Məhkəmə qərarları › İş №e-2(006)-3355/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3355/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3355/2023 05.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.310 manat pul vəsaitinin və ödənilmiş 33 manat 10 qəpik dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə əlavə araşdırmaya, habelə tərəflərin çağırılaraq izahatlarının alınması zərurəti yarandığından, Azərbaycan Respublikası MPM-in 284-5.4-cü maddəsinə əsasən işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli RAZ**********-1 saylı sığorta şəhadətnaməsi ilə sığorta müqaviləsi bağlanmış və ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak sığorta təminatı almışdır. xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanda yerləşən mənzilə subasma hadisəsi baş vermişdir. "xxxx" MTK-nın xx.xx.2022ci il tarixli 155 nömrəli arayışına əsasən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən mənzilə su axıdılması nəticəsində mənzil yararsız hala salınmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-213/2022 saylı qətnaməsi ilə iddiaçı X1 cavabdehlər X5 və "xxxx" ASC-yə qarşı iddia tələbi qismən təmin edilmiş, maddi zərərə görə 1.297 manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən, 710 manat məbləğində pul isə Cavabdeh tutularaq X2 ödənilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanda yerləşən mənzilə subasma hadisəsi nəticəsində 1.310 manat sığorta ödənişi həyata keçirilmişdir. Hesab edirlər ki, ödənilmiş 1.310 manat qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı "xxxx" ASC ilə sığortalı X4 arasında xx.xx.2020-ci il tarixli RAZ**********-1 saylı sığorta şəhadətnaməsi ilə daşınmaz əmlakın icbari sığortası sığorta növü üzrə sığorta müqaviləsi bağlanmış və Bakı şəhəri Azadlıq prospekti 74 saylı evin 44 saylı mənzili sığorta təminatı almışdır. Sığorta məbləği 25.000 manat, azadolma məbləği (franşiza) 250 manat təşkil etmişdir. Bakı şəhəri Azadlıq prospekti 74 saylı evin 44 saylı mənzilində su basma hadisəsinin baş verməsi barədə sənədləşmədən göründüyü kimi, 25 may 2020-ci il tarixdə həmin mənzildə sığorta hadisəsi baş vermiş, bu barədə sığorta şirkətinə 26 may 2020-ci il tarixdə saat 20.50-də məlumat verilmiş, sığortaçının nümayəndəsi həmin tarixdə saat 21:15-də əmlaka baxış keçirmişdir. Hadisə barədə qısa məlumat, eləcə də zərər barədə qeyd yazılmışdır. Hadisə barədə məlumat müvafiq ərizə ilə sığorta şirkətinin rəhbərliyinin nəzərinə çatdırılmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş, xx.xx.2022-ci il tarixli 2(006)-213/2022 saylı qətnaməsindən görünür ki, X1 Cavabdeh və "xxxx" ASC-yə qarşı «çirkab suyunun axıdılması nəticəsində dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, maddi zərərə görə 1.297 manat məbləğində pulun "xxxx" ASC-dən, 710 manat məbləğində pulun Cavabdeh tutularaq X3 ödənilməsi qət edilmiş, məhkəmə qətnaməsi ilə məhkəmə və ekspertiza xərclərinə hüquqi qiymət verilmiş, iddia qalan hissədə rədd edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli CFİ-0137/2020-AKT441/23 saylı sığorta aktından, eyni tarixli icra haqqında bank qeydindən (ödəniş tapşırığından)1.310 manat pul vəsaiti sığorta hadisəsi ilə bağlı X3 ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq, əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş, xx.xx.2022-ci il tarixli 2(006)-213/2022 saylı qətnaməsindən göründüyü kimi, sığorta olunanın mənzilinə çirkab suyu Cavabdeh mülkiyyətində olan 47/48 saylı mənzildən axıdılmışdır və sığorta olunanın mənzilinə zərərin vurulmasına bu səbəb olmuşdur. Xəbərdarlıqdan görünür ki, "xxxx" ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh sığorta olunana ödənilmiş pul vəsaitini sığorta şirkətinə ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 33 manat 10 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1.310 manat sığorta ödənişi və ödənilmiş 33 manat 10 qəpik dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1.310 manat sığorta ödənişi və ödənilmiş 33 manat 10 qəpik dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar