Məhkəmə qərarları › İş №e-2(006)-3201/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3201/2025

09.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3201/2025 09.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh «Bakı Sağlamlıq Mərkəzi» PHŞ-ya qarşı (X16 və X5 mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3-cü şəxs qismində mülki işə cəlb edilmişlər) «əmrin və əmək kitabçasındakı qeydin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma üçün əmək haqqı» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Bakı Sağlamlıq Mərkəzi» PHŞ-ya qarşı «əmrin və əmək kitabçasındakı qeydin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma üçün əmək haqqı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsaslanan xx.xx.2025-ci tarixli, 132-K nömrəli əmrinin və bu əmrə əsasən əmək kitabçasına yazılmış «Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin» qeydinin etibarsız sayılaraq ləğv edilməsi; işə bərpa olunması, onunla cavabdeh arasında müddətsiz əmək müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması; məhkəmə qətnaməsi qəbul olunub icra olunana qədər işləmədiyi günlərə görə aylıq əmək haqqının; əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsi; mediasiya xərci üçün ödədiyi 50 manat məbləğin cavabdeh «Bakı Sağlamlıq Mərkəzi» PHŞ-dan alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, X16 və X5 mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3cü şəxs qismində mülki işə cəlb edilmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2018-ci il tarixdən başlayaraq kiçik tibb bacısı işləyir. İşlədiyi müddətdə hər-hansı bir cəzası olmamışdır. Üzərinə düşən işi layiqincə həyata keçirmişdir. Bundan əlavə, işlədiyi müddətdə baş tibb bacısının göstərişi ilə gecə növbəsinə çıxmış, lakin gecə növbəsi işləməsinə baxmayaraq gündüz növbəsinin əmək haqqı ödənilmişdir. İşini itirməmək üçün məcburiyyətdən ona qarşı edilənlərə dözmüş, təki məvacib alıb övladlarını dolandırmaq istəmişdir. Lakin pozulmuş hüquqlarının bərpası üçün digər işçilər müraciət etdikləri üçün və o, həmin işçilərlə yaxın münasibətdə olduğu üçün «qara siyahı»ya düşmüşdür. Hər vasitə ilə onları şərləyib işdən çıxarmaq istəyirdilər. Lakin o, işində daha məsuliyyətli olduğu üçün bunu edə bilmirdilər. Güya ki, xx.xx.2025-ci il tarixdə xəstəxanada yatan Həqiqət Bayramova və Səidə Babayevanın şikayəti əsasında o, sonunculara yaxınlaşıb, kobud şəkildə onlara təzyiq göstərərək şikayətlərini geri götürmələrini istəmişdir. Əgər insan insandan nəyisə xahiş edirsə, nə üçün ona təzyiq və ya kobud şəkildə davranmalıdır? Əslində qeyd olunanların heç biri olmayıb, sadəcə adları hallandırılan şəxslər (işçilər) şikayət etdikləri və o da həmin şəxslərlə yaxın olduğu üçün qanunsuz olaraq şərlənərək işdən azad edilmişdir. Əmrdə onunla bağlı qeyd olunan halların hamısı qanunsuz və əsasızdır. Qeyd olunan halları nəzərə alaraq xx.xx.2025-ci il tarixli 132-K saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Bildirir ki, sözügedən əmrin təsviri hissəsində qeyd olunan halların hər biri əsassızdır və böhtan xarakterlidir. Belə olan halda, xx.xx.2025-ci il tarixdə 132-K saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Hesab edir ki, cavadehin xx.xx.2025-ci il tarixli 132-K saylı əmri tamamilə qanunsuz və əsassızdır. Buna görə də, məhkəmə qaydasında ləğv edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına oxşar məzmunda izahat verərək əlavə olaraq qeyd etdi ki, əmək müqaviləsinə xitam verilməsinin əsas səbəbi kimi Həqiqət Bayramovanın və Səidə Babayevanın şikayəti olmuşdur. Onların bu haqsız müraciətləri əsasında iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Onlara qarşı işgüzar nüfuza xələl gətirmə, maddi və mənəvi ziyana görə iddia tələbi ilə məhkəməyə müraciət edəcəklər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Həqiqət Bayramovanın və Səidə Babayevanın 3-cü şəxs qismində işə cəlb olunmalarını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı üçüncü şəxs qismində cəlb edilmiş X16 elektron məhkəmə vastəsi ilə ərizə təqdim edərək İddiaçı heç bir şikayəti olmadığını, onun ümumiyyətlə İddiaçı şikayət etmədiyini, ona palatada olan vaxt yaxşı baxdığını, onu başqa adam dedikləri üçün İddiaçı səhvən şikayət ərizəsi yazdığını və bildikdən sonra ərizəsini geri götürmək istədiyini, «Bakı Sağlamlıq Mərkəzi»nə müraciət etsə də, artıq gec olduğunu və üç nəfər işçinin da qurumlara şikayət etdikləri üçün problemli işçilər olduğunu bildirmişdir. «Bakı Sağlamlıq Mərkəsi» tərəfindən verilmiş əmrin əsaslandırma hissəsində qeyd olunur ki, İddiaçı Səidə Babayevanın palatasına daxil olaraq ona hədə-qorxu gəlmiş və şikayətini geri götürməsini tələb etmişdir. Səidə Babayevanın ərizəsindən görünür ki, əmrdə qeyd olunan hal heç olmayıb və əsassız olaraq İddiaçı işdən çıxarılıb. Əlavə olaraq da qeyd edir ki, İddiaçı tək Səidə Babayeva şikayət etmişdir. İddiaçı bu günə kimi heç bir intizam məsuliyyətinə cəlb edilməsinə dair hər hansı bir əmr yoxdur. Hazırda təkzib edilən bir şikayət əsasında işə götürən heç bir araşdırma aparmadan qərəzli olaraq əmək müqaviləsinə xitam vermişdir. Məşədiyeva Lamiyə və Şahbazova Aygün şahid qismində məhkəmədə dindirilmişdir. Dindirilməzdən öncə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 194-cü maddəsinin tələbləri izah edilməklə bildirişə qol çəkmişlər. Məşədiyeva Lamiyə və Şahbazova Aygün məhkəmə iclasında yalan ifadə vermişlər. Onlar bununla öyrədilmiş şahid olaraq məhkəməni aldatmağa çalışıblar. Bundan əlavə, məhkəməyə sübut kimi təqdim olunmuş video diskdə qeyd olunanlarla bağlı deyilənlər hamısı uydurma və yalandır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, X18 Məmmədova və Flora Abdullayevanın xəstələrin palatasına girmələrini və İddiaçı uşağının salamat çıxmasını istəyirsənsə şikayətini geri götür ifadəsinin canlı şahidi olduğunu, eyni zamanda dəhlizdə xəstə çıxış edən zaman xəstələrlə mübahisəyə müdaxilə etdiyini, idarənin daxili intizam qaydalarını pozduğunu bildirmişdir. Eyni zamanda Şahbazova Aygün də oxşar ifadə verərək məhkəməni yanıltmağa çalışmış və özü İddiaçı kobudluq edərək ona işdən çıxması üçün hədə-qorxu gəlmiş və onlara heç kimin heç nə edə bilməyəcəyini dilə gətirərək «.... nəsə etdirəcəksən» ifadəsini işlətmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-ci maddəsinə uyğun olaraq məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd olunan hallarla bağlı kifayət qədər əsaslar və sübutlar var, həmin sübutlar şahidlərin ifadələrinin tam əksini təsdiq edən hallardır. Yuxarıda qeyd olunanları nəzərə alaraq şahidlər Məşədiyeva Lamiyənin və Şahbazova Aygünün əməllərində cinayət əməlinin açıq-aşkar olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsin 296-cı maddəsinin tərkibi olduğu üçün onların cinayət məsuliyyətə cəlb edilmələri barədə xüsusi qərar çıxarılmasını, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, Səidə Babayeva ərizə verərək İddiaçı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Həmçinin ərizəsində 2 nəfərin ona yaxınlaşaraq bu adların yazılmasını istədiyini bildirmişdir. Lakin bu məsələ ilə bağlı müəssisədə araşdırma zamanı həmin şöbənin böyük tibb bacısı Lamiyə Məşədiyeva və həkim Sevinc Qarayeva pasiyent X11 Lamiyədən şikayətçi olmasına şahidlik etmişlər. Həmçinin, Səidə Babayeva ona yazılı şikayətin yazılmasını deyən şəxslər qismində Lamiyə Məşədiyeva və Aygün Şahbazovanı nəzərdə tutur. Nəzərə alaraq ki, Səidə Babayeva özü yazılı şəkildə İddiaçı şikayət etmiş və indi də bundan imtina edir, işin obyektiv araşdırılması üçün şahidlərin dindirilməsini zəruri hesab etmiş, bu barədə məhkəməyə vəsatət vermiş və şahidlər dindirilmişlər. Məlumat üçün bildirir ki, «Bakı Sağlamlıq Mərkəzi»nin Baş həkimi, digər rəhbər və həkim heyətinin imzası ilə müəssisənin İcraçı direktoruna ünvanlanmış 7 mart 2025-ci il tarixli təqdimatda Doğum şöbəsində çalışan 3 işçinin - mama X6, tibb bacısı X2 və kiçik tibb işçisi İddiaçı əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi xahiş edilmişdir. X1 aid hissədə bildirilmişdir ki, Doğum şöbəsinin böyük tibb bacısı L.Məşədiyevanın xəstələrə gündəlik səhər ziyarəti zamanı 07 mart 2025-ci il tarixdə 2 pasiyentin - Həqiqət Bayramova və Səidə Babayevanın şikayətləri ilə rastlaşmışdır. Şikayətçilər gecə növbəsində olan mama Nuridə Əzizovanın qeysəriyyə əməliyyatı olunmuş xəstələrin gecə ərzində çağırışlarına gəlməməsi, onları çarəsiz və tibbi yardıma möhtac vəziyyətdə buraxması, həmçinin əsəbi davranması barədə şikayət etmişlər. Həmçinin, yazılı şəkildə də şikayət etmişlər. Şikayət barədə xəbər tutan Nuridə Əzizovanın iş yoldaşları - tibb bacısı X4 və kiçik tibb işçisi İddiaçı pasiyentlərin palatasına daxil olaraq, şikayətin yazılmasına mane olmuş və onlara basqı etmişlər. Həmçinin, bu barədə iş yoldaşları Nuridə Əzizovanı məlumatlandırmışlar. X23 işçilərin onlara basqı etməsini yazılı şəkildə bildirmişdir. Pasiyentlər təlaş içində xəstəxanadan dərhal çıxmaq istədiklərini «Bakı Sağlamlıq Mərkəzi»nin Baş tibb bacısı Aygün Şahbazovaya bildirmişlər. Pasiyentlər - Həqiqət Bayramova və Səidə Babayeva təlaş içərisində xəstəxananı həmin gün tərk etmişlər. Vurğulamaq istəyir ki, Doğum şöbəsinin pasiyentləri tərəfindən dövrü olaraq hər 3 işçi barəsində şikayət edilirdi. Təsadüfi deyil ki, Doğum şöbəsinin orta və kiçik tibb heyəti kollektivinin qeyd edilən bəzi üzvlərinin davranışı nəticəsində bu tibbi xidmət üzrə müraciət edən pasiyentlərin sayında illər üzrə fərq müşahidə olunur. Belə ki, şöbədə bu kimi quplaşmalar nəticəsində dəfələrlə xəstələrdən qeyri-rəsmi ödənişlərin istənilməsi, zahı qadınlara xidmət göstərilməməsi, kollektivin digər üzvlərini təzyiq altında saxlama və sair məzmunlu şikayətlər alınırdı. Məsələnin araşdırılması ilə bağlı işçilərdən izahat istənilərkən, izahat verməkdən imtina etmələri onların subordinasiya qaydalarına əməl etməmələrini bariz şəkildə göstərir. Bu səbəbdən müəssisə tərəfindən izahat verilməsi xahişi ilə onların ev ünvanlarına məktublar ünvanlanmışdır. Bundan sonra digər iki işçi izahat versə də, İddiaçı izahat verməkdən imtina etmiş, habelə ev ünvanına göndərilən məktubu almaqdan imtina etmişdir. Göründüyü kimi, hər üç şəxsin əməli nəticəsində müəssisənin işgüzar nüfuzuna və qanuni mənafeyinə ciddi xələl gəlmiş, əmək və icra intizamının normal ahəngi pozulmuşdur. Belə ki, pasiyentlər sərgilənən xidmətdən və kobud davranışdan təlaş içərisində müəssisəni tərk etmişlər. Qeyd olunan işçilərə görə müəssisə sonradan pasiyentlərin/onların yaxınlarının müəssisəyə qarşı da şikayəti ilə (hətta sosial şəbəklərdə xəstəxana barədə mənfi rəy bildirəcəklərini qeyd etmişlər) üzləşmişdir. Mübahisənin davam etdirilməsi ətraf ziyarətçilərin diqqətini də çəkmiş və hər iki hal müəssisənin imicinə ciddi xələl gətirmişdir. Qeyd edilənlərə əsasən, onların əmək müqavilələrinə xitam verilməsi üçün Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində və 72-ci maddənin «e» bəndində göstərilən əsaslar mövcuddur. Nəzərə çatdırmaq istəyir ki, işçilərin əmək müqavilələrinə xitam verilməsi ilə bağlı müəssisənin Həmkarlar İttifaqı Komitəsinə müraciət olunmuş və Komitə hər üç işçinin iştirakı ilə iclas keçirmişdir. Müzakirənin nəticələrinə əsasən müəssisənin rəhbərliyinə Həmkarlar İttifaqı Komitəsinin razılıq məktubu təqdim edilmiş və işçilərin əmək müqavilələrinə xitam verilmişdir. Qeyd edilən məsələ üzrə iddiaçı X13 də müraciət etmiş və həmin dövlət orqanı tərəfindən də aidiyyəti sənədlər istənilərək, araşdırma aparılmışdır. Araşdırma nəticəsində hər hansı bir pozuntu aşkar edilməmişdir. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X5 04 sentyabr 2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 2025-ci ilin mart ayının 6-dan 7-nə keçən gecə növbədə olan tibb işçisi Nuridə Əzizovanın ona qarşı olan kobud davranışından narazı olmuşdur. 7 mart 2025-ci il tarixdə palata yoldaşı olan digər X23 ilə birgə Nuridə Əzizovanın onlara qarşı olan əsəbi və kobud davranışı barəsində şikayət ərizəsi yazmışlar. Əzizova Nuridə barəsində yazılı şəkildə şikayət etdiklərinə görə 7 mart 2025-ci il tarixdə «Bakı Sağlamlıq Mərkəzi»nin işçiləri İddiaçı və Abdullayeva Flora tərəfindən təhdid olunmuşlar ki, həmin şikayət ərizəsini geri götürsünlər. Bundan sonra təlaş içərisində xəstəxananı tərk etmək istəmiş və bu barədə xəstəxana işçilərinə bildirmişdir. Evə getmək istəyərkən yenidən liftin qarşısında Nuridə Əzizovanın təzyiqi ilə üzləşmişdir. Bu ərizəsinin son qəti fikir olaraq qəbul edilməsini və körpə uşağı olması səbəbindən məhkəməyə gələ bilmədiyinin nəzərə alınmasını xahiş edir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq mülki işə mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X3 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X16 09 avqust 2025-ci il tarixli ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı heç bir şikayəti, tələbi yoxdur. Ümumiyyətlə İddiaçı ona qarşı hər hansı bir kobudluq, qeyri-adi hərəkətlər etməmişdir. Ərizə yazarkən həmin şəxsin İddiaçı olduğunu bilmirdi. Çünki, 2 nəfər ona yaxınlaşıb bu adların yazılmasını tələb etmişlər. Əslində bu hadisə belə olmayıb, o, Lamiyə xanımdan razı olmuş, orada olduğu müddətdə ona yaxşı baxmışdır. Sonradan Lamiyə xanımın onun ərizəsinə əsasən işdən çıxarıldığını bildikdə, «Bakı Sağlamlıq Mərkəzi»nə həmin şəxsin günahı olmadığını bildirmiş, ərizəsini geri götürmək üçün «Bakı Sağlamlıq Mərkəzi»nə getsə də, artıq gec olduğunu və həmin işçilərin davamlı şəkildə digər qurumlara şikayət etdikləri üçün problemli işçi olduqlarını bildirmişlər. Himayəsində azyaşlı uşaq olduğu üçün məhkəmə iclasında iştirak edə bilmir. Ərizəsinin izahat kimi qəbul olunmasını və işə onun iştirakı olmadan baxılmasını xahiş edir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq mülki işə mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X10 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, klinikanın baş tibb bacısıdır. Doğum şöbəsi 6-cı mərtəbədə yerləşir, elə şəhid bacısı da həmin mərtəbədə yatırdı. Ona dəyməyə gedəndə şöbədə səs-küy olduğunu eşitmişdir. Həmin vaxt palatada Həqiqət xanım və Səidə xanım yatırdı. Sevinc Qarayeva dedi ki, Flora və Lamiyə xəstələri təhdid edirlər. Xəstələr həmin şəxslərin gecə növbəsində onlara yaxşı baxmadıqlarını, şikayət ərizəsi yazdıqlarına görə hazırda təhdid edildiklərini bildirmişdilər. Hadisə səhər vaxtı olub. 2-ci dəfə həmin mərtəbəyə gələndə görüb ki, Həqiqət xanım uşaqla tələm-tələsik çıxır. Bu vaxt onların yanında Nuridə xanım və Lamiyə xanım var idi. Sevinc Qarayeva onlara bildirirdi ki, xəstələrlə bu necə davranış və danışıqdı. Nuridə səsliküylü şəkildə deyirdi ki, niyə ərizə yazmısınız. Gecə növbəsində Nuridə xanım və Lamiyə xanım olub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, tibb məktəbini bitirib və 26 ildi işləyir. Doğum şöbəsinin böyük tibb bacısıdır. Hər səhər xəstələri yoxlayırlar. 1-ci palatada 2 xəstə - Həqiqət xanım və Səidə xanım yatırdı. Palatada səsküyə yaxınlaşıb. Flora xanım və Lamiyə xanımın səsləri gəlirdi. Onlar deyirdilər ki, evə uşaq aparırsınız, sizin üçün yaxşı olmayacaq. Onlar axşam növbəsində olanlardan şikayət verərək ərizə yazdılar. O da ərizəni alıb çıxıb. Həqiqət xanım tələsik çıxıb getdi və dedi ki evə salamat uşaq aparmaq istəyir. Səidə xanım isə 1 saat gec çıxdı. Flora xanım və Nuridə xanımın dediklərini eşidərək otağa daxil olmuşam. Bildiriblər ki, Nuridə xanım onlara yaxşı baxmayıb. Flora xanımın növbəsi bitmişdi, amma saat 10:00-13:00 arası o hələ də klinikada idi. Bacısı əməliyyat olmuşdu və onu çıxarmaq üçün həmin gün klinikada idi. Xəstələr 2 dəfə ərizə yazıblar. Birinci ərizə Nuridə xanımdan, ikinci ərizə Lamiyə xanım və Flora xanımdan idi. Lamiyə xanım onun özünü də təhdid və təhqir edib. Lamiyə xanım ideal işçi deyildi, sadəcə işini yola verirdi. Xəstələr mütəmadi ondan şikayət edirdilər. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını, şahid ifadələrini dinləyib, təqdim olunmuş audiovizual materiala baxış keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - 01 iyun 2016-cı il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı «Bakı Sağlamlıq Mərkəzi» PHŞ-ya xəstələrə qulluq edən kiçik tibb bacısı vəzifəsinə qəbul edilmişdir. - «Bakı Sağlamlıq Mərkəzi» PHŞ-nın 13 mart 2025-ci il tarixli məktubundan görünür ki, Mərkəzin İcraçı direktoru X21 İttifaqı Komitəsinin sədri Günay İsmayılovaya müraciət edərək, mərkəzdə baş vermiş olaylarla bağlı ətraflı məlumat vermiş və Mərkəzin 3 işçisi ilə bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsinə münasibət bildirilməsini xahiş etmişdir. Zəruri sənədlər (pasiyentlərin ərizələri, baş həkimin və digər şəxslərin imzaladıqları təqdimat, akt, İntizam və Etika Komissiyasının protokolu, adı çəkilən şəxslərdən ikisinin izahatı, İddiaçı məktubu almaqdan yayınmasına dair poçt müəssisəsinin məktubu) müraciətə əlavə olunmuşdur. - Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin 14 mart 2025-ci il tarixli 148 saylı iclas protokolundan görünür ki, «Bakı Sağlamlıq Mərkəzi» PHŞ-nın icraçı direktorunun müraciətində qeyd olunan məsələ müzakirə edilmiş, işçilərlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi 7 nəfər lehinə (əleyhinə səs verən və bitərəf qalan olmamışdır) olmaqla razılıq verilmişdir. Barəsində müraciət edilən işçilər iclasda iştirak etmişlər. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Bakı Sağlamlıq Mərkəzi» PHŞ-nın 18 mart 2025-ci il tarixli 132k nömrəli əmrindən görünür ki, kiçik tibb işçisi İddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin «e» bəndi – əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntusu nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) xx.xx.2025-ci il tarixdən xitam verilmiş, işçinin istifadə etmədiyi əmək məzuniyyətinə görə 34 təqvim günü kompensasiya ödənilməsi barədə göstəriş verilmişdir. - Təqdim edilmiş audiovizual materiallara baxış zamanı müəyyən edildi ki, qeyd olunan olaylar həqiqətən 07 mart 2025-ci il tarixdə Bakı Sağlamlıq Mərkəzində baş vermiş, əmək və icra intizamının normal ahəngi pozulmuşdur. - Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş 23 aprel 2025-ci il tarixli MŞB/6- 00569 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi Vəkil xx.xx.2025ci il tarixə saat 15:00-a təyin olunmuş mediasiya sessiyasında iştirak etsə də, cavabdehin nümayəndəsi həmin sessiyada iştirak etməmişdir. İddiaçının nümayəndəsi tərəfindən 50 manat İMS xərci və 10 manat kargüzarlıq xərci ödənilmişdir. İşin araşdırılmış hallarından məlum olur ki, İddiaçı «Bakı Sağlamlıq Mərkəzi» PHŞ-də 01 iyun 2016-cı il tarixli əmək müqaviləsinə əsasən xəstələrə qulluq edən kiçik tibb bacısı vəzifəsinə qəbul edilmiş və 18 mart 2025-ci il tarixli 132k nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Əmrin verilməsin əsas kimi qeyd edilmişdir ki, Bakı Sağlamlıq Mərkəzinin iki nəfər xəstəsi Həqiqət Bayramova və Səidə Babayeva xx.xx.2025-ci il tarixdə mama Nuridə Əzizovanın gecə növbəsi zamanı vəzifə öhdəliklərini icra etməməsi və onlarla kobud rəftarı, qeysəriyyə əməliyyatı olunmuş xəstələrin gecə ərzində çağırışlarına laqeyd yanaşması barədə yazılı şikayət etmişlər. 7 mart 2025-ci il tarixdə Doğum şöbəsinin tibb bacısı X8 və kiçik tibb işçisi İddiaçı xəstələrin palatasına daxil olaraq, mama Nuridə Əzizovadan şikayət edən xəstələrə yaxınlaşaraq təhdidlə onlara təzyiq göstərmiş, şikayətlərini geri götürmələrini tələb etmişlər. Bu hadisəyə Doğum şöbəsinin böyük tibb bacısı Lamiyə Məşədiyeva, təsərrüfat bacısı S.Əzimova və mama-ginekoloq S.Qarayeva şahid olmuşlar. Bundan dərhal sonra barəsində şikayət olunan X26 Məşədiyevaya telefon zəngi vasitəsilə hədə-qorxu gələrək, onun barəsində olan şikayətin ört-basdır edilərək bağlanmasını tələb etmişdir. Xəstələr təlaş və qorxu içində xəstəxanadan dərhal çıxmaq istədiklərini Bakı Sağlamlıq Mərkəzinin Baş tibb bacısı Aygün Şahbazovaya bildirmişlər. Xəstələr - Həqiqət Bayramova və Səidə Babayeva evə buraxılmağa hazırlaşdıqları əsnada, mama Nuridə Əzizova iş növbəsində olmamasına baxmayaraq, qəsdən mübahisə yaratmaq məqsədli olaraq həyat yoldaşı ilə gələrək, tibbi sanitar qaydalarını pozaraq üst geyimində Doğum şöbəsinə daxil olmuş, bu zaman xəstələrin həkimləri Sevinc Qarayeva və Günel Mərəyeva ilə mübahisə etmişdir. Xəstənin həkimi Sevinc Qarayeva mama Nuridə Əzizovanı şöbədən uzaqlaşdıraraq, xəstəsi Həqiqət Bayramovanın təhlükəsizliyini qoruyaraq, xəstəxanadan çıxartmağa çalışmışdır. Bundan sonra mama Nuridə Əzizova xəstəni təqib edərək, xəstə Həqiqət Bayramovanın çıxdığı anda həkim Sevinc Qarayevanın müdaxiləsinə baxmayaraq, xəstə ilə mübahisə etmiş və şikayətini geri çəkməsi üçün xəstəyə təzyiqlər etmişdir. Həmçinin N.Əzizova öz həyat yoldaşını müəssisəyə çağırması nəticəsində mübahisə daha da gərginləşmişdir. Mübahisəni sakitləşməyə çalışan İcraçı direktorun müavini X.Qənbərov onlar tərəfindən təzyiqlə üzləşmişdir. Hadisəni sakitləşdirmək məqsədilə Nəzarət xidmətinin əməkdaşları tərəfindən polis oqranlarına zəng edilmişdir. Göründüyü kimi, hər üç şəxsin əməli nəticəsində müəssisənin işgüzar nüfuzuna və qanuni mənafeyinə ciddi xələl gəlmiş, əmək və icra intizamının normal ahəngi pozulmuşdur. Belə ki, pasiyentlər sərgilənən xidmətdən və kobud davranışdan təlaş içərisində müəssisəni tərk etmişlər. Qeyd olunan işçilərə görə müəssisə sonradan pasiyentlərin/onların yaxınlarının müəssisəyə qarşı da şikayəti ilə üzləşmişdir. Mübahisənin davam etdirilməsi ətraf ziyarətçilərin diqqətini də çəkmiş və hər iki hal müəssisənin imicinə ciddi xələl gətirmişdir. Həmçinin müəyyən edilmişdir ki, qeyd edilən əmr verilməmişdən əvvəl «Bakı Sağlamlıq Mərkəzi» PHŞ-nın 13 mart 2025-ci il tarixli məktubu ilə Mərkəzin İcraçı direktoru Asiman Həsənov tərəfindən təkcə iddiaçının deyil, Mərkəzin digər 2 işçisi ilə də bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsinə münasibət bildirilməsi üçün Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmiş və buna dair zəruri sənədlər (pasiyentlərin ərizələri, baş həkimin və digər şəxslərin imzaladıqları təqdimat, akt, İntizam və Etika Komissiyasının protokolu, adı çəkilən şəxslərdən ikisinin izahatı, İddiaçı məktubu almaqdan yayınmasına dair poçt müəssisəsinin məktubu) müraciətə əlavə olunmuşdur. Məhkəmə həmin sənədlərin hər birinin məzmununun hazırkı məhkəmə aktında qeyd edilməsinə zərurət görmür. Belə ki, eyni məzmunlu mətnlər istər cavabdehin nümayəndəsinin izahatında, istərsə də, iddiaçının işdən azad edilməsinə dair əmrdə ətraflı şəkildə qeyd olunmuşdur. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının işdən azad edilməsinə dair əmrin tarixi xx.xx.2025-ci il tarixli olsa da, iddia ərizəsində xx.xx.2025-ci il kimi qeyd edilməsini texniki yanlışlıq olaraq dəyərləndirir. Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin 14 mart 2025-ci il tarixli 148 saylı iclas protokolundan da görünür ki, barəsində müraciət edilən işçilər iclasda iştirak etmiş və «Bakı Sağlamlıq Mərkəzi» PHŞ-nın icraçı direktorunun müraciətində qeyd olunan məsələ müzakirə edilmiş, işçilərlə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. Hazırda iddiaçı əmrdə onunla bağlı qeyd olunan halların hər birinin böhtan xarakterli olmasını göstərərək cavadehin xx.xx.2025-ci il tarixli 132-K saylı əmrinin tamamilə qanunsuz və əsassız olmasını mübahisələndirmişdir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək iddiaçının və digər 2 əməkdaşın əməli nəticəsində müəssisənin işgüzar nüfuzuna və qanuni mənafeyinə ciddi xələl gəlmiş, əmək və icra intizamının normal ahəngi pozulmuşdur. Belə ki, pasiyentlər sərgilənən xidmətdən və kobud davranışdan təlaş içərisində müəssisəni tərk etmişlər. Qeyd olunan işçilərə görə müəssisə sonradan pasiyentlərin/onların yaxınlarının müəssisəyə qarşı da şikayəti ilə (hətta sosial şəbəkələrdə xəstəxana barədə mənfi rəy bildirəcəklərini qeyd etmişlər) üzləşmişdir. Mübahisənin davam etdirilməsi ətraf ziyarətçilərin diqqətini də çəkmiş və hər iki hal müəssisənin imicinə ciddi xələl gətirmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. - 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, ehtiyatsızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 72-ci maddəsində isə hansı konrket hallarda işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması öz əksini tapmışdır. -72-ci maddəsinin (a) bəndinin tələbinə görə özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzürlü səbəb olmadan, işçinin bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. - 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. - 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. - 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. - 80-ci maddəsinin 3-cü hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. - 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. - 186-cı maddənin 1-ci hissəsinə əsasən işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hall arda isə digər məsuliyyətə cəlb edilirlər. - 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehlərindən birini verə bilər. - 186-cı maddənin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır - 187-ci maddənin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. - 187-ci maddənin 3-cü hissəsinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. - 187-ci maddənin 4-cü hissəsinə əsasən idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. - 189-cu maddənin 3-cü hissəsinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. - 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin həmin Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki halların araşdıraraq, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilmək barədə qətnamə və ya bu maddənin ikinci hisəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. - 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. Məhkəmə sadalanan maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun iş fəaliyyəti dövründə pasiyentlərlə davranışı nəticəsində müəssisənin işgüzar nüfuzuna və qanuni mənafeyinə ciddi xələl gəlməsi, əmək və icra intizamının normal ahəngi pozulması əsası ilə xitam verilmiş və bu hallar araşdırma zamanı həm iş materiallarında olan sənədlərlə, baxış keçirilmiş video görüntülərlə, həm də şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Belə ki, Həqiqət Bayramovanın və Səidə Babayevanın şikayətlərində iddiaçının və digər əməkdaşların onlara qarşı olan münasibətin, yəni, gecə ərzində çağırışlarına gəlməməsi, onları çarəsiz və tibbi yardıma möhtac vəziyyətdə buraxması, həmçinin əsəbi davranması kimi halları göstərmişlər. Şikayət barədə xəbər tutan barəsində şikayət olunanlar, (İddiaçı və digərləri) pasiyentlərin palatasına daxil olaraq, şikayətin yazılmasına mane olmuş və onları təhdid etmişlər. Pasiyentlər - Həqiqət Bayramova və Səidə Babayeva xəstəxananı həmin gün tərk etmişlər. Məhkəmə şahid qismində dindirilmiş şəxslərin izahatlarını inandırıcı və şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar kimi qiymətləndirir. Belə ki, onlar iddiaçı ilə pasiyentlər arasında olan hadisəni aydın və müfəssəl təsvir etmiş, hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Eyni zamanda şahidlər pasiyentlərin iddiaçı tərəfindən də təhdid edilməsi anını bilavasitə görmüşlər. Məhkəmə hesab edir ki, iddiaçının işdən qanunsuz azad edilməsi ilə bağlı əmrin qanunsuz olmasına dair izahatı özü-özlüyündə iddiasının bu hissədə əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə tərəflərin izahatları və iş materiallarına əsasən iddiaçının barəsində qəbul edilmiş əmrin qanunsuz olması barədə dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, onun işdən azad edilməsinə dair əmrin verilməsinə əsas məhz onun iş fəaliyyəti dövründə pasiyentlərlə davranışı nəticəsində müəssisənin işgüzar nüfuzuna və qanuni mənafeyinə ciddi xələl gəlməsi, əmək və icra intizamının normal ahənginin pozulması olmuşdur. Yuxarıda sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddiaçı tərəfindən əmək qanunvericiliyinin və tərəflər arasında bağlanmış əmək müqaviləsinin şərtləri pozulmuş, cavabdehin mənafeyinə xələl gəlmişdir. Cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən haqlı olmuş, Əmək Məcəlləsinin tələbləri pozulmamış, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsində heç bir qanun pozuntusuna yol verilməmiş, xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının barəsində verilmiş əmrin qanunsuz olmasına dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Məhkəmə qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddia tələbi işdən azad olunmasına dair əmrin ləğv edilməsi hissəsində əsassız olduğu üçün təmin edilməməli və buna görə də iddiaçının tələbinin əsası kimi göstərdiyi digər törəmə halların, yəni, işə onun işə bərpa edilməyi, həmçinin onunla cavabdeh arasında müddətsiz əmək müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması; məhkəmə qətnaməsi qəbul olunub icra olunana qədər işləmədiyi günlərə görə aylıq əmək haqqının; əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsi; mediasiya xərci üçün ödədiyi 50 manat məbləğin cavabdeh «Bakı Sağlamlıq Mərkəzi» PHŞ-dan alınaraq ona ödənilməsi kimi tələbləri mülki mübahisənin həlli üçün hüquqi əhəmiyyət kəsb etmir. Məhkəmə bu halları nəzərə alaraq, həmin xüsusatlarla bağlı əlavə araşdırma aparmağı, onlara hüquqi qiymət verilməsini zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh «Bakı Sağlamlıq Mərkəzi» PHŞ-ya qarşı (X16 və X5 mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3-cü şəxs olmaqla) «əmrin və əmək kitabçasındakı qeydin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma üçün əmək haqqı» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «Bakı Sağlamlıq Mərkəzi» PHŞ-ya qarşı (X16 və X5 mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3-cü şəxs olmaqla) «əmrin və əmək kitabçasındakı qeydin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma üçün əmək haqqı» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar