Məhkəmə qərarları › İş №e-2(006)-3249/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3249/2025

21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3249/2025 21.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “bank əmanətinin geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “bank əmanətinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin sərəncamında olan ona məxsus 10.450 (on min dörd yüz əlli) ABŞ dolları həcmində bank əmanətinin (kompensasiyanın) və ödənilmiş dövlət rüsumunun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, qardaşı X1 adına etibarnamə verərək "xxxx" ASC ilə 30 yanvar 2020- ci il tarixli, 12-265645-2 saylı əmanət müqaviləsi imzalamışdır. Həmin müqavilə əsasında qardaşı ona məxsus 10.450 (on min dörd yüz əlli) ABŞ dollarını banka müqavilədə göstərilən illik faizlə depozit yerləşdirmişdir. Qardaşı Türkiyədə yaşadığından özünə məxsus əmanəti iddiaçının adına banka yerləşdirmişdir. Əmanəti banka yerləşdirdikdən sonra qardaşı Türkiyəyə geri dönmüş və uzun müddət Azərbaycana gəlməmişdir. İddiaçı bankla heç vaxt əlaqə saxlamamış, müqaviləni belə qardaşı etibarnamə əsasında iddiaçının adından imzalamışdır. Qardaşı əmanəti banka yatırdıqdan sonra ilk dəfə Azərbaycana 02 fevral 2021-ci ildə gəlmişdir. Bakıya gəldikdən sonra əmanətin faizlərini götürmək üçün banka baş vurduqda bankın bağlandığını və ləğvedicisinin təyin olunduğunu öyrənir. Bankda ona bildirirlər ki, "xxxx" ASC məhkəmənin 30 aprel 2020-ci il tarixli qərarı ilə müflis elan edilmiş, barəsində iflas proseduruna başlanılmış və eyni qərarla Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Göründüyü kimi iddiaçı əmanəti banka yerləşdirdikdən 3 ay sonra bank iflas olmuş, qardaşı Azərbaycandan uzaqda olduğu üçün vaxtında əmanəti geri götürə bilməmişdir. Bundan sonra qardaşı Eltac əmanətin geri qaytarılması üçün banka müraciət etmiş ona xx.xx.2023-cü il tarixli imtina məktubu göndərilmişdir. İmtina məktubunda imtinanı onunla əsaslandırmışdır ki, guya iddiaçı kompensasiya alınması üçün tələb olunan müddət tərəfindən ötürülmüşdür. Məhkəməyə müraciət etməyi təklif olunur. Mübahisənin məhkəmədən kənar Pretenziya qaydasında həll edilməsi üçün cavabdehin ünvanına xəbərdarlıq məktubu göndərilmiş, cavab məktubu gəlməmişdir. Bu bir daha cavabdehin öz öhdəliklərinə məsuliyyətlə yanaşmadığını göstərir. Belə olduğu halda pozulmuş hüquqlarını məhkəmədə qorumaq qərarına gəlmişdir. Hesab edir ki, məhkəmədə qaldırmış olduğu iddia tələbi təmin edilməlidir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə caavbdeh tərəfin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 12-265645-2 nömrəli bank əmanəti müqaviləsinin surətindən görünür ki, bank qəbul etdiyi 10.450 ABŞ dolları əmanət üçün əmanətçiyə illik 2.5% ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli, 12-265645-1/30.01 nömrəli bank hesabı müqaviləsinin surətindən görünür ki, bank Azərbaycan Respublikasının milli valyutasında və istənilən xarici valyutada bank hesabı açmağı, açılmış hesaba pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi, müştəri isə hesabdakı pul vəsaiti ilə əməliyyatlarının aparılması üzrə bank xidmətlərinin haqqını ödəməyi öhdəsinə götürür. Bank hesabı Azərbaycan Respublikası Mərkəzi Bankının bank hesablarının açılması qaydaları haqqında müvafiq normativ-hüquqi aktı və bankın daxili qaydaları ilə müəyyən olunan qaydada açılır. Bank tərəfindən müştəriyə göstərilən bank xidmətləri üçün tariflər və digər şərtlər müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən 1 saylı Əlavə ilə müəyyən olunur. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli, 1***-*******06 nömrəli qəbzin surətindən görünür ki, "xxxx" ASC 10.450 ABŞ dolları təhvil almışdır. "xxxx" ASC-yə məxsus əmanət kitabçasının surətindən görünür ki, 12-265645-2 hesab nömrəsinə İddiaçı 10.450 ABŞ dolları məbləğində bank əmanətini qəbul etmişdir. "xxxx" ASC-nin xx.xx.2020-xx.xx.2021-ci il tarixlərini əhatə edən hesabdan çıxarışın surətindən görünür ki, İddiaçı 10.450 ABŞ dolları (17.765 manat) məbləğində əmanəti "xxxx" ASC-yə məxsus 12-90265645-2 nömrəli hesaba yerləşdirmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyinə X3 tərəfindən xx.xx.2023-cü il tarixində ünvanlanmış ərizənin surətindən görünür ki, o, vəsaitinin mümkün qədər qısa müddət ərzində məxaric edilməsində köməklik göstərilməsini xahiş etmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçının nümayəndəsi X2 göndərilmiş xx.xx.2023-cü il tarixli, **********149 nömrəli məktubun surətindən görünür ki, kompensasiya alınması üçün tələb olunan müddət ərzində İddiaçı müraciətini qeyri-mümkün etmiş halların mövcudluğunu təsdiq edən sənədlərin müraciətə əlavə edilməsi xahiş edilmişdir. Əmanətlərin Sığortalanması Fondunun direktoru Tural Piriyevə iddiaçının nümayəndəsi X3 tərəfindən xx.xx.2025-ci il tarixində ünvanlanmış ərizədən görünür ki, o, müraciətinin müsbət qarşılanıb əmanətinin tez bir zamanda ona qaytarılmasına göstəriş verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzin surətindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 144 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2022ci il tarixli, 33/157/C-533 nömrəli məktubunun surətindən görünür ki. Eltac Cəfərov xx.xx.2018-ci il tarixində ölkədən çıxış, xx.xx.2019-cu il tarixində ölkəyə giriş, xx.xx.2020-ci il tarixində çıxış, xx.xx.2021-ci il tarixində giriş etmişdir. Tətbiq edilən hüquq: «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun: 28.1-ci maddəsinə əsasən Fond sığorta hadisəsinin baş verməsi barədə maliyyə bazarlarına nəzarət orqanından bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir. 28.2-ci maddəsinə əsasən kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir. 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu Qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, LPO "xxxx" ASC-nin kreditorlarının nəzərinə bildiriş ƏSF-nın rəsmi internet resursunda (https://adif.gov.az/az/news/2020-xx-xx-1124-4) dərc edilən tarixdən (08 may 2020-ci il) sonra, qanunla müəyyən edilmiş 5 illik müddət keçməmişdir və əmanət hesabında olan məbləğin qaytarılmasından imtina edilməsi üçün hər hansı əsas yoxdur. Qanun və məhkəmə qarşısında bərabərlik prinsipinə riayət edilməklə məhkəmə araşdırması zamanı müəyyən edilən hallar ondan ibarət olmuşdur ki, iddiaçı banka depozit yerləşdirmişdir, lakin onun depozit yerləşdirdiyi bankın ləğv proseduru çərçivəsində müvafiq elanın verilməsindən 1 il müddətində depozitin qaytarılması ilə bağlı müraciət etməməsi üzrlü səbəblərdən irəli gəlmişdir. Belə ki, işin faktiki halları müəyyən edilir ki, iddiaçı ilk dəfə xx.xx.2020-ci il tarixli elanın dərcindən sonra xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi o, müəyyən edilmiş müddəti 3 il həddində ötürmüşdür. Bu isə ona qanunvericiliklə verilmiş 5 illik müddətlə müqayisədə nəzərə alınması mümkün müddətdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı bankın ləğv edilməsi ilə bağlı məlumatlı olmamış və əmanətin iddiaçının ona verdiy səlahiyyət əsasında banka yerləşdirmiş şəxs olan iddiaçının qardaşı Türkiyə Respublikasında olduğundan onun da bankın ləğv edilməsindən xəbəri olmamışdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Əmanətlərin Sığortalanması Fondundan 10.450 ABŞ dolları həcmində bank əmanəti və dövlət rüsumuna görə ödənilmiş 144 manat İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Əmanətlərin Sığortalanması Fondundan 10.450 (on min dörd yüz əlli) ABŞ dolları əmanətə görə kompensasiya ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 143,60 (bir yüz qırx üç manat altmış qəpik) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar