Məhkəmə qərarları › İş №e-2(006)-3344/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3344/2025

19.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3344/2025 19.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Adgözəlova Nərgiz Elçin qızının katibliyi, İddiaçı1, İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi cavabdehlər Nəsimi rayonu 43 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı “vərəsəlik işinin qismən etibarsız hesab edilməsi, dövlət reyestrindən müvafiq qeydin aparılması, miras əmlakın qəbulu faktının müəyyən edilməsi və miras əmlaka payların müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdehlər Nəsimi rayonu 43 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı “vərəsəlik işinin qismən etibarsız hesab edilməsi, dövlət reyestrindən müvafiq qeydin aparılması, miras əmlakın qəbulu faktının müəyyən edilməsi və miras əmlaka payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 miras qoyan X5 yeganə vərəsəsi olmasına dair cavabdeh Nəsimi rayonu 43 saylı Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız sayılması, iddiaçılar İddiaçı1 və İddiaçı2 mərhum X9 anası X5 ölümündən sonra mirası faktiki qəbul etməsi faktının tanınması, mərhum X6 məxsus olmuş ünvan 1 üzərində 1/3 payda iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyət hüququnun tanınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılması, X5 ölümü ilə əlaqədar ünvan 1 üzərində 1/3 hissəsi üzərində İddiaçı1, 1/3 hissəsi üzərində isə İddiaçı2 mülkiyyət hüquqlarının tanınması və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mərhum X9 irsi transmissiya qaydasında vərəsələridirlər. 04 fevral 2007-ci il tarixində vəfat etmiş X20 01 sentyabr 2021-ci il tarixində vəfat etmiş X5 oğludur. X1 qalmış ünvan 1 ünvanında yerləşən mirasın qəbulu barədə Cavabdeh2 43 saylı Notariat ofisinə ərizə ilə müraciət edərək ondan başqa yalnız qardaşı X12 adlı vərəsənin olduğunu bildirmişdir. Bu əsla belə deyildir, çünki mərhum X5 digər övladı mərhum X9 oğlu İddiaçı2 və keçmiş arvadı İddiaçı1 irsi transmissiya qaydasında qanun üzrə vərəsələridirlər. Notarius tərəfindən vərəsəlik işi açılarkən mərhum X5 digər vərəsələrinin olub olmaması yoxlanılmamışdır. İddiaçılar onların ailə başçıları olan mərhum X13 öz anası X4 qalmış payın onlar tərəfindən qəbul edilməsi üçün Notariat orqanına müraciət etdikdə onlara məlum olmuşdur ki, həmin əmlak iddiaçılardan İddiaçı2 bibisi Cavabdeh2 tərəfindən vərəsəlik işi açılmış və əmlak tam şəkildə onun tərəfindən qəbul olunmuşdur. İddiaçılar məsələni ətraflı araşdırmağa və aidiyyəti qurumlara sorğular göndərməyə başlamışdır. Araşdırma zamanı məlum olmuşdur ki, X10 xx.xx.2021-ci il tarixində vəfat etdikdən sonra cavabdeh Nəsimi rayonu 43 saylı Notariat Ofisində 02 aprel 2022-ci il tarixli 2V-53 reyestr nömrəli vərəsəlik işi açılmış və Cavabdeh2 Notariat ofisinə düzgün olmayan məlumatlar verərək qanun üzrə tək vərəsə kimi tanınmağa nail olmuşdur. Göründüyü kimi vərəsəlik işi zamanı yalan məzmunlu sənəd əsasında iddiaçıların vərəsəlik hüququ pozulmuşdur. Vərəsəlik işi aparılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri pozularaq qanun üzrə vərəsələr dairəsi notariat qurumu tərəfindən düzgün müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 104-cü bəndinə əsasən notarius vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vəsiyyətnamənin olub olmadığını, vərəsəliyin açıldığı vaxtı və yeri, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri yoxlayır, mirasda məcburi paya hüququ olan şəxslər olub-olmadığını aydınlaşdırır, habelə vəsiyyətnamənin ləğv edilib-edilmədiyini onu təsdiq etmiş notariat ofisində yoxlayır. Lakin göründüyü kimi notariat qurumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın tələblərini kobud pozaraq, mirasda məcburi paya hüququ olan şəxslər olub-olmadığını dəqiq aydınlaşdırmamışdır. Bundan sonra qeyd olunan vərəsəlik işi üzrə ona verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən istifadə edərək, Cavabdeh2 ünvan 1 ünvanına dair daşınmaz əmlakın dövlət reyestrindən qanunsuz və əsassız olaraq çıxarış almışdır. Göründüyü kimi vərəsəlik işi zamanı qanunsuzluğa yol verildiyi üçün qeyd olunan daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış hüququ qüvvəsi yoxdur. Odur ki, Nəsimi rayonu 43 saylı Notariat Ofisi tərəfindən açılmış 02 aprel 2022-ci il tarixli 2V-53 reyestr nömrəli vərəsəlik işinin və həmin vərəsəlik işi ilə əlaqədar verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ünvan 1-ə dair Cavabdeh2 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi zəruridir. Qeyd olunan vərəsəlik işi və həmin vərəsəlik işi ilə əlaqədar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qanunsuz və əsassız olmaqla iddiaçıların mülkiyyət hüququnu pozur. Yuxarıda göstərilənləri nəzərə alaraq Cavabdeh2 miras qoyan X5 yeganə vərəsəsi olmasına dair cavabdeh Nəsimi rayonu 43 saylı Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız sayılması, iddiaçılar İddiaçı1 və İddiaçı2 mərhum X9 anası X5 ölümündən sonra mirası faktiki qəbul etmə faktının tanınması, X6 məxsus olmuş ünvan 1 üzərində 1/3 payda iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyət hüququ tanınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılması, X5 ölümü ilə əlaqədar ünvan 1 üzərində 1/3 hissəsi üzərində İddiaçı1, 1/3 hissəsi üzərində isə İddiaçı2 mülkiyyət hüquqlarının tanınması və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi zəruridir. İddiaçılar miras əmlakın qəbulu və vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdeh Nəsimi rayonu 43 saylı Notariat Ofisinə müraciət etsələr də, notariat ofisi müraciətlərinin təmin olunmasından 04 mart 2025-ci il tarixində imtina etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o və mərhum əri yol qəzasına düşmüşlər, əri vəfat etmişdir. Bundan sonra oğlu Abdulrəhimlə atası evində yaşamışdır. Lakin hər zaman mərhum qaynanası ilə danışmış, münasibət saxlamışdır. Qaynanası rəhmətə getdikdən sonra yas mərasimində iştirak etmiş və baldızıgil ona bildirmişlər ki, onun və oğlunun həmin evdə payı, onu verəcəklər. Lakin qaynanasının ölümündən sonra xeyli müddət gözləsə də, onun və oğlunun payı verilməmişdir. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, hüquqlarını müdafiə etdi Abdulrəhim nənəsi vəfat edərkən ümumiyyətlə yetkinlik yaşına çatmamışdır. İstər Abdulrəhim, istərsə də, Nəzmiyə xanım hüquqi baxımdan savadlı deyillər, onlar hər zaman düşünmüşlər ki, mərhum X3 vərəsələridirlər, ona görə də onların ədalət baxımından payları veriləcək. Hazırda miras qoyanın vərəsəsi kimi çıxış edən Kəmalə Bağırova və onun qardaşı mərhum qardaşları Xəyyamın arvadı və oğlu olmasını notariusdan gizlətmişlər. Həmçinin notarius özü də qanunu pozmuş, Xəyyamın vərəsələrini araşdırmadan Kəmaklə Bağırovanın vərəsəliyini rəsmiləşdirmişdir. Nümayəndə (vəkil) vəsatətlə çıxış edərək notariusun əməllərində cinayət tərkibi olması ilə əlaqədar xüsusi qərardad qəbul edilməsini və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclasında iddianı qəbul etmədi, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Nümayəndə (vəkil) izahatında bildirdi ki, iddiaçılar tərəfindən mirasın faktiki qəbul edilməsi halı mövcud deyildir, onlar həmin mənzildə yaşamamışlar, habelə miras qoyan öldükdən sonra da qanunla müəyyən edilmiş müddətdə mirasın qəbulu üçün notariat orqanına müraciət etməmişlər. Miras qoyanın öldüyü tarix nəzərə alınmaqla həmin dövrdə qüvvədə olan qanuna əsasən iddiaçılar müddəti ötürmüşlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsininin və Nəsimi rayonu 43 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsininin və Nəsimi rayonu 43 saylı Notariat Ofisinin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 və X11 arasında 01 sentyabr 1971-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Bağırova” soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X15 və Bağırova (hazırda Məmmədova) Kəmalə Ağa qızı X14 ilə X5 övladlarıdır. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X14 27 oktyabr 2018-ci il tarixdə, X10 01 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. 6 saylı Bakı “ASAN Xidmət” X18 tərəfindən 10 aprel 2025-ci il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, X20 29 sentyabr 1976-cı ildə Ağdam rayonunda anadan olmuş, bu barədə 15 oktyabr 1976-cı il tarixdə Ağdam rayon Qeydiyyat şöbəsində 375 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. 6 saylı Bakı “ASAN Xidmət” X18 tərəfindən 10 aprel 2025-ci il tarixdə verilmiş nikah haqqında arayışdan görünür ki, X20 ilə İddiaçı1 arasında nikah Ağdam rayon Gülablı kənd icra nümayəndəliyində xx.xx.2004-cü il tarixdə 55 №-li akt qeydi ilə bağlanmışdır. Nikahdan sonra arvada “Bağırova” soyadı verilmişdir. X20 xx.xx.2007-ci il tarixdə vəfat etmiş, onun ölümü xx.xx.2007-ci il tarixdə 163 saylı akt eydi ilə Nərimanov rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. Bakı şəhəri 43 saylı Notariat ofisi tərəfindən İddiaçı2 ünvanlanmış 04 mart 2025-ci il tarixli məktubdan görünür ki, sonuncu, xx.xx.2021-ci il tarixdə ölmüş nənəsi - X4 irs qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciət etmiş, bildirilmişdir ki, İddiaçı2 tərəfindən qanunla müəyyən edilmiş müddət ötürüldüyünə görə o, (MM. Maddə: 1273-1 əsasən) susmuş vərəsə sayılır. Həmin əmlaka dair X5 digər vərəsəsinə qızı - Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla əlaqədar olaraq İddiaçı2 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bakı şəhəri 43 saylı Notariat ofisi tərəfindən verilmiş reyestrdə 2V-53 nömrə ilə qeydiyyata alınmış 02 aprel 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi: qızı Cavabdeh2 miras əmlakdan tam hissədə pay almış, şəhadətnamə verilən miras əmlak - BTİ və MHQİ tərəfindən xx.xx.2003-cü il tarixdə X6 verilmiş 30/1723 qeydəalma nömrəsi ilə 122 nömrəli kitabın 18246-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Nəsimi rayonu, M.Hacıyev küçəsi, ev 27, mənzil 34 ünvanında yerləşən ümumi sahəsi 45.03 kv/m, yaşayış sahəsi 31.03 kv/m, 2 otaqlı olan mənzildən ibarətdir. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri 43 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-53 reyestr nömrəli notariat işi məhkəməyə təqdim edilmişdir. Notariat işinin tədqiqi zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 qardaşı X8 digər vərəsə olaraq qeyd etmişdir. X7 notariat ofisinə ünvanlandığı ərizədən görünür ki, o, 01 sentyabr 2021-ci ildə ölmüş anası-X4 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən imtina etdiyini bildirmişdir. Bakı şəhəri İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 142285 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Nəsimi rayonu, M.Hacıyev küçəsi, 27 saylı evin 34 saylı mənzili X5 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və xx.xx.2003-cü il tarixdə qeydiyyat aparılmışdır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti MKTB 33 saylı MKİS tərəfindən verilmiş arayışlardan görünür ki, X2 rayonu, M.Hacıyev küçəsi, ev 27 ünvanında yerləşən 34 saylı mənzilin sahibi olmuş, vəfat edən günədək (xx.xx.2018) Ağdam rayonundan məcburi köçkün kimi qeydiyyatsız yaşamışdır. Mənzildə qeydiyyatda heç kim yoxdur. Əmlak Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 noyabr 2025-ci il tarixli ekspert rəyindən görünür ki, X6 məxsus olmuş ünvan 3 ünvanında yerləşən 34 saylı mənzilə baxış keçirməyə şərait yaradılmadığından həmin mənzilin yerləşdiyi ərazidə yerləşən mənzillərin analoji satışlara uyğun olaraq 05 noyabr 2025-ci il tarixinə bazar dəyəri 120000 manat təşkil edir.Xidmət haqqı 400 manat təşkil edir və İddiaçı1 tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 1133.1 və 1133.2-ci maddələrinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1 və 1134.2-ci maddələrinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub olmadığına, habelə hüquqi şəxslər olubolmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə, qanun üzrə vərəsəlik zamanı birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1160-cı maddəsinə əsasən, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1 və 1243.2-ci maddələrinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş redaksiyada). 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş redaksiyada). 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçir. 1321.3-cü maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair xx.xx.2023-cü il tarizli Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddianın dəlilləri nəzərə alınmaqla iddia tələbi araşdırılaraq hüquqi qiymət verilməli, yəni sübutlar tərəflərin yaranmış qarşılıqlı münasibətlərinə uyğun araşdırılaraq iddia tələbinin hüquqi əsası tapılmalıdır. İddia tələbinin bu qaydada qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmənin gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, nəzərə alınmalıdır ki, iddianın dəlilləri müfəssəl araşdırılaraq hüquqi cəhətdən qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçılarla cavabdeh arasında qohumluq münasibəti olmuşdur. Belə ki, Cavabdeh2, İddiaçı1 əri və İddiaçı2 atası olan mərhum X9 bacısıdır. İddiaçılar, X9 və Cavabdeh2 anasından qalmış miras əmlakın qəbulu barədə Cavabdeh2 notariat ofisinə müraciət edərkən özündən başqa X12 adlı vərəsənin olduğunu bildirməsini, X9 adını qeyd etməməsini, bununla da vəfat etmiş X9 irsi transmissiya qaydasında vərəsələri olaraq öz hüquqlarının pozulmasını əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə işdə olan sübutları tərəflərin izahatları ilə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi əsassızdır. Belə ki, miras qoyan X16 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin 02 aprel 2022-ci il tarixdə verilməsini nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273- 1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarı hazırkı mübahisəyə şamil edilmir. Belə ki, mirasın açıldığı tarixdə qüvvədə olmuş Mülki Məcəllənin hazırkı işə tətbiq edilməli olan 1246-cı və 1273-1-ci maddələrinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Göründüyü kimi mirasın qəbulu institutu ilə bağlı mirasın açıldığı vaxt qüvvədə olmuş Mülki Məcəllənin tələblərinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakının faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (“G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli qərarı). Formalaşmış hüquqi mövqeyə əsasən mirasın formal və qeyri-formal qəbulu üsulları müəyyən olunur. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İş materiallarından da müəyyən olunur ki, iddiaçılar miras əmlakı faktiki sahiblik yolu ilə qəbul etdiklərini və ya mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə ilə müraciət etdiklərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Bu da iddiaçıların mirasın faktiki və rəsmi qəbulu ilə bağlı qanunla müəyyən edilmiş 6 aylıq müddəti ötürdüklərinə dəlalət edir. Beləliklə, baxılan iş üzrə müəyyən edilir ki, iddiaçılar, X4 qalan mirası qanunla müəyyən edilmiş müddətdə qəbul etməmişdir. Bu da onların mübahisəli miras əmlakdan pay almaq hüququnun itirilməsinə səbəb olur və iddia tələbinin rədd olunması üçün müstəqil əsasdır. İddiaçının mirası qəbul etməsi müəyyən olunmadığına görə, onun iddia ərizəsində irəli sürdüyü digər tələblər üzrə araşdırma aparılmasına zərurət qalmır. Çünki həmin tələblər, iddiaçının mirası qəbul etməsindən irəli gələn hüquqlara bağlıdır. Belə ki, pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı deyil və təmin edilə bilməz. Məhkəmə İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil1 cavabdeh K.Bağırovanın və 43 saylı Notariat Ofisinin əməllərində cinayətin tərkib əlamətlərinin olması əsası ilə xüsusi qərardad çıxarılması barədə dəlilləri ilə bağlı bildirir ki, münasibətlərin yarandığı zaman qüvvədə olan qanunvericiliyə əsasən mirasın qəbulu vərəsənin aktiv davranışı ilə şərtləşdirilmişdir. Həmin an qüvvədə olan qanunvericiliyə əsasən vərəsənin müəyyən edilməsi baxımından cavabdeh K.Bağırovanın və 43 saylı Notariat Ofisinin notariusunun əməllərində cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən bu barədə vəsatətin təmin edilməsinə əsas mövcud deyildir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi cavabdehlər Nəsimi rayonu 43 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı “vərəsəlik işinin qismən etibarsız hesab edilməsi, dövlət reyestrindən müvafiq qeydin aparılması, miras əmlakın qəbulu faktının müəyyən edilməsi və miras əmlaka payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu və Əmlak Ekspert Mərkəzinin hesabına ödənilmiş 400 (dörd yüz) manat ekspertiza xərci iddiaçıların özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi cavabdehlər Nəsimi rayonu 43 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı “vərəsəlik işinin qismən etibarsız hesab edilməsi, dövlət reyestrindən müvafiq qeydin aparılması, miras əmlakın qəbulu faktının müəyyən edilməsi və miras əmlaka payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və Əmlak Ekspert Mərkəzinin hesabına ödənilmiş 400 (dörd yüz) manat ekspertiza xərci iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar