraatına verilmiş və baxışa təyin edilmişdir. Məhkəmə prosesində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən vəsatət verilmiş və məhkəmə işləri bir icraatda birləşdirilmişdir. "xxxx" MMC tikintinin uzadılmasını, məhkəmənin onun ziyanına nəticələnəcəyini nəzərə alaraq qarşı tərəf ilə yəni onun hüquqi yardım göstərdiyi vətəndaşlar ilə razılığa gəlməyə məcbur olmuşdur. Tərəflər arasında xx.xx.2024-cü il tarixdə razılaşma olmuş və "xxxx" MMC-nin Baki şəhəri, Nəsimi rayonu, Abbas Zamanov küçəsi, ev 24 ünvanında inşa olunan çox mənzilli yaşayış kompleksinin 2-ci blok, 5-ci mərtəbə ümumi sahəsi 265.8 kv., 5 otaqlı,19 saylı mənzil, Baki şəhəri, Nəsimi rayonu, Abbas Zamanov küçəsi, ev 24 ünvanında inşa olunan çox mənzilli yaşayış kompleksinin 2-ci bloku, 5-ci mərtəbə ümumi sahəsi 70.8 kv., 2 otaqlı,19 a saylı mənzili və əlavə olaraq 100100 manat "xxxx" MMC tərəfindən Cavabdeh2, X3 və Cavabdeh3, ünvan 3 ünvanında yerləşən 328 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evinin əvəzinə əvəzləşdirilərək hüquqların müdafiə etdiyi şəxslərə verilmişdir. Tərəfindən yəni məhkəmə icraatı ilə bağlı düzgün hüquqi yardım göstərilmişdir ki, məhkəmə prosesi hüquqi yardım göstərilən şəxslərin xeyrinə nəticələnmişdir və şəxslər istədiyi nəticəyə nail olmuşlar. Vətəndaşlar xx.xx.2023-cü il tarixli, M-1195, M-1198 və M-1197 saylı “X1 Haqqında Müqavilə” nin 2.6-cı bəndinə uyğun olaraq umumi məbləğin 10 %-ni ödəməkdən yayınırlar. Belə ki, iddiacı "xxxx" MMC, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 132 saylı fərdi yaşayış evinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 132 saylı fərdi yaşayış evindən çıxarılmaqla, evin boşaldılması və sökülməsi, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında tikiləcək çoxmərtəbəli yaşayış binasında 179 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh2 mülkiyyətinə verilməsi, yeni çoxmərtəbəli yaşayış binası tikilənədək "xxxx" MMC tərəfindən Cavabdeh2 hər ay 600 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılması xahişi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, sonda "xxxx" MMC iddia tələbini geri cəkmiş və vəkilin (onun) uğurlu işinin nəticəsində tərəfindən verilmiş hər üç iddia üzrə mənzilin kv.metrləri toplanaraq 328.0 kv.m mənzilin tərəflər arasında razılaşma əsasında "xxxx" MMC-nin Baki şəhəri, Nəsimi rayonu, Abbas Zamanov küçəsi, ev 24 ünvanında inşa olunan çox mənzilli yaşayış kompleksinin 2-ci bloku, 5-ci mərtəbə ümumi sahəsi 265.8 kv., 5 otaqlı, 19 sayli mənzil, Baki ş. Nəsimi rayonu, Abbas Zamanov küçəsi, ev 24 ünvanında inşa olunan çox mənzilli yaşayış kompleksinin 2-ci bloku, 5-ci mərtəbə ümumi sahəsi 70.8 kv., 2 otaqlı,19 a saylı mənzili və əlavə olaraq 100100 manat "xxxx" MMC tərəfindən Cavabdeh2, X3 və Cavabdeh3 verilmişdir. Yəni nəticədə vətəndaşa ümumi sahəsi 336.6 kv.m yaşayış sahəsi ilə 100100 manat pul vəsaiti təqdim olunmuşdur. Hansıki, ilkin iddia üzrə "xxxx" MMC yalniz C.Məmmədquluzadə küçəsində inşa edilmiş çox mərtəbəli yaşayış binasında 179 kvadrat metr mənzilin verilməsi barədə iddia tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Uğurlu hüquqi yardım nəticəsində ünvan 3 ünvanında yerləşən 328 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün "xxxx" MMC öz üzərinə öhdəlik götürmüş və xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisin reyestrdə 3M-206 № ilə ünvan 3 ünvanında yerləşən 328 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflərin öhdəlikləri qiymət və ödəniş qaydası haqqında şərtlər haqqında müqavilənin 2.1-ci predmeti olan əmlakın qiyməti 100100 manat məbləğində müəyyən olunmuşdur və bundan əlavə "xxxx" MMC-nin Baki şəhəri, Nəsimi rayonu, Abbas Zamanov küçəsi, ev 24 ünvanında inşa olunan çox mənzilli yaşayış kompleksinin 2-ci bloku, 5-ci mərtəbə ümumi sahəsi 265.8 kv, 5 otaqlı,19 saylı mənzil və "xxxx" MTK-nin ünvan 4 ünvanında inşa olunan çox mənzilli yaşayış kompleksinin 2-ci bloku, 5-ci mərtəbə ümumi sahəsi 70.8 kv, 2 otaqlı, 19 a saylı mənzil təhvil verilmişdir. Ümumilikdə tərəflər ilkin iddia üzrə 179 kv metr yox, məhz vəkilin uğurlu fəaliyyəti nəticəsində 328.0 kv.m metr mənzil əvəzinə 100100 manat pul və ünvan 4 ünvanında inşa olunan çox mənzilli yaşayış kompleksinin 2-ci bloku, 5-ci mərtəbə ümumi sahəsi 265.8 kv., 5 otaqlı,19 saylı mənzil və ünvan 4 ünvanında inşa olunan çox mənzilli yaşayış kompleksinin 2-ci bloku, 5-ci mərtəbə ümumi sahəsi 70.8 kv., 5 otaqlı,19 a saylı mənzillə hüquqlarını müdafiə etdiyi Cavabdeh1, Cavabdeh3 təmin olmuşdur. Sonradan cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 5 ünvanında inşa olunan çox mənzilli yaşayış kompleksinin 2-ci bloku, 5-ci mərtəbə ümumi sahəsi 265.8 kv.m 5 otaqlı,19 saylı mənzil və ünvan 4 ünvanında inşa olunan çox mənzilli yaşayış kompleksinin 2-ci bloku, 5-ci mərtəbə ümumi sahəsi 70.8 kv.m 2 otaqlı,19 a saylı mənzil hüquqlarında imtina edərək sözü gedən mənzillərin əvəzi olaraq pul almışlar. Müqaviləyə əsasən razılaşmış 10% işin uğurlu nəticəsinə görə mukafat cavadehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ilə bağlanmış müqaviləyə əsasən vəkilə mükafat olaraq ödəməli olduğu halda, müqavilə öhdəliyini pozaraq bilərəkdən ödəməkdən yayınırlar. Nəzərə alınmalıdır ki, vəkillər peşə biliklərindən irəli gələrək işin hüquqi hallarını və uğurlu həll perspektivini qiymətləndirmək imkanına malik olsalar da, hüquqi yardımla bağlı müraciət edən şəxslərdə, bir qayda olaraq, belə bir imkan yoxdur. Bu səbəbdən həmin şəxslər üçün vəkilə ödənilən haqqın işin uğurlu həlli nəticəsində əldə edəcəyi maddi vəsaitdən mükafat şəklində ödənilməsi daha əlverişli olur. Həmçinin şərtli mükafatla bağlı müddəaların mövcudluğu vəkilə ödəniş etmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə ixtisaslı hüquqi yardım əldə etməyə əlavə imkanlar yaradır. Sonradan "xxxx"xxxx"xxxx" MTK müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə təqdim etməklə Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin tələblərini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələri və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsini, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2023-cü il tarixli qərarını nəzərə alaraq, X1 haqqında müqaviləyə əsasən işin uğurlu nəticəsinə görə, yəni cavadehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən əldə olunan ******* (bir milyon üç yüz yetmiş səkkiz min səksən ) manat pul vəsaitinin 10 %-i, yəni 137880 (yüz otuz yeddi min səkkiz yüz səkkiz) manat məbləğində mükafat kimi nəzərdə tutulmuş vəsaitin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi izahatında bildirmişdir ki, "xxxx" MTK ilə cavabdehlər arasında heç bir müqavilə bağlanmamışdır. Onların "xxxx" MMC ilə arlarında alqı-satqı müqavilələri və əvəzləşmələr olmuşdur. Verdikləri mənzillərin kimlərə verilməsi barədə onlarda məlumat yoxdur. Cavabdeh1 adında sakinin onlarda dosyesi yoxdur. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan “müraciət edən şəxs” Cavabdeh1 ilə “vəkil” İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli X1 barədə M-1195 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə vəkil tərəfindən ona həvalə edilən tapşırıq əsasında X1, müraciət edən şəxsin isə hüquqi yardıma görə haqq ödəməsi haqqında bağlanılmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən hüquqi yardıma görə haqq 120 manat müəyyən edilmişdir. Müqavilənin 2.6-cı bəndində göstərilmişdir ki, məhkəmə prosesi hüquqi yardım göstərilən şəxsin xeyrinə nəticələnəcəyi təqdirdə, məhkəmə aktı qanuni qüvvəyə mindiyi andan 1 aydan gec olmayaraq, müraciət edən tərəfindən mübahisə predmeti olan və ya əldə edilməsi iddia edilən və yekun xidmət nəticəsində müştəri tərəfindən əldə edilən daşınar/daşınmaz əmlakın və ya pul vəsaitinin 10 faizi miqdarında mükafat vəkilə ödənilməlidir. İş materiallarında olan “müraciət edən şəxs” Cavabdeh2 ilə “vəkil” İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli X1 barədə M-1198 saylı müqavilənin və “müraciət edən şəxs” Cavabdeh3 ilə “vəkil” İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli X1 barədə M-1197 saylı müqavilənin 2.1, 2.6 bəndlərində olan şərtlər M-1195 saylı müqavilənin 2.1-ci və 2.6-cı bəndlərində olduğu kimi əks olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-632/2024 saylı qərardadının surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh "xxxx" MMC-yə qarşı, xx.xx.2024-cü il tarixli, e-2(006)-633/2024 saylı qərardadının surətindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" MMC-yə qarşı müqavilənin bağlanması və kirayə pulunun verilməsi tələbinə dair iddiası üzrə mülki işin icraatına iddiadan imtina etməsi səbəbindən xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)-84/2024 saylı qərardadının ("xxxx" MMC iddiası üzrə icraata Cavabdeh3 iddia tələbi birləşdirildiyi mülki iş üzrə) surətindən görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma, kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər öz ərizəsi əsasında geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsi tərəfindən məhkəmənin sorğusu əsasında təqdim edilmiş məlumata əsasən Cavabdeh1 iştirakı ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində "xxxx" MTK-nın inşa etdiyi binada adına olan mənzilin (19C) şirkətə geri qayıtmasına etiraz etməməsi barədə ərizə, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində "xxxx" MTK-nın inşa etdiyi binada adına olan mənzilin (19B) şirkətə geri qayıtmasına etiraz etməməsi barədə ərizə, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində "xxxx" MTK-nın inşa etdiyi binada adına olan mənzildən (19A) imtina etməsi barədə ərizə, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində "xxxx" MMC-nin inşa etdiyi binada mənzildəki (19 saylı) payından imtina etməsi barədə ərizə, xx.xx.2024- cü il tarixdə ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair ilkin alqı-satqı müqaviləsi, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 53 saylı notariat ofisində ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılmasına dair müqavilə, xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 31G, qapı 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılmasına dair müqavilə, Cavabdeh3 iştirakı ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 53 saylı notariat ofisində ünvan 9 ünvanında yerləşən torpaq sahəsinin satılmasına dair müqavilə, xx.xx.2022-ci il tarixdə Qəbələ regional “ASAN xidmət" mərkəzində notariat ofisində Qəbələ şəhəri, M.F.Axundov küç, döngə 13 ünvanında yerləşən torpaq sahəsinin alınmasına dair müqavilə rəsmiləşdirilmişdir. Cavabdeh2 adından rəsmiləşdirilmiş müvafiq notariat hərəkəti aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. İşdən aydın göründüyü kimi hər üç müqavilə işin nəticələnməsindən asılı olan şərtlərlə bağlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 328.4-cü maddəsinə əsasən pozitiv şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən müddətdə baş verəcəyi şərti ilə bağlanmışdır. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında əks olunmuş mövqeyə görə Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə” 2020-ci il 1 dekabr tarixli Qərarlarında əks olunmuş mövqelərə görə, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarında əks olunmuş mövqeyinə görə, mülki prosesin prinsipləri sırasında çəkişmə və MPM-də birbaşa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipləri xüsusi yer tutur. Dispozitivlik və çəkişmə prinsiplərinin həyata keçirilməsində məhkəmənin rolunun müəyyən edilməsi böyük əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulamağı lazım bilmişdir ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməkdə ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə, qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Belə ki, iş yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlanır (MPM-in 5.1-5.3-cü maddələri). İddiaçı iddiadan imtina edə bilər, cavabdeh iddianı etiraf edə bilər, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla tamamlaya bilər (MPM-in 5.4, 52.1-51.3cü maddələri). Bununla belə nəzərə almaq lazımdır ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Göründüyü kimi, tərəflər arasında bağlanılan tapşırıq müqavilələri pozitiv şərtlə bağlanılmaqla orada hüquqi yardıma görə haqq (120 manat) eləcə də məhkəmə prosesi uğurlu nəticələndiyi halda hər üç müqavilə üzrə məhkəmə aktı qanuni qüvvəyə mindiyi andan 1 aydan gec olmayaraq, müraciət edən şəxslər (cavabdehlər) tərəfindən mübahisə predmeti olan və ya əldə edilməsi iddia edilən və yekun xidmət nəticəsində müştəri tərəfindən əldə edilən daşınar/daşınmaz əmlakın və ya pul vəsaitinin 10 faizi miqdarında mükafatın iddiaçıya ödənilməsi müəyyən edilmişdir. Həmin müqavilələr əsasında iddiaçının təmsil olunduğu iddialara dair mülki işlər üzrə icraata iddiadan imtina edilməsi səbəbi ilə xitam verilmiş, mübahisə mahiyyəti üzrə həll edilməmişdir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin tələbləri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələri və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi baxımından X1 haqqında müqavilələrə işin uğurlu nəticəsinə görə mükafatın ödənilməsi ilə bağlı müddəaların daxil edilməsi yol veriləndir. Həmin Qərarda qeyd edilmişdir ki, hüquqi yardım göstərilməsi ilə bağlı müqavilələr üzrə razılaşdırılmış haqq (qonorar) və mükafat bir-birindən fərqli anlayışlar olmaqla, birincisi vəkilə həvalə edilmiş tapşırığın müqabilində, onun üzərinə götürdüyü öhdəlik üzrə icra etdiyi işlərin əvəzi olaraq ödənilir və xidmətin nəticəsindən asılı deyildir. Vəkilin peşə biliyindən, təcrübəsindən, ixtisas dərəcəsindən, səriştəsindən, X1 ilə bağlı sərf edilmiş vaxtdan, işin mürəkkəbliyindən və s. amillərdən asılı olaraq, bu haqqın məbləğində fərqləndirmənin mövcudluğu mümkündür. Tərəflər arasında razılaşdırılmış mükafat isə tapşırığın uğurlu həllinə (məsələn, iddianın və ya şikayətin təmin edilməsi, hüquqi yardımla bağlı müraciət edənin maraqlarına uyğun qərarın qəbul edilməsi və s.) görə vəkilə ödənilən əlavə ödənişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış hər üç tapşırıq müqaviləsi üzrə mükafatın ödənilməsi yalnız məhkəmə prosesi hüquqi yardım göstərilən şəxsin xeyrinə nəticələnəcəyi ilə şərtləndirilmişdir. Beləliklə, müqavilə şərti “məhkəmə prosesinin nəticəsi” ilə əlaqələndirilmiş, bu anlayışın təsviri isə müqavilədə əks olunmamışdır. Azərbaycan Respublikası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarında əks olunmuş mövqeyinə görə, mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə hesab edir ki, mülki işlər üzrə icraat zamanı tələbdən imtina edilməsi tələb irəli sürmüş ərizəçilərin hüququ olduğundan icraata xitam edilməklə yekunlaşması işin uğurlu həll edilməsi və məhkəmə prosesinin onların xeyrinə nəticələnməsi anlamına uyğun gəlmir və iddiaçının iddiada göstərdiyi dəlillər öz təsdiqini tapmır. Bu dəllilər öz təsdiqini tapdığı halda belə, məhkəmə prosesindən kənar həll edildiyindən, iddia əsassız olmaqla təmin edilməməlidir. Bununla əlaqədar qeyd olunması zəruri hesab edilir ki, cavabdehlərin iddiaçıya verdikləri etibarnamələrdə hüquqi yardım göstərilən mülki işlər üzrə, o cümlədən iddiadan imtina etmə səlahiyyətinin əks olunmasına baxmayaraq, belə imtina cavabdehlərin özləri tərəfindən edilmiş, bu zaman iddiaçının onlara hüquqi yardım göstərmədiyi və bu halın onun iştirakı olmadan baş verdiyi məhkəmə iclasında iddiaçının ifadələri ilə müəyyən olunmuşdur. Bundan əlavə, cavabdehlər məhkəməyə imtina ərizəsi təqdim etdikdən sonra həmin icraat üzrə onların nümayəndəsi və vəkili olan iddiaçının da elektron kabinetinə məhkəmə iclasının tarixi və vaxtı barədə məlumat yerləşdirilmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən qanunvericilik aktları normalarına və tədqiq edilmiş sübutlara əsaslanaraq məhkəmə hesab hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı işin uğurlu nəticəsinə görə mükafatın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar