Məhkəmə qərarları › İş №e-2(006)-3198/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3198/2025

31.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3198/2025 31.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri (oğlu İsmayıl, iddiaçının adlarını bilmədiyi qızı və nəvəsi) ilə birlikdə iddiaçının kirayə verdiyi Nəsimi rayonu, Mir Cəlal küçəsi, 6 saylı evin 30,43 m2 yaşayış sahəsindən ibarət 2 (iki) otaqlı 40 saylı mənzilindən çıxarılması, 01 yanvar 2025-ci il tarixədək ödənilməmiş 1000 manat kirayə pulunun, 01 yanvar 2025-ci il tarixindən 01 may 2025-ci il tarixədək aylıq razılaşma 350 manat olmaqla 1400 manat, cəm olaraq 01 may 2025-ci il tarixədək 2400 manat, 01 may 2025-ci il tarixindən məhkəmə qətnaməsi icra olunanadək aylıq 350 manatdan hesablanmaqla kirayə pulunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 6 saylı evin 30,43 m2 yaşayış sahəsindən ibarət 2 (iki) otaqlı 40 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Cavabdeh 5 il öncə ailə üzvləri (oğlu İsmayıl, qızı və nəvəsi) ilə birlikdə iddiaçının mənzilini kirayəyə verdiyi şəxsdir. Belə ki, cavabdeh 2020-ci ildə iddiaçıya müraciət edərək, mənzilin, ona ailə üzvləri ilə birlikdə yaşaması üçün, kirayə verilməsini istədi. Aylıq kirayə pulunu 280 manat olmaqla iddiaçı buna razılıq vermişdir. Lakin 1 ilə yaxındır ki, cavabdeh kirayə pulunu ödəmir. 01 yanvar 2025-ci il tarixindən isə onların aylıq razılaşması 350 manat olmuşdur. İddiaçının oğlu mənzilinin olmaması səbəbindən ailə həyatı qura bilmir. İddiaçıya məxsus olan mənzildə cavabdehin yaşaması isə onun mülkiyyət hüquqlarını pozur. Belə ki, o, cavabdehin maneçiliyi ucbatından mənzili üzərində hüquqlarını həyata keçirə bilmir, mənzillə bağlı sərəncam vermək hüquqları məhdudlaşır. Həmçinin, şəxsin faktiki yaşayış yeri onun yaşayış yeri (qeydiyyat) üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olmaqla, faktiki yaşaması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdeh isə faktiki olaraq, başqa yerdə qeydiyyatda olmağına baxmayaraq, iddiaçının mənzilindən könüllü çıxmamaqla ona ciddi maneələr yaradır. Cavabdeh iddiaçıya məxsus olan mənzildə faktiki kirayəçi kimi yaşasa da, həmin mənzildə pasport qeydiyyatında deyil. Onun mənzildə faktiki yaşaması formal xarakter daşıyır. Buna görə də cavabdehin iddiaçıya məxsus olan mənzildən çıxarılması, ödənilməmiş 2400 manat kirayə pulu və məhkəmə qətnaməsi qanuni qüvvə minənədək olan müddət ərzində, toplanmış aylıq 350 manat olmaqla pul vəsaitinin ödənilməsi təmin edilməlidir.

a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır.

5. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

6. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 208935 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, M.Cəlal küçəsi, 6 saylı evin 30,43 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 40 saylı mənzili tam pay üzrə iddiaçının adına qeydiyyata alınmışdır.

7. Cavabdeh tərəfindən təqdim edilmiş 3 ədəd qəbzdən görünür ki, inisialları M***** R***** M****** olan şəxsin bank hesabına cəmi 110 manat məbləğində pul mədaxil edilmişdir.

8. xx.xx.2017-ci il tarixli icarə müqaviləsi adlı sənəddə tərəflərin adları və telefon nömrələri qeyd olunmuşdur.

9. Bakı şəhəri Nəsimi RPİ 19-cu Polis Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025ci il tarixli məktubdan görünür ki, iddiaçıya məxsus mənzildə kirayə yaşayan cavabdehin mənzildən çıxmaması səbəbindən yaranmış mübahisəli məsələnin mülki xarakterli olması nəzərə alınaraq, mülki iddia qaydasında məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

10. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən 40 nömrəli mənzil iddiaçının mülkiyyətindədir.

12. İddiaçı 2020-ci ildən sözügedən mənzili cavabdehə kirayəyə verdiyini (ailə üzvləri ilə birlikdə yaşaması üçün) bildirsə də, xx.xx.2025-ci il tarixdə iş üzrə keçirilmiş ilkin məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh daşınmaz əmlak üzrə vasitəçi (makler) tərəfindən tərtib edilmiş 2017-ci il tarixli icarə müqaviləsi adlı sənədi məhkəməyə təqdim edərək, 2017-ci ildən həmin mənzildə kirayə qaldığını bildirmişdir. Sözügedən sənəd icarə müqaviləsi adlansa da, həmin sənəddə yalnız tərəflərin adı və telefon nömrələri qeyd edilmiş, lakin icarə müqaviləsi üçün xarakterik olan heç bir mühüm şərt sənəddə göstərilməmişdir. Beləliklə, iddiaçıya məxsus mənzilin cavabdehə kirayə verilməsi halı yalnız tərəflərin izahatları ilə təsdiqlənərək, hazırkı işin mübahisəsiz halını təşkil etmişdir.

13. Tərəflərin izahatları ilə təsdiqlənərək işin mübahisəsiz halını təşkil edən digər bir məsələ isə aylıq kirayə haqqının məbləği ilə bağlıdır. Belə ki, hər iki tərəf mənzilin kirayə verilən vaxtdan 2024-cü ilin sonunadək aylıq kirayə haqqının məbləğinin 280 manat, 2025-ci ildən isə 350 manat təşkil etdiyini məhkəməyə bildirmişdir.

14. İddiaçı 2024-cü ilin sentyabr ayından etibarən cavabdehin aylıq ödənişləri ödəmədiyini iddia etsə də, cavabdeh 2025-ci ilin yanvar ayı da daxil olmaqla, aylıq kirayə haqqlarını tam şəkildə ödədiyini, lakin 2025-ci ilin fevral, mart və aprel aylarına görə hər dəfə 30 manat olmaqla, cəmi 90 manat ödəniş etdiyini, iddiaçı onu məhkəməyə verdiyinə görə sonradan da heç bir ödəniş etmədiyini bildirmişdir. Cavabdehin məhkəmə araşdırmasına təqdim etdiyi 3 ədəd qəbzlə onun 2025-ci il ərzində iddiaçıya cəmi 110 manat məbləğində pul ödəməsi müəyyən edilir, iddiaçı tərəf bu məbləğlərin onun hesabına mədaxil edildiyini qəbul edir. 2024-cü ilin sentyabr ayından etibarən edilən aylıq ödənişlərə dair qəbzlərin məhkəməyə təqdim edilməsi cavabdehə təklif edilsə də, o, bu ödənişləri iddiaçıya əlbəəl verdiyini, başqa qəbzin olmadığını bildirmişdir.

15. Hazırda iddiaçı özünə məxsus mənzildən cavabdehin ailə üzvləri ilə birlikdə çıxarılmasını, 2024-cü ilin son 4 ayı üzrə cavabdeh tərəfindən ona ödənilməli olan 1.000 manat, 2025-ci ilin ilk 4 ayı üzrə isə 1.400 manat olmaqla, cəmi 2.400 manat məbləğində kirayə pulunun, həmçinin, xx.xx.2025-ci il tarixindən məhkəmə qətnaməsi icra olunanadək aylıq 350 manat kirayə pulunun cavabdehdən tutulmasını məhkəmədən xahiş edir.

c) Məhkəmənin mövqeyi:

16. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında şifahi əmlak kirayəsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli qərardadında nümayiş etdirdiyi hüquqi mövqeyə istinadən məhkəmə qeyd edir ki, əmlak kirayəsi müqaviləsi daşınmaz əmlaka sərəncam verməklə bağlı olmayıb, əmlakdan istifadə münasibətlərini tənzimlədiyindən, bu müqavilənin yazılı qaydada bağlanmasına və notarial qaydada təsdiq edilməsinə zərurət yoxdur. Buna görə də tərəflər arasında şifahi qaydada bağlanmış əmlak kirayəsi müqaviləsinin əqdin bağlanmasının forma və məzmununa dair qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olması məhkəmə tərəfindən müəyyən edilir. Həmçinin, tərəflərin bu münasibətlərə könüllü daxil olaraq, məbləğ barədə mühüm şərtin onların qarşılıqlı razılığına əsasən müəyyənləşdirilməsi araşdırma zamanı məhkəmə tərəfindən tərəflərin izahatına əsasən müəyyən edildiyindən, sözügedən müqavilə məhkəmə tərəfindən etibarlı əqd kimi qiymətləndirilir.

17. Cavabdehin müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməyərək, aylıq kirayə haqqlarını 2 aydan da çox müddətə iddiaçıya tam şəkildə ödəməməsi hər iki tərəfin izahatına əsasən məhkəmə tərəfindən müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə qismən haqlı olmuşdur. Belə ki, iddiaçı cavabdehin 2024-cü ilin sentyabr ayından etibarən aylıq kirayə haqqını ödəmədiyini bildirmiş, cavabdeh isə bu dəlili qismən qəbul edərək, 2025-ci ilin yanvar ayı da daxil olmaqla aylıq kirayə haqqlarını tam ödədiyini, 2025-ci ilin fevral, mart, aprel ayları üzrə hər ay 30 manat ödədiyini, lakin may ayından etibarən heç bir ödəniş etmədiyini bildirmişdir. Deməli, cavabdehin kirayə müqaviləsi üzrə aylıq ödəniş etmək barədə öhdəliyi 2 aydan çox müddətə onun tərəfindən pozulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin “cavabdehin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması” hissəsi kirayə müqaviləsinin kirayə verən tərəfindən ləğv edilməsi kimi qiymətləndirilərək təmin edilməli, Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən 40 nömrəli mənzildən çıxarılmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə iclasında verdiyi izahatda cavabdeh 2025-ci ilin avqust ayında mənzildən çıxacağını bildirmişdir.

18. İddia tələbinin “2024-cü ilin sentyabr ayından 2025-ci ilin may ayının 1-dək ödənilməli olan 2.400 manat məbləğində kirayə haqqının cavabdehdən tutulması” hissəsi ilə bağlı isə ilk öncə qeyd edilməlidir ki, cavabdeh 2024-cü il üzrə aylıq ödənişin 280 manat, 2025-ci ildən isə 350 manat olmasını mübahisələndirmir, yəni aylar üzrə ödənilməli olan kirayə haqqının məbləği mübahisəsiz olaraq müəyyən edilmişdir. İddiaçı cavabdehin 2024-cü ilin son 4 ayı üzrə ödəniş etmədiyini bildirib, həmin aylara görə cavabdehdən 1.000 manat məbləğində pul tələb etmişdir. Cavabdeh isə iddia edilən zaman kəsiyində bütün kirayə haqqlarını tam şəkildə ödədiyini bildirsə də, bununla bağlı heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən cavabdehə ödənişlərə dair qəbzlərin təqdim edilməsi təklif edilsə də, o, pulları iddiaçıya əlbəəl verdiyini, qəbzlərin olmadığını bildirmiş, iddiaçı isə cavabdehin bu dəlilini qəbul etməmişdir. Beləliklə, iddia edilən müddət üçün kirayə haqqlarını tam şəkildə iddiaçıya ödədiyini bildirən cavabdehin etirazında göstərdiyi bu dəlil heç bir mötəbər sübutla öz təsdiqini tapmamış, yalnız formal şifahi mülahizədən ibarət olmuşdur. Halbuki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsaslandığı halları sübut etməlidir. Lakin göründüyü kimi, sübutetmə yükünü daşıyan cavabdeh bununla bağlı vəzifəsini yerinə yetirməmişdir. Buna görə də onun bu dəlili əsassız hesab olunur və məhkəmə hesab edir ki, iddiaçı tələbin 1.000 manat hissəsi ilə bağlı haqlı olmuşdur (nəzərə alınmalıdır ki, tərəflərin izahatına əsasən mübahisəsiz olaraq müəyyən edilmişdir ki, 2024-cü ildə aylıq kirayə haqqı 280 manat təşkil etmişdir, deməli, iddiaçı aylıq daha az məbləğ tələb edir). Bundan əlavə, iddiaçı cavabdehin 2025-ci ilin ilk 4 ayı üzrə ödəniş etmədiyini bildirib, həmin aylara görə cavabdehdən cəmi 1.400 manat məbləğində pul tələb etmişdir. Cavabdeh isə yanvar ayı üzrə tam ödəniş etdiyini, fevral, mart, aprel ayları üzrə isə hər ay cəmi 30 manat ödədiyini, iddiaçıya cəmi 600 manat məbləğində borcu olduğunu bildirsə də, məhkəməyə cəmi məbləği 110 manat təşkil edən 3 ədəd qəbz təqdim etmiş, başqa heç bir mötəbər sübut isə verməmişdir. Beləliklə, cavabdehin yanvar ayı üzrə tam ödəniş etməsinə dair dəlili də formal şifahi mülahizədən ibarət olmaqla, mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Deməli, cavabdeh qanunvericiliyin sübutetmə yükü ilə bağlı yuxarıda istinad edilən tələbinə etirazının bu dəlili ilə bağlı da əməl etməmişdir. Buna görə də onun bu dəlili məhkəmə tərəfindən əsassız hesab olunur və məhkəmə iddiaçının yanvar ayı ilə bağlı tələbini də haqlı sayır. Cavabdeh növbəti 3 ay üzrə cəmi 90 manat ödəniş etdiyini bildirsə də, onun təqdim etdiyi və iddiaçı tərəfindən mötəbərliyi təsdiq edilən qəbzlərdəki ödəniş məbləğlərinin cəminin 110 manat təşkil etməsi müəyyən edildiyindən məhkəmə hesab edir ki, fevral, mart və aprel ayları üzrə kirayə haqqı üçün tələb edilən cəmi məbləğdən cavabdeh tərəfindən iddiaçının bank hesabına ödənilmiş 110 manat çıxılmalıdır (2025-ci ildən aylıq kirayə haqqının 350 manat olması mübahisəsiz olaraq müəyyən edildiyindən, 4 ay x 350 manat – 110 manat = 1.290 manat). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi qismən təmin edilməli, Cavabdeh 2024-cü ilin sentyabr ayından xx.xx.2025-ci il tarixədək ödənilməmiş 2.290 manat kirayə pulu alınaraq İddiaçı verilməlidir.

19. İddia tələbinin “xx.xx.2025-ci il tarixindən məhkəmə qətnaməsi icra olunanadək aylıq 350 manat kirayə pulunun cavabdehdən tutulması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, tələbin bu hissəsi də qismən təmin edilməlidir. Belə ki, məhkəmənin mövqeyinə görə, iddiaçının hazırkı qətnamənin məhz “mənzildən çıxarılma” hissəsi icra olunanadək aylıq kirayə haqqını tələb etmək hüququ vardır. Buna görə də məhkəmə hesab edir ki, tələbin bu hissəsi “Cavabdeh xx.xx.2025-ci il tarixdən hazırkı qətnamə “mənzildən çıxarılma” hissəsində icra olunanadək hər ay 350 manat məbləğində kirayə pulu alınaraq İddiaçı verilməlidir” formasında, qismən təmin edilməlidir. Məhkəmə vurğulamağı zəruri sayır ki, tələbin təmin edilən hissəsi tərəflər arasında sonradan yarana biləcək məhkəmə mübahisəsinin qarşısının alınmasına, yəni prosessual qənaət prinsipinin məqsədlərinə xidmət edir.

d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-329.3-cü maddələrinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 684.1-ci maddəsinə əsasən, əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 685.2, 685.2.1 və 685.2.2-ci maddələrinə əsasən, kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. 697.1-ci maddəsinə görə, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2, 52.5. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3-106.4. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

22. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı: Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

24. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

25. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

26. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

27. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus mənzildən çıxarılmalı və cavabdehdən xx.xx.2025-ci il tarixədək ödənilməmiş 2.290 manat kirayə pulu, o cümlədən xx.xx.2025-ci il tarixdən hazırkı qətnamə “mənzildən çıxarılma” hissəsində icra olunanadək hər ay 350 manat məbləğində kirayə pulu alınaraq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

28. Məhkəmə xərclərinin bölüşdürülməsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bu barədə qərar qəbul edərkən məhkəmə tərəflərin tələblərindən asılı olmadığını vurğulamağı zəruri sayır. Xərclərlə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun 90 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

Nəticə:

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən 40 nömrəli mənzildən çıxarılsın və Cavabdeh xx.xx.2025-ci il tarixədək ödənilməmiş 2.290 (iki min iki yüz doxsan) manat kirayə pulu, o cümlədən xx.xx.2025-ci il tarixdən hazırkı qətnamə “mənzildən çıxarılma” hissəsində icra olunanadək hər ay 350 manat məbləğində kirayə pulu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 90 (doxsan) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin, dövlət rüsumunun qalan hissəsi İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar