Məhkəmə qərarları › İş №e-2(006)-3169/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3169/2022

02.08.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3169/2022 02.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “işə bərpa və s. tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “işə bərpa və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ilin iyun ayından etibarən 14 fevral 2022-ci il tarixədək Yevlax rayon Mühafizə şöbəsində çalışmışdır. İddiaçı 2019-cu ilin aprel ayından qrup rəhbəri vəzifəsini icra etmişdir. Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin 14 fevral 2022-ci il tarixli, Ə213ş/h-038-22 nömrəli əmri ilə işdən azad edilmişdir. İşin mahiyyəti üzrə gedişatından göründüyü kimi iddiaçının işçi olaraq günahsız olmağı Yevlax Rayon Məhkəməsinin 4(039)- 87/2022 saylı qərarı ilə sübuta yetirilmişdir. Belə ki, həmin qərarla X3 təqsirləndirilən şəxs hesab olunaraq onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bu da onu göstərir ki, iddiaçının işdən azad edilməyinə görə əsas hesab edilmiş qanunsuz əməllər əslində onun deyil, X1 cinayətkar əməlləridir. İddiaçı 01 fevral 2022-ci il tarixindən əmək məzuniyyətinə çıxmışdır. 05 fevral 2022-ci il tarixdə isə işə geri çağırılmışdır.14 fevral 2022-ci il tarixdə qanunsuz və əsassız işdən azad edilmişdir. Göstərilənlərə əsasən Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin 14 fevral 2022-ci il tarixli, Ə213ş/h-038-22 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının Yevlax rayonu Mühafizə Şöbəsinə qrup rəhbəri vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddiada göstərilənləri təsdiq edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi X8 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini, eyni zamanda, iddia müddətinin tətbiqi ilə bağlı ərizəni təqdim edərək, müddətin ötürülməsi səbəbindən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Yevlax rayon Mühafizə Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xidməti xasiyyətnamədən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən Yevlax rayon Mühafizə Şöbəsində mülki mühafizəçi, 2019-cu ilin mart ayından qrup rəhbəri vəzifəsində xidmət aparır. BMİnin xx.xx.2021-ci il tarixli, Ə302-038-21 nömrəli əmri ilə elan edilmiş “töhmət” intizam tənbehi qüvvədədir. İddiaçı DİN-in, eləcə də BMİ-nin əmr və göstərişlərinin tələblərini mənimsəyə bilməmiş, xidməti fəaliyyətində onlardan düzgün istifadə etməmişdir. Tabelikdə olan əməkdaşların xidmətinə nəzarəti zəiflətmiş, şəxsi heyət arasında mənəvi-psixoloji mühitin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər görməmişdir. Şəxsi heyətə örnək olmaq əvəzinə cəmiyyətdə qəbul edilmiş qadın-kişi münasibətlərinə zidd olan eyş-işrət məclisləri təşkil etməklə, eyni zamanda barəsində şikayət edilməsinə səbəb olan və bununla da mühafizə polisinin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermişdir. İddiaçı xidmət üzrə irəli çəkilərək qrup rəhbəri vəzifəsinə təyin edilməsinə baxmayaraq, yol verdiyi nöqsanlara görə dəfələrlə xəbərdar edilməsinə və qüvvədə olan intizam tənbehindən əsaslı dönüş yaratmaq əvəzinə intizamsız hərəkətlərini davam etdirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2022-ci il tarixli, 247-038-22 əmrindən görünür ki, daxili işlər orqanlarının əməkdaşı adını uca tutmalı, etik qaydalara ciddi əməl etməli, hər kəsi hüquqa zidd əməllərdən müdafiə etməli və digər əməkdaşlara nümunə olmalı olduğu halda, evli və himayəsində 3 övladının olmasına baxmayaraq, kirayə tutduqları evdə qrup rəhbəri İddiaçıla birlikdə xidmət vaxtı xanımlarla eyş-işrət məclisi təşkil etdiyinə, qrup rəhbəri İddiaçı həmin qadınlardan biri ilə qeyri-etik -formada fotoşəkilini və sonuncunun evli bir qadınla əxlaq normalarına zidd münasibət qurması barədə söhbət edərkən həmin danışıqların videogörüntüsünü xəlvəti şəkildə mobil telefonla qeydə aldığına, qeyd olunan foto və videogörüntülərin silinməsi müqabilində qrup rəhbəri İddiaçıla şəxsi maraqlarından irəli gələn mövzuda danışıq apardığına, subordinasiya qaydalarını pozaraq rayon prokurorluğuna sonuncunun barəsində müraciət etdiyinə, həmin hərəkətləri ilə «Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi»nin 1-3, 12, 17, 19 və 22-ci maddələrinin, «Polisin post patrul xidməti Nizamnaməsi»nin 7.1.5-ci, «Azərbaycan Respublikası Daxili X5 Nizamnaməsi»nin 3.1, 3.2 və 3.9-cu bəndlərinin tələblərini kobud surətdə pozduğuna və xidmətdə mənfi xarakterizə olunduğuna, bununla da daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə Yevlax Rayon Mühafizə Şöbəsinin manqa komandiri, polis baş serjantı X2 BMİ-nin xx.xx.2021-ci il tarixli, Ə302-038-21 nömrəli əmri ilə qüvvədə olan “töhmət” intizam tənbehi, Sıravi və kiçik rəis heyətinin yığıncağının qərarı da nəzərə alınmaqla «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmiş, davranışları ilə tabeliyindəki mülki mühafizəçilərə nümunə olmalı olduğu halda, kirayə tutduqları evdə polis baş serjantı E.Şirinovla birlikdə xanımlarla eyş-işrət məclisi təşkil etdiyinə, polis baş serjantı E.Şirinovun qeydə aldığı foto və videogörüntülərin silinməsi müqabilində sonuncunun onunla şəxsi maraqlarından irəli gələn mövzuda danışıqlar aparması barədə hissə rəhbərliyinə dərhal məlumat vermədiyinə və xidmətdə mənfi xarakterizə olunduğuna, həmin hərəkətləri ilə DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyinə görə Yevlax Rayon Mühafizə Şöbəsinin qrup rəhbəri İddiaçıla bağlanmış əmək müqaviləsi BMİ-nin xx.xx.2021-ci il tarixli Ə302-038-21 nömrəli əmri ilə qüvvədə olan “töhmət" intizam tənbehi və X6 yığıncağının qərarı da nəzərə alınmaqla DİN-in Birləşmiş Həmkarlar Komitəsi ilə razılaşdırılmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv edilmiş, tabelikdəkilərin xidmət zamanı və xidmətdən kənar vaxtlarda qanunçuluğa, nizam-intizam və etik davranış qaydalarına riayət etmələrinə nəzarəti zəiflətdiyinə, hüquqazidd əməllərə qurşanmış əməkdaşlann vaxtında aşkar edilərək barələrində müvafiq tədbirlərin görülməsi üçün qabaqlayıcı tədbirlər həyata keçirmədiyinə görə Yevlax Rayon Mühafizə Şöbəsinin rəisi, polis polkovnik-leytenantı X4 «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 114-cü maddəsinin 3-cü bəndinə əsasən “şiddətli töhmət” elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2022-ci il tarixli, Ə213Ş/h-038/22 saylı əmrindən görünür ki, İddiaçı 14 fevral 2022ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) Yevlax Rayon Mühafizə Şöbəsinin qrup rəhbəri (qulluqçu) vəzifəsindən azad edilmişdir. Əsaslandırıcı hissə: Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı əmək müqaviləsi üzrə vəzifələrini kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Həmin əmrdən narazı qalmış iddiaçı yuxarıda göstərilən tələbləri irəli sürərək məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı qüvvədə olan əmək qanunvericiliyinə və işəgötürən ilə onun arasında bağlanmış əmək müqaviləsinin müddəalarına zidd olaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı öz qeyri-etik davranışı ilə DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermişdir. Göründüyü kimi işəgötürən iddiaçını Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad etməklə (əmək müqaviləsinə xitam verməklə) haqlı olmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının «işə bərpa edilməsi» haqqında iddia tələbi əsassız olduğuna görə, həmin tələblə bağlı olan iddianın «işə bərpa edilənə qədər verilməyən əmək haqlarının verilməsi» hissəsi də əsassız hesab olunmalıdır. Bundan əlavə araşdırmalar zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2022-ci il tarixli əmrə əsasən (əmrin məzmunu ilə həmin gün tanış olmuşdur) işdən azad olunmuş, hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin müddəaya əsaslanaraq, cavabdeh təşkilatın nümayəndəsi ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanunauyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı «əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi tələbi»nə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı «əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı ödənilməsi tələbi»nə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar