Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3220/2022 26.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "nikahın etibarsız sayılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "nikahın etibarsız sayılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh 18 sentyabr 2021-ci il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində nikah bağlamışlar. Nikahları həmin tarixdə 85 nömrə ilə qeydə alınmışdır. Bu barədə AZ-İİ 445982 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. İddiaçının cavabdeh ilə əvvəllər hər hansı tanışlığı olmamış, rəsmi nikaha girənə qədər bir-birilərini tanımamışlar. İddiaçı valideynlərinin təzyiqi ilə bu nikaha razılıq verməyə məcbur olmuşdur. Pandemiya ilə əlaqədar olaraq hər hansı toy, nişan mərasimi keçirilməmişdir. Rəsmi nikah dövründə heç bir əmlak əldə edilməmiş, birgə təsərrüfat aparılmamışdır. Cavabdeh də münasibətlərinin formal olduğunu etiraf edir və bu nikahın formal xarakter daşıdığına görə etibarsız sayılmasına etiraz etmir. Onların ailə qurmaq fikri yoxdur və bu barədə fikirləri qətidir. Bu səbəblərdən nikahın pozulması üçün deyil, qeyd olunan nikahın etibarsız sayılması üçün məhkəməyə müraciət etmişlər. Hazırda iddiaçının cavabdehlə faktiki ailəli olmadığı halda nikahda qalmağı hər ikisinin hüquqlarını pozur. Göstərilənlərə əsasən Qaradağ rayonu Qeydiyyat Şöbəsində bağlanmış və akt qeydləri kitabında 18 sentyabr 2021-ci il tarixdə 85 nömrə ilə qeydə alınmış nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh ərizə təqdim edərək, bildirmişdir ki, iddia tələbi ilə razıdır. Nikahın etibarsız sayılmasına etiraz etmir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ № 445982 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 85 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Yusifova soyadı verilmişdir. Əsaslandırıcı hissə: Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər 18 sentyabr 2021-ci il tarixində rəsmi nikaha daxil olmalarına baxmayaraq, faktiki olaraq ailə qurmamışlar, aralarında formal olaraq nikah bağlanmışdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Qeyd olunan Məcəllənin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Ailə Məcəlləsinin 26.1.7-ci maddəsinə əsasən saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Həmçinin, Ailə Məcəlləsinin 26.1.3-cü maddəsinə əsasən nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd olunduğu kimi cavabdeh nikahın etibarsız sayılmasına razı olması ilə əlaqədar məhkəməyə ərizə təqdim etmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tərəflər arasında nikah bağlanarkən iddiaçının ailə qurmaq niyyəti olmamış, iddiaçı valideynlərinin təzyiqi ilə bu nikaha razılıq verməyə məcbur olmuşdur. Onlar faktiki olaraq ailə kimi bir yerdə yaşamamışlar. Ona görə də iddia tələbi təmin edilməli və İddiaçı ilə Cavabdeh arasında 18 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində akt qeydləri kitabında 85 nömrə ilə qeydə alınmış nikah etibarsız sayılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 18 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində akt qeydləri kitabında 85 nömrə ilə qeydə alınmış nikah etibarsız sayılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №e-2(006)-3220/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3220/2022
26.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver