Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-321/2023 24.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi X1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı «əmrin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı «əmrin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin İddiaçı barəsində qəbul etdiyi 1040/K nömrəli xx.xx.2022-ci il tarixli əmrinin əsassız olduğundan ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1979-cu ildə anadan olmuşdur, ali təhsilli iqtisadçıdır. O, xx.xx.2018-ci il tarixində "xxxx" MMC-yə “kredit mütəxəssisi” vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixində həmin müəssisədə “kredit mütəxəssisi” vəzifəsindən “inzibatçı” vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda) Əmək Məcəlləsini kobud şəkildə pozduğuna görə tutduğu vəzifədən azad edilməsi qeyd edilmişdir. İddiaçı 1040/K saylı xx.xx.2022ci il tarixli əmrlə tutduğu vəzifədən yuxarıda qeyd edildiyi kimi, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tam əsassız qaydada işdən azad edilmişdir. Bu barədə o, Əmək Müfəttişliyinə rəsmi müraciətlər etmiş, müəssisə tam özbaşınalıq edərək əmək qanunvericiliyinə əməl etməyərək onu tutduğu vəzifədən qeyd olunan maddələrlə işdən çıxarmışdır. İddiaçı bu barədə Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət etmiş, cavabdehin Mediasiya Sessiyasında iştirak etməsini, mübahisənin qarşılıqlı qaydada həll edilməsini istəmişdir. Bu barədə onun göndərdiyi sənədlər xx.xx.2022-ci ildə Mediasiya Şurasına daxil olmuş, müraciətinə xx.xx.2022-ci il tarixində baxılmışdır. Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış xx.xx.2022-ci il tarixində iddiaçıya təqdim olunmuş, cavabdeh müəssisə mediasiya sessiyasında iştirak etmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Çünki cavabdeh şirkət həm əmək qanunvericiliyini pozmuş, qeyd olunan maddə ilə qanunazidd qaydada iddiaçını Əmək Məcəlləsinin arzuolunmaz maddəsi ilə işdən azad etmişdir. İddiaçı həmişə nümunəvi bir işçi olmuş, hamı kimi işdən azad olunması üçün xx.xx.2022-ci il tarixində Cavabdeh MMC-yə 01 iyun 2022-ci il tarixindən etibarən öz xahişi ilə işdən çıxarılması üçün rəsmi müraciət etmişdir. İddiaçı işdən çıxdığını gözlədiyi bir ərəfədə ona heç bir cavab gəlmədiyindən təkrarən 22 iyul 2022-ci il tarixində rəsmi müraciət edərək onun 01 iyun 2022-ci il tarixində işdən azad olunması ilə bağlı ərizəsinə niyə cavab verilmədiyini soruşmuş, ona 02 avqust 2022-ci il tarixində direktor Ə.Əsgərov tərəfindən rəsmi cavab gəlmiş və bildirilmişdir ki, iddiaçı Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən bir təqvim ayı qabaqcadan xəbərdarlıq edilməklə əmək müqaviləsini ləğv edə bilər. Eyni ilə müəssisə iddiaçını işdən azad etməyərək bir təqvim ayı bitdikdən sonra ona işə çıxmamaq və son haqqhesabı aparmaq hüququnun olduğunu bildirmişdir. İddiaçı ərizəsində konkret olaraq çıxma tarixini “01 iyun 2022-ci il” kimi göstərmişdir. İddiaçı işəgötürənin mövqeyini anlaya bilmir və heç bir səbəb olmadan onu əmək qanunvericiliyinin ziddinə gedərək 1040/K saylı xx.xx.2022-ci il tarixli əmrlə işdən azad etmişdir. Cavabdeh şirkət iddiaçını qərəzli olaraq qəsdən bu xoşagəlməz maddə ilə işdən çıxartmışdır. Bundan başqa, əmək qanunvericiliyinin 69, 71, 80-ci maddələri kobud şəkildə pozulmuşdur. İddiaçı bir şəxsin iradəsinə uyğun olaraq qanunun tələblərini pozmaqla həmin şəxsin qanunazidd əmri nəticəsində işdən azad edilmişdir. O, əmrlə hansı kobud normaları pozmuşdur ki, ona bəlli deyil. Müəssisə onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxardıb. İddiaçını Həmkarlar Təşkilatının iclasını keçirmədən, qeyd olunan məsələləri, hansı qaydaları pozduğunu ona bildirmədən, istinad etdiyi halları əsaslandırmadan o, bu şəxsin qəzəbinə düçar olaraq işdən azad edilmişdir. Əmək qanunvericiliyinin ziddinə gedərək Əmək Məcəlləsini kobud şəkildə pozmaqla hazırki mövqe ilə işdən çıxarılması əsaslı deyildir. İddiaçı Cavabdeh MMC-də işləmək istəmir və bu səbəbdən də ərizə ilə müraciət edib xx.xx.2022-ci il tarixindən işdən çıxarılmasını istəmişdir. Əvəzində isə müəssisə əmək qanunvericiliyinin ziddinə gedərək onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əsassız olaraq işdən çıxardığına görə İddiaçı hazırki iddianı qanuni və əsaslı hesab edir. Cavabdeh MMC iddia ərizəsinə etiraz təqdim edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixindən işəgötürənə heç bir məlumat vermədən işə gəlməmişdir. Bununla bağlı işçi ilə əlaqə saxlanılmış, işə gəlməməsinin səbəbləri, üzrsüz iş buraxma halı ilə bağlı iş buraxmanı əsaslandıran sənədlərlə (sübutlarla) izahat təqdim etməsi üçün baş ofisə yaxınlaşması təklif edilmişdir. İşçi xx.xx.2022-ci il tarixli işdən azad edilmə barədə ərizəsini xx.xx.2022-ci ildə poçta təhvil vermiş, xx.xx.2022-ci ildə ərizə məktubla Cavabdeh MMC-yə daxil olmuşdur, işçi müəssisəni yazılı şəkildə xx.xx.2022-ci il tarixində məlumatlandırmışdır. Üzrsüz iş buraxan əməkdaş xx.xx.2022-ci il tarixində işəgötürəni işdən çıxma ərizəsi ilə əmək müqaviləsinə xitam verilməsi təşəbbüsünü arxa tarixə olan işdən azad edilmə barədə ərizə ilə bildirmişdir. Göründüyü kimi, işçi işdən çıxma barədə təşəbbüsü barədə işəgötürəni xx.xx.2022-ci il tarixində məlumatlandırmışdır. Qeyd olunan hallarla bağlı işəgötürən tərəfindən işçi 2227/K nömrəli xx.xx.2022-ci il tarixli məktubla məlumatlandırılmış, iş buraxmanın hüquqi nəticələri qeyd olunmaqla iş buraxma halını əsaslandıran sənədləri, izahatını və s. təqdim etmək təklif edilmişdir. Bundan sonra İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində göndərilmiş məktub müəssisəyə daxil olmuşdur. Məktuba xx.xx.2022-ci il tarixində test verməsi haqqında məlumat işçinin xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək xəstə olması qeyd olunan Yevlax Rayon Mərkəzi Xəstəxanasının möhürü əks olunan, orijinal olmayan 405 nömrəli tibbi arayış təqdim etmişdir. Arayış əsaslı şübhələr yaratdığından Yevlax Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlanılmış, lakin bu arayışın xəstəxanada qeydiyyatda olmadığı aşkarlanmış, arayışın araşdırılması üçün TƏBİB-ə və Yevlax Rayon Mərkəzi Xəstəxanasına sorğu göndərilmişdir. Müvafiq araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq müayinə ilə bağlı vətəndaş barəsində Malbinəsi Ailə Sağlamlıq Mərkəzində hər hansı qeydiyyat aparılmadığı üçün sözügedən arayış etibarsız hesab edilmişdir. Eyni zamanda vətəndaşın xx.xx.2022-ci il tarixli COVİD-19 testinin nəticəsinə dair və karantin müddəti ilə bağlı Yevlax Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Cavabdeh MMC-yə daxil olan xx.xx.2022-ci il tarixli 860 saylı cavab məktubunda qeyd edilir ki, xəstənin karantin müddəti xx.xx.2022-ci il tarixindən başlamış, karantin müddəti 7 gün təşkil etmişdir. Karantin müddəti 7 gün təşkil etdiyinə görə işçi xx.xx.2022-ci il tarixindən işə başlamalı olsa da, işə çıxmamışdır. Cavabdeh MMC tərəfindən ona 2406/K nömrəli, xx.xx.2022-ci il tarixli məktubla xəstəlik vərəqəsi açılmışdır. İşçinin son haqq-hesabı son iş günü işçinin bank hesabına ödənilmişdir. Onun iş buraxma halını aktlar təsdiq edir və bu hala görə işdən azad edilməsi barədə təqdimat verilmişdir. İşin ahəngini pozmasına baxmayaraq, işəgötürən işçiyə münasibətdə kifayət qədər humanist mövqe tutmuş, ona xəbərdarlıq məktubu göndərməklə kifayətlənməmiş, şifahi qaydada əlaqə saxlanılmış, lakin rəsmi məktub və şifahi müraciətlər cavabsız qalmış, işçi üzrsüz iş buraxmağa davam etmiş, iş buraxma halını əsaslandıran hər hansı bir sənəd təqdim etməmişdir. İşçinin işdən azad edilməsi ilə əlaqədar işəgötürən tərəfindən atılmış bütün addımlar qanuni olduğundan əmrin ləğv edilməsinə zərurət yoxdur. Göstərilənlərə əsasən, iddianın rədd edilməsi xahiş edilmişdir. İddiaçı və vəkili-nümayəndəsi Nümayəndə1 iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh MMC-nin İddiaçı barəsində qəbul etdiyi 1040/K nömrəli xx.xx.2022-ci il tarixli əmrin əsassız olduğundan ləğv edilməsi və İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 69-cu maddəsi ilə (işçinin öz təşəbbüsü ilə) ləğv edilməsinin rəsmiləşdirilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin və artırılma barədə ərizənin, əvvəlki iclaslarda verdiyi izahatların məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclaslarından birində əlavə olaraq bildirmişdir ki, mağazanı xx.xx.2022-ci il tarixində yerinə təyin olunan işçiyə təhvil verərək işdən çıxmışdır. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib, iddia ərizəsinin və artırılma barədə ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 iddianı qəbul etməyib, etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi Nümayəndə2 iddianın təmin edilib-edilməməsi barədə məsələnin həllini məhkəmənin mülahizəsinə təqdim etdi. Məhkəmə iddiaçının, nümayəndəsinin, cavabdehin nümayəndəsinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, iddia ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı məxsus 009935 nömrəli əmək kitabçasının 16-18 nömrəli qeydlərindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixində 828/K nömrəli xx.xx.2018-ci il tarixli əmrlə Cavabdeh MMC-yə “kredit mütəxəssisi” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixində 700K nömrəli xx.xx.2020-ci il tarixli əmrlə həmin müəssisədə “inzibatçı” vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixində 1040/K nömrəli xx.xx.2022-ci il tarixli əmrlə əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən (bu Məcəllənin 72-ci maddəsində sadalanan halhazırda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə “kredit mütəxəssisi” vəzifəsinə işə qəbul edilmişdir. Mülki işin materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2020ci il tarixli razılaşmadan görünür ki, İddiaçı “kredit mütəxəssisi” vəzifəsindən “inzibatçı” vəzifəsinə keçirilmiş, Yevlax mağazasına təhkim olunmuşdur. Mülki işin materiallarında olan Yevlax mağazasında inzibatçı vəzifəsində işləyən İddiaçı Cavabdeh MMC-nin direktoru X8 ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, 01 iyun 2022-ci il tarixindən etibarən öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində İnsan Resursları Departamenti, Təftiş Ofisi, Təchizat Şöbəsi, Monitorinq Departamenti və digərlərinə ünvanlanmış elektron məktubdan görünür ki, o, xx.xx.2022-ci il tarixində öz xahişi ilə işdən azad olunma barədə ərizə vermiş, yaxın günlərdə əmək müqaviləsinə xitam verilməsinə və mağazanın təhvil götürülməsinə köməklik edilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 839/K nömrəli əmrindən görünür ki, X5 xx.xx.2022-ci tarixindən 3 (üç) aylıq sınaq müddətinə 1.0 ştat vahidi ilə “inzibatçı” vəzifəsinə işə qəbul edilmiş və o, Yevlax şəhəri, N.Gəncəvi prospekti, 67A ünvanına (Yevlax mağazasına) təhkim olunmuşdur. Mülki işin materiallarında olan İnsan resursları üzrə mütəxəssis Qəmər Zamanlı tərəfindən elektron məktubda yazılmışdır ki, kod xx.xx.2022 tarixindən (işə qəbul günü) açılmışdır. X5 – 12680. Mülki işin materiallarında olan Monitorinq Departamenti Təftiş işləri üzrə müavinin İddiaçı ünvanladığı elektron məktubdan görünür ki, filiala yeni inzibatçı xx.xx.2022-ci il tarixində rəsmiləşmə edilərək təyin edilib. Həmin tarixdən də filialda təftiş əməkdaşları tərəfindən yoxlamaya başlanılıb. Yoxlama yekunundan sonra aktlaşma aparılacaq və aidiyyəti üzrə xitamı barədə onlar tərəfindən rəy veriləcək. Mülki işin materiallarında olan “Monitorinq departamenti” sayım yoxlama aktından görünür ki, Yevlax-7082 bölməsində 14-xx.xx.2022-ci il tarixlərində inzibatçı tərəfindən təhvil-təslim əsası ilə sayım növlü yoxlama keçirilmiş, inzibatçı İddiaçı təhvil verən, inzibatçı Kərimov Mərahim isə təhvil alan olmuşdur. Mülki işin materiallarında olan “Monitorinq Departamenti” keyfiyyət yoxlama aktından görünür ki, Yevlax-7082 bölməsində 14-xx.xx.2022-ci il tarixlərində inzibatçı tərəfindən təhvil-təslim əsası ilə keyfiyyət növlü yoxlama keçirilmiş, inzibatçı İddiaçı təhvil verən, inzibatçı Kərimov Mərahim isə təhvil alan olmuşdur. Mülki işin materiallarında olan “Monitorinq departamenti” tərəfindən keçirilən yoxlamanın nəticəsindən görünür ki, İnventar Yevlax bölməsində 15-xx.xx.2022-ci il tarixlərində təhvil-təslim əsası ilə sayım növlü yoxlama keçirilmiş, inzibatçı İddiaçı təhvil verən, inzibatçı Kərimov Mərahim isə təhvil alan olmuşdur. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli elektron məktublardan görünür ki, “İddiaçı çıxıb işdən?” məzmunlu məktuba “Təhvil-təslim gedir hazırda” cavabı verilmişdir. Mülki işin materiallarında olan Yevlax mağazasının inzibatçısı İddiaçı Cavabdeh MMC-nin direktoru Əhəd Əsgərova ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, 01 iyun 2022-ci il tarixdən işdən azad olunma barədə ərizə verdiyini, lakin bu günə kimi işinə xitam verilmədiyini bildirmiş, bu barədə köməklik göstərilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan Cavabdeh MMC-nin əməkdaşları – Təhlükəsizlik Departamentinin direktoru X2 tərəfindən, Yevlax mağazasında inzibatçı vəzifəsində işləyən X5, Yevlax mağazasında 1-ci dərəcəli satış məsləhətçisi vəzifəsində işləyən X3, X6 müdiri vəzifəsində işləyən X7 öz imzaları ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 01/K nömrəli, xx.xx.2022-ci il tarixli 02/K nömrəli, xx.xx.2022-ci il tarixli 03/K nömrəli, xx.xx.2022-ci il tarixli 04/K nömrəli, xx.xx.2022-ci il tarixli 05/K nömrəli, xx.xx.2022-ci il tarixli 06/K nömrəli, xx.xx.2022-ci il tarixli 07/K nömrəli, xx.xx.2022-ci il tarixli 07/K-1 nömrəli, xx.xx.2022-ci il tarixli 08/K nömrəli, xx.xx.2022-ci il tarixli 09/K nömrəli, xx.xx.2022-ci il tarixli 10/K nömrəli, xx.xx.2022-ci il tarixli 11/K nömrəli, xx.xx.2022-ci il tarixli 12/K nömrəli, xx.xx.2022-ci il tarixli 13/K nömrəli, xx.xx.2022-ci il tarixli 15/K nömrəli, xx.xx.2022-ci il tarixli 16/K nömrəli, xx.xx.2022-ci il tarixli 17/K nömrəli, xx.xx.2022-ci il tarixli 18/K nömrəli, xx.xx.2022-ci il tarixli 19/K nömrəli, xx.xx.2022-ci il tarixli 20/K nömrəli, xx.xx.2022-ci il tarixli 21/K nömrəli, xx.xx.2022-ci il tarixli 22/K nömrəli, xx.xx.2022-ci il tarixli 23/K nömrəli, xx.xx.2022-ci il tarixli 24/K nömrəli, xx.xx.2022-ci il tarixli 25/K nömrəli, xx.xx.2022-ci il tarixli 26/K nömrəli, xx.xx.2022-ci il tarixli 28/K nömrəli iş buraxmaya dair aktlardan görünür ki, Yevlax mağazasının inzibatçısı vəzifəsində işləyən İddiaçı həmin tarixlərdə bütün iş günü işdə olmayaraq üzrsüz iş günləri buraxmışdır. İşçi üzrsüz iş buraxma halını əsaslandıran heç bir sənəd (izahat və s.) təqdim etməmişdir. Mülki işin materiallarında olan Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 2227/K nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə məktuba (daxil olma: xx.xx.2022) MMC tərəfindən baxılmış, İddiaçı 01 iyun 2022ci il tarixli işdən azad edilmə barədə ərizəsi həmin məktuba əlavə edilmiş, məktub həmin ərizə ilə birlikdə xx.xx.2022-ci il tarixində müəssisəyə daxil olduğuna görə İddiaçı işəgötürəni əmək müqaviləsinə xitam verilmə təşəbbüsü ilə xx.xx.2022-ci il tarixindən məlumatlandırmışdır. O, xx.xx.2022-ci il tarixindən həmin günə qədər işəgötürənə heç bir məlumat vermədən, işlədiyi Cavabdeh MMC-nin Yevlax mağazasına işə gəlməyərək, icazəsiz iş günü buraxır. İddiaçı etdiyi pozuntu onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) birtərəfli qaydada xitam verilməsinə əsasdır. Bu bildirişi poçt xidməti vasitəsi ilə aldıqdan sonra, 3 (üç) gün ərzində Cəmiyyətin baş ofisinə (Bakı şəhəri, Azadlıq prospekti 120) yaxınlaşaraq sübutlarla (iş buraxmanı əsaslandıran sənədlərlə və s.) birgə yazılı izahatın, habelə Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan hər hansı bir hal mövcud olduğu halda, həmin halları sübut edən sənədlərin və s. təqdim edilməsi, əks halda əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam veriləcəyi qeyd edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli təqdimatdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixindən üzrsüz olaraq iş günü buraxaraq, bununla bağlı sənəd, izahat və s. təqdim edilməsi ona təklif edilməsinə baxmayaraq, üzrsüz iş buraxmağa davam edərək pozuntuya yol vermiş, buna görə də onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə müvafiq əmr verilməsi xahiş edilmişdir. Mülki işin materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 1040/K nömrəli əmrindən görünür ki, Yevlax mağazasında inzibatçı vəzifəsində işləyən işçi İddiaçı heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsini nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin əsasını X6 müdirinin təqdimatı (təqdimata qoşmada: iş buraxmaya dair aktlar) təşkil etmişdir. Mülki işin materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022ci il tarixli 3065/K nömrəli məktubdan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. O, əmək kitabçasını Bakı şəhəri, Azadlıq prospekti, 120 ünvanında yerləşən baş ofisə yaxınlaşıb götürə bilər. İddiaçı Cavabdeh MMC-nin direktoruna ərizə ilə müraciət edərək, əmək kitabçasının ev ünvanına göndərilməsini sorğulamaq hüququnun olması qeyd edilmişdir. Mülki işin materiallarında olan Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli MŞB/6-5944 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, Cavabdeh MMC mediasiya sessiyasında iştirak etməmişdir. Mülki işin materiallarında olan elektron məktublardan görünür ki, İddiaçı müxtəlif vaxtlarda İnsan Resurslarının Departamenti və digərlərinə yazaraq, onun xx.xx.2022-ci il tarixdən işdən azad olunması barədə ərizə verdiyini bildirmiş, yaxın günlərdə (xx.xx.2022) əmək müqaviləsinə xitam verilməsini və mağazanın təhvil götürülməsini xahiş etmişdir. Mülki işin obyektiv, hərtərəfli və tam araşdırılmasını təmin etmək məqsədilə Cavabdeh MMC-nin İnsan Resursları Departamentinin əməkdaşı Qəmər Zamanlı, Satış Departamentinin əməkdaşı Azər Əliyev, Monitorinq Departamentinin əməkdaşı Nicat Dadaşov şahid qismində əvvəlki məhkəmə iclasına dəvət edilsələr də, gəlməmişdirlər. Bununla bağlı cavabdehin nümayəndəsi onların üzrlü səbəblərdən iştirak edə bilmədiyini məhkəməyə bildirmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış, iddiaçı cavabdeh şirkətdə “kredit mütəxəssisi” vəzifəsinə işə qəbul edilmişdir. Sonradan xx.xx.2020-ci il tarixdə tərəflərin razılaşması ilə iddiaçı “kredit mütəxəssisi” vəzifəsindən “inzibatçı” vəzifəsinə keçirilmiş, cavabdeh şirkətə məxsus Yevlax mağazasına təhkim olunmuşdur. xx.xx.2022-ci il tarixində iddiaçı elektron poçt vasitəsilə cavabdeh şirkətin səlahiyyətli nümayəndələrinə və bölmələrinə ərizə təqdim edərək, öz təşəbbüsü ilə işdən azad edilməsi barədə əmr verilməsini və mağazanın ondan təhvil alınmasını xahiş etmişdir. Buna baxmayaraq iddiaçı xx.xx.2022-ci il tarixədək işə çıxaraq əmək müqaviləsindən irəli gələn vəzifələrini həyata keçirmişdir, həmin dövrədək onun fəaliyyətində hər hansı bir qüsurun aşkar edilməsi ilə bağlı cavabdeh məhkəməyə heç bir sübut təqdim etməmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, cavabdeh şirkətin xx.xx.2022-ci il tarixli 839/K nömrəli əmri ilə X5 artıq həmin tarixdən “inzibatçı” vəzifəsinə işə qəbul edilmiş və o, Yevlax mağazasına təhkim olunmuşdur. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək iddiaçının mağazanı təhvil verməsi ilə əlaqədar monitorinq keçirilmiş, iddiaçı işlərini yeni işə qəbul edilmiş inzibatçı Kərimov Mərahimə təhvil vermiş, o isə təhvil almışdır. İddiaçı təhvil-təslim etdikdən sonra yenidən elektron məktubla cavabdehin səlahiyyətli nümayəndələrinə işdən azad edilməsinə kömək edilməsi üçün müraciət etmiş, bundan sonra isə işə çıxmamışdır. Həmin vaxt onun ilk müraciətinin üstündən 1 ay 22 gün keçmişdir. Onun işə çıxmaması barədə cavabdehin əməkdaşları tərəfindən aktlar tərtib edilmiş, həmin aktlar əsasında təqdimat verilmiş və cavabdeh şirkət tərəfindən 1040/K nömrəli xx.xx.2022ci il tarixli əmr verilərək, Yevlax mağazasında inzibatçı vəzifəsində işləyən iddiaçının heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsini nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin əsasını da X6 müdirinin təqdimatı (təqdimata qoşmada: iş buraxmaya dair aktlar) təşkil etmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinin bağlanması nəticəsində əmək münasibətləri yaranmışdır. Bu münasibətlərdə iddiaçı işçi, cavabdeh isə işəgötürən qismində çıxış etmişdir. İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinə uyğun olaraq öz ərizəsi əsasında xitam verilməsini cavabdehdən xahiş etsə də, cavabdeh buna məhəl qoymamış və aralarında olan əmək münasibətlərinin əsasını təşkil edən əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir. Hazırda iddiaçı həmin əmrin əsassız və qanunsuz olduğundan ləğv edilməsini, cavabdehin üzərinə iddiaçının öz ərizəsi ilə işdən azad edilməsi barədə əmrin verilməsi öhdəliyinin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh tərəf isə iddiaçının işdən çıxma barədə ərizəsini elektron poçtla verməsini mübahisələndirərək onun həmin vaxt “bloka atıldığını”, buna görə də elektron məktubu xx.xx.2022ci il tarixində almadıqlarını qeyd edir, iddiaçının işdən çıxma barədə ərizəsindən həmin vaxt xəbərdar olmadıqlarından xx.xx.2022-ci il tarixindən etibarən onun üzrsüz səbəbdən işə çıxmadığını iddia edirlər, buna görə də əmrin əsaslı olduğunu bildirir və iddianın rədd edilməsini xahiş edirlər. Məhkəmə iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı hərəkətində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən hallar mövcud deyildir. Belə ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur: 1) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda – heç bir səbəb olmadan bütün iş günü işə gəlməməsi) əsası ilə ləğv etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının üzrlü səbəb olmadan işə gəlməməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsi üçün cavabdehdə bunu təsdiq edən mötəbər sübutlar olmalıdır. Lakin cavabdehdə yalnız onun əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-xx.xx.2022-ci il tarixli iş buraxmaya dair aktlar mövcuddur. Bu aktlar qeyd olunan əsasla iddiaçının işdən azad edilməsi üçün mötəbər sübut və yetərli əsas ola bilməzdi. Çünki cavabdeh tərəfin işdə bilavasitə maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İşdə olan digər sübutlarla iddiaçının üzrsüz səbəbdən işə gəlmədiyi faktı təkzib edilir. Belə ki, iddiaçının iddia ərizəsində və izahatında qeyd etdiyi hallar iş materialları ilə tam təsdiq olunur. Elektron məktublardan görünür ki, iddiaçı xx.xx.2022-ci ildə işdən azad edilməsi barədə ərizəni elektron qaydada cavabdehin səlahiyyətli nümayəndələrinə göndərmiş, bundan sonra dəfələrlə xatırlatma məktubları göndərmiş, buna məhəl qoyulmadığını gördükdə həmin ərizəni poçtla göndərmişdir. İddiaçının həmin elektron məktubunu görmədiklərini, onun “blokda olduğunu” bildirən cavabdeh tərəfin xx.xx.2022-ci il tarixdə iddiaçının işlədiyi mağazaya eyni vəzifəyə başqa adamı rəsmi qaydada işə götürməsi onların bu dəlillərini tam təkzib edir. Həmçinin, təhvil-təslimlə əlaqədar monitorinqin keçirilməsi, iddiaçının işləri yeni işçiyə təhvil verməsi, onun işdən çıxması ilə əlaqədar digər işçilər arasında olan yazışmalar, onun özünə başqa əməkdaşlar tərəfindən göndərilən elektron cavab məktublarından da iddiaçının işdən çıxma barədə müraciətindən xəbərdar olduqları aydın olur. Yazışmaların şirkətə məxsus korporativ elektron poçt ünvanı vasitəsilə aparıldığı nəzərə alınaraq, iddiaçının “bloka atılması” və onun tərəfindən göndərilən məktubun görülməməsi ağlabatan hesab olunmur. Həmçinin, şirkətin öz işçisini bloka atması da ağlabatan deyildir. Eyni zamanda, işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndi xəbərdarlıq müddətini 1 ay müəyyən etmişdir. Bu müddətin axımı işçi tərəfindən əmək müqaviləsinin ləğvi barədə ərizənin verilməsi ilə başlayır. Əgər işçi əmək münasibətini dayandırmaq istədiyi günü ərizədə göstərmək istəyirsə, bunu yalnız xəbərdarlıq müddətinin (bir ayın) daxilində göstərə bilər. Əmək Məcəlləsi işçiyə xəbərdarlıq müddətini artırmaq səlahiyyəti verməyib. Əgər işçiyə xəbərdarlıq müddətini artırmaq səlahiyyəti verilsə istənilən işçi ərizə yazaraq 2 ay, 3 ay və s. müddətdən sonra əmək müqaviləsinin ləğv edilməsini tələb edə bilər. Əgər işçinin əmək münasibətini dayandırmaq istədiyi gün xəbərdarlıq müddətindən (1 aydan) kənardadırsa, ərizə həmin günə aid hissədə etibarsız sayılır və hesab olunur ki, işçi ərizədə əmək münasibətini dayandırmaq istədiyi günü göstərməyib. Bu halda 1 ay bitən kimi əmək müqaviləsi ləğv edilmiş sayılır. Hazırki iş üzrə iddiaçının hansı tarixdə ərizə yazdığı və öz təşəbbüsü ilə hansı tarixdən işdən çıxmaq istəməsinə dair cavabdeh şirkətə ünvanlanmış ərizədə məlumatlar mövcuddur. Əlavə olaraq qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuşdur ki, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Baxmayaraq ki, iddiaçının ərizə verdiyi xx.xx.2022-ci ildən 1 təqvim ayı bitdikdən sonra, yəni xx.xx.2022-ci il tarixdən işə çıxmamaq hüququ olmuşdur, o, işə çıxmağa davam etmiş, yalnız cavabdeh yeni işçi tapandan və işləri iddiaçıdan müvafiq qaydada təhvil alandan sonra o, işə çıxmamağa başlamışdır. Bu hal iddiaçının üzrlü səbəb olmadan işə gəlməməsi kimi deyil, işə çıxmamaq hüququnun həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Bununla yanaşı bildirilməlidir ki, bəzən belə mübahisələrin həlli zamanı “əmək müqaviləsinin ləğv edilməsi” anlayışı ilə “əmək müqaviləsinin ləğv edilməsinin rəsmiləşdirilməsi” anlayışı səhvən eyniləşdirilir. İşçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edildiyi halda müqaviləni işçi ləğv edir, işəgötürən isə ləğvi rəsmiləşdirir (Əmək Məcəlləsi, maddə 83. hissə 1). İşçi əmək müqaviləsinin tərəfi kimi həmin müqaviləni ləğv etmək hüququna malikdir, bu hüququnu həyala keçirmək üçün müqavilənin digər tərəfinin (işəgötürənin) əmrindən asılı deyil, sadəcə xəbərdarlıq müddətinə (1 aya) əməl etməlidir. Ancaq hazırki mübahisənin mahiyyətinə diqqət yetirdikdə aydın olur ki, əmək müqaviləsinin ləğv edilməsini işçi olan iddiaçı öz təşəbbüsü ilə tələb edir, ancaq cavabdeh olan işəgötürən isə nəinki bunu təmin etmir, həm də qanunsuz və əsassız olaraq öz təşəbbüsü ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə çalışmış və buna da nail olmuşdur. Lakin Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndi bunu yəni, ... hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etməyi qadağan edir. Bu halın özü də iddianın təmin edilməsinin müstəqil əsası kimi çıxış edə bilər. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin xx.xx.2022-ci il tarixli 1040/K nömrəli əmri qanunvericiliyin tələblərini pozmaqla verildiyindən qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - Əmək Məcəlləsinin) 12-ci maddəsinin “c” bəndinə əsasən, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Əmək Məcəlləsinin 69.2-ci maddəsinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək Məcəlləsinin 69.5-ci maddəsinə əsasən, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Əmək Məcəlləsinin 69.7-ci maddəsinə əsasən, işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71.2-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Hazırda iddiaçının iddia tələbi Cavabdeh xx.xx.2022-ci il tarixli 1040/K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 69-cu maddəsi ilə (işçinin öz təşəbbüsü ilə) ləğv edilməsinin rəsmiləşdirilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulması barədədir. İşçi öz arzusu ilə işdən azad edilmə barədə ərizə təqdim etdiyindən, yəni onun işə bərpa edilmək niyyəti olmadığından və məcburi iş buraxma üçün əmək haqqı tələb etmədiyindən, bir sözlə bu məsələlərə dair mübahisə olmadığından məhkəmə bu məsələlərə münasibət bildirmir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli 1040/K nömrəli əmri ləğv edilməli, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 69-cu maddəsi ilə (işçinin öz təşəbbüsü ilə) ləğv edilməsinin rəsmiləşdirilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 1040/K nömrəli əmri ləğv edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 69-cu maddəsi ilə (işçinin öz təşəbbüsü ilə) ləğv edilməsinin rəsmiləşdirilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-321/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-321/2023
24.02.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver