Məhkəmə qərarları › İş №e-2(006)-3192/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3192/2023

06.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3192/2023 06.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra iddiaçı adlandırılacaq) cavabdeh "xxxx" QSC-yə (bundan sonra cavabdeh adlandırılacaq) qarşı “işə bərpa və məcburi iş buraxmaya görə pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 1993-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə kredit ixtisasi üzrə təhsil almış və həmin ildə təyinatla indiki Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə göndərilmişdir.1998-ci ildən Cəmiyyətin Bakı Dəmir Yol idarəsində əmək fəaliyyətinə başlamış və 2003-cü ilədək Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə işləmişdir 2003-cü ildən isə “Yolnəqliyyatservis Departamentində departamentin tender üzrə baş mütəxəssisi, 2004-cü ildə investisiya şöbəsinin satınalmalar sektorunun müdiri, 2007-cı ildə isə həmin şöbənin rəisi, 2015-ci ildə isə satınalmalar işinin təşkili şöbəsinin rəisi vəzifələrində işləmişdir. 2016-cı il ildə isə öz xahişi ilə işdən azad olunmuşdur. İddiaçı xx.xx.2017-ci il tarixində Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə əmək müqaviləsi bağlayaraq QSC-nin İnfrastruktur Departamentinin Təchizat şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş və yenidən əmək fəaliyyətinə Cəmiyyətdə davam etdirmişdir iddiaçı işlədiyi müəssisə və idarələrdə heç bir qayda pozuntusuna yol verməmiş, işinə ciddi yanaşmaqla üzərinə düşən tapşırıq və vəzifələri vaxtlı-vaxtında yerinə yetirmiş İşlədiyi müddətdə işində hər hansı nöqsan və ya qüsur olması barədə rəhbərlik tərəfindən ona heç bır irad tutulmamışdır. Əksinə dəmir yollarının infrastruktur inkişafındakı xidmətlərinə görə rəhbərlik tərəfindən fəxri fərmanlarla, həmişə əmək haqqından əlavə pul mükafatları ilə təltif edilmişdir. Lakın bu yaxınlarda ona məlum olmayan səbəblərdən 26 may 2023-cü il tarixli 13- 1/3-10-19994/2023 nömrəli əmrlə onun tutduğu ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsi 26 05 2023-cu ıl tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cı maddəsinin "b"-bəndınə əsasən ləğv edilmişdir.Hesab edilir kı, İddiaçı barəsində cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən qəbul edilmiş 26 may 2023-cü ıl tarixli 13-1/3-10-19994/2023 nömrəli işdən azad edilməsi barədə Əmri qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “b" və “c" bəndləri, 58-ci maddəsi, 69-cu maddəsinin 7-ci hissəsi, 76-cı maddəsinin, 77-cı maddəsinin 2-ci və 3-cü hissəsi, 78-cı mədəsinin 2-ci hissəsinin 4-cü bəndi, 79-cu maddəsinin 1-ci hissəsinin 6-cı bəndi və 80-cı mədəsinin 2-ci hissəsinin tələblərinin kobud şəkildə pozulması ilə verilmişdir. Cavabdeh “Azərbaycan Dəmir Yolları" QSC iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində istinad olunan Əmək Məcəlləsinin maddələrin bir qisminin hazırki işlə ümumiyyətlə heç bir aidiyyatı yoxdur. Belə ki, iddiaçı iddia ərizəsində Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci və 2-ci hissələrini qeyd etmiş və maddənin dispozisiyanı əlavə etmiş, lakin qeyd edilən maddələrin ADY tərəfindən hansı formada pozulduğunu qeyd etməmişdir. Bununla bağlı bildiririk ki, iddiaçının tutduğu vəzifə və işlədiyi struktur qurum ixtisar olunarkən Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən ona xəbərdarlıq məktubu həm elektron poçt vasitəsilə, həm də şəxsən təqdim edilmişdir. Şəxsən təqdim edilmiş xəbərdarlıq məktubunu almaqdan imtina etmiş və bununla bağlı akt tərtib olunmuşdur. Elektron poçt ünvanına göndərilmiş xəbərdarlıq məktubu ilə isə tanış olmuşdur. Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci hissəsinə münasibətdə isə ADY tərəfindən ona hər hansı bir məhdudiyyət qoyulmamış, həftənin bir günü ona iş axtarmaq üçün imkan yaradılmışdır. Bunun əksi olaraq iddiaçıya bu imkanın yaradılmaması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim olunmamışdır.Daha sonra iddiaçının qeyd etdiyi Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci hissəsinə münasibətdə isə bildiririk ki, Əmək Məcəlləsinin qeyd edilən maddəsində göstərilən tələb imperativ norma deyildir və bu işəgötürən üçün hər hansı bir vəzifə yaratmır. Bundan başqa iddiaçının tutuduğu vəzifə və işlədiyi struktur qurumda olan bütün ştatlar ləğv olunduğundan burda hər hansı üstünlükdən söhbət gedə bilməz. Həmçinin, bildiririk ki, ştat ixtisarı həyata keçirildikdən sonra iddiaçıya ADY-nin İnfrastruktur Departamentinin Diaqnostika və monitorinq mərkəzinin Təhlili və palanlaşdırma şöbəsində aparıcı mütəxəssis vəzifəsi təklif olunmuş, lakin iddiaçı bu təklifi qəbul etməmişdir. Bu hal iddiaçıya işəgötürən olaraq ADY tərəfindən üstünlük hüququnun tanınması kimi qiymətləndirilə bilər. Bu qeyd olunan fakt, özü özlüyündə həmçinin iddiaçının “işdən azad olunarkən onun işdə saxlanılması məsələsi ümumiyyətlə müzakirə olunmadı” dəlilini də təkzib edir.Bundan başqa, iddiaçı tərəfindən qeyd edilən “cavabdeh qurumda işçilərin sayının ixtisar halı olmamışdır” dəlilinə qiymət verərək qeyd edirik ki, ADY-də son dövrlərdə aparılan kadr islahatının və ADY-nin İnfrastruktur departamentində aparılmış struktur dəyişikliklərinin nəticəsi olaraq həmin departamentin aparatının ştat cədvəlində ADY-nin sədri tərəfindən təsdiq edilmiş dəyişikliyə uyğun olaraq Təchizat bölməsi ləğv olunduğundan, qeyd olunan bölmənin bütün ştat vahidləri, o cümlədən iddiaçının tutduğu bölmə rəisi ştatı ixtisar olunmuşdur. Aparılmış ixtisar nəticəsində həyata keçirəcək işin xüsusiyyətləri və iş funksiyası tamamilə fərqli olan başqa bir struktur qurum olaraq Təchizat və anbar təsərrüfatı şöbəsi yaradılmışdır. Yeni yaradılmış Təchizat və anbar təsərrüfatı şöbəsinin şöbə rəisi vəzifəsinin iş funksiyaları ləğv edilən şöbə rəisi vəzifəsinin iş funksiyasından tamamilə fərqləndiyindən və İddiaçı ixtisasının yeni yaradılan şöbə rəisi vəzifəsinə uyğun olmadığı müəyyən edildiyindən o, yeni yaradılan şöbə rəisi vəzifəsinə təyin olunmamışdır. Yuxarıda da qeyd edildiyi kimi ona ixtisasına uyğun olan başqa iş təklif olunsa da, o, təklif olunmuş işi qəbul etməmişdir. Hazırkı məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 iddia tələbinin əsassız olduğunu və təmin olunmamasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı 1993-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə kredit ixtisası üzrə təhsil almış və həmin ildə təyinatla indiki ADY-yə göndərilmişdir. 1998-ci ildən Cəmiyyətin Bakı Dəmir Yol İdarəsində əmək fəaliyyətinə başlamış və 2003-cü ilədək ADY-də müxtəlif vəzifələrdə işləmişdir. 2003-cü ildən isə “Yolnəqliyyatservis” Departamentində departamentin tender üzrə baş mütəxəssisi, 2004-cü ildə investisiya şöbəsinin satınalmalar sektorunun müdiri, 2007-ci ildə isə həmin şöbənin rəisi, 2015-ci ildə isə satınalmalar işinin təşkili şöbəsinin rəisi vəzifələrində işləmişdir. 2016-cı ildə isə öz xahişi ilə işdən azad olunmuşdur. O, xx.xx.2017-ci il tarixində ADY ilə əmək müqaviləsi bağlayaraq ADY-nin İnfrastruktur Departamentinin Təchizat şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş və yenidən əmək fəaliyyətinə Cəmiyyətdə davam etdirmişdir. O, işlədiyi müəssisə və idarələrdə heç bir qayda pozuntusuna yol verməmiş, işinə ciddi yanaşmaqla üzərinə düşən tapşırıq və vəzifələri vaxtlı-vaxtında yerinə yetirmiş, işlədiyi müddətdə işində hər hansı nöqsan və ya qüsur olması barədə rəhbərlik tərəfindən ona heç bir irad tutulmamışdır. Əksinə dəmir yollarının infrastruktur inkişafındakı xidmətlərinə görə rəhbərlik tərəfindən fəxri fərmanlarla, həmişə əmək haqqından əlavə pul mükafatları ilə təltif edilmişdir. Lakin bu yaxınlarda ona məlum olmayan səbəblərdən 26 may 2023-cü il tarixli 13-1/3-10-19994/2023 nömrəli əmrlə onun tutduğu ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsi xx.xx.2023-cu il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" QSC-nin 26 may 2023-cü il tarixli 13-1/3-10- 19994/2023 nömrəli əmrin məzmunundan görünür ki, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin infrastruktur departamentində aparılmış struktur dəyişikliklərinin nəticəsi olaraq həmin departamentin aparatının ştat cədvəlində ADY-nin sədri tərəfindən təsdiq edilmiş dəyişikliyə uyğun olaraq Təchizat bölməsi ləğv edilmiş, həmçinin həmin departamentin aparatının Təchizat bölməsinin rəisi ştat vahidi ixtisar edilmişdir. Bununla bağlı olaraq İnfrastruktur departamentinin aparatının Təchizat bölməsinin rəisi vəzifəsində çalışan İddiaçı tutduğu ştat vahidinin ixtisar edilməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 13-1/2-3215/2023 nömrəli xəbərdarlıq bildirişi təqdim edilmişdir. İddiaçı tutduğu ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinə müraciət edilmiş və müvafiq razılıq alınmışdır. Həmçinin həmin əmrdə Maliyyə və İqtisadiyyat idarəsi, İddiaçı ilə son haqq-hesabın aparılmasını, o cümlədən Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən ona işlədiyi müddətdə istifadə etmədiyi 25.1 təqvim günü (xx.xx.2022-xx.xx.2023-cü iş ili üçün 16 təqvim günü, xx.xx.2023-xx.xx.2023-cü iş ili üçün 9.1 təqvim günü) əsas məzuniyyətlərinə görə pul əvəzinin, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinin tələbinə əsasən orta aylıq əmək haqqının 1.7 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsinin təmin edilməsi müəyyən olunmuşdur Həmçinin iş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xəbərdarlıq məktubunda qeyd olunmuşdur ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (ADY) İnfrastruktur departamentində aparılmış struktur dəyişikliklərinin nəticəsi olaraq həmin departamentin aparatının ştat cədvəlində ADY-nin sədri tərəfindən təsdiq edilmiş dəyişikliyə uyğun olaraq Təchizat bölməsi ləğv olunduğundan, qeyd olunan bölmənin bütün ştat vahidləri, o cümlədən tutduğunuz bölmə rəisi ştatı ixtisar olunmuşdur. Bununla bağlı, bu xəbərdarlığı aldığınız gündən 6 təqvim həftəsindən sonra sizinlə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv ediləcədir. Həmçinin həmin məktubda, iddiaçının yazılı razılığı olduğu təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq, hazırkı xəbərdarlıq müddəti əvəzinə müvafiq miqdarda birdəfəlik ödəniş edilməklə sizinlə bağlanmış əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilə bilər. Eyni zamanda, ADY ilə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar ittifaqı arasında bağlanmış “2020-2022-ci illər üçün X7”in 4.7.1-ci yarımbəndi ilə ştatın ixtisarı ilə bağlı müəyyən edilmiş müddət ərzində müvafiq qarşılıqlı əlavə razılaşma imzalamaqla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilən işçiyə tarif (vəzifə) maaşının 5 (beş) misli məbləğində birdəfəlik müavinətin verilməsi təminatı nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş 03 aprel 2023-cü il tarixli aktdan görünür ki, "xxxx" QSC-nin İnsan resursları idarəsinin Əmək münasibətləri şöbəsinin rəis müavini X3, mütəxəssisi X1 və X5 aktı tərtib etdik ondan ötrü ki, həqiqətən xx.xx.2023-cü il tarixində İnfrastruktur departamenti aparatının Təchizat bölməsinin rəisi İddiaçıla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə müvafiq olaraq 6 təqvim həftəsindən sonra ləğv edilməsi barədə xəbərdarlıq ilə tanış edilsə də, İddiaçı xəbərdarlığı imzalamaqdan imtina etmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş cavabdeh tərəfin iddiaçıya iş təklif etməsi barədə ona ünvanladığı məktubdan görünür ki, Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İnfrastruktur departamentində işçilərin sayının işin həcminə uyğunlaşdırılması və kadr potensialının buna mütənasib optimallaşdırılmasının təmin edilməsi zərurəti ilə əlaqədar İnfrastruktur departamentinin bir sıra ştat vahidləri, həmçinin hazırda tutduğunuz həmin departamentin aparatının Təchizat bölməsinin rəisi vəzifəsi üzrə mövcud olan 1 (bir) ştat vahidi ixtisar olunmuşdur. Ştat vahidinin ixtisarına dair bildiriş xx.xx.2023-cü il tarixində iddiaçıya təqdim olunmuşdur. Həmin məktubda iddiaçıya vakant olan ADY-nin İnfrastruktur departamentinin Diaqnostika və monitorinq mərkəzinin Təhlil və planlaşdırma şöbəsində aparıcı mütəxəssis vəzifəsi təklif edilir və xəbərdarlıq müddəti ərzində təklif olunan vəzifəyə münasibət bildirməsi xahiş olunur. Əks halda xəbərdarlıq müddəti bitdikdən sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi qeyd olunur. Həmçinin iş materiallarına əlavə olunmuş Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş arayışdan görünür ki, mübahisənin mediasiya vasitəsilə həlli zamanı iddiaçı tərəf mediasiyada iştirak etsə də, cavabdeh tərəfin nümayəndəsi iştirak etməmişdir. Hazırki iddia tələbi ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında əmək müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci, 45-ci maddəsinin 1-ci və 47-ci maddəsinin “f” bəndlərinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə bağlana bilər. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən işəgötürənin aşağıdakı hüquqları vardır: bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək; işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək; işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək; bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək; əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək; işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək. Həmin Məcəllənin 69-cu maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəqötürən əmək müqaviləsini ləğv etməzdən azı ıkı ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə ışçı azı bır iş günü əmək funksiyasının icrasından azad edilir . Həmin Məcəllənin 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır Həmin Məcəllənin 78-cı maddəsinin 2-cı hıssəssınə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən öhdəsində ıkı və daha çox 16 yaşınadək uşağı olanlara üstünlük verilir və həmin Məcəllənin 79-cu maddəsinə əsasən öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvləri olan işçilərlə bu Məcəllənin 70-ci maddəsilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin xitam edilməsi qadağandır. Həmin Məcəllənin 80-ci maddəsinin 2-cı hissəssinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmçinin Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, iddiaçı bu hüququndan istifadə edərək məhkəməyə müraciət etmişdir. Lakin əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Məhkəmə ilk növbədə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Hazırki mülki işin gedişatı zamanı iddiaçının mübahisələndirdiyi hallara münasibətdə toplanılmış sübutlara, iddia tərəfinin və cavabdeh tərəfin nümayəndəsinin verdiyi izahatlara əsasən müəyyən olunur ki, əmək müqaviləsinin tərəfləri işçi və işəgötürən olduğundan və müqavilə bağlamaq və ləğv etmək azadlığı qanunvericiliklə nəzərdə tutulmuş müəyyən tələblərə riayət etmək şərti ilə hər iki tərəfə məxsusdur və Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulan hallarda bu hüquqdan istifadə etmək imkanı işəgötürənə verilmişdir. Müşahidə edildiyi kimi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi rəsmiləşdirilərkən qanunvericiliyin tələblərinə riayət edilmişdir. Məcəllənin 71-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər nəzərdə tutulmuşdur. Maddəyə görə həmin tədbirlər işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən həyata keçiriləcək tədbirləri nəzərdə tutur. Hansı ki, cavabdeh tərəf qanunvericilikdə nəzərdə tutulmuş tələblərə əməl etmişdir. Belə ki, iş materiallarından və məhkəmənin apardığı araşdırmalara əsasən müəyyən edilir ki, iddiaçının tutduğu vəzifə və işlədiyi struktur qurum ixtisar olunarkən Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən ona xəbərdarlıq məktubu həm elektron poçt vasitəsilə, həm də şəxsən təqdim edilmişdir. Şəxsən təqdim edilmiş xəbərdarlıq məktubunu almaqdan imtina etmiş və bununla bağlı akt tərtib olunmuşdur. Elektron poçt ünvanına göndərilmiş xəbərdarlıq məktubu ilə isə tanış olmuşdur. Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci hissəsinə münasibətdə isə ADY tərəfindən ona hər hansı bir məhdudiyyət qoyulmamış, həftənin bir günü ona iş axtarmaq üçün imkan yaradılmışdır. Bunun əksi olaraq iddiaçıya bu imkanın yaradılmaması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim olunmamışdır.Daha sonra iddiaçının qeyd etdiyi Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci hissəsinə münasibətdə isə qeyd edilir ki, Əmək Məcəlləsinin qeyd edilən maddəsində göstərilən tələb imperativ norma deyildir və bu işəgötürən üçün hər hansı bir vəzifə yaratmır. Bundan başqa iddiaçının tutuduğu vəzifə və işlədiyi struktur qurumda olan bütün ştatlar ləğv olunduğundan burda hər hansı üstünlükdən söhbət gedə bilməz. Həmçinin, bildiririk ki, ştat ixtisarı həyata keçirildikdən sonra iddiaçıya ADY-nin İnfrastruktur Departamentinin Diaqnostika və monitorinq mərkəzinin Təhlili və planlaşdırma şöbəsində aparıcı mütəxəssis vəzifəsi təklif olunmuş, lakin iddiaçı bu təklifi qəbul etməmişdir. Bu hal iddiaçıya işəgötürən olaraq ADY tərəfindən üstünlük hüququnun tanınması kimi qiymətləndirilə bilər. Bu qeyd olunan fakt, özü özlüyündə həmçinin iddiaçının “işdən azad olunarkən onun işdə saxlanılması məsələsi ümumiyyətlə müzakirə olunmadı” dəlilini də təkzib edir.Bundan başqa, iddiaçı tərəfindən qeyd edilən “cavabdeh qurumda işçilərin sayının ixtisar halı olmamışdır” dəlilinə qiymət verərək qeyd edirik ki, ADY-də son dövrlərdə aparılan kadr islahatının və ADY-nin İnfrastruktur departamentində aparılmış struktur dəyişikliklərinin nəticəsi olaraq həmin departamentin aparatının ştat cədvəlində ADY-nin sədri tərəfindən təsdiq edilmiş dəyişikliyə uyğun olaraq Təchizat bölməsi ləğv olunduğundan, qeyd olunan bölmənin bütün ştat vahidləri, o cümlədən iddiaçının tutduğu bölmə rəisi ştatı ixtisar olunmuşdur. Aparılmış ixtisar nəticəsində həyata keçirəcək işin xüsusiyyətləri və iş funksiyası tamamilə fərqli olan başqa bir struktur qurum olaraq Təchizat və anbar təsərrüfatı şöbəsi yaradılmışdır. Yeni yaradılmış Təchizat və anbar təsərrüfatı şöbəsinin şöbə rəisi vəzifəsinin iş funksiyaları ləğv edilən şöbə rəisi vəzifəsinin iş funksiyasından tamamilə fərqləndiyindən və İddiaçı ixtisasının yeni yaradılan şöbə rəisi vəzifəsinə uyğun olmadığı müəyyən edildiyindən o, yeni yaradılan şöbə rəisi vəzifəsinə təyin olunmamışdır. Yuxarıda da qeyd edildiyi kimi ona ixtisasına uyğun olan başqa iş təklif olunsa da, o, təklif olunmuş işi qəbul etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdeh "xxxx" QSCyə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə pul" tələbinə dair tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdiq etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSCyə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə pul" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar