Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3262/2025 01.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2025-ci il tarixli, K/25-00922 saylı əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2023-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən, Xəzər rayon Enerji Təchizatı və Satışı idarəsi, Binə ETSS, Enerji satış sahəsində “nəzarətçi-mühəndis” vəzifəsində işləmişdir. Lakin "xxxx" ASC ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli X18 qanunvericiliyinin tələbləri pozularaq işəgötürən tərəfindən ləğv edilmişdir. Belə ki, İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gəlinərək, iradəsi əleyhinə əmək müqaviləsini ləğv etməyə məcbur edilmişdir. İşin faktiki halları isə bundan ibarət olmuşdur ki, o, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qədəmgah küçəsində “nəzarətçi-mühəndis” kimi çalışmışdır. Həmin ərazidə abonent kodu **********10002 olan X5 müraciətinə baxan zaman elektrik sayğacının 03/04- 157 olan 5 kilovat gücünün çatmadığını və dəyişdirilməli olduğunu bildirmişdir. Abonent xx.xx.2025-ci il tarixli Ərizəsində ondan 2200 manat vəsait aldığını, elektrik sayğacını isə özünün alıb verdiyini, onun tərəfindən dəyişdirildiyini bildirmiş, həmçinin bu zaman özünün plombun açılmasından xəbəri olmadığını qeyd etmişdir. Halbuki elektrik sayğacına aid dəyişdirilmə prosesləri abonentin iştirakı ilə baş tutmuşdur. Abonent həqiqəti özünün həmin gün yazmış olduğu ikinci Ərizəsində etiraf etmişdir. Abonentin xx.xx.2025-ci il tarixdə saat 21:05-də yazdığı ikinci ərizəsindən aydın olıur ki, əslində həmin gün özünü "xxxx" ASC-nin əməkdaşı kimi təqdim edən Pərvin Yəhyayev yoxlanış zamanı sənədlərin düzgün olmadığını, elektrik sayğacının düzgün quraşdırılmadığını əsas gətirərərək əsassız olaraq elektrik enerjisinin verilməsini dayandırmışdır. Halbuki həmin tarix etibarilə Abonentin hər hansı borcu olmamışdır. Abonentə Azərişıq ASC-nin Xəzər ETTS-nə yaxınlaşmalı olduğunu bildirmişlər. Həmin gün X17 idarəsinə yaxınlaşmış, Fərid Nəcəfov onu qəbul etmişdir. Həmin gün Fərid Nəcəfov və Pərvin Yəhyayev abonentə hədə qorxu gələrək ərizə yazdırmışlar. Yuxarıda qeyd edilənləri abonent X13 öz ərizəsi ilə təsdiq etmişdir. Habelə bununla əlaqədar abonent tərəfindən Xəzər rayon Prokurorluğuna şikayət ünvanlanmışdır. Bundan başqa, X13 tərəfindən "xxxx" ASC-nin sədrinə ünvanladığı digər ərizəsində də qeyd edilənlərin həqiqətə uyğun olmadığını, göstərilən izahatları ciddi təzyiq və psixoloji təsir altında yazmağa məcbur edildiyini, barəsində hər hansı şikayətinin olmadığını bəyan etmişdir. Sözügedən ərizə bu iddia ərizəsinə əlavə olunmuşdur. Göstərilən hallardan da açıq şəkildə görünür ki, "xxxx" ASC-nin əməkdaşları olan Fərid Nəcəfov və Pərvin Yəhyayev tərəfindən abonent X8 hədə-qorxu gəlinmiş, ona elektrik enerjisinin verilişi əsassız olaraq dayandırılmış və onun əleyhinə yalan və əsassız izahatlar yazmağa məcbur edilmişdir. Qeyd edilən hadisədən sonra, yəni 05 mart 2025-ci il tarixdə o, "xxxx" ASC-nin Xəzər rayon ETSS-nin rəisi R.Məmmədova yazılı izahat təqdim edərək baş verən faktiki halları onun diqqətinə çatdırmışdır. Sözügedən izahat da mövcud iddia ərizəsinə əlavə edilmişdir. Hadisədən sonra, 11 mart 2025-ci il tarixdə işə gələn zaman ona bildirilmişdir ki, öz ərizəsilə işdən çıxmalıdır, əks halda aralarında bağlanmış X18 Məcəlləsinin müvafiq maddəsi ilə- 70-ci maddənin ç bəndinə əsasən ləğv ediləcəkdir. Hətta dərhal ərizə yazmağı bildirilmiş, əks halda artıq ƏM-nin 70-ci maddəsinin ç bəndinin sistemə işlənildiyini demişlər. Sonradan ona işlə bağlı araşdırmanın aparıldığı, işə qayıdacağı bildirilmişdir. Bu məqsədlə o, ərizəni qanunvericilikdə müəyyənləşdirilmiş xəbərdarlıq müddəti bitmədən geri istədikdə ona təzyiqlər artmış, ərizəni ona geri verməmişlər. Hüquqi savadı olmadığından ona məcburi şəkildə yazdırılmış ərizənin geri qaytarılması üçün İdarəyə yazılı müraciət etmək istədikdə ona buna ehtiyacın olmadığı bildirilmiş, işə geri qayıdacağı vəd olunmuşdur. İşəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gəlinərək, iradəsi əleyhinə əmək müqaviləsini ləğv etməyə məcbur edilmişdir. Əmək müqaviləsinin ləğvi sırf Buzovna ETSS-nin rəisi Fərid Nəcəfovun qanunsuz göstərişlərinə tabe olmadığı üçün baş vermiş, bu göstərişlərə qarşı qanuni mövqe sərgilədiyinə görə ona qarşı zorakılıq, təzyiq və hədə-qorxu tətbiq olunaraq əmək hüquqları pozulmuşdur. Sonra işə bərpa tələbinə dair tərəfindən cavabdehə mediasiya təklifi göndərilmiş, həmin təklifə münasibət bildirilmədiyindən Bakı şəhəri 2 saylı Mediasiya təşkilatına müraciət etməli olmuşdur. xx.xx.2025-ci il tarixdə Mediator tərəfindən aparılan Mediasiya Sessiyasında cavabdeh tərəf iştirak etməmiş, Mediator xx.xx.2025-cil tarixli “İlkin Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış tərtib olunmuşdur. Buzovna ETSS-nin rəisi Nəcəfov Fərid tərəfindən onun qanunsuz göstərişlərini icra etməməyinə görə zor işlədilərək, hədə-qorxu gəlinərək, iradəsi əleyhinə əmək müqaviləsini Ona qarşı baş vermiş bu haqsızlıqla, cavabdehin əməkdaşlarının qeyri-qanuni hərəkətləri ilə bağlı Bakı şəhəri Xəzər rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Xəzər rayon Prokurorluğunun İ köməkçisi X14 tərəfindən xx.xx.2025-ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş, qərar ona xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Həmin qərarda aparılan araşdırma zamanı izahatı alınmış X13 bildirmişdir: xx.xx.2025-ci il tarixdə Pərvin Yəhyayev onun Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən obyektinə gedərək, elektrik sayğacının qanunsuz olaraq qoyulduğunu bildirmiş və işığı elektrik şəbəkəsindən ayırmışdır. Bundan sonra isə o, idarəyə çağırılmış, elektrik axının kəsilməsinə görə etiraz etmişdir. X20 və Pərvin Yəhyayev ona işin tez həll olması üçün İddiaçı əleyhinə ərizə yazmalı olduğunu, əks təqdirdə işığın bərpa edilməyəcəyini bildirmişdir. O təzyiq altında olmağı səbəbi ilə belə məzmunlu ərizə yazmışdır. Ərizədə İddiaçı onun obyektinə 2.200 manat pul muqabilində elektrik sayğacı quraşdırdığını, hətta quraşdırarkən sayğacın möhürünü sındırdığını qeyd etmişdir. X21 və Pərvin Yəhyayev ona İddiaçı işdən çıxarılmayacağını, ərizənin idarə daxilində araşdırılacağını bildirmişlər, o da bu səbəbdən əminliklə belə məzmunlu ərizə yazmışdır. İddiaçı şəxsən tanımamış, sadəcə adını eşitmişdir. Baş İdarəyə müraciət edərək əvvəlki ərizəsində göstərdiyi xüsusatları təkzib etmiş, onları təzyiq altında yazdığını bildirmişdir. Hətta “199” Çağrı Mərkəzinə də zəng vuraraq bu xüsusatlar barədə məlumat vermişdir. Daha sonra Hüquq Departamentinə çağırılmış və izahatı alınmış, işıq isə təqribən 1 həftə sonra bərpa olunmuşdur. Təkrar ərizədə təkzib etməsinə səbəb İddiaçı ilkin ərizədə göstərdiyi qanunsuz hərəkətlər etməməsi, etmədiyi hərəkətlər səbəbilə işdən çıxarılması ucbatından vicdan əzabı çəkməyi olmuşdur. Prokurorluqda aparılan araşdırma zamanı izahatı alınmış X4 bildirmişdir: -İddiaçı tərəfindən heç bir kobudluq və pis rəftar görməmişdir. xx.xx.2025-ci il tarixdə işdə olan zaman ona "xxxx" ASC-nin Kadrlar şöbəsinin adını xatırlamadığı iş yoldaşı zəng vuraraq, İddiaçı əsaslı şikayətin mövcud olduğunu bildirmiş və Nahidə öz ərizəsi ilə işdən azad olmağın onun üçün daha əlverişli olacağını, əgər Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə çıxarılsa, başqa bir müəssisədə işə qəbul edilməsinin çətinləşəcəyini deyərək bu dediklərini Nahidə deməyi tapşırmış, o da Nahidə bu barədə bildirmişdir. İşin faktiki hallarından da göründüyü kimi təzyiq altında ona ərizə yazdırmışlar. Yazılmış ərizə onun iradə ifadəsini əks etdirmir. Hətta “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” izahatları alınmış şəxslərin izahatlarından da görünür ki, işdən çıxarılma səbəbi nədən ibarət olmuşdur. Cavabdehin etirazı: Hazırki iddia tələbi üzrə məhkəmə tərəfindən iddia müddəti tətbiq edilməlidir: Belə ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2023-cü il tarixdən əmək müqaviləsi bağlanaraq, Bakı ş.,Xəzər RETSİ-nin Binə ETSS-nin Enerji Satış sahəsi üzrə nəzarətçi vəzifəsinə təyin olunmuşdur. Bakı şəhəri Xəzər RETSİ-nin Binə ETSS-nin Enerji Satış sahəsi üzrə nəzarətçi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixindən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən xitam verilmişdir. "xxxx" ASC-nin 17 mart 2025-ci il tarixli K/25-00922 nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə öz xahişi ilə 17 mart 2025-ci il tarixindən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən xitam verilmişdir. "xxxx" ASC-nin İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verildiyi səbəbindən son haqq hesabı təqdim edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2025-ci il tarixdə mediasiyanın tətbiqi barədə təklif vermiş, xx.xx.2025-ci il tarixdə Bakı 62 saylı Mediasiya Təşkilatında ilkin mediasiya sessiyası keçirilmiş və iddiaçıya ilkin mediasiya sessiyasında "xxxx" ASC-nin iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixi MŞB/2-00313/25 saylı arayış verilmişdir. İddiaçı iddia ərizəsinin xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon məhkəməsində qeydiyyata alındığı nəzərə alınsa, onun 1 (bir) aylıq iddia müddətinin ötürdüyü məlum olur. Odur ki, məhkəmədən İddiaçı "xxxx" ASC-yə qarşı "əmrin ləğv olunmaqla işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbi üzrə iddia müddəti keçdiyindən qeyd olunan iddia tələbinə iddia müddətini tətbiq edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddianı qəbul etmədi və iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Xəzər Rayon Enerji Təchizat və Satışı İdarəsində nəzarətçi mühəndis vəzifəsinə təyin edilmişdir. Əmək haqqı məbləği 840 manat müəyyən edilmişdir. İddiaçı "xxxx" ASC-yə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən öz xahişi ilə xx.xx.2025-ci il tarixdən azad olunmasını xahiş etmişdir. "xxxx" ASC-nin K/25-00922 saylı xx.xx.2025-ci il tarixli əmrinə əsasən Xəzər RETSİnin Binə ETSS-nin Enerji Satış sahəsinin nəzarətçi mühəndisinin əmək müqaviləsinə öz xahişi ilə xx.xx.2025-ci il tarixindən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İddiaçı X11 Xidmətinin Bakı şəhər İdarəsinə və Bakı şəhəri Xəzər rayon prokuroruna ünvanladığı şikayət ərizələrinə əsasən ona qarşı törədilmiş qanunsuzluğun qarşısının alınmasına, habelə abonentin işığını kəsərək təzyiq altında ona qarşı izahat yazdırmış şəxsləri məsuliyyətə cəlb edib, onun Azərişıq ASC-də çalışdığı Xəzər rayon Enerji Təchizatı və Satışı idarəsi, Binə ETSS, Enerji satış sahəsində “nəzarətçi-mühəndis” vəzifəsinə işə bərpa olunmağına köməklik göstərilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarına əsasən vətəndaş İddiaçı "xxxx" ASC-nin Xəzər rayon Enerji Təchizatı və Satışı İdarəsinin Buzovna ETSS-nin rəisi X10 və "xxxx" ASC-nin Xəzər rayon Enerji Təchizatı və Satışı İdarəsinin aparıcı mühəndisi X2 abonent Xəyal Cabarova təzyiq göstərərək onun əleyhinə ərizə yazdırması, bu ərizə əsasında işdən ayrılmağa məcbur qalması barədə müraciətində bildirdiyi xüsusatlar öz təsdiqini tapmadığından və toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış 25-3-2-2/312-0295 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/2-00313/2025 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışına əsasən, İddiaçı əmək mübahisəsi üzrə xx.xx.2025-ci il tarixdə saat 11:00-da nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh tərəf iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; ... Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.”
Konstitusiya Məhkəməsinin Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir Məhkəmənin mövqeyi: İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən, iddiaçının öz təşəbbüsü ilə işdən azad edilməsi barədə yazdığı ərizəyə istinad edilmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinin “a” bəndi rəhbər tutulmuşdur İddiaçı tələbini onunla əsaslandırır ki, ona hədə-qorxu gəlindiyindən işdən öz təşəbbüsü ilə çıxarılması barədə ərizə yazmışdır. Belə ki, 11 mart 2025-ci il tarixdə işə gələn zaman ona bildirilmişdir ki, öz ərizəsilə işdən çıxmalıdır, əks halda aralarında bağlanmış X18 Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv ediləcəkdir. Cavabdeh tərəf iddianı qəbul etməyərək, iddia ərizəsi üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş edir. Məhkəmə ilk növbədə cavabdehin iddia müddətinin tətbiq olunması barədə ərizəsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, iddiaçı xx.xx.2025-ci il tarixdən əmək müqaviləsinə xitam verildiyini bilmiş, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işə bərpa olunması ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2025-ci il tarixdə mediasiyanın tətbiqi barədə cavabdehə təklif göndərmiş (Qanunun xx.xx.2025-ci il tarixədək qüvvədə olan redaksiyasının tələbinə əsasən), xx.xx.2025-ci il tarixdə mediasiya təşkilatına müraciət etmiş və Bakı 2 saylı Mediasiya təşkilatının “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2025-ci il tarixli arayışı həmin tarixdə əldə etdikdən sonra xx.xx.2025-ci il tarixdə hazırki iddia ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən əmək qanunvericiliyi ilə nəzərdə tutulan iddia müddəti ötürülməmişdir Məhkəmə iş materiallarını araşdırıraraq və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd edilməlidir ki, əmək müqaviləsinin işçinin təşəbbüsü ilə pozulmasına o halda yol verilə bilər ki, işdən çıxarma haqqında ərizənin verilməsi onun öz iradəsini könüllü ifadə etməsinin nəticəsi olsun. Yəni, işçi öz təşəbbüsü ilə yalnız iradəsinə uyğun olaraq əmək müqaviləsini ləğv etmək hüququna malikdir və bu, işçinin öz iradəsini ifadə etməsinin birbaşa nəticəsi olmalıdır. İşçinin iradəsinin əleyhinə onu hər hansı vasitə və ya üsulla əmək müqaviləsini ləğv etməyə məcbur etmək isə qanunvericiliklə qadağandır. İşçinin əmək müqaviləsinin ləğv edilməsinə məcbur edilməsi barədə dəlillərinə formal yanaşılması daha zəif tərəf olan işçinin Konstitusiya və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş hüquqlarından məhrum edilməsinə, iqtisadi cəhətdən daha güclü tərəf olan işəgötürənin isə hüquqlarından sui-istifadəsinə şərait yaratmış olur, bu hal isə qanunvericilik tərəfindən yolverilməz hesab edilir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarı). Bu səbəbdən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir. Belə hallar sübut edildiyi zaman işçinin işdən azad edilməsi barədə əmr qanuni sayıla bilməz. O da qeyd edilməlidir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə işçinin təqdim etdiyi ərizə birtərəfli iradə ifadəsidir. Hazırkı halda iddiaçı iradə ifadəsinin zədələndiyini, əmək münasibətlərinə xitam verməsinə məcbur edildiyini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.7-ci maddəsinin tələbinin işəgötürən tərəfindən pozulduğunu iddia etdiyindən, tələbin əsaslı hesab edilməsi üçün aşağıdakılar sübut edilməlidir - işəgötürən tərəfindən ona qarşı zor işlədilməsi; -işəgötürənin ona hədə-qorxu gəlməsi; - işəgötürənin hər hansı başqa üsulla onun iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə məcbur etməsi. Məhkəmə araşdırması ilə İddiaçı, əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli ərizəni işəgötürənin (onun rəhbər işçisinin) məcbur etməsi nəticəsində yazması müəyyən edilmişdir ki, bu da əmək münasibətlərinə xitam verilməsi zamanı iddiaçının iradə ifadəsinin zədələnməsi kimi qiymətləndirillir. İddiaçının sözügedən ərizəni yazmağa məcbur edilməsi onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan və daha ağır nəticəyə səbəb ola biləcək əsasla işdən çıxarılması hədəsi ilə, ərizəni yazmağa öz təşəbbüsünün olmaması isə əmək müqaviləsinə qanunsuz xitam verilməsi ilə bağlı X7, habelə Prokurorluğa şikayət etməsi ilə bağlı hərəkətlərlə olmuşdur. İşin faktiki halları onu deməyə əsas verir ki, abonentin İddiaçı barəsində "xxxx" ASCyə yazdığı şikayət ərizəsi əsas götürülməklə, sonuncu tərəfindən iddiaçının işdən azad olunması üçün zəmin yarandığı görüntüsü yaradılmış, iddiaçıya ərizə yazmaqla işdən çıxarılması, əks təqdirdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılacağı, bunun isə onun gələcək iş həyatı üçün mənfi nəticələrə səbəb olacağı bildirilmişdir. Bunu, işdə olan Xəzər rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında dindirilmiş, İddiaçı işdən çıxma barədə ərizə yazmağı birbaşa təklif etmiş "xxxx" ASC-nin işçisi X1 izahatı da təsdiq edir. Belə ki, araşdırma zamanı izahatı alınmış X4 bildirmişdir ki, İddiaçı tərəfindən heç bir kobudluq və pis rəftar görməmişdir. xx.xx.2025-ci il tarixdə işdə olan zaman ona "xxxx" ASC-nin Kadrlar şöbəsinin adını xatırlamadığı iş yoldaşı zəng vuraraq, İddiaçı əsaslı şikayətin mövcud olduğunu bildirmiş və Nahidə öz ərizəsi ilə işdən azad olmağın onun üçün daha əlverişli olacağını, əgər Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə çıxarılsa, başqa bir müəssisədə işə qəbul edilməsinin çətinləşəcəyini deyərək bu dediklərini Nahidə deməyi tapşırmış, o da Nahidə bu barədə bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının xx.xx.2025-ci il tarixdə yazdığı ərizə onun iradəsini (istəyini, arzusunu) ifadə etmədiyindən onunla əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməzdi, çünki həmin ərizə özlüyündə etibarsız olmuşdur. Odur ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 69-cu maddəsinin 7ci hissəsinin tələbləri pozulmuşdur. Eyni zamanda tərəflər arasında bağlanmış əmək müqaviləsinin 9.4-cü bəndində də işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə bu əmək müqaviləsini ləğv etməyə onun məcbur edilməsinə yol verilmədiyi təsbit edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının xx.xx.2025-ci il tarixdə yazdığı ərizənin əsasları eyni zamanda da qanuna uyğun olmamışdır. Belə ki, həmin ərizənin məzmununu Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-bəndində göstərilən əsaslara uyğunlaşdırmağa cəhd edilmişdir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 69-cu maddəsində əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin iki qaydası nəzərdə tutulmuşdur. Birinci qaydaya görə, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur (Əmək Məcəlləsinin 69-cu maddəsinin 1 və 2-ci bəndləri). Bu qaydaya əsasən işəgötürən işçinin əmək müqaviləsini xəbərdarlıq müddəti başa çatanadək ləğv edə bilməz. Çünki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir (işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir – Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndi). Həmçinin, əmək qanunvericiliyində hansı hallarda işçinin ərizədə yazıldığı gün əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyü dəqiq şəkildə qeyd edilmiş və bu halın yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda mümkünlüyü imperativ norma kimi nəzərdə tutulmuşdur. Başqa sözlə, 1 aydan daha qısa müddətin müəyyən edilməsi, o cümlədən işçinin ərizə verilən tarixdə işdən çıxmaq niyyətində olması ilk növbədə işçinin iradəsindən asılıdır və həmin vaxt yaranmış (mövcud olan) hər hansı bir halla bağlıdır ki, onun da ərizədə qeyd edilməsi zəruridir. Bu halda işçi ilə bağlanmış əmək müqaviləsi ərizəsində göstərdiyi gün ləğv edilə bilər. Hazırkı iş üzrə İddiaçı xx.xx.2025-ci il tarixli ərizəsində xx.xx.2025-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi xahiş olunmuş, lakin ərizədə bunun hansı halla bağlı olduğu qeyd edilməmişdir. Bu halda, iddiaçı ilə bağlanmış X18 Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən, əvvəldə şərh edilənlər baxımından, ləğv edilə bilməzdi. Cavabdehin nümayəndəsinin “əmək müqaviləsinin müddətli olmaqla xx.xx.2025-ci il tarixinədək bağlandığı, işəgötürənin işçini qərəzli şəkildə işdən çıxarmaq fikri var idisə, müddətin bitməsinədək olan 2 günü də gözləyib müddətin bitməsi əsası ilə müqaviləyə xitam verərdi” barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 73cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin X18 müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Hazırkı işdən müddətin bitməsinə azı bir həftə qalmış iddiaçıya xəbərdarlıq edilməsi müəyyən edilmədiyindən, əmək müqaviləsi əvvəlki müddətə uzadılmışdır ki, bu da işəgötürənin müddətin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verməsini mümkünsüz edir. Məhkəmə həmçinin ƏM-nin 69-cu maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçinin, xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilmə imkanı, bu halda əmək müqaviləsinin ləğv edilməsinə yol verilməməsi ilə bağlı qanunvericiliyin tələbini hazırkı işin halları baxımından təhlil edərək qeyd edir ki, müvafiq norma əmək müqaviləsinə xitam verilməsi ilə bağlı həqiqi iradəsini (niyyətini) müvafiq ərizəsi əsasında ifadə etmiş işçinin həmin ərizəsini geri götürə bilmə hüququnu ehtiva edir ki, hazırkı halda iddiaçının işdən çıxma ərizəsinin iradəsindən kənar yazması müəyyən edildiyindən, həmin normanın iddiaçıya tətbiqi istisna edilir. Başqa sözlə desək, qeyd edildiyi kimi, iddiaçının işdən çıxması iradəsinə zidd həyata keçirildiyindən, həmin ərizəsi özlüyündə etibarsız olmuşdur və yenidən həmin ərizənin etibarsız hesab edilməsi ilə bağlı işəgötürənə müraciət etməsinə lüzum olmamışdır. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəllənin 68-ci maddəsinin "a” bəndi ilə xitam verilməsi ilə qanunvericiliyinin tələbləri pozulduğundan cavabdeh "xxxx" ASC tərəfindən verilən xx.xx.2025-ci il tarixli əmr ləğv edilməlidir. Əmr ləğv edildiyindən işçi əvvəlki vəzifəsinə bərpa edilməlidir. İddia tələbinin “məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, əmrin Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən ləğv olunması, eyni zamanda iddiaçının işə bərpa olunması, məcburi iş buraxma maddəti üçün əmək haqqının ödənilməsi və mənəvi zərərin ödənilməsi üçün qanuni əsaslar yaradır. Həmin normada işçinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi: 1. işəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi; 2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi; 3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsi müəyyən edilmişdir. Belə olan halda, məhkəmə qeyd edir ki, İddiaçı məcburi işburaxmaya görə əmək haqqı tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsi təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuş əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edildiyindən və iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi olduğundan cavabdeh "xxxx" ASC tərəfindən qəbul edilmiş əmr ləğv edilməklə, İddiaçı xx.xx.2025-ci il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublıkası Əmək Məcəlləsinin 68-ci maddəsinin «a» bəndinə əsasən xitam verilməsi haqqında cavabdeh "xxxx" ASC tərəfindən verilən K/25-00922 nömrəli xx.xx.2025-ci il tarixli əmr ləğv edilməli, İddiaçı Xəzər Rayon Enerji Təchizat və Satışı İdarəsi /Binə ETSS/Enerji Satış sahəsinə əsas nəzarətçi mühəndis vəzifəsinə işə bərpa edilməli, İddiaçı xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.
Məhkəmə xərcləri: Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinə əsasən İddiaçı əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı tələblər üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün qiymətləndirilməyən iddialar üçün nəzərdə tutulmuş 100 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-dən tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublıkası Əmək Məcəlləsinin 68-ci maddəsinin «a» bəndinə əsasən xitam verilməsi haqqında cavabdeh "xxxx" ASC tərəfindən verilən K/25-00922 nömrəli xx.xx.2025-ci il tarixli əmr ləğv edilsin. İddiaçı Xəzər Rayon Enerji Təchizat və Satışı İdarəsi /Binə ETSS/Enerji Satış sahəsinə nəzarətçi mühəndis vəzifəsinə işə bərpa edilsin. İddiaçı xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı işəgötürən tərəfindən hesablanmaqla ödənilsin. Cavabdeh "xxxx" ASC-dən 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Həbibə Miriyeva