Məhkəmə qərarları › İş №e-2(006)-337/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-337/2023

09.02.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-337/2023 09.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və s.” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən çıxarılması barədə Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əmrin ləğv olunması, işinə bərpa olunması, məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının və mediasiya xərcinə görə 50 manat pulun Cavabdeh MMC-dən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehndə müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2022-ci il tarixdə öz xahişi ilə işdən azad olunması barədə ərizə yazmışdır. O, ərizəsini e-mail vasitəsi ilə şirkətə göndərmiş, xx.xx.2022-ci il tarixinə kimi mütəmadi olaraq işə getmişdir. Bundan sonra adına olan kompyuteri də təhvil vermişdir. İddiaçının atasının vəziyyəti pis olduğu üçün artıq işə gedə bilməmişdir (atası çox ağır raseyannıy skleroz xəstəsidir). İşdən çıxmaq üçün ərizəni yazdığı tarixdən xx.xx.2022-ci il tarixinə qədər ona ərizəsi ilə bağlı heç bir cavab verilməmişdir. Ərizəni yazdığı tarixdən xx.xx.2022-ci il tarixinə kimi o, cavabdeh şirkətin insan resurslarına dəfələrlə zəng etmiş, hətta cavabdeh təşkilatın Mingəçevir filialının inzibatçısı e-mail ilə onun ərizəsi barədə İnsan Resursları şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh şirkətdən iddiaçıya heç bir cavab verilməmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının yaşadığı ünvana cavabdeh şirkətdən gələn məktubda 2 ay iş buraxdığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarıla biləcəyi bildirilmişdir. Həmin tarixdə atasının vəziyyəti pis olduğu üçün iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh şirkətin baş ofisinə yaxınlaşaraq bildirmişdir ki, atası İ qrup əlildir, vəziyyəti pis olduğu üçün gec gəlmişdir. Daha sonra iddiaçı bildirmişdir ki, öz xahişi ilə işdən çıxma barədə ərizə yazmış, 3 ay keçməsinə baxmayaraq, əmək müqaviləsinə xitam verilməmişdir. İnsan Resusları şöbəsinin rəhbəri Ş.Süleyman ona bildirmişdir ki, yenidən işdən azad olunması barədə ərizə yazmalıdır. İddiaçı yenidən ərizə yazıb təqdim etdikdə, xx.xx.2022-ci tarixdə əmək kitabçasını götürə biləcəyi bildirilmişdir. Lakin onun ərizəsinin üstü yenə də yazılmamışdır. Bundan bir müddət sonra ona Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarıldığı barədə məktub gəlmişdir. Göstərilən əmrin surəti və əmək kitabçası isə iddiaçıya verilməmişdir. İşdən çıxarılması barədə sadəcə həmin məktubda məlumat qeyd edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. O, xx.xx.2022-ci il tarixdə təklif göndərmiş, xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış almış, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə iddianı məhkəməyə vermişdir. İddiaçı cavabdeh şirkətdə fəaliyyət göstərmiş və deməli, onun fərdi əmək müqaviləsi əsasında fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyindən, əmək müqaviləsi müddətsiz əmək müqaviləsi hesab edilməli və onunla müddətsiz əmək müqaviləsi bağlanmalı idi. Cavabdeh şirkət qanunun tələbini pozmuş, hökmran mövqeyindən istifadə edərək, iddiaçını aldatmış və ona əmək müqaviləsini imzalatmışdır. İddiaçının pensiyaya çıxmağına cəmi 6 ay qaldığı halda işəgötürənin bu şəkildə davranması başa düşülən deyil. Cavabdeh nəzərə almamışdır ki, 32 il bir müəssisədə işləyən, yaşı pensiya yaşına yaxınlaşmış (6 ay qalmış) yaşlı adam özünə yeni iş yerini necə tapıb işləyib, pensiyaya çıxana qədər özünü dolandırmalıdır? Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 4cü bəndinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. Göstərilmiş istisna halın iddiaçıya münasibətdə tətbiq olunması Məcəllənin tələblərinə ziddir və bu, iddiaçının Konstitusiyanın 35-ci maddəsinin İ hissəsi (əmək fərdi və ictimai rifahın əsasıdır), İİ hissəsi (hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır), İV hissəsi (əmək müqavilələri sərbəst bağlanılır), Vİ hissəsi (hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır), Vİİİ hissəsi (dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir) - hissələrində nəzərdə tutulmuş konstitusion hüququnu pozmuşdur. Əmək müqaviləmə xitam verilməsi barədə əmr xx.xx.2022-ci il tarixdə imzalanmasına baxmayaraq, iddiaçıya bu barədə məlumat verilməmişdir. İddiaçı işdən çıxma barədə ərizə yazdığı halda bunu nəzərə almayan cavabdeh qəsdən iddiaçını Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarmışdır. Bu da qanunsuzdur. Sübut kimi iddiaçının təqdim etdiyi e-mail yazışmalarında ərizə verdiyi sübut olunur. Belə olan halda iddiaçı qanunsuz olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılmışdır. Bu maddə ilə iddiaçının işdən çıxarılması gələcəkdə digər sahədə fəaliyyət göstərməyini mükünsüz edir. Onun atasının xəstə olması daha çox maddi sıxıntı törədir. İddiaçı işləməsə, atasına baxa və onun dərmanlarını ala bilmir. Qeyd olunan Məcəllənin 79-cu maddəsinə əsasən, işə götürən tərəfindən öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Lakin buna baxmayaraq, iddiaçının atası birinci qrup əlil olduğu halda buna əhəmiyyət verilməyərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onu işdən kənarlaşdırıblar. Bu barədə iddiaçı hətta məlumat da vermiş, lakin nəzərə alınmamışdır. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, İddiaçı işdən çıxarılması barədə Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əmrin ləğv olunması və Cavabdeh MMC-nin üzərinə İddiaçı öz xahişi ilə işdən azad olunması barədə əmrin verilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X7 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, iddia ərizəsinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin və iddia tələbinin həcminin azaldılması barədə ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X7 iddianı qəbul edib bildirdi ki, iddianın təmin edilməsinə etiraz etmir. Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixli 981/K nömrəli əmrin ləğv edilməsi təmin ediləcəkdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını, vəkilin çıxışını dinləyib, iddia ərizəsini və iddia tələbinin həcminin azaldılması barədə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 1223/k nömrəli xx.xx.2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə “anbardar” vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi xx.xx.2018-ci il tarixdən 4 (dörd) ay müddətinədək bağlanmışdır, əmək haqqı 140 manat təşkil etmişdir. Mülki işin materiallarında olan xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, tərəflər tam maddi məsuliyyət və kommersiya sirrinin qorunması haqqında müqavilə imzalamışlar. Mülki işin materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2019cu il tarixli razılaşmadan görünür ki, İddiaçı aylıq əmək haqqısı 250 AZN təyin edilmişdir. Mülki işin materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2019cu il tarixli razılaşmadan görünür ki, İddiaçı aylıq əmək haqqısı 300 AZN təyin edilmişdir. Mülki işin materiallarında olan əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2020cı il tarixli razılaşmadan görünür ki, İddiaçı “anbardar” vəzifəsindən “kredit mütəxəssisi” vəzifəsinə keçirilmiş, onun aylıq əmək haqqısı 350 AZN təyin edilmiş, əmək məzuniyyəti 21 gündən 30 günə təyin edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh MMC-nin Mingəçevir filialının kredit üzrə əməliyyatçısı İddiaçı kredit portfelinin müqavilələri üzrə monitorinq aparılmış, İddiaçı işlərini X1 təhvil vermişdir. Mülki işin materiallarında olan Cavabdeh MMC-nin əməkdaşları – İnsan Resursları Departamentinin direktor müavini vəzifəsində işləyən X4, Kredit Departamentinin direktoru vəzifəsində işləyən X5, Təhlükəsizlik Departamentinin direktoru X2 imzaları ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 01/K nömrəli, xx.xx.2022-ci il tarixli 02/K nömrəli və xx.xx.2022-ci il tarixli 03/K nömrəli aktlardan görünür ki, Cavabdeh MMC-nin Mingəçevir mağazasında kredit mütəxəssisi vəzifəsində işləyən İddiaçı tərəfindən müvafiq olaraq 01 iyun 2022-ci il tarixindən 30 iyun 2022-ci il tarixinədək, 01 iyul 2022-ci il tarixindən 30 iyul 2022-ci il tarixinədək və 01 avqust 2022-ci il tarixindən 16 avqust 2022-ci il tarixinədək işəgötürənə heç bir məlumat vermədən işə gəlməyərək, üzrsüz iş buraxmış, iş buraxmanı əsaslandıran heç bir sənəd, izahat təqdim etməmişdir. Mülki işin materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022ci il tarixli 1768/K nömrəli məktubdan görünür ki, İddiaçı işəgötürənə heç bir məlumat vermədən, işlədiyi Cavabdeh MMC-nin Mingəçevir mağazasına işə gəlməyərək, icazəsiz iş gününü buraxması, etdiyi pozuntunun Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) birtərəfli qaydada xitam verilməsinə əsas olduğu, bu bildirişin poçt xidməti vasitəsilə aldıqdan sonra 3 (üç) gün ərzində Cəmiyyətin baş ofisinə (Bakı şəhəri, Azadlıq prospekti 120) yaxınlaşaraq sübutlarla (iş buraxmanı əsaslandıran sənədlərlə və s.) birgə yazılı izahatın, habelə Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan hər hansı bir hal mövcud olduğu halda, həmin halları sübut edən sənədləri və s. təqdim edilməsi barədə xəbərdar edilmiş, əks halda onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam veriləcəyi qeyd edilmişdir. Mülki işin materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022ci il tarixli 2128/K nömrəli məktubdan görünür ki, MMC tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən birtərəfli qaydada xitam verilmişdir. O, əmək kitabçasını şirkətin baş ofisinə yaxınlaşıb götürə bilər. İddiaçı Cavabdeh MMC-nin direktoruna ərizə ilə müraciət edərək, əmək kitabçasının ev ünvanına göndərilməsini sorğulamaq hüququnun olması qeyd edilmişdir. Mülki işin materiallarında olan Cavabdeh MMC-nin Kredit Departamentinin direktoru X5 tərəfindən MMC-nin direktoru X9 ünvanlanmış xx.xx.2022-ci il tarixli təqdimatdan görünür ki, İddiaçı işəgötürənə məlumat vermədən 01 iyun 2022-ci il tarixindən bu günə qədər üzrsüz iş günü buraxaraq, işin ahəngini pozur. İşçiyə üzrsüz iş buraxmaya dair 22 iyul 2022-ci il tarixli 1768/K nömrəli bildiriş məktub göndərilmiş, iş buraxmanı əsaslandıran sənədləri, izahatları baş ofisə yaxınlaşaraq təqdim etmək təklif edilmiş, üzrsüz iş buraxmanın hüquqi nəticələri barədə məlumat verilmiş, lakin işçi bu günə qədər üzrsüz iş buraxmaya davam etmiş və hələ də müəssisəyə üzrsüz iş buraxmanı əsaslandıran hər hansı bir sənəd, izahat təqdim etməmişdir. İşçinin yol verdiyi pozuntu, onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) birtərəfli qaydada xitam verilməsinə əsasdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə müvafiq əmr verilməsi xahiş edilmişdir. Mülki işin materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 981/K nömrəli əmrindən görünür ki, işçi İddiaçı – Mingəçevir mağazasının kredit mütəxəssisi heç bir üzrlü səbəb olmadan bütün günü işə gəlməməsini nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Mülki işin materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, İddiaçı Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi və ona ödənilməmiş əmək haqqının ödənilməsi tələbinin mediasiya vasitəsilə həll edilməsini və mediasiyaya dair xərclərin tərəflər arasında bərabər şəkildə bölünməsini, həmçinin, Mediasiya Şurasına müvafiq mediatorun təyin edilməsi üçün müraciət etməyi təklif etmişdir. Mülki işin materiallarında olan Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 3021/k nömrəli məktubdan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Belə ki, vətəndaş İddiaçı 1 iyun 2022-ci il tarixindən etibarən üzrsüz iş buraxmış, ona bu barədə 1968/K saylı üzrsüz iş buraxmaya dair bildiriş məktub göndərilmiş, iş buraxmanı əsaslandıran sənədləri, izahatları baş ofisə yaxınlaşaraq təqdim etməsi üçün baş ofisə yaxınlaşması, habelə Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan hər hansı bir hal mövcud olduğu halda, həmin halları sübut edən sənədləri və s. təqdim etmək təklif edilmişdir. Lakin vətəndaş qeyd olunan hallarla bağlı heç bir sənəd (habelə izahat) təqdim etməmiş, üzrsüz iş buraxma halı davam etmişdir. Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin əsasını “bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulması halları” təşkil edilir. Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən “bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək” işəgötürənin əsas hüquqlarından biridir. Yuxarıda qeyd edilənlər və təsdiqləyici sənədlərə nəzər yetirərək müəyyən edilə bilər ki, işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin əsasən xitam verilməsi tam əsaslıdır. Əlavə edilmiş təsdiqləyici sənədlərə və bank arayışına nəzər salaraq müəyyən edilə bilər ki, işçinin son haqqı-hesabı əmək qanunvericiliyinə uyğun olaraq hesablanıb, son iş günü işçinin bank hesabına köçürülmüş, işçiyə əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş məktubu, əmrin surəti ilə birlikdə ev ünvanına göndərilmiş, əmək kitabçasını işəgötürəndən götürməsi təklif edilmişdir. Mülki işin materiallarında olan Mediasiya Şurası Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli MŞB/6-6047 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, Cavabdeh MMC ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı xx.xx.2018-ci il tarixində Cavabdehndə “anbardar” vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixindən isə “kredit mütəxəssisi” vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixində cavabdehin 981/K nömrəli əmrinə əsasən iddiaçı heç bir üzrlü səbəb olmadan bütün günü işə gəlməməsi səbəbindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı cavabdeh şirkətin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 981/K nömrəli əmrinin ləğv edilərək, öz təşəbbüsü (ərizəsi) ilə işdən azad edilməsi barədə əmrin verilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Cavabdeh öz növbəsində iddianı qəbul edərək, mübahisələndirilən əmrin ləğv edilməsi və iddiaçının öz təşəbbüsü (ərizəsi) ilə işdən azad edilməsi barədə yeni əmrin verilməsinə dair öhdəliyin yerinə yetirilməsinin təmin ediləcəyini bildirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 9-cu maddəsinin “b” bəndinə görə, əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Sözügedən Məcəllənin 42-ci maddəsinin tələbinə görə, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin “a” bəndinə görə, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür. Sözügedən Məcəllənin 69-cu maddəsinin 1-2-ci hissələri ilə müəyyən edilmişdir ki, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh iddiaçının ərizəsi əsasında əmək müqaviləsinə xitam verməli olduğu halda, bunu etməmiş, sonradan işçinin işə çıxmaması əsası ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermiş, bununla da əmək qanunvericiliyinin yuxarıda istinad olunan normalarını, həmçinin, iddiaçının əmək hüquqlarını kobud şəkildə pozmuşdur. Ona görə də iddiaçının “müvafiq əmrin ləğv edilməsi və iddiaçının öz təşəbbüsü (ərizəsi) ilə işdən azad edilməsi barədə yeni əmrin verilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə tələbi əsaslıdır, cavabdehin bu tələbi etiraf etməsində heç bir qanunazidd hal və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozma halı aşkar edilmir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, cavabdehin etirafı qanunauyğundur və qəbul edilməlidir. İddia tələbinə münasibətdə isə qeyd edilməlidir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli 981/K nömrəli əmri ləğv edilməli, Cavabdeh üzərinə İddiaçı öz təşəbbüsü (ərizəsi) ilə işdən azad edilməsi barədə əmrin verilməsinə dair öhdəlik qoyulmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 981/K nömrəli əmri ləğv edilsin. Cavabdeh üzərinə İddiaçı öz təşəbbüsü (ərizəsi) ilə işdən azad edilməsi barədə əmrin verilməsinə dair öhdəlik qoyulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar