Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3368/2023 18.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi cavabdeh tərəfindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilərək iddiaçının "xxxx" ASC-nin Şimal filialında direktor vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsini cavabdeh tərəfindən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2017-ci ildə əmək müqaviləsi bağlanmış və həmin müqavilə əsasında o, xx.xx.2017-ci ildən "xxxx" ASC-nin Sumqayıt filialının direktoru vəzifəsinə təyin olunmuşdur. xx.xx.2021-ci il tarixdə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Həmin əmrin ləğvi ilə bağlı məhkəmə mübahisəsi olmuş və iddiaçının iddiası təmin edilmişdir. Bundan sonra cavabdeh tərəfindən iddiaçı xx.xx.2022-ci il tarixdən etibarən "xxxx" ASC-nin Şimal bölgəsinin filial müdiri vəzifəsinə təyin edilmişdir. Lakin, xx.xx.2023-cü il tarixdə iddiaçıya heş bir məlumat verilmədən onun əmək müqaviləsinə xitam verilmişdir. Bu zaman cavabdeh iddiaçıya heç bir məlumat verməmiş, həmçinin işçinin başqa işə keçirilməsi imkanlarını araşdırmamışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz vermiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2017-ci ildən xx.xx.2023-cü ilə qədər ASC-nin Şimal filialının direktoru vəzifəsində işləmişdir.işəgötürən kimi əmək şəraitinin şərtlərindən biri olan əmək haqqının birtərəfli qaydada dəyişdirilməsi zamanı işəgötürən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri ilə xəbərdar etməlidir. ASC-nin 2021-ci il tarixdə maliyyə hesabatlarında zərərlə işləməsi müəyyən olunmuşdur. Odur ki, ASC-nin maliyyə vəziyyətinin stabilləşməsi məqsədilə satış strategiyasına edilmiş dəyişikliklərin nəticəsində filial və nümayəndəlik işçilərinin əmək haqqı məbləğinə yenidən baxılması qərara alınmışdır. ASC-nin sığorta yığımları azaldığından faktiki olaraq bir sıra filial və nümayəndəliklərin iş yükü əhəmiyyətli şəkildə azalmışdır. Əmək haqqının azaldılması ilə bağlı iddiaçıya xx.xx.2023-cü il tarixli AS-23/05 nömrəli məktubla iddiaçıya yazılı qaydada müraciət edilmişdir. Məktubda ona 1 ay sonra əmək haqqının azaldılaraq vergilər və digər məcburi ödənişlər daxil omaqla 500 manat məbləğində müəyyən ediləcəyi və ya razılaçmadığı təqdirdə Əmək Məcəlləsinin 77ci maddəsinin 7-ci bəndi nəzərə alınmaqla orta aylıq əmək haqqının 2 qatı ödənilməklə həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin c bəndi ilə əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Qeyd olunan məktub xx.xx.2023-cü il tarixdə iddiaçıya rəsmi olaraq çatdırılmışdır. Lakin iddiaçı tərəfindən həmin məktuba hər hansı bir münasibət bildirilməmişdir. Bundan sonra ASC-nin xx.xx.2023-cü il tarixli AS-K-23/45 saylı əmrilə iddiaçının əmək haqqı azaldılaraq 500 manat təyin edilmişdir. İddiaçı tərəfindən bu əmrlə bağlı X4 Xidmətinə şikayət edilmiş və araşdırma nəticəsində tərəfimizdən əmək qanunvericiliyinin düzgün şəkildə tətbiq edilməməsi müəyyən edilmişdir. Belə ki, ASC olaraq xəbərdarlıq müddətinin bitməsinin əmək şəraitinin dəyişdirilməsi kimi deyil əmək müqaviləsinə xitam verilməsi kimi götürülməsi qənaətinə gəlinmişdir. Bu əsasda barəmizdə inzibati xəta haqnda qərar qəbul edilmişdir. Daha sonra müfətttişliyin məktubuna əsasən iddiaçıya xx.xx.2017-ci il tarixli əmək müqaviləsi üzrə əmək haqqının bərpa edilməsi, ödənilməmiş əmək haqqının hesablanaraq iddiaçının hesabına köçürülməsi və bu barədə X3 məlumat verilməsi xahiş edilmişdir. ASC tərəfindən xx.xx.2023-cü il tarixli AS-K-23/67 nömrəli Əmrlə iddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli AS-K-23/45 nömrəli Əmr və həmin Əmr əsasında əmək müqaviləsinə edilmiş 27.03.23 tarixli dəyişiklik etibarsız hesab edilərək iddiaçının əmək haqqısı 1680 manat müəyyən edilmişdir. Daha sonra ASC iddiaçının əmək şəraitinin dəyişdirilməsinə yəni əmək haqqının azaldılmasına etiraz etdiyini əsas götürərək xx.xx.2023-cü il tarixdə tam qanuni əsaslarla əmək müqaviləsinə xitam verilmişdir.Həmçinin DƏMX tərəfindən barəmizdə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işə baxan Xətai Rayon Məhkəməsi müfəttişliyin mövqeyini haqlı hesab etməmiş və inzibati xəta haqqında işə xitam vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili ayrı-ayrılıqda iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasınfda iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndə heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-179/22 nömrəli qərarından görünür ki, iddiaçı ilə Atasığorta ASC arasında xx.xx.2017-ci il tarixli 42 nömrəli Əmək müqaviləsi bağlanmışdır. Həmin Əmək müqaviləsinə əsasən iddiaçı Atasığorta ASC-nin Sumqayıt Filialının direktoru vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra ASC-nin xx.xx.2021-ci il tarixli AS-K-21/08 saylı Əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində sadalanan hallara istinadən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. İddiaçı həmin Əmrdən narazı qalaraq məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2284/21 saylı 12 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5687/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin adıçəkilən qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddianın təmin edilməsi qət edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd olunmuş qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçıya məxsus E-sosial portalından Çıxarışdan görünür ki, iddiaçı Atasığorta ASCdə Şimal Filialının direktoru vəzifəsinə təyin olunmaqla əmək haqqısı 1680 manat müəyyən edilmişdir. Yəni ASC tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə aktı icra edilmişdir. "xxxx"ASC-nin xx.xx.2023-cü il tarixli AS-23/053 saylı məktubundan görünür ki, ASC iddiaçıya müraciət edərək onun əmək haqqısının azaldılaraq vergilər və digər məcburi ödənişlər daxil olmaqla 500 manat məbləğində müəyyən edilməsi və ya bu təkliflə razılaşmaması təqdirdə Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndi nəzərə alınmaqla orta aylıq əmək haqqının 2 qatı ödənilməklə həmin Məcəllənin 68-ci maddəsinin “C” bəndi ilə əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Həmin məktubda xəbərdarlıq müddəti olaraq 1 aylıq müddət müəyyən edilmişdir. Adıçəkilən məktub xx.xx.2023-cü il tarixdə iddiaçıya ünvanlanmış və onun tərəfindən imza edilərək qəbul edilmişdir. "xxxx"ASC-nin xx.xx.2023-cü il tarixli AS-K-23/45 nömrəli Əmrindən görünür ki, Şimal Filialının direktoru olan iddiaçının xx.xx.2017-ci il tarixli Əmək müqaviləsinə dəyişiklik edilərək xx.xx.2023-cü il tarixdə Əmək müqaviləsi üzrə əmək haqqı 500 manat təyin edilmişdir. İddiaçının DƏMX-nə ünvanladığı xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixli müraciətlər əsasında DƏMX Bakı şəhər İdarəsi tərəfindən araşdırma aparılmışdır. Həmin araşdırma nəticəsində "xxxx"ASC-nin işəgötürəni barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli MN1291666 nömrəli inzibati cərimə tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Aparılmış araşdırma nəticəsində "xxxx"ASC tərəfindən AS-K-23/67 nömrəli, 25 may 2023-cü il tarixli Əmr qəbul edilmişdir. Adıçəkilən Əmrə əsasən Şimal Filialının direktorunun xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə dəyişikliklə bağlı xx.xx.2023-cü il tarixli AS-K-23/45 saylı Əmr və həmin Əmr əsasında əmək müqaviləsinə edilmiş xx.xx.2023-cü il tarixli dəyişiklik etibarsız hesab edilmiş, əmək müqaviləsi üzrə əmək haqqı xx.xx.2023-cü il tarixli dəyişikliyədək mövcud olmuş 1680 manat məbləğində müəyyən edilmiş, əmək haqqı azaldılması ilə bağlı yaranmış fərqin iddiaçıya ödənilməsi qərara alınmışdır. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(011)-1970/2023 saylı qərarından görünür ki, DƏMX-nin Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN1291666 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Məhkəmə öz qərarını onunla əsaslandırmışdır ki, İddiaçı əmək haqqının azaldılması Əmək Məcəlləsinin tələblərinə uyğun həyata keçirilmiş, əmək müqaviləsinə həmin şəkildə birtərəfli qaydada dəyişiklik edilməsi Əmək Məcəlləsində nəzərdə tutulmuşdur. "xxxx"ASC-nin xx.xx.2023-cü il tarixli AS-K-23/74 nömrəli Əmrindən görünür ki, Şimal filialının direktoru iddiaçı ilə bağlanmış xx.xx.2017-ci il tarixli Əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “C” bəndinə əsasən (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) xx.xx.2023-cü il tarixdə xitam verilməsi, işçiyə Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən (işçi əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə razı olmadığı halda) ortya aylıq əmək haqqının 2 misli miqdarında müavinət ödənilməsi, həmçinin yekun hesablaşma aparılaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər olan iş ili üçün 11, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan iş ili üçün 30, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan iş ili üçün 30, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan iş ili üçün 2 məzuniyyət gününün haqqının ödənilməsi qərara alınmışdır. Adıçəkilən Əmrin qəbul edilməsinə səbəb kimi 3 əsas göstərilmişdir. 1) "xxxx" ASC-nin AS-23-053 saylı xx.xx.2023-cü il tarixli məktub, 2) DƏMX-nin xx.xx.2023-cü il tarixli 3-17-5/2-A-16617/5/2023 saylı məktubu; 3) iddiaçının xx.xx.2023-cü il tarixli DƏMX-nə elektron müraciət. "xxxx"ASC-nin 2021 və 2022-ci illəri əhatə edən maliyyə vəziyyəti haqqında hesabtlardan görünür ki, ASC-nin istər 2021, istərsə də 2022-ci ildə öz fəaliyyətini zərərlə başa vurduğu görünür. "xxxx"ASC-nin xx.xx.2023-cü il tarixli AS-K-23/34 nömrəli Əmrindən görünür ki, iddiaçı ilə eyni vəzifələrdə işləyən filial direktorlarının əmək müqaviləsinə dəyişikliklər edilməklə onların əmək haqqları 350 manata salınmışdır. Bakı 9 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞB-9-2023-11275 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, hazırki tələblə bağlı iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə məvburi mediasiya sessiyası mərhələsinə müraciət edilmişdir. Hazırki mübahisə ilə bağlı məhkəmə aşağıdakı qanunvericilik normalarını qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 11-ci maddəsinin 1-ci hissəsinə əsasən digər hallarla yanaşı əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; 12-ci maddəsinin 1-ci hissəsinə əsasən digər hallarla yanaşı əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq. 42.1-ci maddəsinin ikinci cümləsinə əsasən əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 56-cı maddəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. 59-cu maddəsinə əsasən işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. 68-ci maddəsini 2-ci hissəsinin “c” bəndinə əsasən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinı xitam verilməsi əsaslarından biridir. 77.7-ci maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. 79.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olmuş əmək münasibətlərinin işəgötürən tərəfindən eyni şərtlər üzrə davam etdirilməsi mümkünsüz olmuşdur. Belə ki, işəgötürən "xxxx"ASC-nin son 2 il ərzində düşdüyü qeyri sabit maliyyə vəziyyətində iddiaçıya əmək müqaviləsində əks olunan əmək hjaqqı məbləğinin ödənilməsi iqtisadi cəhətdən rentabelli olmamışdır. İşəgötürən iddiaçı ilə analoji vəzifələrdə çalışan işçilərlə bağladığı əmək müqavilələrinə üzləşdiyi maliyyə çətinliyi səbəbindən dəyişikliklər etmiş (əmək haqqı məbləğləri azaldılmış lakin vəzifələri dəyişdirilməmişdir.), lakin iddiaçı həmin dəyişikliklərə razı olmamışdır. Mübahisənin mahiyyətindən bəlli olur ki, işəgötürən əvvəlki şərtlərlə işçi ilə əmək müqaviləsinin davam etdirilməsində maraqlı olmamışdır. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi heç kəs əmək müqaviləsinin bağlanmasına və ya hazırki iş üzrə davam etdirilməsinə məcbur edilə bilməz. İşəgötürən yuxarıda sadalanan qanunvericilik normalarına uyğun olaraq ilk növbədə işçiyə əmək şəraitinin dəyişdirilməsini təklif etmiş, işçi bu təkliflə razılaşmamış və razı olmadığını DƏMX-nə şikayətilə ifadə etmişdir. Daha sonra işəgötürən işçiyə irəli sürdüyü digər təklif (müvafiq ödəniş müqabilində əmək müqaviləsinə xitam verilməsi) göndərmişdir. İşəgötürən bütün bu prosedurlara riayət etdikdən sonra işçinin yeni əmək şəraitində işləmək istəyinin olmadığına əmin olduqdan və özünün də mövcud şərtlərlə əmək münasibətlərinin davam etdirilməsində maraqlı olmaması səbəbindən onunla əmək müqaviləsinə xitam vermişdir. İddiaçının öz iddiasında istinad etdiyi himayəsində sağlamlıq imkanları məhdud uşağının olmasına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qadağan edilməsi əsasına dair məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mübahisənin mahiyyətindən göründüyü kimi işəgötürənin işçi ilə əmək müqaviləsinə xitam verilməsi əsas məqsəd olmamışdır. İşəgötürən özündə mövcud olan qeyri sabit maliyyə vəziyyətinə uyğun olaraq yeni şərtlərlə əmək müqaviləsinin davam etdirilməsində maraqlı olmuşdur. Lakin məhz işçinin hərəkətləri nəticəsində yeni şərtlərlə əmək müqaviləsinin davam etdirilməsi mümkün olmamış və buna görə də işəgötürən tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verməyə məcbur olmuşdur. Odur ki, məhkəmə hazırki mübahisə üzrə Əmək Məcəlləsinin 79-cu maddəsini əsas götürməklə əmək müqaviləsinin əvvəlki şərtlərlə davam etdirilməsini ədalətli hesab etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə əmək münasibətlərinə xitam verilən zaman əmək qanunvericiliyinin pozulması halı baş verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №e-2(006)-3368/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3368/2023
18.10.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver