Məhkəmə qərarları › İş №e-2(006)-3331/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3331/2022

11.08.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3331/2022 11.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa və s. tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh "xxxx" ASC tərəfindən müəyyənləşdirilmiş tələblər çərçivəsində xx.xx.2020-ci il tarixdə sözügedən bankın baş direktoru xanım Aynur Süleymanovanın əmri ilə “Zaqatala” filialına inzibatçılıq üzrə mütəxəssis vəzifəsinə daxil olmuşdur. İddiaçı işinə vicdanla yanaşsa da belə, hər bir insana xas olan xüsusiyyətlər çərçivəsində, cinayət və inzibati məsuliyyətə səbəb olmayacaq dərəcədə bəzi xətalara yol vermişdir. Nəticəsi olaraq əmək münasibətlərini tənzimləyən norma və qaydaların pozuntusu ilə işindən kənarlaşdırılmışdır. Təfərrüatlar belədir: 1. Amazon.com payoneer.com satış saytında qeydiyyatda dura bilmələri üçün nişanlısı (hal-hazırda həyat yoldaşı) Zaqatala rayon Çobankol kənd sakini X4, dostları- Bakı şəhər sakinləri İsmayılzadə İlqara və Səbuhi Balacayevə özünə məxsus olan kart hesabından çıxarış edərək, ad və soyadlarda düzəliş etməklə banka məxsus olan əsli ilə düzdür ştampı vuraraq sözügedən sayta yükləmişdir. Bu əməliyyatı nişanlısının və dostlarının satış saytından qeydiyyatdan keçmələri üçün yerinə yetirmişdir. Eyni zamanda, sözügedən çıxarışları yalnız bu məqsədlə sayta əlavə etmiş və heç bir halda digər şəxslərə təqdim etməmişdir. Başqa bir məqsədi olmamışdır və bu əməliyyatdan başqa cürə faydalanılması mümkünsüzdür. 2. Hesabın təsdiqlənməsi üçün iddiaçıya məxsus olan "xxxx" ASC-nin qəbzinə əsli ilə düzdür ştampı vuraraq sözügedən sayta eyni məqsədlə yükləmişdir. 3. Bankın müştərisinə aid olan ipoteka və kredit müqaviləsinin hazırlanması və ya təsdiqlənməsi üçün email vasitəsi ilə Bank rəhbərliyinin məlumatlılığı çərçivəsində Zaqatala rayon Notariusuna göndərmişdir. Hansı ki, bu əməliyyatın yerinə yetirilməsi işin tərkib hissəsinə aiddir. 4. İddiaçı iş yoldaşı X5 həmin dövrdə müxtəlif səbəblərdən əmək haqqı kartından istifadəsi mümkünsüz olduğundan ona yönəldilməsi nəzərdə tutulan pul vəsaitini Rusiya Federasiyasından Zolotoy Korona sistemi vasitəsi ilə öz kartına köçürülmüşdür. Hansı ki, bu əməliyyatın həyata keçirilməsində heç bir qayda və hüquq pozuntuzu olmamışdır. Bütün yuxarıda qeyd etdiklərinə uyğun şəkildə 23 avqust 2021-ci il tarixdə baş ofisin Daxili Nəzarət Departamentinə dəvət olunmuşdur. Departamentin əməkdaşı cənab Vasif Xəzərəliyev iddiaçı ilə dialoq şəklində söhbət apararkən o, yuxarıda qeyd etdiyi təfərrüatlara dair dürüst şəkildə bütün məlumatları təqdim etmişdir. O, həmçinin, iddiaçıya məxsus olan Azercell Debet kartına daxil olan vəsaitlərin dövriyyəsinə dair bir sıra sorğu-suallar etmişdir. İddiaçı Bakı şəhərindən qayıtdıqdan sonra bir neçə gün işə çıxmağının qarşısını aldılar. Lakin, xx.xx.2021-ci il tarixdə bankın “Zaqatala” filialından iddiaçıya onun buraxdığı səhvlərə görə sadəcə töhmət alacağını bildirdilər və ciddi problemin olmayacağını izah etdilər. Baş verənlər iddiaçının işdən kənarlaşdırılmağına əsas ola bilməz. Odur ki, iddiaçı həmin tarixdən işə çıxaraq xx.xx.2021-ci il tarixinə qədər əmək funksiyasını yerinə yetirmişdir. Bütün bunlara baxmayaraq, iddiaçı heç bir qaydada məlumatlandırılmadan əmək haqqı kartı bloklanmışdır və ona çatası əmək haqqını və son haqq-hesab pulunu bankda olan kreditindən sildilər. İddiaçı işdən kənarlaşdırıldıqdan sonra ailədə yeganə gəlir mənbəyi anası X2 294 (iki yüz doxsan dörd) manat əmək haqqından ibarət idi. Bunun isə böyük hissəsi sözügedən bankdan götürülmüş kreditin bağlanmasına köçürülür. İddiaçının xx.xx.2021-ci il tarixində toy mərasimi olub və yenicə ailə həyatı qurmuşdur. Ailə qurduqdan sonra aydındır ki, maddi və mənəvi ehtiyacları daha da çoxalır. İddiaçıya iş təklifi gəlsə belə, özü də bir neçə iş üçün müraciət etsə də, sırf yazılmış maddə səbəbindən imtina cavabları almışdır. Bu isə özlüyündə bir gəncin qarşısına divar qoymaq, onun karyerasını və xəyallarını məhv etmək, bir ailənin dolanışığını çox çətin vəziyyətdə, hətta işsiz qoymaq deməkdir. Artıq bu qədər zaman içərisində yazılmış maddə səbəbindən həm maddi durum olaraq, həm də psixoloji olaraq sarsıntı içərisindədir. Göstərilənlərə əsasən "xxxx" ASC tərəfindən iddiaçının cəzalandırılmaqla öz işinə bərpa olunması, yazılmış Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin geri götürülməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçı özü də iddia ərizəsində qeyd edib ki, özünə məxsus olan kart hesabından çıxarış etmiş və orada ad və soyadları dəyişib, əsli ilə düzdür ştampını vuraraq müvafiq saytlara daxil edib. Eyni addımları iddiaçı "xxxx" qəbzinə münasibətdə də etmişdir. Artıq buradan bəlli olur ki, iddiaçı faktiki olaraq sənədləri saxtalaşdırmışdır. İddiaçı tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilmiş, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlər edilmişdir. Bu addımları ilə iddiaçı qəsdən əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozmuşdur. İddiaçının heç bir subyektiv hüququ tərəflərindən pozulmamışdır. Bütün proses qanunvericiliyə uyğun şəkildə həyata keçirilib. Eyni zamanda, ərizələr təqdim edərək, işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia müddətinin ötürülməsi səbəbindən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 3939k saylı əmrindən görünür ki, “Zaqatala” filialının inzibatçılıq üzrə mütəxəssisi İddiaçı xx.xx.2021-ci il tarixindən AR ƏM-in 70ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi, işçiyə işlədiyi günədək əmək haqqı və AR ƏM-in 144-cü maddəsinin 2-ci bəndinə əsasən xx.xx.2020-xx.xx.2021-ci il üzrə istifadə etmədiyi əmək məzuniyyətinə görə 25 gün və xx.xx.2021-xx.xx.2022-ci il üzrə istifadə etmədiyi əmək məzuniyyətinə görə 15 gün, cəmi 40 gün pul əvəzinin ödənilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Əsaslandırıcı hissə: Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı əmək müqaviləsi üzrə vəzifələrini kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Həmin əmrdən narazı qalmış iddiaçı yuxarıda göstərilən tələbləri irəli sürərək məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı qüvvədə olan əmək qanunvericiliyinə və işəgötürən ilə onun arasında bağlanmış əmək müqaviləsinin müddəalarına zidd olaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ona həvalə olunmuş vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əmək vəzifələrini kobud şəkildə pozmaqla "xxxx" ASC-nin qanuni mənafeyinə ciddi xələl gətirən hərəkətlərə yol vermişdir. Belə ki, iddiaçı müxtəlif tarixlərdə müştərilərə dair hesab çıxarışları saxtalaşdıraraq və ya hesab çıxarışlarına əlavə məlumatlar əks etdirərək “payoneer.com” saytına yükləmiş, bir halda "xxxx" ASC-yə məxsus kommunal qəbzini saxtalaşdıraraq, qəbzin üzərində “əsli ilə düzdür” ştampı vurmuş, bir halda müştərinin kredit və ipoteka müqavilələrini kənar mail ünvanına göndərmiş, iş saatlarında kənar və qanunazidd əməliyyatları həyata keçirmiş, habelə iddiaçının hesabına müxtəlif mənbələrdən məbləğlər daxil olunmuşdur. İddiaçı bu hərəkətləri ilə əmək funksiyalarını kobud şəkildə pozmuşdur. Göründüyü kimi işəgötürən iddiaçını Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad etməklə (əmək müqaviləsinə xitam verməklə) haqlı olmuşdur. Bundan əlavə araşdırmalar zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2021-ci il tarixli əmrə əsasən (əmrin məzmunu ilə həmin gün tanış olmuşdur) işdən azad olunmuş, xx.xx.2021-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak etmiş, hazırki iddia ərizəsi ilə məhkəməyə (ilk dəfə Zaqatala Rayon Məhkəməsinə) xx.xx.2022-ci il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin müddəaya əsaslanaraq, cavabdeh təşkilatın nümayəndəsi ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanunauyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa və s. tələbi”nə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa və s. tələbi”nə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar